Heydər Məscidi (1996-cı il)

Heydər məscidi müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında inşa edilən ilk məscidlərdən biridir. Məscid Şərur rayonunun Aşağı Aralıq kəndində yerləşir. Özünəməxsus memarlıq üslubuna malik olan iki mərtəbəli məscid 1996-cı ildə inşa olunmuşdur.

419 kvadratmetr sahəsi olan ərazidə yerləşən Şərq memarlıq elementlərini özündə əks etdirən, müasir üslubda inşa edilən məscidin ümumi sahəsi 155 kvadratmetrdir. Məscidin həyəti dini simvollar, nəbati və həndəsi naxışlarla bəzədilmiş dəmir məhəccərlərlə əhatə olunmuşdur. Bu məscid Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə “Heydər məscidi” adlandırılmışdır. Binanın günbəzində göy kaşılarla “HEYDƏR MƏSCİDİ” sözləri, əsas giriş qapısının baş tərəfində isə Qurani-Kərimdən ayələr yazılmış kitabə qoyulmuşdur.

Məscidin birinci mərtəbəsinin hündürlüyü 5 metr, ikinci mərtəbəsinin hündürlüyü isə 3 metrdir. Məscidin ümumi hündürlüyü 10 metrdir. Dörd sütunludur. Bir günbəzli məsciddə altmış qadın, yüz kişi olmaqla yüz altmış nəfər eyni vaxtda ibadət edə bilər. İki minarəli məscidin minarələrinin hündürlüyü 15 metrdir.