Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi













XƏBƏRLƏR
      Xalqımızın ən qiymətli sərvəti olan, minilliklərboyu təşəkkül tapan adət-ənənələrə, xalq yaradıcılığı örnəklərinə, milli dəyərlərə həmişə böyük ehtiramla yanaşmışıq. Naxçıvanlılar bu dəyərlərin qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.

Xalq yaradıcılığının yaşadılması, təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalayıb. Sərəncama əsasən muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib. Müşavirədə müxtəlif aidiyyəti qurumların sərəncamla bağlı fəaliyyət istiqamətləri, vəzifələr müəyyənləşdirilib. Vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb, məqsədyönlü tədbirlərin keçirilməsi sistemli xarakter alıb.

İlk olaraq onu qeyd edək ki, AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanmış üç cilddə “Naxçıvan folkloru antologiyası”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ərsəyə gətirilən “Naxçıvan teatrının salnaməsi”, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi tərəfindən tərtib olunan “Naxçıvan milli geyimləri” və “Naxçıvan tikmələri”, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabları nəşr edilib, Şərur yallılarından ibarət disk buraxılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində yallı qrupları fəaliyyət göstərir. “Şərur” Xalq Yallı Ansamblının ifasından ibarət kompakt disklər hazırlanıb. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə keçirilən 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil olunub.

Yeri gəlmişkən qeyd edək ki, ötən ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 qədim musiqi aləti hədiyyə olunub. Alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, coğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi var. Bu alətlərdən dövrümüzdə ilk dəfə olaraq istifadə edilməyə başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə ötən il nəşr olunan və cari ilin mart ayında təqdimatı keçirilən kitablar arasında “Milli dəyərlərimiz rəsmi sənədlərdə” adlı toplu da var. Bu nəşrdə muxtar respublikada milli dəyərlərimizin yaşadılması ilə bağlı sərəncamlar toplanıb, görülən işlər işıqlandırılıb. Bilik Fondu tərəfindən yazıçı Rövşən Novruzoğlunun “Əshabi-Kəhf”ə məktub: Sürgündə qalan əhli-əyalım var” adlı kitabı nəşrə hazırlanıb və təqdimat mərasimi keçirilib, “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı beynəlxalq konfransın materialları” jurnalı çap edilib. Həmin nəşrlər gələcək nəslin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynamaqdadır.

Ozan-aşıq yaradıcılığının geniş tətbiq olunması, Naxçıvanda aşıq poeziyasının inkişaf mərhələlərinin araşdırılması davam etdirilir, xalq mahnı və rəqslərinin sistemli şəkildə təbliği, unudulmuş mahnı və rəqslərin bərpa olunması, onların aşkar edilib nota köçürülməsi, həmin nümunələrin folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilməsi və qədim xalq çalğı alətlərində ifaların nümayiş etdirilməsi sahəsində müvafiq tədbirlər görülüb, muxtar respublikanın ayrı-ayrı bölgələrindən toplanan yallı və saz havaları nota salınıb. Bu tədbirlərin davamı kimi muxtar respublikada yaşayan peşəkar və həvəskar aşıqlar haqqında məlumat bazası yaradılıb, 2009-cu il dekabrın 22-dən Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb.

Naxçıvan Dövlət Universitetində xalq çalğı alətləri orkestri, Naxçıvan Musiqi Kollecində Qədim xalq çalğı alətləri ansamblı fəaliyyətə başlayıb, unudulmuş qədim musiqi alətlərinin bərpası davam etdirilir. Peşəkar musiqi kollektivlərinə, folklor kollektiv və qruplarına, bədii özfəaliyyət kollektivlərinə milli geyim dəstləri verilib. Dövlət tədbirlərində, əlamətdar və tarixi günlərdə, həmçinin bayramlarda həmin musiqi kollektivlərinin çıxışları təşkil edilir, gənc­lərdə qədim musiqi alətlərinə maraq artırılır.

Maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi milli mətbəx nümunələrimiz xalqımızın tarixini, etnoqrafiya və bədii xüsusiyyətlərini özündə əks etdirir. Bu sahədə də xeyli iş görülüb, tədqiqat materialları toplanılıb, sorğu-metodik vəsait hazır­lanıb. Milli mətbəxin inkişafı ilə bağlı tədbirləri sistemləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yaradılıb, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin hərtərəfli fəaliyyəti təmin olunub, mərkəz tərəfindən hazırlanmış “Naxçıvan mətbəxi” kitabı oxuculara təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 2009-cu ilin iyun ayından başlayaraq təşkil edilən xalçaçı, toxuculuq, misgərlik, keçəçi, qalayçı, ağac üzərində oyma kurslarını yüzlərlə gənc bitirib. Qədim tarixə malik olan xalçaçılığın inkişafını təmin etmək məqsədilə adıçəkilən nazirlik tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi həyata keçirilir, muxtar respublikanın bütün rayonları üzrə bu sahə ilə məşğul olanlara dəzgahlar və xalça toxumaq üçün lazım olan materiallar verilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikilməsi bu sahənin daha da inkişafına şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı” isə xalçaçılığın inkişafına yeni töhfələrini verməkdədir.

Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib, xalq yaradıcılığı ilə məşğul olan sənətkarlar haqqında məlumat bazası yaradılıb.

2012-ci ildə, “Milli dəyərlər ili”ndə muxtar respublikada beynəlxalq rəsm, folklor, muğam və xalq teatrları festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr keçirilib. Bu tədbirlər indi də davam etdirilir. Belə ki, son illərdə muxtar respublikada “Milli geyimlər”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov”, “Yallı” və “Kətə” kimi festivalların keçirilməsi milli-mənəvi dəyərlərimizə diqqət və ehtiramın ifadəsi kimi böyük rəğbətlə qarşılanır.

O da xüsusilə vurğulanmalıdır ki, xalqımızın ən əziz bayramı olan Novruz şənliklərində xalq yaradıcılığı nümunələri daha geniş təbliğ olunur. Bunun üçün hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan Novruz şənliklərində belə nümunələrdən ibarət sərgilərin təşkili, musiqi kollektivlərinin çıxışları bayramı daha təmtəraqlı edir. Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının rəqs qrupları, Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı, Muğam studiyası, Tulum kvarteti, Naxçıvan Musiqi Kollecinin Sazçalanlar ansamblı, “Yallı” rəqs və “Naxçıvanqala” ritm qrupları, Muğam üçlüyü, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Nağaraçalanlar ansamblı və rəqs qrupu, həmçinin digər musiqi kollektivlərinin ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Xalqımızın müstəqillik yolunda inamla irəlilədiyi indiki şəraitdə xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikamızda xalq yaradıcılığı sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər naxçıvanlılar tərəfindən yüksək qiymətləndirilir, onlar bu tədbirlərdə fəallıq göstərirlər.

Novruz inancları

Qədim zamanlardan xalqımız baharın, yazın gəlişini bayram edər, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadar. Zamanla insanlar arasında bu adət-ənənələrin bir çoxu ilə bağlı fərqli inanclar formalaşıb. Bu inanclar bütün ilboyu insanların həyatında müxtəlif dəyişikliklərlə xarakterizə olunur.

Novruzun simvolu olan göyərdilmiş səməni bərəkət, bolluq rəmzi sayılır. Deyərlər ki, səməni düz, şax vəziyyətdə qalxarsa, həmin il məhsul bol, əyri, nazik olduqda isə qıtlıq olacaq. Bayramdan sonra səməni axar suya axıdılır, arxasınca da şirni səpilir. Bununla da ilboyu evdə ruzi, bərəkətin bol olacağına inanılır.

Novruz bayramını od-ocaqsız, gur tonqalsız təsəvvür etmək mümkün deyil. İnsanlar, xüsusilə İlaxır çərşənbə axşamı böyük tonqallar yandırar və bu tonqalların üzərindən atlanarlar. Bununla da bədxah qüvvə və nəfəslərdən, qorxu və çətinliklərdən xilas olacaqlarına inanarlar. Tonqalda üzərlik yandırma da yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar bununla hər hansı mənfi nəzəri dəf edəcəklərinə, onun vasitəsilə bədnəzər, pis niyyətlərin təmizlənəcəyinə inanırlar. Bayram axşamı hər kəs öz evində, öz ocağının başında olmalıdır. İnanca görə, əgər belə olmazsa, həmin insan yeddi il bayram süfrəsi görməz. Həmçinin həmin gün ailənin sayı qədər süfrədə şam yandırılar, niyyət tutular. Əgər şam sona qədər yanarsa, tutulan diləklərin qəbul olunacağına inanılar. Səhər tezdən isə axar suyun üstündən “ağırlığım-uğurluğum tökül bu suyun üstünə”, – deyib üç və ya yeddi dəfə tullanır, dərd-bəlaların, sıxıntıların köhnə ildə qalmasını arzu edərlər.

İnanclar, əsasən, Novruz fallarında qorunur, yaşadılır. Qulaq falı, qapıpusma hər bir bölgəmizdə, eləcə də Naxçıvanda geniş yayılıb. Bu fallar, xüsusilə İlaxır çərşənbə axşamı icra edilir. Hava qaralandan sonra ürəkdə niyyət tutub gizlincə qohum-qonşunun qapısına gedər, qapı dalında durub, ayağın altına açar atıb, içəriyə qulaq asarlar. Eşidilən ilk söz niyyətin yerinə yetib-yetməyəcəyinə işarə edər.

İlaxır çərşənbə axşamı yerinə yetirilən mərasimlərdən biri də üzüksalmadır. Bu vaxt subay qızlar üzüklərini bir qabın içərisinə salar, növbə ilə bayatı deyərlər. Bayatı oxunub başa çatandan sonra tasın içindəki üzüklərdən biri götürülər. Kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə uyğun yozular. Novruz axşamı arx kənarına bir yumurta, iki rəngli qələm qoyular və hər hansı bir iş üçün niyyət edilər. Səhər gedib arxın kənarına qoyulan yumurtaya baxılar. Yumurtanın tən ortasından qırmızı xətt “çəkildikdə”, bu, niyyətlərinin baş tutacağı, qara xətt “çəkildikdə” isə əksi düşünülər.

Ümumiyyətlə, Novruz falları ilə bağlı inanclar say və məzmunca zəngindir. Məsələn, kuzə, açar, qıfıl, alma, iynə , qovurğa, ulduz və digərləri maraqlı olmaqla yanaşı, bir çoxu əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirirlər. Bu inanclar xalqımızın qədim mifoloji görüşlərini, mədəniyyət və folklor tariximizi öyrənmək, tədqiq etmək baxımından dəyərli nümunələrdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.03.2020



      Martın 13-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Muzeylərdə tarixi və əlamətdar günlərlə bağlı sərgilərin qurulmasının təşkili” mövzusunda seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirakı ilə keçirilən seminar-treninqi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq muxtar respublikada tariximizi əks etdirən materialların qorunması və təbliği işində muzeylərin rolundan danışmışdır. Qeyd olunmuşdur ki, zəngin mədəniyyət ocaqları olan muzeylər xalqımızın keçmiş yaşayış tərzini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürərək mədəni irsimizin qorunması və təbliğində əvəzsiz rol oynayır.

Qumral Əsədova diqqətə çatdırmışdır ki, ölkəmizdə muzeylər şəbəkəsinin formalaşdırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin rəhbərliyi illərində muzey işi ilə bağlı mühim tədbirlər həyata keçirilmiş, muzey sahəsində dövlət siyasətinin əsas prinsipləri, dövlətin vəzifələri, muzeylərin hüquqları və muzey fondları ilə bağlı məsələlər müəyyənləşdirilmiş, muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsasları tənzimlənmişdir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli Sərəncamı muzey sahəsinin inkişafına böyük töhfələr verir.

Tədbirin davamında Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədlinin “Sərgilərin qurulmasında muzey əməkdaşlarının rolu” və qelereyanın bələdçisi Tomris Cəlilovanın “Sərgilərin qurulmasında muzey fondlarından istifadə qaydaları” mövzularında çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, muzeylər elmi-tədqiqat müəssisəsi olmaqla yanaşı, həm də öz fəaliyyəti istiqamətində müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirir. Bu tədbirlər arasında sərgilərin qurulması da özünəməxsus yer tutur. Belə ki, tarixi və əlamətdar günlərlə, görkəmli şəxslərin həyat və fəaliyyəti ilə bağlı qurulmuş sərgilər tamaşaçılar və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanır. Muzeylərin ekspozisiya və fond otaqlarında mühafizə olunan eksponatlardan hazırlanmış sərgilər həm də muzeyin ekspozisiyasında sərgilənməyən eksponatların da müəyyən müddət ərzində nümayiş etdirilməsinə imkan verməklə yanaşı, həm də əks etdirdiyi tarixi və əlamətdar günlərlə bağlı əyani şəkildə dolğun təəssürat yaradır.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Dövlət Rəsm Qalereyasının ekspozisiyasına baxış keçirildikdən sonra tədbirə yekun vurulub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.03.2020



      Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 10 mart – Milli Teatr Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Teatr binaları yenidən qurularaq istifadəyə verilir, qastrol səfərləri ­genişləndirilir.

Bildirilib ki, bu gün qədim diyarımızda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı klassik və çağdaş dramaturgiyanın dəyərli nümunələri, dünya klassiklərinin əsərləri əsasında hazırlanmış tamaşaları səhnəyə qoymaqla tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır.

Qeyd olunub ki, müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı da bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı bu baxımdan yüksək qiymətə layiqdir.

Diqqətə çatdırılıb ki, muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Nazir Naxçıvanda teatr sənətinin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını ifadə edib, teatrsevərlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Nəbi Xəzrinin “Burla xatun” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.03.2020



      Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə:

Abbasova Zəriş Tofiq qızına Hüseynova Məryəm Rzaqulu qızına – “Əməkdar müəllim” fəxri adı;

Hacıyeva Nəsibə Şəmil qızına – “Əməkdar tibb işçisi” fəxri adı;

Hüseynova Ruhiyyə Nəriman qızına – “Əməkdar artist” fəxri adı verilsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif TALIBOV
Naxçıvan şəhəri, 6 mart 2020-ci il



Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.03.2020



      Mart ayının 4-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Azərbayacan musiqi tarixindən” mövzusunda tədbir keçirilib.

Naxçıvan Musiqi Kollecinin müəllim və tələbə kollektivinin həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə baş tutan tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi Aysel Qalayevanın “Azərbaycan musiqi mədəniyyətinin görkəmli siması Fikrət Əmirovun həyat və yaradıcılıq irsi” mövzusunda mühazirəsi dinlənilib.

Bu zaman diqqətə çatdırılıb ki, Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri hesab edilir.

Musiqinin demək olar ki, bütün janrlarına müraciət edən Fikrət Əmirov yaşadığı dövr ərzində çox dəyərli sənət əsərləri yaradıb. Sənətkarın professionallıqla qələmə aldığı “Sevil” operası, “Nəsimi” dastanı, “Min bir gecə”, “Nizami” baletləri, “Azərbaycan kapriççiosu”, “Azərbaycan qravürləri”, “Ürəkçalanlar”, “Gözün aydın” musiqili komediyaları, fortepiano üçün «12 miniatür» uşaq pyesləri, bəstələdiyi müxtəlif mahnılar, romanslar və digər zəngin və rəngarəng yaradıcılıq əsərləri milli musiqi tariximizin parlaq səhifələrində özünəməxsus izlər buraxıb.

Vurğulanıb ki, Fikrət Əmirov dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrının da yaradıcısıdır. Bəstəkarın bu janrda bəstələdiyi “Şur”, “Kürd-ovşarı” və “Gülüstan Bayatı-Şiraz” əsərləri Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsi hesab edilir və Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

Sonda Fikrət Əmirovun həyat və yaradıcılıq irsinə həsr olunmuş sənədli film nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.03.2020



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu ilin fevral ayında tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, ustad və açıq dərslər keçilmiş, eləcə də “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Gənclər Günü münasibətilə aid təşkilatlarla birgə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramının təqdim edilməsi fevral ayı keçirilən əlamətdar mədəni tədbir kimi yaddaqalan olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə fevral ayında yekun vurulmuş, qaliblər müsabiqəni keçirən təşkilatların diplomları və pul mükafatı, fərqlənənlər isə fəxri fərmanlarla təltif olunmuşlar.

AMEA Naxçıvan Bölməsinə Nazirlik tərəfindən hədiyyə olunmuş 24 ədəd qədim əlyazma və kitabın, Naxçıvan Dövlət Tarix Muzeyində isə 89 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimat mərasimlərinin keçirilməsi onu göstərir ki, muxtar respublikadakı müvafiq elm və mədəniyyət müəssisələrinə eksponatların hədiyyə edilməsi işi bu ilin fevral ayında da diqqətdə saxlanmışdır. Ümumilikdə, ötən ay muzeylərə 171 ədəd yeni eksponat daxil olmuşdur. Muzeylərimizi fevral ayında 32 min 844 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 3 min 952 nəfəri əcnəbi, 28 min 892 nəfəri yerli vətəndaşlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilmiş, qaliblər təşkilatçılar tərəfindən diplom və oxunması zəruri olan kitablarla mükafatlandırılmışlar.

Fevral ayında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yeni işıq üzü görmüş “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının təqdimat mərasiminin keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi kitabda əks olunan a kapella janrındakı xalq mahnılarını ifa etmişdir.

Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə salınmaq üçün muzeylərə daxil olmuş 12 ədəd xalça pasportlaşdırılmışdır.

Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Musiqi Kollecinin tələbələri üçün açıq dərs, mühazirə və ekskursiya təşkil edilmişdir.

Ötən ayın əlamətdar hadisələrindən biri də Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının və Dövlət Bayrağı Muzeyinin internet saytının fəaliyyətə başlaması olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbir keçirilmiş, “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsinin Kəngərli rayon turu olmuşdur.

Ötən ay muxtar respublikanın kitabxanalarında yeni oxucu sayı 403 nəfər, oxucu gəlişi 9 min 644 nəfər, kitab verilişi isə 46 min 768 nüsxə olmuşdur. Ay ərzində elektron kitabxanadan isə 366 oxucu istifadə etmişdir.

Muxtar respublikanın yaşayış məntəqələrindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi və bədii-qiraət dərnəklərinin üzvləri, musiqi özfəaliyyət kollektivləri və rayon (şəhər) mədəniyyət şöbələrinin instrumental ansambllarının iştirakilə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin Naxçıvan şəhərində, eləcə də Şərur və Culfa rayonlarında seçim turları keçirilmişdir.

Fevral ayında “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondunda, Şahbuz rayonunun Külüs və Ordubad rayonunun kəndlərində sakinlərə filmlər nümayiş olunmuşdur. Həmçinin Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhərindəki bir neçə tam orta məktəblərin şagirdlərinə Xocalı faciəsi ilə əlaqədar film nümayiş etdirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ötən ay Nəbi Xəzrinin “Burla Xatın” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim olunmuşdur. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da ay ərzində Hüseyn Əsgərovun “Qorxaq Əhməd” tamaşasının məşqləri davam etdirilmiş, biri xeyriyyə məqsədli olmaqla, ümumilikdə, 9 tamaşa göstərilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən ay ərzində “Mavi işıq” tamaşasının məşqləri aparılmış, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşası nümayiş edilmişdir.

Fevral ayı ərzində Babək Rayon Xalq Teatrı Cavad Məcnunbəyovun “İldırım”, Ordubad Rayon Xalq Teatrı Firuz Mustafanın “Sevməsəm, ölləm”, Şərur Rayon Xalq Teatrı Əziz Nesinin “Öldürsənə, can-ciyər”, Naxçıvan Şəhər Xalq Teatrı Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Şahbuz Rayon Xalq Teatrı isə Sahib İbrahimlinin "Sadığın toyu” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Ötən ay Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyası Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı isə Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert vermişdir.

Fevral ayı Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin komandaları və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin komandaları arasında “Lira” musiqili intellektual oyununun birinci mərhələsi keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
03.03.2020



      Bu gün Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında keçirilən “Lira” musiqili-intellektual oyunu başa çatıb.

Oyun başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək bildirib ki, “Lira” musiqili-intellektual oyununda muxtar respublikanın 26 uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin hamısının iştirak etməsi nəzərdə tutulub və bununla bağlı qrafik tərtib edilib. Vurğulanıb ki, “Lira” musiqili-intellektual oyunlarının keçirilməsi şagirdlərin dünyagörüşü və intellektual səviyyəsinin artmasına böyük təsir göstərir.

Daha sonra komandalara oyunun şərtləri izah edilib.

Qeyd edilib ki, bugünkü oyunda Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi, Babək və Sədərək rayon uşaq musiqi məktəbləri, Kolanı, Aralıq, Bənəniyar və Zeynəddin kənd uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak edəcəklər.

Sonra oyun başlayıb və şagirdlər musiqinin ümumi-nəzəri məsələləri ilə yanaşı Azərbaycan və dünya bəstəkarlarının əsərləri ilə bağlı sualları cavablandırıblar.

Sonda Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin “Harmoniya” kamandası I dərəcəli, Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin “Əlincə” komandasə II dərəcəli, Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinin “Retro” komandası III dərəcəli diplomlara layiq görülüblər. Babək Rayon Uşaq Musiqi Məktəbinin “Turan” komandası diplomla təltif edilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.02.2020



      Fevralın 28-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Motivasiya formalaşdırıcı fəaliyyətin əsas şərtidir” mövzusunda görüş keçirilib.

Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov açaraq görüşün mahiyyəti barədə məlumat vermişdir.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, psixoloq Çapay Quliyev mövzu ilə əlaqədar mühazirə söyləmişdir. Qeyd edilmişdir ki, motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. Təlimdə motivasiya təhsilalanlarla əlaqəli olub, onları təlim prosesində iştirak etmək arzuları ilə təmin edir. Fəaliyyətsizlik, zəif motivasiya ilə müşayiət olunan təlimdə təhsilalanlar özləri özlərini ruhlandırmaqda çətinlik çəkirlər.

Yüksək motivasiya olunmuş öyrənənlərlə qoyulmuş məqsədlərə, təlimin nəticələrinə yiyələnmək mümkün və asan olduğu halda, zəif motivasiya edilmiş öyrənənlərlə təlimin məqsədlərinə nail olmaq çətinləşir. Fəal təlim prosesində motivasiya açar rolunu oynayır və ən güclü təhrikedici, təsiredici bir faktordur. Müəyyən bir təlim üçün nəzərdə tutulan situativ motivasiyadan, hər hansı konkret bir təlimin strukturundan deyil, daha çox motivasiyanın psixoloji amil kimi əhəmiyyəti, onun növləri və öyrənənlərdə yaranma səbəbləri, təlimdə təzahür formaları, təlim prosesinə təsiri, davamlılığı, nəticələri haqqında bəhs edilmişdir.

Tədbirdə mühazirəçi ilə tələbələr arasında qurulan maraqlı diskusiyada motivasiyanın növləri-yaxın və uzaq motivasiya, şəxsiyyətin formalaşmasinda düzgün motivasiya, təhsil müddətində tələbə fəallığı, gənc nəslin cəmiyyətə uyğunlaşması prosesində fəal mövqenin rolu haqqında ətraflı fikir mübadiləsi aparılmış, müəllim və tələbələri maraqlandıran suallar mühazirəçi tərəfindən cavablandırılmışdır.

Qeyd edək ki, bu cür görüşlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.02.2020



      Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbir keçirilib.

Əvvəlcə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli çıxış edərək bildirib ki, XIX əsr Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri də şairə Qönçəbəyimdir. Tarixi faktlara əsaslanıb demək olar ki, şairə 1827-ci ildə Naxçıvanda anadan olub. 1837-ci ildə Naxçıvanda açılmış rus məktəbinə daxil olub, rus və fars dillərini öyrənib, Şərq ədəbiyyatına maraq göstərib. “Qönçeyi-ülfət” ədəbi məclisinin iştirakçılarından olan şairə ağlı, istedadı, nəzakəti, yüksək saray mədəniyyəti, lirik şeirləri ilə dövrünün bir sıra məşhur simalarını heyran edib, Gürcüstanda və Rusiyada məşhurlaşıb. Gürcü şairi Nikoloz Barataşvilinin məktublarında Qönçəbəyim haqqında məlumatlar öz əksini tapıb. Gürcü şairi Naxçıvanda ikən onunla görüşüb, yaradıcılığı ilə maraqlanıb, bir şeirini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərib. Hər iki xalqın dilinə çevrilən şeirləri ilə Qönçəbəyim öz könül rübabını onu sevən qəlblərdə dilə gətirib. Naxçıvanlı şairə klassik şeirlə yanaşı, xalq şeiri tərzində də gözəl örnəklər yaradıb. Onun həyatı ilə bağlı bəzi hadisələr epikləşərək dastana çevrilib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımov, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, dosent Nərgiz İsmayılova, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova çıxış ediblər.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının, Naxçıvan Musiqi Kollecinin saz ixtisası üzrə tələbələrinin ifaları dinlənilib, Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında şairə Qönçəbəyimin şeirləri bədii qiraət edilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.02.2020



      Fevralın 25-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yeni işıq üzü görən “Azərbaycan xalq mahnıları - a capella” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Musiqi Kollecinin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Dövlət Filarmoniyası və Uşaq Filarmoniyasının həmçinin Naxçıvan şəhərində yerləşən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin əməkdaşları iştirak etmişdir.

Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq qeyd etmişdir ki, bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun “Azərbaycan xalq mahnıları - a capella” adlı musiqi kitabı işıq üzü görmüşdür.

Kitabda Azərbaycan xalq mahnıları instrumental müşayiətsiz xor janrı olan a kapella janrında təqdim edilir. Polifoniyanın ilkin nümunələrinin aid olduğu a kapella bənzərsiz və əvəzolunmaz bədii dəyərə malik olduğu üçün müstəqil bir musiqi janrı olaraq dövrümüzə qədər qorunub saxlanılmışdır.

Nazir bildirib ki, dünya musiqisində olduğu kimi, Azərbaycan musiqi tarixində də digər musiqi janrlarına nisbətən bu sahədə yaradılan nümunələrin sayı olduqca azdır. Bu baxımdan Yaşar Xəlilovun təqdim etdiyi bu kitab Azərbaycan professional musiqisi üçün bu janrda yazılmış dəyərli kitablardan hesab edilə bilər. Müəllifin də qeyd etdiyi kimi, a kapella janrı zəngin çalarlara və əvəzolunmaz bədii dəyərə məxsus olduğu üçün, onun qorunması və bu janrda əsərlərin ərsəyə gətirilməsi vacibdir.

Nazir çıxışında qeyd etmişdir ki, müəllif haqlı olaraq göstərir ki, uşaq musiqi məktəblərində, musiqi kolleclərində, ali musiqi təhsili verən ocaqlarda, o cümlədən müstəqil xor kollektivlərində a kapella janrından vacib proqram elementi kimi istifadə olunsa da, təhsil müəssisələrində bu janrda yazılan milli nümunələrə ehtiyac duyulmaqdadır. Bu ehtiyacı nəzərə alan müəllif Azərbaycan xalq mahnılarını a kapella janrında işləməyi qarşıya məqsəd qoymuşdur. “Azərbaycan xalq mahnıları - a capella” kitabı bu sahədə ehtiyacın müəyyən qədər aradan qaldırılması, xor kollektivlərinin repertuarında istifadə olunması, Azərbaycan xalq mahnılarının çoxsəsli şəkildə təqdim olunması kimi məsələlərin həllində, həmçinin, təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunması üçün olduqca təqdirəlayiq əsər kimi qiymətləndirilməlidir. Bu musiqi kitabı, eyni zamanda, qədim xalq mahnılarımızın xarici ölkələrdə tanıdılmasına da töhfələr verəcəkdir. Belə ki, dünya musiqi mədəniyyəti, əsasən, çoxsəsli formada ifa olunan musiqiləri özündə birləşdirməkdədir.

Qeyd olunmuşdur ki, “Azərbaycan xalq mahnıları - a capella” kitabında 1967-ci ildə çap olunmuş Səid Rüstəmovun “Azərbaycan xalq mahnıları” və 1981-ci ildə çap olunmuş çoxmüəllifli “Azərbaycan xalq mahnıları” kitablarından seçilmiş təksəsli mahnıların melodiyalarından istifadə olunmuşdur. Melodiyaların əksəriyyətinin not yazısı Səid Rüstəmova, digərləri Fikrət Əmirova, biri, “Sarı gəlin” mahnısı isə Yaşar Xəlilova aiddir. Ümumilikdə isə musiqi kitabındakı “Ahu kimi”, “Sarı bülbül”, “Qara qaşın vəsməsi”, “Almanı atdım xarala”, “Apardı sellər Saranı” və digər xalq mahnılarının çoxsəsli musiqi formasında və kapella üslubunda təqdim edilməsi musiqisevərlər üçün bənzərsiz sənət nümunəsi hədiyyəsidir.

Böyük azərbaycanlı alim Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbainin xatirəsinə ithaf edilmiş “Azərbaycan xalq mahnıları - a capella” musiqi kitabı Naxçıvan Dövlət Universitetinin elmi şurasının qərarı ilə dərs vəsaiti olaraq çap edilmişdir. Musiqi kitabından mahnıların əksəriyyətinin dördsəsli olmasına baxmayaraq, diapazona görə bəzi mahnıların uşaq və yeniyetmələrdə a kapella, onun ifa tərzi haqqında təsəvvür və təəssüratın formalaşması baxımından musiqi kolleci və uşaq musiqi məktəblərində də istifadə edilməsi məqsədəuyğun hesab edilir. Təqdim olunmuş bu kitab son illərdə Naxçıvan musiqi mədəniyyəti sahəsində musiqinin inkişafı istiqamətində çap olunmuş dəyərli kitabların davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqəti və qayğısı sayəsində işıq üzü görmüş bu kitab ümid edirik ki, professional xor kollektivlərində və musiqi təhsili verən məktəblərdə istifadə edilməklə konsert proqramlarının zənginləşməsinə, həmçinin, gələcəkdə kapella üslubuna marağın artmasına və bir musiqi üslubu kimi daha geniş formada tanınmasına səbəb olacaqdır. Bu kitabın təqdimat mərasimi düşünürük ki, Naxçıvanda musiqi mədəniyyətinin inkişafı, xalq musiqisinin tədqiq və təbliğ edilərək yaşadılması istiqamətində gənc tədqiqatçılar üçün də nümunə olacaqdır.

Nazir çıxışının sonunda kitabın müəllifi Yaşar Xəlilovu təbrik etmiş və Naxçıvanda musiqi mədəniyyətinin inkişafına və yaşadılmasına göstərilən diqqət və qayğıya görə bütün tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək vurğulamışdır ki, bu gün təqdimatı keçirilən kitabın təhsil müəssisələrində dərs vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Kitabda mahnıların əksəriyyətinin tonallıqları və ölçüləri xor janrına uyğun olaraq sadələşdirilmişdir. Mahnıların bir çoxunun dördsəsli olmasına baxmayaraq, diapozona görə münasib olan nümunələrindən musiqi məktəblərində də istifadə etmək olar.

Yaşar Xəlilov sonda bugünkü təqdimat mərasiminin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir.

Tədbirin davamında təqdimatı keçirilən kitab kitabxana, konsert və təhsil müəssisələrinə hədiyyə edilmişdir.

Tədbir sonda Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi tərəfindən kitabda əks olunan a kapella janrındakı xalq mahnılarının səsləndirilməsi ilə yekunlaşmışdır.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.02.2020



      Fevralın 24-də Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən qədim tariximizi, mədəniyyətimizi əks etdirən xalçalar, toxuculuq nümunələri və alətləri, milli geyim nümunələri, mis və saxsı qablar və digər maddi mədəniyyət nümunələrdən ibarət 89 ədəd yeni eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, son illər sürətli yüksəliş dövrü yaşayan Naxçıvan Muxtar Respublikasında milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə lazımi diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində mədəniyyət sahəsində ardıcıl mühüm işlər aparılır, bir sıra muzeylər yaradılır, mövcud muzey binaları əsaslı şəkildə yenidən bərpa edilir. Həmçinin, muzeylərin fəaliyyətinin canlandırılması, bu mədəniyyət ocaqlarının ekspozisiyalarında Azərbaycan tarixinin əksini tapması, o cümlədən, muxtar respublikada olan tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni muzeylər muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulmuşdur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, bu muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Bütün bu tədbirlərin nəticəsidir ki, ildən-ilə muzeyləri ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, ötən il muxtar respublikanın muzeylərini 180 min nəfərə yaxın əcnəbi vətəndaş olan, ümumilikdə, 642 mindən çox tamaşaçı ziyarət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçirilir. Bundan başqa, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə seminar-treninqlər təşkil olunur, muzey fondları zənginləşdirilir.

Qeyd olunub ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, ötən il muzeylərimizə 2 min 348, bu ilin yanvar ayında isə 238 ədəd eksponat daxil olmuşdur. 2019-cu ildə 15, bu ilin ilk iki ayı ərzində isə 3 eksponat təqdimatı keçirilmiş, bu təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi-mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak etmişlər. Bu gün Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.

Nazir bildirib ki, bu günədək bir sıra istiqamətdə olan təqdimatlar keçirilmişdir. Bunların arasında maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimlərini qeyd etmək olar. Bu gün keçirilən təqdimat mərasimində də xalqımızın həyat tərzini, məişətini özündə yaşadan maddi-mədəniyyət nümunələri - xalça məmulatları, tariximizin müxtəlif dövrlərinə aid dekorativ-tətbiqi sənət və milli geyim nümunələri, eləcə də məişətdə istifadə edilən mis qablar Babək rayonunun Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Nehrəm kəndindəki Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin direktoru Akif Hacıyev tərəfindən muxtar respublikanın muzeylərində sərgilənməsi üçün təhvil verilir. Muzey eksponatlarının toplanması, muzeylərə təhvil verilməsi aksiyasına ilk dəfə qoşulan və əsl vətənpərvərlik nümunəsi göstərən Akif Hacıyev bu gün də 89 sayda yeni eksponatı muxtar respublikanın muzeylərinə təqdim edir. Təhvil verilən eksponatlar muzeylərimizin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verəcəkdir.

Nazir sonda muzey ekspozisiyalarının eksponatlarla zənginləşdirilməsi işində mütəmadi olaraq iştirak etdiyinə görə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi adından Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkürünü bildirib.

Sonra Akif Hacıyev çıxış edərək hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edib və bildirib ki, bundan sonra da bu təşəbbüsü davam etdirəcək.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov muzeyə təqdim olunun eksponatlar üçün öz minnətdarlığını bildirib.

Sonda muzeyə təqdim olunan eksponatlara baxış olub.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.02.2020



      Fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün tanınmış yazıçı Əyyub Abbasovun “Keçinin qisası” tamaşası göstərilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda bu qəbildən olan uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzindədir.

Azərbaycanlı yazıçısı Əyyub Abbasovun “Şəngülüm, Şüngülüm, Məngülüm” adlı nağılı əsasında hazırlanmış “Keçinin qisası” tamaşanın müəllifi də məhz yazıçının özüdür. Uşaqlar arasında məşhur və sevilən “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı haqqında çoxsaylı cizgi filmləri çəkilib, tamaşalar hazırlanmışdır. Tamaşada hadisələr Canavarın keçinin 3 balasını yeməsi və keçinin balalarını qurtarmaq üçün canavarla apardığı mübarizə üzərində qurulmuşdur. Tamaşanın əsas personajları Keçi, Canavar və Şəngülüm, Şüngülüm, Məngülümdür.

“Keçinin qisası” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Sehrli nağıllardan fərqli olaraq burada baş verən hadisələr həyat və məişət üzərində qurulub. Keçinin evdə olmamasını fürsət bilən canavar onun üç balasını yeyir ki, bu da nağıl-tamaşanın əsas mövzusudur. Keçinin Qurda qalib gəlməsi və tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

Bu maraqlı tamaşada Keçi, Şəngülüm, Şüngülüm, Məngülüm, Canavar, Dəmirçi, Qazı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Ləman Əhmədova, Vəsmə Quliyeva, Arzu Səfərov, Süleyman Süleymanov, Ulduz Süleymanova, İlham Babayev, İbad Nəbiyev və İlqar Babayev xarakterik və təbii canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədov, rejissor assistenti Ulduz Süleymanovadır.

“Keçinin qisası” tamaşası uşaq və məktəblilərə xoş əhval-ruhiyyə bəxş edib.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
22.02.2020



      21 fevral – Beynəlxalq Ana Dili Günü ilə bağlı ümumtəhsil məktəbləri ilə Cəlil Məmməd­quluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında “Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs keçilib.

Dərsdə ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə geniş məlumat verilərək şagirdlərin diqqətinə çatdırılıb ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparmışdır. Görkəmli dövlət xadimi 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında, 1995-ci ildə isə ilk milli Konstitusiyamızda ana dilimizin dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur.

Bildirilib ki, hazırda bu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamları və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Qeyd olunub ki, muxtar respublikamızda da dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir, ana dilimizin daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.

Vurğulanıb ki, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənc­lərə tövsiyə edilməsi onlarda mütaliə mədəniyyətinin formalaşmasına dəstək olmaqla yanaşı, dilimizin təbliğinə verilən qiymətdir. Dilimizin tarixinin öyrənilməsi, onun qorunub inkişaf etdirilməsi çərçivəsində Ali Məclis Sədrinin tapşırığı ilə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və digər kitabların nəşri dilimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olmaqla yanaşı, inkişafına da mühüm töhfədir.

İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
22.02.2020



      Fevralın 21-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Şərur Rayon Mədəniyyət Sarayında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvlərinin ifasında xalq və bəstəkar mahnıları, aşıq havaları, xalq rəqsləri tamaşaçılara təqdim olunub.

Mahnı və Rəqs Ansamblının üzvlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudovun, Məhərrəm Quliyevin, Habil Qasımovun, Bəhruz Quliyevin, Tural Bağırovun, Cəfər Tağıyevin, Ruhiyyə Hüseynovanın, rəqqaslar Türkanə Aydının, Haqverdi Əliyevin və Zəlihə Hüseynquliyevanın, həmçinin ansamblın rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur. Kollektiv fəaliyyətə başladığı gündən ciddi yaradıcılıq axtarışları nəticəsində repertuar zənginliyinə nail olub. Fəaliyyət göstərdiyi 60 ildən artıq bir dövrdə an­samblda istedadlı musiqiçilər – müğənnilər, rəqqaslar yetişib.

Muxtar respublikamızda musiqi sənətinin formalaşmasında ansamblın böyük xidmətləri olub. Bu gün böyük bir nəğməli kollektivi birləşdirən ansambl muxtar respublikanın mədəni həyatında fəal iştirak edir. Ansambl müxtəlif tədbirlərdə, bayram şənliklərində çıxışları ilə musiqisevərlərdə xoş ovqat yaradır. Tez-tez muxtar respublikanın rayon mərkəzlərində qastrolda olan ansambl öz zəngin repertuarı ilə milli musiqimizi və rəqslərimizi təbliğ edir.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.02.2020



      “Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. Məhz dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır, informasiya imkanları genişlənir.” Bu fikirlər fevral ayının 21-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirilən “Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tərəfindən səsləndirilib.

Nazir çıxışında qeyd edib ki, hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun ana dilidir. Hər il 21 fevralın dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunması da öz ana dilini yaşadan dünya xalqlarının dilə böyük ehtiramının ifadəsidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”.

Vurğulanıb ki, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan ana dilini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir” – deyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq Azərbaycan dilinin inkişafı istiqamətində məqsədyönlü iş aparmış, mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl dil siyasəti həyata keçirmişdir.

Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsinə zərurət yarandı. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparıldı, onun qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Və nəhayət, 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Həmçinin ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamlarına əsasən latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olundu. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının qəbul edilməsi dövlət-dil siyasətinin bütün parametrlər üzrə həyata keçirilməsinə şərait yaratmışdır. Həmçinin təhsil sahəsində dərsliklərin təkmilləşdirilməsi işi aktuallaşmış, ali məktəblərin texniki ixtisaslarının tədris planına “Nitq mədəniyyəti” fənni daxil edilmişdir.

Ölkə başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının daha bir nümunəsidir.

Muxtar respublikamızda da ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. İstər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitablar”ın siyahısının təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənclərə tövsiyə edilməsi həm də ana dilimizin təbliğinə verilən qiymət kimi dəyərləndirilməlidir. XI əsrdə qələmə alınmış “Qutadqu bilik” mənzum romanının muxtar respublikada nəşri də böyük mədəni-ictimai əhəmiyyət kəsb etməkdədir. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq, dilimizin tarixinin öyrənilməsi, onun qorunub inkişaf etdirilməsi çərçivəsində Ali Məclis Sədrinin tapşırığı ilə “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və bu kimi yüzlərlə kitabların Azərbaycan dilində nəşri eyni zamanda dilimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev çıxış edərək dilimizin qədimliyindən və zənginliyindən danışıb, ana dilimizi əsrlərin sınağından çıxaran, anadilli poeziyamızı yüksəklərə qaldıran şair və yazıçılarımızın yaradıcılığından bəhs edib. Bildirib ki, milli dəyərlərimizlə yanaşı ana dilimizin qorunması və inkişaf etdirilməsi bizim hər birimizin ən böyük vətəndaşlıq borcudur.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli çıxışında böyük ədəbi şəxsiyyətləri, görkəmli şair və yazıçılarının ana dilimizin saflığı uğrunda apardığı mübarizədən söhbət açıb, dilimizin gözəlliyini, zənginliyini və saflığını mühafizə etməyin vacibliyini vurğulayan maarifçi ziyalılarımızın fikirlərindən sitatlar gətirib.

Tədbirdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları Zakir Fətəliyev və Anar Eyvazov şairlərimizin Ana dili ilə bağlı şeirlərini bədii qiraət ediblər.

Sonda tədbir iştirakçıları “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş sərgi ilə tanış olublar.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.02.2020



      Yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Fevralın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Böyük demokrat yazıçı-Cəlil Məmmədquluzadə” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Aləmzər İbrahimova açaraq bildirmişdir ki, qüdrətli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadə Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlal uğrunda mübarizənin ön cərgəsində durmaqla bizim müasirimiz olmuş və bundan sonra da olacaqdır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadimin anadan olmasının 150 illiyi ilə bağlı imzalanan sərəncamda deyilir: “Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində Azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov “Cəlil Məmmmədquluzadə hekayələrində təlim-tərbiyə məsələləri” mövzusunda çıxış edərək Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı taixində görkəmli jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. Bir sıra kiçik hekayələrini, “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazmışdır.

NDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nəzakət İsmayılova “Cəlil Məmmmədquluzadə yaradıcılığında uşaq ədəbiyyatının təhlili” mövzusunda çıxış edərək bildirib ki, böyük ədib həm də gözəl psixoloq idi. Cəlil Məmmədquluzadənin uşaq psixologiyasını yaxşı bilməsi isə onun 10 illik müəllimlik təcrübəsindən irəli gəlirdi. O, təlimdə əyaniliyi vacib məsələ sayırdı. Çünki əyani vəsaitlə keçirilən dərsi uşaq bütün hiss üzvləri ilə qavrayır və dərk edir. Mirzə Cəlil xalqı başa salırdı ki, yeni üsullu məktəblərdə təlim ardıcıl, sistemli, yaxından-uzağa və möhkəm proqram əsasında keçirilir. “Molla Nəsrəddin” jurnalı yeni məktəblə köhnə məktəbləri qarşılaşdırır, onların əsaslı fərqini, dünyəvi elmlərin digər elmlərdən üstün olmasını, Günəşin Yer ətrafında deyil, Yerin Günəş ətrafında fırlanmasını, tədris edilən fənlərin dinə deyil, elmə əsaslanmasını, molla ilə pedaqoji təhsil görmüş müəllimlərin fərqini aydınlaşdırırdı.

Tədbirin bədii hissəsində muzey əməkdaşlarının ifasında “Molla Nəsrəddin” jurnalında çap olunmuş felyetonların bədii qiraəti olmuşdur.

Tədbir iştirakçıların muzey ekspozisiyası ilə tanışlığından sonra başa çatmışdır.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.02.2020



      Fevralın 20-də Naxçıvan Dövlət Filarmoniyasının konsert zalında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İslam əxlaqi dəyərlərinin təbliği” mövzusunda görüş keçirilib.

Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə keçirilən görüşdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov “İslam dinin tələbləri ilə eynilik təşkil edən adət-ənənələrimiz: İslam mədəniyyəti və qədim türk gələnəkləri konteksində” mövzusunda çıxış edib. Bildirilib ki, əxlaq mövzusu üzərində bütün dinlər dayanmışdır. Əslində bütün batil dinlərin qurucuları insanları əxlaqlı olmaları üçün tərbiyə ediblər. Amma əxlaq mövzusuna ən böyük qiyməti və yeri yenə də islam dini verib. Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplayıb. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə İslam gözəl həyat bəxş edər. Allah-Təala buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik”.

“Qədim türklərdə mövcud olmuş bir sıra adət-ənənələr sonrakı illərdə İslam mədəniyyəti ilə səsləşib”, - deyən Səyyar Məmmədov əlavə edib ki, əski türklərin həyat tərzindəki gələnəklərin böyük əksəriyyəti müxtəlif dövlətlər qurmuş mövcud türk xalqlarının adət-ənənələrində bu gün də yaşamaqdadır. Və bu adət-ənənələr əski çağlardan etibarən qədim türk boylarını İslam dininə yaxınlaşdırmışdır. İslam dinində göstərilən və müsəlmanlara hökm olaraq bildirilən qaydalar hələ İslam dini yaranmazdan əvvəl türk tayfalarında həyat tərzi kimi qəbul edilmişdi.

Vurğulanıb ki, yaşanmış hər hansı bir hadisənin Allah-Təalanın iradəsi çərçivəsində baş verməsinə inam türklərdə hələ İslamdan əvvəl mövcud olmuş inanclar sisteminin tərkib hissəsi idi. Yaxud toy mərasimlərində İslam mədəniyyətinə görə icrası vacib hesab edilən bəzi adətlər İslamdan çox-çox öncə türklərdə yerinə yetirilən gələnəklərdən olub. İslam mədəniyyətinin və dinin əsas tələblərindən olan insanpərvərlik, xeyirxahlıq, dürüstlük, sədaqət kimi keyfiyyətlər İslamı qəbul etməzdən əvvəl də türklərdə mövcud olmuş yüksən insani dəyərlərdən hesab edilib. Ölümdən sonrakı həyat və müqəddəs ruhla bağlı inanclar da İslam dini ilə türk törəsində eynilik təşkil edən inanclardandır.

Maraqla qarşılanan görüşdə tələbələrin sualları cavablandırılıb, ulu türk gələnəyi ilə İslam dəyərlərinin müqayisəli izahı verilib.

Qeyd edək ki, bu cür görüşlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.02.2020



      Dünən Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinin 6 əsas, 5 altbölmədən ibarət bayraqmuzeyi.nmr.az rəsmi internet saytı istifadəyə verilib. Saytın ana səhifəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamı, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı haqqındakı dəyərli fikirləri və muzeyin ekspozisiyasından görüntülər yer alır.

Saytın altbölmələrində izləyicilər muzey haqqında məlumatlarla, rəsmi sənədlərlə, Dövlət Bayrağı ilə bağlı yazılan məqalələrlə, keçirilən tədbirlərlə, muzeydə yerləşən bayraqlarla yaxından tanış olmaq imkanı əldə edirlər. “Virtual səyahət” bölməsi vasitəsilə dünyanın müxtəlif ölkələrindən muzeyi virtual olaraq gəzmək mümkündür. “Fotoqalereya” və “Videoqalereya” bölmələrində muzey və ekspozisiya haqqında foto­şəkil və videolar yerləşdirilib. “Əlaqə” bölməsində muzeyin ünvanı, e-mail adresi və telefon nömrəsi ilə bağlı məlumatlar var.

“Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən bu mədəniyyət müəssisəsinin də rəsmi internet saytı istifadəyə verilib.

Özünəməxsus dizaynı ilə seçilən portal 6 əsas və 8 altbölmədən ibarətdir. tarixmuzeyi.nmr.az elektron ünvanı ilə təqdim olunan saytın ana səhifəsində izləyicilər Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasından görüntülərlə tanış ola, bölmə və altbölmələrə keçid edə bilərlər. “Muzey haqqında” bölmə 4 altbölmədən ibarətdir. Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamı yerləşdirilib, muzey və ekspozisiya zalları barədə ətraflı məlumatlar öz əksini tapıb.

Portalın maraq cəlb edən bölmələrindən biri də “Elektron kitabxana”dır. Burada qədim diyarımızın tarixi və Naxçıvan Dövlət Tarix Muzeyi ilə bağlı çap olunmuş dəyərli kitabların, elmi mənbələrin elektron variantları yerləşdirilib. Saytın “Media bölməsi” tədbirlər, məqalələr, fotoqalereya və videoqalereya olmaqla, 4 altbölmədən ibarətdir. Bu bölmələrdə izləyicilər muzey haqqında müxtəlif multimedia materialları ilə tanış ola bilərlər. Burada muzeydə keçirilən tədbirlər, məqalələr, eyni zamanda muzey ekspozisiyasının fotoşəkil və videolarını da izləmək mümkündür. “Virtual səyahət” bölməsi isə Naxçıvan Dövlət Tarix Muzeyinə virtual səyahət imkanı yaradır. Buraya keçid etməklə dünyanın istənilən nöqtəsindən muzeyin ekspozisiyası ilə əyani tanış olmaq mümkündür. Saytda “Bizimlə əlaqə” bölməsi də yaradılıb ki, burada muzeyin ünvanı, əlaqə telefonları, elektron poçt ünvanı və sosial şəbəkə hesabları barədə məlumatlar yerləşdirilib.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.02.2020



      Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.

Ekskursiyanın təşkil olunmasında məqsəd Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə daxil olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdir.

Gənclərin gəzintiləri yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin Cəlil kənddə yerləşən Ev Muzeyindən başlanıb. Muzeyin bələdçisi gənclərə böyük ədibin həyat və yaradıcılığı, onun mütaliə etdiyi əsərlər və şəxsi kitabxanası haqqında məlumat verib. Sonra gənclər Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar. Yengicə Hamamı və Şərur rayonunda yerləşən İdman Kompleksi ilə tanış olan qonaqlar üçün çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, 20 nəfər əcnəbi tələbənin iştirak etdiyi ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının və Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.02.2020



      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika üzrə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin seçim turları yekunlaşıb.

Gənc istedadların axtarışı, onların üzə çıxarılması və peşəkar inkişafının istiqamətləndirilməsi, mədəni dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan milli musiqilərin, bədii əsərlərin yeniyetmə və gənc nəsil arasında təbliğinin təmin edilməsi, mədəniyyət müəssisələrinin yaradıcılıq fəaliyyətinin canlandırılması məqsədi ilə keçirilən müsabiqənin seçim turlarına muxtar respublikanın rayon (şəhər) mədəniyyət şöbələrinin tərkibində fəaliyyət göstərən 8 ansambl, 13 musiqi dərnəyi , 25 bədii-qiraətçi qatılıb.

Fevralın 12-də Naxçıvan Dövlət Uşaq Teatrında keçirilən birinci seçim turunda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 1 musiqi dərnəyi, 3 bədii qiraətçinin ifasında 7 nömrə, Babək Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 7 musiqi dərnəyi, 3 bədii qiraətçinin ifasında 14 nömrə, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 5 bədii qiraətçinin ifasında 7 nömrə, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 4 bədii qiraətçinin ifasında 6 nömrə səsləndirilib.

Fevral ayının 13-də müsabiqənin Şərur Rayon Mədəniyyət Sarayında təşkil olunan ikinci seçim turunda Şərur Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 2 musiqi dərnəyi, 2 bədii qiraətçi 14 nömrə ilə, Sədərək Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 1 musiqi dərnəyi isə 3 nömrə ilə çıxış edib.

Müsabiqənin sonuncu seçim turu fevralın 17-də Culfa Rayon Mədəniyyət Sarayında təşkil olunub. Bu turda Culfa Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl, 2 musiqi dərnəyi, 4 bədii qiraətçinin tərəfindən 10 nömrə, Ordubad Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən 1 ansambl və 4 bədii qiraətçi tərəfindən isə 6 nömrə səsləndirilib.

Keçirilən hər üç seçim turunun yekununa görə müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılıb və final turuna vəsiqə qazanan iştirakçılar müəyyənləşdirilib. Belə ki, rayon (şəhər) mədəniyyət şöbələrinin tərkibində fəaliyyət göstərən 8 ansambl, Şərur, Babək, Şahbuz və Ordubad rayon mədəniyyət şöbələri üzrə 6 bədii qiraətçi, Sədərək, Babək, Culfa və Şərur rayon mədəniyyət şöbələrinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən 8 musiqi dərnəyi final turuna vəsiqə qazanıb.

Diqqətinizə çatdıraq ki, müsabiqənin sonunda keçiriləcək yekun konsertdə “Ən yaxşı bədii qiraətçi”, “Ən yaxşı instrumental ifaçı”, “ Ən yaxşı xalq çalğı alətləri ifaçısı”, “Ən yaxşı solo oxuma ifaçısı”, “Ən yaxşı duet”, “Ən yaxşı ansambl”, “Ən yaxşı kollektiv” nominasiyaları üzrə qaliblər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin diplomları ilə fərqlənən iştirakçılar isə fəxri fərmanlarla təltif olunacaqlar.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.02.2020



      Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.

Ekskursiyanın təşkil olunmasında məqsəd Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəsissələrinə daxil olmuş əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etməkdir.

Gənclərin gəzintiləri yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin Cəlil kənddə yerləşən Ev Muzeyindən başlanıb. Muzeyin bələdçisi gənclərə böyük ədibin həyat və yaradıcılığı, onun mütaliə etdiyi əsərlər və şəxsi kitabxanası haqqında məlumat verib. Sonra gənclər Şərur Rayon Tarix Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olublar. Yengicə Hamamı və Şərur rayonunda yerləşən İdman Kompleksi ilə tanış olan qonaqlar üçün çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, 20 nəfər əcnəbi tələbənin iştirak etdiyi ekskursiya Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının və Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.02.2020



      AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanası Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə “Kitabxanalar və gənclik” mövzusunda konfrans keçirib.

Tədbiri kitabxananın direktoru Tamella Əsgərova açaraq ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün Naxçıvanda da uğurla həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu gün gənc­lərin kitabxanalara cəlb olunmasına, mütaliə mədəniyyətinin formalaşmasına, xidmət edən hər cür şəraitə malik zəngin ənənəvi və elektron kitabxanalar yaradılıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır.

AMEA Naxçıvan Bölməsinin Elmi kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək gənc nəsildə mütaliəyə marağın artırılması baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsidir ki, mütaliəyə maraq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

Sonra çıxışlar dinlənilib.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.02.2020



      Fevralı 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında Aybəniz Ağaqızının səhnələşdirdiyi “Qaraca qız” tamaşasını Babək rayonunda uşaq və məktəblilərə göstərmişdir.

“Qaraca qız” tamaşasında hadisələr əsərdə olduğu kimi cərəyan edir. Belə ki, zəlzələ zamanı valideynlərini itirən Tutunu Yasəmən adlı bir qaraçı övladlığa götürür. Hamı bu qıza “Qaraca” deyir. Lakin Yasəmən gənc bir qaraçı ilə qaçıb getdiyindən Qaraca Orucla qalmalı olur. Oruc onu küçələrdə oynadıb pul qazanır. Günün birində Qaraca bəy evinə düşür və onun qızı Ağca ilə dostluq edir. İlan çalan Ağcanın əlindən zəhəri sorub çıxardan Qaraca çox sevdiyi müdrik Piri babanın yanında ölür.

Tamaşada Qaraca qız rolunu gənc aktyor Ləman Əhmədova təqdim edir. Digər aktyorlar Ulduz Süleymanova (Yasəmən), Vəsmə Quliyeva (Ana), Əfqanə Ələsgərova (Ağca), Arzu Səfərov (Hüseynqulu bəy), İbad Nəbiyev (Rəhim bəy), İlqar Babayev (Səlim bəy), İlham Babayev (Yusif) və başqaları personajları peşəkarlıqla canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov maraqlı tamaşa yaratmağa nail olmuşdur. Quruluşçu rəssam Ədalət Quliyevin səhnə tərtibatı uğurludur. Tamaşanın bəstəkarı Əli Məmmədov isə tamaşanın ahəngini tutmağı bacarmışdır.

“Qaraca qız” tamaşası Babək rayonunda yaşayan uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.02.2020



      Həftə ərzində dərslərində fərqlənən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və hərbi xidmətdə yüksək nəticələr göstərən əsgərlər Heydər Əliyev Muzeyini, Cəmşid Naxçıvanski, Milli Dəyərlər, Dövlət Bayrağı, Naxçıvan Dövlət Tarix Muzeylərini, Hüseyn Cavidin Ev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərini ziyarət ediblər. Adı çəkilən mədəniyyət ocaqlarında bələdçilər tərəfindən zəngin tariximizi, mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında ziyarətçilərə ətraflı məlumat verilib.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.02.2020



      Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” birgə layihə kimi artıq ikinci ildir, keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliə və nitq mədəniyyətinin formalaşdırılması, onların özünü cəmiyyətdə müstəqil şəkildə düzgün ifadə etmələri, “Oxunması zəruri olan kitabların Siyahısı”nda olan əsərlərin, Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının məktəblilər arasında təbliği, yetişməkdə olan nəslin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması olub.

Nazir vurğulayıb ki, 3 mərhələdə keçirilən müsabiqədə 127 məktəb üzrə 900-ə yaxın şagird iştirak edib. Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Şagirdlərin hazırladıqları səhnələrin tərtibatı, bəhs olunan dövrlə səsləşən geyim və aksesuarlardan istifadə etmələri, əsərlərin mahiyyəti və ideyasını tamaşaçıya çatdıra bilmələri, dialoq və kompozisiyaları canlı ifa etmələri onu deməyə əsas verir ki, müsabiqə yüksək səviyyədə təşkil edilib.

Diqqətə çatdırılıb ki, bu gün məktəblərdə yaradılan laboratoriyalar şagirdlərin tədqiqatlar aparmasına, yeni informasiya texnologiyalarından istifadə etmələrinə geniş imkanlar açır. Belə əlverişli şəraitdən səmərəli istifadə etmək məqsədilə fənn müəllimləri laborator təlimlərə, 50-dən çox şagird isə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində tədqiqatlara cəlb ediliblər. Görülən işlərin və göstərilən dövlət qayğısının nəticəsidir ki, muxtar respublika məktəbliləri ilk dəfə olaraq “Sabahın alimləri” IX Respublika müsabiqəsinə qatılıblar. 11-13 fevral tarixlərdə Bakı şəhərində keçirilən həmin müsabiqədə Azərbaycan üzrə 187 layihə içərisində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Siyavuş Bağırov və Araz Qulusoy hazırladıqları layihə ilə III yerə layiq görülüblər.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, son illər muxtar respublikanın yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələrində dram dərnəklərinin yaradılması və təhsil müəssisələrinin buna qoşulması, buradakı canlanma, təhsil və mədəniyyət ocaqlarında teatr sənətinə olan marağın artması sevindirici haldır. Həmin dram dərnəkləri muxtar respublikadakı mövcud xalq teatrları üçün əsaslı baza rolunu oynamaqdadır. İstedadlı yeniyetmə və gənclərin aşkar edilməsi ilə xalq teatrlarının, gələcəkdə isə professional teatrın inkişafına xidmət deməkdir.

Nazir vurğulayıb ki, V-Xl sinif şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi” şagirdlərin estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, nəhayət, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə olacaqdır.

Müsabiqənin seçim mərhələlərində münsiflər heyətinin üzvü kimi iştirak edən Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxışında deyib ki, belə tədbirlərin təşkili şagirdlərdə ədəbiyyata, xüsusən də dram əsərlərinə marağın oyanmasına səbəb olur.

Qeyd edək ki, “Məktəblilərin dram müsabiqəsi”ndə Şahbuz rayon Yuxarı Qışlaq kənd tam orta məktəbinin hazırladığı “Kitabi-Dədə Qorqud” dastanı və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi Moris Meterlinkin “Göy quş” əsəri ilə III, Culfa rayon Əbrəqunus kənd tam orta məktəbi təqdim etdiyi Səməd Vurğunun “Vaqif” dramı ilə II yerlərə layiq görülüblər. Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzinin kollektivi isə Moris Meterlinkin “Göy quş” əsəri ilə I yerin qalibi olub. Qaliblər təşkilatçılar tərəfindən diplom və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar.

Tədbirdə, eyni zamanda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin iştirakçıları və qalibləri, onların elmi rəhbərləri, Moskvada keçirilən məktəblilərin “Elmə start” VIII Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsində iştirak edən, “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihə ilə diploma layiq görülən Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədova, onun elmi rəhbəri Fizzə Məmmədova Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılıblar.

Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilib və müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnələrə baxılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.02.2020



      Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konserti olub.

Qeyd edək ki, filarmoniyada Muğam studiyası uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər. Muğam studiyasına İlqar Hüseynov rəhbərlik edir. Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığını və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Xalqımızın yaratdığı bu sənət nümunəsi zənginliyi, ucalığı, kamilliyi, müdrikliyi, hikməti, əbədiyaşarlığı ilə insanı düşündürür. Təsadüfi deyil ki, 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına salınmışdır.

Konsertdə əvvəlcə Muğam tudiyasının ifasında “Turacı” rəqsi səsləndirilib.

İstedadlı müğənni Məhərrəm Quliyevin ifasında “Şur” təsnifləri və xalq mahnısı “Aman təklik əlindən” səsləndirildikdən sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova “Bayatı-qacar” və “Dilkeş” təsnifllərini ifa etmişdir.

İstedadlı müğənni Bəhruz Quliyevin ifa etdiyi xalq mahnısı “Duy-duy” və Nərmin Hüseynovanın səsləndirdiyi “Segah” təsnifləri alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin ifasında “Zəbul” təsnifləri də konsertə xoş əhval-ruhiyyə gətirmişdir.

Konsertdə xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səslənmiş və tamaşaçılarda xoş ovqat yaratmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının bir saatdan artıq davam edən konserti rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
15.02.2020



      Fevralın 13-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik 24 sayda əlyazma və kitab AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın və Orta Şərqin orta və sonrakı yüzilliklərdəki ictimai-siyasi vəziyyətini, eləcə də elmi-mədəni mühitini öyrənmək baxımından qiymətli mənbələrdir. Bu zəngin və əhatəli kitab xəzinəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə, bəşər sivilizasiyasının və dünya tarixinin araşdırılmasında olduqca etibarlı mənbələr hesab olunurlar.

Akademik diqqətə çatdırıb ki, bu cür nadir əşyalar, kitab və əlyazmalar elm və mədəniyyət müəssisələrinə təqdim olunmalıdır ki, lazımınca araşdırılıb təbliğ edilsin. Xalqımızın qədim və zəngin tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri bu müəssisələrdə həm lazımi şəkildə qorunur, həm də məxsus olduğu dövr haqqında əlavə məlumatlar verir.

“Bu sahədə həyata keçirilən əsaslı tədbirlər arasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qədim əlyazma və kitabların AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna təqdim edilməsi mühüm yer tutur” - deyən İsmayıl Hacıyev vurğulayıb ki, bundan sonra da muxar respublikanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq davam etdiriləcəkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki, tarixin müxtəlif dövrlərində əlyazma və kitab şəklində yazıya alınmış qədim kitab nümunələri xalqımızın milli mədəniyyətini və qədim keçmişini, eləcə də dərin bilik və mədəni qabiliyyətini özündə ehtiva etməkdədir. Dəyərli mənbələr olan əlyazma və kitab nümunələrinin elmi əsaslarla tədqiqi qədim tariximiz və zəngin mədəniyyətimiz haqqında tarixi gerçəklikləri ortaya çıxarmaqdadır. Qədim əlyazma və kitabların əksəriyyəti ərəb əlifbası ilə yazıya alındığından belə kitab və əlyazmaların toplanması, tədqiqi, öyrənilməsi və nəşrə hazırlanması mütəxəssis işi tələb edir.

Nazir diqqətə çatdırıb ki, tarixi və mədəni əhəmiyyət kəsb edən eksponatların, həmçinin qədim əlyazma və kitab nümunələrinin profil istiqamətləri üzrə muzeylərə və elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən yüksək diqqət və qayğının əməli nəticəsi kimi dəyərləndirilməlidir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərə bu ilin yanvar ayında 238 ədəd yeni eksponat daxil olmuşdur. İstər muzeylərimizə, istərsə də AMEA Naxçıvan Bölməsinin müvafiq elmi-tədqiqat müəssisələrinə hədiyyə edilən hər bir eksponat, eləcə də qədim əlyazma və kitab qədim diyarımızın tarixinin, burada mövcud olmuş zəngin mədəniyyətimizin elmi şəkildə və əhatəli formada öyrənilməsində, eyni zamanda, təbliğində böyük rola malikdir.

Natəvan Qədimova çıxışının sonunda Naxçıvan Muxtar Respublikasında mədəniyyətin, tarixin öyrənilməsinə və bu sahələrdə elmi əsaslarla əhatəli tədqiqatların aparılmasına göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın Mədəniyyət Nazirliyi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov təqdim olunan kitablar haqqında ətraflı məlumat verərək bildirib ki, hədiyyə edilən qədim kitab və dərsliklər əski əlifba ilə Azərbaycan dilində həmçinin ərəb və fars dillərindədir. Bu kitablar arasında XX əsrin əvvəllərində nəşr edilmiş və dünya ədəbiyyatından tərcümə olunmuş nümunələr də yer alır.

Fərman Xəlilov vurğulayıb ki, qədim əlyazma və kitabları tədqiq etmək, bu dəyərli əsərləri mühafizə edib gələcək nəsillərə çatdırmaq xalqımızın tarixinin və keçmişinin gələcəyə çatdırılması deməkdir.

Sonda AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020



      Fevralın 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən mədəniyyət evində Kəngərli rayonunda fəaliyyət göstərən müəssisələrdə çalışan gənclər arasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin yaradıcı gənclərlə iş üzrə aparıcı məsləhətçisi İlkin Cabbarov bildirib ki, gənc nəsildə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəssiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkə ictimaiyyəti, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Siyahıda adları qeyd edilən kitablar yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişə, milli kökə bağlılığına və siyasi dünyagörüşünün artırılmasına, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.

Sonra “Kitabi-Dədə Qorqud dastanında etnik-psixoloji xüsusiyyətlərin inikası” mövzusunda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva, “Kitabi-Dədə Qorqud milli tariximizin keçmişi” mövzusunda Xurşud Budaqova, “Kitabi-Dədə Qorqud dastanı xalqımızın söz abidəsidir” mövzusunda Kəngərli Rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşı Miralməmməd Seyidov, “Kitabi-Dədə Qorqud dastanında xalqımızın qəhrəmanlıq eposu” mövzusunda Qıvraq Qəsəbə Kitabxana Filialının müdiri Gülnarə Abbasova, “Kitabi-Dədə Qorqud dastanı tarixi aynamızdır” mövzusunda Çalxanqala Kənd Kitabxana Filialının müdiri Ruhin Əhmədov çıxış etmişlər.

Qeyd olunub ki, qədim Oğuz dastanı olan “Kitabi-Dədə Qorqud” ümumtürk mədəniyyətinin, o cümlədən Azərbaycan tarixi və folklorunun, dilimizin və mənəviyyatımızın şah əsəridir. Müstəqillik qazanmış Azərbaycanımızda milli tarixi özünüdərketmənin, soy-kökə qayıdışın dərinləşməsində “Kitabi-Dədə Qorqud” dastanının oyada biləcəyi təsiri əvəz edən ikinci bir yazılı və ya şifahi ədəbi abidə tapmaq mümkün deyildir. Bu mənada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqındakı 20 aprel 1997-ci il tarixli Fərmanı xalqımızın milli özünüdərkə, müstəqillik və millilik düşüncəsinə qəti dönüşün təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, respublika prezidentinin “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi sahəsində açdığı yeni üfüq olmaqla bərabər, həm də xalqımızın təşəkkülü tarixinin yenidən, obyektiv şəkildə tədqiq edilməsinə, müəyyən olunmasına, məmləkətimizin və millətimizin dünyada tanıdılmasına da göstərdiyi yüksək dövlət qayğısının bariz ifadəsidir. “Dədə Qorqud” dastanı bizi həm ən qədim tariximizə, əsl-kökümüzə qayıdışda, həm də müstəqil bir dövlət və millət kimi XXI əsrə aparmaqda əvəzsiz bələdçidir. Ata kitabımızın yenidən və daha dərindən, həm də milli mövqedən araşdırılması ulu keçmişimizdən bu günə və sabaha doğru olan bütün yolların güzgüdəki kimi gerçək şəkildə aşkar edilməsi, əks etdirilməsi deməkdir.

Tədbirdə mövzunun müzakirəsi ilə bağlı gənclərin fikirləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin yekununda “Oxunması zəruri olan kitablar”dan təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020



      Fevralın 13-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin əməkdaşlarının, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvlərinin və sənətkarın ailə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açıb. O bildirib ki, muxtar respublikada rəssamlıq sənətinə xüsusi diqqət və qayğı göstərilir. Rəsm festivallarının keçirilməsi, sərgilərinin təşkili və istedadlı rəssamların əməyinin dövlətimiz tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafına böyük töhfələr verir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən də bu sahədə işlər həyata keçirilir, muxtar respublikada yaşayıb yaratmış və rəssamlıq sənətində özünəməxsus iz buraxmış dəyərli rəssamların yaradıcılığına həsr olunan tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də bu gün təşkil olunub və Naxçıvan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi olan Babək Abuzərlinin həyat və yaradıcılığına həsr edilib.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bildirilib ki, Babək Abuzərli 1944-cü ildə mart ayının 23-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1961-ci ildə Ə.Əzimzadə adına Bakı rəssamlıq texnikumuna qəbul olunan rəssam təhsilini başa vurduqdan sonra Naxçıvan şəhərinə qayıdıb, 1970-ci ildə SSRİ Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar Birliyinin üzvü olub. İstedadlı rəssamın müxtəlif dövrlərdə Ulduz jurnalında “Leyla”, Ədəbiyyat və İncəsənət qəzetində “Bağda”, “Qızlar bulağı”, Bakı qəzetində “Tarladan qayıdırlar” əsərlərinin fotosu dərc edilib. Sənətkar həm də Əbdürrəhim Bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin tərtibatçı rəssamı olub.

1985-ci ildə Naxçıvan rəssamlarının Moskva şəhərində keçirilən sərgisində Babək Abuzərlinin də əsərləri nümayiş etdirilib. 1995-ci ildə İran İslam Respublikasının Urmiya, Xoy, Mehabatan şəhərlərində keçirilmiş sərgidə rəssamın “Araz”, “Yanan ağaclar”, “Qış”, “Natürmort” və digər əsərləri sərgilənib.

Babək Abuzərli 1989-cu ildən 2000-ci ilədək Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsində çalışıb və dövlət səviyyəli bütün tədbirlərdə fəal iştirak edib.

Hökümə Məmmədli qeyd edib ki, 30 yanvar 2000-ci ildə Naxçıvan şəhərində vəfat edən rəssamın hazırda 13 ədəd rəsm əsəri Naxçıvan Dövlət Rəsm Qalereyasında mühafizə olunur.

Sonra rəssamın həyat yoldaşı Azadə Abuzərli və yaxınları çıxış edərək sənətkarla bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Tədbirdə Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Cavid İsmayılov və Həmzə Sadiqov çıxış edərək Babək Abuzərlinin özünəməxsus yaradıcılıq yolundan, fərqli təxəyyülündən və təsvir etdiyi bənzərsiz rəsm əsərlərindən söhbət açıblar.

Rəssamın əsərlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020



      Fevral ayının 11-i, 12-i və 13-ü tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Nazirliyin sisteminə daxil olan müəssisələrdə kadr və kargüzarlıq işinin düzgün təşkili ilə bağlı 3 günlük seminar keçirilib. Seminarda Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və kadr işi üzrə mütəxəssislər iştirak edib.

Seminarda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Kamandar Ələkbərov “Kargüzarlığın aparılması və sənədlərlə iş” mövzusunda çıxış edərək bildirib ki, dövlətimiz tərəfindən kadr və kargüzarlıq işinin təşkili məsələsi daim diqqət mərkəzində saxlanılır, muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatların bu sahədə apardığı işlərin düzgün təşkili üçün mütəmadi olaraq seminarlar keçirilir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-ci il üçün iş planına əsasən təşkil olunan bu seminarın əsas məqsədi də Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlarda kadr və kargüzarlıq işinin vəziyyətinin yaxşılaşdırılmasıdır.

Qeyd olunmuşdur ki, sənədlərin qəbulu, göndərilməsi, icra edilməsi, icraçıya çatdırılması, icraya nəzarət, daxil olan sənədlərin qeydə alınması, sənədlərin, məktubların hazırlanması və tərtibi, əmrlərin hazırlanması zamanı kargüzarlıq işinin qaydalarına riayət edilməlidir.

Çıxışda bu işlərin ümumi qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Vurğulanıb ki, Nazirliyin nəzdində fəaliyyət göstərən müəssisələrdə kadr və kargüzarlıq işinin düzgün təşkil edilməsi məsələləri əsas məqsəd kimi qarşıya qoyulmalı, kargüzarlıq və sənədləşmə işi mövcud qanunvericiliyin tələblərinə uyğun səviyyədə qurulmalı, əmək qanunvericiliyinə və müvafiq təlimatın tələblərinə ciddi əməl olunmalı, işçilərin şəxsi işində olan sənədlər tam və səliqəli yığılmalı, kadr anket və tərcümeyi halları, əmək müqavilələri və əmək kitabçaları düzgün şəkildə yazılmalıdır.

Seminarda Nazirliyin sisteminə daxil olan müəssisələrdə aparılan yoxlamalar zamanı müşahidə olunan vəziyyət təhlil olunub, çatışmazlıqların aradan qaldırılması sahəsində qarşıda duran vəzifələrdən bəhs edilib.

Seminarın davamında kargüzarlıq işinin aparılması qaydası izah edilib. Şəxsi işlərin tərtib edilmə qaydalarından və şəxsi işdə toplanmalı olan sənədlərdən bəhs olunub. Əmək münasibətlərinin tənzimlənməsi qaydasından və əmək müqaviləsi üzrə elektron informasiya sistemindən istifadə haqqında ətraflı məlumat verilib.

Seminarda sənədlərin işlənməsi qaydaları müvafiq slaydlar vasitəsilə əyani nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmış və onlara Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış metodiki tövsiyələr təqdim edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020



      Fevralın 12-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində “Tariximizi əks etdirən materialların qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirakı ilə keçirilən seminar-treninqi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq muxtar respublikada tariximizi əks etdirən materialların qorunması və təbliği işində muzeylərin rolundan danışmışdır. Qeyd olunmuşdur ki, zəngin mədəniyyət ocaqları olan muzeylər xalqımızın keçmiş yaşayış tərzini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürərək mədəni irsimizin qorunması və təbliğində əvəzsiz rol oynayır.

Qumral Əsədova diqqətə çatdırmışdır ki, ölkəmizdə muzeylər şəbəkəsinin formalaşdırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin rəhbərliyi illərində muzey işi ilə bağlı mühim tədbirlər həyata keçirilmiş, muzey sahəsində dövlət siyasətinin əsas prinsipləri, dövlətin vəzifələri, muzeylərin hüquqları və muzey fondları ilə bağlı məsələlər müəyyənləşdirilmiş, muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsasları tənzimlənmişdir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli Sərəncamı muzey sahəsinin inkişafına böyük töhfələr verir.

Muxtar respublikamızda da muzey işi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muzeylərin yaradılması və inkişafına xüsusi qayğı ilə yanaşır. Həyata keçirilən tədbirlər nəticəsində maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə maraq günü-gündən artır, yaradılan şərait tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli təbliğinə geniş imkanlar açır.

Tədbirin davamında Xatirə Muzeyinin direktor əvəzi Leyla Məmmədova və Bəhruz Kəngərli Muzeyinin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmovanın mövzu ətrafında çıxışları dinlənilib. Çıxışlarda qədim və zəngin tariximizi əks etdirən materialların muzeylərə gələn qonaqlarda yaratdığı təəssüratdan bəhs olunmuş, milli dəyərlərimiz və mədəni irsimizlə bağlı gənclərdə dərin biliklər formalaşmasına muzeylərin göstərdiyi təsirdən söhbət açılmışdır.

Mövzu ilə bağlı müzakirələr aparıldıqdan sonra muzeyin ekspozisiyasına baxış olmuş və tədbir iştirakçılarının sualları ətraflı şəkildə cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.02.2020



      Fevralı 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında Aybəniz Ağaqızının səhnələşdirdiyi “Qaraca qız” tamaşasını Culfa rayonunda uşaq və məktəblilərə göstərmişdir.

“Qaraca qız” tamaşasında hadisələr əsərdə olduğu kimi cərəyan edir. Belə ki, zəlzələ zamanı valideynlərini itirən Tutunu Yasəmən adlı bir qaraçı övladlığa götürür. Hamı bu qıza “Qaraca” deyir. Lakin Yasəmən gənc bir qaraçı ilə qaçıb getdiyindən Qaraca Orucla qalmalı olur. Oruc onu küçələrdə oynadıb pul qazanır. Günün birində Qaraca bəy evinə düşür və onun qızı Ağca ilə dostluq edir. İlan çalan Ağcanın əlindən zəhəri sorub çıxardan Qaraca çox sevdiyi müdrik Piri babanın yanında ölür.

Tamaşada Qaraca qız rolunu gənc aktyor Ləman Əhmədova canlı və təbii təqdim edir. Digər aktyorlar Ulduz Süleymanova (Yasəmən), Vəsmə Quliyeva (Ana), Əfqanə Ələsgərova (Ağca), Arzu Səfərov (Hüseynqulu bəy), İbad Nəbiyev (Rəhim bəy), İlqar Babayev (Səlim bəy), İlham Babayev (Yusif) və başqaları personajları peşəkarlıqla canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov maraqlı tamaşa yaratmağa nail olmuşdur. Quruluşçu rəssam Ədalət Quliyevin səhnə tərtibatı uğurludur. Tamaşanın bəstəkarı Əli Məmmədov isə tamaşanın ahəngini tutmağı bacarmışdır.

“Qaraca qız” tamaşası Culfa rayonunda yaşayan uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.02.2020



      Fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün müxtəlif ixtisaslar üzrə ustad dərsləri keçirilib.

Dərslər başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin təhsil müəssisləri ilə iş üzrə baş məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək qeyd edib ki, ustad dərslərin keçirilməsində əsas məqsəd tədrisin səviyyəsinin yüksəldilməsi, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi və onlarda ixtisaslarına olan marağın daha da artırılmasından ibarətdir.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Dünyamalı Abdullayev, fortepiano ixtisası üzrə Aynur Rəcəbova, kamança ixtisası üzrə Məmməd Xəlilov, skripka ixtisası üzrə Ceyhun Süleymanov və qarmon ixtisası üzrə Elşən İsmayılov ustad dərs keçiblər.

Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Dünyamalı Abdullayev ustad dərsdə bildirib ki, tar Azərbaycan xalqının qədim musiqi alətidir. Müəllim tədris prosesində tar musiqi alətində çalmağı öyrədərkən şagirdə təcrübə vərdişlərini də aşılamalı, fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmalıdır. Müəllim tar tədrisinin metodikasını dərindən bilməlidir.

Fortepiano ixtisası üzrə ustad dərsi aparan Aynurə Rəcəbova bildirib ki, tədris prosesində əsərlərin ifası zamanı intonasiya, fikir, obraz, dramaturgiya və başqa bədii ifadə vasitələrini düzgün yerinə yetirmək lazımdır. Pianoçular həm də ifa etdikləri janrlara, üslublara bələd olmalıdırlar.

Kamança ixtisası üzrə ustad dərsində Məmməd Xəlilov bu qədim musiqi alətimiz haqqında geniş məlumat verərək onun yaradıcılıq imkanlarını izah etdikdən sonra kamançada ifa olunan əsərlər haqqında şagirdləri məlumatlandırıb. Qeyd edilib ki, bir sıra milli musiqi alətləri kimi kamançada da şagirdə təcrübə vərdişləri aşılamaq və onlara fərdi mövqedən yanaşmaq lazımdır.

Skripka ixtisası üzrə ustad dərsi keçən Ceyhun Süleymanov isə bildirmişdir ki, bu dərslərin tədrisi zamanı şagirdlərin kollektiv və ya fərdi ifaya üstünlük vermələri də nəzərə alınmalıdır. Skripka ifası zamanı ifa olunan əsərlər qarşısında qoyulan tapşırıq və tələblər dəqiqliklə yerinə yetirilməlidir. Şagird əsərləri forma, üslub, faktura və ifaçılıq baxımından təhlil etməyi bacarmalı, notu üzdən oxuma səviyyəsi tələb olunan vəziyyətdə olmalıdır.

Qarmon ixtisası üzrə ustad dərsi keçən Elşən İsmayılov bildirmişdir ki, bu dərslərin tədrisi zamanı şagirdlərin kollektiv və ya fərdi ifaya üstünlük vermələri də nəzərə alınmalıdır. Dərsdə bu musiqi alətində ifa olunan milli musiqi janrlarının xüsusiyyətləri də geniş izah edilmişdir.

Dərsi aparan mütəxəssislər qeyd ediblər ki, müəllim tədris prosesində şagirdlərə yalnız elmi bilikləri deyil, təcrübə vərdişlərini də aşılamalıdır. Ustad dərsi keçənlər müəllimlərə uşaqların dünyagörüşünün formalaşması üçün onlara fərdi yanaşmağı da tövsiyə ediblər.

Ustad dərs başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.02.2020



      Fevralın 11-də Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinin yekun tədbiri keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, son illər sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə tərəqqiyə qovuşan Naxçıvan Muxtar Respublikasında mədəniyyətin bütün sahələrinin inkişafına böyük diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsində əldə olunan nailiyyətlər bu sahədə çalışan insanları daha böyük uğurlar qazanmağa sövq edir. Muxtar respublikada keçirilən mədəni tədbirlər, təşkil edilən festival və müsabiqələr xüsusilə gənc nəslin mədəni tərbiyəsində, onların yaradıcılıq qabiliyyətlərinin aşkar olunmasında və istiqamətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

“Sevindirici haldır ki, son illər qədim diyarımızda gənclərin incəsənətin müxtəlif sahələrinə marağı gün-gündən artmaqdadır. Bu isə, öz növbəsində, gənc nəsildə yaradıcı düşüncənin formalaşmasına səbəb olur. Bugünkü tədbir də gənclərin yaradıcılıq potensialını nümayiş etdirən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi”nin yekununa həsr olunmuşdur”,-deyən nazir diqqətə çatdırıb ki, ötən il noyabr ayının 15-dən elan olunan “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi” Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilmişdir. Bu yaradıcılıq müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc istedadların axtarışı və onların üzə çıxarılması, aşkar edilmiş istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, qədim Naxçıvan diyarının görkəmli şəxsiyyətlərinin, xalqımızın milli-mənəvi və ümumbəşəri dəyərlərinin, adət-ənənələrinin, həmçinin müstəqillik illərində muxtar respublikanın inkişafının, müasir tərəqqisinin təbliğindən ibarət olmuşdur. Müsabiqə müddəti müsabiqənin Təşkilat Komitəsi tərəfindən videomaterial təqdim etmək istəyən müəlliflər üçün sosial çarxın və qısa filmin hazırlanması mövzusunda seminarlar təşkil edilmiş, bu istiqamətdə geniş maarifləndirmə işi aparılmışdır.

Nazir qeyd edib ki, müsabiqəyə təqdim edilmiş sosial çarx və ya qısa filmlərə əvvəlcədən müəyyənləşdirilmiş münsiflər heyəti tərəfindən iki mərhələdə olmaqla baxış keçirilmiş və 10 ballıq sistem üzrə qiymətləndirmə aparılmışdır. Qiymətləndirmə zamanı təqdim edilən sosial çarx və ya qısa filmlərin bədii səviyyəsi və keyfiyyəti, təqdim olunan mövzulara görə faktların dəqiqliyi, ideyanın orijinallığı, həsr olunan mövzunun təqdimatı və onun açılması, müəllif mətninin Azərbaycan ədəbi dilinin normalarına uyğunluğu, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması və həsr olunmuş mövzuya uyğun nəticəli final kimi meyarlar əsas götürülmüşdür.

İki mərhələdən ibarət olan müsabiqənin şərtlərinə görə, müsabiqəyə təqdim ediləcək sosial çarxlar və ya qısa filmlər Naxçıvan diyarının yetişdirdiyi tarixi şəxsiyyətlərin, sənətkarların həyatı və onların yaradıcılığına, xalq yaradıcılığına, milli musiqimizin, eləcə də cəmiyyət və din mövzusunun tolerantlıq amili əsasında təbliğinə, müasir Naxçıvanın inkişafına, Vətənə məhəbbət mövzusunun müxtəlif aspektlərdə təqdiminə həsr olunmuşdur. Müsabiqədə 18-35 yaşları arasında həvəskar müəlliflər iştirak etmiş, 13 müəllif tərəfindən 17 sayda sosial çarx və ya qısa film təqdim olunmuşdur. Xronometrajı 15 dəqiqədən çox olmayan və 2019-2020-ci illərdə istehsal edilən bu videomateriallar heç yerdə yayımlanmamışdır.

Müsabiqənin keçirilməsi həvəskar və peşəkar müəlliflər arasında elan olunmuşdur. Lakin, Münsiflər heyətinin təklifi nəzərə alınaraq qaliblər həfəskar nominasiya üzrə I, II və III yerlər olmaqla, I yer üzrə bir, II və III yerlərin hər biri üzrə isə iki olmaqla müəyyənləşdirilmişdir.

“Sosial çarx və qısa filmlər müsabiqəsi istedadlı gənclərin aşkar edilməsində və onların yaradıcılıq potensialının inkişafında əhəmiyyətli rol oynayacaqdır”,- deyən Natəvan Qədimova çıxışının sonunda qalibləri təbrik edib, müsabiqənin bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək qeyd edib ki, muxtar respublikamızda milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan, geniş dünyagörüşlü, təhsilli və intellektli gənc nəsilin yetişdirilməsi, onların cəmiyyətin bütün sferalarında təmsil olunmalarına şəraitin yaradılması qarşıda duran əsas vəzifədir. Muxtar respublikada bu sahədə ardıcıl tədbirlər görülür, müasir gəncliyin inkişafı üçün hərtərəfli şərait yaradılır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsi də bu istiqamətdə görülən işlərin səmərəliliyini artırmağa xidmət edir.

Gənclərin aktivliyinin artırılması və onların yaradıcılıq fəaliyyətlərinə cəlb edilməsi məqsədilə bu cür tədbirlərin davamlı olaraq təşkil olunacağını diqqətə çatdıran Cəbi Quliyev çıxışının sonunda müsabiqə iştirakçılarına, Təşkilat Komitəsinə və Münsiflər Heyətinə təşəkkür edib, qalib müəllifləri təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.

Sonra müsabiqə qaliblərinin təltifetmə mərasimi başlayıb. Quliyev Asim Hidayət oğlu (“Sevgi dünyanı xilas edəcək” filmi) I yer, Nağıyev Nail Zahir oğlu (“Hara gedir sabahımız” filmi) və Əliyev Tural Haxverdi oğlu (“Qəhrəman olmaq istəyirəm” filmi) II yer, İbadov Kamal Müşfiq oğlu (“İlğım” filmi) və Cəfərli Əzim Elşən oğlu (“Dünyanı sevgi xilas edəcək” filmi) III yerə layiq görülərək müsabiqəni keçirən təşkilatların diplomları və pul mükafatı ilə təltif ediliblər. Müsabiqədə fərqlənən Məmmədli Kamil Rahib oğlu (“Sabahın da sabahı var” filmi) və Əliyeva Südabə Hüseyn qızı (“Memar Əcəmi irsi” filmi) isə fəxri fərmanla təltif edilib.

Tədbirdə qalib sosial çarx və qısa filmlər - “Sevgi dünyanı xilas edəcək”, “Hara gedir sabahımız”, “Qəhrəman olmaq istəyirəm”, “İlğım”, “Dünyanı sevgi xilas edəcək...” nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.02.2020



      Bu gün Bəhruz Kəngərli Muzeyində XX əsr Azərbaycan təsviri sənətinin inkişafında müstəsna xidmətləri olan Bəhruz Kəngərlinin anım gününə həsr olunmuş “Əbədiyyət qazanan rəssam” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq görkəmli rəssamın həyat və yaradıcılığından danışıb. Bildirilib ki, istedadlı rəssam cəmi 30 il ömür sürməsinə baxmayaraq, dəyərli rəsm əsərləri ilə zəngin irs yarada bilmişdir. Onun portret və mənzərə janrında yaratdığı əsərləri yüksək bədii sənətkarlıqdan xəbər verir. Qeyd olunub ki, realist dəzgah boyakarlığının təşəkkülü, mənzərə janrının müstəqil janra çevirilməsi, ilk sərginin açılması, ilk avtoportret janrında çəkilmiş əsər, Naxçıvanda teatr sənətinin inkişafı Bəhruz Kəngərlinin adı ilə bağlıdır. Məhz buna görədir ki, əbədiyyət qazanan rəssamın yaradıcılığı Azərbaycan incəsənəti tarixində yeni bir hadisə kimi qiymətləndirilir. Qəlbi vətən eşqi ilə dolu olan rəssam dövrünün ictimai-siyasi həqiqətlərini əks etdirməklə yurdunun ağrı-acılarını qabardıb, bununla da əsl milli ruhlu sənətkar olduğunu sübuta yetirib. Muzeyin direktoru vurğulayıb ki, sənəti ilə xalqımıza başucalığı gətirən Bəhruz Kəngərlinin irsi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir, rəssamın xatirəsinə diqqət və ehtiram göstərilir. Bəhruz Kəngərli Azərbaycan xalqının qəlbində və yaddaşında hər zaman əsl vətənpərvər rəssam olaraq qalacaqdır.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Təsviri və Dekorativ Tətbiqi Sənətlər Şöbəsinin müdiri Fizzə Quliyeva “Bəhruz Kəngərlinin sənət dünyası”, Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət kafedrasının baş müəllimi Ləman Məmmədova “Əbədiyyət qazanan rəssam” mövzularında çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, yaşadığı qısa ömründə Bəhruz Kəngərli hər kəsə örnək ola biləcək həyat hekayəsi və yaradıcılıq dövrünün məsuldarlığı ilə zirvədə əbədi yaşamağa layiq sənətkardır. Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri olan Bəhruz Kəngərli cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat vermiş, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilmişdir. Ölməz sənətkar həmişə müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır.

Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərov və rəssam Səməd Məmmədov da çıxış edərək görkəmli rəssamın həyatı və təkrarolunmaz yaradıcılığı haqqında söhbət açmışdır. Bildirilmişdir ki, Bəhruz bəy Kəngərlinin firavanlıqdan uzaq bir vəziyyətdə yaratdığı “Qaçqınlar” qrafik silsiləsi bu gün vətənpərvər sənətkar vətəndaş mövqeyinin təzahürü kimi dəyərləndirilir. Ürəklərdə yaşayan görkəmli realist sənətkar Bəhruz Kəngərli xalqımız tərəfindən həmişə hörmətlə xatırlanır, yeni nəsillərə örnək ola biləcək həyatı və yaradıcılığı təbliğ edilir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.02.2020



      Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və mədəniyyət şöbələrinin tabeliyində olan müəssisələrində çalışan gənclərin Xalq şairi Məmməd Arazın Ev Muzeyinə və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.

Gənclər əvvəlcə Məmməd Arazın Ev Muzeyini ziyarət ediblər. Burda onlara muzeyin yaranma tarixindən bəhs edilib. Bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2013-cü il tarixli Sərəncamına əsasən xalq şairinin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində yaradılıb. Muzeydə şairin zəngin irsini əks etdirən 1000-dən çox eksponat qorunub saxlanılır ki, onlardan 280-i ekspozisiya zallarında nümayiş olunur. Gənclər görkəmli söz ustasının həyat və yaradıcılığından bəhs edən kitablarla, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə və digər materiallarla tanış olublar.

Sonra ekskursiya iştirakçıları Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Muzeyin ekspazisiyası ilə tanışlıq zamanı gəclərə məlumat verilib ki, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Muzeydə Şahbuz rayonu ərazisində müxtəlif dövrləri əhatə edən milli-mədəni nümunələr, dəyərli eksponatlar mühafizə olunur və nümayiş etdirilir. Bildirilib ki, muzeyin fondunda 4600-dən çox eksponat qorunub saxlanılır ki, onlardan 1000-ə yaxını ekspozisiya zalında nümayiş olunur.

Qədim bəzək əşyaları, numizmatika məmulatları, müxtəlif məişət əşyaları və təsərrüfat alətləri ilə tanış olan gənclərə rayon ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış küplər, məzarüstü daşlar və sənduqələr, qədim toxuculuq alətləri, rayonun flora və faunasını əks etdirən nümunələr, kitablar və digər dəyərli eksponatlar barədə məlumat verilib.

Ekskursiya zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb. Ekskursiya iştirakçılarda xoş təəssürat yaradıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.02.2020



      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-ci il üçün iş planına əsasən fevral ayının 7-də Şahtaxtinskilər Muzeyinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan müəssisələrin əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, muzey işinin inkişafına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı gündən-günə artır, muxtar respublikamızda muzeylərin fəaliyyətinin canlandırılması və yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür.

Qumral Əsədova qeyd etmişdir ki, yaradılmasının 10-cu ildönümünü qeyd etdiyimiz Şahtaxtinskilər Muzeyi də muxtar respublikanın muzey şəbəkəsində özünəməxsus yer tutur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan muzeydə Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmalar, fotoşəkillər və digər eksponatlar sərgilənir.

Muzeydə həmçinin müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmiş və xalqımıza layiqincə xidmət etmiş Şahtaxtinskilər nəslinin nümayəndələri haqqında materiallar mühafizə olunur ki, bu da ziyarətçilərə Şahtaxtinskilər nəslinin nümayəndələri haqqında ətraflı məlumat almaq imkanı yaradır.

Tədbirdə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin müdiri Məhərrəm Əliyev çıxış edərək tariximizə, mədəniyyətimizə və milli dəyərlərimizə göstərilən dövlət qayğısından bəhs etmişdir. Bildirmişdir ki, Kəngərli rayonunda yerləşən digər mədəniyyət müəssisələri ilə yanaşı muzeylərdə iş şəraitinin yaxşılaşdırılması, maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Sonra muzeyinin direktoru Ruzugül Qazıbəyova çıxış edərək muzeyin bu günə kimi davam edən fəaliyyətindən söhbət açmışdır.

Qeyd etmişdir ki, muzeydə il ərzində mədəni-kütləvi tədbirlər, o cümlədən açıq dərslər keçirilir, muzeyin fondunun zənginləşdirilməsi istiqamətində işlər görülür. Bununla yanaşı, Şahtaxtinskilər nəslinin tanıdılmasında əvəzsiz rol oynayan muzeyi ziyarət edənlərin sayı əvvəlki illərə nisbətən artmışdır. 2019-cu il ərzində muzeyi 700-dən çox tamaşaçı ziyarət etmişdir.

Tədbirin yekununda muzeyin ekspozisiyasına baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.02.2020



      Fevral ayının 6-da Vənənd Kənd Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Leyla Əlimərdanova bildirmişdir ki, uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı, solfecio və xor fənlərinin tədrisi zamanı şagirdlərin bilik səviyyəsini, musiqi duyumunu və dünyagörüşünü zənginləşdirmək ən vacib məsələlərdən biridir. Şagirdlərin həm dünya, həm də Azərbaycan musiqi ədəbiyyatı ilə tanışlığı onların formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Dərs prosesində musiqi nömrələrini dinləmək əsas şərtlərdən biridir. Metodiki kursların keçirilməsində əsas məqsəd də bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərmək və məktəblərdə tədrisin daha da səmərəli təşkilinə nail olmaqdır.

Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Lamiyə Nəcəfova solfecio fənni üzrə metodiki dərs keçərək musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə major-minor sistemi və nəzəri biliklərlə yanaşı Azərbaycan ladlarının öyrənilməsi, solfecio oxuma və imla yazmağın əhəmiyyəti barədə danışmışdır. Sonra o, musiqi ədəbiyyatı fənni üzrə tədris proqramı əsasında mühazirələrin hazırlanması qaydalarını izah etmiş, tədris zamanı şagirdlərin musiqi ədəbiyyatı ilə yanaşı müxtəlif xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklərin də əldə edilməsinin vacib olduğunu qeyd etmişdir.

Həmin musiqi məktəbinin müəllimi Möhtərəmə Qafarova xor fənninin tədrisi və kollektivinin yaradılması mövzusunda məlumat vermişdir. Tədris zamanı uşaqlar üçün yazılmış xor əsərlərinə daha çox müraciət etməyi məsləhət görmüşdur.

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.02.2020



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən bu ilin yanvar ayında tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, ustad və açıq dərslər keçilmiş, yeni il münasibəti ilə konsert və tamaşalardan ibarət proqramlar, eləcə də “Oxunması zəriri olan kitabların siyahısı”na daxil edilmiş kitabların müzakirələri təşkil olunmuşdur.

Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Nazirlik tərəfindən yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumatlar hazırlanmışdır.

Artıq ənənə halını almış muxtar respublikadakı muzeylərə yeni eksponatların hədiyyə edilməsi işi bu ilin ilk ayında da diqqətdə saxlanmış, Babək rayon Tarix-Diyarşünaslıq Muzeyində Babək rayon sakinləri tərəfindən muzeyə hədiyyə olunmuş 110 ədəd maddi-mədəniyyət nümunəsinin təqdimatı keçirilmişdir. Ümumilikdə, bu ilin ilk ayında muzeylərə 238 ədəd yeni eksponat təqdim edilmişdir. Ay ərzində muzeylərdə 3 interaktiv, 29 açıq dərs və mühazirələr keçirlmiş, bir sıra tədbirlər, seminar-treninq və ekskursiyalar təşkil olunmuşdur. Həmçinin, Bəhruz Kəngərli Muzeyində rəssamın anadan olmasının 128-ci ildönümünə, Naxçıvan Dövlət Rəsm Qalereyasında isə Naxçıvan rəssamlıq məktəbinin nümayəndəsi Nəriman Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Məlumat üçün qeyd edək ki, muxtar respublikanın muzeylərini yanvar ayında 30 min 34 nəfər tamaşaçı ziyarət etmişdir. Bu tamaşaçılardan 7 min 17 nəfəri əcnəbi, 23 min 17 nəfəri isə yerli vətəndaşlar olmuşlar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən fiziki imkanları məhdud insanlar da daxil olmaqla, ümumilikdə, 33 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir. Bundan başqa, yanvar ayında Naxçıvan şəhərində, eləcə də Kəngərli və Culfa rayonlarında fəaliyyət göstərən 135 kitabxana əməkdaşları üçün 5 günlük təlim kursları təşkil edilmişdir. Ötən ay muxtar respubikanın kitabxanalarında yeni oxucu sayı 341 nəfər, oxucu gəlişi 9212 nəfər, kitab verilişi isə 47 min 282 nüsxə olmuşdur. Yanvar ayında elektron kataloqda kitabların sayı 14 min 966-dan 15 min 469-a, şəbəkədə isə 2 min 715-dən 2 min 765-ə çatdırılmışdır.

Hesabat dövründə klub və mədəniyyət evi işçilərinin üçün keçirilən dərnəklərdə işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirlik tərəfindən rəqs, dram, yallı, rəssamlıq üzrə kurslar təşkil olunmuş, kurslarda yallı üzrə 15 nəfər, rəqs üzrə 12 nəfər, rəssamlıq üzrə 15 nəfər, dram üzrə isə 21 nəfər olmaqla, ümumilikdə, 63 nəfər iştirak etmişdir. Kursları Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ixtisaslı mütəxəssisləri, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimləri və “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri aparmışdır.

Yanvar ayında Naxçıvan Dövlət Film Fondu tərəfindən “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində Ordubad, Sədərək və Culfa rayonlarında məktəblilər, həmçinin sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün filmlər nümayiş olunmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ötən ay ərzində Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşanı üç dəfə olmaqla stasionarda nümayiş etdirmişdir. Bundan əlavə, bu ilin yanvar ayından etibarən Nəbi Xəzrinin “Burla Xatın” əsəri əsasında hazırlanacaq tamaşanın məşqlərinə başlanmışdır. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən isə ötən ay ərzində “Qorxaq Əhməd” tamaşasının və “Novruz gəlir” kompozisiyasının məşqləri aparılmışdır. Naxçıvan Dövlət Uşaq Teatrı da 2020-ci ilin repertuar planına əsasən, yanvar ayı ərzində “Mavi işıq” tamaşasının və “Kosanın toyu” kompozisiyasının məşqlərini davam etdirmişdir.

Əhalinin mədəni tələbatının qarşılanması məqsədilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Culfa şəhərində konserti olmuşdur. Həmçinin ötən ay Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin 2 fevral - Gənclər Gününə həsr edilmiş konsert proqramının məşqləri aparılmışdır.

Yanvar ayında Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmiş, kitabxana və mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
05.02.2020



      Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayev ötən həftə yenidən Naxçıvanda olub. Tanınmış dirijor Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Uşaq xor kollektivləri üçün ustad dərsləri keçib. Həmin dərslərin bəhrəsi kimi fevralın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə uğurlu və maraq dolu bir konsert proqramının şahidi olduq.

Teymur müəllimin rəhbərliyi ilə keçirilən məşq proseslərini və konsert proqramını yaxından izlədikdən sonra onunla səfərinin məqsədi və təəssüratları barədə söhbətləşmək imkanı əldə etdik. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– Teymur müəllim, bu, sizin qısa zaman ərzində Naxçıvana ikinci gəlişinizdir. Biz də öz adımızdan xoş gəlmisiniz, – deyirik. İlk olaraq bu səfərlərin məqsədi və təəssüratı barədə söhbətimizə başlayaq.

– Xoş sözləriniz və qonaqpərvərliyiniz üçün sizə və bütün Naxçıvan ictimaiyyətinə təşəkkür edirəm. Bəli, bir neçə ay ərzində ikinci dəfədir ki, bu gözəl diyarda oluram. Ötən il noyabr ayında gəlmişdim. Naxçıvan Dövlət Filarmoniyasının kollektivi ilə qısa bir tanışlıq imkanım oldu. Birlikdə fikir mübadiləsi apardıq, qərara gəldik ki, yenidən görüşək və daha geniş ustad dərsləri keçilsin. Nəticə olaraq isə birlikdə konsert proqramı təşkil etməyi planlaşdırdıq. Qismət bu günə imiş... Düşünürəm ki, istəyimizə nail olduq.

– Bəli, gözəl konsertdən bir tamaşaçı kimi biz də yüksək zövq aldıq. Konsertiniz 2 fevral – Gənclər Gününə həsr edilmişdi. Bu, əvvəlcədən planlaşdırılmışdı?

– Pedaqoji fəaliyyətimlə əlaqədar Naxçıvana ikinci səfəri qış tətilinə qərarlaşdırdım. Görüşümüz Gənclər Günü ərəfəsinə təsadüf etdiyindən və Naxçıvanda bu əlamətdar gün özünəməxsus şəkildə qeyd olunduğu üçün biz də konserti həmin günə həsr etdik.

Onu da qeyd edim ki, mən buraya tək gəlməmişəm. Həyat yoldaşım Esmira xanım pianoda, əslən Ordubaddan olan Anar Yusifov isə skripkada bizi müşayiət etdi. Gəldiyimiz gündən etibarən bir həftə ərzində gərgin məşq prosesi keçdik. Kollektiv məşqlərə çox ciddi yanaşdı. Pro­qramımız da çox rəngarəng idi. Konserti izlədikdə özünüz də bunun şahidi oldunuz. Solistlərin hamısı Naxçıvan Dövlət Filarmoniyasının üzvləri idi və bir saat ərzində tamaşaçıların zövqünü oxşamağa çalışdıq.

– Kollektivdəki gənclərin musiqi bilikləri və təcrübəsi sizi qane etdimi?

– İlk növbədə, özümə, eyni zamanda qarşımda olan kollektivə hər zaman çox tələbkaram. Bu qısa zamanda, təbii ki, bəzi çatışmazlıqların olduğunu müəyyənləşdirdik. Məsələn, müxtəlif aplikasiyalar, barmaqların ifa ritminə uyğunlaşdırılması kimi nöqsanlarla rastlaşdıq. Bu isə hər bir kollektivdə olması gözlənilən bir nüansdır. Bu cür halların aradan qaldırılması isə müəyyən zaman tələb edir.

Sözün açığı, inanırdım ki, kollektivin üzvləri, o cümlədən gənclərin hər biri istedadlıdır və proqramın öhdəsindən layiqincə gələcəklər. Kollektivin musiqi duyumu, bacarıq və səriştəsi, ən əsası isə işə məsuliyyəti bizə hər şeyi qısa zamanda yekunlaşdırmağa imkan verdi.

Bilirsiniz, önəmli olan istək və həvəsdir. İstək, yanarlılıq olanda isə aşa bilməyəcəyiniz çətinlik, baryer qalmır. Məşq prosesi zamanı kollektivdə bu səy və maraq hesabına uğurlu nəticə alındı. Biz də qazandığımız təcrübəni gənc musiqiçilərlə bölüşməkdən yüksək zövq aldıq.

– Təbii ki, konsertdəki professional ifa həm də gənclərin yüksək musiqi təhsilindən xəbər verir. Gənc musiqiçilərimizin yetişdirilməsi üçün mövcud şərait barədə qənaətləriniz də bizim üçün maraqlı olardı.

– Ümumilikdə, belə deyə bilərəm ki, Naxçıvanın gözəlliyi fonunda burada musiqi tədrisi şəraiti də çox gözəldir. Hər dəfə mən buraya gələndə çox heyrətlənirəm. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova Ulu Tanrıdan uzun ömür arzulayıram. Onun Naxçıvanı necə sevdiyi, naxçıvanlıların isə muxtar respublika rəhbəri­nə sevgi və ehtiramı hər addımda hiss olunur. Hər yerdə hökm sürən təmizlik-abadlıq, nizam-intizam insana xoş təəssürat bağışlayır. Muxtar respublikada digər sahələr kimi, musiqi mədəniyyəti də diqqət və qayğıdan kənarda qalmayıb. Elə qısa zamanda birgə çalışdığım kollektivin də timsalında bunun şahidi oldum. Onlarla söhbətimiz zamanı göstərilən diqqət və qayğını xüsusi hiss etdik. Bu da bir musiqiçi kimi məni çox sevindirir.

Qısaca onu deyə bilərəm ki, yaxşı təhsil və uğurlu nəticə üçün hər şey var. Sadəcə, təcrübəli pedaqoqları bu işə daha çox cəlb etməklə, musiqiçiləri kiçik yaşlarından yetişdirməklə ürəkaçan nəticələr qazanmaq olar. Naxçıvanda bu məsələyə önəm verilməsini alqışlayırıq. Biz də əlimizdən nə gəlirsə, gənclərə aşılamağı, öyrətməyi, peşəkar kollektivlər yetişdirməyi özümüzə borc bilirik.

Kollektivin hazırlıq vəziyyəti barədə isə onu deyə bilərəm ki, buradakı üzvlərin hər biri musiqi duyumu yüksək olan səriştəli gənclərdir. Onlar ən çətin konsert proqramının hazırlanmasında belə, iştirak etməyə qadirdirlər. Lakin yenə də təkrar edirəm, işləmək, daha çox öyrənmək və təcrübəni artırmaq lazımdır. Deyə bilərəm ki, ötən bir həftə ərzində bir saatlıq ağır proqramın öhdəsindən gəldilərsə, deməli, daha böyük uğurlar əldə etmək üçün də potensial vardır. Göstərilən xüsusi diqqət və qayğı hər kəs kimi, bizi də daha böyük səylə çalışmağa ruhlandırdı.

– Teymur müəllim, bilirsiniz ki, Naxçıvanda musiqi mədəniyyəti qədim köklərə dayanır. Bu ənənələr yaşadılmaqla və müasir metodların tətbiqi ilə yeni musiqiçilər nəsli yetişdirilir. Bir musiqişünas kimi bu barədə də fikirlərinizi öyrənmək istərdik.

– Bəli, biz hər zaman izləyir, müşahidə edir və çox sevinirik ki, milli musiqimiz yaşadılır və inkişaf etdirilir. Bir sözlə, milli musiqi mədəniyyətimiz fəth etdiyi zirvəni qoruyub saxlayır. Ölkə rəhbəri bu işlərə çox böyük önəm verir. Muğamımızın, qədim musiqi mədəniyyətimizin, xüsusilə də Şərur yallılarının, milli musiqi alətlərimizin YUNESKO səviyyəsində tanıdılması bu nailiyyətlərdə əsas rol oynayıb.

Təbii ki, Naxçıvan bu prosesdə qabaqcıl mövqedə dayanır. Burada bacarıqlı və peşəkar musiqiçilər yetişib fəaliyyət göstərir. Xüsusilə Naxçıvanda klassik musiqi ilə yanaşı, xalq çalğı alətlərindən istifadəyə daha çox önəm verilməsi diqqətimi çəkdi. Bu, çox önəmli bir addımdır. Bu istiqamətdə musiqiçilərin yetişdirilməsi milli musiqi mədəniyyətimizin qorunub saxlanmasına və inkişafına mühüm töhfədir.

– Son olaraq Naxçıvanla bağlı ümumi təəssüratlarınızı öyrənmək istərdik.

– Naxçıvanda dəfələrlə olmuşam. Həmişə buradan qayıtdıqdan çox keçmir ki, bu qədim diyar üçün darıxıram. Etiraf edim ki, bir də muxtar respublikaya nə zaman səfər etmək imkanımın olacağını gözləyirəm. Ötən 15 il ərzindəki səfərlərim bu diyarı mənə daha da doğmalaşdırıb və əlaqələrimiz getdikcə genişlənib. Bugünkü layihə də bu səfərlərin tərkib hissəsi və davamı kimi məni çox sevindirir. Burada mədəniyyət sahəsinin inkişafı da yüksək səviyyədədir. Bilirsiniz, bir yerdə ki yüksək mədəniyyət var, orada inkişaf danılmazdır.

Esmira xanım ikinci dəfədir, Naxçıvana gəlir. O da mənim kimi bu cənnət diyarın vurğunudur.

Esmira xanım söhbətimizə qoşulur:

– Bu konsert bizim üçün çox məsuliyyətli idi. Ona görə hər şeyə ciddi hazırlaşdıq. 2019-cu ilin noyabrında Naxçıvana gələndə ilk olaraq buranın saf havası mənə xoş təsir bağışladı. Daha sonra isə şəhərinizin təmizliyinə, abadlığına, müasir görkəminə valeh oldum. Allah bu gözəllikləri qurub-yaradanların canını sağ eləsin. İnsanların qonaqpərvərliyi, mehribanlığından zövq aldım. Qismət olarsa, yenə də gəlmək istəyərəm.

Naxçıvandakı gənc musiqiçilərin bacarıq səviyyəsinə gəlincə, 1995-ci ildən bu sənətin içindəyəm və hər zaman, hər gün, hər saat bizim özümüz də nələrisə öyrənirik. Ustad dərsi keçdiyimiz musiqiçilərdən belə nələrisə mənimsəyib təcrübəmizə əlavə edirik. Bu baxımdan sənətdə yaş fərqi yox, sadəcə, istedad fərqi olur. Naxçıvanda ustad dərsi keçdiyimiz orkestrin tərkibində təcrübəli musiqiçilərlə yanaşı, gənc ifaçılar da var idi. Biz onların hər birinə eyni cür yanaşırıq. Buna görə də işimiz heç də çətin olmadı. Naxçıvanda musiqiçi kadrların yetişdirilməsi barədə fikrimi isə sadəcə, bir cümlə ilə ifadə edə bilərəm: hər şeyi, məncə, keçirdiyimiz uğurlu konsert proqramı dedi.

Çox sağ olun. Hər ikinizə qısa zaman ərzində müsahibə üçün vaxt ayırdığınıza görə minnətdarıq.

“Şərq qapısı” qəzeti
05.02.2020






Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
05.02.2020



      Muzey günləri çərçivəsində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının kollektivi Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət edib.

Kollektivə məlumat verilib ki, Azərbaycan xalçalarının böyük bir qolunu Naxçıvan xalçaları təşkil edir. Vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib. Hal-hazırda bu sənət dövlətimizin dəstəyi ilə yaşadılır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqəti cəlb edir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.

Diqqətə çatdırılıb ki, Naxçıvanda xalçaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, tədqiqatlar aparılır, yeni nəşrlər hazırlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu işlərin uğurla həyata keçirilməsinə öz töhfəsini verir.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.02.2020



      Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı ilə çıxış edib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Gənclər Fondunun əməkdaşları, muxtar respublikada fəaliyyət göstərən ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri, nazirliyin sistemində olan müəssisələrdə çalışan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev sağlam gənc nəslin yetişdirilməsini, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamışdır. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I formunun keçirilməsi, bundan sonra hər il fevralın 2-nin ölkəmizdı Gənclər Günü elan olunması bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, dövlət gənclər siyasəti muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə Gənc İstedadların “Qızıl kitabı”nın təsis edilməsi, onlara aylıq təqaüdlərin verilməsi, Gənclər Fondunun yaradılması muxtar respublikada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır. Hazırda muxtar respublika əhalisinin 140 min nəfərdən çoxunu, yaxud 30,8 faizini 14-29 yaş arası gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə ardıcıl tədbirlər görülüb, 200-dən çox ümumtəhsil məktəbinin, 3 ali və 3 orta ixtisas məktəbinin, Heydər Əliyev adına Hərbi Liseyin, 26 Uşaq Musiqi Məktəbinin, 5 peşə məktəbinin fəaliyyəti təmin edilib. Nazir diqqətə çatdırıb ki, muxtar respublika rəhbərinin müvafiq Sərəncamına uyğun olaraq muxtar respublikada ali və orta ixtisas məktəblərindəki ixtisaslar müvafiq dövlət orqanlarının hamiliyindədir ki, bu da gənclərin peşəkar kadr kimi yetiməsinə öz töhfəsini verir. Gənclərin sosial problemlərinin həlli, xüsusilə mənzil şəraitiin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Naxçıvan şəhərində və rayon mərkəzlərində gənclər üçün yeni yaşayış kompleksləri və binalar tikilərək istifadəyə verilir, gənc ailələr mənzillə təmin olunur. Azad Cabbarov çıxışının sonunda yaradına şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib, gəncləri əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada mədəniyyət sahəsində görülən işlər, həmçinin musiqi və incəsənət məktəblərinin yaradılması, maddi-texniki bazalarının gücləndirilməsi, Naxçıvan Dövlət Universitetində, eləcə də Naxçıvan Musiqi Kollecində mədəniyyətin, incəsənətin müxtəlif sahələrinə aid ixtisaslı kadrların yetişdirilməsi milli mədəniyyətimizin, o cümlədən musiqi sənətinin gənclərə əsaslı şəkildə öyrədilməsinə imkan verir. Bütün bu tədbirlərin nəticəsidir ki, gənclər aləmdə mədəniyyət sahəsində respublika və beynəlxalq əhəmiyyətli uğurlara imza atır, milli musiqimizi layiqincə təbliğ edirlər. Qeyd olunub ki, 2 fevral Gənclər Günü münasibətilə keçirilən konsert də görülən işlərin məntiqi davamıdır. Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında tanınmış Azərbaycan və dünya klassiklərinin əsərləri təqdim edilir. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri Teymur Göyçayev dəfələrlə muxtar respublikada olub, konsert proqramları ilə çıxış edib, musiqi təhsili müəssisələrində ustad dərsləri keçib Mədəniyyət naziri çıxışının sonunda konsertin təşkilində irəli sürdüyü təşəbbüsə görə görkəmli dirijor, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Teymur Göyçayevə təşəkkürünü bildirib, gənclərin bayramını təbrik edib.

Sonra Teymur Göyçayevin dirijorluğu ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsert proqramı başlayıb. Anar Yusifov skripkada Arif Məlikovun “İki ürəyin dastanı” baletindən “Komdenin arzuları”nı, Françesko Maria Veraçinin “Largo”, Asəf Zeynallının “Muğamsayağı” əsərlərini, Ahim Güləliyev kamançada, Sərxan Əliyev isə balabanda Azərbaycan xalq mahnısı “Sarı gəlin”i səsləndiriblər. İlkin Abdullayev Fikrət Əmirovun “Sevil” operasından “Balaşın ariyası”nı, Rahim Əsgərzadə Ernesto De Kurtisin “Sorentoya qayıt”, Tural Nəcəfov Tofiq Quliyevin “Bakı”, Mübariz Əsgərov Tofiq Quliyevin “Sənə də qalmaz”, Sərxan Abdullayev Vasif Adıgözəlovun “Lay-lay”, Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva Rauf Hacıyevin “Sevgilim”, Gülyanaq Fərzəliyeva Vasif Adıgözəlovun “Naz-naz” əsərlərini ifa ediblər. Naxçıvan Dövlət Filarmoniyasının Xor Kollektivinin oxuduğu “Bana-bana gəl” xalq mahnısı, Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının birləşmiş xoru tərəfindən ifa olunan “El oğlu”, Kamera Orkestrinin səsləndirdiyi Qara Qarayevin “Gənclər valsı”, Üzeyir Hacıbəylinin “Arazbarı” əsərləri tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Gənclər üçün əsl bayram ərməğanı olan möhtəşəm konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başa çatıb.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
03.02.2020



      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon (şəhər) MKS-lərin kitabxanaçıları üçün təlim kursları keçirilir...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 09 yanvar 2020-ci il tarixli əmrinə əsasən bu ilin yanvar-iyun aylarında rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərinin kitabxanaçıları üçün 5 günlük təlim kursları keçiriləcəkdir. Təlim kurslarının təşkil edilməsində əsas məqsəd kitabxanaların fəaliyyətinin daha da yaxşılaşdırılması, kitabxana işinin təşkilində yeni, daha mütərəqqi metodların tətbiqi, oxuculara yüksək keyfiyyətli kitabxana xidmətinin göstərilməsini təmin etmək, kitabxanaçıların öz işini təkmilləşdirməsi, kitabxana işinin müasir standartlar səviyyəsində qurulmasından ibarətdir.

Təlim kursunda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təcrübəli əməkdaşları tərəfindən tədris aparılacaqdır.

27-31 yanvar tarixlərində Culfa Rayon Mədəniyyət Sarayında təşkil edilən təlim kursunda Culfa Rayon MKS-nin əməkdaşları iştirak ediblər.

Növbəti təlim kursunun 10-14 fevral 2020-ci il tarixlərdə Şahbuz Rayon MKS-nin əməkdaşları üçün “Araz” kinoteatrında keçirilməsi nəzərdə tutulur. Həmçinin aprel ayında Ordubad Rayon MKS-nin əməkdaşları üçün, may ayında isə Şərur və Sədərək Rayon MKS-lərin əməkdaşları üçün təlim kursları keçiriləcəkdir.

Qeyd edək ki, 16-20 dekabr 2019-cu il tarixlərində Babək Rayon MKS-nin, 13-17 yanvar tarixlərində İ.Qasımov adına Naxçıvan Şəhər MKS və Kəngərli Rayon MKS-nin əməkdaşları üçün təlim kursu təşkil olunmuşdur.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.01.2020



      Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, Xalq artisti Teymur Göyçayev yenidən Naxçıvandadır.

Tanınmış dirijor bu dəfə Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Uşaq xor kollektivləri üçün ustad dərsləri keçirib. Qeyd edək ki, bir neçə gün ərzində davam edən məşqlərin sonunda - fevral ayının 1-də Naxçıvan Dövlət Musiqili Dram teatrında konsert proqramı təşkil olunacaq. Konsert 2 fevral Gənclər Gününə həsr olunub.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.01.2020



      Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il üçün iş planına əsasən Şahbuz Rayon Uşaq Musiqi Məktəbində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan Qurban Səidin“Əli və Nino” romanının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin yaradıcı gənclərlə iş üzrə aparıcı məsləhətçisi İlkin Cabbarov bildirib ki, bu gün böyüməkdə olan nəsildə vətənpərvərlik, tarixi köklərə bağlılıq hissləri aşılayan kitabların oxunması, mütaliə vərdişinin formalaşdırılması, onların dünyagörüşünün inkişaf etdirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitabların siyahısının təsdiq edilməsi” haqqında Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bu Sərəncam təkcə muxtar respublikamızın deyil, ölkəmizin tanınmış ziyalıları tərəfindən də müsbət addım kimi dəyərləndirilmişdir. Çünki kitab ideoloji mənbədir, dünyagörüşünü zənginləşdirir, gənclərə, dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hissləri aşılayır.

Sonra Qurban Səidin “Əli və Nino”əsərinin yaranma tarixi mövzusunda” M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşı Rəqsanə Aslanova, Qurban Səidin “Əli və Nino” əsərinin süjet xətti” mövzusunda həmin kitabxananın digər əməkdaşı Aysel Əhmədova, Qurban Səidin “Əli və Nino” əsərinin məzmunu” mövzusunda Şahbuz Rayon MKS-nın Mərkəzi kitabxanasının əməkdaşı Rəsmiyə Mehdiyeva çıxış etmişlər.

