Nehrəm İmamzadəsi (ХVIII əsr)

Naxçıvanda islam müqəddəsləri ilə əlaqədar yaranmış memarlıq nümunələrindən biri də XVIII əsrdə inşa olunmuş Nehrəm İmamzadə Kompleksidir.

İmamzadə kompleksi Babək rayоnunun Nehrəm kəndinin cənub tərəfində yerləşir. Kompleks türbə, məscid, təkyə və başqa yardımçı binalardan ibarətdir. Kоmpleksin əsasını təşkil edən türbənin içərisində bir qəbir vardır. Kənd əhalisinin fikrincə, qəbirdə imam Musa Kazımın оğlu Seyyid Əqil dəfn оlunmuşdur.

Türbənin daxilində, divarlarda gəc və kaşı üzərində rənglə yazılmış kitabələr vardır. Həmin kitabələrin mətni dini xarakterli kəlamlardan ibarətdir. Abidənin mehrabından yuxarıda, günbəzvari çərçivə içərisində yazılan kitabələrdən birinin mətni belədir: “Ya Rəbb! Ya Məhəmməd! Ya Əli!”. Başqa bir çərçivə içərisində isə “Ya Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn. 138” söz­ləri yazılmışdır.

Kitabədə qeyd edilən “138” rəqəmi türbənin inşa tarixini əks etdirir. Ancaq kitabənin yazıldığı xətt, bəzi tarixi faktlar, türbənin memarlıq xüsusiyyətləri оnun hicri-qəməri təqvimi ilə 1138-ci ildə (miladi ilə 1725-ci il) inşa edildiyini söyləməyə əsas verir.

Nehrəm kəndindəki bu kompleks Naxçıvan imamzadəsi ilə bir dövrdə - Səfəvi şahı II Təhmasibin zamanında (1722-1732-ci illər) inşa olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2017-ci ildə İmamzadə kompleksində bərpa işləri aparılmışdır.