Naxçıvanqala

Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir.

Elmi ədəbiyyatda və xalq arasında “Naxçıvanqala”, “Köhnəqala” adları ilə tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir.

1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl 3-2-ci minilliklərdə Duz mədənlərində istifadə olunmuşdur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə monqol işğalçıları qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş fransız səyyah Şarden və Frehanq da əsərlərində xatırladırlar.

Qala XIX əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən – Kiçikqala - Narınqala və Böyükqaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır.

Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında" 2013-cü il 5 iyun tarixdə Sərəncam imzalamışdır. 2014-cü il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olmuşdur.