Cəlilkənd Buzxanası (ХIX əsr)

Orta əsrlər zamanı Naxçıvanda türk-islam mədəniyyəti abidələrinin yaradılması ənənəsi sonrakı dövrlərdə də davam etmişdir. Bunun ən gözəl nümunəsi XIX əsrdə inşa olunmuş Cəlilkənd buzxanasıdır. Bu buzxana Şərur rayonunun iri yaşayış məskənlərindən olan Cəlilkəndin girişində yerləşir.

Buzxana dördkünc formalı binadan ibarətdir. Bina yuxarıda tağabənzər formada tamamlanmışdır. Buzxananın girişi cənub tərəfdəndir. Binanın divarları yonulmuş boz rəngli qaya parçalarından inşa edilmişdir. İçərisində divarlar boyunca dördkünc formalı səkilər inşa edilmişdir. Əsas hissəsi yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən inşa edilmişdir.

Ötən dövrlərdə aşınmalara məruz qalan buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2015-ci ildə bərpa olunmuşdur.