Qeyd olunub ki, bir eşq macərası əsasında tariximizin 1918-1920-ci illərinin qaranlıq səhifələrini işıqlandıran “Əli və Nino” əsəri öz qəhrəmanları kimi ziddiyətli və çətin bir yol keçib. Roman XX əsrin 20-ci illərinin sonunda qələmə alınıb, ilk dəfə 1937-ci ildə Vyanada alman dilində çapdan çıxıb, sonralar fransız, türk və başqa dillərə tərcümə olunub. İndiyədək kim tərəfindən və hansı dildə yazıldığı barədə mübahisələrin kəsilmədiyi bu roman hətta populyarlığın miqyası, coğrafiyasına görə kiçik həcmli şeirləri belə arxada qoyur. Nəinki mühacirət ədəbiyyatı, eləcə də vətəndə yazılan bütün bədii düşüncə məhsullarından başqa dillərə tərcüməsi baxımından da roman hələ ki, milli arenada öncüllüyü özündə saxlayır. Təkcə bunu demək kifayətdir ki, otuzdan çox dilə tərcümə olunan bu əsər son on ildə dünyada ən çox oxunan əsərlərdən olmuşdur.

Vurğulanıb ki, əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Tədbirdə mövzunun müzakirəsi ilə bağlı gənclərin fikirləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin yekununda “Oxunması zəruri olan kitablar”dan təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.01.2020



      Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği işinin daha da yüksəldilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin 7 yanvar 2020-ci il tarixli əmrinə əsasən Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin öyrənilməsi və gənc nəslə təbliği ilə bağlı “Tədbirlər Planı” təsdiq edilib, Nazirliyin tabeliyində olan müəssisə və təşkilatlarda çalışan əməkdaşlara mühazirələrin keçirilməsi, həmçinin bu müəssisələrdə işləyən gənclərin və Naxçıvan Musiqi Kollecinin müəllim-tələbə kollektivlərinin Heydər Əliyev Muzeyinə ekskursiyalarının təşkili ilə əlaqədar qrafik hazırlanıb.

Bu qrafikə uyğun olaraq yanvar ayının 29-da Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Tarix və Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeylərinin əməkdaşları üçün mühazirə keçirilib.

Tədbirdə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda çıxış edən Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev vurğulayıb ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.

“Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir”,-deyən Ramil Orucəliyev qeyd edib ki, Respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib çıxa biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirən, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli lider Heydər Əliyev bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.

Qeyd edilib ki, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Sonda gənclər muzeyin ekspozisiyası ilə tanış olublar.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.01.2020



     

2020-ci il aprelin 28-də bəstəkar Məmməd Qəzənfər oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur.

Məmməd Məmmədov Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafına xidmət etmiş, bir çox ansambl və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olmuşdur. Onun 1956-cı ildə yaratdığı “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı muxtar respublikada musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir.

Bəstəkar kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər, nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün mahnı və romanslar yazmış, xalq mahnı və rəqslərini toplayaraq nota köçürmüş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan 30-dan artıq tamaşaya musiqi bəstələmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, musiqi sənətinin inkişafında xidmətləri olmuş bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında keçirilsin.

2. “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif TALIBOV

Naxçıvan şəhəri, 28 yanvar 2020-ci il






Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.01.2020



      Yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Nəriman Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, muxtar respublikamızda incəsənətin digər sahələri kimi, rəssamlıq sənəti də dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub. İstedadlı rəssamların rəsm əsərlərindən ibarət sərgilərinin təşkili, rəsm festivallarının keçirilməsi və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlığın inkişafına göstərilən böyük dövlət qayğısının bariz ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən də bu sahədə bəzi işlər həyata keçirilir, muxtar respublikada yaşayıb yaratmış və rəssamlıq sənətində özünəməxsus iz buraxmış dəyərli rəssamların yaradıcılığına həsr olunan tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də bu gün təşkil olunub və Naxçıvan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi olan Nəriman Əliyevin həyat və yaradıcılığına həsr edilib.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək rəssamın ömür yolundan bəhs edib.

Bildirib ki, istedadı və təxəyyülü ilə təsviri sənətdə özünəməxsus yaradıcılıq yoluna sahib olan Nəriman Əliyev 1948-ci il avqust ayının 14-də Naxçıvan şəhərində dünyaya göz açmış, ilk təhsilini də elə doğulduğu Naxçıvan şəhərində almışdır.

Rəssamın bacarığı və bu sənətə olan sevgisi onun yolunu Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumuna salmışdır. 1972-ci ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra doğma yurduna geri qayıdan gənc rəssam bir müddət Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışmışdır.

“Daim dinamik və məhsuldar rəssamlardan olan Nəriman Əliyev 1975-ci ildə Azərbaycan Rəssamlar Birliyinin, 1981-ci ildə isə SSRİ Rəssamlar Birliyinin üzvü seçilmişdir. Naxçıvan Rəssamlar Birliyinin müxtəlif mövzularda təşkil etdiyi sərgilərdə öz bənzərsiz rəsm əsərləri ilə fəal iştirak etmiş rəssam qədim Naxçıvan rəssamlıq məktəbinin fəaliyyətinə dəyərli töhfələr vermişdir”,- deyən Hökümə Məmmədli qeyd edib ki, yaradıcı rəssam 2002-ci il yanvar ayının 26-da əbədiyyətə qovuşmuşdur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva, Məmmədəli Ələkbərov, Həmzə Sadiqov çıxış edərək Nəriman Əliyevin istedadından, təbiətə olan vurğunluğundan, öz fırçası ilə rəsm sənətində qoyduğu bənzərsiz izlərdən bəhs ediblər.

Sonra rəssamın həyat yoldaşı Rəna Əliyeva və yaxınları çıxış edərək rəssamla bağlı xatirələrindən danışıblar və tədbirin təşkilində əməyi keçənlərə təşəkkür ediblər.

Sonda rəssamın əsərlərindən ibarət sərgiyə baxış olub.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.01.2020



      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişi davam edir.

Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyini ziyarət ediblər.

Məlumat verilib ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək üçün onun doğulduğu Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun tarixli Sərəncam imzalayıb, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olub. Mədəniyyət müəssisəsində görkəmli dramaturqun özünə və ailə üzvlərinə həsr olunmuş rəsm əsərləri, dövrə məxsus məişət əşyaları, ədibin qızı Münəvvər xanımın şəxsi pianosu, ədibin hekayələri əsasında hazırlanmış panoramlar və maketlər nümayiş etdirilir. Muzeyin fondunda 2300-dən artıq eksponat mühafizə olunur. Onların 300-dən çoxu ekspozisiyada nümayiş etdirilir, muzey fondunun zənginləşdirilməsinə diqqət yetirilir, ədibin həyat və yaradıcılığına aid dərslər burada əyani şəkildə keçilir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Xatirə Muzeyini, Daxili İşlər Nazirliyinin və nazirliyin Veteranlar Şurasının əməkdaşları Qarabağlar Türbə Kompleksini, Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Cəmşid Naxçıvanski Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyini, Fövqəladə Hallar Nazirliyinin və struktur qurumlarının əməkdaşları “Əlincəqala” Tarix-­Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Dövlət Gömrük Komitəsinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Ədəbiyyat Muzeyini ziyarət ediblər.

Maliyyə Nazirliyinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində, İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində, Dövlət Vergi Xidmətinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Dövlət Nəqliyyat Xidmətinin əməkdaşları Bəhruz Kəngərli Muzeyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Nəbatat bağında, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasında, Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin kollektivləri Biznes Mərkəzində, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzeti redaksiyasının və Televiziya və Radio Şurasının əməkdaşları Duz Muzeyində olublar.

Qeyd edək ki, yanvarın 25-də muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət ediblər.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.01.2020



      Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair, dramatuq, publisist Adil Babayevin anadan olmasının 95 illik yubileyinin qeyd olunması məqsədilə tərtib edilmiş tədbirlər planına əsasən keçirilən “Adil Babayev həftəsi” başa çatıb.

Şair-dramaturqun adını daşıyan kitabxanada ilk olaraq “Adil Babayev-95” başlıqlı sərgi təşkil edilib, həftə ərzində kitabxanaya müraciət edən hər bir məktəbli ilə ədibin həyat və yaradıcılığı barədə söhbətlər aparılıb, onlara müəllifin əsərlərinin mütaliə edilməsi tövsiyə olunub. Tədbirlərin davamı kimi Naxçıvan şəhərindəki Heydər Əliyev adına, həmçinin 12 və 14 nömrəli tam orta məktəblərdə müəllifin “Babəkdən sonra” poemasının müzakirələri keçirilib və məktəblilərlə Adil Babayevin həyat və yaradıcılığı haqqında ətraflı söhbətlər aparılıb. Tədbirlər planına uyğun olaraq kitabxanada “Adil Babayev: şair, dramaturq, publisist” mövzusunda dəyirmi masa, müəllifin şeirləri əsasında gecə təşkil olunub.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.01.2020



      Yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün “Buta” filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzində saxlanılır.

Azərbaycan kino tarixində bir sıra filmlər vardır ki, bunların içərisində uşaq filmlərinin özünə məxsus yeri olmuşdur. Belə uşaq filmlərindən biri də uşaqların çox sevdiyi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Buta” filmidir.

Erkən yaşlarından valideynlərini itirən Buta (Tofiq Əliyev) ucqar dağ kəndində nənəsi ilə birgə yaşayır. Onun ağıllı düşüncə tərzi və hərəkətləri yaşıdları tərəfindən qısqanclıqla qarşılanır. Buta, həmyaşıdlarının təzyiqlərinə və zorakılığına məruz qalır. Belə ağır günlərin birində, onun köməyinə qoca (Rafiq Əzimo) gəlir. Bu o qocadır ki, uzun illər öncə kənddə taxıl dəyirmanını işlədirdi. Və kənddə keçirilən covkan oyununun qalibi olardı. O, cavanlıqda kənddə sevdiyi qızı ona vermədikləri üçün, kəndi tərk edərək getmişdi. Biz filmin sonuna yaxın bilirik ki, qocanın cavanlıqda sevdiyi qız, Butanın hal-hazırda birgə yaşadığı nənəsi (Kimyaxanım Daşdıyeva) olmuşdur. Hansı ki, Buta bundan xəbərsizdir. Ağır günlərin birində, Qocanın ona yaxınlaşması və onunla danışması Butada azacıq ümid yaradır. Qoca Butaya mənəvi kömək olur. Və sanki, Buta daxilən böyüyür.

Filmin rejissoru İlqar Nəcəf, bəstəkarı Cavanşir Quliyev, quruluşçu rəssamı Əziz Məmmədovdur. Filmdə baş rollarda Xalq artisti Rafiq Əzimov və Tofiq Əliyev, digər rollarda isə aktyor Ləman Nəbiyeva və başqaları çəkilmişlər. Film 2011-ci ildə Avstraliyanın Kvinslend şəhərində keçirilmiş V Asiya-Sakit Okean Kino Akademiyasında ilin “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olmuşdur.

Film uşaqlar tərəfindən maraqla izlənilib.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.01.2020



      Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Vənənd Kənd Uşaq Musiqi Məktəbində müəllim və şagirdlər üçün ustad dərsləri təşkil olunub.

Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Leyla Əlimərdanova uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, ustad dərslərin keçirilməsi tədrisin səviyyəsinin daha da yüksəldilməsi, müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır. Ustad dərslərdə şagirdlərə musiqinin incəlikləri öyrədilir və onları maraqlandıran məsələlərə aydınlıq gətirilir.

Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru Elşən Xəlilov, fortepiano ixtisası üzrə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Aynur Rəcəbova, kamança ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Məmməd Xəlilov, qarmon ixtisası üzrə musiqi kollecinin müəllimi Elşən İsmayılov, saz ixtisası üzrə isə Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov ustad dərsləri keçiblər.

Elşən Xəlilov dərs zamanı bildirib ki, şagirdin bir musiqiçi kimi yetişməsində ixtisas müəlliminin rolu böyükdür. Müəllim tədris prosesində tar musiqi alətində çalmağı öyrədərkən şagirdə təcrübə vərdişlərini də aşılamalı, onlara yaradıcı mövqedən yanaşmalıdır.

Fortepiano ixtisası üzrə ustad dərsi aparan Aynur Rəcəbova əsərlər üzərində təhlil göstərib və məktəbin müəllimlərinə metodiki tövsiyələr verib.

Kamança ixtisası üzrə keçirilən ustad dərsində Məmməd Xəlilov bu qədim musiqi aləti haqqında geniş məlumat verdikdən sonra kamançada ifa olunan əsərlər haqqında şagirdləri məlumatlandırıb.

Qarmon ixtisası üzrə ustad dərsi keçən Elşən İsmayılov qarmon alətində ifa olunan milli musiqi janrlarının xüsusiyyətlərini izah edib. Bildirib ki, ki, bu dərslərin tədrisi zamanı şagirdlərin kollektiv və ya fərdi ifaya üstünlük vermələri də nəzərə alınmalıdır.

Saz ixtisası üzrə keçirilən dərsdə İxtiyar Seyidov vurğulayıb ki, bir sıra musiqi alətləri kimi saz dərslərinin tədrisi zamanı da şagirdə təcrübə vərdişləri aşılamaq və onlara fərdi mövqedən yanaşmaq lazımdır.

Dərslər başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.01.2020



      Yanvarın 23-də Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Vayxır kənd sakini Əli İsmayılov, Şıxmahmud kənd sakini Həcər Musayeva və Kültəpə kənd sakini Məhsəti Səfərova tərəfindən Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən müxtəlif toxuculuq alətləri, xalça, kilim, cecim, mis məişət əşyaları və digər nümunələrdən ibarət 110 eksponat hədiyyə edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə, eləcə də muxtar respublikada zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.

Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanmışdır. İlk belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni muzeylər istifadəyə verilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.

Qeyd olunmuşdur ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər, həmçinin yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçilir. Bundan başqa, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə seminar-treninqlər təşkil olunur. Muzeyşünaslıq işinə göstərilən qayğının və verilən əhəmiyyətin məntiqi davamıdır ki, keçən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamı ilə muzeyin yubileyi geniş şəkildə qeyd olunmuş, tanıtım kitabı və muzeyin internet saytı hazırlanmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada fəaliyyət göstərən bir sıra muzeylərin virtual səyahətə imkan verən internet saytları fəaliyyət göstərir. Görülən işlər nəticəsində muzey ziyarətçilərinin sayı əhəmiyyətli dərəcədə artmış, keçən il ərzində 176 min 901 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 642 min 220 nəfər tamaşaçı muzeyləri ziyarət etmişdir.

Vurğulanıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, ötən il muzeylərimizə 2348 ədəd eksponat daxil olmuşdur. 2019-cu ildə 15 eksponat təqdimatı keçirilmiş, bu təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi-mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak etmişlər. Bu gün Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.

Bu günədək bir sıra istiqamətdə olan təqdimatlar keçirilmişdir ki, bunların arasında maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimlərini qeyd etmək olar. Bu gün keçirilən təqdimat mərasimində də xalqımızın həyat tərzini, məişətini özündə yaşadan maddi-mədəniyyət nümunələri - xalça məmulatları, tariximizin müxtləif dövrlərin aid toxuculuq alətləri, məişətdə istifadə edilən miş qablar Babək Rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilir. İnanırıq ki, bu maddi-mədəniyyət nümunələri də qədim diyarımızın sakinlərinin mədəni həyatı, etnoqrafik yaradıcılıq fəaliyyəti haqqında muzey ziyarətçilərində dərin təəssürat yaratmaqla yanaşı, tədqiqatçı alimlərin də elmi-tədqiqat işlərini faktlarla zənginləşdirilmələri işinə mühüm töhfə olacaqdır.

Nazir çıxışının sonunda muzey ekspozisiyalarının eksponatlarla zənginləşdirilməsi işində yaxından iştirak etdiklərinə görə eksponat hədiyyə edən vətəndaşlara muzey əməkdaşları adından təşəkkür edib.

Tədbirdə eksponat hədiyyə edən vətəndaşlardan Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Babək rayon Vayxır kənd sakini Əli İsmayılov, Babək rayon Kültəpə kənd sakini Məhsəti Səfərova çıxış edərək bildiriblər ki, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində görülən işləri davam etdirəcək, maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəklər.

Sonra Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sərxan Abdullayev muzey fondlarının zənginləşdirilməsinə işinə dəyərli töhfə verən rayon sakinlərinə öz minnətdarlığını bildirib.

Yeni eksponatlara baxış keçirildikdən sonra tədbir yekunlaşıb.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.01.2020



      Dünən Bəhruz Kəngərli Muzeyində tanınmış realist rəssamın anadan olmasının 128-ci ildönümü münasibətilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçilib. Muzeyin bələdçisi Rəna Əliyeva tərəfindən aparılan dərsdə 1892-ci il yanvarın 22-də Naxçıvanda dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan görkəmli rəssamın həyat və yaradıcılığından söhbət açılıb. Hələ körpəlikdə anasını itirən, 9 yaşından isə səhhətində problem yaranan gənc rəssamın yaradıcılığı ilə adını Azərbaycanın sənət tarixinə yaza bilməsi vurğulanıb.

Bildirilib ki, məşhur Kəngərlilər nəslinin nümayəndəsi, Azərbaycan milli rəssamlıq sənətinin tanınmış simalarından olan Bəhruz Kəngərlinin anadan olmasından 128 il keçir. 30 il ömür sürən Bəhruz Kəngərli cəmi yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, zəngin irs qoyub, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla milli sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ictimai məzmun və janr, təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib.

Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, əbədiyaşar yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma diyarında daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə 2012-ci ildə görkəmli sənətkarın yubileyi geniş şəkildə qeyd olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə təqdim edilib. Rəssamın əsərlərinin tam külliyyatı ilk dəfə olaraq albom-kataloq şəklində nəşr olunub. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb. Naxçıvan televiziyası tərəfindən görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb.

Qeyd olunub ki, Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina 2013-cü ildə yenidən qurularaq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb və rəssamın heykəli qoyulub.

Diqqətə çatdırılıb ki, dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərib. O, tarixi keçmişimizi və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Son illər tanınmış rəssamın Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin sənət irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülür.

Bildirilib ki, milli rəssamlıq, boyakarlıq sənətinin zirvəsində dayanan əvəzsiz sənətkar Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də Naxçıvanda dünyasını dəyişib.

Vurğulanıb ki, Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri ideyalı insanlar olublar. Cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə müasirimiz olaraq gələcəyə bizimlə bərabər addımlayır.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.01.2020



      Bəhruz Kəngərli Muzeyində realist fırça ustasının anadan olmasının 128-ci ildönümünə həsr olunmuş “Nuh torpağının rəssamı” adlı tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru Səbinə Əlincəli Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş görkəmli sənətkarın çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığına nəzər salıb, böyük rəssamın irsinə göstərilən diqqət və qayğıdan söhbət açıb.

Bildirilib ki, istedadlı sənətkarın yaradıcılığını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə yüksək qiymətləndirib. Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin, görkəmli sənətkarın adını daşıyan Rəssamlar Parkının yaradılması, parkda abidəsinin ucaldılması, 2012-ci ildə rəssamın 120 illik yubileyinin qeyd olunması görkəmli sənətkarın irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir.

Vurğulanıb ki, Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənc nəsillər üçün örnəkdir. Böyük rəssamın vətənpərvərliyinin ifadəsidir ki, onun ustalıqla yaratdığı əsərlər Bəhruz Kəngərlini incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevirib.

Tədbirdə Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək Bəhruz Kəngərli ənənələrinin naxçıvanlı rəssamların yaradıcılığındakı mühüm rolundan, görkəmli sənətkarın irsinin təbliğindən danışıblar.

Sonda realist rəssamın əsərlərindən ibarət ekspozisiyaya baxış olub.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
22.01.2020



      Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni irsi toplayır, öyrənir və mühafizə edir. Bununla da əhalinin mədəni şüur səviyyəsinin yüksəlməsinə, cəmiyyətin mənəvi inkişafına, bütövlükdə, dövlətin tərəqqisinə çalışırlar. Muzeylərin yaranma tarixinin eramızdan əvvələ təsadüf etdiyini nəzərə alsaq, belə mədəniyyət müəssisələrinin inkişaf yolunu da göz önünə gətirmiş olarıq.

Azərbaycanda muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər 1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, ulu öndərin hakimiyyəti illərində Azərbaycanda 111 müxtəlif profilli muzey yaradılıb. Hazırda onların sayı 200-dən çoxdur.

Muxtar respublikamızda da dövlətin və millətin maddi və mənəvi sərvətinin toplanması, qorunması, təbliğ olunması və gələcək nəsillərə çatdırılması işi diqqət mərkəzində saxlanılır. Fəaliyyət göstərən hər bir muzey və muzey əməkdaşları Vətənə, dövlətə, xalqa xidmət kimi tarixi vəzifələrini dərk edir, bu işin öhdəsindən məsuliyyətlə gəlməyə çalışırlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılan Bəhruz Kəngərli Muzeyi XX əsrin əvvəllərində baş verən tarixi, ictimai-siyasi hadisələri təsviri sənətin qüdrəti ilə özündə əks etdirən mədəniyyət ocaqlarındandır. Belə ki, muzeydə qorunan və nümayiş etdirilən Bəhruz Kəngərlinin “Qaçqınlar” portret silsiləsi, həmçinin rəssamın yaratmış olduğu etnoqrafik rəsm əsərləri xalqımızın milli mədəni sərvəti, qiymətli sənət əsərləridir. Ümummilli lider Heydər Əliyevin açılışında şəxsən iştirak edərək xeyir-dua verdiyi bu muzey hərtərəfli dövlət qayğısından yararlanaraq fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır.

Onu da qeyd edək ki, artıq muzeylərə yeni baxış formalaşıb, muzey işinə innovativ yanaşma gözə çarpır. Bir çox dünya muzeyləri mədəni fəaliyyətin yeni növ və formalarını axtarır və inkişaf etdirirlər. Dünya muzeylərinin təcrübəsində interaktiv oyunlardan, viktorinalardan, səhnəciklərdən, müxtəlif profilli sərgilərdən, tarixi və əlamətdar günlərlə bağlı açıq dərslərdən geniş istifadə olunur. Bu mənada, muxtar respublikamızdakı muzeylər şəbəkəsi tamamilə dünya standartlarına cavab verir.

Kompüter texnikasının və internetin inkişafı ilə diyarımızda da muzey sahəsində yeniliklər yaranıb. Məsələn, bu gün dünyada virtual muzeylər fəaliyyət göstərir. Bu da uğurlu muzey layihələrindən biridir. Zamanın tələbindən yaranıb özünü doğruldan bu yeniliklərin tətbiqi məqsədilə Bəhruz Kəngərli Muzeyinin behruzkengerli.nakhchivan.az saytında da virtual səyahət bölməsi yaradılıb. Həmin bölməyə daxil olan bütün izləyicilər dünyanın istənilən yerindən bu mədəniyyət müəssisəsi ilə virtual tanış ola bilərlər.

Muzeylər xalqın milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürməklə bərabər, həm də maarifləndirici və tərbiyəedici kimi funksiyaların daşıyıcısıdır. Bu mədəniyyət ocaqları insanlarda milli-mənəvi dəyərlərə sədaqət, Vətənə məhəbbət, onun tarixinə, adət-ənənələrinə hörmət hissləri aşılayır. Muzeylərdə keçirilən mədəni-kütləvi tədbirlər isə bu işlərə təkan verir.

Muzey xüsusi elm, tədris mühitidir. Bu mədəniyyət ocaqlarının əsas missiyalarından biri onun tədris fəaliyyətidir. Müdriklər deyiblər ki, ağıllı valideyn kapitalı övladına qoyur. Yəni onun təhsilinə, tərbiyəsinə, ümumən, səviyyəsinin yüksəldilməsinə sərf edir. Bu gün dövlətimiz də bu mühüm məramı bir valideyn həssaslığı və qayğısı ilə layiqincə icra edir. Muxtar respublikada milli dəyərlərimizin yaşadılması, mədəni irsimizin təbliği istiqamətində görülən çoxşaxəli işlər sırasında ayrı-ayrı görkəmli sənətkarların həyat və yaradıcılığının gənc nəslə təqdim olunması başlıca yer tutur.

Görkəmli fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bəhruz Kəngərli irsi, onun xalqımız, Vətənimiz qarşısındakı xidmətləri daim təbliğ olunmalı, muzeydən həm də muzey-məktəb kimi istifadə edilməlidir... Muzeydə dərslər təşkil olunmalı, rəssamın irsi və həyat yolu gənc nəsillərə olduğu kimi çatdırılmalıdır. Çünki bu cür sənətkarların həyat və yaradıcılığı gənc nəsillər üçün nümunədir”.

Bu gün Naxçıvanda həyata keçirilən maarifləndirmə siyasəti və bu siyasətin nəticəsi olaraq muzeylərdə distant və açıq dərslərin keçilməsi gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Əgər bu gün şagirdlər muzeylərdə istər tariximiz, istərsə də ədəbiyyatımız, incəsənətimiz ilə bağlı nə isə öyrənə bilirlərsə, bəhrələnirlərsə, bu, gələcəyin milli ziyalısının yetişdirilməsi istiqamətində mühüm addım deməkdir. Eyni zamanda illər sonra Vətənə və xalqına qulluq edəcək kadrın zəngin dünyagörüşünün təməlinin bu gün möhkəm qoyulması deməkdir.

Bəhruz Kəngərli Muzeyi ilə əlaqə də şagirdlərdə milli dəyərlərimizə bağlılıq yaradır, o bağı möhkəmləndirir, şagirdlərin milli şüurunu formalaşdırır. Onlarda şəxsiyyət, zövq, düşüncə tərzi formalaşır. Məktəblilər əyani surətdə gördükləri bir rəsm əsərinə, tarixi bir əşyaya öz düşüncə tərzi ilə yanaşırlar. Muxtar respublikada gələcək nəsillərin daha da dünyagörüşlü, məntiqli, millətpərvər böyümələri, sərbəst fikrə sahiblənmələri, cəsarətli olmaları və öz düşüncə tərzlərini irəli sürmələri üçün muzeylərdə açıq dərs ənənəsinə xüsusi önəm verilir. Muzey ekspozisiyası şagirdlərə emosional təsir göstərir, onları mənən inkişaf etdirir. Bu proses həm də uşaqlarda məntiqin inkişafına stimul olur, mənəvi tərəqqiyə təkan verir, tarixi yaddaşı möhkəmləndirir. Bu mənada, açıq dərslərə cəmiyyəti düzgün istiqamətləndirməyə xidmət edən ideoloji bir proses kimi baxmaq lazımdır. Belə dərslər muxtar respublikamızda təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bəhruz Kəngərli Muzeyinin əməkdaşları da bunu dərindən dərk edərək açıq dərslərin səmərəli təşkilinə məsuliyyətlə yanaşırlar.

Vətənpərvərlik hər bir insanın əməlləri ilə ölçülür. Bəhruz Kəngərli də əsl vətəndaş kimi Vətənlə bağlı heç bir hadisəyə laqeyd qalmayıb. O gah vətəndaşlıq mətanəti göstərərək “Qaçqınlar” portret silsiləsini yaratmaqla tarixin ağrı-acılarını gələcək nəsillərə ötürüb, gah yurdunun gözəl təbiətini böyük məhəbbətlə tərənnüm edib, gah da çoxəsrlik keçmişdən yadigar qalan tarix və mədəniyyət abidələrinə öz ehtiramını bildirib. Bununla da xalqın tarixini, mədəniyyətini, sənətkarlıq qabiliyyətini vəsf edib.

Bəhruz Kəngərli yaradıcılığının ana xəttini milli təəssübkeşlik təşkil edir. Görkəmli realist rəssamın mövzusundan asılı olmayaraq, bütün əsərlərində milli təəssübkeşlik özünü açıq-aydın büruzə verir. Məlumdur ki, Bəhruz Kəngərli çox zəngin portret qalereyası yaradıb. Bir çox müasirlərinin portretlərini çəkib, hətta bu istiqamətdə sifarişlər qəbul edib. Tanınmış fırça ustasının muzeydə də sərgilənən “Qaçqınlar” silsiləsinə daxil olan əsərlərinə isə qətiyyən adi portret kimi yanaşmaq olmaz. Bu əsərləri rəssam bütöv bir xalqın həqiqətlərini var qüvvəsi ilə hayqıraraq gələcək nəsillərə ötürmək məqsədilə, özü də böyük vətənpərvərlik yanğısı ilə yaradıb.

Bəhruz Kəngərli muzey ekspozisiyasında da xüsusi maraqdoğuran “Qaçqınlar” silsiləsində bu gün Ermənistan adlandırılan, əsl həqiqətdə isə qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycandan – öz doğma yurdlarından mənfur ermənilər tərəfindən didərgin salındıqları üçün Naxçıvana pənah gətirmiş insanları – qaçqınları təsvir edib. Bu, baş verən ədalətsizliyə qarşı bir sənətkar – vətəndaş, ziyalı etirazıdır. Həmin əsərlərdəki insanlar nə qədər məğrurdurlar. Hüzn, kədər, iztirab bu portretlərin qəhrəmanlarının simasında mükəmməl şəkildə təsvir olunub. “Canfəda kəndindən qaçqın oğlan”, “Yaycı kəndindən qaçqın oğlan Cümşün”, “Avşar kəndindən qaçqın qız”, “İki qaçqın qız”, “Ağ ləçəkli qaçqın qız” əsərlərindəki kədər fərdi kədər deyil, ümumxalq kədəridir.

Bu insanlar qəmli ola bilərlər, çünki onlar torpaq itiriblər, yurd itiriblər. Lakin nə qədər də məğrur tuturlar özlərini. Ekspozisiyadakı bu əsərləri seyr etdikcə bir daha düşünürsən: rəssamın peşəkarlığıdır ki, bu insanların daxili sarsıntılarını təsvir edə bilib bu portretlərdə, onların simasına hopan təlatümlü daxili aləmlərini göstərə bilib. Rəssam “Ayaqyalın qadın”, “Qaçqınlar”, “Əyləşmiş qaçqın oğlan”, “Qaçqın İmran çanta ilə”, “Qaçqınlar arabada” əsərlərini yaratmaqla bir amala xidmət edib. Bu da ondan ibarətdir ki, vətənpərvər rəssam kimi tarixi həqiqətləri gələcək nəsillərə çatdırsın, əsərlərini sübut olaraq tarixi sənəd kimi ortaya qoysun. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi dəyərlidir. Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin əsərlərdən rəssam pul qazanmayıb. Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edirdi. Əsl Vətən oğlu adlandırılmağa layiq olan görkəmli rəssamımız çox gözəl anlayırdı ki, hər bir vətəndaşın ilk vəzifəsi xalqının, millətinin istiqbalıdır. Rəssam bütün varlığı, milli təfəkkürü ilə düşünürdü ki, Vətənin dərdinə biganə qalmaq olmaz, çünki biganəlik milləti çökdürər. Bəhruz Kəngərlinin yaradıcılığına daha yaxından bələd olduqca insanı bir sual düşündürür: – Bəs biz Bəhruz Kəngərlinin vətənpərvərliyindən dərs götürə bilirikmi?

Adını bu gün fəxarətlə çəkdiyimiz milli ruhlu sənətkarımız yaşadığı qısa ömründə vətənpərvərliyin ən gözəl nümunəsini nümayiş etdirib. Bu vətənpərvərlik duyğusu muzey əməkdaşlarının fitrətinə hopub, muzeyin fəaliyyətinə yansıyıb. Xalqımızın millətpərvər oğlunun adına layiq keçirilən hər bir mədəni-kütləvi tədbirin ana xəttini millilik və vətənpərvərlik təşkil edir, rəssamın Vətən sevgisi hər kəsə nümunədir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən muzey işində peşə vərdişləri formalaşdırılması məqsədilə fond mühafizləri, bələdçilər üçün mütəmadi olaraq keçilən təkmilləşdirmə kursları, seminar-treninqlərdə, təşkil olunan dəyirmi masalarda Bəhruz Kəngərli Muzeyinin əməkdaşları da fəal iştirak edirlər. Diyarımızda muzey işi sahəsində istər düzgün kadr siyasətinin aparılması, istərsə də peşəkarlığın artırılması istiqamətində görülən bu tədbirlər muxtar respublikada muzeyşünaslığın inkişafına sanballı töhfələrini verməklə yanaşı, kollektivimizi də mədəni irsimizin daha dolğun, planlı şəkildə təbliğinə səfərbər olmağa sövq edir.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
22.01.2020



      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekbarın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalamış, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınmışdır.

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmişdir.

Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.

Sonra Dövlət Himni səslənmişdir.

Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoymuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm, təhsil,mədəniyyət və səhiyyə müəssisələrinin kollektivləri, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin əməkdaşları, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almışdır.

Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.

Ümummilli liderimiz yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirmiş, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, ulu öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırmışdır.

Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvana hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başladı və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazıldı.

Ulu öndərimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi dövrdə 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət vermişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Ali Məclis 1990-cı il 21 noyabr tarixli “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul etmiş, həmin qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması əksini tapmışdır. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılmış, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faicələrlə, soyqırımlarla sınağa çəkilməcəyinə təminat verir.

Bugünkü müstəqil, qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “20 yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda da qeyd olunduğu kimi: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.

Tədbirdən sonra Ali Məclisin Sədri Xatirə Muzeyinə gəlmişdir.

Məlumat verilmişdir ki, muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeyin fondundakı 2 minə yaxın eksponat xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilmişdir.

Ali Məclisin Sədri Xatirə Muzeyində məktəblilərin iştirakı ilə açıq dərslərin keçirilməsi və qəhrəmanlıq tariximiz barədə gənc nəslin məlumatlandırılmasının vacibliyini vurğulamışdır.

Həmin gün saat 12:00-da muxtar respublikada şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.01.2020



      “20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır”. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.

İnteraktiv dərsdə bələdçi Elvira Qədimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş yollarını əks etdirən materiallar saxlanılır. Eyni zamanda bu mədəniyyət müəssisəsində qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Xatirə Muzeyində azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə törədilən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlar sərgilənir..

Bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı imzaladığı fərmanların surətləri, şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş şücaətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.

Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib. Buna baxmayaraq, naxçıvanlılar düşmənin önündə mərdliklə dayanaraq qəhrəmancasına mübarizə aparıb, Naxçıvanı qoruyub saxlayıblar.

Azərbaycan xalqının milli azadlıq hərəkatına və müstəqillik tarixinə 20 Yanvar hadisəsi şanlı səhifə kimi daxil olub. Bu hadisəni Azərbaycan tarixinə milli əsarətə, qətliama qarşı mübarizə günü kimi yazan qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bir dərs saatı 20 Yanvar faciəsinə həsr olunub.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.01.2020



      Yanvarın 17-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “20 Yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar Nazirliyə tabe müəssisələrdə çalışan gənclərin və hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin Naxçıvan şəhərindəki Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin yaradıcı gənclərlə iş üzrə aparıcı məsləhətçisi İlkin Cabbarov açaraq bildirmişdir ki, XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 yanvar hadisələrinin 30-cu il dönümü ərəfəsində şəhidlərimizin əziz xatirəsi müxtəlif tədbirlərlə yad edilir. Bu faciənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif rəylərə rast gəlinsə də, bütün əks mövqelər məhz bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. 20 yanvar hadisələri eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi tariximizə yazıldı.

Qeyd olunmuşdur ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdir.

Ümummilli lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”

Daha sonra gənclər muzeylə tanış olublar. Burada gənclərə məlumat verilmişdir ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sərəncamı ilə Şəhidlər Muzeyi kimi yaradılmış müəssisə 8 avqust 2000-ci il tarixdə adı dəyişilərək Xatirə Muzeyi adlandırılmışdır. Hazırda burada 2000-ə yaxın eksponat qorunub saxlanılır.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri digər muzeylərdə olduğu kimi Xatirə Muzeyində də olurlar. Muzeydə gənc nəslin xalqımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalanların şərəfli ömür yolunun öyrənilməsi, Vətənə, dövlətə, müstəqilliyimizə sadiq ruhda böyüməsi fəaliyyətin əsas istiqamətini təşkil edir.

Ekskursiya zamanı gəncləri maraqlandıran suallar cavablandırılmışdır.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.01.2020



      Yanvarın 16-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şahbuz Şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə Şahbuz Şəhər Mədəniyyət Evində 20 Yanvar faciəsinə həsr olunmuş “Xalqımızın qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib.

Əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Şahbuz Şəhər Mədəniyyət Evinin direktoru Zəkiyyə Rüstəmova, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev, Şahbuz Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Elşən Mərdanlı, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhir Ailələri Şahbuz Rayon Təşkilatının sədri Xəqani Həsənov, rayon MKS-nin əməkdaşı Kifayət Əliyeva və şəhid ailələri üzvlərindən Azədə Əsgərova çıxış etmişlər.

Çıxışlarda bildirilib ki, qanlı 20 Yanvar hadisəsi sovet imperiyasının millətimizə qarşı törətditiyi tarixi faciədir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqının mübarizə əzmini qırmaq, onun suverenlik istəyini sarsıtmaq mümkün olmadı. Həmin gün küçələrə, meydanlara çıxaraq azadlıq və müstəqillik uğrunda haqq səsini ucaldan günahsız insanların ölümündən belə qorxmadılar. Elə ona görədir ki, 29 il bundan əvvəl baş vermiş 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik tarixinə şərəfli gün, qəhrəmanlıq simvolu kimi həkk olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının xüsusi hazırlıqlı ordusu tərəfindən planlı şəkildə azərbaycan xalqına qarşı törədilən faciə xalqın yaddaşında silinməz iz qoydu. Həmin gecə xalqda bir təlatüm, , coşqunluq, həyəcan vardı. İnsanların qəlbində mübarizəyə çağırış hissi baş qaldırmışdı.

Vurğulanıb ki, tarixin müxtəlif sınaqlarından çıxmış, həmişə mübarizliyi ilə seçilən Azərbaycan xalqı ağır itkilər versədə, öz qürurunu, vətənə bağlılığını bu dəfə də sübut etdi. Bu təcvüz Azərbaycan xalqına qarşı edilmişdi, həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Xalqımızın başına gətirilmiş müsibətin əsl səbəbkarı olan Mixail Qorbaçov ali səlahiyyət imkanlarından istifadə edərək Azərbaycan xalqına 20 Yanvar faciəsini tez bir zamanda unutdurmağa çalışsa da, bu, mümkün olmadı.

Diqqətə çatdırılıb ki, ölkədə xaos özbaşnalıq, şəxsi maraqlara hesablanmış siyasi çəkişmələr böyük vüsət almışdı. Xarici müdaxilələr və daxili çəkişmələr ölkəni parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu zaman xalqın etibarlı, vətəninə, xalqına sadiq bir liderə böyük ehtiyacı yaranmışdı. 20 Yanvar faciəsinə ilk olaraq etirazını bildirən və bunu dünya ictimaiyyətinə çatdıran ulu öndər Heydər Əliyev xalqın haq səsinə səs verərək hadisədən bir gün sonra Moskvada yerləşən azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdi. Baş verənlərlə bağlı açıqlama verərək xalqımıza qarşı törədilən cinayəti ifşa etdi və xalqla, millətlə həmrəy olduğunu bildirdi.

Sonra Şahbuz Rayon Şahbuz Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyi üzvlərinin ifasında 20 Yanvar faciəsinə və qəhrəmanlıq tarixinə həsr olunmuş şeirlər bədii qiraət edilib.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.01.2020



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən klub və mədəniyyət evlərinin əməkdaşları üçün peşə kursları təşkil olunub.

Naxçıvan Dövlət Uşaq Teatrında təşkil olunan yallı kursunda 15, Naxçıvan Dövlət Filarmoniyasında keçirilən rəqs kurslarında 12, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində keçirilən rəssamlıq kurslarında 11, Naxçıvan Dövlət Musiqili Dram Teatrında təşkil olunan dram kurslarında isə 21 nəfər iştirak edir.

Bir ay davam edəcək kurslarda öz peşələrinə dərindən bələd olan təcrübəli müəllimlər və ustalar tərəfindən kurs iştirakçılarının seçdiyi peşəyə uyğun olaraq müəyyən istiqamət veriləcək, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların inkişafına da köməklik göstəriləcək.

Tanınmış mütəxəssislərin apardığı peşə kursları dərnək işinin keyfiyyətinin yüksəldilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə Liseyində də xalçaçılıq, toxuculuq, dülgərlik, dərzilik, misgərlik sənətləri ilə bağlı kursların keçirilməsi də nəzərdə tutulub.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.01.2020



      Naxçıvan Muxtar Respublikasında musiqi təhsilinin inkişafı və dövlət musiqi təhsili müəssisələrinin şəbəkəsinin genişləndirilməsi daim diqqət mərkəzində saxlanan məsələlərdən biridir. Dövlətimizin göstərdiyi qayğı nəticəsində son illər ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan təhsil müəssisələri üçün yeni binalar tikilir və ya binalar yenidən qurularaq istifadəyə verilir. Naxçıvan Musiqi Kollecində və uşaq musiqi məktəblərində təhsilin yüksək səviyyədə aparılması üçün hərtərəfli şərait yaradılır.

Uşaq musiqi, incəsənət və bədii yaradıcılıq məktəblərində və musiqi kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə, şagirdlərin, müəllimlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün bir sıra işlər həyata keçirilir. Tədris zamanı elmi biliklərlə yanaşı bacarıq və vərdişlərinin də inkişafına xidmət edən ustad dərsləri təşkil olunur, müəllimlərə düzgün istiqamət vermək və məktəblərdə tədrisin daha səmərəli təşkilini təmin etmək məqsədi ilə metodiki kurslar keçirilir, gənclərə stimul verən müsabiqələr və solo konsertlər hazırlanır.

Dövlət musiqi təhsili müəssisələrində tədrisin keyfiyyət göstəricisi kimi qəbul edilən hesabat konsertləri də gənclərin yaradıcılıq potensialını nümayiş etdirməsi üçün onlara geniş imkanlar yaradır.

Qeyd edək ki, bu il də 2019-2020-ci tədris ilinin birinci yarısının başa çatması ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan təhsil müəssisələrində hesabat konsertlərinin keçirilməsinə start verilib.

Naxçıvan şəhərində və rayonlarda keçirilən hesabat konsertlərində Naxçıvan Musiqi Kollecinin tələbələrinin və uşaq musiqi məktəblərinin şagirdlərinin ifasında xalq mahnıları, görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Muğam, saz havaları, xor musiqisi və rəqslər ifa olunub.

Dövlət musiqi təhsili müəssisələrində yaradılan xalq çalğı alətləri orkestrləri, nağaraçalanlar, sazçalanlar, skripkaçalanlar ansamblları və s. yaradıcı kollektivlərin ifasında təqdim olunan musiqi əsərləri konsert proqramlarını daha maraqlı və yaddaqalan edib.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.01.2020



      Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 13-də Vənənd kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 3 mərtəbəli məktəb binasında tədris üçün bütün imkanlar yaradılmışdır. Binada direktor və müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, saz, kamança, nəfəsli alətlər, tar, fortepiano, xanəndəlik sinfi olmaqla, 34 sinif otağı, 22 yerlik konsert zalı, musiqi ədəbiyyatı və oxunması zəruri olan kitablarla təmin edilmiş kitabxana, musiqi alətlərinin təmiri otağı və arxiv yerləşir.

Musiqi alətlərinin təmiri ustası-müəllim Vahid Məmmədov yaradılan şəraitin fəaliyyət üçün geniş imkanlar açdığını bildirmiş, daha səylə çalışacaqlarına söz vermişdir.

Məktəbdə Xalq Çalğı Alətləri və Nəfəsli Alətlər orkestrləri, Sazçalanlar və Nağaraçalanlar ansamblları, eləcə də Xor kollektivi fəaliyyət göstərir, fortepiano, tar, kamança, nağara, saz, qarmon, klarnet və xanəndəlik ixtisasları tədris olunur.

Ali Məclisin Sədri musiqi məktəbinin müəllimləri ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, muxtar respublikada mədəniyyətin, xüsusilə musiqisənətinin inkişafı əsas vəzifələr sırasındadır. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Məktəbin müəllimi Leyla Yaqubova demişdir: “Kəndimizdəki musiqi məktəbi Sovet dönəmindən qalmış köhnə və heç bir şəraiti olmayan binada yerləşirdi. Lakin Ali Məclis Sədrinin qayğısı ilə Vənənd kəndində aparılan geniş quruculuq işləri musiqi məktəbini də əhatə etmişdir. Bu gün müasir tələblər səviyyəsində, yüksək standartlara cavab verən musiqi məktəbi kollektivin istifadəsinə verilir. Çalışacağıq ki, yaradılan şəraitin müqabilində daha əzmlə fəaliyyət göstərək, musiqisənətinin sirlərini gənc nəslə öyrədək. Yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlığımızı bildirir, qarşıdan gələn doğum gününüz münasibətilə təbrik edir və dövlətçilik fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasında 26 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Onlardan 2-si Ordubad rayonunda – Ordubad şəhərində və Vənənd kəndində yerləşir. Bu gün muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə hərtərəfli şərait yaradılmışdır. Uşaq musiqi məktəbləri ilə yanaşı, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və konservatoriyası fəaliyyət göstərir. Ona görə də musiqi məktəblərinin üzərinə mühüm vəzifə düşür. Uşaq musiqi məktəblərində təhsil alan gənclərə gələcəkdə musiqi təhsillərini davam etdirmələri üçün seçdiyi ixtisaslar dərindən öyrədilməlidir. Bu gün musiqi məktəblərində ixtisaslı müəllimlər dərs deyir. Bunlar da imkan verir ki, musiqi təhsili gənclərə yaxşı öyrədilsin. Çünki musiqi məktəblərində təhsilin düzgün təşkili ölkənin mədəniyyətinin inkişafına da böyük töhfədir. Milli musiqimiz, xalq və bəstəkar mahnıları, dünya musiqisi gənc nəslə musiqi məktəblərində öyrədilir.

Ali Məclisin Sədri demişdir: Azərbaycan milli musiqisinin və mədəniyyətinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə musiqi mədəniyyətimizin inkişafını diqqətdə saxlamış, yeni əsərlər yazılmışdır. Ölkəmizdə ümummilli liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün də musiqi sənətinin inkişafı sahəsində nailiyyətlər vardır. Vaxtilə Azərbaycan gəncləri yalnız Sovetlər Birliyindəki məktəblərdə təhsil ala bilirdilərsə, bu gün müstəqil Azərbaycanın gəncləri dünya konservatoriyalarında tanınmış musiqiçilərdən dərs alırlar.

Qeyd olunmuşdur ki, peşəkar musiqiçilərin yetişməsində ilkin musiqi təhsili mühüm əhəmiyyət daşıyır. Ona görə də musiqi məktəblərində gənclərə yaxşı təhsil verilməli, milli musiqinin sirləri dərindən öyrədilməlidir. Vənənd kənd Uşaq Musiqi Məktəbində bu vəzifələrin icrası üçün lazımi şərait yaradılıb. Burada 8 ixtisas üzrə 119 şagird təhsil alır. 34 nəfərdən ibarət pedaqoji kollektiv şagirdlərə musiqi təhsili verir. Ona görə də təhsilin səviyyəsi daim yüksək olmalı, musiqiyə marağı olan şagirdlər məktəbə cəlb edilməlidir.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə kollektivə təşəkkürünü bildirmiş, onlara təhsildə uğurlar arzulamışdır. Konsert zalında məktəbin şagirdləri musiqi nömrələri təqdim etmişlər.





Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.01.2020



      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2020-ci il






Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.01.2020



      Bu gün Cəmşid Naxçıvanski Muzeyində “2020-ci ildə muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda seminar-treninq keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muxtar respublikada fəaliyyət göstərən müxtəlif profilli muzeylər bu gün dövlətin göstərdiyi hərtərəfli qayğı ilə əhatə olunur, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Bu səbəbdən muzey əməkdaşları öz işlərini düzgün qurmağı bacarmalı, öz qonaqlarına yüksək səviyyədə xidmət göstərməlidir.

Hər il mütəmadi olaraq keçirilən seminar-treninqlərin əsas məqsədi də muzey əməkdaşlarının vəzifə funksiyalarını dərindən öyrənməyinə şərait yaradaraq onları muzey işi haqqında ətraflı məlumatlandırmaqdan ibarətdir. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Tədbirdə Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev mədəni-kütləvi tədbirlərin səmərəli təşkili məsələsindən danışaraq bildirmişdir ki, hər il olduğu kimi 2020-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərin əsas məqsədi maarifçilik və məlumatlandırmaq istiqamətində olmalı, keçirilən mədəni-kütləvi tədbirlər muzeyin profilinə uyğun olaraq təşkil edilməlidir. Abasət Nuriyev qeyd edib ki, Cəmşid Naxçıvanski Muzeyində mədəni kütləvi tədbirlər təşkil olunarkən bu məsələlər diqqət mərkəzində saxlanılır. Səmərəli tədbirlərin keçirilməsi əsas məqsəd olaraq qarşıya qoyulur.

Sonra Cəmşid Naxçıvanski Muzeyinin əməkdaşı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova çıxış edərək bildirib ki, mədəni-kütləvi tədbilərin keçirilməsi həm muzey əməkdaşlarının peşə biliklərinin artırılmasına, həm də tədbir iştirakçılarının dünyagörüşünün inkişafına xüsusi təsir göstərir. Muzeylərdə əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi gənc nəslin maarifləndirilməsinə, onların xalqımızın tarixi, mədəniyyəti ilə bağlı biliklərinin artırılmasına xidmət göstərir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, muzey əməkdaşlarını maraqlandıran sualları cavablandırılıb. Muzey ekspozisiyasına baxış keçirildikdən sonar tədbir yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.01.2020



      Muxtar respublikanın rayonlarında bir sıra idarə, müəssisə və təşkilatların kollektivləri muzeylərdə olublar.

Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində olublar. Məlumat verilib ki, muzeydə ədibin 150 illik yubileyi ilə bağlı guşə də yaradılıb.

Ordubad rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri də rayonda fəaliyyət göstərən bir sıra muzeyləri ziyarət ediblər.

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan tamaşaçılara məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir.

Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan rayonun idarə, müəssisə və təşkilatların kollektivləri burada rayonun tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Şahbuz rayon idarə, müəssisə və təşkilatların kollektivləri Nursu kəndində görkəmli sənətkar, xalq şairi Məmməd Arazın Ev Muzeyi və Rayon Tarix Diyarşünaslıq Muzeyində olublar.

Sədərək rayon idarə və müəssisələrin kollektivləri isə Rayon Tarix Diyarşünaslıq muzeyini ziyarət ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.01.2020



      2019-cu il də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətində uğurlu illərdən biri kimi tarixə qovuşdu. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabeliyindəki mədəniyyət müəssisələri tərəfindən ötən ildə də xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliği, muxtar respublika əhalisinin mədəni tələbatının ödənilməsi istiqamətində festival, konsert, müsabiqə, əlamətdar və tarixi günlərlə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə bağlı mədəni-kütləvi tədbirlər, kitab müzakirələri və təqdimatları, dəyirmi masa və diskussiyalar, ədəbi-bədii gecələr və sərgilər təşkil olunmuş, tamaşa və filmlər göstərilmiş, açıq və distant dərslər, ustad dərsləri keçilmişdir.

Novruz bayramı münasibətilə martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən bayram şənliyində Nazirliyin tabeliyində olan Naxçıvan Musiqi Kollecinin, uşaq musiqi və bədii sənətkarlıq məktəblərinin, musiqi, folklor və rəqs kollektivlərinin çıxışları olmuşdur. Bayram günlərində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tamaşalar nümayiş etdirmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirlərin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuş, Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

Ötən ilin mart ayında Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət və Uşaq filarmoniyaları kollektivlərinin konserti olmuşdur. Bundan başqa, aprel ayında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər festivalı”nda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı və Musiqi Kollecinin musiqi və rəqs qrupları, sazçalanlar ansamblı, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri, eləcə də istedadlı yeniyetmə və gənclər, klub müəssisələrinin folklor qrupları və dərnək üzvləri konsert proqramları ilə iştirak etmişlər.

2019-cu il Mədəniyyət Nazirliyinin fəaliyyətində olduqca əlamətdar günlərlə yadda qalacaqdır. Belə əlamətdar hadisələrdən biri də ötən ilin may ayında “Şərur” Xalq Yallı Ansamblının Ukraynanın paytaxtı Kiyev şəhərində konsert proqramı ilə çıxış etməsi olmuşdur. Azərbaycan Diplomatiyasının 100 illiyi, 28 May - Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən həmin tədbirdə ansambl Naxçıvan yallılarını nümayiş etdirmiş, tədbirdə Naxçıvanla bağlı çap məhsulları və Naxçıvan nemətləri sərgilənmişdir. Bundan başqa, iyunun 18-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurum şəhərində keçirilmiş təntənəli mərasimdə “Şərur” Xalq Yallı Ansamblının ifasında Naxçıvan yallılarından nümunələr təqdim edilmişdir.

Ötən ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solo oxuma, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsi keçirilmişdir.

2019-cu ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları - 2019” festivallarının bədii hissələrində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin ifalarında musiqi və rəqs nömrələri təqdim edilmiş, “Fləşmob” nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq, 22 may-19 iyun tarixlərində xalq teatrlarının muxtar respublika festivalı keçirilmişdir. Festival çərçivəsində Naxçıvan şəhər, Şərur, Ordubad, Şahbuz və Babək rayon xalq teatrlarının üzvləri teatrsevərlərə tamaşalar nümayiş etdirmiş, festivalın sonunda xalq teatrları Nazirliyin diplomları ilə təltif olunmuşdur. Ötən dövrdə, ümumilikdə, xalq teatrları 5 yeni tamaşa hazırlamış və bu tamaşalar 10 dəfə nümayiş etdirilmişdir. Şərur Rayon Xalq Teatrı iyun ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində “Motsart və Salyeri” tamaşası ilə çıxış etmişdir. Festivalda iştirak edən kollektivlər arasında Şərur Rayon Xalq Teatrının tamaşası II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar. Adıçəkilən sərəncamına uyğun olaraq, muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində 8 “Xalq yaradıcılığı günü” keçirilmişdir.

İyunun 14-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə əlaqədar Nazirlik tərəfindən müvafiq Tədbirlər Planı hazırlanmış, müxtəlif səpkidə mədəni-kütləvi tədbirlər təşkil edilmişdir. Həmçinin ədibin əsərləri əsasında “Ölülər və dəlilər” tamaşası hazırlanmış, mayın 25-də Türkiyə Respublikasının Qars şəhərində, iyunun 28-də isə Naxçıvan şəhərində həmin tamaşa nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması davam etdirilmişdir. “Şərur” Xalq Yallı Ansamblının ifasında 21 yallının yallının çəkilişi aparılmış, 94 yallı təhlil edilərək nota köçürülmüş, yallı ilə bağlı müxtəlif mövzularında dəyirmi masalar və seminarlar təşkil edilmiş, “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı ötən ilin aprel ayında Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Görüşdə Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı müvafiq ixtisaslar üçün Nazirlik tərəfindən hazırlanmış təkliflər müzakirə edilmişdir.

May ayında norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyəti tərəfindən Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin xor kollektivləri üçün keçilən ustad dərsində Nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrin də iştirakı təmin edilmişdir.

Ötən ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı muzeyin internet portalının hazırlanması ilə bağlı iş davam etdirilmişdir. Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley qeyd edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə muzeyin 2 nəfər əməkdaşı "Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adı, 5 nəfər əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşdur.

Sentyabr ayında Nazirliyin təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlər təşkil edilmiş, “Yallı festivalı” keçirilmişdir.

Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsi keçirilmiş, qaliblər diplom və pul mükafatları ilə təltif edilmişlər. Həmçinin oktyabr ayında görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmiş, Naxçıvan televiziyasının hazırladığı “Yarımçıq ömrün akkordları” filmi və istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Yola saldığımız 2019-cu ilin noyabr ayında rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivləri arasında “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu keçirilmiş, qaliblər Nazirliyin diplomları, müsabiqədə fərqlənən iştirakçılar isə fəxri fərmanlarla təltif edilmişlər.

Ötən il nümunəvi muzey xidməti göstərilməsi işi də diqqət mərkəzində saxlanılmış, muzeylərimizi 2019-cu ildə, ümumilikdə, 642 min 220 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 176 min 901 nəfəri əcnəbi vətəndaşlardır. Ötən il də muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi işi mütəşəkkilliklə davam etdirilmişdir. Belə ki, 2019-cu ildə Mədəniyyət Nazirliyinə 1102 maddi-mədəniyyət nümunəsi təqdim edilmiş, 15 eksponat təqdimatı mərasimi keçirilmişdir. Bəhs olunan dövrdə muzeylərə 2346 ədəd yeni eksponat daxil olmuşdur. Bunlarla yanaşı, Nazirlik tərəfindən AMEA Naxçıvan Bölməsinə qədim əlyazma və kitabların verilməsi ilə bağlı 3 təqdimat keçirilmiş, 57 ədəd qədim əlyazma və kitab hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ötən il muxtar respublikanın müxtəlif muzeylərindən ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün 20 distant dərs keçilmişdir.

2019-cu ildə kitabxanaların da fəaliyyətində nailiyyətlər əldə olunmuş, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən ahıl və sağlamlıq imkanları məhdud 318 nəfərə səyyar kitabxana xidməti də göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 599 adda 14 min 79 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə, il ərzində kitabxanalara 1887 adda 16 min 211 nüsxə çap məhsulu daxil olmuşdur. Yanvar-dekabr ayları ərzində kitabxanalarda yeni oxucu sayı 3870, oxucu gəlişi 110 min 213 nəfər təşkil etmişdir. Elektron kataloqa işlənmiş kitabların ümumi sayı 14 min 966-ya çatdırılmışdır. Ümumilikdə, elektron kitabxanadan il ərzində 2342 oxucu istifadə etmişdir.

Ötən il Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş, dekabr ayında Azərbaycan Respublikasının Əməkdar artistləri Rafael İskəndərov və Coşqun Rəhimovun iştirakı ilə “Bu şəhərdə”nin “Hamı 19 ilə” adlı konsertləri keçirilmişdir. Həmçinin sarayda aid təşkilatlar tərəfindən keçirilən 10 günlük “İstedadlı qadınlar və məhdud fiziki imkanlıların əl işləri sərgisi”nin keçirilməsi üçün şərait yaradılmışdır.

2019-cu ildə Naxçıvan Dövlət Film Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti və Azərbaycan Kinosu Günü ilə, əlamətdar və tarixi günlərlə bağlı, eləcə də Azərbaycan kinofilmlərinin nümayişini təşkil etmək məqsədilə 63 film nümayiş etdirilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Film Fondunda olmayan 37 adda bədii və sənədli film Fondun arxivinə daxil edilmiş, filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ötən il C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı, Elçin Əfəndiyevin “Teleskop” pyesi əsasında hazırlanmış eyniadlı tamaşalar və “Ölülər və dəlilər” tamaşası teatrsevərlərə təqdim edilmiş, Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” tamaşaları istehsalata buraxılmışdır.

2019-cu ildə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qoğalın sərgüzəşti”, “Qızıl xoruz”, “Buratino” və “Qaraca qız” tamaşaları istehsalata buraxılmış, H.X.Andersenin nağılları əsasında “Qar kraliçası” tamaşası hazırlanmış, 128 dəfə tamaşa göstərilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrı isə “Məlik Məmməd”, Siçanlar və pişiklər” və Arzu Soltanın “Adam-badam iysi gəlir” əsəri əsasında eyniadlı tamaşalar hazırlamış, 38 dəfə tamaşa oynamışdır.

Ötən ilin noyabr ayında Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının 55 illik yubileyi qeyd edilmiş, xalq teatrının üzvlərinin təqdimatında Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Axirətdən gələn zəng” tamaşası nümayiş etdirilmişdir. Noyabr ayında həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə keçirilmişdir.

Dekabr ayında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının yeni layihəsi əsasında ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan vokalçıları” festivalının Naxçıvan turu çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə muxtar respublikanın peşəkar və gənc vokal ifaçılarının çıxışları olmudur.

Ötən il Babək və Şərur Rayon Xalq teatrları S.S.Axundovun eyni adlı əsəri əsasında hazırlanmış “Tamahkar” komediyasını və M.F.Axundzadənin əsəri əsasında hazırlanan “Lənkəran xanının vəziri” tamaşasını rayon sakinlərinə təqdim etmişlər.

