Xan Sarayı (ХVIII əsr)

Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikintilər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi - Xan Sarayıdır.

Xan Sarayı Naxçıvan şəhərində - “Xan diki”ndə yerləşir. Memarlıq üslubu ilə seçilən, 3600 m2 sahəsi olan Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Sarayı XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda tikilmiş bu saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.

Xan Sarayı iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olmuşdur. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur. Xan Sarayının ümumi sahəsi 382 kvadratmetrdir. Bir metrədək divarlarının qalınlığı olan bina bişmiş kərpiclə tikilmişdir. Birinci mərtəbədə səkkiz otaq, ikinci mərtəbədə altı otaq və iki zal vardır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.

Xan Sarayı 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bərpa olunmuşdur.