Aza Körpüsü (XVI-XVII əsrlər)

Orta əsrlər zamanı Naxçıvanda yaradılmış türk-islam mədəniyyəti abidələrinin bir hissəsini körpülər təşkil edir. Belə körpülərdən biri XVI-XVII əsrlərdə Səfəvi hökmdarı I Şah Abbasın dövründə (1587-1629-cu illər) inşa edilən Aza körpüsüdür. Buna görə onu “Şah Abbas körpüsü” adlandıranlar da var.

Gilançayın üzərində inşa edilən Aza körpüsü Ordubad rayonundakı Darkənd və Aza kəndlərini birləşdirir. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmiş körpünün uzunluğu 46 paqonometr, eni 3,5 metrdir. Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların oturacaqları təbii özüllər - qayalar üzərində hörüldüyü üçün tağlar arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğaqıran düzəldilmişdir.

Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən Aza körpüsü Böyük ipək yolu üzərində inşa edildiyindən mühüm əhəmiyyətə malik olmuşdur.

XX əsrin sonlarında güclü sel Aza körpüsünün qərb tərəfini dağıtmışdır. Körpü 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuşdur.