Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Musiqi sənətinin inkişaf tarixi
      Azərbaycan musiqi sənəti qədim tarixə malikdir. Musiqi haqqında ən qədim məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Qobustan və Gəmiqaya rəsmlərində də musiqi ilə bağlı təsvirlərə rast gəlmək mümkündür. Sonrakı dövrlərdə “Kitabi-Dədə Qorqud”da (VII əsr), Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin əsərlərində qədim dövrün və orta əsrlərin musiqi mədəniyyəti, janrları və alətləri haqqında zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Fətullah Şirvani (XV əsr), Mirzə bəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi hərtərəfli biliyə malik alimlərinin risalələrində Yaxın və Orta Şərq xalqlarının mədəniyyətləri ilə sıx təmasda inkişaf edən orta əsr musiqi mədəniyyətinin, ifaçılığının nəzəri problemlərindən söhbət açılır. Səfiəddin Urməvinin orta əsrlərdə bu mövzuda yazdığı əsərlər bir sıra dillərə tərcümə edilmiş, Şərqin və Qərbin böyük alimləri onlarla elmi əsərlər yazmışlar.

Azərbaycan musiqi sənətinin ayrılmaz və mühüm hissəsini qədim ənənələrə, dərin məzmuna, bədii kamilliyə, zəngin janr müxtəlifliyinə malik olan musiqi folkloru təşkil edir. Musiqi folkloru Azərbaycan xalqının tarixini, adət-ənənələrini, istək və arzularını özündə ehtiva edən əmək, mərasim, məişət, qəhrəmanlıq nəğmələrindən, eləcə də laylalar, oxşamalar, aşıq havaları və digər musiqi janrlarından ibarətdir.

Azərbaycan xalq musiqisinin əsas tərkib hissəsi olan muğamlar Azərbaycan musiqisinin yüksək sənət nümunələrini təmsil edir. Orta əsrlərdə klassik poeziya nümunələrinin oxunması ilə inkişaf etməyə başlayan muğamlar dərin məzmun, yüksək ideya, emosional məna daşıyan vokal və instrumental kompozisiyalardır. Fəlsəfi-psixoloji məzmunlu muğam sənəti insanın zəngin mənəvi aləmini, həyat haqında düşüncələrini əks etdirir. Azərbaycan musiqisində 7 əsas muğam var. Əsas muğamların adları Azərbaycan musiqisinin lad əsasını təşkil edən 7 məqamın (ladın) adı ilə eynidir: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Cahargah”, “Bayatı-Şiraz”, “Humayun”.

XX əsrin əvvəllərində Üzeyir Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoymuşdur. Böyük bəstəkar möhtəşəm yaradıcılığı ilə şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratmış, beləliklə, Şərq-Qərb mədəniyyətinin fəal qarşılıqlı təsirinə geniş imkanlar açmışdır. Üzeyir Hacıbəyovun yaradıcılığı ilə milli bəstəkar musiqisinin, demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi, kantata, romans, mahnı və s.).

Yeni Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafında Müslüm Maqomayevin mühüm xidmətləri olmuşdur. Bəstəkarın “Şah İsmayıl”, “Nərgiz” operaları, simfonik əsərləri, kütləvi mahnıları milli klassik Azərbaycan musiqisinin inkişafına əsaslı təsir göstərmişdir.

Ötən əsrin 20-40-cı illərində yeni bəstəkarlar nəsli meydana gəldi. Asəf Zeynallı, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli ilk musiqi əsərlərini ictimaiyyətə təqdim etdilər. 1941-1945-ci illər müharibəsi dövründə qəhrəmanlıq və vətənpərvərlik mövzusu Azərbaycan musiqisində əsas yer tutsa da, Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov Azərbaycan professional musiqisini simfonik əsərlərlə də zənginləşdirirdilər. Müharibədən sonrakı illərdə mövzu və janr müxtəlifliyi intensiv inkişaf etdirilmişdir. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Rauf Hacıyev, Tofiq Quliyev, Niyazi, Səid Rüstəmov, Cahangir Cahangirov kimi bəstəkarların yaradıcılığında yeni mövzular yaranmağa başlandı.

Qara Qarayevin “Yeddi gözəl”, “İldrımlı yollarla”, Soltan Hacıbəyovun “Gülşən” baletləri, Fikrət Əmirovun “Şur”, “Kürd ovşarı”, Niyazinin “Rast” simfonik muğamları, Səid Rüstəmovun “Durna”, Süleyman Ələsgərovun “Ulduz” operettaları, Cahangir Cahangirovun “Füzuli” kantatası Azərbaycan musiqi sənətinin mövzu və janr müxtəlifliyi baxımından zənginliyini aydın göstərməkdədir.

Ötən əsrin 60-80-ci illərində Azərbaycan musiqisində ümumbəşəri ictimai əhəmiyyət daşıyan mövzular əsas yer tutmağa başlayır. Arif Məlikovun “Məhəbbət əfsanəsi”, Fikrət Əmirovun “Nəsimi haqqında dastan”, Niyazinin “Citra”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Şəfiqə Axundovanın “Gəlin qayası” və başqa onlarla gözəl musiqi əsərləri Azərbaycan klassik musiqisinin uğurlarından xəbər verir.

Azərbaycan musiqi sənətinin inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolu olmuşdur. Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş verən dəyişikliklər, zamanın yeni hadisələri musiqiyə böyük təsir göstərmişdir. Ulu öndərin himayə və qayğısı sayəsində Azərbaycan mədəniyyəti və incəsənəti böyük inkişaf yolu keçmişdir. Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları, Tofiq Bakıxanovun “Qarabağ harayı” simfoniyası, Aqşin Əlizadənin “Ana torpaq” odası və başqa musiqi əsərləri müstəqillik illərində yaranmış mükəmməl sənət əsərləridir.

Müstəqillik illərində Fərəc Qarayev, Ramiz Mustafayev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Firəngiz Əlizadə, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Azər Rzayev və başqaları müxtəlif mövzularda yeni simfonik əsərlər yazmaqla Azərbaycan klassik musiqisini daha da zənginləşdirmişlər. Bu dövrdə balet janrı da bir sıra yeni əsərlərlə zənginləşir. Xəyyam Mirzəzadə “Ağlar və Qaralar”, Aqşin Əlizadə “Qafqaza səyahət”, Polad Bülbüloğlu “Eşq və ölüm” baletlərini yazırlar.

Bu illərdə tanınmış Azərbaycan bəstəkarlarının əsərləri xarici ölkələrdə məşhur sənət ocaqlarında uğurla səsləndirilmiş, bəstəkarlar nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Müstəqillik illərində Azərbaycan muğamı da özünəməxsus inkişaf yolu keçmiş, dünyanın müxtəlif ölkələrində səslənməklə musiqisevərləri valeh etmişdir.

Bu gün Azərbaycan musiqi mədəniyyətinin milli ənənələrini davam etdirən, müasir musiqi yazı texnikasını mükəmməl mənimsəyən, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks etdirən istedadlı gənc bəstəkarlar nəsli yetişməkdədir. Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni proseslərə inteqrasiyası daha da genişlənmişdir.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018