Hüseyn Cavid Məqbərəsi

Naxçıvanda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış möhtəşəm memarlıq-xatirə kompleksidir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmişdir. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən abidə yerüstü məqbərə və sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri (hər iki qəbir 1996-cı ildə, sərdabə tikilərkən buraya köçürülmüşdür) və qızı Turan xanımın qəbri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulmuşdur. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı xalq rəssamı Ömər Eldarovdur.

Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da abidənin təntənəli açılış mərasimi keçirilmişdir.