Möminə Xatın Türbəsi

Naxçıvan şəhərində tarix-memarlıq abidəsidir. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biridir.

Türbə 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir.

Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatının qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalmışdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Ümumi hündürlüyü 34 m olmuş, sonralar 8 m hündürlükdə olan xarici örtüyü dağılmışdır. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir.

Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə Xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılmışdır. 2003-cü ildə sərdabədə qiymətli daşdan nəfis şəkildə əsaslı bərpa işləri aparılmışdır. Türbənin yerüstü hissəsi xaricdən onüzlü (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünmüş, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilmişdir.

Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilmişdir. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. XIX əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə Xatın türbəsinin yanında monumental tikililər, o cümlədən, Came məscidi olmuşdur.