Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Ədəbiyyat
     Naxçıvan diyarı zəngin ədəbi ənənələrə malikdir. Azərbaycan xalq ədəbiyyatında Naxçıvan motivləri mühüm yer tutur.

“Kitabi-Dədə Qorqud” dastanının boylarında Naxçıvan bölgəsi ilə səsləşən süjetlərə, yer və yurd adlarına rast gəlinir. Qorqudşünaslar dastandakı “Basatın Təpəgözü öldürdüyü boy”da və “Bəkil oğlu İmranın boyu”unda cərəyan edən hadisələrin, əsasən, Naxçıvanla bağlı olduğunu göstərmişlər. “Koroğlu”, “Əsli və Kərəm”, “Qaçaq Nəbi” dastanlarında da Naxçıvanla müəyyən bağlılıq tapmaq mümkündür. Naxçıvan folklorunda xalq ədəbiyyatının bütün janrlarına müraciət olunmuşdur. Həmin folklor nümunələri içərisində yalnız bu diyara xas olan janrlar (haxışta, gülümey, yallıbaşı mahnılar) və nümunələr də vardır. Naxçıvanda xalq ədəbiyyatının mühüm qollarından olan aşıq sənəti də (əsasən, Şərur və Şahbuz rayonlarında) böyük inkişaf yolu keçmişdir.

Hələ qədim zamanlarda bir çox görkəmli şair və yazıçılar, o cümlədən Qətran Təbrizi bir müddət Naxçıvanda yaşayıb yaratmışlar. Atabəy Məhəmməd Cahan Pəhləvanın sarayına yaxın olan, “təbiblər sultanı” kimi şöhrət qazanmış Kəmaləddin Naxçıvani şair kimi də məşhur idi. Əbubəkr ibn Xosrovun Atabəylər sarayında xidməti dövründə yazdığı məşhur “Munisnamə” əsəri mühüm sosial-əxlaqi motivləri və humanizmi ilə seçilir. Orta əsrlərdə Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Nəsirəddin Tusi, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Sadiq bəy Ordubadi, Baba Nemətullah Naxçıvani, Fəzlullah Nəimi və başqa alim və mütəfəkkirlər bədii əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişlər.

XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının geniş yayılması bu bölgədə də ədəbiyyat və mədəniyyətin sürətli inkişafına təkan vermişdir. Həmin dövrdə Naxçıvan ədəbi mühitində ciddi canlanma nəzərə çarpır. Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisi (1838) klassik ədəbi ənənələrlə yanaşı, yeni maarifçi-realist ədəbiyyatın da inkişafına müəyyən təsir göstərmişdir. Ədəbi məclisin fəal üzvlərindən Qüdsi Vənəndi, Fəqir Ordubadi, Əhmədağa Şəmi, Usta Zeynal Nəqqaş, Molla Hüseyn Bikəs, Abbas Dəhri, Məşədi Həsən Dabbağ və başqalarının yaradıcılığında klassik məhəbbət lirikasının ənənənəvi mövzuları ilə yanaşı, maarifçilik ideyaları, tənqidi-realist-satirik meyillər, zəmanədən şikayət, haqsızlığa etiraz motivləri də əhəmiyyətli yer tutur.

Azərbaycan maarifçi-realist ədəbiyyatında M.T.Sidqinin (1854-1903) ədəbi-pedaqoji irsinin özünəməxsus yeri vardır. Onun “Nümuneyi-əxlaq” və “Töhfeyi-bənat, yaxud qızlara hədiyyə” dərsliklərinə daxil edilmiş şeir və nəsr nümunələri, “Kəblə Nəsir”, “Heykəli-insanə bir nəzər” əsərləri, “Məktəb hekayələri” Azərbaycan maarifçilik ədəbiyyatının kamil nümunələrindəndir.

XIX əsrin 80-ci illərindən Naxçıvan ədəbi-mədəni mühitinə görkəmli yazıçı-publisit və teatr xadimi Eynəli bəy Sultanov (1866-1935) başçılıq edirdi. Onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Ziyalı məclisi” və “Müsəlman şiə dram incəsənəti cəmiyyəti” Naxçıvanın qabaqcıl ədəbi-mədəni qüvvələrinin təşkilatlanmasında, maarif və mədəniyyətin, mətbuatın inkişafında, xüsusilə Naxçıvan teatrının təşəkkülündə mühüm rol oynamışdır. Həmin cəmiyyətlərin ətrafında toplaşmış Cəlil Məmmədquluzadə, Əliməmməd Xəlilov, Mirzə Ələkbər Süleymanov, Sadıq Xəlilov, N.Şeyxov, Ə.Sultanov, Mirzə Cəlil Şürbi və başqa təhsilli maarifçi ziyalılar bu sahədə mühüm xidmətlər göstərmişlər.

XX əsrdə Naxçıvan diyarı Azərbaycan ictimai, ədəbi-bədii fıkrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. Dahi yazıçı, dramaturq və publisist, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadə (1869-1932) hekayələri, felyetonları, “Danabaş kəndinin əhvalatları” povesti, ölməz “Ölülər” tragi-komediyası, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri ilə realist-demokratik Azərbaycan ədəbiyyatı tarixində müstəsna yer tutur. Ədib “Çay dəstgahı”, “Kişmiş oyunu”, “Danabaş kəndinin əhvalatları”, “Poçt qutusu” əsərlərini Naxçıvanda yaşadığı illərdə yazmışdır.

Böyük romançı Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuş və onun kamil nümunələrini (dördcildlik “Dumanlı Təbriz” epopeyası, “Qılınc və qələm” və s.) yaratmışdır. “Dumanlı Təbriz”dəki süjetlərin bir çoxu ədibin həyatının Naxçıvan dövrü ilə bağlı müşahidələrinin məhsuludur. “Qılınc və qələm”də də Naxçıvanla bağlı motivlər də var.

Şair və jurnalist Əliqulu Qəmküsarın ədəbi irsi Azərbaycan ədəbiyyat tarixində layiqli yer tutur. Milli romantik şeir və dramaturgiyanın korifeyi Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” və s. mənzum və mənsur dramları, Azərbaycan ədəbiyyatının şah əsərləri sırasına daxil olmuşdur.

XX əsrin 20-ci illərində ədəbiyyata gənc qüvvələr gəlməyə başladı. “Qızıl qələmlər” Cəmiyyətinin Naxçıvan şöbəsində birləşən gənc yazarların ilk qələm təcrübələri “Şərq qapısı” qəzetində müntəzəm dərc olunurdu. Xalq yazıçıları Mirzə İbrahimov və Əli Vəliyevin ayrı-ayrı vaxtlarda Naxçıvanda yaşayıb-yaratmaları da burada ədəbi-mədəni prosesin, o cümlədən teatrın inkişafına öz müsbət təsirini göstərmişdir. Eyni zamanda, Naxçıvan mühiti hər iki yazıçıya zəngin yaradıcılıq materialı vermişdir. Mirzə İbrahimov “Həyat” pyesinin mövzusunu Naxçıvan həyatından götürmüş, Əli Vəliyev “Budağın xatirələri” romanında Naxçıvan təəssüratlarından istifadə etmişdir.

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri - şair və dramaturq İslam Səfərli, xalq şairi Məmməd Araz, Əməkdar incəsənət xadimi Hüseyn Razi də Naxçıvan torpağının yetirmələridir.

Hazırda Azərbaycan yazıçılarının böyük bir dəstəsi Naxçıvanda yaşayıb yaratmaqdadır. Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin (hazırda Naxçıvan Yazıçılar Birliyi) yaradılması, “Şərq qapısı” vilayət qəzetinin nəşri, yerli radio verilişləri XX əsrin 50-ci illərindən etibarən Naxçıvanda ədəbi mühitin canlanmasına ciddi təkan vermişdir.

Naxçıvan ədəbi mühitində şeir həmişə üstünlüyə malik olsa da, nəsr sahəsində də diqqətəlayiq uğurlar qazanılmışdır. Xalq yazıçısı Hüseyn İbrahimovun “Əsrin onda biri”, “Böhtan”, “Sabahın sorağında”, “Bahar yağışı” romanları və povestləri müasir Azərbaycan nəsrinin nailiyyətlərindəndir.

     Bu gün Naxçıvanda dramaturgiya ənənələri də müvəffəqiyyətlə davam etdirilir. Eyni zamanda publisistika sahəsində də uğurlu addımlar atılır. Naxçıvanın yerli dramaturq və publisistlərinin qələm nümunələri Azərbaycan ədəbi mühitində özünəməxsus yer tutur.

Naxçıvan torpağı Azərbaycan ədəbiyyatşünaslıq elminə Məhəmməd Şahtaxtlı, Məmməd Cəfər, Əziz Şərif, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Abbas Zamanov kimi görkəmli alimlər bəxş etmişdir. Tanınmış ədəbiyyatşünaslar Y.Seyidov, M.Sadıqlı, F.Hüseynov, Ə.Səfərli və başqaları bu torpağın yetirmələridir.

50-ci illərdən etibarən ədəbiyyatşünaslıq elmi bilavasitə Naxçıvanda da inkişaf etməyə başlamışdır. Qocaman maarif xadimi və ədəbiyyatşünas Lətif Hüseynzadə Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq Naxçıvanda Əliqulu Qəmküsar haqqında dissertasiya müdafiə etmiş (1950), Qaraqoyunlu hökmdar-şairi Cahanşah Həqiqinin divanını tapıb nəşr etdirmiş, habelə ədəbiyyatımızın bir çox digər klassiklərinin yaradıcılığını araşdırmışdır.

Son 30 ildə Naxçıvanda tənqidçi və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa Həbibbəylinin, fılologiya elmləri doktorları Yavuz Axundlunun, Ə.İsmayılovun, İ.Maqsudovun Azərbaycan ədəbiyyatının böyük klassikləri Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Eynəli bəy Sultanov haqqında monoqrafik tədqiqatları ədəbiyyatşünaslığımıza dəyərli töhfədir.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018