2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 585 ədəd xalça haqqında məlumatlar hazırlanmışdır.

İl ərzində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 49-u xeyriyyə, 14-ü bilet satışı ilə olmaqla, 63 konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyası hesabat dövründə Şahbuz, Culfa, Ordubad və Kəngərli Rayon mədəniyyət saraylarında, əlamətdar günlərlə bağlı dövlət tədbirlərində, eləcə də Naxçıvan şəhərində keçirilən "Yallı" festivalında konsert proqramları ilə çıxışlar etmişdir. Ötən il Naxçıvan Dövlət Uşaq Filarmoniyasına 21 nəfər istedadlı uşaq cəlb edilmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələri üçün də 2019-cu il uğurlar ili kimi yaddaqalan olmuşdur. Naxçıvan Musiqi Kollecinin bir qrup müəllim və tələbələri mart ayında Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişdir. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Hacılı Nəcəf Nadir oğlu müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Həmçinin kollecin 1 nəfər müəllimi və 6 nəfər tələbəsi qeyd olunan festival-müsabiqənin qalibləri olmuş, müxtəlif ixtisaslar üzrə I, II, III yerlərə və diplomlara layiq görülmüşlər. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokolmda keçirilən I Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüş, Stokolmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış etmişdir.

Nazirliyin təşkilatçılığı ilə ötən ilin aprel və oktyabr aylarında xalq artisti, professor, görkəmli bəstəkar Tofiq Bakıxanov, iyun ayında tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev, noyabr ayında isə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli dirijor, skripka ixtisası üzrə pedaqoq Teymur Göyçayevin iştirakı ilə Naxçıvan Musiqi Kolleci, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdləri üçün ustad dərslər keçilmişdir.

Ötən il də yaradıcı gənclərlə iş sahəsində bir sıra işlər görülmüş, Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin "Naxçıvanı tanıyaq və tanıdaq" başlığı altında şəhər və rayonlarımızda yerləşən muzeylərə, tarixi abidələrə ekskursiyaları təşkil olunmuş, maarifləndirici tədbirlər keçirilmiş, müxtəlif mövzularda dəyirmi masalar təşkil edilmişdir.

2019-cu ildə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi işi də diqqətdə saxlanılmış, yanvar ayında Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuş, Cəmşid Naxçıvanski Muzeyi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Culfa rayonundakı Ərəfsə körpüsü bərpa edilmişdir. Həmçinin 2019-cu il ərzində Ordubad rayonunun Dəstə, Şərur rayonunun Kərimbəyli, Qışlaqabbas, Muğanlı, Alışar, Yeni Havuş, Xətai, Xələc, Babək rayonunun Kültəpə, Gülşənabad və Şahbuz rayonunun Türkeş kənd kitabxana filiallarının və klub müəssisələrinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində yüksək iş şərait yaradılmışdır. Bundan başqa, Sədərək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Heydərabad Qəsəbə Kitabxana Filialı və Heydərabad Qəsəbə Klubuna yeni istifadəyə verilən yaşayış binasında yer ayrılmışdır.

Yanvar-dekabr ayları ərzində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə 1 nəfər “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 3 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 10 nəfər isə Prezident mükafatına layiq görülmüş, 1 nəfər “Tərəqqi” medalı, 5 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında"ilə Culfa Şəhər Klubunun pantomim dərnəyinin üzvü Duyqu Əliyeva incəsənət sahəsi üzrə xüsusi təqaüdə layiq görülmüş və adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.01.2020



      Milli və bütövlükdə Şərq teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan qədim Naxçıvan teatrı yeni ili teatrsevərlərə yeni sənət sevinci bəxş etməklə qarşıladı.

Tanınmış yazıçı-dramaturq, ictimai və dövlət xadimi Elçin Əfəndiyevin on bir şəkil və iki epiloqdan ibarət "Teleskop" pyesi uğurlu səhnə taleyi ilə yaddaşlara yazıldı.

Qeyd etmək yerinə düşər ki, belə bir tragikomediyanın səhnələşdirilməsi bir neçə cəhətdən məsuliyyətli və cox ciddi bir iş idi. Belə ki, müasir Azərbaycan dramaturgiyasının zirvəsi sayılan İlyas Əfəndiyev ədəbi irsini və ziyalılıq etalonunu təkrarsız şəkildə yaşadıb özünəxas çalarlarla zənginləşdirməklə Elçin olan müəllif dünya səhnəsindən belə sevilərək izlənilən bir dramaturqdur. Eyni zamanda tələbkar Naxçıvan tamaşaçısı da Xalq yazıçısının səhnə əsərlərinə nabələd deyil. Bu teatrda dramaturqun “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Ah, Paris, Paris”, “Arılar arasında” pyesləri uğurla tamaşaya qoyulub. Yazıçının XIX əsrin əvvəllərinə aid tariximizi, o dövrdə baş verən siyasi prosesləri əks etdirən “Baş” romanı isə naxçıvanlı oxuculara “Oxunması zəruri olan kitablar Siyahısı” ilə yaxşı tanışdır.

Müraciət olunan əsərin səhnə quruluşunun Akademik Milli Dram Teatrda, Rus Dram Teatrında reallaşması, Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində ingilis dilində səhnələşdirilməsi, Türkiyənin ən nüfuzlu festivallarından olan Bursa Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrın ifasında uğurla nümayiş olunması əsərə yeni quruluş verəcək rejissorun məsuliyyətini birəbeş artırırdı desək, yanılmarıq. Bütün bunları nəzərə alan, özü də peşəkar aktyorlarla yanaşı gənc qüvvələrdən də istifadə edən gənc rejissor Həcərxanım Məmmədova belə bir çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gələ bilib.

Tragikomediya maraqlı bir süjet üzərində qurulub. Əsər avtomobil qəzası nəticəsində komaya düşüb bu dünya ilə o dünyanın arasında qalan birindən bəhs edir. Yəni tamaşa hər kəsin maraq dairəsinə aid olan ölümdən sonrakı həyat, özündən sonra həyatda baş verənlərdən agah olmaq istəyi kimi bir mövzu ilə cəlbedicidir.

Rejissor tapıntısı və istedadlı aktyor heyətinin uğurudur ki, həssas tamaşaçı ilk səhnədə dərhal anlayır ki, xətəxanada ölümlə çarpışan Kişinin arvadının, uşaqlarının, qayınanasının, dostu və dostunun həyat yoldaşının vay-şivəni əslində bir səmimiyyətsizlik şousu, oyun içində oyundur.

Cərəyan edən hadisələr dirilərin yaşadığı Yer Kürəsi ilə mələklər və ruhlar məkanı – Keçid Stansiyası arasında sürətlə dəyişir, tamaşa tragikomik situasiyanın dərinliyi ilə seçilir. Uğurlu səhnə quruluşu, teatrın yüksək texniki imkanlarından istifadə nəticəsində real həyatla mistik dünya – Yer və Göy səhnələri ustalıqla, dinamik şəkildə dəyişilir. Bu zaman, məkan kəsişmələri nəticəsində tamaşaçı bəzən özünü bir ruh kimi axirətdə - ağappaq buludların üzərində, mələklər arasında, bəzən də eybəcərlikləri də az olmayan real həyatda hiss edir. Bu da insanın daxili, mənəvi ziddiyyətlərinin düzgün səhnə təqdimatının həllidir.

Əsərin qəhrəmanı, ölüm ayağında olan Kişi (Xalq artisti Rza Xudiyev) cənnət və cəhənnəmin ərəfəsində infarktdan dünyasını dəyişmiş birinci həyat yoldaşı (Mehri Nəbiyeva) ilə qarşılaşır və onun sayəsində bir çox həqiqətləri üzə çıxarır. Tamaşa əsasən bu iki baş qəhrəmanın dialoqu üzərində qurulub və bu mənada iki aktyorun uğurlu teatrı da adlandırıla bilər. Tamaşaçı Mehri Nəbiyəvanın peşəkar aktyor ifası vasitəsilə o dünyanın özünəməxsusluqları –“gündəlik həyatları”, “qayda-qanunları”, “adət-ənənələri” ilə tanış olur. Bu ağappaq dünyada ruhlar quş kimi azaddırlar, bütün maddiyyatlardan, cismani təlabatlardan uzaqdırlar, artıq günah işləyə, yalan danışa, dalaşa bilməzlər. Cənnətlə cəhənnəmin yol ayrıcında kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq hamı bərabərhüquqlu və hətta eyni çəkiyə, yəni elə eyni dəyərə malikdir. Əsərdəki müharibə və terrorun, dövrün faciəvi xəstəliklərinin ölüm sayının artmasının başlıca səbəbləri olması kimi aktual məsələ də tamaşaçıya yetərincə çatdırılıa bilir.

Maraqlı cəhət burasındadır ki, axirət dünyasının astanasında Rəyasət Heyəti, restoran, test imtahanları, dispetçer məntəqəsi, məhkəmə, apelyasiya şikayəti, kargüzarlıq işləri, iclas, hətta teleskop kimi müasir anlayışlarla qarşılarıq. Rejissor böyük ustalıqla müəllifin əsas qayəsini – bu məfhumları insanların daxili aləmindəki ziddiyyətləri, mənəvi-psixoloji aləmini açmaq üçün o dünyaya “apararaq” mistikləşdirdiyini tamaşaçıya çatdıra bilir. Yeri gəlmişkən, Elçinin dramaturgiyasında konkret insan adlarından istifadə etməyib qəhrəmanların “Kişi”, “Xanım”, “Oğul” adlandırması da problematikanın ictimailiyini, qloballığını çatdırmaq istəyindən irəli gələn spesifik ədəbi priyomdur.

Kişi ruhlar və mələklər məkanında teleskop sayəsində hamının başına and içdiyi, peyğəmbər kimi tanıdığı Həkimin əxlaqsız olduğunu görür. Aktyor Səyyad Məmmədov bu obrazı tamaşaçıya ustaliqla təqdim edə bilir. "Mələk" qayınanası kürəkəni dəfn olunmamışdan ona nə qədər pensiya verəcəkləri barədə düşünür. Aktrisa Nazlı Hüseynquliyeva bu riyakarlığı məharətlə yaradır. Aktrisa Zəminə Məmmədova isə Ruhun sevimli arvadının onun komaya düşməsi ilə yeni ər axtarışlarına çıxdığını təfərrüatı ilə tamaşaçıya çatdırır. Kişinin oğlu və qızı isə atalarının halına acımaq əvəzinə onun gizlətdiyi pulları tapmaq və özlərinə maşın almaq üstündə mübahisə edirlər. Aktyorlar – Anar Eyvazov və Səkinə Məmmədova var-dövlət hərisi olan övlad obrazları ilə tamaşaçıda ikrah hissi doğurmağa müvəffəq ola bilirlər. Teleskop müşahidəsindən aydın olur ki, ən yaxın dostu və onun xanımı xəstəxanaya onu yoluxmağa məcburiyyət qarşısında – el qınağına gedirlər. Aktyrorlar Ələsgər Quliyev və Kəklilk Novruzova ifalarındakı bu üzüdönüklük və səmimiyyətsizliyi ustalıqla ifa edirlər.

Xalq artisti Rza Xudiyev ölümü ilə barışmayıb həyat uğrunda çarpışan, lakin hər dəfə teleskopla doğmalarının iç üzünü gördükdə yenidən ölüb-dirilən,buna görə də onların yanına geriyə – həyata qayıtmaq istəyindən vaz keçən bir obrazı məharətlə canlandırır. Aktyor teleskopun Yeri ona yaxınlaşdırdıqca onu Yerdən bir o qədər uzaqlaşdırmasını – mənəvi iztirablarını, daxili təbəddülatlarını dolğunluqla tamaşaçıya çatdırır. Əsər əsas obrazın “mən insan olmaq istəmirəm” etirazı ilə kuliminasiya nöqtəsinə çatır. Ruhun dilindən deyilən “Bəs Vətən? Vətən!.. Müqəddəs Vətəndən əbədi ayrılmısan! Vətəni, doğma yurdu unutmaq olar?” çağırışı isə əsl vətənpərvərlik və həyatsevərlik şüarı kimi tamaşaçıya həmişəlik sirayət etmək gücunə malikdir.

Əsər ideya etibarı ilə dahi Mirzə Cəlilin “Ölülər” tragikomediyasındakı məşhur qəbiristanlıq səhnəsini də xatırladır. Tamaşa bir əsr öncə ölülərinin dirildilməsinə razılıq verməyən “dirilərin” müasir prototipləri ilə bizləri qarşı-qarşıya qoyur.

Nəhayət, Kişi heç kim qoyub gəldiyi, inandığı, etibar etdiyi yaxınlarının iç üzünü görüb nifrət etməsin deyə teleskopu tərsinə çevirir. Ruhlar və Mələklər dünyasında aləm bir-birinə dəyir. Əcəl vaxtı çatmamış adamın səhvən o dünyaya aparılması böyük qalmaqala səbəb olur. Ruhların hamısının teleskopdan imtina etməklə Kişi ilə həmrəy, həmfikir olması isə pisliklərə qarşı güclü etiraz dalğası kimi səslənir. “O” isə indiyədək teleskopla həyata baxanların ürəkaçan, fəxr edəcək, qürur duyacaq mənzərə görmədikləri üçün teleskopun ləğv edilməsinə qərar verir. Mələklərin Rəyasət Heyətinin keçirdiyi iclasda isə ruhun hələ tam yetişmədiyi üçün geri qaytarılması qərara alınır. Bu səhnədə mistik obrazlarla - Cənab Cəbrail (Xalq artisti Həsən Ağasoy), Cənab Mikail (Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov), Cənab İsrail (Azərbaycan Republikasının Əməkdar artisti Əli Əliyev) ilə yaxından tanış oluruq. Ruh nə qədər etiraz etsə də Cənab Əzrail onu yenidən Yer kürəsinə qaytarır.

Bu yerdə onu qeyd etmək yerinə düşər ki, adətən şifahi xalq ədəbiyyatından, dini rəvayətlərdən ölüm xəbərçisi və icraçısı kimi qorxunc və dəhşətli, arzuolunmaz mifik obraz olan Əzrail tamaşada sadə, bir az da saf bir varlıq kimi canlandırılır. Bəlkə də canalma məqamlarında həyatla, insanlarla daha çox ünsiyyətdə olduğu üçündür ki, xalq artisti Rövşən Hüseynov Əzrail obrazına kəskin psixoloji-dramatik situasiyalarda vəziyyəti yumşaltmağa xidmət edəcək bir mülayimlik də qatır.

Koma vəziyyətində olan adam həyata qayıdır. Sevinc, məyusluq bir-birinə qarışır. Yaşamaq, yoxsa ölmək? Rejissor müəllif ideyasından çıxış edərək tamaşaçını Şekspirin məşhur Hamletinin “Olum, ya ölüm?” dilemması qədər çətin seçim qarşısında qoya bilir.

Bu məqamda diqqəti ikinci epiloqa yönəltməklə demək istərdim ki, ailəni mikrocəmiyyət kimi götürsək Kişinin həyata qayıtması ilə ailə üzvlərinin tamaşanın əvvəlindən fərqli olaraq səmimi şəkildə ailə başçısı ətrafında bir birlik nümayiş etdirməsi özü tamaşaçıya çox söz deyir.

Gözoxşayan səhnə tərtibatı, dekorasiyaların məkana uyğun olaraq yenilənməsindən danışarkən Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın əməyini qeyd etmək yerinə düşər. Musiqi tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova isə klassik dünya və milli musiqi nümunələrindən istifadə etməklə tamaşaçını hər iki dünyaya kökləyə bilir.

Tamaşay baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov səhnə əsərini yüksək qiymətləndirərək demişdir: “Rejissor işi, aktyorların ifası, musiqi tərtibatı və digər bütün cəhətləri ilə "Teleskop" tamaşasını Naxçıvan teatrının səhnəsində oynanılan tragikomediyaların şahı hesab etmək olar. Bu tamaşa "Ölülər"dən sonra Naxçıvan teatrında oynanılan ən uğurlu səhnə əsəridir. Çünki "Ölülər"dən fərqli olaraq "Teleskop" əsərində real həyat gerçəklikləri müasir dövrə uyğun təqdim olunur... Bugünkü tamaşanın əsas uğurlarından biri də peşəkar heyətlə birlikdə gənclərin də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi idi. İstər rejissor işində, istərsə də aktyorların ifasında bu bir daha özünü təsdiq etdi. Naxçıvan teatrında bu cür tamaşaların nümayişi bir daha göstərir ki, ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı görülən işlər, çəkilən birgə zəhmət hədər getməmişdir. Teatr hər bir xalqın mədəni inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan teatrı da öz ənənələrini yaşadır və inkişaf edir”.

Tamaşanın rejissoru Həcərxanım Məmmədova ilə söhbətimiz zamanı Ali Məclis Sədrinin onun sənətdəki ilk ciddi işini belə yüksək qiymətləndirməsinin ona hədsiz qürür hissi yaşatdığını və gələcək sənət uğurları üçün böyük stimul olduğunu söylədi.

Tamaşanın başlıca uğuru ondadır ki, dünyanın faniliyi və haqq dünyasının əbədi gözəllikləri haqqında dolğun təəssürat yaratmaqla yanaşı həm də ibrətamiz, faciəvi situasiyaları ilə düşünməyə vadar edir. Belə ki, insanların maddi aləmdə yüksək dəyərləndirdiyi məhfumlar mənəvi aləmdə tamimlə dəyərsizləşir. Həqiqət və ədalət isə yalnız dünyanı xəlq edən Uca Yaradanın iradəsi ilə bərqərar olur.

Bir məsələni də də qeyd etmək yerinə düşər ki, tanınmış dramaturqun Naxçıvan Dövlət Musiqili Dram Teatrında vaxtilə səhnələşdirilən, cəmiyyətdəki problemlərin həllini arılardakı zəhmətkeşlik və halallıqdan nümunə götürməkdə görən “Arılar arasında” əsəri ideya etibarı ilə Nobel mükafatı laureatı, yazıçı Moris Metterlinkin “Arıların həyatı” əsəri ilə səsləşir. Yeni tamaşaya qoyulan “Teleskop” isə mistik üslubu, xoşbəxtlik axtarışı ideyası ilə dünya şöhrətli dramaturqun digər bir əsəri – “Göy quş” pyesi ilə həmahənglik təşkil edir.

Baxdığımız “Teleskop” adi astronomik cihaz olmayıb gözlə görünməyənləri daha aydın görmək, müşahidə və dərk etmək, proqnozlaşdırmaq, nəticə çıxarmaq kimi böyük məna tutumuna malikdir. Daha geniş mənada teleskop bəsirət gözü, vicdanın səsi, mənəviyyat güzgüsü deməkdir. Nə acı ki, uzaq Amerikadan, Yaponiyadan, Hindistandan gələnlər Naxçıvanı bütün reallıqları ilə görüb onu sanki qalaktikadakı qeyri-adi planet kimi yenidən kəşf etməklə təqdir etdikləri halda bəzi “özümüzünkülər” Naxçıvan həqiqətlərini nəinki etiraf etmək böyüklüyünə malik deyillər, hətta bu diyarda yaradılan gözəllikləri, əldə olunan inkişafı var-qüvvələri ilə qaralamaq, ləkələmək istəyirlər. Əsərdə belə bir maraqlı məqam vardır: teleskop tez-tez ağ rənglə rənglənməsinə baxmayaraq qaralır. Bəli, günümüzdə də gördükləri reallıqları dilə gətirmək istəməyənlər, hətta xaincəsinə təhrif edənlər nə qədər ağ rəngə boyanmağa çalışsalar da qaraniyyətlilikləri, mənfurluqları onları hər zaman ifşa edəcək. Elə “Teleskop”un Naxçıvanda “qurulması” da həqiqəti olduğu kimi görmək, dərk etmək və çatdırmağa cağırış kimi bir ülvi niyyətdən irəli gəldiyi üçün belə uğulu alındı, böyük tamaşaçı rəğbəti ilə qarşılandı. Yalnız həqiqəti deyənlərə əsərdəki Cənab Mikailin söylədiyi kimi nə vaxtsa həyatda yaşayanlar üçün sevinmək qismət ola bilər. Əgər 150 illik ömrü tamaşadakı kimi cəza olaraq qəbul etmək istəmiriksə, bu səhnə əsərindən ibrət götürüb Vətənə, xalqa, dövlətə layiq biri olmalıyıq. Bax onda, Vətən bağında əsərdəki kimi mənfur qarğalar yox, gözəl bülbüllər oxuyar!..


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.01.2020



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazırliyinin iş planına əsasən mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədris ilinin birinci yarısının yekunlaşması ilə əlaqədar olaraq hesabat konsertləri təşkil olunmuşdur. 29 dekabr tarixdə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Şahbuz Şəhər Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbinin direktoru Elcan Müzəffərli açaraq konsert iştirakçılarını salamlamış, tədris ili ərzində məktəbdə görülən işlər və yaradılan yeni kollektivlərin fəaliyyəti haqqında məlumat vermişdir.

Sonra məktəbin müəllim və şagirdlərinin iştirakı ilə konsert keçirilmişdir Konsertdə kollektivinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru”, Xalq çalğı alətləri ansamblının ifasında Azərbaycan xalq mahnısı “Bəri bax”, sazçalanlar ansamblının ifasında saz havası “Ovşarı”, nağaraçalanlar ansamblının ifasında “Azərbaycan ritmləri” və müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərin ifasında rəngarəng əsərlər səsləndirilmişdir.

Sonda tədris ili ərzində fərqlənən şagirdlər fəxri fərman və müxtəlif hədiyyələrlə mükafalandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.12.2019



      Dekabrın 29-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxmışdır.

Xalq yazıçısı Elçin Əfəndiyevin yüksək tirajlarla müxtəlif dillərə tərcümə olunmuş əsərləri Azərbaycanda, həmçinin dünyanın müxtəlif ölkələrində sevilərək oxunur, səhnələşdirilir. Onun yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri insanların daxili aləmini, onların mənəvi dünyasındakı ziddiyyətləri əsərlərinin əsas süjet xəttinə çevirməsidir. Müəllifin "Teleskop" tragikomediyası da bu baxımdan xüsusi qeyd olunmalıdır. İnsanın ölümü və bundan sonra baş verənlərin səhnə həllini tapdığı tamaşada hadisələr qeyri-real olanla real olanın müstəvisində təqdim olunur. Rejissor tamaşa boyu gərgin, psixoloji məqamlarda sevinc və məyusluq, yaşamaq, yoxsa ölmək sualının cavabını tamaşaçıların ixtiyarına buraxır.

Gənc rejissor Həcərxanım Məmmədovanın quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının "Əməkdar rəssamı" Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Rövşən Hüseynov, əməkdar artistlər Tofiq Seyidov, Əli Əliyev, aktyorlardan Zəminə Məmmədova, Nazlı Hüseynquliyeva, gənc aktyorlar Səyyad Məmmədov, Anar Eyvazov, Səkinə Məmmədova, Heyran Abdullayeva və başqaları obrazların dili ilə qarşıya qoyulan əsas məqsədə nail olmuş, tamaşaçıya real dünya ilə əbədi dünyanın müqayisəsində həyat gerçəkliklərini çatdırmışlar.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşmüşdür.

Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək demişdir: Rejissor işi, aktyorların ifası, musiqi tərtibatı və digər bütün cəhətləri ilə "Teleskop" tamaşasını Naxçıvan teatrının səhnəsində oynanılan tragikomediyaların şahı hesab etmək olar. Bu tamaşa "Ölülər"dən sonra Naxçıvan teatrında oynanılan ən uğurlu səhnə əsəridir. Çünki "Ölülər"dən fərqli olaraq "Teleskop" əsərində real həyat gerçəklikləri müasir dövrə uyğun təqdim olunur.

Ali Məclisin Sədri demişdir: Bugünkü tamaşanın əsas uğurlarından biri də peşəkar heyətlə birlikdə gənclərin də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi idi. İstər rejissor işində, istərsə də aktyorların ifasında bu bir daha özünü təsdiq etdi. Naxçıvan teatrında bu cür tamaşaların nümayişi bir daha göstərir ki, ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı görülən işlər, çəkilən birgə zəhmət hədər getməmişdir. Teatr hər bir xalqın mədəni inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan teatrı da öz ənənələrini yaşadır və inkişaf edir.

Ali Məclisin Sədri bundan sonra da Naxçıvan teatrında uğurlu tamaşaların səhnəyə qoyulacağına əminliyini bildirmiş, tamaşanın rejissoruna və yaradıcı heyətinə təşəkkür etmiş, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırmışdır.

"Naxçıvan teatrının bütün uğurlarının arxasında Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı dayanır. Yaradıcı kollektiv əldə olunanlara görə Ali Məclisin Sədrinə minnətdardır", - deyən Xalq artisti Rza Xudiyev Ali Məclisin Sədrini qarşıdan gələn bayramlar münasibətilə Naxçıvan teatrının kollektivi, eləcə də onların timsalında muxtar respublikanın mədəniyyət işçiləri adından təbrik etmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.12.2019



      Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər Musiqi Kollecində “Gənclik: ənənə və müasirlik” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiriİman Alırzayev bildirib ki, mədəniyyət nazirliyinin iş planına uyğun olaraq gənclərin asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün artırılması, onlara vətənpərvərlik hislərinin aşılanması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Adət ənənələrimizin qorunması və dəyişdirilmədən gələcək nəsillərə çatdırılması çox vacib məsələlərdən biri olduğuna görə bugünkü tədbirimizin mövzusunu “Gənclik: ənənə və müasirlik” olaraq seçilmişdir.

Qeyd edilib ki,muxtar respublikamızda milli dəyərlərimizin, o cümlədən adət ənənələrimizin yaşadılması istiqamətində əhəmiyyətli qərarlar qəbul edilib. Belə ki, Muxtar Respublika Ali Məclisinin sədri tərəfindən “Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncamın imzalanması, bundan başqa 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması, Şərur yallıları, xalça sənətinin qorunması ilə bağlı dövlət proqramının qəbul edilməsi bu istiqamətdə mühüm işlərin həyata keçirilməsinə zəmin yaratmışdır.

Sonra mövzu ilə bağlı müzakirələr olmuşdur. Mövzu ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, M.S.Ordubadi adına Muxtar Respublika Kitabxanasının direktoru TamellaƏsgərova, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov və Naxçıvan Musiqi Kollecinin müəllimi Həlimə İbrahimli müzakirələrdə iştirak edərək fikirlərini bildirmişdir.

Dəyirmi masa tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.12.2019



      Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

İclasda Mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, 2019-cu il ərzində, ümumilikdə, 1503 mədəni-kütləvi tədbir keçirilib, 197 sərgi təşkil edilib. Xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin, tarixi və əlamətdar günlərin qeyd olunması diqqətdə saxlanılıb.

Vurğulanıb ki, hesabat dövründə nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılıb, mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər keçirilib.

Hesabat dövründə sosial qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud uşaqlar üçün aidiyyəti təşkilatlarla birgə 14 müxtəlif tədbir təşkil edilib, 158 nəfər sağlamlıq imkanları məhdud uşağa evlərində səyyar kitabxana xidməti göstərilib.

Ötən dövrdə, ümumilikdə, xalq teatrları tərəfindən 11 yeni tamaşa hazırlanıb. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı nazirlik tərəfindən, ümumilikdə, 50-dən çox tədbir keçirilib. Ərtoğrol Cavidin 100 illik yubileyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalının hazırlanması ilə bağlı iş davam etdirilib. Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu mədəniyyət müəssisəsinin 95 illik yubileyi qeyd edilib.

Hesabat dövrü ərzində muzeyləri, ümumilikdə, 642 min 220 nəfər tamaşaçı ziyarət edib ki, onlardan 176 min 901-i əcnəbi vətəndaşdır. Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanımaları məqsədilə 12 seminar-treninq və 4 dəyirmi masa keçirilib.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi işi də diqqətdə saxlanılıb, cari ildə muzeylərə 2 min 348 eksponat daxil olub.

Hesabat dövründə kitabxanaların da fəaliyyəti diqqət mərkəzində saxlanılıb, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb. Ümumilikdə, 325 kitab müzakirəsi keçirilib və il ərzində kitabxanalara 1887 adda 16 min 211 nüsxə çap məhsulu daxil olub, elektron kataloqda olan kitabların ümumi sayı 14 min 966-ya çatdırılıb, elektron kitabxanadan il ərzində 2 min 342 oxucu istifadə edib. Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fonduna 37 bədii və sənədli film daxil edilib, filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilib.

Qeyd olunub ki, Nazirliyin tabeliyində olan təhsil müəssisələri üçün də 2019-cu il uğurlar ili kimi yaddaqalan olub. Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində Qran-pri mükafatının qalibi Nəcəf Hacılı Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən I Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində iştirak edərək birinci yerə layiq görülüb, Stokholmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış edib.

Hesabat dövrü ərzində “Əllə ­toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 585 ədəd xalça haqqında məlumatlar hazırlanıb.

Nazir çıxışında 2019-cu il ərzində mədəniyyət xadimlərinin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi haqqında da məlumat verib.

Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.12.2019



      Dekabrın 27-də Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı rayon mədəniyyət sarayında milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanmış “Lənkəran xanın vəziri” tamaşasını rayon sakinlərinə təqdim etmişdir.

Şərur Rayon Xalq Teatrının muxtar respublikamızda teatr sənətinin inkişafında və təbliğində özünəməxsus yeri vardır. Teatr müxtəlif məzmunlu və janrlı tamaşalarla rayon sakinlərinin estetik zövqünün formaşalmasında, gənclərin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının mənalı və səmərəli təşkilində əhəmiyyətli rol oynayıb. Tanınmış kollektiv həm komik, həm də dramatik əsərləri yüksək səviyyədə tamaşaçılara təqdim etməyi bacarır. Qeyd edək ki, 1938-ci ildə “Arşın mal alan” musiqili komediyasından bir səhnə hazırlayaraq təqdim edən kollektivə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə dram dərnəyi, 1981-ci ildə böyük uğurla Qəni Hüseynovun “Nicat” əsərini tamaşaya hazırlayan dram dərnəyinə isə böyük pedaqoq, rejissor Rza Təhmasibin adını daşımaqla “Xalq teatrı” statusu verilmişdir. Ötən dövrdə teatrda istedadlı aktyor və rejissor nəsli yetişib. Bu günə qədər xalq teatrı tərəfindən Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Süleyman Sani Axundovun “Tamahkar”, Altay Məmmədovun “Yadındamı”, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” əsərinin motivləri əsasında “Gənclik bir də qayıtmır”, Qəni Hüseynovun “Nicat”, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında hazırlanmış “Yuxu”, Anton Pavloviç Çexovun “Ayı”, M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim”, Cahangir Aslanoğlunun “Qısqanc ər”, Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” və başqa tamaşalara səhnə həyatı vermişdir.

Qeyd edək ki, xalq teatrı cari ilin iyun ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində "Motsart və Salyeri" tamaşası ilə çıxış etmişdir. Festivalda iştirak edən kollektivlər arasında Şərur Rayon Xalq Teatrının tamaşası II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar.

Xatırladaq ki, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulmuşdur. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilmişdir. Şərur Rayon Xalq Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı, 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur.

Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Nemət Sultanov (Vəzir Mirzə Həbib), Sabir Cəfərov (Lənkəran xanı), Arif Nağıyev (Teymur ağa), İlkanə Cavadova (Şölə xanım), Zərifə Əliyeva (Ziba xanım), Nazilə Rzayeva (Pəri xanım), Sevinc Qasımova (Nisə xanım), İlham Quliyev (Səməd bəy), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Elçin Arzumanov (Xacə Məsud), Salman Şirəliyev (Vəli bəy), Məhərrəm Əbilsoy və Duman Məmmədbəyli (ərizəçilər) surətləri təbii və canlı təqdim edirlər. İl ərzində uğurlu tamaşaları ilə çıxış edən kollektiv üzvləri səhnə danışığı, dinamika və obrazları peşəkar canlandırmaları ilə tamaşaçıları heyrətləndirməyi bacarıblar.

Tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadə, musiqi tərtibatçısı Turan Əsədov, quruluşçu rəssamı Məlahət Həsənovadır.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov xalq teatrının kollektivini təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışlar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.12.2019



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin iş planına əsasən mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədris ilinin birinci yarısının yekunlaşması ilə əlaqədar olaraq hesabat konsertləri təşkil olunur.

Bu münasibətlə 26 dekabr 2019-cu il tarixdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində hesabat konserti keçirilmişdir. Tədbiri giriş sözü ilə Uşaq Musiqi və İncəsənət məktəbinin direktoru Elşən Xəlilov açaraq konsert iştirakçılarını salamlamışdır.

Sonra Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məkəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert keçirilmişdir. Konsertdə skripka ixtisası üzrə 6-cı sinif şagirdi Zəhra Heydərovanın ifasında Azərbaycan bəstəkarlarından Ərtoğrol Cavidin “Noktürn”, qarmon ixtisası üzrə 5-ci sinif şagirdi Furqan Həmidlinin ifasında Tofiq Quliyevin “Qayağı”, tar ixtisası üzrə 5-ci sinif şagirdi Cəsarət Əsgərovun ifasında Süleyman Ələsgərovun “Daimi hərəkət” sazçalanlar ansamblının ifasında saz havası “Gözəlləmə”, və digər Azərbaycan bəstəkarlarının əsərləri təqdim edilmişdir. Bundan əlavə Avropa bəstəkarlarından Klementinin “Sonata” əsərini fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Fatimə Hüseynzadə, Hendelin “Sanata” əsərini skripka ixtisası üzrə 6-cı sinif şagirdi Vüqar İsmayılzadə, Bizenin “Uvertura”sını qanun ixtisası üzrə 4-cü sinif şagirdi Ləman Kəngərli məharətlə səsləndirilmişdir. Şagirdlərin ifası alqışlarla qarşılanmışdır.

Şagirdlərin ifasında təqdim olunan hesabat konserti alqışlarla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.12.2019



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin iş planına əsasən “Azərbaycan musiqi tarixindən” mövzusunda silsilə tədbirlər davam etdirilir. Belə ki, 26 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin, həmçinin Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimlərinin iştirakı ilə “Azərbaycan bəstəkarlarının yaradıcılığında kino musiqisi” mövzusunda mühazirə keçirilmişdir. Naxçıvan Musiqi Kollecinin musiqi nəzəri fənləri üzrə müəllimi Həlimə İbrahimli kinoda əsas rol oynayan musiqi janrından və Azərbaycan bəstəkarlarının yaradıcılığında kino musiqisindən mühazirə demişdir.

Sonra musiqisi bəstəkar Tofiq Quliyevə məxsus olan “Bəxtiyar” bədii filminin nümayişi olmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
26.12.2019



      Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il üçün iş planına əsasən Naxçıvan Musiqi Kollecində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.S.Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin yaradıcı gənclərlə iş üzrə aparıcı məsləhətçisi İlkin Cabbarov bildirib ki, bu gün böyüməkdə olan nəsildə vətənpərvərlik, tarixi köklərə bağlılıq hissləri aşılayan kitabların oxunması, mütaliə vərdişinin formalaşdırılması, onların dünyagörüşünün inkişaf etdirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitabların siyahısının təsdiq edilməsi” haqqında Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bu sərəncam təkcə muxtar respublikamızın deyil, ölkəmizin tanınmış ziyalıları tərəfindən də müsbət addım kimi dəyərləndirilmişdir. Çünki kitab ideoloji mənbədir, dünyagörüşü zənginləşdirir, gənclərə, dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hissləri aşılayır. Siyahıda qeyd olunan kitabları oxuyan istənilən gənc Vətənə olan sevginin müqəddəsliyini dərindən anlayacaq, vətəni, xalqı naminə çalışacaq, cəmiyyətə yararlı bir vətəndaş olacaqdır.

Sonra M.S.Ordubadinin “Qılınc və qələm” romanının məzmunu mövzusunda Naxçıvan Musiqi Kollecinin Gənclər Birliyinin sədri Həlimə İbrahimli, M.S.Ordubadinin “Qılınc və qələm” romanında mənəvi və fiziki qüvvənin rəmzi” mövzusunda M.S.Ordubadi adına Muxtar Respublika kibxanasının əməkdaşı Aysel Əhmədova, “Qılınc və qələm” romanının ideyası” mövzusunda isə M.S.Ordubadi adına Muxtar Respublika kibxanasının əməkdaşı Rəqsanə Aslanova çıxış etmişlər.

Qeyd olunub ki, "Qılınc və qələm" Nizami dövründə geniş təbəqələrin vəziyyətini ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır. Ümumiyyətlə, M.S.Ordubadi romanda bir şəxsin taleyi, bir hadisə, bir qısa dövrün konkret mənzərəsini verməklə kifayətlənmir, onun ilhamı bir qayda olaraq geniş meydan axtarır, geniş səmada qanad çalmağı sevir, məzmun dolğunluğu şərtilə genişlik də verir. "Qılınc və qələm"də də belədir. Müəllif Nizaminin həyat və fəaliyyətini müxtəlif dövrlə, xalq həyatı və məişəti ilə sıx əlaqədə təsvir etmiş, xalq həyatının geniş lövhələrini yaratmışdır.

Vurğulanıb ki, ictimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılmışdır. Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində, şübhəsiz, mühüm yer tutan, oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin IV kurs tələbəsi İbrahimov Sərvət və III kurs tələbəsi Heydərli Gülüzar mövzu ilə bağlı çıxış etmişdir. Tədbirdə mövzunun müzakirəsi ilə bağlı gənclərin fikirləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.Tədbirin yekununda Oxunması zəruri olan kitablardan təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
26.12.2019



      Dekabrın 25-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Babək rayonuna qastrol səfəri təşkil olunub. Səfər zamanı rayon mədəniyyət sarayında C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası göstərilmişdir.

Qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Cəlil Məmməd­quluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirilir. Naxçıvan teatrının qurucularından biri olan C.Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə ədibin adını daşıyan musiqili dram teatrında onun əsərləri əsasında “Ölülər və dəlilər” tamaşası hazırlanmışdır.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyeslərini bir mövzu üzərində birləşdirərək maraqlı tamaşa yaratmağa nail olmuşdur. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” müxtəlif illərdə teatrımızda tamaşaya qoyulmuşdur. “Ər” pyesi isə akademik İsa Həbibbəyli tərəfindən 1987-ci ildə yazıçının arxivindən tapılaraq çap etdirilmişdir.

Tamaşadakı bu 4 pyesdəki obraz və personajların bir çoxu ilə rastlaşırıq. “Ölülər və dəlilər” tamaşasında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri də rol almışlar. Tamaşanın quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.

Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.12.2019



      Dekabrın 24-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Şərur Rayon Mədəniyyət Sarayında uşaqlar və məktəblilər üçün “Qoğalın sərgüzəşti” tamaşasını göstərib.

Qeyd edək ki, Teatr yarandığı dövrdən uşaq və məktəblilərin zövqünü oxşayan tamaşalar hazırlamış, onların estetik zövqünü formalaşdırmış, mənəvi-estetik prinsipləri əsas tutmuşdur. Teatrın son illərdə hazırladığı “Niyyət açarı”, “Göyçək Fatma”, “Ələddinin sehrli çırağı”, “Sirli sözlər”, “Tovuzquşunun nəğmələri”, “Tülkülərə inanmayaq”, “Qırmızı, yaşıl, mavi”, “Qırmızı papaq” və başqa tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanmışdır.

Məşhur rus xalq nağılı olan “Qoğalın sərgüzəşti” haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanmışdır. Tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulmuşdur.

“Qoğalın sərgüzəşti” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi xeyirin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Bundan başqa lovğalıq, özündənrazılıq kimi hisslər tənqid edilir. Nağıldan fərqli olaraq tamaşa nikbin sonluqla başa çatır. İvan Qoğalı Tülkünün kələyindən xilas edir.

Bu maraqlı tamaşada Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlqar Babayev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, İbad Nəbiyev və başqaları xarakterik və təbii canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.

“Qoğalın sərgüzəşti” tamaşası uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.12.2019



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən noyabr ayında konsert proqramları təşkil edilmiş, sərgilər nümayiş olunmuş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçilmişdir.

Ötən ay “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu və yekun tədbiri olmuş, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə təşkil edilmişdir. Həmçinin “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumatlar hazırlanmışdır. Artıq ənənə halını almış muzeylərə eksponat hədiyyə edilməsi işi noyabr ayında da davam etdirilmiş, bu mədəniyyət müəssisələrinə 135 yeni eksponat daxil olmuş, muxtar respublika muzeylərini 63 min 504 tamaşaçı ziyarət etmişdir. Onlardan 12 min 90-ı əcnəbi vətəndaş olmuşdur.

Muxtar respublikada fəaliyyət göstərən kitabxanalarda yeni oxucu sayı 340, oxucu gəlişi 9110 nəfər, kitab verilişi isə 15 min 739 nüsxə olmuş, elektron kitabxanadan 428 oxucu istifadə etmişdir. Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində Azərbaycan filmləri nümayiş olunmuş, ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlər göstərilmişdir.

Hesabat dövründə nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqləri aparılmış, Sədərək, Şərur və Ordubad rayonlarında “Ölülər və dəlilər” tamaşası nümayiş etdirilmişdir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Qaraca qız” və “Qar kraliçası” tamaşalarının məşqlərini davam etdirmiş, 11 tamaşa ilə teatrsevərlərin qonağı olmuşdur. Naxçıvan Dövlət Uşaq Teatrında “Mavi işıq” tamaşası hazırlanmış, Naxçıvan Şəhər Xalq Teatrı “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrı “Tamahkar”, Şərur Rayon Xalq Teatrı “Lənkəran xanının vəziri”, Ordubad Rayon Xalq Teatrı isə “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir.

Ötən ay nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrdə çalışan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyaları təşkil olunmuş, “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Mədəni irs” intellektual oyunu keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.12.2019



      Dekabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, bu günlərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərən istedadlı rəssamlar, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli müəllifi olduqları rəsm əsərlərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərə və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Milli Dəyərlər Muzeyinə hədiyyə etmişlər.

Qeyd edilib ki, Naxçıvan rəssamlıq məktəbinin layiqli davamçıları olan rəssamlarımız son illər bu cür təqdimat mərasimlərinin fəal iştirakçısına çevrilmişlər. Fəxrlə demək olar ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylərin ekspozisiyalarını Naxçıvan rəssamlarının bir-birindən dəyərli rəsm əsərləri zənginləşdirir.

Nazir rəssamların həyat və yaradıcılığı haqqında söhbət açaraq bildirib ki, 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə qəbul olmuş Telman Abdinovun əsərləri hələ tələbə ikən respublika səviyyəli müxtəlif sərgilərdə nümayiş etdirilmişdir. Onun hələ üçüncü kursda oxuduğu zaman təsviri sənətin qobelen üslubunda işlənmiş “Abşeron filmləri” və “Milli qadın çantaları” əsərləri xalça rəssamı Lətif Kərimovun diqqətini cəlb etmişdir.

Fırça ustasının yaradıcılığı müxtəlif mövzulu və janrlı rəsm əsərlərinin məcmusundan ibarətdir. Rəssamın böyük şövqlə çəkdiyi müxtəlif süjetli tabloları dolğunluğu və insanı duyğulandıracaq məqamları ilə diqqəti cəlb edir.

Rəssamın əsərləri Moskva, Yekaterinburq, Sankt-Peterburq, İstanbul, Ərzurum, Qars, Bodrum və başqa şəhərlərdə nümayiş etdirilmiş, 2002, 2004, 2014-cü illərdə Naxçıvanda rəssamın fərdi sərgiləri təşkil olunmuşdur.

Telman Abdinov, eyni zamanda, muzeylərimizə ən çox rəsm əsərləri hədiyyə edən rəssamlardandır. Onun əsərləri muxtar respublikamızın əksər muzeylərində nümayiş olunmaqdadır.

Əli Səfərlinin həyat və yaradıclığından bəhs edən nazir qeyd edib ki, 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bədii tərtibatçı-rəssam ixtisası üzrə bitirmiş Əli Səfərli 1983-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrında əmək fəaliyyətinə başlamış, quruluşçu rəssam kimi bir sıra tamaşalara səhnə tərtibatı vermişdir. Ə.Səfərli 1990-cı ildən Naxçıvan Dövlət Kukla Teatrında baş rəssam kimi fəaliyyət göstərmiş, onlarla tamaşaya səhnə quruluşu vermiş, kukla eskizləri hazırlamışdır. Həmin tamaşalardan bir çoxu Bakıda, eləcə də xarici ölkələrdə keçirilən festivallarda uğurla nümayiş olunmuşdur.

Əli Səfərli Babək Rayon Xalq Teatrında da uzun illər fəaliyyət göstərmiş, ümumilikdə, 60-dək tamaşaya səhnə tərtibatı və geyim eskizləri vermişdir.

Teatr rəssamı olmaqla yanaşı, o, həm də tanınmış qrafik və rəngkardır. Əli Səfərlinin yaradıcılığında mənzərə, portret, süjetli kompozisiyalar üstünlük təşkil edir. Rəssam ölkəmizdə və xaricdə təşkil edilən sərgilərin fəal iştirakçısıdır. 2012, 2014-cü illərdə Naxçıvan Rəssamlar Birliyində fərdi sərgiləri keçirilmişdir. Sənətkarın bir çox maket və səhnə eskizləri, yağlı boya ilə işlənmiş əsərləri Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Cəlil Məmmədquluzadənin və Hüseyn Cavidin ev muzeylərində, həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyasında saxlanılır.

Natəvan Qədimova vurğulayıb ki, mədəniyyətimizin inkişafına töhfə olan muzeylərimizə eksponat hədiyyə edilməsi işi bu gün Naxçıvan Muxtar Respublikasında ənənə halını almışdır. Son illər muxtar respublikada fəaliyyət göstərən muzeylərə eksponatların təhvil verilməsi Naxçıvanda mədəniyyətin təbliğinə, bu sahənin inkişafına göstərilən qayğı kimi dəyərləndirilir.

Nazir çıxışının sonunda bu sahələrə göstərilən qayğıya görə mədəniyyət sahəsində çalışan insanlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Nazir Telman Abdinov və Əli Səfərliyə həmçinin, bu təşəbbüsə qoşulan digər rəssamlara təşəkkür edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Sonra Əməkdar rəssamlar Telman Abdinov və Əli Səfərli çıxış edərək hədiyyə etdikləri rəsm əsərlərinin tarix və mədəniyyətimizin saxlanc yeri olan muzeylərdə laiqincə mühafizə olunaraq gələcək nəsillərə çatdırılacağına əmin olduqlarını bildiriblər. Qeyd ediblər ki, bundan sonra da muzeylərlə əlaqələri davam etdirəcəklər.

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sektor müdiri Həsən Kərimov əsərləri hədiyyə edən rəssamlara minnətdarlıq edərək bildiriblər ki, bu əsərlər dəyərli eksponat kimi muzeylərimizdə qorunub saxlanılacaq və nümayiş etdiriləcəkdir.

Sonda hədiyyə olunmuş rəsm əsərlərinin sərgisinə baxış keçirilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.12.2019



      Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Qeyd edək ki, filarmoniyada Muğam studiyası uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər. Muğam studiyasına İlqar Hüseynov rəhbərlik edir. Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığını və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Xalqımızın yaratdığı bu sənət nümunəsi zənginliyi, ucalığı, kamilliyi, müdrikliyi, hikməti, əbədiyaşarlığı ilə insanı düşündürür. Təsadüfi deyil ki, 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına salınmışdır.

Konsertdə əvvəlcə istedadlı müğənni Məhərrəm Quliyev “Şur” təsniflərini ifa etdikdən sonra Əlibaba Məmmədovun “Söylə” mahnısını səsləndirmişdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova “Segah” təsniflərini ifa etmişdir.

İstedadlı müğənnilər Bəhruz Quliyevin ifa etdiyi Qulu Əsgərovun “İlk eşqim” mahnısı və Habil Qasımovun ifasında səslənən Əlibaba Məmmədovun “Vətən yaxşıdır” mahnıları, eyni zamanda konsertdə səslənən “Mahur” təsnifləri alqışlarla qarşılanmışdır.

Konsertdə xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səslənmiş və tamaşaçılarda xoş ovqat yaratmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının bir saatdan artıq davam edən konserti rayon sakinləri tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.12.2019



      Dekabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan vokalçıları” festivalının Naxçıvan turu çərçivəsində konsert təşkil olunub.

Qeyd edək ki, Azərbaycanda təməli görkəmli müğənnimiz, Şərq və Qərb klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaratmış Bülbül tərəfindən qoyulan vokal sənəti böyük inkişaf yolu keçib. Azərbaycan vokalçıları dünyanın böyük səhnələrində, mötəbər festival və müsabiqələrdə ölkəmizi layiqincə təmsil edirlər.

Bu gün qədim diyarımızda da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bunun nəticəsində muxtar respublika mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənəti də inkişaf edir. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının və Aşıqlar Birliyinin fəaliyyəti təmin edilib. Muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür, yaradıcı kollektivlərin xarici ölkələrə qastrolsəfərləri təşkil edilir. Görülən tədbirlər uşaq musiqi, incəsənət və bədiisənətkarlıq məktəblərini də əhatə edib. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib.

Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində vokal sənəti ixtisası üzrə kadrlar hazırlanır. Opera sənətinin inkişaf etdirilməsi, tələbələrin vokal musiqi formalarına daha dərindən yiyələnmələri məqsədilə Naxçıvan Dövlət Universitetində Tələbə Opera Studiyası da fəaliyyət göstərir. Həmin studiya hazırladığı operettalarla bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olub. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur. Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Müslüm Maqomayevin, Asəf Zeynallının və Rauf Hacıyevin əsərlərindən parçalar ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın, Mübariz Əsgərovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin, həmçinin gənc ifaçılar Rahim Əsgərzadə və İlkin Abdullayevin çıxışları alqışlarla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.12.2019



      Dekabrın 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasnın Əməkdar rəssamı Məmmədəli İsmayılovun yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəni-maarif müəssisələrinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvlərinin, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması və rəngkarlıq ixtisasları üzrə təhsil alan tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, təsviri incəsənətin ən qədim növlərindən biri olan rəssamlıq sənəti insan ruhunu oxşayan, insanın mənəvi aləmindəki daxili duyğularını ifadə edən sənət növüdür.

Naxçıvan Muxtar Respublikasında incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına böyük dövlət qayğısı göstərilir. Son illər muxtar diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərinin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlığın inkişafına göstərilən böyük dövlət qayğısının bariz ifadəsidir.

Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək bildirib ki, Məmmədəli İsmayılov 20 iyul 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Gələcək rəssamın ilham mənbəyi bu qədim diyar olmuşdur. Hələ uşaqlıq illərində sənətə olan marağı, vətəninə olan vurğunluğu və rəsm çəkmək bacarığı onun yolunu Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumuna salmışdır. Məmmədəli İsmayılov 1964-1967-ci illərdə burada təhsil almışdır. Texnikumu bitirdikdən sonra doğma diyara, Naxçıvana qayıtmış və burada yaradıcılığa davam etmişdir.

Vurğulanmışdır ki, rəssamın kompozisiya janrında çəkdiyi rəsm əsərləri gözəl diyarımızın məişət mədəniyyətini, quruculuq işlərini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Buna misal olaraq “Kənddə”, “İşdən sonra”, “Sağın”, “Arpa çay su tikintisi” və s. əsərlərini göstərmək olar.

Məmmədəli İsmayılov ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da sərgilərdə fəal iştirak etmişdir. 1990-cı ildə Bakı şəhərində rəssamın fərdi sərgisi keçirilmişdir. Sərgidə rəssamın 100-dən çox rəsm əsərinümayiş olunmuşdur. Rusiyanın Moskva, Türkiyənin Qars və İran İslam Respublikasının Urmiya şəhərində keçirilən Naxçıvan rəssamlarının rəsm əsərlərindən ibarət sərgilərdə iştirak etmişdir. Tanınmış rəssam 2010-cu il avqustun 21-də dünyasını dəyişmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin rəsm müəllimi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Ələsgər Əsgərli, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məmmədəli Ələkbərov və rəssamın yaxın qohumları çıxış edərək Məmmədəli İsmayılovla bağlı öz xatirələrini bölüşmüşlər.

Sonda rəssamın əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.12.2019



      Dekabrın 19-da Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə 29 noyabr tarixdə keçirilmiş ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqənin yekun tədbiri baş tutmuşdur.

Tədbirin aparıcısı qeyd etmişdir ki, festival-müsabiqə bu ilin noyabr ayında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrindən qatılan 5 tələbə teatr studiyası arasında keçirilmişdir. Kollektivlərin təqdimatları təsdiq edilmiş Münsiflər Heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilmişdir. Qiymətləndirmə təqdim edilən səhnə əsərinin mövzu aktuallığı, aktyor ifası, rejissor yorumu, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə aparılmışdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirmişdir ki, bədii təfəkkür forması olan incəsənətin insanlar tərəfindən sevilən sahələrindən biri də teatr sənətidir. Teatr sənəti həm də həyat və həyat hadisələrini bədii obrazların dili ilə tamaşaçılara çatdıran canlı təqdimat üsuludur. Teatr keçmişi və gələcəyi göstərir. Buna görədir ki, teatrı həyatın əyani və canlı dərsliyi adlandırmaq mümkündür. Teatrın öyrənmək və öyrətmək qüdrəti çox güclüdür.

İncəsənətin digər növlərindən fərqli olaraq, teatr bədii obrazı real formada tamaşaçıya göstərərək, onun istər maddi, istərsə də mənəvi baxımdan kamilləşməsinə yardımçı olur. Teatr sənəti incəsənətin, demək olar ki, bütün növlərini özündə birləşdirir. Söz sənəti, rəssamlıq, musiqi, rəqs və digər növlərin sintezindən yaranan tamaşanın ərsəyə gəlməsində dramaturqun, rejissorun, rəssamın, bəstəkarın, aktyorun birgə əməyi tələb olunur.

Qeyd olunmuşdur ki, Azərbaycan teatrının tarixi 1873-cü ildən başlayır. Naxçıvanda teatr sənətinin yaranması da XIX əsrin ikinci yarısına təsadüf etmişdir. 1883-cü il mayın 11-də görkəmli ədib Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasının səhnələşdirilməsi ilə Naxçıvan teatrının əsası qoyulmuşdur.

“Bu gün Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir” - deyən Natəvan Qədimova vurğulamışdır ki, son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurulmuş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, bögələrdə fəaliyyət göstərən 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Nazir qeyd etmişdir ki, bu gün yekun tədbirinə toplaşdığımız “Ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyalarının festival-müsabiqəsi” də Naxçıvanda teatr sənətinin inkişafına dəyərli töhfə olacaqdır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşəbbüsü ilə keçirilən festival-müsabiqənin əsas məqsədi tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkilindən və onlarda bədii zövqün formalaşdırılmasından, tələbələr arasında istedadlı gənclərin aşkar edilməsindən, həmçinin xalqımıza məxsus milli dəyərlərin gənclər tərəfindən öyrənilməsindən ibarət olmuşdur.

Nazir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi adından festival-müsabiqədə iştirak edən hər kollektivə təşəkkürünü bildirmiş, qalib olmuş tələbə teatr studiyasının üzvlərini təbrik edərək kollektiv rəhbərlərinə və üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamış, Naxçıvan Muxtar Respublikasında yaradıcı gənclərin formalaşmasına, elecə də teatr sənətinin yaşadılmasına və inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirmişdir.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bu cür layihələrin tələbə gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda bədii zövqün formalaşdırılması, istedadlı gənclərin üzə çıxarılması və tələbələrdə teatr sənətinə maraq yaradılması baxımından əhəmiyyətindən bəhs edib. Rektor qeyd edib ki, ali və orta ixtisas təhsil müəssisələrində teatr studiyalarının yaradılması, həmin təhsil ocaqlarında teatr sənətinə olan marağın artması bizi sevindirir. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası artıq uzun illərdir ki, digər ali və orta ixtisas təhsil müəssisələrindəki tələbə teatr studiyalarının yaranması üçün təcrübə nümunəsidir. Naxçıvan Dövlət Universitetində teatr sənəti istiqaməti üzrə ixtisaslı kadr hazırlığı Naxçıvan teatr sənətinin gələcək inkişafının təminatçısıdır.

Sonra festival-müsabiqənin qalibləri mükafatlandırılmışdır. Qeyd edək ki, Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası Tofiq Seyidovun “Vaqif” əsəri ilə 1-ci dərəcəli, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Teatr Studiyası Həsənəli Eyvazlı tərəfindən səhnələşdirilən “Ruhların görüşü” əsəri ilə 2-ci dərəcəli, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası Nəbi Xəzrinin “Burla Xatın” əsəri ilə 3-cü dərəcəli diploma, “Naxçıvan” Universitetinin Tələbə Teatr Studiyası Zakir Fətəliyev tərəfindən səhnələşdirilən “Ayrılarmı könül candan!” kompozisiyası və Naxçıvan Texniki Kollecinin Tələbə Teatr Studiyası Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsasında səhnələşdirilən eyniadlı tamaşa həvəsləndirici diploma layiq görülmüşdür.

Tədbirin bədii hissəsində festival-müsabiqənin qalibi Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyasının Tofiq Seyidovun “Vaqif” əsəri əsasında Nurbəniz Niftəliyeva tərəfindən hazırlanmış tamaşa təqdim olunmuşdur. Vətənpərvərlik mövzulu tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.12.2019



      Ustad dərslərində iştirak edən şagirdlərin, həmçinin yaradıcı uşaqların rəsm və əl işlərindən ibarət “Balaca İstedadlar” adlı sərgi-müsabiqə təşkil olunub.

Sərgi-müsabiqədə muxtar respublikada fəaliyyət göstərən 17 müəssisədən 95 uşağın 200-ə yaxın əl işi sərgilənib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bu ilin yanvar ayından məktəblərdə və mərkəzlərdə tədris olunan ustad dərslərin balaca rəssamların yaradıcılığına təsiri və bu sənətə marağından danışıblar. Qeyd edilib ki, məktəbdənkənar dərnəklər və belə ustad dərsləri uşaqlarda dünyagörüşü formalaşdırır, onların gələcəkdə nümunəvi və yaradıcı insan kimi yetişməsində mühüm rol oynayır.

Sonra həvəskar rəssamlar tərəfindən çəkilən rəsm əsərləri qiymətləndirilib və müsabiqənin qaliblərinə, həmçinin muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına təşkilatçılar tərəfindən diplomlar təqdim olunub. Eyni zamanda paytaxt Bakı şəhərində uşaqlar arasında keçirilən “Mənim yay tətilim” müsabiqəsində yer tutanlar da diplomla təltif olunublar.

Müsabiqənin yekunlarına əsasən 11 şagird birinci, 8 şagird ikinci, 10 şagird üçüncü olublar. 5 şagird isə həvəsləndirici yerlərə layiq görülüblər.

Sonda müsabiqə iştirakçıları sərgi ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.12.2019



      Dekabrın 17-də Babək Rayon Xalq Teatrı rayon mədəniyyət sarayında görkəmli dramaturq, nasir, maarif xadimi S.S.Axundovun ilk yaradıcılıq əsəri olan “Tamahkar” komediyası əsasında hazırladığı tamaşanı rayon sakinlərinə təqdim etmişdir.

Qeyd edək ki, Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da muxtar respublikanın tanınmış maraqlı kollektivlərindəndir. Bu il teatrın yaradılmasının 10 illiyi qeyd edilmişdir. Xalq teatrının müxtəlif illərdə hazırladığı tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. “Ezop”, “Yollara iz düşür”, “İkinci səs”, “Şeyx Rəhmətulla”, “Ana”, “Məhəbbət nişanəsi”, “Solğun çiçəklər”, “Durna”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Xəcalət”, “Unuda bilmirəm”, “Bəxtsiz cavan” və başqa tamaşalar həm də gənc xalq teatrının müxtəlif mövzulu əsərlərə müraciət etdiyini göstərir.

Görkəmli dramaturq S.S.Axundovun ilk yaradıcılıq əsəri olan “Tamahkar” komediyasının mövzusu bütün dövrlər üçün aktual olan tamahkarlıq və xəsislikdir. Əsərin baş qəhrəmanı Hacı Murad pula görə hər cür riyakarlığa hazırdır. Teatr bu tamaşanı səhnələşdirməklə hələ də rast gəlinən bu cür insanlara təsir etmək, onları bu yoldan çəkinməyə sövq etməkdən ibarətdir. Tamaşa dövrünün mənfiliklərini ifşa etməklə kifayətlənməyərək İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlərin dili ilə insanları fədakarlığa, gözəl həyat qurmağa çağırır.

Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli və musiqi tərtibatçısı Fətəli Axundzadədir.

Xalq teatrının aktyorları – Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli (Hacı Murad), Abbasəli Babayev (İmran), Nuray Mehdiyeva (Gülüzar), Stella Babayeva (Şərəf xanım), İsmayıl Qurbanov (Məhərrəm bəy), Gülşən Güləliyeva (Nabat), Rasim Qasımov (Qulu), Ələkbər İsmayılov (Əliqulu) surətləri təbii və canlı təqdim edirlər. Xalq teatrının bu aktyorları yaşlı və gənc nəslin nümayəndələri olan personajları özünəməxsus xarakterik cizgilərlə yarada biliblər.

Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova, Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov xalq teatrının kollektivini təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışlar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.12.2019



      Dekabrın 16-da Cəmşid Naxçıvanski Muzeyində muzeyin yaradılmasının 38-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşlarının, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının və Cəmşid Naxçıvanski adına Naxçıvan şəhər 11 №-li tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev açaraq bildirmişdir ki, yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, elə sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin azadlığına, müstəqilliyinə mühüm töhfələr veriblər. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid xan Naxçıvanskidir.

Ölkəmizin müstəqilliyi və suverenliyi yolunda misilsiz xidmət göstərən qəhrəmanın həyatından geniş məlumat verən Abasət Nuriyev Cəmşid Naxçıvanski Muzeyinin yaradılması və fəaliyyətindən də söhbət açıb.

Vurğulanıb ki, 1981-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev yığıncaqda Cəmşid Naxçıvanskinin 85 illik yubileyinin keçirilməsi, generalın vətənində - Naxçıvan şəhərində onun ev muzeyinin yaradılması haqqında qərar qəbul edir. Ümummilli liderin siyasi məktəbinin davamçıları bu gün onun yolunu uğurla davam etdirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 09 aprel 2015-ci il tarixli Sərancamı Naxçıvanskilərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Cəmşid Naxçıvanskinin Ev Muzeyi kimi fəaliyyət göstərən ata evi əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra sentyabr ayının 23-də istifadəyə verilib.

Sonra “Naxçıvan” Universitetinin müəllimi, tədqiqatçı Rəna Qurbanova çıxış edərək görkəmli sərkərdənin şərəfli ömür yolu haqqında geniş məlumat verib.

Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizi-elmi işçisi Gülnaz Hüseynova muzeyin fəaliyyətindən, Cəmşid Naxçıvanski irsinin yaşadılması, gələcək nəsillərə çatdırılması işində əvəzsiz rolundan bəhs edib.

Tədbirin davamında Heydər Əliyev adına Hərbi Lisey kursantlarının və məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.12.2019



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan 12 əlyazma və çap kitabının təqdimatı keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, müxtəlif tarixi qaynaqları əhatə edən nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.

İsmayıl Hacıyev cari ildə Mədəniyyət Nazirliyi tərəfindən, ümumilikdə, 55 adda əlyazma və kitabın bölməyə hədiyyə edildiyini diqqətə çatdırıb.

Sonra Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev muxtar respublikada mədəniyyətə, xalq yaradıcılığının inkişafına dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini deyib, muzeylərin yaradılması ilə bağlı imzalanan sərəncamların əhəmiyyətindən danışıb. Piri Nağıyev hədiyyə olunan kitablarla bağlı məlumat verərək bildirib ki, nəşrlər Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən nazirliyə təqdim olunub. O, gələcəkdə də bölmə ilə nazirlik arasında bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.

Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin apardığı tədqiqatlarla bağlı ümumi məlumat verərək tədbir iştirakçılarını yeni əlyazma və çap kitabları ilə yaxından tanış edib. Bildirib ki, hədiyyə olunan nəşrlər arasında ərəb və fars dillərində dini mövzularla bağlı “Risalə” əlyazması, “Qurani-Kərim”in dörd nüsxəsi, Məhəmmədbağır ibn-Məhəmmədtəqinin “Məclis”, Şeyx Molla Əbülqasim Gənci Axundzadənin “Gülzari-həqiqət”, Bəhaəddin Məhəmməd Amilinin “Cameyi-Abbasi”, eləcə də müxtəlif tarixi əsərlər, dini hekayələr toplusu və digər kitablar var.

Sonda Akif Hacıyev çıxış edərək tarixi əhəmiyyət kəsb edən maddi mədəniyyət, nadir sənət nümunələrinin toplanılması, öyrənilməsi və təbliğinin zəruriliyini qeyd edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.12.2019



      Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoymuş, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad etmişlər.

Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibi olması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Dahi rəhbərin şərəfli ömür yolu Vətənə xidmət nümunəsi, qürür və fəxarət rəmzidir. Ulu öndərin “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”,– fikirləri Onun bütün həyat amalının ifadəsidir.

Ümummilli lider elə bir fenomen şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə, onun böyüklüyünü daha dərindən dərk edirik. Xalqımızın böyük oğlu Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlamış və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr etmişdir. O, hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, onu zamanın ağır sınaqlarında məharətlə çıxarmışdır.

Dahi liderin ölkəmizə rəhbərliyinin 1969-1982-ci illəri Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olmuşdur. Həmin dövrdə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilmiş, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlmiş, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılmışdır. Məhz ulu öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuşdur.

Heydər Əliyev şəxsiyyəti və dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilmişdir. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və fəaliyyət göstərən ulu öndər müstəqilliyimizin əsasını təşkil edən mühüm tarixi qərarlar qəbul etmiş, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görmüşdür. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsinə, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.

1993-cü ildə xalqımız ümummilli liderinə yenidən üz tutdu, nicatını onun hakimiyyətə qayıdışında gördü. Görkəmli dövlət xadimi Azərbaycanı hərc-mərclikdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitlik və hərtərəfli inkişaf yoluna çıxardı. 1993-2003-cü illərdə Vətənə və xalqına xidmət nümunəsi göstərən ümummilli liderimiz doğma Azərbaycanın davamlı inkişafını təmin etdi, onu tərəqqiyə qovuşduraraq bütün dünyada tanıtdı.

Bu gün ulu öndərin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan öz tarixinin yeni, şanlı səhifələrini yazır. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur. Xalqımız ümummilli liderin şah əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, ulu öndərə dərin məhəbbətlərini onun ideyaları ətrafında sıx birləşməklə nümayiş etdirir.

Bu yolun davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da yeni inkişaf mərhələsinə qovuşdurmuşdur. Muxtar respublikada quruculuq işləri geniş vüsət almış, iqtisadiyyatın dinamik inkişafı, sosial proqramların icrası, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin edilmişdir. Qazanılan bütün bu uğurlar dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi:“Müstəqil Azərbaycan cəmiyyətində inkişafın bir hərəkətverici qüvvəsi var: bu–Heydər Əliyev ideyalarıdır. Heydər Əliyev yoluna sadiq qalan xalqımız özünün milli liderinin ideyalarını yaşatdıqca, onun zəngin xəzinəsindən bəhrələndikcə, daim irəliyə gedəcək, yaşayacaq və rifaha qovuşacaqdır”.

Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.12.2019



      Sağlamlıq imkanları məhdud şəxslərin VIII Ümumrespublika Bədii yaradıcılıq baxış-müsabiqəsində iştirak edən muxtar respublika təmsilçisi Sənan Salmanov uğurla çıxış edərək müsabiqədə II yerə layiq görülüb.

Qeyd edək ki, Sənan Salmanov muxtar respublikada fəaliyyət göstərən sağlamlıq imkanları məhdud şəxslərdən ibarət “İnam” musiqi qrupunun üzvüdür. O, noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solo oxuma (xanəndəlik və vokal), rəqs, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsinin ən yaxşısı olub. Bu müsabiqənin qalibi kimi VIII Ümumrespublika Bədii yaradıcılıq baxış-müsabiqəsində iştirak edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.12.2019



      Dekabrın 11-də muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçilib.

İnteraktiv dərsdə muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev əvvəlcə mədəniyyət müəssisəsi barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Hələ ümummilli liderin sağlığında yaradılan muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.

Açıq dərsdə vurğulanıb ki, dahi rəhbərin Vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və böyük əzmkarlığa malik ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzül burulğanından çıxararaq respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Qüdrətli siyasətçinin əzmi və iradəsi ilə Azərbaycan dövləti 1990-1993-cü illərin ağır sınaqlarından keçərək məhv olmaq təhlükəsindən qurtarıb. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasında başlanılıb.

Vurğulanıb ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda nail olduğu milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Bugünkü güclü, qüdrətli Azərbaycanı dahi rəhbər qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız ümummilli liderin ölməz xatirəsini qəlbində əbədi yaşadır, Onun ideyalarını həyata keçirməyə çalışır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub”, – deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Müdrik rəhbər xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi-iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoyub. Ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə dövlətçilik tarixində əbədiyyət zirvəsinə yüksəlib. Bu böyük insanın həyat yolu bundan sonra da hər bir məktəbliyə, hər bir gəncə örnək olacaq.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.12.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamı­nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində “Naxçıvan Dövlət Tarix Muzeyi – 95” adlı tanıtım kitabı nəşr edilib.

Kitabın ilk səhifəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeylərimiz haqqında “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır” dəyərli fikri yer alıb.

Yeni nəşrdə “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı oxuculara təqdim olunur. Sərəncamda deyilir: “Beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-­mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur”.

Bu sərəncama əsasən təsdiq edilən “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” da tanıtım kitabında yer alıb.

Kitabda Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun “Naxçıvan Dövlət Tarix Muzeyinin yaranması, təşəkkülü və inkişafı”, arxeoloq-alim V.M.Sısoyevin “Balabəy Əlibəyovun Naxçıvan Muzeyi”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Naxçıvanda ilk Tarix-Etnoqrafiya Muzeyinin yaradıcısı Balabəy Əlibəyov (Əlixanov) haqqında bəzi qeydlər”, Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın “Əsrə yaxın tarix və ya bir ekspedisiyanın izi ilə”, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Naxçıvan Dövlət Tarix Muzeyində nümayiş etdirilən epiqrafik abidələr”, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyətinə dair bəzi sənədlər”, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova və tarix müəllimi Şəhla Talıbovanın birlikdə yazdıqları “Mirbağır Mirheydərzadə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradıcılarından biri kimi” irihəcmli məqalələri muzeyin tarixini əks etdirən fotoşəkillərlə birgə özünə yer tapıb. Məlumat üçün onu da bildirək ki, bu mədəniyyət müəssisəsinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar yuxarıda adıçəkilən elmi-tədqiqat xarakterli məqalələrin əksəriyyəti “Şərq qapısı” qəzetində də dərc olunub.

Yeni nəşrdə Naxçıvanda muzey işinin təşəkkülündə və inkişafında mühüm rolu olan Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında nümayiş etdirilən, Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı fotoqalereya bölməsi də vardır. Bu, bir əsrə yaxındır ki, tarixi-mədəni irsimizin yaradılması və təbliği ilə məşğul olan bu mədəniyyət müəssisəsinin fototəqdimatı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, tanıtım kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyət və nəfis tərtibatla nəşr edilib. Bu nəşrdə təqdim edilən tarixi və elmi məqalələr, eləcə də fotolar həm tədqiqatçılar, həm də geniş oxucu kütləsi üçün zəngin məlumat mənbəyi rolunu oynayacaq.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.12.2019



      Heydər Əliyev Muzeyində “Əbədi yaşar lider” mövzusunda açıq dərs keçirilib.

Dərsdə bildirilib ki, ümummilli liderin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlı olub. Dahi şəxsiyyət respublikamıza rəhbərliyinin hər iki dövründə ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas edərək inkişaf yoluna çıxarıb. Müstəqil Azərbaycan isə ümummilli lider Heydər Əliyevin şah əsəridir.

Qeyd olunub ki, ötən əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsədə, böyük çətinliklərlə qarşılaşıb. Ulu öndərin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilərək milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına rəvac verib. Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qəbul olunan tarixi qərarlar müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.

Vurğulanıb ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu öndərimizin qətiyyəti və əzmkarlığı sayəsində ölkə parçalanmaqdan, məhv olmaqdan qurtulub. Məhz ümummilli liderimizin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Sonra şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.12.2019



      Dekabr ayının 10-da Babək Rayon Zeynəddin Kənd Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Kursu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Leyla Əlimərdanova uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı, solfecio və xor fənlərinin şagirdlərin bilik səviyyəsinin, musiqi duyumunu və dünyagörüşünün formalaşması istiqamətində vacib olduğunun bildirmişdir. Metodiki kursların keçirilməsində əsas məqsəd bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərərək, məktəblərdə tədrisin daha da səmərəli təşkilindən ibarətdir.

Sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı solfecio fənni üzrə metodiki dərs keçərək, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə nəzəri biliklərlə yanaşı musiqi duyumunun inkişafı üçün solfecio oxuma və musiqili imlaların yazılmasının əsas şərtlərdən biri olduğunu qeyd etmişdir.

Naxçıvan Musiqi Kollecinin müəllimi Rühiyyə Dünyamalıyeva müəllimlərə musiqi ədəbiyyatı fənni üzrə tədris proqramı əsasında mühazirələrin hazırlanması qaydalarını izah edərək, eyni zamanda tədris zamanı şagirdlərin musiqi ədəbiyyatı ilə yanaşı müxtəlif xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklərin də əldə edilməsinin vacib olduğunu qeyd etmişdir. Musiqi ədəbiyyatı dərslərində musiqi nömrələrinin dinlənilməsinin də ən vacib amillərdən birinin olduğunu bildirən Ruhiyyə Dunyamalıyeva proqram əsasında tərtib olunmuş testlərdən də istifadə etməyi məsləhət görmüşdür .

Naxçıvan Şəhər S.Rəcəbov adına Uşaq Musiqi Məktəbinin müəllimi Möhtərəmə Qafarova xor fənninin tədrisi, kollektivinin yaradılması və uşaqlarda səsin inkişaf olunması üçün görüləcək işlərdən danışmışdır. Tədris zamanı uşaqlar üçün yazılmış xor əsərlərinə daha çox müraciət etməyi məsləhət görmüşdur. Xorda səslərin düzgün seçilməsinin ən vacib amillərdən biri olduğunu qeyd etmişdir

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.12.2019



      Dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin tabe müəssisələrində çalışan gənclərin və nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı məsləhətçisi İlkin Cabbarov açaraq bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixində silinməz iz qoymuşdur. Bu böyük insan bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmişdir. Bu qiymətli ömrün hər anı, hər dəqiqəsi vətənə, millətə sədaqətlə xidmətdə keçmişdir.

Qeyd olunmuşdur ki, ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Bildirilib ki, dövlət gənclər siyasəti də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb. Bu gün ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli inkişafı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib. Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.

Daha sonra gənclər muzeylə tanış olmuşlar. Burada gənclərə məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzey ümummilli liderimizin həyat və fəaliyyətinin ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı bir vəzifəni həyata keçirir. Muzeyin ekspozisiyalarında ulu öndərimizin xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə, elminə göstərdiyi diqqət və qayğı, xarici ölkələrə səfərləri haqqında materiallar, kitablar, qəzet-jurnallar, məktublar, teleqramlar və başqa sənədlər elmi cəhətdən əsaslandırılmış bədii cəhətdən tərtib olunaraq nümayiş etdirilir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.12.2019



      Azərbaycan xalq musiqi sənətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Heç də təsadüfi deyil ki, mədəniyyət tariximizi araşdıranlar tədqiqatlar zamanı bölgədə musiqi alətlərinin yaranması ilə bağlı elmi faktları da əsas götürürlər. Çünki musiqi o zaman kütləvi xarakter alaraq xalqın mədəniyyətinə hopur ki, onu ifa edəcək musiqi alətləri yaradılır. Aparılan arxeoloji qazıntılar zamanı ən qədim maddi mədəniyyət nümunələri sırasında musiqi alətlərinə də rast gəlirik.

Tədqiqatlar sübut edib ki, yaranma tarixi eramızdan çox-çox əvvəllərə təsadüf edilən simli, nəfəsli və zərb musiqi alətlərinin çoxsaylı növləri orta əsrlərdə Azərbaycan ərazisində geniş yayılıb və xalqımızın mədəni həyatında uzun illər istifadə olunub. Ümumiyyətlə, X əsrdən etibarən Azərbaycanın orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlayıb. Həmin dövrlərdə istifadə olunan musiqi alətlərinin sayı 60-dan çox olub. Bu alətlər haqqında dahi Nizami Gəncəvinin, XVI əsrdə yaşayıb-yaratmış görkəmli şair Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin, Əbdül Qadir Marağayinin, Mir Möhsün Nəvvabın əsərlərində məlumat verilir. XV-XVI əsrlərdə yaşayıb-yaratmış istedadlı rəssamlarımız Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli, Mir Səid Əlinin miniatür sənət əsərlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da qədim musiqi alətləri geniş yayılıb. Sevindirici haldır ki, əsrlərboyu mədəni irsinə sahib çıxan xalqımız qədim xalq çalğı alətlərini də qoruyub saxlayıb, gələcək nəsillərə ötürüb. Muxtar respublikamızda bu gün də qədim musiqi alətləri qorunub saxlanılır, təbliğ olunur, gənc nəslə aşılanır. Bunun nəticəsidir ki, diyarımızda keçirilən el şənliklərində, müxtəlif festivallarda, konsert və digər tədbirlərdə qədim xalq çalğı alətlərinin də sədasını eşidir, milli musiqi mədəniyyətimizin zənginliyi ilə öyünürük.

Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətləri hədiyyə edilib. Avqustun 30-da hədiyyə edilmiş 18 adda, 20 sayda qədim musiqi alətləri filarmoniyaya təqdim olunub. Bu alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər dövrümüzdə ilk dəfə olaraq istifadə edilir. Gəlin bu alətlərin bəziləri haqqında mənbələrdən qısaca məlumat alaq.

Dahi Nizami Gəncəvinin əsərlərində adıçəkilən bərbəd XVI-XVII əsrlərə kimi Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Udtipli alətlər ailəsinə mənsub olan bərbədin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur. Tarixi mənbələrdən, eləcə də Nizaminin “Xosrov və Şirin” poemasından məlum olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqiçisi və ifaçısı Barbəd olub.

Ud bir çox Şərq xalqları kimi, Azərbaycan ərazisində də geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Eyniadlı ağacdan düzəldiyi güman edilir. Udun özünəməxsus qüdrətli səsini dahi Məhəmməd Füzuli “Yeddi cam” əsərində təsvir edib.

Tənbur və ya şirud qopuzun bir növü olub, “qolça qopuz” adı ilə də tanınıb. “Dədə Qorqud” filmində həmin alətdən istifadə edilib.

Şərq ölkələrinə məxsus ən qədim musiqi alətlərindən biri də kamanlı rübabdır. XVII əsrədək Azərbaycanda da istifadə olunub və bir çox növləri yaranıb. Kamanlı rübabın iki simi olur. Bu alət, əsasən, rəqqasları, müğənniləri müşayiət edib.

Rübabın digər bir növü isə bəm rübabdır. Adından da göründüyü kimi bu alət bəm səsə malikdir.

XVII əsrədək Azərbaycanda çoğurdan da istifadə edilib. Bu alət qopuzdan sonra yaranmış ilk alətdir. Çoğurun əsasında isə saz aləti meydana çıxıb. Bu alətin adına Şah İsmayıl Xətainin əsərlərində də rast gəlinir.

Bu alətlər içərisində ən qədimi çəngdir. O, eramızdan əvvəlki dövrlərə aid edilən arfanın əcdadı sayılır. Diatonik şəkildə səslənir.

Balqabaqdan yaradılan musiqi aləti olan qabaq kaman isə kamançanın əcdadı hesab edilir. Bu alətdən sonra daha bir qədim musiqi alətimiz çəğanə, onun ardınca isə daha da təkmilləşdirilmə əsasında kamança formalaşıb.

Ney Azərbaycanla yanaşı, Türkiyə və İranda da geniş yayılıb. Bu nəfəsli alət ərazisinə görə fərqli formalarda istifadə edilir. Çox az rast gəlinən ovuc neyi də bu alətin növlərindən biridir. Bir oktava səsində diatonik səs düzümü ilə istifadə olunur.

Qədim nəfəsli alətlərdən biri də musiqardır. Ondan XVII əsrədək ölkəmizdə istifadə edilib, hazırda isə dünyanın bir çox yerlərində ifa olunur.

Tulum, əsasən, Naxçıvan Muxtar Respublikasına məxsus qədim musiqi alətidir. Mənbələrə görə, çobanlar tərəfindən qoyun dərisindən hazırlanıb. Tarixi çox qədimlərə gedib çıxır.

Güclü və zil səsə malik zurna musiqi aləti də Azərbaycan ərazisində geniş yayılıb və mədəni həyatımızda özünəməxsus yer tutub. Zurnanın bir çox növləri vardır. Orkestrin tərkibində ifa olunan qara zurna da onlardan biridir.

Hədiyyə edilən qədim musiqi alətləri sırasında olan balabanın isə əsasən, iki növünə rast gəlinir: ansambl balabanı və aşı balabanı.

Azərbaycan muğam üçlüyündə istifadə olunan qaval qədim musiqi alətlərimiz sırasında özünəməxsus yer tutur. Bu zərb aləti xanəndələrin ifaçılıq məharətini nümayiş etdirməsində əsas rol oynayır.

Orkestrə hədiyyə edilmiş digər bir qədim musiqi aləti isə ağız qopuzudur. Ağızda saxlanılmaqla ifa olunduğu üçün bu adla məşhurlaşıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının nəzdində haqqında bəhs etdiyimiz hədiyyə olunmuş musiqi alətlərindən ibarət Xalq Çalğı Alətləri Orkestri formalaşdırılıb.

Bu günlərdə həmin orkestrin fəaliyyəti ilə tanış olmaq üçün filarmoniyaya getdik, bu mədəniyyət müəssisəsində orkestrin məşq prosesinin şahidi olduq. Necə deyərlər, hər musiqi alətinin özünəməxsus ifa tərzini eşitdik. Bu alətlərin ifaçıları çox böyük həvəslə tarixi yaşadan həmin alətləri “dilə gətirir”dilər. Çox keçməyəcək ki, məşq zamanı yüksələn bu səs-səda təkmilləşərək daha bir milli musiqi nümunəmizin peşəkar səviyyədə təqdimatı ilə nəticələnəcək.

Mövzu ilə bağlı söhbətimiz zamanı Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Səməd Əsgərov filarmoniyaya qədim musiqi alətlərinin hədiyyə edilməsini tarixi keçmişimizə, musiqi mədəniyyətimizə sahiblənməyimizin ən ali göstəricisi kimi dəyərləndirdi. Onun sözlərinə görə, bu təşəbbüs musiqi mədəniyyətinin zəngin tarixini yaşadan gənc musiqiçilər nəslinin formalaşmasında, orkestr üzvlərinin peşəkar ifaçılığına, nəticə etibarilə, konsert proqramlarının professional formada təqdim olunmasına xidmət edir. Həmçinin həmin qədim musiqi alətləri musiqi mədəniyyətimizin təbliği və tanıdılmasında da müstəsna əhəmiyyət kəsb edir. Belə ki, həm ifaçılar, həm də konsert proqramlarının iştirakçıları həmin qədim musiqi alətləri, eləcə də onlardan istifadə haqqında müvafiq bilik və təsəvvürə yiyələnirlər.

Orkestrin bədii rəhbəri, Naxçıvan Musiqi Kollecinin tələbəsi Orxan Məmmədov bildirdi ki, belə musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi mühüm əhəmiyyət daşıyır. Xalqımızın qədimlərdə istifadə etdiyi belə musiqi alətlərinin əsasında orkestrin yaradılması gənc­lərdə milli musiqi mədəniyyətimizə sahiblik hissini daha da yüksəldir. Orkestr üzvlərinin əksəriyyəti gənc­lərdən ibarətdir. Onlar bu alətlərin mükəmməl mənimsədicisi və gələcək nəsillərə daşıyıcısı rolunda iştirak edirlər.

Naxçıvan Musiqi Kollecinin tələbəsi Zakir Məmmədova qədim çəğanə aləti həvalə edilib. O, müəllimlərindən bu alətin sirlərini öyrənərək orkestrin heyətində öz yerini alıb. Onunla söhbətimiz zamanı bildirdi ki, çəğanə alətində ifa etməyi öyrənə bildiyim üçün çox qürurluyam. Bununla qədim musiqi alətimizi yaşadır, təbliğ edir, Naxçıvan musiqi mədəniyyətinin inkişafına, kiçik də olsa, töhfəmizi veririk.

Sözügedən orkestrin fəaliyyətə başlamasında Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidovun da danılmaz əməyi vardır. O, 2000-ci ildən kollecdə Saz ixtisasını tədris etməklə yanaşı, milli musiqi alətlərinin hazırlanması ilə də məşğul olur. Bu günədək yüzlərlə gəncə aşıq sənətinin incəliklərini öyrədib. Qədim musiqi alətlərimizi böyük ustalıqla hazırlayan İxtiyar Seyidov emalatxanasında unudulmuş qədim musiqi alətlərinin elmi tədqiqi, bərpası və təkmilləşdirilməsi üzrə bir çox işlər görüb və yüksək nəticələr əldə edib.

İxtiyar Seyidov bildirdi ki, sazın tarixini araşdırarkən onda bu işlərə həvəs yaranıb. Araşdırma apararkən bu alətlər ortaya çıxıb. Elə o zamandan da bərpa işlərinə başlayıb. Bunların hər birindən bir nümunə düzəltməyə səy göstərib. Bu alətlərin hər biri bir tarixdir.

İstedadlı sənətkar qədim musiqi alətləri əsasında özünəməxsus musiqi alətləri də hazırlayıb. Onlardan Naxçıvan təmburu, buta səntur, ovuc ney, bəm rübab, böyük türk dövlətlərinin simvolik aləti olan üçtərəfli simli alətin adını çəkə bilərik. Bu alətlərin gələcək nəsillərə çatdırılması üçün onları ifa etməyi tələbələrə öyrədirik.

İxtiyar Seyidovun bərpa etdiyi qopuz, rud, çəğanə, rübab, təmbur kimi qədim musiqi alətləri Naxçıvan Musiqi Kollecinə verilib və onların tədrisi həyata keçirilir. Onun düzəltdiyi və Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilən 20-yə yaxın alət əsasında isə yuxarıda da qeyd etdiyimiz orkestrin əsası qoyulub. Məqsəd isə odur ki, musiqi alətləri orkestr şəklində istifadə olunmaqla yaşadılsın, təbliğ edilsin.

Adıçəkilən musiqi alətləri incəsənətimizin mühüm parçasıdır. Bu alətlərin ifasında dahi Nizaminin hikməti, Füzuli məhəbbətinin qüdrəti, Koroğlunun nərəsi, Xətai hünərinin sədası, Aşıq Ələsgərin xoş avazı yüksəlir. Muxtar respublikamızda qədim musiqi alətlərinin bərpa edilməsi və onları ifa edən gənc nəslin yetişdirilməsi qədim tariximizə, zəngin mədəniyyətimizə sahiblik amalı kimi yüksək dəyərə malikdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.12.2019



      Dünən Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində dahi şair və dramaturqun anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Hüseyn Cavidin məqbərəsi ziyarət edilib.

Muzeydə davam edən tədbiri giriş sözü ilə Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov açaraq böyük Azərbaycan şairinin həyat və yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından danışıb.

Bildirilib ki, məhz görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin böyük qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib, cənazəsi Uzaq Sibirdən Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağına tapşırılıb. Bakı və Naxçıvan şəhərlərində ustad sənətkarın abidələri ucaldılıb, xatirə muzeyləri yaradılıb.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli “Azərbaycan ədəbiyyatında repressiya dövrü”, pedaqogika üzrə elmlər doktoru, dosent Kamal Camalov “Əbədiyaşar Cavid”, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin bələdçisi Sona Mirzəyeva “Vətənə qayıdış” mövzularında çıxış ediblər.

Tədbirin sonunda görkəmli şairin şeirləri bədii qiraət edilib, muzeyin ekspozisiyasına baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.12.2019



      Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Tarix-diyarşünaslıq muzeylərinin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda muzey əməkdaşları üçün seminar-treninq keçirilib.

Muzey əməkdaşlarının iştirak etdiyi tədbiri Nazirliyin baş məsləhətçisi Qumral Əsədova giriş sözü ilə açaraq bildirib ki, keçirilən seminar-treninqlərin əsas məqsədi muzey işinin təşkili ilə bağlı muzey əməkdaşlarının nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Bu tədbirlər zamanı muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında da ətraflı məlumat alırlar. Eyni zamanda seminar-treninqlər muzey işçilərinin qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Qeyd olunmuşdur ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunmuş 12-ci seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Vurğulanıb ki, 2019-cu ilin 11 ayında muxtar respublikanın muzeylərinə 2179 yeni eksponat daxil olmuşdur. Bu müddətdə muzeyləri ümumilikdə 584 min 810 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 166 min 233 nəfəri əcnəbi vətəndaşlardır. Muzeylərdə 12 seminar-treninq keçirilmiş, muzey işi ilə bağlı 4 dəyirmi masa təşkil edilmişdir.

Daha sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov “Tarix-diyarşünaslıq muzeylərinin maddi-mədəni irsimizin toplanması və təbliğində rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, onlardan tarix-diyarşünaslıq muzeylərinin özünəməxsus yeri vardır. Tarix-diyarşünaslıq muzeyləri yerləşdiyi bölgənin həm tarixini, həm mədəniyyət və incəsənətini, həm də məişət və etnoqrafiyasını özündə əks etdirir. Muxtar respublikada yerləşən tarix-diyarşünaslıq muzeyləri fondunun zənginliyi ilə də seçilir. Qədim tarixə malik olan muxtar respublikamızın bütün rayonlarında öz qədimliyi və gözəlliyi ilə seçilən maddi-mədəniyyət nümunələrini toplamaq, qoruyub saxlamaq və təbliğ etmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Seminar-treninqdə muzey əməkdaşlarının sualları cavablandırılmış, muzeyin ekspozisiyasına baxış keçirilmişdir.

Daha sonra seminar-treninqin iştirakçıları Qarabağlar Türbə Kompleksində də olmuş və ekspozisiya ilə tanış olmuşlar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.12.2019



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən ötən ay muxtar respublikanın bölgələrində və paytaxtı Naxçıvan şəhərində konsert proqramları təşkil edilmiş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər nümayiş olunmuşdur.

Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik etmişdir. Tədbirdə muzey işçiləri təltif edilmiş və Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan Dövlət Tarix Muzeyi-95” filminə baxış olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşlarından 2 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adı, 5 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.

Noyabr ayında 170-ə yaxın gəncin iştirak etdiyi və muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların peşəkar sənətə istiqamətləndirilməsi, eləcə də mədəniyyət müəssisələrinin yaradıcılıq fəaliyyətinin daha da canlandırılmasına töhfə ola biləcək “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu və yekun tədbiri keçirilmiş, qaliblər nazirlik tərəfindən təltif edilmişlər.

Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Musiqi Kollecinin hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələri ilə görüş keçirilmiş, tədbirdə “startup.nakhchivan.az” internet portalı haqqında məlumat verilmişdir. Bundan əlavə Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın məşq prosesi tələbələrə nümayiş etdirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları Haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilmiş, həmin mədəni tədbirlərdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrları, Naxçıvan Dövlət Film Fondu tamaşa və filmlər nümayiş etdirmişlər.

Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilmiş, sonda Qədirulla Bağırovun əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.

Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının 55 illik yubileyi ilə əlaqədar keçirilən tədbir rayon sakinləri üçün yaddaqalan olmuşdur. Yubiley tədbirində Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında xalq teatrı tərəfindən hazırlanan “Axirətdən gələn zəng” tamaşası teatrsevərlərə təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutu ilə birgə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqəsi keçirilmişdir. Tədbirdə Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Texniki Kollecinin və Naxçıvan Musiqi Kollecinin olmaqla 5 tələbə teatr studiyası qatılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün altı xalça haqqında məlumatlar hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında bədii yaradıcılıq müsabiqəsi də noyabr ayında keçirilən mədəni tədbirlərdən olmuşdur.

Son illər ənənə halını almış muzeylərə eksponat hədiyyə edilməsi işi noyabr ayında da davam etdirilmiş, ay ərzində muzeylərə 135 ədəd yeni eksponat daxil olmuşdur. Muzeylərimizi isə 63 min 504 nəfər tamaşaçı ziyarət etmişdir. Bunlardan 12 min 90 nəfəri əcnəbi, 51 min 414 nəfəri isə yerli vətəndaşlar olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli sərəncamlarına uyğun olaraq, aid təşkilatlarla birgə Dövlət Bayrağı Muzeyi ilə Yeni Havuş və Xətai, Heydər Əliyev Muzeyi ilə Türkeş kənd tam orta məktəbləri arasında interaktiv, Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanaçılıq və informasiya, həmçinin Naxçıvan Dövlət Unversitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə təhsil alan tələbələrinə isə nazirliyin təşkilatçılığı ilə açıq dərslər keçirilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam “ rəsm müsabiqəsinin Sədərək və Şərur rayon turları keçirilmişdir.

Noyabr ayında muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən də tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar 50-yə yaxın mədəni-kütləvi tədbirlər təşkil edilmiş, “Oxunması zəruri olan kitabların siyahısı"na daxil olan kitabların müzakirələri ilə bağlı 30-dan çox kitab müzakirəsi və C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar “Ədəbiyyatımızın və mətbuatımızın istiqlal günəşi” mövzusunda oxucu konfransı keçirilmişdir. Noyabr ayında 31 şəxsə səyyar kitabxana xidməti də göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 3 adda 39, digər mənbələrdən 12 adda 832 nüsxə olmaqla, ümumilikdə 15 adda 871 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Noyabr ayında da kitabxanalardakı oxucu sayında artım müşahidə olunmuş, yeni oxucu sayı 340 nəfər, oxucu gəlişi 9110 nəfər, kitab verilişi isə 15 min 739 nüxsə olmuşdur. Ay ərzində elektron kitabxanadan 428 oxucu istifadə etmişdir. Bunlardan 164-ü lokal, 264-ü isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Dövr ərzində klub müəssisələrində də əlamətdar və tarixi günlərlə bağlı müxtəlif tədbirlər keçirilmiş, mədəniyyət evi və klub əməkdaşlarına əməli köməkliklər göstərilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində sakinlərə Azərbaycan filmləri nümayiş olunmuş, ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlər göstərilmişdir. Ay ərzində nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması işi davam etdirilmişdir.

Noyabr ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması davam etdirilmiş, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Xətai Kənd Kitabxana Filialı, Yeni Havuş Kənd Klubu, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Türkeş Kənd Kitabxana Filialı və Türkeş Kənd Mədəniyyət Evinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində müasir iş şərait yaradılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqləri aparılmış, stasionarda və Sədərək, Şərur və Ordubad rayonlarında “Ölülər və dəlilər” tamaşası nümayiş etdirilmişdir.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ay ərzində “Qaraca qız” və “Qar kraliçası” tamaşalarının məşqlərini davam etdirmiş, Kukla Teatrı 2-si xeyriyyə olmaqla, 11 tamaşa oynamışdır. Bunlardan 4-ü muxtar respublikanın rayonlarında 7-si isə stasionarda göstərilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrı isə ay ərzində “Mavi işıq” tamaşasını hazırlamış, uşaq teatrı tərəfindən 2-si bilet satışı, 2-si isə xeyriyyə məqsədilə 4 tamaşa oynanılmışdır.

Muxtar resublikada fəaliyyət göstərən Naxçıvan Şəhər Xalq Teatrı “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrı “Tamahkar”, R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı “Lənkəran xanın vəziri”, Ordubad Rayon Xalq Teatrı isə “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir

Ay ərzində nazirliyin və yerli şöbələrinin tabeliyində olan təhsil müəssiələrində də yaradıcı tədris fəaliyyəti uğurla davam etdirilmiş, Naxçıvan Musiqi kollecində, eləcə də uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad və metodik dərslər keçilmişdir.

Ötən ay nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrdə çalışan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunmuş, “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Mədəni irs” intellektual oyunu keçrilmişdir.

Ay ərzində nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, “Şərq qapısı” qəzetində və rayon qəzetlərində milli mədəniyyətimizə həsr olunmuş məqalələr dərc edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.12.2019



      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müxtəlif ixtisaslar üzrə müəllim və şagirdlər üçün ustad dərsləri keçirilib. Dərslər başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova qeyd edib ki, ustad dərslərin keçirilməsində əsas məqsəd tədrisin səviyyəsinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə, onlarda ixtisaslarına olan marağın daha da artırılmasından ibarətdir. Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Dünyamalı Abdullayev, Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə müəllimi Zülfiyyə Sadiqova, kamança ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova, skripka ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Cahangir Qurbanov, qarmon ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Elşən İsmayılov müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Müəllimlər tədris prosesində şagirdlərə yalnız elmi bilikləri deyil, təcrübə vərdişlərini də aşılamalı, onların dünyagörüşünü formalaşdırmağı, şagirdlərin psixoloji, fiziki və digər fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmağı tövsiyə etdilər. Ustad dərs başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
03.12.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il avqustun 2-də “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamış, bununla bağlı Tədbirlə Planı təsdiq edilmişdir.

Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik edərək demişdir: Tarixi-mədəni irsi qorumaq, mühafizə və təbliğ etmək gələcəyimizə olan diqqətdir. Əgər elm müəssisələri tarixi öyrənir, tədqiq edərək üzə çıxarırlarsa, muzeylər də onu yaşadaraq gələcək nəsillərə çatdırır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə bu amili əsas götürərək muzeyşünaslığın inkişafına böyük qayğı göstərmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq tarixi-mədəni irsə və milli dəyərlərə qayıdış siyasətinin tərkib hissəsi olaraq ölkəmizdə geniş muzeylər şəbəkəsi yaradılmış, rayonlarda tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri istifadəyə verilmişdir. Müstəqillik illərində isə ulu öndərin rəhbərliyi ilə muzey işi inkişafın yeni mərhələsinə qədəm qoymuş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası yaradılmışdır.

Muzey işinin vacibliyini önə çəkən ulu öndər deyirdi ki, “Milli ənənələrimizin, tarixi irsimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu əsasda tərbiyə etmək üçün muzeylər lazımdır”. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında muzeylərin yaradılması və inkişafı diqqətdə saxlanılır. Ən qədim insan yaşayış məskənlərinin və tarixi abidələrin mövcudluğu, dünya tufanı və Nuh peyğəmbərlə bağlılıq, 5-7 min illik şəhərsalma mədəniyyəti, sənətkarlığın inkişafı Naxçıvanda Azərbaycan xalqının böyük tarixi-mədəni irsinin, milli dəyərlər və adət-ənənələr sisteminin yaranmasına, bununla yanaşı həm də muzeylərin formalaşmasına səbəb olmuşdur. Muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılmış, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılmışdır. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir.

Ali Məclisin Sədri demişdir: Naxçıvanın müasir inkişafı, xüsusilə bütün sahələrdə yeni texnologiyaların tətbiqi və sürətli internetə çıxış imkanlarının yaradılması muzey işinin də dövrün tələblərinə uyğunlaşdırılmasını zərurətə çevirmişdir. Muxtar respublikada məktəb-muzey şəbəkəsinin yaradılması və interaktiv dərslərin keçirilməsi, muzey günlərinin təşkil olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası tədris olunur. Tələbələr muzeylərdə açıq dərslərə və praktik işə cəlb olunur, kadr hazırlığı diqqətdə saxlanılır. Naxçıvan Dövlət Tarix Muzeyinin ötən 95 ildəki fəaliyyəti də muxtar respublikada muzeyşünaslığın inkişafında mühüm mərhələ kimi dəyərləndirilməlidir. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində yaradılan və muxtariyyətin yaşıdı olan bu mədəniyyət müəssisəsi ilk illər Tarix-Etnoqrafiya Muzeyi adı ilə fəaliyyət göstərmişdir. Muzeyin formalaşmasında 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Muzey sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmiş, 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyətini davam etdirmişdir.

“Muzeyləri qorumaq hər kəsin vətəndaşlıq borcudur”, - deyən ulu öndərin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Dövlət Tarix Muzeyi də mühüm inkişaf yolu keçmişdir. Müstəqillik dövründə muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Tarix Muzeyi üçün yeni bina ayrılmış, aparılan tədqiqat işləri fondu zənginləşdirmiş, yeni şöbələr yaradılmışdır. Bu gün muzeydə xalqımızın qədim və zəngin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır.

Ali Məclisin Sədri demişdir: Muzeylərə sadəcə maddi mədəniyyət nümunələrinin saxlanc yeri kimi baxmaq düzgün deyil. Muzeylər həm də elm ocaqlarıdır. Naxçıvan Dövlət Tarix Muzeyi də ötən dövrdə Naxçıvanda tarixşünaslıq elminin inkişafına mühüm töhfə vermişdir. Hazırda muzeydə mühafizə olunan hər bir eksponat ayrıca tədqiqat mövzusudur. Xalq o zaman mütərəqqi dəyərlərə malik xalq hesab olunur ki, onun qədim tarixi, dövlətçilik ənənələri və zəngin mədəniyyəti olsun. Son illər Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar aparılmış, beynəlxalq konfranslar keçirilmiş, arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyət kəsb edən maddi-mədəniyyət nümunələri, elmi materiallar aşkar edilmiş və toplanmışdır. Həmin maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu mərkəz kimi Naxçıvan Dövlət Tarix Muzeyinin fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Qeyd olunmuşdur ki, muzey bir tərəfdən də Naxçıvanın turizm potensialının inkişafına töhfə verir. Hər il minlərlə turist muzeyə ekskursiya edərək tariximiz, mədəniyyətimiz və etnoqrafiyamız haqqında ətraflı məlumat toplayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Muzeyin mənası, əhəmiyyəti xalqın tarixini təbliğ etdirməkdən, mədəniyyətin səviyyəsini göstərməkdən ibarətdir”. Bu mənada Naxçıvan Dövlət Tarix Muzeyi tariximizin və mədəniyyətimizin təbliği, gənc nəslin dəyərlərimizə sədaqət ruhunda tərbiyəsi sahəsində mühüm bir missiyanı yerinə yetirir. Çünki tariximiz gələcək nəsillərə təkcə kitablarda yazılmaqla deyil, həm də muzeylərdə qorunmaqla, nümayiş etdirilməklə öyrədilməlidir. Naxçıvan Dövlət Tarix Muzeyi bundan sonra da tarixi-mədəni irsimizin qorunub saxlandığı mərkəz kimi fəaliyyətini davam etdirməli, elm və təhsil müəssisələri, alim və tədqiqatçılarla, gənclərlə muzey arasında əlaqələr daha da gücləndirilməlidir.

“Müdrik fikirlərin birində deyilir ki, tarix gələcək haqqında elmdir. Bu fikirdə böyük həqiqət vardır. Əgər biz tariximizə sahib çıxır, onu öyrənir və təbliğ ediriksə, deməli gələcəyimiz üçün əsaslı təminat yaratmış oluruq. Naxçıvan Dövlət Tarix Muzeyinin bundan sonrakı fəaliyyəti də keçmişimizi yaşatmaq və gələcəyimizə xidmət amalı olmalıdır”- deyən Ali Məclisin Sədri bu yolda muzeyin kollektivinə uğurlar arzulamış, yubiley münasibətilə bir daha təbrik etmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olmuşdur.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə muzeyin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı, 5 əməkdaşı isə "Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuşlar.

Ali Məclisin Sədri təltifləri təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi muxtar respublikada muzey işinin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulmuş, bu sahədə mühüm işlər həyata keçirilmişdir. Son 24 ildə muxtar respublikada müxtəlif profilli 17 muzey yaradılmışdır. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həmişə diqqət mərkəzində saxlanılır. Muzeylərdə 140 mindən artıq eksponat qorunaraq mühafizə edilir. Bu ilin ötən dövründə muzeylərimizi 584 mindən çox tamaşaçı ziyarət etmişdir ki, onlardan 166 mindən çoxu xarici ölkə vətəndaşıdır. Ötən dövrdə muxtar respublika sakinləri tərəfindən muzeylərimizə 5083 eksponat təqdim edilmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə göstərilən yüksək qayğının daha bir ifadəsi olmaqla yanaşı, həm də muzey kollektivlərinin, ümumilikdə mədəniyyət işçilərinin əməyinə verilən yüksək qiymətdir. Natəvan Qədimova bu diqqət və qayğıya görə muxtar respublikanın bütün mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov kollektiv adından minnətdarlıq edərək demişdir ki, muzeylərə qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün uğurlu davam etdirilir. Naxçıvan Muxtar Respublikasında müxtəlif profilli muzeylərin yaradılması haqqında imzalanan Sərəncamlar, Ali Məclis Sədrinin təşəbbüsü ilə mövcud muzeylərin şəraitinin yaxşılaşdırılması və maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Naxçıvan Dövlət Tarix Muzeyi də diqqət və qayğıdan kənarda qalmamışdır. Məhz, Ali Məclis Sədrinin təşəbbüsü ilə 2000-ci ilin noyabrında muzey yenidən qurulan indiki binasına köçürülmüş, 2007-ci ildə muzey binası əsaslı təmir olunmuş, lazımi avadanlıqlarla təchiz olunaraq kollektivin istifadəsinə verilmişdir. Son 20 ildə muzey fonduna 12 minə yaxın eksponat daxil edilmişdir.

Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Nuri Xavər çıxış edərək demişdir: "Mən 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsindən məzun olmuş və həmin il Naxçıvan Dövlət Tarix Muzeyində bələdçi kimi işə başlamışam. Naxçıvan Dövlət Tarix Muzeyində yaradılan iş şəraiti, gənc kadrlara və muzey işinə göstərilən diqqət qısa zamanda işimin öhdəsində layiqincə gəlməyə imkan verdi. Naxçıvan Dövlət Tarix Muzeyində işləmək həm qürurverici, həm də çətindir. Çünki bu işdə dünyagörüş, dərin bilik tələb olunur. Muzeyimizdəki hər bir eksponat tariximiz, bugünümüz və gələcəyimizdir. Buna görə də mən hər zaman muzey işinin sirlərinə dərindən yiyələnməyi, bu sahədə biliyimi daha da artırmağı özümə borc hesab edirəm. İşimin ən şərəfli tərəfi isə tariximizi yerli vətəndaşlarla yanaşı, dünyanın bir çox fərqli ölkələrindən gələn turistlərə çatdırmaq və təbliğ etməkdir. Bu gün yubiley tədbiri muzey kollektivi üçün ikiqat qürurvericidir. Çünki Ali Məclis Sədrinin Sərəncamı ilə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşlarından ikisi Naxçıvan Muxtar Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı, 5 əməkdaş isə "Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuşlar. "Rəşadətli əməyə görə" nişanı ilə təltif olunan əməkdaşlar arasında mənim də adım vardır. Bu, gənc əməkdaş kimi fəaliyyətimə verilən yüksək qiymətdir.Yaradılan şəraitə, eləcə də əməyimizə verilən yüksək qiymətə görə təltif olunan muzey işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığımızı bildiririk".

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan Dövlət Tarix Muzeyi-95” filminə baxış olmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
02.12.2019



      Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev muxtar respublikada mədəniyyət sahələrinə göstərilən dövlət qayğısından bəhs etmişdir. Bildirilmişdir ki, bu gün muxtar respublikada həyata keçirilən quruculuq işləri mədəniyyət və təhsil sahəsini də əhatə etmişdir. Bu gün yerlərdə fəaliyyət göstərən klub müəssisələrində dram dərnəklərinin, xalq teatrlarının fəaliyyəti, ali və orta ixtisas təhsili müəssisələrində aktyor sənəti və bədii yaradıcılıq işi ixtisası üzrə tələbələrin yetişdirilməsi, həmçinin tələbə teatr studiyalarının fəaliyyət göstərməsi Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət teatrları üçün kadr hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilmişdir ki, cari ilin aprel ayında elan olunan festival-müsabiqəyə xalqımızın tarixini, adət-ənənənəsini, folklorunu, müasir günümüzdə gedən inkişaf, quruculuq işlərini dünya və Azərbaycan pedaqogika tarixinin görkəmli nümayəndələrinin əsər və hikmətli fikirlərini əks etdirən, həmçinin vətənpərvərlik mövzusunda 30-60 dəqiqəlik tamaşa və kompozisiyalar təqdim edilmişdir.

Müsabiqənin məqsədi tələbə gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda bədii zövqün formalaşdırılması, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr arasında olan istedadlı gənclərin üzə çıxarılması, tələbələrdə teatr sənətinə maraq yaradılması və gəncləri xalqımızın milli-mənəvi dəyərlərini öyrənməyə həvəsləndirməkdən ibarətdir.

Sonra festival müsabiqəyə təqdim olunan tamaşa və kompozisiyalar təqdim olunub. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası Gülxarə Əhmədova tərəfindən hazırlanan Nəbi Xəzrinin “Burla Xatın”, “Naxçıvan” Universitetinin Tələbə Teatr Studiyası Zakir Fətəliyev tərəfindən səhnələşdirilən “Ayrılarmı könül candan!”, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Teatr Studiyası Həsənəli Eyvazlı tərəfindən səhnələşdirilən “Ruhların görüşü”, Naxçıvan Texniki Kollecinin Tələbə Teatr Studiyası Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında Aysu Dünyamalıyeva tərəfindən səhnələşdirilən eyniadlı tamaşa və Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası Tofiq Seyidovun “Vaqif” əsəri əsasında Nurbəniz Niftəliyeva tərəfindən hazırlanan tamaşaları təqdim etmişlər.

Qeyd edək ki, festival müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və qaliblər yekun tədbirdə mükafatlandırılacaqdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.11.2019



      Noyabrın 29-da Şahbuz Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmiş, Tədbirlər Planında muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Vurğulanmışdır ki, filarmoniyada Muğam studiyası uzun illərdir ki, fəaliyyət göstərir. Studiyanın tərkibində tanınmış xanəndələrlə yanaşı gənc muğam ifaçıları da bu sənəti yaşadır və təbliğ edirlər. Muğam studiyasına İlqar Hüseynov rəhbərlik edir. Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığını və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. Xalqımızın yaratdığı bu sənət nümunəsi zənginliyi, ucalığı, kamilliyi, müdrikliyi, hikməti, əbədiyaşarlığı ilə insanı düşündürür. Təsadüfi deyil ki, 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısına salınmışdır.

Konsertdə əvvəlcə istedadlı müğənni Məhərrəm Quliyev “Segah” təsniflərini ifa etdikdən sonra xalq mahnısı “Əlimdə sazın qurbanı” mahnısını səsləndirmişdir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova “Bayatı-qacar” təsnifllərini ifa etmişdir. Daha sonra müğənninin ifasında“Segah” təsnifləri səsləndirilmişdir.

İstedadlı müğənnilər Bəhruz Quliyevin ifa etdiyi Qulu Əsgərovun “İlk eşqim” mahnısı və Habil Qasımovun səsləndirdiyi “Şur” təsnifləri alqışlarla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin ifasında “Zabul” təsnifləri də konsertə xoş əhval-ruhiyyə gətirmişdir.

Konsertdə xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səslənmiş və tamaşaçılarda xoş ovqat yaratmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının bir saatdan artıq davam edən konserti rayon sakinləri tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.11.2019



      Noyabrın 29-da Naxçıvan Dövlət Rəsm Qalereyasında Rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tabe müəssisələrin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, bu gün Nazirliyin təşkilatçılığı ilə Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlərdən birincisi keçirilir. O, muxtar respublika rəhbərliyi tərəfindən yaradıcı şəxsiyyətlərə göstərilən dövlət qayğısından, yaradılmış şəraitdən danışmışdır. Q.Əsədova qeyd etmişdir ki, 1982-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycan eləcə də, Naxçıvan rəssamlıq məktəbinin nümayəndələrinin yaratdığı dəyərli rəsm əsərlərini qoruyub saxlamaq, təbliğ etmək və gələcək nəsillərə ötürülməsinə xidmət etməklə yanaşı, həmin rəssamların yaradıcılığının daha da dərindən öyrənilməsi sahəsində də işlər aparır. Qalereyanın fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Bu gün mərhum rəssam Qədirulla Bağırova həsr olunmuş tədbir iştirakçıların, o cümlədən tələbələrin rəssamın həyatını və yaradıcılığını, onun yaratdığı ölməz sənət əsərlərini daha da dərindən öyrənməsinə şərait yaradır.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli rəssamın həyat və yaradıclığından bəhs edərək bildirib ki, Qədirulla Bağırov 15 avqust 1949-cu ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuş, 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. XX əsrin 80-ci illərində Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında rəssam kimi fəaliyyət göstərmişdir. Rəssam SSRİ Rəssamlar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyinin üzvü olmuşdur. 1999-cu ildə B.Kəngərli adına sərgi salonunda rəssamın 50 illik yubileyi təşkil olunmuş, 2009-cu ildə isə 60 illik yubleyi ilə əlaqədar fərdi sərgisi keçirilmişdir. Qədirulla Bağırov 2013-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir. 2014-cü ildə ölümündən sonra onun 65 illik yubileyi ilə əlaqədar xatirə sərgisi təşkil olunmuşdur.

Tədbirdə rəssamın sənət dostları-Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssamın övladları- Ülviyyə Məmmədova və Hüseyn Bağırsoy çıxış edərək Qədirulla Bağırovla bağlı xatirələrini bölüşüblər.

Sonda Qədirulla Bağırovun əsərlərindən ibarət sərgiyə baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.11.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 28-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə:

Qasımova Rahilə Məmmədbağır qızı
Məmmədova Tünzalə Məmmədəli qızı – “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə;
Dilanova Tünzalə Zakir qızı
Məmmədova Samirə Füzuli qızı
Mürşüdova Aygün Vahab qızı
Nuri Xavər Hüseyn qızı
Yusifov Natiq Hüseyn oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.11.2019



      Ordubad Rayon Mədəniyyət Sarayında bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış ediblər.

Vurğulanıb ki, daim hərtərəfli dövlət qayğısı ilə əhatə olunan muxtar respublikanın xalq teatrları fəaliyyət göstərdikləri dövrlərdə kiçikhəcmli tamaşalar hazırlamaqla yanaşı, istər yerli, istərsə də dünya klassiklərinin yaradıcılığına da müraciət ediblər. Belə xalq teatrlarından biri də yaranmasının 55 illiyi qeyd olunan Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrıdır.

Bildirilib ki, 1964-cü ildən fəaliyyət göstərən teatra 1989-cu ildə – yaradılmasının 25 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının “Əməkdar kollektivi” fəxri adı verilib. Muxtar respublikada ilk xalq teatrı olan bu kollektiv zəngin repertuarı ilə hər zaman teatrsevərlərin rəğbətini qazanıb, muxtar diyarımızda teatr sənətinin inkişafına dəyərli töhfələr verib. Özünəməxsus yaradıcılıq ənənələri olan teatr muxtar respublikada keçirilən mədəni tədbirlərdə uğurlu çıxışları ilə yadda qalıb, xalq teatrlarının muxtar respublika festivallarında iştirak edib, diplomlara layiq görülüb.

Mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov muxtar respublikada teatr sənətinə göstərdiyi qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının yaradılmasının 55 illiyi münasibətilə teatrın kollektivini təbrik edib, bundan sonrakı fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra kollektivin hazırladığı Hüseynbala Mirələmovun ikihissəli “Axirətdən gələn zəng” tamaşasına baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.11.2019



      Noyabrın 28-də Şərur Rayon Aralıq Kənd Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Kursu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı, solfecio və xor fənlərinin şagirdlərin bilik səviyyəsinin, musiqi duyumunu və dünyagörüşünün formalaşması istiqamətində vacib olduğunun bildirmişdir . Metodiki kursların keçirilməsində əsas məqsəd bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərərək, məktəblərdə tədrisin daha da səmərəli formada inkişafina nail olmaqdır.

Sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı solfecio fənni üzrə metodiki dərs keşərək, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə nəzəri biliklərlə yanaşı musiqi duyumunun inkişafı üçün solfecio oxuma və musiqili imlaların yazılmasının əsas şərtlərdən biri olduğunu qeyd etmişdir.

Naxçıvan Musiqi Kollecinin müəllimi Rühiyyə Dünyamalıyeva müəllimlərə musiqi ədəbiyyatı fənni üzrə tədris proqramı əsasında mühazirələrin hazırlanması qaydalarını izah edərək, eyni zamanda tədris zamanı şagirdlərin musiqi ədəbiyyatı ilə yanaşı müxtəlif xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklərin də əldə edilməsinin vacib olduğunu qeyd etmişdir. Bunlarla bərabər musiqi ədəbiyyatı dərslərində musiqi nömrələrinin dinlənilməsinin də ən vacib amillərdən birinin olduğunu bildirmişdir.

Naxçıvan Şəhər S.Rəcəbov adına Uşaq Musiqi Məktəbinin müəllimi Möhtərəmə Qafarova xor fənninin tədrisi, kollektivinin yaradılması və uşaqlarda səsin inkişaf olunması üçün görüləcək işlərdən danışmışdır. Tədris zamanı uşaqlar üçün yazılmış xor əsərlərinə daha cox müraciyət etməyi məsləhət görmüşdur.

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.11.2019



      Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il üçün iş planına əsasən Naxçıvan Musiqi Kollecində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi İlkin Cabbarov bildirib ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik, vətənpərvərlik ideyalarının bugünkü inkişafımızdakı rolu xüsusilə böyükdür. Tarixin müxtəlif dövrlərində bəzən elə fenomenal şəxsiyyətlər yetişir ki, onlar tarixin gedişatına təsir göstərir, bir millətin taleyini dəyişdirir, qüdrətli dövlət yaratmaqla hər sahədə cəmiyyətin inkişafına nail olurlar. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər kitaba və mütaliəyə dəyər vermişdir. Mədəniyyətimizin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider kitab nəşrinə, mütaliə mədəniyyətinin inkişafına həmişə böyük qayğı göstərib.

Qeyd olunub ki, böyüməkdə olan nəsildə vətənpərvərlik, tarixi köklərə bağlılıq hissləri aşılayan kitabların oxunması, mütaliə vərdişinin formalaşdırılması, onların dünyagörüşünün inkişaf etdirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitabların siyahısının təsdiq edilməsi” haqqında Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bu sərəncam təkcə Muxtar Respublikamızın deyil, ölkəmizin tanınmış ziyalıları tərəfindən də müsbət addım kimi dəyərləndirilmişdir. Çünki kitab ideoloji mənbədir, Dünyagörüşünü zənginləşdirir, gənclərə, dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hissləri aşılayır.

Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Musiqili Dram Teatrının aktyoru Səyyad Məmmədov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ni tələbələr üçün oxumuşdur.

Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva və Kitabxana-bibliorqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Heyran Ələsgərovanın mövzu ilə bağlı çıxışları olmuşdur.

Qeyd olunub ki, ulu öndərin 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti bütün dünya azərbaycanlıları üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə edir. Bu mənada həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, onu öyrənmək hər birimiz üçün vacibdir.

Tədbirin sonunda “Oxunması zəruri olan kitablar”dan təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.11.2019



      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ritmi hiss et, sən də qatıl!” rəqs müsabiqəsinə yekun vurulub.

Oktyabr ayı ərzində müsabiqənin üç seçim turu keçirilib. Muxtar respublika rayonlarının, ali və orta ixtisas təhsili müəssisələrinin təmsil olduqları həmin turlarda fərqlənən 11 kollektiv, 4 duet və 2 solo ifaçı final turuna vəsiqə qazanıb.

Rəqs müsabiqəsinin final turu 6 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında təşkil olunub. Bu turda münsiflər heyətinin qərarı ilə “Ən yaxşı geyim” nominasiyası üzrə Naxçıvan Musiqi Kollecinin “Buta” rəqs kollektivi, “Ən yaxşı duet” nominasiyası üzrə Babək Rayon Mədəniyyət Sarayının rəqs dərnəyinin üzvləri – Qurban Cəlilov və Sevgi Abdullazadə, “Ən yaxşı kollektiv” nominasiyası üzrə Naxçıvan Dövlət Universitetinin “Mahur” və Naxçıvan Tibb Kollecinin “Şərq ulduzları” rəqs kollektivləri, “Ən yaxşı müasir dünya rəqsi” nominasiyası üzrə Babək Rayon Kərimbəyli Kənd Mədəniyyət Evinin “Səbinə” rəqs kollektivi və Naxçıvan Musiqi Kollecinin “AEDO” qızlardan ibarət rəqs kollektivi, “Ən yaxşı milli rəqs” nominasiyası üzrə Naxçıvan Dövlət Texniki Kollecinin “Güc birlikdədir” və Babək Rayon Mədəniyyət Sarayının “Fatimə” rəqs kollektivləri qalib elan edilib.

