Qazançı Qalası

Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e.ə. 3-1-ci minilliklərin əvvəllərinə aid tarixi-arxeoloji abidədir.

Qala e.ə. 3-cü minillikdə Azərbaycan ərazisində geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala 1985-ci ildə bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Qazançı qalası ehtimal ki, e.ə. 2-ci minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Qazançı qalasından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) nümunələrindən ibarətdir. Tapıntılar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

Qazançı qalası “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.