“Əshabi-Kəhf Ziyarətgahi” Dini-Mədəni Abidə Kompleksi

Naxçıvan şəhərindən təqribən 12 km aralı, Haçadağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgahdır. Ərəb dilində “mağara sahibləri” deməkdir. Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin (Təmlixa, Bərnuş, Sərnuş, Məksilma, Məslina, Sazənuş, Kəftəntuş (çoban) və onlara sadiq olan itləri Qıtmir) 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır. Mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. İrihəcmli mərmər lövhədən (145x35 sm) ibarət olan kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən “Əl-Kəhf” surəsindən 9-12, 17-18-ci ayələri həkk edilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulmuşdur. Kitabədə deyilir:

“Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”.

Son illərdə Əshabi-Kəhf ziyarətgahının ərazisində yenidənqurma, bərpa və abadlıq işləri aparılmışdır. Bərpa və abadlıq işləri zamanı Əshabi-Kəhfdə zəvvarlar üçün yaxşı şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, yolboyu yaşıllaşdırma işləri aparılmış, məscid tikilmişdir.