Dünən Naxçıvan Dövlət Uşaq Teatrında müsabiqənin yekun tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan xalqının qədim ənənələrlə zəngin mədəniyyət sahələrindən biri olan rəqs və instrumental musiqi sənəti haqqında məlumat verib.

Bildirilib ki, bu gün muxtar respublikada musiqi sənətinin inkişafı istiqamətində əsaslı tədbirlər həyata keçirilməkdədir. Hər il muxtar respublikada incəsənətin inkişafı istiqamətində görülən çoxsaylı tədbirlərlə yanaşı, rəqs sənətimizi yaşadan və təbliğ edən rəqqasların da yetişdirilməsi ilə də bağlı uğurlu layihələr reallaşdırılır.

Rəqs sənətinin inkişafına göstərilən böyük dövlət qayğısı sayəsində muxtar respublikada kifayət qədər professional rəqs ifaçısı yetişdirilməkdədir. Peşəkar ifaçılarla bərabər, qeyri-peşəkar rəqs ifaçılarının öz məharətlərini sərgiləyə biləcəyi genişmiqyaslı müsabiqələr və konsertlər də bu məqsədlə təşkil edilir. Bugünkü tədbir də həmin müsabiqələrdən birinin yekun konsertinə həsr olunub.

Qeyd edilib ki, “Ritmi hiss et, sən də qatıl!” rəqs-müsabiqəsi muxtar respublikada rəqs sənətinin inkişaf etdirilməsi, uşaq, yeniyetmə və gənc istedadların axtarışı, onların üzə çıxarılması və peşəkar sənətə istiqamətləndirilməsi məqsədilə keçirilib. Müsabiqədə 170-ə yaxın şəxs, rəqs dərnəkləri, qrupları və həvəskar kollektivlər iştirak edib. Azərbaycan xalq rəqsləri ilə yanaşı, dünya xalqlarının rəqslərindən nümunələrin də ifa edildiyi müsabiqədə qiymətləndirmə münsiflər heyəti tərəfindən müxtəlif meyarlar üzrə aparılıb, ən yüksək bal toplayanlar əsas turda iştirak etmək hüququ qazanıblar. Əsas turda qaliblər “Ən yaxşı milli rəqs”, “Ən yaxşı müasir dünya rəqsi”, “Ən yaxşı geyim”, “Ən yaxşı kollektiv” və “Ən yaxşı duet” olmaqla, 5 nominasiya üzrə müəyyənləşdirilib. Qaliblər diplomlarla təltif olunublar.

Naxçıvan Musiqi Kollecinin tələbəsi Duyğu Əhmədovaya, Culfa və Sədərək Rayon Mədəniyyət saraylarının rəqs dərnəklərinə, Ordubad rayon Vənənd, Culfa rayon Gülüstan, Kırna və Babək rayon Kültəpə kənd mədəniyyət evlərinin rəqs kollektivlərinə Mədəniyyət Nazirliyinin fəxri fərmanları və hədiyyələr verilib.

Tədbir qalib kollektivlərin müxtəlif rəqs nömrələri ilə yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.11.2019



      Noyabrın 26-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Ordubad rayonuna qastrol səfəri təşkil olunub. Səfər zamanı rayon mədəniyyət sarayında C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası göstərilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Cəlil Məmməd­quluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirilir. Naxçıvan teatrının qurucularından biri olan C.Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə ədibin adını daşıyan musiqili dram teatrında onun əsərləri əsasında “Ölülər və dəlilər” tamaşası hazırlamışdır.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyeslərini bir mövzu üzərində birləşdirərək maraqlı tamaşa yaratmağa nail olmuşdur. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” müxtəlif illərdə teatrımızda tamaşaya qoyulmuşdur. “Ər” pyesi isə akademik İsa Həbibbəyli tərəfindən 1987-ci ildə yazıçının arxivindən tapılaraq çap etdirilmişdir.

Tamaşadakı bu 4 pyesdəki obraz və personajların bir çoxu ilə rastlaşırıq. “Ölülər və dəlilər” tamaşasında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri də rol almışlar. Tamaşanın quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.

Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
26.11.2019



      Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında tarixi mədəniyyət abidələrinin bərpası mühüm yer tutur. Son illərdə regionumuzda onlarla belə abidə əsaslı şəkildə bərpa olunub, onlara ikinci nəfəs verilib, turizm üçün cəlbediciliyi təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, tarixi əhəmiyyəti ilə seçilən Şahtaxtı hamamında da kompleks bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik ərazini əhatə edir. Yerli sakinlərin məlumatına görə hamam XIX əsrdə İsa Sultan tərəfindən tikdirilib. Şahtaxtı hamamı yarım yeraltı formada inşa edilib. Bərpa işləri başlayandan indiyədək tarixi abidənin təməl hissəsinin möhkəmləndirilməsi üçün daxildə və fasad hissədə beton işləri görülmüş, uçan yerlərin bərpası üçün divarlarda hörgü işləri aparılıb, pəncərə yerləri qoyulub, yeni kommunikasiya xətləri çəkilib, qapı və pəncərələr asılıb. Fasad hissədə isə üzləmə işləri aparılıb, ərazidə istinad divarı hörülüb, dam örtüyü bərkidilib. Hazırda günbəzlərin üzlənməsi işləri davam edir, hamamın ətrafı abadlaşdırılır, buraya gələn yol əsaslı şəkildə yenidən qurulur. Bərpa işləri aparılarkən hamamın ilkin quruluşunun qorunub saxlanılması diqqətdə saxlanılıb. Bu tarixi abidəyə ikinci həyat verilməsi tezliklə bölgənin turizm potensialına da öz təsirini göstərəcək.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.11.2019



      Noyabrın 22-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Kəngərli Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Qeyd olunmuşdur ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Yubileylə bağlı müxtəlif tədbirlər keçirilir ki, Naxçıvan Dövlət Filarmoniyasının bugünkü konserti də belə tədbirlərdən biridir.

Konsertin aparıcısı bildirib ki, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı muxtariyyət illərində fəaliyyətə başladığı gündən ciddi yaradıcılıq axtarışları nəticəsində repertuar zənginliyinə nail olub. Fəaliyyət göstərdiyi dövrdə ansamblın istedadlı müğənni və rəqqasları çıxışları ilə seçilib.

Muxtar respublikada musiqi sənətinin formalaşmasında ansamblın böyük xidmətləri olub. Bu gün böyük bir kollektivi birləşdirən ansambl muxtar respublikanın mədəni həyatında fəal iştirak edir. Ansambl müxtəlif tədbirlərdə, bayram şənliklərində çıxışları ilə musiqisevərlərdə xoş ovqat yaradır. Tez-tez muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qastrolda olan ansambl öz zəngin repertuarı ilə musiqimizi və rəqslərimizi təbliğ edir. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynallabdin Babayevdir. Baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur.

Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın üzvlərinin ifasında xalq və bəstəkar mahnıları təqdim olunub.

Ansamblın üzvlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun, Cəfər Tağıyevin, Habil Qasımovun, Ruhiyyə Hüseynovanın, Nərmin Hüseynovanın və Hüseyn Qasımovun ifa etdiyi şən və lirik mahnılar, təsniflər, xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə görkəmli bəstəkarlarımız Vasif Adıgözəlov, Tofiq Quliyev, Oqtay Rəcəbov, Cahangir Cahangirov, Qulu Əsgərov, T.Əkbər, X.Cəfərov və başqalarının mahnıları səsləndirilib. “Darıxma”, “Neynim neynim”, “İndi günah nə səndədir, nə məndə”, “Buludlar”, “Bəyənmir məni”, “Əzizim”, “Yar incidi” və başqa mahnılarla yanaşı, konsertdə “Şənlik süitası”, “İncəlik rəqsi”, “Köçəri” yallısı kimi Azərbaycan xalq rəqsləri də ifa edilib.

Konsert proqramı rayon sakinləri və qonaqlarda xoş ovqat yaradıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.11.2019



      Noyabr ayının 21-də Ordubad Şəhər Uşaq Musiqi Məktəbində müəllim və şagirdlərin iştirakı ilə ustad dərs keçirilmişdir.

Ustad dərsi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Leyla Əlimərdanova bildirmişdir ki, uşaq musiqi məktəblərində tədris zamanı müəllim üçün ən vacib amil, şagirdlərin bilik səviyyəsini, musiqi duyumunu və dünyagörüşünü zənginləşdirməkdir. Ustad dərslərin keçirilməsində əsas məqsəd bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərərək, məktəblərdə tədrisin daha da səmərəli formada inkişafina nail olmaqdır.

Sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası müəllimi Sevinc Babayeva, Musiqi Kollecinin tar ixtisası üzrə müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Dünyamalı Abdullayev, Musiqi Kollecinin fortepiano ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Təranə Hüseynova, Musiqi Kollecini skripka ixtisası üzrə müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi İlahə Əliyeva və Naxçıvan Musiqi Kollecinin truba ixtisası üzrə müəllimi Vaqif Əsədov ustad dərs keçərək müəllimlərə tədrisin təşkil olunması istiqamətində tövsiyələrini vermişlər.

Metodik dərslərin sonunda şagirdlərə verilən proqramlar müzakirə edilmiş və suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
22.11.2019



      Noyabrın 21-də Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları üçün “Mədəni irs” intellektual oyunu keçirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında gənclərin hərtərəfli inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizin və muxtar respublikamızın mədəniyyətinin, incəsənətinin gənc nəslə təbliği, onlarda müasir dünyagörüşünün formalaşdırılması, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkili məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il iş planına uyğun olaraq bir sıra işlər həyata keçirilir. Gənclər üçün muzeylərə və tarix-mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunur, maarifləndirici tədbirlər və intellektual oyunlar keçirilir. Belə tədbirlərdən biri də “Müasir gənclik və mədəniyyətimiz” devizi altında keçirilən “Mədəni irs” intellektual oyunudur.

Aparıcı oyun başlamazdan əvvəl iştirak edən 8 komanda haqqında məlumat verərək bildirib ki, birinci mərhələdə Sədərək Rayon Mədəniyyət Şöbəsinin “Uğur”, Babək Rayon Mədəniyyət Şöbəsinin “Babək”, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Araz”, Ordubad Rayon Mədəniyyət Şöbəsinin “Gəmiqaya” komandaları, ikinci mərhələdə isə Culfa Rayon Mədəniyyət Şöbəsinin “Əlincəqala”, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “Batabat”, Şərur Rayon Mədəniyyət Şöbəsinin “Arpaçay” və Kəngərli Rayon Mədəniyyət Şöbəsinin “Nuhyurdu” komandaları iştirak edəcək.

Komandalara seçim turunun keçirilməsi haqqında məlumat verilərək birdirilib ki, ən çox bal toplayan 4 komanda II tura (finala) vəsiqə qazanacaqdır. Birinci turda komandaların hər bir iştirakçısı üçün 5 sual səsləndiriləcək.

İkinci turda (finalda) isə komandaların hər bir iştirakçısına 10 sual veriləcək. Hər bir sualın düzgün cavabı 100 balla qiymətləndiriləcək və I, II və III yerlərin qalibi elan olunacaq.

Sonra komandalara uğurlar arzulanıb və oyuna start verilib.

Maraqlı və gərgin keçən “Mədəni irs” intellektual oyununda komandaların gənc iştirakçıları mədəni irsimizlə bağlı sualları cavablandırmaqla fəallıq göstəriblər.

Final mərhələsinin sonunda “Arpaçay” komandası I, “Araz” komandası II, “Babək” komandası III yerin qalibi olub. Sonda qalib komandalar diplomlarla təltif olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.11.2019



      20 noyabr – Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilib.

Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında məlumat veriblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Təhsil naziri Rəhman Məmmədov və Mədəniyyət naziri Natəvan Qədimova çıxış ediblər. Bildirilib ki, muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə edilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 815 nəfəri uşaqdır.

Qeyd olunub ki, Ali Məclis Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib, monitorinq qrupu yaradılıb. Muxtar respublikada ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlara bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilib, həmçinin hər il 15 sentyabr – Bilik Günü ilə əlaqədar müvafiq uşaqlar məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar.

Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonra tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildə təhsil, idman, incəsənət nominasiyaları üzrə fərqlənən 16 uşağa diplom və hədiyyə təqdim olunub.

Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olub.

Qeyd edək ki, həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.11.2019



      Bu gün Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün hamiliklə bağlı açıq dərs keçirilib.

Dərsi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova bildirib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qədim diyarımızda geniş muzeylər şəbəkəsi yaradılmaqla bərabər, həm də onların müxtəlif profilli olmasına diqqət yetirilir. Bu gün muxtar respublikamızda tarix-diyarşünaslıq muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylər fəaliyyət göstərir. Bütün bunlar mədəni irsimizin qorunması, gənc nəslin mənəvi-estetik, ideya-siyasi dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeylər haqqında imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir. Bu sərəncamlar yeni muzeylərin yaradılmasında, bu mədəniyyət ocaqlarına marağın artmasında, muzeylərin fəaliyyətinin düzgün qurulmasında əhəmiyyətli rol oynamışdır. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Naxçıvan Muxtar respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamın əhəmiyyətindən danışan nazirliyin baş məsləhətçisi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ali və orta ixtisas təhsil müəssisələri üzrə 20-dən çox ixtisasa hamilik edir ki, bu da mədəniyyətin müxtəlif sahələrini əhatə edir.

Açıq dərsdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov Ərtoğrol Cavidin keşməkeşli həyat yolundan, onun irsinin qorunması və təbliği işində Hüseyn Cavidin Ev Muzeyinin əhəmiyyətindən söhbət açıb. Daha sonra kompleksin baş fond mühafizi-elmi işçisi Naibə Mirzəyeva çıxış edərək Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin fəaliyyətindən danışıb.

Açıq dərs zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.11.2019



      Dünən Naxçıvan Musiqi Kollecində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru və bədii rəhbəri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Xalq artisti, “Şöhrət” ordenli dirijor Teymur Göyçayevin rəhbərliyi ilə muxtar respublikada fəaliyyət göstərən uşaq, musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin şagird və müəllimləri, eləcə də Musiqi Kollecinin müəllim və tələbələri üçün ustad dərsi təşkil olunub.

Teymur Göyçayev dərsdə gənc ifaçılara ifa etdikləri alətin texnikası və düzgün istifadə qaydaları haqqında məsləhət və tövsiyələrini verib, onları musiqinin sirlərinə dərindən yiyələnməyə səsləyib. Dirijor müəllim və tələbələrin suallarını cavablandırıb.

Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günay Əliyeva bildirib ki, Teymur Göyçayevin rəhbərlik etdiyi orkestr bir neçə dəfə Naxçıvanda geniş konsert proqramları ilə çıxış edib. Bu gün isə görkəmli dirijor şagird və tələbələr üçün ustad dərsi keçir. Həmin dərslər vasitəsilə musiqi qabiliyyətinə malik istedadları aşkara çıxarılan uşaqlara yeni bacarıqlar aşılanır və onların sənət vərdişləri inkişaf etdirilir. Günay Əliyeva dirijor Teymur Göyçayevə bu gün təşkil edilən maraqlı dərs üçün minnətdarlığını bildirib.

Ustad dərsindən sonra görkəmli musiqi xadimi ilə həmsöhbət olduq. Dirijor bildirdi ki, Naxçıvana dördüncü dəfədir, gəlir. Sonuncu dəfə 2010-cu ildə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında bədii rəhbəri olduğum Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti üçün gəlmişdik. Bu gün isə gələcək musiqi ifaçılarımızla onlara musiqini tədris edən müəllimlərimizlə təcrübəmizi paylaşmaq, Naxçıvanı yenidən gəzmək, görmək üçün buradayam. Hər dəfə bura gələndə çox gözəl hisslərlə qayıdıram Bakıya. Şəhərin təmizliyi, gözəlliyi, insanların qonaqpərvərliyi mənə ruh verir. Yaradılan bu gözəlliklər həqiqətən də muxtar respublikada mövcud olan nümunəvi bir dövlətçilik modeli, yurda bağlılıq nümunəsidir.

Qeyd etmək istəyirəm ki, burada çox istedadlı insanlar yaşayır, həm də istedadlı gənclər yetişir. Görünür ki, muxtar respublikada mədəniyyətə, incəsənətə, musiqiyə, bu sahədə fəaliyyət göstərən insanlara xüsusi diqqət və qayğı vardır.

Mən bura gəlməmişdən qabaq muxtar respublikanın Mədəniyyət naziri ilə görüşdüm. Çox istərdim ki, Bülbül adına Orta İxtisas məktəbi ilə burada fəaliyyət göstərən musiqi məktəbləri arasında körpü yaradaq, birlikdə maraqlı layihələr hazırlayaq, sənət mübadiləsi aparaq. Çünki buradakı uşaqların çox gözəl göstəriciləri və ümidverici istedadları vardır. Biz də bu gənc istedadları kəşf edib onların inkişafına töhfə vermək üçün hər zaman əlimizdən gələni etməyə hazırıq.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.11.2019



      Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “20 noyabr - Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları Haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi” ilə əlaqədar Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” tamaşasını Ordubad rayonunda sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan uşaqlara göstərmişdir. Qeyd edək ki, tamaşa Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış şairə-dramaturq Kəmalə Ağayevanın yazdığı pyes əsasında səhnələşdirilmişdir.

Keçirilən tədbirdə muxtar respublikada azyaşlılara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlətin göstərdiyi qayğı diqqətə çatdırılıb. Daha sonra tamaşa nümayiş olunmuşdur. Nağılda olduğu kimi “Göyçək Fatma” tamaşasında da ictimai məsələlər, məişətdə baş verən ədalətsizliklər fonunda göstərilir. Tamaşada cərəyan edən hadisələr məişətdə baş verən münaqişələr üzərində qurulmuşdur. Kiçik bir ailədə baş verən münaqişə getdikcə böyüyür, həddini aşır, bütün xeyirxah qüvvələr bu ədalətsizlik əleyhinə çevrilir. Fatma gözəl və nəcib insani sifətlərə malikdir. Lakin bu gözəllik, nəciblik anası öldükdən sonra ona fəlakət gətirir.

Qara qüvvələr nə qədər çirkin, dəhşətli əməllərə əl atsalar da xeyrin, ədalətsizliyin qarşısında məğlub olurlar. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

Tamaşada Göyçək Fatma rolunu gənc aktrisa Ləman Əhmədova canlı və təbii təqdim edir. Aktrisalar Ulduz Süleymanova (ögey ana), Vəsmə Quliyeva (ögey bacı) balaca Fatmanın taleyinə acımayan, ona əzab verən personajlar kimi yadda qalırlar.

Teatrın tanınmış aktyoru İlqar Babayevin Qarı nənə obrazı xüsusi ilə maraqlıdır. Tamaşada maskada rolunu canlandıran aktyor olduqca təbii görünür.

Aktyorlar İlham Babayev, Süleyman Süleymanov isə tamaşada alleqorik sürətlər vasitəsi ilə xeyir qüvvələri canlandırırlar.

Aktyorlar İbad Nəbiyev, Arzu Səfərov, Əfsanə Ələsgərova tamaşanın finalında görünsələr də hadisələrin açılmasında iştirak edirlər.

Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov maraqlı tamaşa yaratmağa nail olmuşdur. Quruluşçu rəssam Rəfael Qədimovun səhnə tərtibatı uğurludur. Səhnə açılan kimi rəssamın nağıl dünyasından xəbər verən işi aydın görünür. Tamaşanın bəstəkarı Əli Məmmədovun musiqisi, xüsusilə Fatmanın dilindən səslənən yanıqlı mahnılar tamaşanın ruhu ilə uyğundur.

“Göyçək Fatma” tamaşası uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.11.2019



      Şahbuz rayonunda sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan 220 uşağa Naxçıvan Dövlət Uşaq Teatrının kollektivinin ifasında “Siçanlar və pişiklər”, Sədərək rayonunda isə eyni kateqoriyadan olan 220 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı “Qırmızı papaq” tamaşası təqdim olunub.

Qeyd edək ki, hər iki tədbir 20 noyabr - Ümumdünya Uşaq Günü ilə əlaqədar Şahbuz və Sədərək rayonlarının icra hakimiyyətləri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib.

Keçirilən tədbirlərdə muxtar respublikada azyaşlılara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlətin göstərdiyi qayğı diqqətə çatdırılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.11.2019



      Noyabrın 14-də Cəlil Məmmədquluzadə adına Muxtar Respublika Ədəbiyyat Muzeyində “Ədəbiyyat profilli muzeylərdə muzey işinin təşkili” mövzusunda seminar-treninq keçirilmişdir. Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova muxtar respublikada muzey işinin təşkili istiqamətində görülən işlərdən danışaraq bildirmişdir ki, dövlətimiz tərəfindən ölkəmizdə muzey işinə hər zaman böyük diqqət və qayğı göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd olunmuşdur ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunmuş 11-ci seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Tədbirdə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova “Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muzey işinin təşkili” mövzusunda, muzeyinin baş fond mühafizi Günel Novruzova isə “Ədəbiyyat profilli muzeylərdə uçot-mühafizə işinin təşkili” mövzusunda çıxış etmişdir.

Daha sonra muzeyin ekspozisiyasına baxış keçirilmişdir.

Seminar-treninqdə mövzu ilə bağlı müzakirələr aparılmış, muzey əməkdaşlarının sualları əsaslı şəkildə cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
15.11.2019



      Noyabrın 14-də Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs keçirilmişdir.

Kursu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Leyla Əlimərdanova bildirmişdir ki, uşaq musiqi məktəblərində tədris olunan musiqi ədəbiyyatı, solfecio və xor fənlərinin tədrisi zamanı müəllim üçün ən vacib amil, şagirdlərin bilik səviyyəsini, musiqi duyumunu və dünyagörüşünü zənginləşdirməkdir. Şagirdlərin həm dünya, həm də Azərbaycan musiqi ədəbiyyatı ilə tanışlığı onların musiqi tərbiyəsinin formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Dərs prosesində musiqi nömrələrini dinləmək ən əsas şərtlərdən biri olmalıdır. Metodiki kursların keçirilməsində əsas məqsəd bu fənni tədris edən müəllimlərə müəyyən istiqamət göstərərək, məktəblərdə tədrisin daha da səmərəli formada inkişafina nail olmaqdır.

Sonra Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı solfecio fənni üzrə metodiki dərs keçmişdir. Bildirmişdir ki, musiqi məktəblərində solfecio fənninin tədrisi zamanı şagirdlərə major-minor sistemi və nəzəri biliklərlə yanaşı Azərbaycan ladlarının öyrənilməsi, solfecio oxuma və imla yazmaq əsas şərtlərdən olmalıdır.

Naxçıvan Musiqi Kollecinin müəllimi Rühiyyə Dünyamalıyeva müəllimlərə musiqi ədəbiyyatı fənni üzrə tədris proqramı əsasında mühazirələrin hazırlanması qaydalarını izah edərək, eyni zamanda tədris zamanı şagirdlərin musiqi ədəbiyyatı ilə yanaşı müxtəlif xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklərin də əldə edilməsinin vacib olduğunu qeyd etmişdir.

Naxçıvan Musiqi Kollecinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərova xor fənninin tədrisi və kollektivinin yaradılması mövzusunda məlumat vermişdir. Tədris zamanı uşaqlar üçün yazılmış xor əsərlərinə daha çox müraciət etməyi məsləhət görmüşdür.

Metodik dərslərin sonunda mövzular müzakirə edilmiş və suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.11.2019



      Noyabrın 14-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Musiqi Kollecinin hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev tədbirin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni dövrün başlanğıcı qoyulmuş, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Qeyd olunmuşdur ki, startap ilk növbədə mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması nəzərdə tutulur. Həmçinin daha əvvəldən mövcud olan hər hansı bir ideyanı təkmilləşdirən inkişafa meyilli təşəbbüslər nəzərdə tutulur. Layihələr ilk növbədə dövlətin və xalqın maraqları çərçivəsində həyata keçirilməlidir. Belə olan halda həm xalqın maariflənməsi, həm də vətəndaşların dünyagörüşünün artması və insanların asudə vaxtlarının səmərəli təşkili işi həyata keçirilmiş olur.

Nazirliyin Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev çıxış edərək bildirmişdir ki, yaranmış “Startap Naxçıvan” hərəkatı muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır. Məlumat verilmişdir ki. Sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran “startup.nakhchivan.az” internet portalı ­da yaradılmışdır. Portalda həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılmış, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulmuşdur.

Görüşdə Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış edərək Sərəncamın icrası istiqamətində Naxçıvan Musiqi Kollecində görülən işlər barədə ətraflı məlumat vermişdir. Məlumat verilmişdir ki, ötən dövr ərzində Naxçıvan Musiqi Kollecində hamiliklə bağlı kompleks tədbirlər, seminar və konfranslar, təcrübələr həyata keçirilmişdir. Kollecin musiqi müəllimliyi, xalq çalğı alətləri ifaçılığı, İnstrumental ifaçılıq, xanəndəlik, vokal sənəti, bədii yaradıcılıq işi ixtisasları üzrə məqsədyönlü iş aparılmışdır. İxtisasların hamiliyinə verilməsi və bu ixtisaslar üzrə təhsil alan tələbələrin müxtəlif səpkili tədbirlərə cəlb edilməsi onların estetik dünyagörüşünün formalaşmasına, kollecdə tədrisin müasir tələblərə uyğun yaradıcı mühit əsasında təşkil olunmasına kömək etmişdir.

Kollecin tələbəsi Gülzar Heydərli muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından, yaradılan hərtərəfli şəraitdən, hamiliklə bağlı Sərəncamın imzalanması, həmçinin “startup.nakhchivan.az” internet portalının yaradılmasının istedadlı gənclərin aşkara çıxarılması istiqamətində əhəmiyyətindən bəhs etmişdir.

Sonda muxtar respublikanın peşəkar musiqiçilərdən təşkil olunmuş Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın məşq prosesi tələbələrə nümayiş etdirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.11.2019



      Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən Naxçıvan Dövlət Tarix Muzeyinə və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə edilmiş maddi mədəniyyət nümunələrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamların icrası nəticəsində maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə maraq artıb. Muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması da bunun bariz ifadəsidir. Bu gün muzey fondlarının zənginləşdirilməsində təkcə muzey əməkdaşları deyil, muxtar respublikada yaşayan vətəndaşlar, o cümlədən tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, rəssamlar və incəsənət adamları yaxından iştirak edirlər. Artıq 3 ildir ki, xalqımızın tarixini özündə yaşadan maddi mədəniyyət nümunələri, xalçalar, qədim əlyazmalar və rəsm əsərlərinin muzeylərə təqdim edilməsi təqdirəlayiq ənənəyə çevrilib. 2019-cu ilin noyabr ayınadək 12 eksponat təqdimatı keçirilib. Bu ilin 10 ayı ərzində muxtar respublikanın muzeylərinə 2044 yeni eksponat daxil olub. Sevindirici haldır ki, bu aksiyaya artıq muxtar respublikanın müxtəlif mərkəzi icra hakimiyyəti orqanları da qoşulur. Keçirilən bu təqdimat mərasimində də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak edirlər. Bu gün onlar tərəfindən muzeylərə 27 sayda yeni eksponat təqdim edilir. Həmin eksponatların muzey ekspozisiyalarında sərgilənməsi nəzərdə tutulur.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidovun və Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun da çıxışları dinlənilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları Ali Məclis Sədrinin milli-mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq əhali arasında hüquqi-maarifləndirmə tədbirlərini genişləndirib və bu sahədə müəyyən nəticələr əldə edilib. Bunun nəticəsidir ki, bu gün keçirilən təqdimat mərasimində vətəndaşlardan könüllü təhvil götürülmüş 19 müxtəlif adda qədim əşya, 6 tüfəng, 1 tapança və 1 patrondaş muzeylərdə eksponat kimi nümayiş olunması və mühafizə edilməsi üçün Mədəniyyət Nazirliyinə təhvil verilib.

Sonda muzeyə təqdim olunan eksponatlara baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.11.2019



      Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “9 noyabr – Dövlət Bayrağı Günü” münasibətilə Nazirliyin tabe müəssisələrində çalışan və nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub.

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi İlkin Cabbarov giriş sözü ilə açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun milli bayrağı - Dövlət bayrağıdır. Azərbaycanın üçrəngli bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyun ayının 24-də Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən, üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq aypara və səkkizguşəli ulduz qalmaqla üçrəngli – mavi, qırmızı və yaşıl zolaqlardan ibarət bayraqla əvəz edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. “Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Ali Məclisinin sessiyasında qaldırılmışdır”, – deyən İlkin Cabbarov bildirmişdir ki, həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti vəsatətə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə hər il “Dövlət Bayrağı Günü” kimi təntənə ilə qeyd olunur.

Bildirilmişdir ki, milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Daha sonra gənclər muzeylə tanış olmuşlar. Burada gənclərə məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış, 2014-cü il noyabrın 17-də fəaliyyətə başlamışdır. Muzeydə XIX əsrə aid Kəngərli süvari dəstəsinin döyüş bayrağı, XII əsr Eldənizlər dövlətinin bayrağının, Naxçıvan xanlığının gerbi və bayrağının, Kəngərli süvarilərinin fəxri bayrağının, Naxçıvan qəzasının gerbinin, Naxçıvan bəy drujinasının bayrağının, Naxçıvanda zərb olunmuş sikkələrin fotosurətləri, eləcə də müxtəlif dövrlərə aid dövlət bayraqları və digər dəyərli eksponatlar nümayiş etdirilir.

Qeyd edilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsirlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Dövlət rəmzlərinin formalaşması tarixinin öyrənilməsi dövlətçilik tarixinin, mədəniyyətin və ideologiyanınm inkişaf tarixi haqqında daha dolğun məlumat almağa kömək edir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

Ekskursiya gənclərdə xoş təəssürat yaratmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.11.2019



      Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solooxuma (xanəndəlik və vokal), rəqs, instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsi keçirilib. Fiziki imkanları məhdud vətəndaşlar, eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadlıları üzə çıxarmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, cəmiyyətə inteqrasiyalarına köməklik göstərmək məqsədilə keçirilən yaradıcılıq müsabiqəsində iştirakçılar münsiflər qarşısında bir-birindən maraqlı nömrələrlə çıxış ediblər.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasında keçirilən tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev belə tədbirlərin müvafiq kateqoriyadan olan şəxslərin həyatındakı əhəmiyyətindən bəhs ediblər. Tədbirin sonunda qalib və fərqlənən iştirakçılar təltif olunub, onların ifalarında növbəti çıxışlar dinlənilib.

Qeyd edək ki, muxtar respublikanın bütün bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin iştirak etdiyi müsabiqə qaliblərinin Bakı şəhərində bu kateqoriyadan olan şəxslər arasında keçiriləcək VIII Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsində iştirakı nəzərdə tutulub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.11.2019



      Noyabrın 5-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı keçirilib.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, təsviri incəsənətin ən qədim növlərindən biri olan rəssamlıq sənəti insan ruhunu oxşayan, insanın mənəvi aləmindəki daxili duyğularını ifadə edən sənət növüdür.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına böyük dövlət qayğısı göstərilir. Son illər muxtar diyarımızda rəsm festivallarının keçirilməsi, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilərin təşkili və tanınmış rəssamların əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlığın inkişafına göstərilən böyük dövlət qayğısının bariz ifadəsidir.

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov bir neçə rəsm əsərini Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərə hədiyyə etmişdir.”- deyən nazir buna görə Əməkdar rəssam Həmzə Sadiqova təşəkkür edib ona yaradıcılıq uğurları arzulayıb.

Həmzə Sadiqovun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən Natəvan Qədimova vurğulayıb ki, ilk dəfə 1977-ci ildə fərdi sərgisi keçirilən Həmzə Sadiqov 1980-ci ildə Moskvadakı Xalq İncəsənəti Universitetini bitirmişdir. 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Təşkilatının Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunan bütün sərgilərdə iştirak edir. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Qeyd edilib ki, mədəniyyətimizin inkişafına töhfə olan muzeylərimizə eksponat hədiyyə edilməsi işi bu gün Naxçıvan Muxtar Respublikasında ənənə halını almışdır. Son illər muxtar respublikada fəaliyyət göstərən muzeylərə eksponatların təhvil verilməsi Naxçıvanda mədəniyyətin təbliğinə, bu sahənin inkişafına göstərilən qayğı kimi dəyərləndirilir. Bugünkü təqdimat mərasimi də bu qəbildən olan mədəni hadisə kimi biz mədəniyyət adamlarını sevindirir. Bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir neçə muzeyə hədiyyə edilən rəsm əsərlərinin bəziləri rəssamlıq sənətinin portret janrında çəkilmişdir. Digər rəsm əsərlərində isə muxtar respublikada mövcud olan tarixi memarlıq abidələri ustalıqla təsvir edilmişdir. Naxçıvan Dövlət Rəsm Qalereyasına, Naxçıvan Dövlət Tarix Muzeyinə, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Qarabağlar Türbə Kompleksinə hədiyyə edilən rəsm əsərlərinin diqqətçəkən cəhəti həm də ondan ibarətdir ki, tarixi memarlıq abidələrinin təsvirinə həsr olunan rəsm əsərlərinin bəzilərində həmin abidələrin həm bərpadan əvvəlki və həm də bərpadan sonrakı təsviri verilmişdir. Bu cür təsvir isə gələcək tədqiqatçılar üçün dəyərli fakt deməkdir.

Natəvan Qədimova çıxışının sonunda bütün mədəniyyət və incəsənət sahəsində çalışan insanlar adından bu sahəyə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirin davamında Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli və Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuran Əliyev çıxış edərək hədiyyə etdiyi rəsm əsərlərinə görə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqova minnətdarlıq ediblər.

Daha sonra Həmzə Sadiqov çıxış edib. Əməkdar rəssam bu təşəbbüsünü gələcəkdə də davam etdirəcəyini və öz yaradıcılığının məhsulu olan yeni əsərləri də muzeylərə hədiyyə etməyi nəzərdə tutduğunu bildirib.

Sonda tədbir iştirakçıları hədiyyə olunmuş rəsm əsərləri ilə tanış olub, qalereyanın ekspozisiyasında sərgilənən əsərləri nəzərdən keçiriblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
05.11.2019



      Oktyabr ayında da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni-kütləvi tədbirlərin keçirilməsi davam etdirilmiş, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur.

Ötən ayın yaddaqalan mədəni hadisələrindən biri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsinin keçirilməsi olmuşdur.

Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Son illər ənənə halını almış muxtar respublika sakinləri tərəfindən muzeylərə eksponat hədiyyə edilməsi işi oktyabr ayında da davam etdirilmiş, Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla, 15 ədəd eksponatın təqdimat mərasimi keçirilmişdir. Ümumilikdə, ötən ay ərzində muzeylərə 111 ədəd yeni eksponat daxil olmuşdur.

Görkəmli şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü münasibətilə ədibin ev muzeyi və Xatirə Kompleksində “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir.

Oktyabr ayı boyunca qədim diyarımızda mövcud olan yallı növlərinin araşdırılması ilə bağlı iş aparılmış, 58 sayda yallı növü nota köçürülərək reyestrinin aparılması üçün məlumatlar toplanmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə təhsil alan tələbələrinə açıq dərslər keçilmiş, “Milli-mədəni irsimizin saxlanc yeri olan muzeylər və kadr hazırlığının aktual məsələləri” mövzusunda dəyirmi masa, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri üçün kitab müzakirəsi təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən, muxtar respublakdakı mövcud müzeylər ziyarət edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Ötən ay ərzində muzeyləri, ümumilikdə 53 min 656 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 9 min 170 nəfəri əcnəbi vətəndaşlardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, aid təşkilatlarla birgə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi ilə Şərur rayon Muğanlı və Alışar kənd tam orta məktəbləri, eləcə də Cəlil Məmmədquluzadənin Ev Muzeyi ilə Babək rayon Gülşənabad kənd tam orta məktəbi arasında olmaqla, 2 interaktiv dərs keçilmiş, dərsləri muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Ay ərzində kitabxanaların fəaliyyəti, kitab müzakirələri, eləcə də əlamətdar və tarixi günlərlə, tanınmış şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə bağlı muxtar respublikada mövcud kitabxanalar tərəfindən mədəni-kütləvi tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur. Bundan başqa, bu ilin oktyabr ayında 26 nəfər sağlamlıq imkanı məhdud və ahıl şəxsə səyyar kitabxana xidməti göstərilmişdir. Ötən ay da kitabxanalara oxucu müraciətində artım müşahidə olunmuşdur. Belə ki, oktyabr ayı ərzində kitabxanalarda yeni oxucu sayı 353 nəfər, oxucu gəlişi 9 min 769 nəfər, kitab verilişi 47 min 145 nüsxə təşkil etmişdir.

Nazirliyin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələri və ali və orta ixtisas təhsili müəssisələri arasında “Ritmi hiss et, sən də qatıl” adlı rəqs müsabiqəsinin 23, 28 və 30 oktyabr tarixlərində seçim turları keçirilmiş və noyabr ayında keçiriləcək final turuna vəsiqə qazanmış iştirakçılar müəyyən edilmişdir.

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Kəngərli Rayon Mədəniyyət Şöbəsi ilə birgə Qarabağlar Türbə Kompleksində “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Oktyabr Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” çərçivəsində Babək rayon Aşağı Buzqov, Ordubad rayon Üstüpü kəndlərində və Sədərək Rayon Mədəniyyət Sarayında, həmçinin Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə film nümayişi təşkil olunmuş, aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların istirahətinin təşkili məqsədi ilə bir film nümayiş etdirilmişdir.

Oktyabr ayında Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Muğanlı və Alışar kənd kitabxana filialları, Alışar Kənd Mədəniyyət Evi, Muğanlı Kənd Klubu, Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Gülşənabad Kənd Kitabxana Filialı və Gülşənabad Kənd Klubunun fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində müasir iş şəraiti yaradılmışdır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ay ərzində Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqlərini aparmış, stasionarda, eləcə də Şahbuz və Kəngərli rayonlarında qastrol səfərləri çərçivəsində “Ölülər və dəlilər” tamaşasını nümayiş etdirmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ay ərzində “Qaraca qız” və “Üçqismətli varis” tamaşalarının məşqlərini davam etdirmişdir. Kukla teatrı ay ərzində 2-si xeyriyyə olmaqla, 11 tamaşa təqdim etmişdir ki, bunlardan 3-ü Culfa və Ordubad rayonlarında, 8 tamaşa isə stasionarda göstərilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı ay ərzində “Mavi işıq” və “Siçanlar və pişiklər” tamaşalarının məşqlərini davam etdirmiş, Babək rayonunda “Nadan xoruz” tamaşasını nümayiş etdirmişdir.

Ötən ay boyunca Naxçıvan Şəhər Xalq Teatrı T.Həsənovun “Şöhrət ardınca”, Babək Rayon Xalq Teatrı S.S.Axundovun “Tamahkar”, R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı M.F.Axundovun “Lənkəran xanının vəziri” və Ordubad Rayon Xalq Teatrı H.Mirələmovun “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.11.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən oktyabr ayının 29-da Naxçıvan Dövlət Tarix Muzeyində “Milli-mədəni irsimizin saxlanc yeri olan muzeylər və kadr hazırlığının aktual məsələləri”mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin rəhbər və əməkdaşlarının, o cümlədən Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müəllimlərinin və həmin ixtisas üzrə təhsil alan tələbələrin iştirak etdiyi dəyirmi masanı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, ali və orta ixtisas təhsili məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı muzeyşünaslıq ixtisası üzrə təhsili alan tələbələrin muzey və muzeytipli müəssisələrdə təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi müəyyən işlər həyata keçirib və bu gün təşkil olunmuş dəyirmi masa da həmin tədbirlərin davamıdır. 2019-cu il ərzində tələbələr üçün 5 açıq dərsin təşkil olunduğunu bildirən Qumral Əsədova onu da qeyd edib ki, il ərzində açıq dərslərin, dəyirmi masaların, konfransların və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Sonra dəyirmi masanın iştirakçıları Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Zenfira Seyidova, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli və Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müəllimi Nərmin Orucova mövzu ilə bağlı müzakirə aparıblar.

Tədbirin davamında dəyirmi masa iştirakçıları tamaşaçıların suallarını cavablandırıb.

Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illiyinə həsr olunmuş sərgiyə baxış keçirildikdən sonra tədbir yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.10.2019



      Oktyabrın 29-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Kəngərli rayonuna qastrol səfəri təşkil olunub. Səfər zamanı rayon mədəniyyət sarayında C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası göstərilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirilir. Naxçıvan teatrının qurucularından biri olan C.Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə ədibin adını daşıyan musiqili dram teatrında onun əsərləri əsasında “Ölülər və dəlilər” tamaşası hazırlamışdır.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyeslərini bir mövzu üzərində birləşdirərək maraqlı tamaşa yaratmağa nail olmuşdur. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” müxtəlif illərdə teatrımızda tamaşaya qoyulmuşdur. “Ər” pyesi isə akademik İsa Həbibbəyli tərəfindən 1987-ci ildə yazıçının arxivindən tapılaraq çap etdirilmişdir.

Tamaşadakı bu 4 pyesdəki obraz və personajların bir çoxu ilə rastlaşırıq. “Ölülər və dəlilər” tamaşasında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri də rol almışlar. Tamaşanın quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.

Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.10.2019



      Muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam edir.

Ötən şənbə günü nazirlik, komitə, idarə və agentliklərin əməkdaşları Naxçıvan şəhərindəki muzeyləri ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin kollektivi böyük mütəfəkkir Hüseyn Cavidin ev-muzeyində, Nazirlər Kabinetinin kollektivi Xatirə muzeyində, Daxili İşlər Nazirliyi və Naxçıvan Dövlət Universitetinin kollektivi yeni istifadəyə verilmiş Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Qarabağlar Türbə Kompleksində, Muxtar Respublika Prokurorluğunun əməkdaşları Xalça muzeyində, İnsan Hüquqları üzrə Müvəkkili aparatının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Maliyyə Nazirliyinin kollektivi isə Dövlət Bayrağı Muzeyini gəziblər.

Həmin gün İqtisadiyyat Nazirliyinin kollektivi Bəhruz Kəngərli muzeyində, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Bankın əməkdaşları Naxçıvan Biznes Mərkəzini, Dövlət Gömrük Komitəsinin əməkdaşları Ədəbiyyat muzeyini, Dövlət Nəqliyyat Xidmətinin kollektivi isə Nəbatat bağını ziyarət ediblər.

Ədliyyə Nazirliyinin əməkdaşları “Əlincəqala”Tarix-Mədəniyyət Muzeyində, Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində, Fövqəladə Hallar Nazirliyinin kollektivi Xan sarayında, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları böyük ədib Cəlil Məmmədquluzadənin ev-muzeyində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə Rəsm qalareyasında olublar.

Qeyd edək ki, həmin gün muxtar respublikamızın rayonlarında da muzeylər ziyarət edilib. Şərur, Şahbuz, Culfa, Kəngərli, Sədərək, Ordubad rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri bölgələrdə yaradılan muzeylərdə olub, buradakı eksponatlar haqqında ətraflı məlumat alıblar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.10.2019



      Məşhur azərbaycanlı aktyor və naşir Bəhram Bağırzadənin "Azərbaycan şəhərləri" - "Bakı uşaqlar üçün", "Uşaqlar üçün Şuşa", "Uşaqlar üçün İrəvan" kitablarının silsiləsinin davamı olan "Naxçıvan uşaqlar üçün" adlı yeni kitabı işıq üzü görüb. Yeni kitabda müəllif Naxçıvanın tarixindən, parlaq elm adamlarından, döyüşçülərdən, siyasətçilərdən və minlərlə tarixi, mədəniyyət və memarlıq abidələrindən bəhs edir. Bu abidələrdən 58-i dünya əhəmiyyətli olduğu vurğulanır. Müəllif kitabda bildirir ki, Naxçıvan toponimi Nuh peyğəmbərin adı ilə əlaqəli olan "Nuhçıxan"sözündən yaranıb. Bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı müqəddəs kitablarda - Quranda və İncildə qeyd olunan qlobal daşqının izləri aşkar edilib.

“Qədim və zəngin tarixə malik Naxçıvan bizim milli sərvətimizdir. Naxçıvan qlobal miqyasda öz gözəlliyi ilə fərqlənir. Qədim tariximizə şəhadət verən tarixi abidələr burada qorunur”- deyə müəllif vurğulayır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.10.2019



      “Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanski Muzeyində olublar.

Kollektivə məlumat verilib ki, muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları olmaqla 5400-ə yaxın eksponat nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında sərgilənir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.10.2019



      Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyası Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə Babək Rayon Mədəniyyət Sarayında konsert verib.

Konsert Məhərrəm Quliyevin ifasında “Segah” təsnifi ilə başlayıb.

Konsertdə Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Xatirə Səfərova və Zülfüqar Mahmudov xalq və bəstəkar mahnılarını səsləndiriblər.



Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.10.2019



      Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda sağlamlıq imkanları məhdud, valideyin himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün “Dərs” filmi nümayiş olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar respublikamızda uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzindədir.

Uşaqlar əvvəlcə Naxçıvan Dövlət Film Fondunda fəaliyyət göstərən kino muzeyi ilə tanış olublar. Burada onlara 120 illik inkişaf yolu keçmiş Azərbaycan kinosu haqqında məlumat verilib.

Sonra “Dərs” bədii filmi nümayiş olunub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin çəkilişləri əsasən Bakıda aparılıb.

2015-ci ildə ekranlaşdırılmış filmin rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür. Ekran əsəri uşaqların məktəb və şəxsi həyatlarından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından, xeyirxahlığa və yaxşılığa çağırışdan bəhs edir. Filmdə əsas rollarda Tamerlan Ağayev (Xalid), Aliyə Əliyeva (Çinarə), Rəşid Əliyev (Asif), Ayna Zərbəliyeva (Solmaz), Camal İbrahimov (Oqtay), Kamal İbrahimov (Orxan) və başqaları çəkiliblər.

Filmin ssenari müəllifləri Elza Ağayeva, Anastasiya Volkovadır.

“Dərs” filmi uşaqlar tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
26.10.2019



      "H.Cavidin, onun yaradıcılığının, sözün əsl mənasında, xalqımıza qaytarılmasında və təbliğində ümummilli liderimiz Heydər Əliyevin rolu misilsizdir. Böyük sənətkara əsl bəraəti dahi rəhbər qazandırmışdır. Məhz dahi rəhbərin qayğısı və diqqəti ilə Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd edildi. Ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olundu. Yenə xalqımızın böyük oğlu Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldıldı, Naxçıvanda və Bakıda Hüseyn Cavidin ev muzeyləri açıldı. Sənətkarın yubileylərinin təntənəli şəkildə qeyd olunması Hüseyn Cavidin adı ilə bağlanan növbəti sevincdir ki, bu sevinci də cavidsevərlərə ilk bəxş edən məhz dahi şəxsiyyət Heydər Əliyev olmuşdur".

Bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu Hüseyn Cavid məqbərəsini ziyarət edib, Cavidlər məzarı üzərinə tər güllər düzüblər. Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev muzeyində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova böyük söz ustadının ümumbəşəri, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Vurğulanıb ki, doğma diyarımızda da Cavid irsinin yaşadılması, öyrənilməsi və təbliğ olunması xüsusi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədibin yubileyləri ilə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən, qədim diyarımızda da böyük sənətkarın yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuş, elmi konfranslar və simpoziumlar keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” və “İblis” əsərləri tamaşaya hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addım kimi dəyərləndirilir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən keçirilən dahi ədibin oğlu Ərtoğrol Cavidin 100 illik yubiley tədbirləri də Cavid irsinə göstərilən qayğının bariz nümunəsidir.

"Ömrünün son anına qədər öz böyük iradəsindən və ümumbəşəri əqidəsindən dönməyən Cavid 1937-ci ilin qanlı burulğanının qurbanı oldu", - deyən nazir qeyd etmişdir ki, 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və ən soyuq həbs düşərgəsi olan Maqadan şəhərində sürgündə olmuş, 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat etmiş Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı, ona verilən yüksək qiymət haqqında düşünərkən böyük sənətkarın mərhum qızı Turan xanımın dediyi belə bir fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün, birinci növbədə, mən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda çıxış edib. Bildirilib ki, Hüseyn Cavid Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində anadan olub. İbtidai təhsilini M.T Sidqinin Naxçıvandakı "Məktəbi-tərbiyyə"sində alan H.Cavid "Gülçin" və "Salik" təxəllüsü ilə şeirlər, qəzəllər yazıb. 1905-1909-cü illərdə İstanbul darülfünunda təhsil alıb. 1917-ci ildə şairin “Bahar şəbnəmləri” adlı şeirlər kitabı çap olunur.

Qeyd edilib ki, H.Cavid yaradıcılığında şeirlərlə yanaşı, dram əsərləri də xüsusu yer tutur. Şairin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Uçurum”, “Peyğəmbər”, “Afət”, “Topal Teymur”, “Xəyyam”, “Knyaz”, “Səyavuş”, “İblisin intiqamı” pyesləri, “Azər” poeması Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Onun pyesləri uzun illər Azərbaycanda teatrların inkişafına, qüdrətli aktyor nəslinin yetişməsinə güclü təsir göstərib.

"Hüseyn Cavid və Azərbaycan uşaq ədəbiyyatı" mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Hüseyn Həşimli qeyd edib ki, mütəfəkkir ədib Hüseyn Cavid müxtəlif vaxt­larda uşaqlar üçün də bəzi əsərlər yazıb, onlardan bir neçəsini “Məktəb” jurnalında dərc etdirib. Bu şeirlərdən “İlk bahar”, “Bir qız”, “İsmayıl bəy”, “Kiçik sərsəri”, “Öksüz Ənvər” və “Çiçək sevgisi” şeirlərində mütəfəkkir şair H.Cavid gələcəyimiz olan uşaqların maariflənməsi, əxlaqi tərbiyəyə yiyələnməsi baxımından uşaq ədəbiyyatımızın incilərindən hesab olunur. H.Cavidin uşaq şeirlərində yeniyetmə nəslin həyata baxışında, onların dünyagörüşündə milli dəyərlərimizin yaşadılması pronsipini əsas amal kimi əks etdirməyə çalışmışdır.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Ölməz ideallar şairi” mövzusundakı çıxışında Hüseyn Cavid yaradıcılığının fövqəlbəşər ideyalarından bəhs edib. Bildirilib ki, dövrünün yalançı fikirlər yığınağına uymayan H.Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində “söz və fikir zadəganı” olaraq yamaşaqdadır. Bütün ömrünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və azadlığına həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı kimi çıxış edirdi. “Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik ideyalarını özündə ehtiva etməkdədir. O, bəşəriyyətin parlaq gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə görür, ümumbəşəri yaradeıcılığı və bilavasitə müəllimlik peşəsi ilə də bu ideallara yorulmadan xidmət edirdi.

Sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında şairin yaradıcılığından nümunələr bədii qiraət edilib, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin sazçalanlar ansamblının ifasında Ərtoğrol Cavidin “Dağlar” mahnısı səsləndirilib.

Sonda tədbir iştirakçıları Hüseyn Cavidin ev muzeyinin ekspozisiyası ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.10.2019



      Oktyabrın 24-də Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şərur Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın ən qədim ənənəvi rəqsləri - yallı” mövzusunda seminar-müşavirə keçirilib.

Şərur rayonunda fəaliyyət göstərən əksər klub müəssisəsi əməkdaşlarının iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov açıb. Bildirib ki, yallılar əsrlərin süzgəcindən keçərək xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını keçmişimizdən bu günədək daşıyan və yaşadan xalq rəqslərimizdir. Yallılar nəsillər arasında mənəvi körpüdür. Qürur hissi duyuruq ki, muxtar respublikamızda bu mənəvi körpü yüksək ehtiramla qorunub saxlanılır.

Qeyd olunub ki, hələ lap qədimdən insanlar rəqs etmək üçün müəyyən müşayiətə və ritmə ehtiyac duymuşlar. Bu gün də yallılarımızı musiqinin müşayiəti olmadan təsəvvür etmək mümkün deyil. Minillik tarixi olan mədəni irsimiz, o cümlədən yallılarımız bu gün beynəlxalq səviyyədə də yetərincə tanıdılır. Ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi olmaqla, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalq yaradıcılığına diqqət və qayğısı bu uğurun əsas təminatçısıdır. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Nəticədə, milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızın YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi kimi əhəmiyyətli tarixi uğur qazanılıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı da xalq yaradıcılığına böyük qayğının daha bir ifadəsidir. Təsdiq olunmuş Tədbirlər Planında yallı ilə bağlı tədqiqatların və nota köçürülmə işinin davam etdirilməsi, onların reyestrinin aparılması və digər mühüm məsələlər öz əksini tapıb.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev “Yallılarımızın simvolikası haqqında” mövzusundakı çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, xalqımızın mədəniyyət incisi olan yallı zaman keçdikcə insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, gözəllik və incəliyin, həyatsevərlik və sevincin, mərdlik və mübarizliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olmaqla ruhumuzu oxşayan digər çalarlarla zənginləşib. Qədim dövrdə yaranan yallıların mərasim xarakterli olması da diqqəti cəlb edən əsas məsələlərdəndir. Çünki rəqs tayfa və ailə birləşmələri tərəfindən keçirilən müəyyən bir mərasimin vacib elementlərindəndir, xalqın sevincini ifadə edir. Maraqlı faktlardan biri də odur ki, bu sevinc incəsənətin ən geniş yayılmış növlərindən biri olan, yaranması Naxçıvan diyarının Şərur bölgəsi ilə əlaqələndirilən yallılara daha çox hopub. Bu gün muxtar respublikamızda yüzdən çox yallı növü vardır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Qaz-qazı”, “Şahgəldi”, “Tello”, “Nazilə”, “Şərili”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yer titrədən ayaq səslərini, nərə səslərini özündə yaşadır, hər kəsi Vətən uğrunda birliyə, əməyə çağırır.

“Şərur yallıları” mövzusunda çıxış edən Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin Xalq yaradıcılığı şöbəsinin metodisti Ceyran Ələkbərova bildirib ki, yallılar toylarda və el şənliklərində instrumental ansambl, yaxud mahnı müşayiəti ilə ifa edilir. İfaçıların sayı qeyri-məhdud olur. Yallı rəqsi zamanı əl-ələ tutmuş kişi, yaxud qadınlardan ibarət dəstə düzəldilir. Dəstənin başında duran rəqqas “yallıbaşı”, axırdakı isə "ayaqçı" adlanır. Yallı ağır tempdə başlanır, getdikcə sürətlənir, ifaçılar ritmik hərəkətlərlə dövrəvi rəqs edirlər.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Şərəf Quliyeva yallılarımızın təbliği və yaşadılması məqsədilə keçiriləcək baxış-müsabiqələrin təşkili haqqında məlumat verib, müsabiqə zamanı qiymətləndirmənin aparılması prinsipindən danışıb, yallılarla bağlı diqqət edilməsi vacib olan müvafiq meyarlardan bəhs edib.

Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılıb, yallılarla bağlı folklor nümunələrinin toplanması qaydaları haqqında tövsiyələr verilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.10.2019



      Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində müəssisənin yaradılmasının 9 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Kompleksin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 23 oktyabr 2010-cu il tarixli 249-03/S nömrəli Sərəncamı ilə yaradılmış, həmin ilin 17 dekabrında muzeyin açılışı olmuşdur.

Qeyd olunub ki, 75 eksponatla fəaliyyətə başlayan muzeydə sonrakı illərdə görülmüş tədbirlər nəticəsində elmi fondun tərkibi zənginləşdirilmiş, Naxçıvan xanlığına və Kəngərli nəslinə aid 2 minə yaxın eksponat muzeyə daxil olmuş və dövlət qeydiyyatına götürülmüşdür. Hazırda muzeyin yerləşdiyi bina XVIII əsrin sonlarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlığının iqamətgahı, həm də xan ailələrinin yaşayış evi olmuşdur. Xanlıq ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşmiş, 1918-1920-ci illərdə Naxçıvan Milli Müdafiə Şurasının Qərargahı buraya köçürülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 02 fevral tarixli Sərəncamından sonra “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi adı altında fəaliyyətini davam etdirmişdir.

Qeyd olunmuşdur ki, fəaliyyəti dövründə muzey əhaliyə göstərilən mədəni xidmətin təşkilinə diqqət yetirmiş, 9 il müddətində minlərlə tamaşaçıya bələdçilik edilmiş, regionlardan, əcnəbi ölkələrindən, beynəlxalq təşkilatlardan muzeyə gələn ziyarətçilərə Naxçıvan xanlığının tarixi, mədəniyyəti, Kəngərli nəslinin görkəmli siyasi-dövlət və hərbi xadimləri, nəslin tanınmış şəxsiyyətləri haqqında məlumatlar verilmişdir.

Muzeydə elmi-kütləvi tədbirlərin keçirilməsi və maarifçilik işlərinin təşkili diqqət mərkəzində saxlanılmış, müxtəlif mövzularda 50-yə yaxın tədbir, 2 distant dərs, 100-dən artıq açıq dərslər keçirilmiş, müxtəlif mətbu orqanlarda 30-a yaxın kütləvi və elmi-tədqiqat məqalələri dərc olunmuş, müsahibələr verilmişdir.

Muzey Kompleksi fəaliyyəti dövründə ali və orta ixtisas təhsil müəssisələri ilə əlaqələri genişləndirmiş, aid ixtisaslar üzrə müəsissəyə işə qəbul olunan gənc kadrların peşəkar muzey işçisi kimi yetişməsinə yaxından qayğı göstərmişdir.

Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqarfiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi əlaqələri” mövzusunda çıxış edərək bildirib ki, Qafqazda hadisələrin Rusiyanın xeyrinə dəyişdiyi bir zamanda Azərbaycanda yaranan xanlıqlar içərisində Naxçıvan xanlığı çox mühüm bir geosiyasi məkanda yerləşdiyindən yüksək hərbi-siyasi mövqe tuturdu. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması elm, mədəniyyət tariximizdə mühüm hadisədir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı tədqiqatçı alimlərimiz üçün də stimulverici mühüm dövlət sənədi olmuş, dövlətçilik tariximizdə xüsusi yeri olan Naxçıvan xanlığının tarixinin dərindən öyrənilməsinə, tədqiq edilməsinə və muzeydə toplanmış eksponatlarının elmi-tədqiqatlara cəlb olunmasına geniş şərait yaratmışdır. Tədqiqatçı alim qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muzeyin açılışı zamanı bildirmişdir: “Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də qorunub saxlanılmışdır. Muzey o dövrün tarixini özündə əks etdirməli, Naxçıvan xanlığının fəaliyyəti dövrünü gələcək nəsillərə daşıyan bir mənbə olmalıdır".

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin aparıcı mütəxəssisi Nərmin Məmmədova “Naxçıvan xanlığı: Arxiv mənbələri və tarixi həqiqətlər” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Xan Sarayının fondunun təşkili və ekspozisiyanın elmi tərtibatında arxiv mənbələrindən geniş istifadə olunub. Xan Sarayının ekspozisiyasının qurulmasında arxiv idarəsinin fondunda mövcud olan Naxçıvan xanlığı ilə bağlı mənbələr muzeyə təhvil verilmiş və onların təbliğatı, nümayişi üçün lazimi tədbirlər görülmüşdür. Qeyd olunmuşdur ki, muzey fəaliyyəti dövründə arxiv idarəsi ilə də əlaqəsini genişləndirmiş, hətta 2016-cı ildə muzeyə daxil olan Kəngərli nəslinin tarixi ilə bağlı 370 vərəqdən çox nadir tarixi sənədlərin surəti çıxarılaraq kitab halında Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. Bildirilmişdir ki, bundan sonra da Arxiv idarəsi ilə Muzey Kompleksi arasında əlaqələr genişləndiriləcək, xanlıqlar dövrü mənbələrinin araşdırılması və əldə olunmasında birlikdə çalışmalar aparılacaqdır.

Tədbirin sonunda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin ekspozisiyasına baxış olmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.10.2019



      Görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, cəmi 24 il yaşamasına baxmayaraq Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin bu il anadan olmasının 100 illiyi tamam olur.Bu münasibətlə Naxçıvanda “Ərtoğrol Cavid: taleyi və sənəti” və ”Natamam ömrün 100 illik təntənəsi” adlı iki kitab işıq üzü görüb.

“Ərtoğrol Cavid: taleyi və sənəti” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamına əsasən nəşr olunub. Kitabda Ərtoğrol Cavidin həyat və yaradıcılığının müxtəlif məqamlarına işıq tutan məqalələr, anası Müşkünaz xanım və bacısı Turana yazdığı məktublarla yanaşı Cavidlər ailəsinə məxsus, o cümlədən Ümummilli liderin Hüseyn Cavidin Naxçıvanda ucaldılan məqbərəsinin açılışı zamanı çəkilən fotoşəkillərdə yer alıb.

