Qarabağlar Türbə Kompleksi (XII-XIV əsrlər)

Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən biri də nəinki Azərbaycan, ümumiyyətlə Şərq memarlığının incilərindən sayılan, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksidir.

Kompleks Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Bir türbə və qoşa minarəli baştağdan ibarətdir. XII-XIV əsrlərə aid qoşa minarələr və türbə zaman keçdikcə dağıntıya məruz qalmış, yuxarı hissələri uçmuş, kitabələrinin çox hissəsi ovulub tökülmüşdür. Qoşa minarəli baştağın üzərində çox hissəsi dağılmış kitabənin mətnindən aydın olur ki, bu kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın arvadlarından birinin adı Qutuy xatın olmuşdur. Sarayda böyük nüfuza malik olan Qutuy xatın ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir. Kitabədə adı çəkilən Quti xatın mənbələrdə Quti və ya Qutuy xatın şəklində xatırlanan qadınla eyni adamdır.

Kitabədə tarix qalmamışdır. Mənbələrdə türbənin XII əsrdə, minarələri birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub.

Azərbaycanın qülləvari türbələri tipinə aid olan, on iki yarımsilindirin birləşdirilməsindən əmələ gətirilən, diametri 10 metrə yaxın, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır.

Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələrlə bəzədilmişdir. Bu kitabələrin hamısı Quran ayələri və dini xarakterli kəlamlardır. Abidənin gövdəsində yaradılan iri həcmli rombların içərisində kufi xəttilə yerinə yetirilmiş və dəfələrlə təkrarlanan kitabələrin mətni belədir: “Allahdan başqa Allah yoxdur. Məhəmməd - Allahın ona salavatı olsun - Allahın elçisidir”.

Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası, oxşarlığı və digər əlamətləri göstərir ki, bu abidə Bərdə türbəsinin memarı Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inşa edilmişdir.

Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən bərpa olunmuşdur.