“Dədə Qorqud” Abidəsi

1999-cu ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə yaradılmış monumental sənət abidəsidir.

Naxçıvan şəhərində, Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə qoyulmuş ulu Dədə Qorqudun əzəmətli abidəsinin müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə ümumi hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.