Azərbaycan Respublikasının Xalq Artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Tofiq Bakıxanovun tərtib etdiyi “Natamam ömrün 100 illik təntənəsi” kitabında isə müəllifin Ərtoğrol Cavidlə bağlı xatirələri, onun dahi bəstəkar Üzeyir Hacıbəyova və Bülbülə ünvanladığı məktublar, bəstələdiyi musiqilər, öz şeirlərinə yazdığı mahnılar verilib. Həmçinin Ərtoğrol Cavidin özünün çəkdiyi rəsm əsərləri, şəxsi sənədlərinin surəti, ailəsinə məxsus olan tarixi şəkillər və ulu öndər Heydər Əliyevin Cavid məqbərəsinin açılışında iştirakını əks etdirən fotolar yer alır.

Qeyd edək ki, hər iki kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyi tərəfindən nəfis şəkildə tərtib olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.10.2019



      Heydər Əliyev Muzeyində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərs təşkil edilib.

Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi açıq dərsdə vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcını qoyub. Dahi liderin adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu isə doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib.

Açıq dərsdə dahi rəhbərin Naxçıvanda Azərbaycanın dövlətçilik tarixində böyük rol oynayan qərarlar qəbul etməsindən də danışılıb. Vurğulanıb ki, 1990-1991-ci illərdə Azərbaycan xalqı yenidən müstəqillik bayrağını qaldırdı və bu xalqımızın siyasi tarixində XX əsrdəki ikinci böyük qələbəsi idi.

Açıq dərsdən sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.10.2019



      Oktyabrın 23-də sakinlər tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, cecim, kilim, palaz olmaqla 15 ədəd eksponat təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işinin daim diqqətdə saxlanıldığını və bu işdə muxtar respublika sakinlərinin yaxından iştirak etdiklərini bildirib.

Qeyd olunub ki, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən məşğul olmuşlar. Tarixi qədim bir dövrü əhatə edən xalçaçılıq sənəti müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz növlərə ayrılaraq, dəyələrin, çadırların, alaçıqların, habelə, evlərin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilib. Nadir sənət nümunələrindən olan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu sənət növünün dünyada bir daha tanıdılması deməkdir.

Vurğulanıb ki, xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmışdır. Azərbaycanda toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən möhtəşəm sənət nümunəsi kimi həmişə qəbul edilmişdir. Azərbaycan xalçaları öz ornamentallığı ilə seçilir və xalqımızın yaradıcı təxəyyülünün bənzərsiz yaradıcılıq məhsuludur.

Xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Eneolit dövründən məlum olan toxuculuğun mənşəyini Qobustandan tapılan Neolit dövrünə aid bitki xammalından sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Naxçıvandakı Kültəpə abidələrindən tapılan Eneolit dövrünə aid gil, sümük tağalaqlar, iylər əsaslı şəkildə ortaya qoyur.

Tədqiqatçıların fıkrincə, yun xalçalar hələ Tunc dövründə mövcud olmuşdur. Eramızın VII əsrindən başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi həmişə xatırlanmış, onların zərif toxunuşu və gözoxşayan gözəlliyi qeyd olunmşdur. VII əsrdə yaşamış Çin səyyahları Azərbaycanı iri xalça istehsalı mərkəzi adlandırmışdır.

Bildirilib ki, orta əsr mənbələrində Azərbaycan xalçalarının xüsusiyyətlərindən və tiplərindən də bəhs edilir. IX-X əsr ərəb tarixçisi Təbəri Azərbaycan xalçalarının yüksək keyfiyyəti barədə məlumat vermişdir. X əsrə aid “Hüdud-əl-Aləm” adlı mənbədə Azərbaycanın bir çox şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal olunduğu qeyd edilmişdir. Naxçıvanda, Xoyda, Muğanda, Səlmasda və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdır. Azərbaycanda yaradılmış müxtəlif sənət nümunələrindən, o cümlədən Azərbaycan xalçalarından seçmələr dünya əhəmiyyətli müxtəlif sərgilərdə zaman-zaman nümayiş etdirilmiş, beləliklə, xalça nümunələrimiz dünyanı dolaşmışdır.

Qeyd olunub ki, bu gün ölkəmizdə xalçaçılıq sənətinin yaşadılması və inkişafına böyük diqqət göstərilir. “Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk”, - deyən ölkə Prezidenti cənab İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunan “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirmişdir. Bütün bu tədbirlər Azərbaycan xalçaçılıq sənətinin inkişafı və təbliği ilə yanaşı, xalçaçılıq sənətimizin nüfuzunun daha da artmasına xidmət edir.

Aparılan elmi tədqiqatlardan aydın olur ki, Naxçıvan xalça qrupuna daxil olan xalça və xalça məmulatları Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının ərazisində “Gördəst” üsulu ilə toxunmuşdur. Bu xalçalar uzun müddət Qarabağ, Gəncə kimi xalça qruplarına daxil edilərək öyrənilmişdir. Adıçəkilən bu qrupların nümunələrindən bədii, üslubi xüsusiyyətlərinə, texniki göstəricilərinə, rənglərinə görə fərqlənən Naxçıvan xalçaları və xalça məmulatları bu ərazidə məskunlaşan kəngərli, kolanı, sədli, qarabağ, xələc, bəydili, dəmirçi, qazançı, yaycı, qarxun, yurdçu, muğanlı, əfşar, bayat, quşçu və digər türk tayfalarının yaradıcılıq məhsuludur. Ekspertlər Naxçıvan qrupuna daxil olan xalça nümunələrini naxış, forma, ölçü və material xüsusiyyətlərinə görə yüksək dəyərləndirirlər.

“Naxçıvan xalçaçılıq məktəbinin bu cür özünəməxsusluğuna görə bu gün Naxçıvan Muxtar Respublikasında xalçaçılıq sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir” - deyən Natəvan Qədimova qeyd etmişdir ki, bu sahənin təbliği və inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Naxçıvan diyarının müxtəlif bölgələrinə aid çoxsaylı xalça nümunələrinin qorunduğu və nümayiş etdirildiyi Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması, muxtar respublikada xalça toxuculuğu emalatxanalarının fəaliyyət göstərməsi, bu istiqamətdə sənətkarların yetişdirilməsi məhz Naxçıvanda xalçaçılıq sənətinin yaşadılması və təbliği işinə bariz nümunədir. Bugünkü təqdimat mərasimi də muxtar diyarımızda xalçaçılıq sənətinə verilən önəmin göstəricisi olaraq, xalqımızın zəngin mədəniyyət tarixini özündə əks etdirən xalçalarımızın qorunması işinə töhfə kimi dəyərləndirilməlidir.

Nazir çıxışında qeyd etmişdir ki, mədəniyyətimizin inkişafına töhfə olan muzeylərimizə eksponat hədiyyə edilməsi işi bu gün Naxçıvan Muxtar Respublikasında ənənə halını almışdır. Son illər muxtar respublikada fəaliyyət göstərən muzeylərə eksponatların təhvil verilməsi Naxçıvanda mədəniyyətin təbliğinə, bu sahənin inkişafına göstərilən qayğı kimi dəyərləndirilir. Bugünkü təqdimat mərasimi də bu qəbildən olan mədəni hadisə kimi qiymətləndirilməlidir. Bu gün Naxçıvan Dövlət Xalça Muzeyinə təqdim olunan xalçalar, əsas etibarilə, ötən əsrin xalçaçılıq sənəti nümunələri olmaqla, əllə toxunmuşdur. Xalçaçılıq sənətinin xalça, kilim və palaz növlərinə aid bu toxuculuq məhsulları öz ecazkar naxış ornamentləri ilə diqqəti cəlb edir. Onu da qeyd etmək lazımdır ki, bu gün muxtar respublikada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən 585 ədəd əllə toxunan xalçaların reyestri hazırlanmış və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq edilmişdir.

Nazir çıxışının sonunda maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə vətəndaşlara təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlıq edib.

Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova, eksponatları muzeyə hədiyyə edənlərdən Şərur şəhər sakini Baxşəliyeva Dilbər çıxış edərək bildiriblər ki, maddi-mədəni irsimizin qorunması baxımından belə tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İnanırıq ki, bu işlər gələcəkdə də davamlı olaraq həyata keçiriləcək.

Sonda tədbir iştirakçıları təqdim olunan yeni eksponatlarla və muzeyin ekspozisiyası ilə yaxından tanış olmuşlar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.10.2019



      Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə dahi şair Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsini ziyarət edib, Cavidlərin məzarları üzərinə tər güllər düzüblər.

Tədbir Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirilib. Əvvəlcə teatrın foyesində Ərtoğrol Cavid həyatına və yaradıcılığına həsr olunmuş sərgiyə baxılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində böyüyən, qısa ömür yaşamasına baxmayaraq, bənzərsiz əsərləri ilə zəngin irs yaradan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri, anadan olmasının 100 illiyi qeyd edilən Ərtoğrol Cavidin çoxşaxəli yaradıcılığı haqqında ətraflı məlumat verib.

Bildirilib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Ərtoğrol Cavid irsinin öyrənilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, əsərlərinin uşaq musiqi məktəblərində tədrisinə başlanılıb. Ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı mühüm rolu əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 19 oktyabr tarixli Sərəncamı ilə Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinə Ərtoğrol Cavidin adı verilib, 2013-cü ildə həmin məktəb yeni bina ilə təmin edilib.

Yaşadığı qısa müddətdə ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı mühüm rolunu, Azərbaycan xalq mahnılarının və folklorunun toplanması və tədqiqi sahəsindəki əvəzsiz xidmətlərini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il 18 aprel tarixdə Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edib. Tədbirlər Planına əsasən Ərtoğrol Cavidlə bağlı elmi konfrans keçirilib, onun fəaliyyətinin müxtəlif sahələrinə həsr olunan elmi nəşrlər hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Ərtoğrol irsinə böyük qayğısının ifadəsi kimi Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Tofiq Bakıxanovun Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyətinə həsr olunan “Natamam ömrün 100 illik təntənəsi” kitabının nəşri həyata keçirilib.

Vurğulanıb ki, Tədbirlər Planı çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Ərtoğrol Cavid: Taleyi və sənəti” adlı monoqrafiya nəşr edilib.

Sonra Naxçıvan televiziyasının hazırladığı Ərtoğrol Cavidin həyat və yaradıcılığına həsr olunmuş “Yarımçıq ömrün akkordları” filminə baxılıb.

Tədbir istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam etdirilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.10.2019



      Oktyabrın 21-də Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin iş planına əsasən kollecin Musiqi nəzəriyyəsi Fənn birləşmə komissiyasının müəllim və tələbələrinin iştirakı ilə bəstəkar Ərtoğrol Cavidin həyatı və yaradıcılıq fəaliyyəti mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözünü kollecin direktoru Günay Əliyeva açaraq dəyirmi masanın mahiyyəti haqda məlumat vermişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova Ərtoğrol Cavidin həyat və yaradıcılıq yolu haqqında çıxış edərək, bəstəkarın hərtərəfli istedadından danışmışdır. Sonra bəstəkarın kamera-instrumental, kamera-vokal yaradıcılığı və musiqişünaslıq fəaliyyəti ətrafında söhbətlər aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.10.2019



      Babək Rayon Xalq Teatrı bu il 10 yaşını qeyd edir. Ötən dövr ərzində teatr 14 tamaşa ilə seyrçilərin görüşünə gəlib. Biri-birindən maraqlı əhvalatları, həyat hadisələrini özündə əks etdirən bu səhnə əsərlərini tamaşaçılar böyük rəğbətlə qarşılayıb. Ümumiyyətlə, repertuarında maraqlı əsərlər olan kollektiv hər zaman tamaşaçı zövqünü, marağını oxşaya bilir.

Babək Rayon Xalq Teatrı 2015-ci ildə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı”nda birinci yerə layiq görülərək, diplomla təltif olunub. 2017-ci ildə keçirilən növbəti festivalda isə Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında hazırlanmış tamaşa ilə çıxış edən Xalq Teatrı “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

Bu illər ərzində kollektivin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Belə ki, teatrın rejissoru Yusif Əliyevə və aktrisa Stella Babayevaya Prezident mükafatları verilib. Eyni zamanda bu il teatrın yaradılmasının 10 illik yubileyi də rəsmi şəkildə qeyd olunub.

Qeyd edək ki, repertuara salınmış əsərlərin uğurlu tamaşa həllinə nail olan kollektivin uğurları təkcə səhnə əsəri hazırlamaqla məhdudlaşmayıb. Bu illər ərzində teatr istedadlı həvəskar aktyorların üzə çıxarılmasında və onların püxtələşərək peşəkarlıq qazanmalarında müstəsna rol oynayıb.

Bu il kollektiv yeni bir tamaşa üzərində işləyir. Süleyman Sani Axundovun “Tamahkar” komediyası əsasında hazırlanan tamaşa ilin sonunda tamaşaçılara təqdim ediləcək.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.10.2019



      Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunmuş, onun əsərlərindən ibarət konsert keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Babayev tədbir iştirakçılarına hər il məktəbdə ənənəvi olaraq istedadlı bəstəkarın yaradıcılığına həsr olunmuş keçirilən tədbir və dərslər haqqında məlumat vermişdir.

Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova Ərtoğrol Cavidin həyat və yaradıcılıq yolu haqqında çıxış edərək bildirmişdir ki, görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 2019-cu il oktyabrın 22-də anadan olmasının 100 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından olan musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaratmış Ərtoğrol Cavidin 100 illik yubileyi muxtar respublikamızda geniş qeyd olunur.

Qeyd olunmuşdur ki, ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alan Ərtoğrol Cavid daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində almış, eyni zamanda Konservatoriya nəzdindəki musiqi məktəbində dərs demiş, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak etmişdir.

Daha sonra tədbirin bədii hissəsi başlamışdır. Bədii hissədə Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdlərinin ifasında Ərtoğrol Cavidin əsərlərindən ibarət musiqi nömrələri səsləndirilmişdir. Məktəbin “Skripkaçalanlar” ansamblının, “Qanunçalanlar” ansamblının və “Sazçalanlar” ansamblının ifalarında səslənən “Batabat yaylaqlarında”, “Çal oyna”, “Dağlar” əsərləri alqışlarla qarşılanmışdır. Fortepiano ixtisası üzrə II sinif şagirdləri Fatimə Hüseynzadə və Rauf Heydərov və digər şagirdlər tərəfindən ifa olunan “Yallı”, “Quşlar” və digər əsərlər tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Sonda məktəbin xor kollektivinin ifasında “Quşlar” “Ay nəğməsi” mahnıları səsləndirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.10.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikada müəllimlərin dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 18-dən noyabrın 19-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsabiqəyə 186 vakant vəzifə çıxarılıb. Hər bir namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərlər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.10.2019



      Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbilərinin rəsm ixtisası üzrə təhsil alan şagirdlərinin iştirakı ilə Ərtoğrol Cavidin yaradıcılığına həsr olunmuş etüd-sərgi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Leyla Əlimərdanova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından olan musiqişünas, rəssam və tədqiqatçı kimi zəngin irs yaratmış Ərtoğrol Cavidin 100 illik yubileyi muxtar respublikamızda geniş qeyd olunur.

Qeyd olunmuşdur ki, görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 2019-cu il oktyabrın 22-də anadan olmasının 100 illiyi tamam olur.

Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alan Ərtoğrol Cavid daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində almış, eyni zamanda Konservatoriya nəzdindəki musiqi məktəbində dərs demiş, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak etmişdir.

Ərtoğrol Cavid milli musiqi mədəniyyətimizin yeni yaradıcılıq nümunələri ilə zənginləşdirilməsində böyük rol oynamışdır. O, “9 variasiya”, skripka ilə fortepiano üçün “Poema”, “Leylanın vəsfi” kimi romanslar, müharibə mövzusunda simfonik ballada və marşlar yaratmışdır. Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub getmişdir. Ərtoğrol Cavid bədii yaradıcılıqla da məşğul olmuş, pyes və şeirləri dövrümüzədək gəlib çatmışdır. Yaradıcılığı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik külliyyatda toplanmışdır.

Tədbirin bədii hissəsində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdlərinin ifasında Ərtoğrol Cavidin əsərlərindən ibarət musiqi nömrələri səsləndirilmişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Məmmədəli Ələkbərovun və Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədlinin iştirakı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbilərinin rəsm ixtisası üzrə təhsil alan şagirdləri ilə Ərtoğrol Cavid yaradıcılığına həsr olunmuş etüd keçirilmişdir.

Tədbirin sonunda Ərtoğrol Cavidin rəsm əsərlərinin sərgisinə və şagirdlər tərəfindən etüd zamanı çəkilmiş rəsm işlərinə baxış olmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.10.2019



      Muxtar respublikada ənənəvi şəkildə keçirilən “Xalq yaradıcılı günü” tədbiri bu il üçün sonuncu olaraq Kəngərli rayonunda keçirilib.

Oktyabrın 16-da Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksinin qarşısında keçirilən tədbirdə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin müdiri Məhərrəm Əliyev və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək “Xalq yaradıcılığı günü” tədbirinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, milli dəyərlərimizin tərkib hissəsini təşkil edən xalq yaradıcılığı nümunələri xalqımızın milli-mənəvi dəyərləri içərisində xüsusi əhəmiyyət kəsb edir, gənc nəslin mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Bu nümunələr minillər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çıxıb.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, muxtar respublikada milli dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan söz sənətimizin, folklor nümunələrimizin, milli adət-ənələrimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.

Tədbirin aparıcısı bildirib ki, Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir.

Qeyd olunub ki, son 20 ildə qədim diyarımızda milli dəyərlərin, ümumən, xalq yaradıcılığının qorunması və təbliği sahəsində böyük işlər görülüb. Milli-mədəni irsin qorunması, dinimizə, inanc yerlərimizə münasibət, tarixi abidələrimizin bərpası və qorunması, qədim adət-ənənələrimizin dirçəldilməsi və yaşadılması, xalq yaradıcılığına diqqət və qayğı bu günümüzün reallığına çevrilib. Xalqımızın min illər boyu yaratdığı bu milli-mənəvi dəyərləri yaşatmaq, təbliğ etmək, öyrənmək və bu dəyərləri gənc nəslə aşılamaq mühüm əhəmiyyətə malikdir.

Vurğulanıb ki, 2009-cu ildən etibarən ənənəvi şəkildə muxtar diyarımızın bütün bölgələrində keçirilən “Xalq yaradıcılığı günü” milli dəyərlərimizin yaşadılması və təbliğinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Bugünkü tədbir də muxtar respublikada həyata keçirilən mədəni tədbirlərin davamıdır.

“Xalq yaradıcılığı günü”ndə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət evlərinin folklor kollektivlərinin, yallı qruplarının, uşaq musiqi məktəbi şagirdlərinin ifasında xalq mahnıları, muğamlar, təsniflər, saz havaları, səsləndirilib, zurnada və balabanda solo ifalar təqdim edilib. Mədəniyyət işçilərinin, eləcə də uşaq yallı qruplarının nümayiş etdirdikləri xalq rəqsləri və yallılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.10.2019



      Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçirilib.

Dərslər başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova çıxış edərək bildirib ki, ustad dərslərin keçirilməsində əsas məqsəd tədrisin səviyyəsinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır. Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən tar ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Atabəy Qurbanov, qarmon ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi Elşən İsmayılov, fortepiano ixtisası üzrə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Aynur Rəcəbova, kamança ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Mahirə Məmmədova müəllim və şagirdlərə ustad dərs keçiblər.

Ustad dərs keçən müəllimlər tədris prosesində şagirdə yalnız elmi bilikləri deyil, təcrübə vərdişlərini də aşılamalı, onların dünyagörüşünü formalaşdırmağı, şagirdlərin psixoloji, fiziki və digər fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmağı müəllimlərə tövsiyə etmişlər.

Ustad dərs başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
15.10.2019



      Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsi keçirilib.

Naxçıvan Dövlət Filarmoniyasında keçirilən müsabiqənin aparıcısı bildirib ki, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin tarixi inkişaf yolu keçib. Bir əsrə yaxın bir dövrdə muxtar dövlət statusu daşıyan Naxçıvan Muxtar Respublikasının yaradılmasından bu il 95 il ötür. Bu münasibətlə muxtar diyarımızda silsilə tədbirlər keçirilir, muxtariyyətin 95 illik yubileyi geniş şəkildə qeyd edilir. Bu gün keçirilən bu müsabiqə də həmin tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən keçirilir.

Qeyd olunub ki, mahnı müsabiqəsinin əsasnaməsi və təşkilat komitəsinin tərkibi əvvəlcədən təsdiq edilərək müvafiq mədəniyyət müəssisələrinə göndərilib. Müsabiqənin şərtlərinə uyğun olaraq, qaliblər iki – professional və həvəskar bəstəkar nominasiyaları üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Mahnı müsabiqəsində professional bəstəkar nominasiyası üzrə bir I yer, həvəskar bəstəkar nominasiyası üzrə bir I yer, iki II yer və iki III yer müəyyən edilib.

Sonra mahnı müsabiqəsinin münsiflər heyəti elan edilib və müsabiqəyə start verilib. Bütünlüklə naxçıvanlı bəstəkarların mahnılarının ifa olunduğu mahnı müsabiqəsində ifaçıları Naxçıvan Dövlət Filarmoniyasının Kamera, Estrada və Xalq Çalğı Alətləri orkestrləri, həmçinin Naxçıvan Musiqi Mollecinin "Buta" Muğam Ansamblı müşayiət edib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək muxtariyyətin son 20 ildən çox dövrü ərzində Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə əldə olunan nailiyyətlərə, xüsusən mədəniyyət sahəsindəki uğurlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib. Natəvan Qədimova 10 nəfər müəllifin 11 əsərinin səsləndirildiyi mahnı müsabiqəsinin iştirakçılarına uğurlu çıxışlarına və münsiflər heyətinə obyektiv qərarına görə təşəkkürünü bildirib, qalibləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov mahnı müsabiqələsinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib, bu cür mahnı müsabiqələrinin muxtar diyarımızda sənət adamlarının yaradıcılıq fəaliyyətinə bilavasitə müsbət təsir göstərdiyini deyib. Vurğulanıb ki, belə tədbirlərin əməli nəticəsi olaraq, muxtar respublikada musiqi sənətimizin, ümumilikdə, mədəniyyətimizin təbliği və yaşadılmasına töhfələr verə biləcək peşəkar musiqiçi auditoruyası formalaşmaqdadır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunan “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə professional və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsinin münsiflər heyətinin yekun qərarına əsasən, “Professional bəstəkarlar” nominasiyası üzrə 1-ci yerin qalibi Yaşar Xəlilov, “Həvəskar bəstəkarlar” nominasiyası üzrə 1-ci yerin qalibi Əkrəm Məmmədli, 2-ci yerin qalibləri Nizami Məmmədov, Nazilə Qardaşbəyova, 3-cü yerin qalibləri isə Vidadi Heydərov və Hakim Məmmədov olublar.

Qaliblərə diplom və mükafatları Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov təqdim ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
15.10.2019



      Naxçıvanın heyranı olan daha bir asiyalı turist sosial şəbəkədə muxtar respublikanı vəsf edib. Belə ki, malayziyalı səyyah, yazıçı və jurnalist Yee Hoi Mun öz instaqram səhifəsində Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının bir hissəsini özündə əks etdirən videomaterial paylaşıb. “Azərbaycana xoş gəlmisiniz” başlıqlı və müasir Go-Pro kamerası ilə hərəkətli olaraq çəkilən videoda paytaxt Bakının müasir görkəmi və “Əlincəqala”, Haçadağ, Naxçıvan şəhərindən maraqlı görüntülər yer alıb. Dünyanın bir çox ölkəsindən maraqlı videolar paylaşan Yee Hoi Mun məhz Haçadağın fonunda çəkilən şəklini də öz profil fotosu edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.10.2019



      Oktyabrın 11-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qeyd olunubdur ki, ötən əsrin 70-80-ci illərində olduğu kimi muxtariyyətimizin müstəqillik illərində də muzeylərimiz dövlət qayğısı ilə əhatə olunubdur. Son 20 il ərzində Naxçıvan Muxtar Respublikasında muzeylərin şəbəkəsi daha da genişlənmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. 1995-ci ildə muxtar respublikada 13 muzey və muzeytipli müəssisə fəaliyyət göstərirdisə hazırda onların sayı 30-a çatdırılmışdır. Muzeylərin şəbəkəsinin genişlənməsi, onlara göstərilən yüksək diqqət və qayğı muzey əməkdaşlarının üzərinə mühüm vəzifələr qoyur. Bu gün muzeylər yerli vətəndaşlarla yanaşı, turistlərin də ən çox ziyarət etdiyi mədəniyyət ocaqlarıdır. Təkcə bu ilin 9 ayı ərzində muzeyləri 467 min 650 nəfər ziyatər etmişdir ki, onlardan da 145 minə yaxını əcnəbi vətəndaşlardır.

Dəyirmi masada Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli və Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyevin iştirakı ilə muzey ekskursiyası işinin müasir tələblər səviyyəsində təşkili haqqında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından sonra muzey işinin təşkilində canlanma müşahidə olunmaqdadır. Bu sərəncama uyğun olaraq, muzeyləri ziyarət edənlərin sayı xeyli artıb. Və bu da, muzeylərdə bələdçi işinin yüksək səviyyədə təşkilinə diqqətin daha da artırılması zərurəti yaradıb.

Vurğulanıb ki, bələdçi muzeyin simasıdır. Bu mənada, muzey bələdçisi muzey ziyarətçisini qarşıladığı andan muzeydən yola salana qədər onu müşayiət etməli, muzeyin yaradılma tarixi və buradakı eksponatlar haqqında müfəssəl məlumatlar verməlidir.

Tədbirdə muzey bələdçisinin xarici dil bilməsi məsələsindən də bəhs edilib. Qeyd olunub ki, muxtar respublikanın bugünkü sosial-iqtisadi, eləcə də elmi-mədəni inkişafının nəticəsi olaraq muxtar diyarımıza səyahət edən xarici turistlərin sayı ilbəil artmaqdadır. Təbii olaraq, beş minillik şəhər mədəniyyətinə malik qədim Naxçıvana gələn əksər turistlər tariximizi, mədəniyyətimizi və ədəbiyyatımızı təbliğ edən muzeylərimizi ziyarətə üstünlük verirlər. Onlara muzeydəki eksponatlar haqqında dolğun və müfəssəl məlumatların verilməsi bu gün muzey işinin təşkili prosesində ən vacib məsələlərdəndir. Məhz bu məsələnin həlli məqsədilə muzey bələdçisinin xarici dil bilməsi vacibdir.

Dəyirmi masada nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin əməkdaşları da iştirak etmişdir. Sonra muzey işçilərininin sualları dəyirmi masa iştirakçıları tərəfindən cavablandırılmışdır.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.10.2019



      Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyindəki müəssisələrdə çalışan və nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyası təşkil olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi İlkin Cabbarov bildirmişdir ki, muxtar respublikamızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq yaradılır, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Gənc nəslin muzeylərimizdə olması da onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli-mədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir.

Daha sonra gənclərə muzey haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, milli hərb tariximizdə xüsusi yeri olan Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski Muzeyi böyük bir nəslin qəhrəmanlıq tarixini özündə yaşadır. Muzeyin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər görkəmli şəxsiyyətlərin tanıdılmasına hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, onlardan nümunə götürməyi gənc nəslə tövsiyə etmişdir. Cəmşid Naxçıvanski öz döyüş yolu, hərbi istedadı və bacarığı ilə hərb tariximizdə bir vətənpərvərlik nümunəsi, qəhrəmanlıq salnaməsi təşkil edir. Dahi rəhbər Cəmşid Naxçıvanskinin şərəfli döyüş yolunu, milli hərb tariximizdəki xidmətlərini yüksək qiymətləndirərək demişdir: “XIX-XX əsrlərin tarixini götürsək, Naxçıvan xanları - Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi”.

Vurğulanmışdır ki, XX əsrin əvvəllərində Araz-Türk Republikasının Naxçıvan şəhərindəki qərargahı, hazırda hərb tariximizdə xüsusi yeri olan Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski Muzeyinin binası XIX əsr tarix-mədəniyyət abidəsidir. Ötən əsrin 70-ci illərində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan tarixi-mədəni irsimizin qorunması, tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması siyasəti bu gün uğurla davam etdirilir. Cəmşid Naxçıvanski Muzeyinin yenidən qurulması da Naxçıvanın tarixinə, mədəniyyətinə görkəmli tarixi şəxsiyyətlərinə diqqət və qayğının ifadəsidir.

Gənclərin muzeylə tanışlığı zamanı onlara məlumat verilmişdir ki, muzeyin fondunda 5400-dən çox eksponat toplanmışdır ki, bunlardan 500-ə yaxını 6 ekspozisiya zalında nümayiş etdirilir. Ekspozisiyada Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik illəri, hərbi təhsil illəri, I Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı eksponatlar sərgilənir. Həmçinin muzeydə Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmə vardır ki, burada da Araz-Türk Respublikası ilə bağlı eksponatlar, aparılan tədqiqatların materialları nümayiş etdirilir.

Ekskursiya gənclərdə xoş təəssürat yaradıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.10.2019



      Naxçıvan Dövlət Uşaq teatrı 13-cü mövsümdə yeni tamaşanın məşqinə start verib. Kollektiv gənc yazar Nuray Nəzərovanın “Mavi işıq” pyesinin səhnə məşqlərini aparır.

Pyesdə sehrli və fantastik qüvvələrin köməyi ilə cadugərlərə və qorxulu varlıqlara qalib gələn iki bacının yol hekayəsi öz əksini tapıb. Əsərin quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı Könül Məmmədova, musiqi tərtibatçısı isə Mirsaleh Seyidovdur.

Səhnə əsərində uşaq teatrının yeniyetmə aktyorları Saymur Babayev, Mehri Nəbiyeva, Nurgül Məmmədova, Aysu Dünyamalıyeva və təcrübəli aktyorlar maraqlı obrazlar yaradacaqlar.

Qeyd edək ki, “Mavi işıq” pyesi Naxçıvan Dövlət Televiziyasının əməkdaşı, gənc jurnalist Nuray Nəzərovanın ilk pyesidir. Həmçinin tamaşa gənc rəssam Könül Məmmədovanın da quruluş verdiyi ilk işi olacaq.

Pyesdəki obrazlar Azərbaycan və dünya ədəbiyyatından hamımıza yaxşı tanış olan qəhrəmanlardır. Tamaşada müəllifin məqsədi Azərbaycanı dünyanın bir hissəsi olduğunu və dünyanın da ölkəmizi yaxşı tanıdığını balacalara çatdırmaqdır. Buna görə də rejissor həllində bütün bunlar nəzərə alınaraq təqdim edilən rəqslər və canlı musiqi tamaşaya xüsusi çalar qatacaq.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.10.2019



      Lumiere Lyon Universitetinin Zamanlar və ərazilər, incəsənət və arxeologiya tarixi şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, qədim Yaxın Şərq arxeologiyası üzrə professor Mişel Kazanovanın təşkilatçılığı ilə Lyon Şərq və Aralıq dənizi evində (“la Maison de l'Orient et de la Méditerranée à Lyon”) “Arxeoloji qazıntılar, Fransa-Azərbaycan əməkdaşlığının 10 illiyi” adlı sərgi təşkil olunub.

Sərgidə iki ölkənin arxeoloqlarının Naxçıvan və Lənkəranda apardıqları qazıntılar zaman tapılan əşyalar nümayiş olunub.

Açılış mərasimində çıxış edən professor Mişel Kazanova arxeoloji qazıntılar sahəsində mövcud sıx əməkdaşlıq, tapılan əşyalar (daş alətlər, qablar, insan sümükləri) haqqında məlumat verib. Bildirib ki, həmin əşyalar Fransaya gətirilərək analiz olunub və onların hansı dövrə aid olduğu müəyyənləşib. Bu əşyalar Neolit dövründən Dəmir dövrünə qədər olan tarixi kəsiyi əhatə edir.

Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev iki ölkə arasında əməkdaşlıq əlaqələrindən danışıb. O, arxeologiya sahəsində əməkdaşlığın elmi tədqiqat üzrə birgə layihələr həyata keçirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Mişel Kazanova və Katerin Marro noyabr ayından etibarən Azərbaycanda aparılan arxeoloji qazıntılar haqqında Lyon Universitetində mühazirə oxuyacaqlar.

Sərgi dekabrın 12-dək ictimaiyyətə açıq olacaq.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.10.2019



      Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində “Muzeylərdə mədəni-kütləvi tədbirlərin keçirilməsinin muzey əməkdaşlarının peşə biliklərinin artırılmasında rolu və əhəmiyyəti” mövzusunda muzey əməkdaşları üçün seminar-treninq keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd olunmuşdur ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunmuş onuncu seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Vurğulanmışdır ki, bugünkü seminar-treninqin həsr olunduğu mövzu həm muzeylərdə mədəni-kütləvi tədbirlərin daha da yüksək səviyyədə keçirilməsinin təmin olunması, həm də muzey əməkdaşlarının bu sahədə peşə biliklərinin artırılması baxımından aktualdır.

Tədbirdə Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli “Muzeylərdə mədəni-kütləvi tədbirlərin keçirilməsinin muzey əməkdaşlarının peşə biliklərinin artırılmasında rolu və əhəmiyyəti” mövzusunda çıxış edərək bildirmişdir ki, son illər qədim diyarımızda yeni muzeylərin yaradılması, muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması muzey işini təkmilləşdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən mühüm tədbirlər həyata keçirilmişdir. Bu gün muxtar respublikada fəaliyyət göstərən bütün muzeylərdə müxtəlif mövzulara həsr olunmuş mədəni-kütləvi tədbirlər həyata keçirilir. Bunlara ümumtəhsil məktəblərinin şagirdləri üçün keçirilən açıq və elektron dərslər, tarixi və əlamətdar günlərə, eləcə də görkəmli şəxslərin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər, eksponat təqdimatları, dəyirmi masalar, elmi konfranslar və digər mədəni-kütləvi tədbirləri aid etmək olar. Bu tədbirlər əhaliyə göstərilən muzey xidmətinin yüksəldilməsinə kömək etməklə yanaşı, muzey əməkdaşlarının öz peşə biliklərinə daha da dərindən yiyələnməsinə köməklik göstərir. Mədəni-kütləvi tədbirlərin hazırlanmasında muzey əməkdaşları kollektiv olaraq çalışaraq mədəni-maarif müəssəsi olan muzeylərimizin öz işini günün tələblərinə səviyyəsində qurmağında birbaşa iştirak edir.

Sonra mövzu ilə bağlı müzakirə aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.10.2019



      Oktyabrın 8-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Qırmızı papaq” tamaşasını Ordubad Rayon Mədəniyyət Sarayında uşaq və məktəblilərə göstərmişdir.

Tamaşadan əvvəl teatrın bədii rəhbər – direktoru, Xalq artisti Şirzad Abutalıbov çıxış edərək balaca tamaşaçılara Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib. Qeyd edilib ki, teatr uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır. 1989-cu ildə yaradılan teatr xarici ölkələrdə də qastrol səfərlərində olmuş və teatr festivallarında iştirak edərək tamaşaçı sevgisi qazanıb.

Məşhur “Qırmızı papaq” nağılı haqqında çoxsaylı filmlər, cizgi filmləri çəkilib, tamaşalar hazırlanmışdır. Fransız yazıçısı və şairi Şarl Perronun dünya şöhrətli bu nağılı əsasında hazırlanmış tamaşanın isə müəllifi tanınmış rus dramaturqu Yevgeni Şvartsdır. Tamaşada hadisələr Qırmızı papaq qızın başına gələn sərgüzəştlər üzərində qurulmuşdur. Tamaşanın əsas personajları Qırmızı papaq qız, onun nənəsi və canavardır.

“Qırmızı papaq” tamaşasında da bütün nağıl-tamaşalarda olduğu kimi xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Sehrli nağıllardan fərqli olaraq burada baş verən hadisələr həyat və məişət üzərində qurulub. Nənəsigilə gedən Qırmızı papaq Canavarla rastlaşır ki, bu da nağıl-tamaşanın əsas mövzusudur. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.

Bu maraqlı tamaşada Qırmızı papaq, Dovşan, Tülkü, Canavar, Nənə, Meşəbəyi, Ayı personajlarını teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova, Arzu Səfərov, İbad Nəbiyev canlı və təbii canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, tərtibatçı rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, bəstəkarı Əli Məmmədovdur.

“Qırmızı papaq” tamaşası uşaq və məktəblilərə xoş əhval-ruhiyyə bəxş edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.10.2019



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramında Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən xalq yaradıcılığı günlərində muxtar respublikanın tanınmış musiqi və folklor kollektivlərinin, eləcə də kukla teatrı və uşaq teatrının çıxışları təşkil olunmuş, xalq yaradıcılığı nümunələrindən səhnəciklər göstərilmişdir. Bayram günlərində muxtar respublikanın rayon mərkəzlərində və 19 kəndində sakinlərə mədəniyyət şöbələrinin musiqi kollektivlərinin, eləcə də klub müəssisələrinin iştirakı ilə konsert proqramları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər planı təsdiq edilmiş, muxtar respublikanın yaradılmasının 95 illik yubileyinə həsr olunmuş 2 distant dərs, 5 rəsm müsabiqəsi, 5 viktorina, konsertlər və s. olmaqla, 60-a yaxın tədbir keçirilmişdir.

Mart ayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə Bakı Beynəlxalq Muğam Mərkəzində keçirilən Naxçıvan Dövlət və Uşaq filarmoniyaları kollektivlərinin konserti yaddaqalan olmuşdur.

Ötən doqquz ay muxtar respublikanın paytaxtında keçirilən festivallarla da yadda qalmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Kətə”, “Yaradıcı gənclər”, “Göycə” və “Arıçılıq məhsulları - bal” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır. Bu festivalların bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin ifasında musiqi və rəqs nömrələri təqdim edilmişdir. “Kətə” festivalında Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə “Flaşmob” nümayiş olunmuşdur. Bundan başqa, Sentyabrın 11-dən başlayaraq nazirliyin təşkilatçılığı ilə 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində “Yallı festivalı” keçirilmişdir. Əlamətdar günlə əlaqədar keçirilən tədbirlərdə Naxçıvan Musiqi Kolleci tərəfindən hazırlanmış fləşmob təqdim olunmuş, Filarmoniyanın, Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivlərinin ifaları olmuşdur. Tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulmuşdur. Milli Musiqi Günü ilə əlaqədar muxtar respublikanın rayon mərkəzlərində və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində də analoji tədbirlər keçirilmişdir.

Qədim diyarımızda görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması ənənəyə çevrilmişdir. Ötən dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Milli Qurtuluş Günü, filosof-şair İmadəddin Nəsiminin 650, görkəmli ədib Cəlil Məmmədquluzadənin 150, görkəmli bəstəkar Ərtoğrol Cavidin 100 illik yubileyləri ilə bağlı mədəni-maarif ocaqları, mədəniyyət evi və klublarda çoxsaylı silsilə tədbirlər keçirilmiş, konsertlər, dəyirmi masalar, konfranslar təşkil edilmiş, filmlər göstərilmiş, sərgilər yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə əlaqədar nazirlik tərəfindən müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər planına əsasən, görkəmli dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin əsərləri əsasında səhnələşdirilmiş “Ölülər və dəlilər” tamaşası may ayında Türkiyə Respublikasının Qars şəhərində, iyun ayında isə Naxçıvan şəhərində nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı sənətkarın yaradıcılıq irsinə həsr olunmuş ustad və açıq dərslər keçilmiş, bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması davam etdirilmişdir. “Şərur” Xalq Yallı Ansamblının ifasında bir neçə yallının çəkilişi aparılmış və bir neçə yallı nota köçürülmüşdür. Yallı sənətinin təbliği ilə bağlı ötən 9 ay ərzində müxtəlif mövzularda dəyirmi masalar və seminar-müşavirələr təşkil edilmiş, “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Görüşdə müvafiq ixtisaslar üçün nazirlik tərəfindən hazırlanmış təkliflər müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən görüşlər təşkil edilmiş, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində ustad dərsləri keçilmişdir.

May ayında norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin xor kollektivləri üçün keçdiyi ustad dərsdə nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrin də iştirakı təmin edilmişdir.

Ötən doqquz ayın əlamətdar hadisələrindən biri də may ayında “Şərur” Xalq Yallı Ansamblının Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Diplomatiyasının 100 illiyi, 28 May - Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış etməsi olmuşdur. Naxçıvan yallılarını nümayiş etdirən ansambl iyun ayında həm də Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurum şəhərində keçirilmiş təntənəli mərasimdə iştirak etmişdir.

Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş 18 adda 20 sayda qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir.

Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində muxtar respublika sakinləri də fəal iştirak etmiş, muzeylərimizə ilk doqquz ay ərzində 1933 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri, ümumilikdə, 467 min 650 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 144 min 973 nəfəri əcnəbi vətəndaşdır.

Muxtar respublikanın kitabxanalarında da yanvar-sentyabr aylarında oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Bu dövrdə kitabxanalarda 758 mədəni-kütləvi tədbir keçirilmiş, 455 sərgi təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”nda olan kitablarla bağlı 223 kitab müzakirəsi keçirilmiş, sərgilər təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlar və klub müəssisələrindəki bədii özfəaliyyət dərnəklərinin yeniyetmə və gənc üzvləri arasında bir sıra müsabiqələr və yarışlar keçirilmişdir. Yeniyetmə və gənclər arasında “Maddi mənəvi irsim Naxçıvan” adlı rəsm və “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqələri, eləcə də “Yaşa və öyrən” intellektual bilik yarışı iştirakçıların marağına səbəb olmuşdur. 15 Aprel - Beynəlxalq Mədəniyyət Günündə klub müəssisələrində fəaliyyət göstərən musiqi, dram, rəqs və yallı dərnəkləri üzvlərinin iştirakı maraqla qarşılanmışdır.

Culfa və Kəngərli rayonlarındakı mədəniyyət evlərinin dərnək üzvləri tərəfindən hazırlanmış, müvafiq olaraq, “O olmasın, bu olsun” və “Şahsənəm və Gülpəri” tamaşaları teatrsevərlərə təqdim edilmişdir. Bundan başqa, Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin musiqili komediyaları və felyetonları əsasında hazırlanmış səhnəciklərdən tamaşaçılara təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində olmaqla, 7 “Xalq yaradıcılığı günü” keçirilmişdir.

Ötən dövr ərzində Naxçıvan Dövlət Film Fondu tərəfindən, ümumilikdə, Azərbaycan Kinosu Günü ilə bağlı 25, əlamətdar tarixi günlərlə bağlı 8, Azərbaycan kinofilmlərinin nümayişinin təşkili məqsədilə ümumtəhsil məktəblərində 4, digər tədbirlərlə əlaqədar 6 olmaqla, 43 film nümayişi olunmuşdur.

Bu ilin ilk doqquz ay ərzində Naxçıvan Dövlət Musiqili Dram Teatrında X.Əliyevin eyniadlı tarixi dramı əsasında hazırlanmış “Ehsan xan Kəngərli” və C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşaları teatrsevərlərə təqdim edilmişdir. Avqust və sentyabr aylarında isə dram teatrda Elçin Əfəndiyevin “Teleskop” və Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri aparılmışdır.

Hesabat dövründə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Qoğalın sərgüzəşti”, “Qızıl xoruz” və “Buratino” tamaşaları balaca teatrsevərlərə təqdim edilmişdir. Sentyabr ayından etibarən isə “Qaraca qız” tamaşasının məşqlərinə başlanmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrı “Məlik Məmməd” və Arzu Soltanın “Adam-badam iysi gəlir” əsəri əsasında eyniadlı tamaşalar hazırlamış, avqust və sentyabr aylarında “Mavi işıq”, həmçinin “Siçan və pişik” tamaşalarının məşqlərini davam etdirmişdir.

Bu ilin yanvar-sentyabr ayları konsert müəssisələri üçün də əlamətdar olmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının rəqqasları Rauf İsmayılov və Fatimə Kazımovanın iyul ayında Türkiyədə keçirilən “21-ci Sevgi, Sülh, Dostluq Beynəlxalq Sənət Festivalı”nda çıxışları olmuşdur.

Naxçıvan Dövlət Uşaq Filarmoniyası hesabat dövründə Şahbuz, Culfa, Ordubad və Kəngərli Rayon mədəniyyət saraylarında konsert proqramları ilə çıxışlar etmişdir.

Nazirliyin tabeliyində olan təhsil müəssisələri yanvar-sentyabr aylarında da məhsuldar fəaliyyəti ilə seçilmişdir. Naxçıvan Musiqi Kollecinin bir qrup müəllim və tələbələri mart ayında Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişdir. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Həmçinin kollecin 1 nəfər müəllimi və 6 nəfər tələbəsi qeyd olunan festival-müsabiqənin qalibləri olmuş, müxtəlif ixtisaslar üzrə I, II, III yerlərə və diplomlara layiq görülmüşlər. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokolmda keçirilən I Beynəlxalq İncəsənət Festival-Müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Doğma yurdum Naxçıvan” adlı rəsm, xor kollektivləri və nağaraçalanlar ansamblları arasında muxtar respublika müsabiqələri, həmçinin rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları arasında “Mədəni irs” intellektual oyunu keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.10.2019



      Kəngərli rayonunun Şahtaxtı kəndindəki qədim hamam yenidən bərpa olunur. 18-19-cu əsrlərə aid olan hamamın daxili və zahiri görünüşü tamamilə yeni və yerli materiallarla işlənir. Qədim Şahtaxtı hamamında yenidənqurma işlərinə bu ilin aprelindən başlanıb. Uzun illər kənd sakinlərinin istifadəsində olan hamam sovet hakimiyyəti illərində baxımsızlıqdan tamamilə dağılmaq təhlükəsi ilə üz üzə qalib. Lakin bu gün muxtar respublikada abidələrə göstərilən qayğı bu sənət nümunəsini də əhatə edib. İndi ilk memarlıq üslubu qalmaqla tamamilə yeni bir abidə qurulur. Abidənin özü ilə bərabər ətrafında da abadlıq işləri aparılır. Yəni tikinti işləri kompleks şəkildə görülür. Ətrafdakı evlər və həyətlərin divarları da dövlət hesabına yenilənir. Üzləri suvanır, dam örtükləri isə yeniləri ilə əvəz edilib. Yolun bir hissəsində isə yerli materialdan 50 metrdən artıq məsafədə ağ divar hörülüb. Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik sahəni əhatə edir. Qurğu yarımyeraltı formada inşa edilib. Yəni bir hissəsi qazılaraq torpağın içərisində yerləşdirilib. Tədqiqatçılar hamamların yeraltı funksiyasının iqlim şəraiti ilə bağlı olduğunu qeyd edirlər. Bu hamam da digərləri kimi divarlarının qalınlığı və tikinti üslubu ilə diqqəti çəkir.

Binanın ümumi uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxandan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Bina tavanda açılmış bacalar vasitəsilə işıqlandırılıb. Bu qədim məişət obyekti digər hamamlar kimi mükəmməl mühəndis həlli ilə işlənib.

Binanın günbəzi xüsusi olaraq rütubətə və digər aşınmalara qarşı davamlı materialla işlənəcək. Şahtaxtı sakinləri bu hamamın yenidən tarixi abidə kimi bərpa olunmasını rəğbətlə qarşılayırlar. Abidədə bərpa işləri yaxın zamanda tam yekunlaşacaq. Binanın ətrafı abadlaşdırılandan sonra küçələr asfaltla örtüləcək.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.10.2019



      Naxçıvan Dövlət Kukla Teatrında “5 oktyabr - Dünya Uşaq Serebrial İflic Günü” münasibəti ilə “Qırmızı papaq” tamaşası nümayiş etdirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tamaşadan əvvəl bildirilib ki, bu qəbildən olan uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsində, onların mənəvi-estetik zövqünün formalaşmasında bu cür tamaşalar mühüm rol oynayır.

Sonra tamaşa nümayiş olunub.

Rus yazıçısı Yevgeni Şvarsın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, quruluşçu rəssamı Əli Səfərov, musiqi tərtibatçısı isə Əli Məmmədovdur.

Tamaşanın qayəsi insanları xeyirxahlığa, bir-birinə kömək etməyə, dostluqda sədaqət nümunəsi göstərməyə səsləməkdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.10.2019



      Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə dərs deyən müəllimlər və həmin ixtisas üzrə təhsil alan şagirdlərin iştirakı ilə ustad dərsi keçirilib.

Dərsi Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov aparıb. Qeyd olunub ki, şagirdlər təkcə nəzəri biliklərə yiyələnməklə kifayətlənməməli, ustad dərslərində öyrəndiklərini rəsm işləyərkən tətbiq etməlidirlər. İlk olaraq rəsm dərsləri natürmortdan başlamalı, sonra daha mürəkkəb təsvirlərə keçilməlidir. Şagirdin istedadını, bilik və qabiliyyətini üzə çıxarmaq üçün natürmort aydın olmalı, maraqlı və məqsədli qurulmalıdır.

Eyni zamanda rəssam rəsmlərdə isti və soyuq rənglərdən istifadə qaydalarını izah edib, şagirdlərə rəssamların çəkdiyi sənət əsərləri üzərində əyani olaraq işləmə qaydaları izah olunub.

Sonra şagirdlər Əcəmi memarlıq məktəbinin şah əsəri olan Möminə xatın türbəsini və açıq havada nümayiş etdirilən tarixi memarlıq abidələrinin təsvirini müəllimlərlə birlikdə kağıza köçürüblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.10.2019



      Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə bildirilib ki, yazıçı və dramaturq Cəfər Cabbarlının yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyub, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynayıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ədibin yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbələri şair, yazıçı və dramaturq Cəfər Cabbarlının şeirlərindən parçaları bədii qiraət ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.10.2019



      Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə bildirilib ki, yazıçı və dramaturq Cəfər Cabbarlının yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyub, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynayıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ədibin yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbələri şair, yazıçı və dramaturq Cəfər Cabbarlının şeirlərindən parçaları bədii qiraət ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.10.2019



      Naxçıvan Dövlət Filarmoniyasında ustad tarzən, bəstəkar-pedaqoq, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi və prezident təqaüdçüsü Əkrəm Məmmədlinin 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev bildirib ki, mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Əkrəm Məmmədli 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub. Ustad tarzən 24 yaşında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Fəxri Fərmanına, 30 yaşında isə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb və 2006-cı ildə ona Prezident təqaüdü verilib.

Mədəniyyət Nazirliyi aparatının rəhbəri Piri Nağıyev yubilyara nazirlik adından hədiyyə təqdim edib.

Sənət dostları yubilyarın sənət yolundan, Azərbaycan və Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Əkrəm Məmmədli 50 ilə yaxındır ki, tar ifaçılığı və onun tədrisi ilə məşğul olub. Çıxış edənlər diqqətə çatdırıblar ki, onun “Tar üçün qamma və oppedçiolar”, “Tar üçün etüdlər” və “Azərbaycan muğamları” kimi kitabları tar ifaçılıq sənətini öyrənənlər üçün dəyərli tədris vasitələridir. Vurğulanıb ki, Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində, tarzən-pedaqoqun muğamlarımızın və yallılarımızın nota köçürülməsində xidmətləri böyükdür.

Sonda yubilyar çıxış edərək əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
01.10.2019



      Azərbaycan tarixdə ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra tarixi abidələrimizin bərpası, milli dəyərlərimizin qorunması daim diqqət mərkəzində saxlanılır.

İpək yolu üzərində yerləşən qədim Naxçıvan torpağında ta qədim dövrlərdən körpülərin tikintisinə ciddi diqqət yetirilib, keçilməz sədlər, dağ çayları üzərində müxtəlif ölçülü körpülər tikilibdir.

Muxtar respublikamızın bir çox bölgələrində olduğu kimi, Culfa rayonunda da ticarət yolları üstündə gözəl sənət nümunələri olan körpülər inşa edilib. Xalqımızın qədim körpüsalma təcrübəsini özündə yaşadan XVI əsrin abidəsi olan Ərəfsə körpüsü əsrlərin sınağından çıxaraq bu günə qədər öz əhəmiyyətini qoruyan sənət incilərindəndir.

Naxçıvan memarlıq inciləri sırasında özünəməxsus yertutan, 400 ildən çox yaşı olan, yonulub hamarlanmış yerli daşlardan tikilən bu körpü Əlincə çayının sol qolu olan Böyük çay üzərindəqurulub.Körpünün uzunluğu 49, eni 3, çayın yatağından tağın hündürlüyüisə 7 metrdir.

Körpünün köməkçi keçidləri tamamilə bərpa olunub. Hazırda körpünün tağ hissəsi bərpa olunur. Usta və inşaatçılar körpüdə tarixiliyi gözləməklə bərabər işlərin keyfiyyətlə yerinə yetirirlər. Yararsız hala düşmüş tağlar dəyişdirilir, uçulub tökülmüş daşlar yenisi ilə əvəz olunur. Körpünün təmirində ətrafdakı yerli daşlardan və əhəng məhlulundan istifadə olunur.Naxışların orijinallığına ciddi diqqət yetirilir.

Əzəmətli görüntüsü ilə bərpa edilən, ticarət əlaqələrinin genişlənməsində önəmli rol oynamış XVI əsr yadigarı körpü rayonumuzda turizmin inkişafında xüsusi əhəmiyyət daşıyacaqdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.09.2019



      Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün “Buratino” tamaşası göstərilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulmuş, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli və mənalı təşkili nəzərdə tutulmuşdur. Muxtar Respublikamızda bu kateqoriyadan olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçirilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması üçün bir sıra işlər görülür. Muxtar Respublikamızda bu qəbildən olan uşaqların tarix-memarlıq abidələri və muzeylərlə tanışlığı, onlara tətil günlərində kino, konsert və teatr tamaşalarının göstərilməsi də diqqət mərkəzindədir.

Sonda Aleksey Tolstoyun “Buratino”nun macəraları əsəri əsasında xalq artisti Şirzad Abutalıbov tərəfindən səhnələşdirilən “Buratino” tamaşası nümayiş olunub.

Tamaşada Buratino və onun dostlarının başına gələn macəralardan bəhs olunur. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Tamaşa xeyrin şər üzərində qələbəsi ilə sona yetir.

Bu maraqlı tamaşada Buratino, Karlo, Karabas Barabas, Tülkü Alisa, Pişik Bazilo, Tortil (bağa), Cuzeppe və aşxanaçı, Oğlan obrazlarını teatrın aktyorları Ləman Əhmədova, Süleyman Süleymanov, İlqar Babayev, Ulduz Süleymanova, Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlham Babayev, Arzu Səfərov, və başqaları xarakterik və təbii canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədovdur.

“Buratino” tamaşası uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.09.2019



      "Milli dəyərlərimizin tərkib hissəsini təşkil edən xalq yaradıcılığı nümunələri xalqımızın milli-mənəvi dəyərləri içərisində xüsusi əhəmiyyət kəsb edir, gənc nəslin mənəvi tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Bu nümunələr minillər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çıxıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına əsasən, muxtar respublikada milli dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan söz sənətimizin, folklor nümunələrimizin, milli adət-ənələrimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır".

Bu fikirlər sentyabrın 27-də Sədərək rayonunda keçirilən ənənəvi "Xalq yaradıcılığı günü" tədbirində səsləndirilib. Tədbir də çıxış edən Sədərək Rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad İsmayılov və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədov bildiriblər ki, xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ali Məclis Sədrinin müvafiq sərəncamından sonra muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır.

Qeyd olunmalıdır ki, son 20 ildə qədim diyarımızda milli dəyərlərin, xalq yaradıcılığının qorunması və təbliği sahəsində böyük işlər görülüb. Milli-mədəni irsin qorunması, dinimizə, inanc yerlərimizə münasibət, tarixi abidələrimizin bərpası və qorunması, qədim adət-ənənələrimizin dirçəldilməsi və yaşadılması, xalq yaradıcılığına diqqət və qayğı bu günümüzün reallığına çevrilib. Xalqımızın min illər boyu yaratdığı bu milli-mənəvi dəyərləri yaşatmaq, təbliğ etmək, öyrənmək və bu dəyərləri gənc nəslə aşılamaq mühüm əhəmiyyətə malikdir.

Vurğulanıb ki, Sədərək rayonunun Sədərək kəndində keçirilən bugünkü "Xalq yaradıcılığı günü" tədbiri məhz yuxarıda deyilənləri özündə ehtiva etməklə yanaşı, həm də Sədərək rayonunun bu sahədə yaradıcılıq imkanlarını nümayiş etdirməkdədir.

“Xalq yaradıcılığı günü”ndə Sədərək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəniyyət evlərinin folklor kollektivlərinin, yallı qruplarının, uşaq musiqi məktəbi şagirdlərinin ifasında qədim diyarımızın dünya yaşıdı söz xəzinəsi, ənənə boxçası, milli rəqs və oyunlarımız tamaşaçılara təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.09.2019



      Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən gənclərin Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Şahtaxtınıskilər Muzeyinə və Qarabağlar Türbə Kompleksinə ekskursiyaları təşkil edilmişdir.

Ekskursiyada Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan gənclər iştirak etmişdir.

Ekskursiya iştirakçıları əvvəlcə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmişlər. Burada gənclərə məlumat verilmişdir ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır. Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır.

Daha sonra gənclər muzeydə toplanan maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar.

Ekskursiyanın davamında gənclər Şahtaxtınıskilər Muzeyi ilə tanışlıq üçün yola düşmüşlər. Burada gənclərə məlumat verilmişdir ki, Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamına əsasən yaradılmış muzeydə sərgilənən ekspozisiyada Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar öz əksini tapır. Daha sonra ekpozisiyaya baxış keçirilmiş gənclər şahtaxtinskilər haqqında toplanmış materiallarla tanış olmuşlar.

Ekskursiya zamanı gəncləri ziyarət etdiyi sonuncu məkan türk-islam mədniyyətinin möhtəşəm nümunələrindən və Şərq memarlığının incilərindən biri olan Qarabağlar Türbə Kompleksi olmuşdur.

Ekskursiya iştirakçılarına kompleks haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, XII-XIV əsrlərə aid olan memarlıq nümunəsi əsrlərə meydan oxuyaraq öz mövcudluğunu qorusada zamanla abidənin bəzi hissələri uçub dağılmışdır. Türbə kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq bərpa edilmişdir.

Gənclərin ekskursiyası Qarabağlar Türbə Kompleksi ilə tanışlıqdan sonra başa çatmışdır.

Ekskursiya zamanı gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.09.2019



      1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən ahılların, həmçinin Ahıllar Evi sakinlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ziyarətləri təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə, ahıllara muzeydə olan eksponatlar haqqında ətraflı məlumatlar verilib. Daha sonra onlar üçün çay süfrəsi təşkil edilib.

Tədbirdə 20 ahıl vətəndaş iştirak edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.09.2019



Ahıllar muzeyi gəziblər

      1 Oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən ahılların, həmçinin Ahıllar Evi sakinlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ziyarətləri təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə, ahıllara muzeydə olan eksponatlar haqqında ətraflı məlumatlar verilib. Daha sonra onlar üçün çay süfrəsi təşkil edilib.

Tədbirdə 20 ahıl vətəndaş iştirak edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
26.09.2019



      Bu il Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının yaradılmasından 60 il ötür.

Bu münasibətlə sentyabrın 26-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirmişdir ki, 1959-cu ilin sentyabr ayında yaradılan Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs ansamblı fəaliyyətə başladığı gündən Naxçıvan diyarının istedadlı müğənnilərini, musiqi sənəti bilicilərini, rəqqasları öz ətrafında birləşdirir. Ansambl tez-tez Azərbaycanın bütün bölgələrində, Orta Asiya, Qafqaz ölkələrində qastrollarda olur, çıxışları ilə dinləyicilərin rəğbətini qazanır. Muxtar respublikada gənc kadrların yetişməsində “Araz” Dövlət Mahnı və Rəqs ansamblının böyük xidmətləri olmuşdur. Ansambl ətrafına topladığı istedadlı musiqiçilərin uğurlu fəaliyyəti nəticəsində kifayət qədər böyümüş, professional ifaçılıq qabiliyyətinə görə mükəmməl kollektivə çevrilmişdir.

