Ordubad Şəhər Buzxanası (ХIV əsr)

Naxçıvanda orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyətinin nadir nümunələrindən sayılan abidələrdən biri də Ordubad şəhərində XIV əsrdə inşa edilən buzxanadır. Naxçıvan ərazisində zəmanəmizədək gəlib çatan ikinci qədim buzxana olan bu abidə Ordubad şəhərinin mərkəzində yerləşir.

Came məscidinin yaxınlığında inşa edilən buzxananın ümumi sahəsi 166 kvadratmetr, zirzəmisinin daxili sahəsi 89,4 kvadratmetrdir. Buzxananın tikintisi bişmiş kərpic və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, pilləkəndən, buz hazırlanan və saxlanılan zirzəmidən ibarətdir.

Tədqiqatçılar özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən Ordubad şəhərindəki buzxananın XIV yüzillikdə inşa olunması və XVIII əsrdə bərpa edilməsi fikrindədir.

Buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2014-cü ildə əsaslı bərpa olunmuşdur.