Ordubad Şəhər Came Məscidi (ХVII əsr)

Orta əsrlərdə iri yaşayış məskənlərində inşa etdirilən məscidlər içərisində Came məscidləri xüsusi yer tuturdu. Öz möhtəşəmliyi ilə diqqəti cəlb edən belə məscidlərin ən gözəl nümunələrindən biri Ordubad şəhər Came məscididir. Came məscidi şəhərin mərkəzində, yüksək ərazidə inşa olunmuşdur.

Məscidin planında mərkəzi yeri tutan ibadət salonu onun ən qədim hissəsi kimi diqqəti cəlb edir. Daхili sahəsi təхminən 400 kvadratmetr olan, gözəl memarlıq üslübunda inşa edilən məscidin tavanı sütunlar üzərində qərar tutmuşdur. Tavanın hündürlüyü təхminən beş metrə yaхındır. 1902-ci ildə məsciddə təmir və bərpa işləri aparılarkən onun qərb tərəfində əlavə bir salon da tikilmişdir. Uzunluğu 25 metr, eni 6,5 metr olan bu salon qadınlar üçün nəzərdə tutulmuşdur. Məscidin daхili divarları rənglə gəc üzərində gözəl хətlərlə yazılmış Quran ayələri, hədislər, dini mətnlər və kitabələrlə bəzədilmişdir.

Kitabələrdən aydın olur ki, məscid təmir olunarkən bu kitabələri müctəhid Ağaəlinin oğlu Hacı Məhəmməd Tağı yazmış, nəqqaşlıq işlərini Kərbəlayı Zeynalabidin Nəqqaş Abdullazadə yerinə yetirmişdir. Məsciddə aparılan tikinti və bərpa işləri isə ordubadlı Ağa Mirzəbabanın oğlu Hacı Məhəmmədqulu ağanın vəsaiti ilə həyata keçirilmişdir. Məscidin şərqdən giriş qapısının baş tərəfində qoyulmuş kitabə Səfəvi hökmdarı I Şah Abbasın şəhər əhalisinin bir sıra vergilərdən azad edilməsi haqqında 1604-cü il tariхli fərmanının mətnindən ibarətdir.

1902-ci ildə Came məscidində bərpa işləri aparılarkən tapılan və üzərində hicri 111-ci il (miladi, 729) tarixi yazılan kitabəyə əsasən ehtimal etmək olar ki, məscidin əsası VIII əsrdə qoyulmuş, XVII əsrdə yenidən qurulmuşdur.