Əlincəqala

Əlincəqala Naxçıvan şəhərindən 30 km şərqdə, Əlincəçayın sağ sahilində, Xanəgah kəndinin ərazisində, 1700 metr hündürlüyə malik olan Əlincə dağının üzərində yerləşir. Qalanın əsas girişi iki tərəfdən - şərq və qərb tərəfdən olmuşdur. Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur.

Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəzolunmaz rol oynamış, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunmuşdur. Azərbaycan Atabəyləri - Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın istər hərbi-strateji, istərsə də siyasi mövqeyi xeyli artmışdır. Əlincəqalanın tarixində XIV əsrin son rübü xüsusi yer tutur. Bu, Əmir Teymurun hücumları və qalanın mərdliklə müdafiəsi ilə bağlıdır. Qala 14 il (1387-1401) Əmir Teymu¬r qoşunlarının həmləsinə sinə gərmişdir. Bu illər ərzində qalaya 4 dəfə (1387, 1393, 1397, 1400) kəskin hücumlar olsa da, Əmir Teymurun qoşunu qalanı ala bilməmişdir.

Əlincəqala müxtəlif dövrlərdə Hülakülərin, Çobanilərin, Cəlairilərin, Qaraqo¬yunluların, Ağqoyunluların və Səfəvilərin hakimiyyəti altında olmuşdur. Azərbaycan¬da orta əsrlərin sonlarına yaxın baş verən feodal çəkişmələri və müharibələri nəticəsində Əlincəqala dağıdılmışdır. Bu qalanın tarixi Azərbaycan xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı mü¬ba¬ri¬zə tarixi ilə bağlıdır. Əlincəqala mübarizlik və əyilməzlik simvoludur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən Əlincəqalada genişmiqyaslı bərpa işləri aparılmışdır.