Gülüstan Türbəsi (XII əsr)

Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən biri də Gülüstan türbəsidir.

Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndindən təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində inşa edilmişdir. Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb edir.

Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də xatırlanır. Türbə iki hissədən - sərdabə və türbədən ibarətdir. Sərdabənin divarları dörd cərgə düzülmüş daşlardan hörülmüş və quruluşu etibarilə düzgün olmayan çoxbucaqlı əmələ gətirmişdir. Digər türbələrdə sərdabə yerin altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa olunmuşdur. Türbənin aşağı hissəsini təşkil edən, yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindirik quruluşa malikdir. Yuxarı hissə isə on iki üzlü qüllədən ibarətdir. Türbənin yuxarı kamerası planda diametri 4.6 m olan düzgün çevrədir, yuxarı getdikcə tədricən ellips şəkilli günbəzə çevrilir.

Türbənin üzərində yaradılan tağçaların içərisi incə naxış və ornamentlərlə doldurulmuşdur. Memar ornamentləri tağçalarda elə yerləşdirmişdir ki, onu seyr edənlər həmişə qonşu səthlərdə müxtəlif biçimli ornamentlər görür. Ornamentlərin tağçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentlər 1186-cı ildə Naxçıvan şəhərində inşa edilmiş Möminə Xatın türbəsinin ornamentləri ilə oxşardır. Həndəsi naxışlarının təhlilinə əsaslanaraq türbənin XII əsrdə inşa olunmasını söyləmək olar.

Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə bərpa olunmuşdur.