Şərq Hamamı (ХVIII əsr)

Türk-islam mədəniyyəti abidələrinin özünəməxsus nümunələrindən biri də hamamlardır. Naxçıvan şəhərindəki Şərq hamamı şəhərin mərkəzində, indiki “Təbriz” mehmanxanasının qarşısında, Dədə Qorqud meydanında yerləşir. Yerli əhali bu hamamı Naxçıvan xanları nəslindən olan İsmayıl xanın şərəfinə “İsmayıl xan hamamı”da adlandırır. Şərq hamamı Naxçıvan əhalisinin həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla bərabər, həm də insanların görüş, söhbət, istirahət və müalicə yerinə də çevrilmişdir.

XVIII əsrdə Şərq memarlıq üslubun¬da inşa edilən hamam binası giriş, xidmət zalı, çarhovuzlu yuyunma salonu, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 kvadratmetrdir. Hamam planda düzbucaqlı for¬madadır. Bina bişmiş kərpiclə inşa edilmişdir. Hamamın soyunma zalı səkkizbucaqlı formadadır. Yuyunma salonunun iki keçidi vardır. Zalın mərkəzində çarhovuz inşa edilmişdir. 108 kvadratmetr sahəsi olan zalın tavanı sferik günbəzlə örtülmüşdür.

Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişik yerləşdirilmişdir. Xəzinədən açılan gözlükdən su götürülməsi üçün istifadə olunmuşdur. Hamamın su təchizatı kəhriz vasitəsilə ödənilmişdir. Xəzinənin altındakı ocaq hamamın isidilməsinə xidmət etmişdir. Otaqlara istilik yeraltı borular vasitəsilə verilmişdir.

Hamam 2005-ci ildə əsaslı təmir və bərpa edilmişdir.