Qeyd edilmişdir ki, 1983-cü ildə həmin ansamblın bazası əsasında bugünkü Naxçıvan Dövlət Filarmoniyası yaradılmışdır. İlk illərdə burada Xalq Çalğı Alətləri və Kamera orkestrləri, eləcə də Mahnı və Rəqs Ansamblı fəaliyyət göstərmişdir. 2010-cu ildə xor kollektivi, 2012-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılması haqqında” Sərəncamı ilə filarmoniyanın Estrada Orkestri yaradılmışdır. Bu gün Naxçıvan Dövlət Filarmoniyasında 7 professional kollektiv fəaliyyət göstərməkdədir. Filarmoniyanın bu musiqi kollektivləri Naxçıvanda və muxtar respublikanın hüdudlarından kənarlarında musiqi mədəniyyətimizin təbliği və inkişafına böyük töhfələr vermişdir.

Filamoniyanın bugünədək keçdiyi inkişaf yolundan da danışan nazir qeyd etmişdir ki, Filarmoniyanın fəaliyyəti Azərbaycanın müxtəlif bölgələrində və dünyanın bir neçə ölkələrində keçirilən mədəni tədbirlərdə, həmçinin muxtar respublikada təşkil edilən dövlət səviyyəli konsertlərdə uğurlu çıxışları ilə zəngindir.

“Repertuarına muğamların, təsniflərin, xalq rəqslərinin, aşıq yaradıcılığının, Azərbaycan və xarici bəstəkarların klassik əsərlərinin daxil olduğu filarmoniyanın kollektivləri Naxçıvanda yaşayıb-yaradan bəstəkarların əsərlərinin ifasına da geniş yer verir”, - deyən Natəvan Qədimova vurğulamışdır ki, filarmoniyanın yaradıcı kollektivi milli-mədəni dəyərlərimizin, yallılarımızın, xalq mahnılarının geniş vüsət almasına çalışaraq, layiqli sənət töhfələri ilə musiqisevərlərin daim rəğbətini qazanmışdır.

Diqqətə çatdırılmışdır ki, Naxçıvan Dövlət Filarmoniyasına gənc kadrların cəlbi də daim diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi, Naxçıvan Musiqi Kolleci və muxtar respublikada fəaliyyət göstərən musiqi məktəbləri ilə sıx əlaqələr saxlayan kollektivlər ifaçılıq potensialı yüksək olan istedadlı gəncləri öz sıralarına cəlb edir, onların peşəkar musiqiçi kimi yetişmələrinin qayğısına qalırlar. Deyə bilərik ki, muxtar respublikada istedadlı gənclərin ortaya çıxarılmasında, onların ixtisasları üzrə təkmilləşməsində və gələcəkdə həmin gənclərin şəxsində peşəkar musiqi sənətinin yaşadılmasında filarmoniyanın xidmətləri böyükdür.

Mədəniyyətin bütün sahələri kimi, Naxçıvan Dövlət Filarmoniyasının da professional musiqi kollektivi kimi formalaşmasına və fəaliyyətini uğurla davam etdirməsinə dövlətimiz tərəfindən daim qayğı göstərilir. Filarmoniyanın maddi-texniki bazası daim möhkəmləndirilir, kollektivlər üçün lazım olan geyim dəstləri, avadanlıqlar və musiqi alətləri alınır.

Filarmoniyanın üzvlərinin əməyi də dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş, burada fəaliyyət göstərən 2 nəfər “Xalq artisti”, 9 nəfər “Azərbaycan Respublikasının Əməkdar artisti”, 3 nəfər “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi”, 20 nəfər “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adlarına, 25 nəfər Prezident mükafatına layiq görülmüşlər. Həmçinin kollektiv üzvlərindən 2 nəfər “Tərəqqi” medalı ilə təltif edilmişlər.

Vurğulanmışdır ki, Naxçıvan Dövlət Filarmoniyası bu gün muxtar respublikanın aparıcı mədəniyyət ocaqlarından biri kimi qədim Naxçıvan diyarında həm mədəniyyətimizin təbliği və inkişafında, həm də gənc istedadların aşkar edilərək peşəkar musiqi sənətinə cəlb edilməsində müstəsna rola malikdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev naxçıvanlı sənətçilərin istedadına və bacarığına yüksək qiymət verərək demişdir: “Naxçıvanda mədəniyyət xeyli inkişaf edib, tərəqqi yoluna çıxıb. Bu torpağın istedadlı gəncləri çoxdur, onlar milli mədəniyyəti və milli ruhu gözəl qoruyurlar”. Ulu öndərin bu yüksək dəyərinin fonunda Naxçıvan Dövlət Filarmoniyasının da öz payı var.

Sonda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova yubiley münasibətilə filarmoniyanın bütün üzvlərini, həmçinin musiqisevərləri təbrik etmiş, filarmoniyanın kollektivlərinə yaradıcılıq uğurları arzulamışdır.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər. Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, rəqs qrupu və xor kollektivinin, filarmoniyanın solistlərindən Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədovun, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun, müğənnilərdən Cəfər Tağıyevin, Nərmin Hüseynovanın və Ruhiyyə Hüseynovanın ifaları alqışlarla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
26.09.2019



      Sentyabrın 25-də Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin eləcə də şöbənin tabeliyində olan mədəni-maarif müəssisələrinin əməkdaşlarının və eksponat hədiyyə edən Şahbuz şəhər sakinlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq qeyd edib ki, xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə, eləcə də muxtar respublikada zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir.

Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanılmışdır. İlk belə muzeylərdən biri də görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.

Qeyd olunub ki, müstəqillik illərində muxtar respublikamızda muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış, mövcud muzeylərin maddi texniki bazaları möhkəmləndirilmiş, fəaliyyət göstərdikləri binalar yenidən qurularaq qapılarını ziyarətçilərinin üzünə açmış, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən yeni tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, müasir günümüzdə muzeylərin fəaliyyətinin canlandırılması, bu mədəniyyət ocaqlarında Azərbaycan tarixinin tədqiqi və yeni uğurlu səhifələri muzey ekspozisiyalarında öz əksini tapır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində, həmçinin muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası da son illər ərzində geniş vüsət almışdır.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Ötən il Naxçıvan Duz Muzeyi, Qarabağlar Türbə Kompleksi, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi, bu günlərdə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Muzeyi və Milli Dəyərlər Muzeyi yenidən qurularaq öz qapılarını ziyarətçilərinin üzünə açmışdır.

Son illər ərzində muzeyləri ziyarət edənlərin də sayı əhəmiyyətli dərəcədə artmış, buna görə muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr düşmüşdür - deyən Natəvan Qədimova vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunmuş, muxtar respublikamızda olan muzeylərlə ümumtəhsil məktəbləri arasında distant dərslər və yetişməkdə olan gənc nəsil üçün açıq dərslər keçirilir. Həmçinin qeyd etmək lazımdır ki, muzey işi sahəsində kadrların yetişdirilməsi də muxtar respublikada diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş və tələbələrin muzeylərdə təcrübə keçmələri, açıq dərslərdə iştirak etmələri üçün şərait yaradılmışdır.

Nazir çıxışında diqqətə çatdırmışdır ki, bu ilin yanvar-avqust ayları ərzində muxtar respublikanın muzeylərini 398 min 713 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 122 min 322 nəfəri əcnəbi vətəndaş olmuşdur.

Qeyd olunmuşdur ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, bu ilin ilk 8 ayı ərzində muzeylərə 1750 ədəd eksponat daxil olmuşdur. 2019-cu ilin sentyabr ayınadək, ümumilikdə, 8 eksponat təqdimatı keçirilmiş, bu təqdimatlarda xalqımızın tarixini özündə yaşadan maddi-mədəniyyət nümunələrini muzeylərə könüllü şəkildə təqdim edən vətəndaşlar yaxından iştirak etmişlər. Bu gün Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirməlidir.

Bu günədək bir sıra istiqamətdə olan təqdimatlar keçirilmişdir ki, bunların arasında maddi-mədəniyyət nümunələrinin, qədim əlyazma və kitabların, rəsm əsərlərinin təqdimat mərasimlərini qeyd etmək olar.

Şahbuz şəhər sakinləri Sərraf Süleymanov, Namiq Orucov, Şəmsəddin Kərimov və Aytən Rüstəmli tərəfindən bu gün tarix-diyarşünaslıq muzeyinə təqdim olunan yeni eksponatlar muzeyin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verməklə yanaşı, Şahbuz rayonunda muzey işinin səmərəli təşkilinə də töhfə vermiş olacaqdır - deyən nazir muzey fondlarının eksponatlarla zənginləşdirilməsi işinə verdikləri töhfələrə görə muzey əməkdaşları adından təqdimatçılara dərin təşəkkürünü bildirib.

Daha sonra eksponat təqdim edən şəhər sakinləri Şəmsəddin Kərimov, Sərraf Süleymanov, Namiq Orucov, Aytən Rüstəmli və Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xavər Ələsgərlinin çıxışları dinlənilib.

Tədbirdə hədiyyə olunan yeni eksponatların təqdimatı olub. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.09.2019



      Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərindəki “Araz” kinoteatrında “Xalqımızın ən qədim ənənəvi rəqsləri” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Şahbuz rayonunda fəaliyyət göstərən klub müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov seminar-müşavirənin əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar diyarımızda yallı sənətinin tədqiqi, təbliği və qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə rəvac vermişdir. Bu sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmiş, mədəniyyət müəssisələri qarşısında konkret vəzifələr qoyulmuşdur. Yerlərdə fəaliyyət göstərən klub müəssisələri də adıçəkilən sərəncamdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməli, yallılarımızın təbliği və yaşadılması işinə töhfələr verməyə çalışmalıdırlar.

"Yallılarımızın simvolikası haqqında" danışan Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev qeyd etmişdir ki, Azərbaycan xalqının qədim mədəniyyətinin bir hissəsi olan yallılar xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir.

Əshabi-Kəhf və Gəmiqaya kimi, Şahbuz bölgəsi üçün xarakterik olan yallılar da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülmüş, yallılar nota köçürülmüş, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunmuşdur. Vurğulanmışdır ki, qədim Naxçıvan diyarı üçün spesifik hesab olunan yallı növləri regionun adət-ənənələrini, ümumən, bu ərazidə yaşayan insanların həyat tərzini özündə ehtiva edən sənət inciləridir. Bu baxımdan yallılarımızı Naxçıvanın xüsusilə Şərur, Kəngərli və Şahbuz bölgələrinin simvolikası da adlandıra bilərik.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Məhəmməd Məmmədov "Yallı-baxış müsabiqələrinin keçirilməsi haqqında" mövzusunda çıxış edərək yallı kollektivlərinin fəaliyyətinin artırılması və kollektiv repertuarlarının zənginləşdirilməsində baxış-müsabiqələrin əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, Şahbuz rayonu ərazisində vaxtilə yaşadılmış, bu gün isə unudulmuş sujetli və oyunlu mərasim rəqslərinin, eləcə də yallı növlərinin aşkar edilərək yallı kollektivlərinin repertuarına salınması yallı sənətinin təbliğinə və yaşadılmasına əsaslı töhfə ola bilər. Baxış-müsabiqələrin keçirilməsi zamanı münsiflər heyətinin ifaları qiymətləndirmə meyarından da bəhs edən Şərəf Quliyeva əlavə etmişdir ki, geyim və səhnə mədəniyyətinin, eləcə də ifaçılıq qabiliyyətinin diqqətdə saxlanılması baxış-müsabiqələrin uğurlu keçirilməsinə təsir edə biləcək amillərdəndir.

Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılmış, mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.09.2019



      Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski muzeyi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ali Məclisin Sədri Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, muzeyin qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Xalqımız qəhrəmanlığı və şücaəti ilə seçilən görkəmli sərkərdələri ilə tanınır. Böyük hərb sənətinə malik olan Azərbaycanda bu sənəti inkişaf və davam etdirən Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gələcək nəsillər üçün nümunəvi vətənpərvərlik irsi qoyub getmişlər. Cəmşid Naxçıvanski də bu nəslin yetirdiyi altı generaldan biri olmuşdur.

Ali Məclisin Sədri demişdir: Hər bir vətəndaşda vətənpərvərlik hissinin formalaşdırılması milli mənliyin inkişaf etdirilməsindən başlamalıdır. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən şəxs fəaliyyətini məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”. Şərəfli döyüş yolu keçmiş general Cəmşid Naxçıvanski vətən məhəbbətini şəxsi maraqlarından üstün tutan, yüksək ali keyfiyyətlərə malik, zəngin mənəviyyatlı sərkərdə kimi qısa ömrünə keçməkeşli hərb tarixini sığdırmağı bacarmış, sıravi əsgərdən general rütbəsinədək yüksəlmişdir.

Qeyd olunmuşdur ki, həyatının məqsədini Vətənə xidmətdə görən Cəmşid Naxçıvanski bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq şərəfli zabit adına ləkə gətirməmiş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuşdur. O, bu yolda bütün çətinliklərə sinə gərmiş, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak etməsi, 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələrini komandanlıq etdiyi alay tərəfindən darmadağın edilməsi və qısa müddətdə orada əmin-amanlıq yaratması xalqının müstəqilliyini sevən sərkərdə kimi Cəmşid Naxçıvanskinin şöhrətini daha da artırmışdır. Azərbaycan hərb tarixində Cəmşid Naxçıvanski ilk milli atıcı diviziyasını yaratmış və ona komandanlıq etmişdir.

Ali Məclisin Sədri demişdir: Sovet hakimiyyəti illərində Azərbaycan xalqının repressiya qurbanı olmuş görkəmli nümayəndələrindən biri Cəmşid Naxçıvanski əsl bəraətini ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və milli soykökə qayıdış siyasəti nəticəsində almışdır. Cəmşid Naxçıvanskinin adının və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı 23 iyun 1971-ci il və 8 avqust 1981-ci il tarixlərində imzalanan qərarlar görkəmli sərkərdənin irsinə ulu öndər Heydər Əliyevin böyük ehtiramıdır. Bu tarixi qərarlarla Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəb, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanski Muzeyi yaradılmış, bir məktəbə və küçəyə onun adı verilmişdir. 1982-ci ildən fəaliyyətə başlayan Cəmşid Naxçıvanski muzeyi ötən müddət ərzində böyük sərkərdənin keçdiyi həyat yoluna aid tarixi sənədlərin, eksponatların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və təbliğində mühüm rol oynamışdır.

“Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş Araz-Türk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu Muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvələrindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də əks olunur", -deyən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan tarixinin, tanınmış hərb xadimlərinin irsinin qorunub saxlandığı Cəmşid Naxçıvanski Muzeyi xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Bu muzey həm də gələcək nəsillərin tərbiyəsi və vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyəti ilə seçilir. Buna görə də Cəmşid Naxçıvanski muzeyi öz fəaliyyətini xalqımız qarşısında mühüm xidmətləri olan tanınmış şəxsiyyətlərin keçdiyi həyat yolu və Araz-Türk Respublikasının timsalında müstəqillik və dövlət quruculuğu tariximizi gənc nəslə təbliğ etməli, onların vətənə məhəbbət ruhunda tərbiyəsinə öz töhfəsini verməlidir. Xalqımızın şanlı qəhrəmanlıq tarixi, ölkəmizin müstəqilliyi və suverenliyi yolunda misilsiz xidmət göstərən qəhrəmanları həmişə yaşayacaqlar!

Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev çıxış edərək demişdir ki, muxtar respublikamızda geniş vüsət almış abadlıq-quruculuq işləri mədəniyyət sahəsini də əhatə etmişdir. Qədim diyarımızda tarixi abidələr bərpa edilir, yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir. XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı, hazırda hərb tariximizdə xüsusi yeri olan Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski Muzeyinin binası XIX əsr tarix-mədəniyyət abidəsidir. Ötən əsrin 70-ci illərində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan tarixi-mədəni irsimizin qorunması, tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması siyasəti bu gün uğurla davam etdirilir. Cəmşid Naxçıvanski Muzeyi binasının yenidən qurulması da Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmli tarixi şəxsiyyətlərinə diqqət və qayğının ifadəsidir. Abasət Nuriyev göstərilən diqqətə görə muzeyin kollektivi və naxçıvanskilərin tədqiqatçıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Sonra muzeyə baxış olmuşdur. Qeyd olunmuşdur ki, muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat vardır. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin, eləcə də Araz-Türk Respublikasının öyrənilməsi və tədqiq olunması, gənclərin, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının muzeyə ekskursiyalarının təşkili barədə tapşırıqlar vermişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.09.2019



      Ordubad rayonunun Aza kəndində, Gilançayın üzərində XVII əsrə aid memarlıq abidəsi olan körpü yerləşir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilib. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınıb, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulub. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilib. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Sözügedən körpü baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılıb, sonralar təmir edilib. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunub və yenidən qurulub. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.09.2019



      Kəngərli rayonu bir çox tarixi memarlıq abidələri ilə tanınır. Bu tarixi abidələr keçmişin yadigarları sayılmaqla yanaşı, həm də millli mədəniyyətimizin zənginliyindən xəbər verir. Şahtaxtı kəndində yerləşən tarixi hamam binası da muxtar respublikamızın mühüm mədəniyyət abidələrindən sayılır.

Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik ərazini əhatə edir. Yerli sakinlərin məlumatına görə hamam XIX əsrdə İsa Sultan tərəfindən tikdirilib. Şahtaxtı hamamı yarım yeraltı formada inşa edilib. Tədqiqatçılar hamamların yeraltı funksiyasının iqlim şəraiti ilə bağlı olduğunu qeyd edirlər. Belə ki, hamamın əsas hissəsinin yeraltı olması soyuq vaxtlarda da daxili istiliyin saxlanmasını, eyni zamanda suyun daha yaxşı dövr edə bilməsini təmin edib. Hamamın əsas hissəsi soyunma, yuyunma zallarından və onlara birləşdirilmiş köməkçi otaqlardan ibarətdir. Soyunma və yuyunma zalları kiçik tamburlar vasitəsi ilə birləşdirilib. Tikilinin üstü günbəzlərlə örtülüb.

Şahtaxtı hamamı düzbucaqlı arxitektura quruluşuna malikdir. Binanın xaricdən uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxandan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Binanın işıqlandırılması tavanda açılmış bacalar kompleksinin köməyi ilə həyata keçirilib.

Hamamın əsas hissəsi yer altında olduğundan çöldən içəriyə daxil olmaq üçün pilləkənlərlə aşağı enmək lazım gəlir. Binanın əsas divarının hörülməsində uzunluğu 75, eni 50 sm olan iri ölçülü kvadrat şəkilli daşlardan istifadə edilib. Salonun mərkəzində dördkünc formalı hovuz olub. Buraya yaxınlıqdakı kəhrizdən gətirilən su giriş qapısının altından çəkilmiş boru vasitəsi ilə hovuza daxil olub. Salonun qərb divarı və giriş qapısının olduğu şərq divarı aypara şəkilli çatma tağlarla tamamlanır. Şimal və cənub divarlarının hər birində 2 sayda olmaqla ümumi aypara şəkildə tamamlanan qapıya bənzər 4 köməkçi yer var. Kənd sakinlərinin verdiyi məlumata görə, bunlar soyunub-geyinmə otağı kimi istifadə edilib. Bu yerlər hamama gələn şəxslərin paltarlarının və digər əşyalarının saxlanması üçün nəzərdə tutulub. Salonun cənub divarı boyunca səki yerləşir. Ocaqxana binaya bitişikdir, üzü cənuba doğrudur. Onun yandırılmasında əvvəllər şam, sonralar saman, son dövrlərdə isə mazutdan istifadə edilib. Mazut üçün ocaqxananın yanında böyük tiyan qoyulubmuş. XX əsrin 80-ci illərinədək fəaliyyət göstərən hamam hazırda da memarlıq quruluşunu qoruyub saxlamaqdadır. Ancaq fəaliyyətini dayandırdığına görə ötən dövrdə tədricən müəyyən dağıntılara məruz qalıb və bu səbəbdən də onun bərpa və təmirinə ehtiyac yaranıb.

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında tarixi mədəniyyət abidələrinin bərpası mühüm yer tutur. Son illərdə regionumuzda onlarla belə abidə əsaslı şəkildə bərpa olunmuş, turizm üçün cəlbediciliyi təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, tarixi əhəmiyyəti ilə seçilən Şahtaxtı hamamında da artıq kompleks bərpa işlərinə başlanılıbdır.

Bərpa işləri başlayandan indiyədək tarixi abidənin təməl hissəsinin möhkəmləndirilməsi üçün daxildə və fasad hissədə beton işləri görülüb, uçan yerlərin bərpası üçün divarlarda hörgü işləri aparılib, kommunikasiya xətləri yenidən çəkilib. Hazırda hamamın daxilində hörgü və suvaq işləri davam edir. Fasad hissədə isə üzləmə işləri aparılır. Dam örtüyü bərkidildikdən sonra isə günbəzlərin üzlənməsi nəzərdə tutulub. Qeyd edək ki, həyata keçirilən bərpa işləri çərçivəsində hamamın ətrafı abadlaşdırılacaq, buraya gələn yol əsaslı şəkildə yenidən qurulacaq. Bərpa işləri aparılarkən hamamın ilkin quruluşunun qorunub saxlanılması təmin ediləcək. Bu tarixi abidəyə ikinci həyat verilməsi tezliklə bölgənin turizm potensialına da öz təsirini göstərəcək.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.09.2019



      Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında 21 sentyabr Beynəlxalq Sülh günü münasibətilə şeir müsabiqəsi və şair-yazıçılarla görüş keçirilib.

Əvvəlcə Kitabxananın direktoru Kamal Axundov tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Beynəlxalq Sülh gününün əhəmiyyəti və tarixi haqqında geniş məlumat verib.

Sonra yazıçılar birliyinin üzvləri Həsənəli Eyvazlı, Əbülfəz Ülvi, Ələsgər Nehrəmli və Yadulla Zaman tərəfindən bir-birindən maraqlı şeirlər səsləndirilib.

Sonda Beynəlxalq Sülh günü münasibətilə şeir müsabiqəsi keçirilib. Müsabiqədə fərqlənən şagirdlərə diplom və fəxri fərmanlar təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.09.2019



      Sentyabrın 20-də yazıçı-dramaturq Xaqani Əliyevin "Ehsan xan Kəngərli" tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 137-ci teatr mövsümünü açıb.

Yeni teatr mövsümünün açılışı münasibətilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, yarandığı gündən indiyə qədər dünya dramatrugiyasından 100-ə yaxın əsəri səhnəyə qoymuş Naxçıvan teatrı millilik və bəşərililiyi vəhdətdə saxlayaraq həmişə zəngin və rəngarəng repertuar yaratmağa diqqət yetirmiş, zamanın sərt sınaqlarından çıxaraq xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında, tarixi mübarizələrin bədii təcəssümündə, çətin və mürəkkəb dövlətçilik yolunda, dünya mədəniyyəti nümunələrinin mənimsənilməsində, cəmiyyət və insan, zaman və şəxsiyyət problemlərinin müxtəlif istiqamətlərdə açıqlanmasında əhəmiyyətli rol oynamışdır.

Vurğulanıb ki, Naxçıvan teatrı milli dramaturgiyamızın klassik nümunələrinə geniş meydan verməklə, soy kökümüzə, qan yaddaşımıza, milli şüurun formalaşmasına, Azərbaycançılıq ideyasının yayılmasına qayğı ilə yanaşmışdır. Teatrın bu istiqamətdə fəaliyyəti imkan verir deyək ki, Naxçıvan teatrı ölkədə milli mənafeyə xidmət işinə dəyərli töhfələr vermişdir. Bütün bu müsbət keyfiyyətlər Azərbaycanda yaranmış sağlam, mənəvi iqlimin, sosial-ictimai sabitliyin yaranmasında meydana gəlmişdir. Bu uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu prinsipial, sağlam mənəviyyatlı siyasi kursun bəhrələridir.

Naxçıvan Muxtar Respublikasında mədəniyyətin, eləcə də teatr sənətinin inkişafına göstərilən qayğıdan da bəhs edən nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyəti hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində daim ardıcıl tədbirlər həyata keçirilir, teatr sənətinə bağlı insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, ötən teatr mövsümündə tamaşaçılara bir sıra tamaşalar - “Xəyyam”, “Ehsan xan Kəngərli” və “Ölülər və dəlilər” kimi maraqlı və ideya-bədii müxtəlifliyi ilə seçilən tamaşalar təqdim edilmişdir. Yeni teatr mövsümündə də Naxçıvan teatrı öz ənənələrini davam etdirərək maraqlı, ideyaca aktual mövzulardan bəhs edən səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlməyi nəzərdə tutur.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxışının sonunda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini və teatrsevərləri 137-ci teatr mövsümünün açılışı münasibətilə təbrik edib, teatr kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra “Ehsan xan Kəngərli" tamaşası göstərilib. Tamaşada XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələrdən bəhs olunur. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir. İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan bu tamaşada Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər, Naxçıvanın gələcək taleyi ilə bağlı məsələlər tamaşanın əsas leytmotivini təşkil edir.

Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanovun da bədii obrazı diqqəti cəlb edir. A.Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir. “Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.

Qeyd edək ki, tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov olmuşdur. Tamaşada professional aktyor heyəti təmsil olunur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.09.2019



      Sentyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz Rayon Uşaq Musiqi Məktəbində “Muxtar respublikanın təbliğində sosial şəbəkələrin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən nazirliyin aparıcı məsləhətçisi Elvin Əhmədov bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir.

Qeyd edilib ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində də gənclərlə iş sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, mədəniyyət, mədəni irs, incəsənət, təhsil sahəsində istedadlı və yaradıcı gənclərlə əlaqəli tədbirlər, dəyirmi masalar keçirilmiş, istedadlı gənclərin aşkara çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi ilə müsabiqələr, intellektual oyunlar keçirilmiş, sərgilər yaradılmışdır.

Nazirlik tərəfindən uşaq və gənclərin intellektual səviyyələrinin inkişaf etdirilməsi ilə bağlı bir sıra işlər görülür. Vurğulanıb ki, “Müasir gənclik və mədəniyyətimiz” başlığı altında dəyirmi masalar keçirilmişdir. Burada cəmiyyətin, xüsusən də gənclərin ən aktual problemləri müzakirə edilmişdir. Bu il ərzində muxtar respublikada yaşayan gənclərin məlumatlandırılması məqsədi ilə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı maarifləndirici tədbirlər də davam etdirilmişdir.

Sonra mövzu ilə bağlı müzakirələr olmuşdur. Mədəniyyət müəssisələrində, muzey və kitabxanalarda çalışan gənclər muxtar respublikanın təbliğində sosial şəbəkələrin rolu ilə bağlı fikir və rəylərini bildirmişlər. Çıxışlarda sosial şəbəkələrdə mədəniyyətimizin, incəsənətimizin təbliği üsulları və vasitələrindən geniş söhbət açılmışdır. Bildirib ki, sosial şəbəkələrin insan həyatındakı rolu hər keçən gün daha da artmaqdadır. Müasir dövrdə sosial şəbəkələr məlumat almaq, məlumat vermək, məlumatları müqayisə etmək, məlumatlardan şəxsi və ya ümumi istifadə etmək, ticarət aparmaq, münasibət qurmaq, fikir mübadiləsi aparmaq, virtual əlaqə yaratmaq və sadalamaqla qurtarmayacaq qədər çox iş görmək potensialına malikdir. Dəyirmi masada iştirak edənlər internetin, sosial şəbəkələrin uşaqların təhsilinə, təlim-tərbiyəsinə, zehni və fiziki inkişafına təsir yollarından, bu sahənin faydalı və zərərli cəhətlərindən bəhs ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.09.2019



      Sentyabrın 19-da Məhəmməd Tağı Sidqinin Ev Muzeyində muzeyin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş tədbir təşkil edilmişdir.

Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan müəssisələrin əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Ordubad Rayon Mədəniyyət Şöbəsinin müdiri Azər Məmmədov bildirmişdir ki, muzey Naxçıvan Respublikası Ali Məclisi Sədrinin “Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeyin yaradılması görkəmli pedaqoqun xatirəsinin əbədiləşdirilməsinə, yaradıcılığının daha dərindən öyrənilməsinə və təbliğ olunmasına geniş şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyev Məhəmməd Tağı Sidqinin təhsil və mədəniyyətin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur.”

Daha sonra Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin direktor əvəzi Pünar Yusifova “Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi” mövzusunda çıxış edərək bildirmişdir ki, Məhəmməd Tağı Sidqi 1854-cü il mart ayının 22-də Ordubad şəhərində anadan olub. Qısa ömür sürməsinə baxmayaraq yaşadığı dövr ərzində xalqın təhsillənməsi naminə fədakar fəaliyyət göstərən Məhəmməd Tağı Sidqi həmin dövr insanları tərəfindən “Böyük ustad”, “Xalq müəllimi” adlandırılıb. İlk təhsilini molla məktəbində alan Məhəmməd Tağı Sidqi təhsilini mədrəsədə davam etdirərək Şərq poeziyasını dərindən mənimsəyib və bədii yaradıcılıqla məşğul olub. 1892-ci ildə Ordubad şəhərində “Əxtər”, yəni, “Ulduz” adlı yeni məktəb yaradıb, 1894-cü ildə isə Naxçıvana dəvət olunaraq burada “Tərbiyə” məktəbinin əsasını qoyub.

Azərbaycan maarif və məktəbdarlığının inkişafı tarixində Sidqinin göstərdiyi misilsiz xidmətlər yalnız təsis etdiyi məktəblərlə bitmir. O, “Tərbiyə” məktəbində müdir və müəllim olduğu müddətdə “Heykəli-insana bir nəzər”, “Puşkin”, “Kəblə Nəsir” kimi mətbu, “Məsnəviyyati-mədəniyyət”, “Həkimanə sözlər”, “Yüz il yatandan sonra” kimi ictimai-siyasi, fəlsəfi, etik, elmi-pedaqoji əsərlər, “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Tənviri-əfkar və təfhimi-insaniyyət” (Ədəbiyyat), “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” kimi dərsliklər də yazmışdır.

Məhəmməd Tağı Sidqinin qələmə aldığı “Məktəb hekayələri” adlı kitab Naxçıvan Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı əsasında təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmişdir. Bu da Məhəmməd Tağı Sidqi yaradıcılığının təbliğinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamında deyilir: “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi realist ədəbiyyatın inkişafında, məktəb, teatr və mətbuat sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı məktəblər Azərbaycanda təhsilin, əsərləri isə maarifçi düşüncənin və ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Böyük pedaqoq Məhəmməd Tağı Sidqinin maarifçilik hərəkatının inkişafı naminə xidmətləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlamaqdadır.”

Ordubad rayon MKS-nin baş kitabxanaçısı Xuraman Yəhyayevanın “Məhəmməd Tağı Sidqinin müasirləri və yetirmələri olan görkəmli elm xadimləri” mövzusunda çıxışı dinlənilmişdir. X.Yəhyayeva vurğulamışdır ki, Sidqinin mühüm xidmətlərindən biri də bacarıqlı pedaqoq kimi yeni nəsillərin formalaşması işinə böyük töhfələr verməsidir. Məhəmməd Tağı Sidqinin açdığı məktəblər böyük ziyalı nəsli yetişdirmişdir. Burada Məhəmməd Tağı Sidqinin yetirmələri Hüseyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, Məmməd Səid Ordubadi, İbrahim Əbilov kimi görkəmli şəxsiyyətlərin adını çəkmək olar. Onun vaxtilə dərs dediyi şagirdlər sırasında yetişən tanınmış simalardan biri də elə öz oğlu, görkəmli maarifçi, pedaqoq, publisist, tərcüməçi Məmmədəli Sidqi Səfərovdur. Məmmədəli Sidqi sözün əsl mənasında atasının şərəfli yolu ilə getmiş, onun ideyalarını ləyaqətlə davam və inkişaf etdirmiş, maarif, mədəniyyət, mətbuat, ədəbiyyat sahəsində diqqətəlayiq işlər görmüşdür.

Tədbirin bədii hissəsində Ordubad şəhər 1 saylı tam orta məktəbin şagirdləri Məhəmməd Tağı Sidqiyə məxsus şeirləri bədii qiraət etmişlər.

Tədbir muzeyin ekspozisiyasına baxışla yekunlaşmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
19.09.2019



      Sentyabrın 18-də “Milli Musiqi Günü” münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu günün – 18 sentyabr tarixinin ölkədə “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamış və həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Vurğulanıb ki, Azərbaycanda peşəkar bəstəkarlıq məktəbinin formalaşması və inkişafı dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqisinin ilk böyük yaradıcısı, araşdırıcısı, tədqiqatçısı olmaqla, həm də qüdrətli bəstəkarlıq məktəbinin banisidir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yaradıcılıqda varisliyə böyük diqqət yetirərək Azərbaycanda musiqi mədəniyyətinin formalaşmasında və yaranmasında böyük bəstəkarın rolunu xüsusi qeyd edərək demişdir:

“Biz... professional musiqinin banilərinin, ilk növbədə, Üzeyir Hacıbəyovun fəaliyyətini böyük minnətdarlıq və iftixarla xatırlayırıq. Onlar xalqa nəinki gözəl musiqi əsərləri bəxş etmiş, həm də Azərbaycanda bəstəkarlıq məktəbinin təməlini qoymuş və bu məktəbi yaratmışlar”.

“Bu gün ölkəmizdə musiqimizin inkişafı sahəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən nazir əlavə edib ki, ölkədə həyata eçirilən mədəni siyasət həm də bilavasitə milli musiqi sənətimizin yaşadılmasına xidmət edir.

Naxçıvan Muxtar Respublikasında mədəniyyətimizin digər sahələri kimi, musiqi sənətimizin də inkişafına göstərilən diqqət və qayğıdan bəhs edən Natəvan Qədimova bildirib ki, son illər muxtar respublikada musiqi sənətinin inkişafına xidmət edən tədbirlərin miqyası xüsusilə genişlənib. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün yüksək iş şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Musiqi Kollecinin 40, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileylərinin yüksək səviyyədə qeyd olunması muxtar diyarımızda musiqi sənətinin inkişafına, eləcə də milli musiqimizin təbliğinə böyük töhfə kimi qiymətləndirilib.

Vurğulanıb ki, muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər.

Nazir qeyd edib ki, bu il sentyabr ayının 11-dən 18-dək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın bütün bölgələrində “Milli Musiqi Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib, muxtar respublikanın əksər musiqi kollektivlərinin ifalarında konsert proqramları, eləcə də “Yallı” festivalı təşkil edilib. Xalq musiqisindən və bəstəkar mahnılarından ibarət nümunələrin təqdim edildiyi konsert proqramları sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Nazir çıxışının sonunda mədəniyyətə, incəsənətə və musiqi sənətinə göstərilən diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra Milli Musiqi Gününə həsr olunmuş konsert başlayıb.

Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında dahi Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Üvertura", "Arşın malalan" operettasından "Əsgərin mahnısı", həmçinin Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Qara Qarayevin, Emin Sabitoğlunun və Ramiz Mirişlinin yaradıcılığından nümunələr səsləndirilib, xalq mahnıları təqdim edilib. Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun, Mübariz Əsgərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudovun, Elçin Nağıyevin, müğənnilərdən İlkin Abdullayevin ifaları alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Milli Musiqi Günü” münasibətilə muxtar respublikanın rayon mərkəzlərində, mədəniyyət və təhsil müəssisələrində də tədbirlər keçirilib, konsert proqramları təşkil edilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.09.2019



      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 17 sentyabr tarixli sərəncamları ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının mədəniyyət işçiləri də vardır.

Məmmədov Nüsrət Cəfər oğlu “Tərəqqi” medalı ilə Hüseynova Rüxsarə Hüseyn qızı “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmişlər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.09.2019



      Sentyabrın 17-də Naxçıvan şəhər “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yuxarı sinif şagirdləri və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Milli Musiqi Günü” ilə bağlı “Azərbaycan musiqi tarixindən” mövzusunda mühazirə olmuşdur.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi Səmirə Hüseynova çıxış edərək bildirib ki, məqsəd milli musiqimiz haqqında təsəvvürləri və məlumatları genişləndirməkdən ibarətdir. Şagird və tələbələr xalqımızın yaratdığı zəngin mədəni irsə dərindən bələd olmalı və həm də milli-mənəvi dəyərlərimizi təbliğ etməyi bacarmalıdır.

Qeyd edilmişdir ki, Azərbaycan musiqi mədəniyyətinin tarixi çox qədimdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri musiqi mədəniyyətimiz haqqında dəyərli məlumatlar verir. Xalqımızın şifahi xalq ədəbiyyatında, Nizami, Xaqani, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani və başqalarının əsərlərində də orta əsrlərin musiqi həyatı haqqında çox zəngin məlumatlar vardır.

Azərbaycanın Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Fətullah Şirvani, Mirzə bəy, Mir Möhsün Nəvvab kimi geniş biliyə malik alimlərinin risalələrində Azərbaycan musiqisinin nəzəri problemləri araşdırılmışdır. Onlara Şərqin və Qərbin böyük alimləri şərhlər yazmışlar.

Bildirilib ki, XX əsrdə Azərbaycanda peşəkar bəstəkarlıq məktəbi yaranmış və formalaşmışdır. Bu məktəbim banisi dahi Üzeyir Hacıbəyov təkcə professional musiqimizin banisi deyil, həm də böyük alim, maarifçi, dramaturq, pedaqoq və ictimai xadim kimi Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutur.

Vurğulanıb ki, qədim tarixə malik olan Azərbaycan musiqi sənətinin inkişafı ötən əsrin 70-ci illərində daha dinamik xarakter almışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev korifey sənətkarlarımız Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Rəşid Behbudov, Arif Məlikov, Süleyman Ələsgərov, Aqşin Əlizadə və başqalarının yaradıcılığına həmişə yüksək qiymət vermişdir. Müstəqillik dövründə də görkəmli bəstəkarlarımız Vətənin yüksək mükafatlarına layiq görülmüşlər.

Qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda da musiqi mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Hər il yeni musiqi məktəblərinin inşa olunması, konsert salonlarının təmir edilməsi, çoxsaylı musiqi müsabiqə və festivallarının keçirilməsi bunun əyani ifadəsidir.

Tədbirin sonunda böyük bəstəkarımızın həyat və yaradıcılığından bəhs edən “Üzeyir ömrü” filmi nümayiş etdirilmişdir. Film 1981-ci ildə çəkilmişdir. Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru xalq yazıçısı Anardır. Ekran əsərində Üzeyir Hacıbəyovun uşaqlıq dövründən həyatının son günlərinədək olan ömür yolu işıqlandırılır. Burada bəstəkarın “Leyli və Məcnun”, “Arşın mal alan”, “Koroğlu” kimi əbədiyaşar əsərlərinin yaranma tarixindən söhbət açılır. Filmin maraqlı cəhətlərindən biri də burada bəstəkarın müasirlərinin – H.Zərdabi, Ə.Haqverdiyev, M.Maqomayev, H.Sarabski, C.Qaryağdıoğlu, Q.Pirimov və başqalarının obrazlarının yaradılmasıdır. “Uzun ömrün akkordları” filmində bəstəkarın musiqisindən də geniş istifadə edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.09.2019



      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş növbəti konsert proqramı sentyabrın ayının 16-da “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilib. Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivlərinin ifasında bir-birindən maraqlı xor əsərləri səslənib.

Qeyd edək ki, xor sənəti zəngin Azərbaycan musiqisinin ayrılmaz qollarından biridir. Xorla oxunan xalq mahnıları, mərasim havaları hələ qədimdən məlumdur. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Cahangir Cahangirov xor üçün gözəl əsərlər bəstələmişlər. Bəstəkarlarımız bir sıra xalq mahnılarını da xor üçün işləmişlər.

Xor qədim incəsənət növlərindən biri kimi bütün dünya xalqlarının mədəniyyətində geniş yayılmışdır. İnsan mahiyyəti, insan tərbiyəsinin özü xor ifasında, insanların vokal istedadını izah edilməz dərəcədə dərin və təbii şəkildə təcəssüm etdirir. Xor ifası həyatın özü ilə sıx birləşir, onun ayrılmaz hissəsi olur. O hissləri, xəyalları, oxuyan insanların iradələrini birləşdirir, onların zövqlərini və qəlblərini tərbiyələndirir. Xor ifası insanın estetik təkmilləşməsinə, mənəvi zənginləşməsinə geniş imkanlar yaradır. Dünyanın bir çox tanınmış musiqiçiləri, pedaqoqları xor musiqisinə xüsusi əhəmiyyət vermiş və onun uşaqların tərbiyəsində rolunu qeyd etmişlər.

Məhz belə konsertlərin təşkili də xor mədəniyyətinin inkişaf etdirilməsinə, xor kollektivlərinin yaradıcılıq qabiliyyətlərinin zənginləşməsinə və ifaçılıq səviyyəsinin yüksəldilməsinə, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsinə böyük töhfələr verir. Konsert proqramında Ordubad şəhər və Vənənd kənd uşaq musiqi məktəblərinin birləşmiş xor kollektivləri, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivləri Ü.Hacıbəyovun “Çinarlar”, A.Piazollanın “Libertanqo”, R.Məmmədovun “Sənsən xilaskar”, “El oğlu” adlı xor əsərlərini səsləndirmişlər.

Tədbirdə səsəndirilən Y.Xəlilovun “Doğma yurdum Naxçıvanım”, E.Sabitoğlunun “Nə gözəldir Azərbaycan”, N.Məmmədovun “Naxçıvanım”, R.Hacıyevin “Azərbaycanım” adlı əsərləri dinləyicilərdə vətənə, yurda məhəbbət hisslərini, milli-vətənpərvərlik ruhunu yüksəldib.

Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin, Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivlərinin ifaları konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.09.2019



      Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən hər il dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Milli Musiqi Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də sentyabr ayının 14-də “Saat Meydanı” turistik istirahət mərkəzində təşkil olumuş “Yallı festivalı”dır.

Qeyd edək ki, qədim köklərə malik yallı sənətinin milli musiqi tariximizdə özünəməxsus yeri var. Ulu öndərimiz Heydər Əliyev xalqımıza məxsus bütün xüsusiyyətləri, tarixini, mədəniyyətini özündə əks etdirən yallı sənəti haqqında deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şərur yallıları haqqında" 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar diyarımızda yallı sənətinin tədqiqi, təbliği və qorunmasına göstərilən dövlət qayğısının bariz təzahürüdür. Bu sərəncama müvafiq “Tədbirlər Planı” təsdiq edilmiş, mədəniyyət müəssisələri qarşısında konkret vəzifələr qoyulmuşdur.

Bu “Tədbirlər Planı” əsasında keçirilən və özünəməxsusluğu ilə seçilən “Yallı festivalı”ı yallı kollektivlərinin maraqlı və rəngarəng rəqsləri ilə yadda qalmışdır.

Festivalda Naxçıvan Dövlət Filarmoniyanın Mahnı və Rəqs Ansamblı, Şərur (“Şərur” Xalq Yallı Ansamblı, “Nurani” Xalq Yallı qrupu, “Şərur qönçələri” Uşaq Yallı Ansamblı, “Bahar” Yallı qrupu, Daşarx Kənd Uşaq Musiqi Məktəbinin Yallı qrupu), Babək (Babək Rayon Mədəniyyət Sarayının Yallı kollektivi), Ordubad (Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” Yallı kollektivi, Unus və Kələki Kənd mədəniyyət evlərinin “Ordubad qönçələri” Uşaq Yallı kollektivi, Dırnıs və Vənənd Kənd mədəniyyət evlərinin Uşaq Yallı kollektivi), Culfa (Milax Kənd Mədəniyyət Evinin Yallı kollektivi), Kəngərli (Kəngərli Rayon Mədəniyyət Sarayının “Sarı gəlin” Yallı kollektivi, Şahtaxtı Kənd Mədəniyyət Evinin “Sevinc” Uşaq Yallı qrupu), Şahbuz (Badamlı Kənd Mədəniyyət Evinin Yallı kollektivi, Kolanı Kənd Mədəniyyət Evinin Yallı kollektivi, Şahbuz Şəhər Klubunun Yallı kollektivi) və Sədərək (“Qeyrət qalası” Yallı kollektivi) rayonlarının, eləcə də H.Əliyev Uşaq Gənclər Yaradıcılıq Birliyinin, Naxçıvan Tibb Kollecinin (“Birlik” Yallı kollektivi) və Naxçıvan Musiqi Kollecinin yallı kollektivləri çıxış etmişdir.

Festival boyu “Tənzərə”, “Xələfi”, “Köçəri”, “Baharı”, “El yallısı”, “Hoynəri”, “Üç ayaq”, “Tirməşal”, “Qənimo”, “Söylə”, “Tello” və s. yallılar ifa edilmiş, “Azəri”, “Ana yurdum” və digər rəqslər festival iştirakçılarında xoş əhvali-ruhiyyə yaratmışdır.

Qeyd edək ki, sentyabrın ayının 11-dən başlayan “Milli Musiqi Günü” ilə bağlı silsilə tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.09.2019



      Muxtar respublikanın mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi avqust ayında da davam etdirilmişdir. Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir.

Ötən ay muxtar respublikanın muzeylərini 22 mindən çoxu əcnəbi vətəndaş olmaqla, 59 mindən çox tamaşaçı ziyarət etmişdir. Muxtar respublikanın əksər kitabxanalarında və klub müəssisələrində kitab müzakirələri, mütaliə və nağıl günləri keçirilmiş, kitab sərgiləri təşkil olunmuş, “Yay oxu zalı”nın fəaliyyəti davam etdirilmişdir. Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki yaşayış binalarının həyətində keçirilən “Sizi deyib gəlmişəm” adlı kitab sərgiləri maraqla qarşılanmışdır. Səyyar kitabxana xidmətinin təşkili ilə bağlı aparılmış iş ötən ay da davam etdirilmiş, 22 nəfərə səyyar kitabxana xidməti göstərilmişdir. Muxtar respublikanın kitabxanalarına 50 adda 59 nüsxə çap məhsulu daxil olmuş, kitabxanalarda yeni oxucu sayı 258, oxucu gəlişi 3 min 726, kitab verilişi 10 min 475 nüsxə təşkil etmişdir. Virtual oxu üçün elektron kataloqda kitabların sayı 12 min 658-dən 13 min 248-ə çatdırılmışdır.

Avqust ayında muxtar respublikanın klub müəssisələrində tarixi və əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirilmiş, Ordubad rayonunun Dırnıs kəndində “Xalq yaradıcılığı günü”, rayon mədəniyyət şöbələrinin təşkilatçılığı ilə konsert proqramları təşkil olunmuşdur. Babək rayonunun Yarımca, Ordubad rayonunun Tivi və Şahbuz rayonunun Qızıl Qışlaq kənd mərkəzlərində Azərbaycan filmləri nümayiş etdirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.09.2019



      Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə teatrın fəaliyyətini əks etdirən foto sərgiyə baxış olub. Sonra tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, 14 sentyabr 1989-cu ildə fəaliyyətə başlayan bu mədəniyyət ocağına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2004-cü ildə Məhəmməd Tağı Sidqinin adı verilib.

Qeyd olunub ki, muxtar respublikada uşaqların asudə vaxtının səmərəli təşkilində, onların vətənpərvərlik ruhunda tərbiyəsində Kukla Teatrı mühüm rol oynayır.

Bu günədək Kukla Teatrında 60-a yaxın tamaşa hazırlanıb. Teatrın səhnəsindən təqdim edilən əsərləri balaca teatrsevərlər maraqla izləyiblər.

Nazir qeyd edib ki, Kukla Teatrı ötən əsrin 90-cı illərindən etibarən həm ölkənin müxtəlif bölgələrində, həm də xarici ölkələrdə qastrol səfərlərində olub. Kukla Teatrının Türkiyə və İran İslam Respublikalarında qastrol səfərlərində olması, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” adlı Beynəlxalq Kukla Teatrları festivallarında Naxçıvanı, eləcə də ölkəmizi yüksək səviyyədə təmsil etməsi muxtar respublikanın mədəni əlaqələrinin inkişafına dəyərli töhfə verib.

Qeyd olunub ki, digər mədəniyyət müəssisələri kimi, Naxçıvan Dövlət Kukla Teatrı da dövlətimizin qayğısı ilə əhatə olunub, kollektiv 2004-cü ildən yeni bina ilə təmin edilib.

Natəvan Qədimova Kukla Teatrının yaradılmasının 30 illik yubileyi münasibəti ilə teatrın kollektivini təbrik edib, bundan sonrakı fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.

Sonda Aleksey Tolstoyun “Buratino”nun macəraları əsəri əsasında xalq artisti Şirzad Abutalıbov tərəfindən səhnələşdirilən “Buratino” tamaşası nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.09.2019



      Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclərin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub.

Gənclər Naxçıvan Dövlət Tarix Muzeyində olmuşlar. Burada onlara məlumat verilib ki, 1924-cü ildə təşkil olunmuş muzey müxtəlif eksponatların toplanması və gələcək nəslə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlamışdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri və s. saxlanılan və nümayiş etdirilən muzeydə elmi-tədqiqat işləri aparılır, stasionar və səyyar sərgilər təşkil olunur, görüşlər, anım mərasimləri, elmi-nəzəri və təcrübi konfranslar, dəyirmi masa və s. maarifləndirici tədbirlər keçirilir.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır və nümayiş etdirilir ki, onlardan da 3000-ə qədəri ekspozisiyada nümayiş olunur. Muzey 10 şöbədən ibarətdir.

Məlumat verilib ki, muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir və yeni dövrü əhatə edir. Burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkroğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif İbn Küseyiroğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.

Qeyd olunmuşdur ki, muzeyə gələn qonaqların sayı da əhəmiyyətlə dərəcədə artmışdır. Belə ki, bu ilin 8 ayı ərzində muzeyi 25 min nəfər ziyarət etmişdir ki, onlardan da 5 minə qədəri əcnəbi vətəndaşdır.

Gənclərə muzey haqda geniş məlumat verildikdən sonra bildirilib ki, beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Cənab Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə bağlı 2 avqust 2019-cu il tarixdə Sərəncam imzalamışdır. Hal-hazırda muzeydə yubiley tədbirinə hazırlıq işləri aparılır.

Ekskursiya gənclərdə xoş təəssürat yaradıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.09.2019



      Sentyabrın 12-də Naxçıvan Duz Muzeyində muzeyin yaradılmasının 2 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, muxtar respublikamızda ən son yaradılan muzeylərdən biri də bu gün yaradılmasının 2-ci ildönümünü qeyd etdiyimiz Naxçıvan Duz Muzeyidir. Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeydə Naxçıvan duzu ilə bağlı deyimlər, atalar sözləri, qədim məişət-etnoqrafiya nümunələri, daş duzdan hazırlanmış əl işləri və digər dəyərli eksponatlar qorunub saxlanılır və gələn qonaqların böyük marağına səbəb olur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında muzey işinin səmərəli təşkili nəticəsində son illər muzeyləri ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artmış, buna görə muzey işçilərinin öhdəsinə daha böyük vəzifələr düşmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim Oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Qeyd edilib ki, 2019-cu ilin ötən 8 ayı ərzində muxtar respublikanın muzeylərini 398 min 713 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 122 min 322 nəfəri əcnəbi vətəndaşdır.

Tədbirdə Naxçıvan Duz Muzeyinin direktoru Camal Babayev “Naxçıvan Duz Muzeyinin fəaliyyəti” mövzusunda çıxış edərək bildirib ki, muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq, aparılan elmi tədqiqat işlərinin sistemləşdirməsini və elmi araşdırmalar nəticəsində əldə olunan maddi mədəniyyət nümunələrinin qorunub saxlanmasını və təbliğini təmin etməkdir.

Fəaliyyətə başladığı tarixdən bu günə qədər Naxçıvan Duz Muzeyini 10 mindən çox tamaşaçı ziyarət etmişdir. Naxçıvan duzunun qədim tarixinə və Naxçıvan Duz Muzeyinə göstərilən dövlət qayğısının daha bir nümunəsi Naxçıvan Duz Muzeyinin saytının yaradılmasıdır. Saytda izləyicilər Naxçıvan Duz Muzeyi, o cümlədən Naxçıvan duzu haqqında, Duzdağ haqqında yerləşdirilmiş materiallarla, eyni zamanda qalereya və video bölməsində fotoşəkillər və videoçarxlarla yaxından tanış ola, sayta yerləşdirilmiş virtual səyahət bölməsi vasitəsilə dünyanın istənilən nöqtəsindən izləyicilər muzeyə virtual səyahət edə bilir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov “Duzla bağlı folklor nümunələri” mövzusundakı çıxışında bildirib ki, qədim Naxçıvanın ən möcüzəli məkanlarından olan Duzdağın hər bir qarışında ulu tarixin saysız-hesabsız izləri mövcuddur.

Naxçıvanda duzla bağlı xeyli atalar sözlərinin, bayatıların, xalq əfsanə və rəvayətlərinin, ümumən, folklor nümunələrinin mövcudluğu duz emalının ilkin olaraq bu ərazi ilə bağlı olduğunu sübut edən amillərdəndir. Naxçıvanda duzun kəşfi və onun emal olunması şəhər mədəniyyətinin ilkin rüşeymləri kimi diqqəti cəlb edir. Duz emalı bu ərazinin mədəni həyatı ilə yanaşı, qədim Naxçıvanın iqtisadi həyatında da mühüm yer tutmuşdur.

Naxçıvan diyarının qədimliyi, ümumtürk mədəniyyəti ilə sıx bağlılığı, özünəməxsus zəngin mədəniyyəti və ədəbiyyatı Naxçıvan folklor nümunələrində öz parlaq əksini tapmışdır. Duz milli folklorumuzda özünəməxsus yer tutur və xalqımızın ən qədim zamanlardan etibarən müqəddəs hesab etdiyi nemətlərdən biri kimi diqqəti cəlb edir. Duz folklorumuzda, ulularımızın təsəvvüründə, hər şeydən öncə, ruzi-bərəkəti ifadə edib. Duz həm də dostluq, qardaşlıq, dürüstlük rəmzidir. Dədə-babalarımızdan qalma “Duz-çörək haqqı” andı insanlar arasında inamı, etibarı göstərən xalq deyimidir. Naxçıvan xalq dastanlarında olan deyimlərdə “Duz kəsən düz olar”, “Duz kəsən namərd olmaz”, “Duza dönük çıxan murada çatmaz” kimi deyimlərdə bir daha görmək mümkündür.

Sonda muzeyin ekspozisiyasına baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.09.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilə əlaqədar vakant vəzifələrin tutulması üçün 3 iyul 2019-cu il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına sentyabrın 9-dan start verilib.

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir.

Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak edə bilirlər.

Müsabiqəyə çıxarılmış 285 vakant vəzifənin tutulması üçün 83 nəfər sənəd təqdim edib. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test imtahanında hər bir namizədə ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında isə hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir. Orta ixtisas musiqi təhsili müəssisələrinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandıran namizədlər keçid balını toplamış hesab edilir.

İmtahanların keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.

Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.

Test imtahanları sentyabrın 11-dək davam edəcək.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.09.2019



      Sentyabrın 10-da Məhəmməd Tağı Sidqinin Ev Muzeyində “Memorial muzeylərdə uçot mühafizə işinin təşkili” mövzusunda seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirin məqsəd və əhəmiyyətindən danışan mədəni irs və muzey işi üzrə baş məsləhətçi Qumral Əsədova giriş sözü ilə çıxış edərək bildirmişdir ki, muxtar respublikada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Muzeylərə bu gün xüsusi diqqət göstərilir, onların maddi-texniki bazası gücləndirilir, əməkdaşların peşəkarlıq səviyyəsi yüksəldilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamından sonra muzeylərin ziyarətçilərinin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.

Qeyd olunmuşdur ki, bu gün keçirilən seminar-treninq il ərzində təşkil olunmuş doqquzuncu seminar-treninqdir. Keçirilən seminar-treninqlərdə muzey əməkdaşları vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat əldə etmiş olurlar. Eyni zamanda, seminar-treninqlər muzey işçilərinin muxtar diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmalarına şərait yaratmaq baxımından da əhəmiyyətlidir. Belə tədbirlərdə muzey əməkdaşlarına bu sahədə həyata keçirilən yeniliklərdən söhbət açılır, onların sualları cavablandırılır.

Vurğulanmışdır ki, Nazirliyin sisteminə daxil olan 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, bu muzeylər içərisində memorial-ev muzeylərinin özünəməxsus yeri vardır. Bu muzeylər adını daşıdığı şəxsin və ya təbliğ etdiyi tanınmış şəxslərin və ya nəslin tanıdılmasında və onun irsinin qorunmasında mühüm əhəmiyyətə malikdir.

Tədbirdə Cəlil Məmmədquluzadənin Ev Muzeyinin baş fond mühafizi-elmi işçisi Kəmalə Allahverdiyeva “Ev muzeylərində uçot-mühafizə işinin təşkili” mövzusunda çıxış edərək bildirmişdir ki, uçot-mühafizə işi muzey işinin əsasını təşkil edən 2 ən mühüm sahədən biridir. Ev muzeylərində uçot-mühafizə işinin aparılması əsasən xatirə muzeyi yaradılmış şəxsə və onun yaşadığı dövrə aid eksponatların toplanması, qəbul edilməsi və fond kitablarında qeydiyyata alınması prosesini əhatə edir. Hər bir muzeyin profilinə uyğun olaraq eksponatlar əvvəlcədən müəyyən edilmiş elmi inventar kitablarına işlənir və onlara uçot nişanı vurulur.

Çıxışda ev muzeylərində saxlanılan muzey sərvətlərinin uçotu və mühafizəsinə dair təlimatda muzey fondlarının tərkibinə daxil olan muzey əşyalarının vahid uçot, elmi inventarlaşdırma və bərpa sistemində nəzərdə tutulan məsələlər haqqında ətraflı məlumat verilmiş, muzey fondlarının tərkibi və fondların dövlət qeydiyyatı, muzey əşyalarının elmi inventarizasiyası, ümumi mühafizə qaydaları və başqa məsələlərə toxunulmuşdur.

Sonra mövzu ilə bağlı müzakirə aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdən sonra Məhəmməd Tağı Sidqinin, Akademik Yusif Məmmədəliyevin və Məmməd Səid Ordubadinin ev muzeylərinin ekspozisiyasına baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.09.2019



      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən hər il dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü-sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sentyabrın 11-dən başlayaraq “Görüş yeri” kafesinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə start veriləcək tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və digər yaradıcı kollektivlərin çıxışı, həmçinin “Yallı festivalı” keçiriləcək. Silsilə tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulacaq.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.09.2019



      Dünən Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin bədii rəhbər-dirijoru Çingiz Axundovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq mədəniyyətimizin və incəsənətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Diqqətə çatdırılıb ki, bu gün yubileyi qeyd olunan tanınmış sənətkar Çingiz Axundov konsert proqramlarındakı mahir dirijorluğu ilə musiqisevərlərin rəğbətini qazanıb. Əvvəlcə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Filarmoniyasında çalışan dirijor 1985-ci ildən sənət fəaliyyətini Naxçıvan Dövlət Filarmoniyası ilə bağlayıb. Çingiz Axundova nəfəs alətləri üçün işlədiyi metodik vəsaitlərə və dərsliyə görə dosent elmi adı verilib. O, “Koroğlu” operasının kompozisiyasını hazırlayıb, “Leyli və Məcnun” operasının kompozisiyasının hazırlanması və təqdimatında fəal iştirak edib.

Vurğulanıb ki, bu gün Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Çingiz Axundovun bədii rəhbər-dirijorluğu ilə təkcə muxtar respublikada deyil, ölkəmizin musiqi kollektivləri içərisində də tanınmaqdadır.

Çingiz Axundovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının, 2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2009-cu ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Mədəniyyət naziri Çingiz Axundovu yubiley münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə yubilyarın sənət dostları çıxış edərək ürək sözlərini bildiriblər.

Sonra Çingiz Axundov əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib, bundan sonra da musiqi mədəniyyətimizin inkişafı üçün çalışacağını deyib.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının Simli Kvartetinin ifasında musiqi nömrələri səsləndirilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
03.09.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.

Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.

Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən isə yeni bina ilə təmin olunan mərkəz üçün müasir tələblərə uyğun lazımi iş şəraiti yaradılıb. Qeyd olunub ki, əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsi olan Naxçıvan Biznes Mərkəzində 96 müəssisə tərəfindən 192 növdə 1250-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir.

Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi Xatirə Muzeyini, Səhiyyə Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksini, Mədəniyyət Nazirliyinin kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Gənclər və İdman Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi Ədəbiyyat Muzeyini ziyarət ediblər. Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, Televiziya və Radio Şurası və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi Dövlət Bayrağı Muzeyində, Dövlət Statistika Komitəsinin əməkdaşları Heydər Əliyev Muzeyində, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollektivi Bəhruz Kəngərli Muzeyində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Nəbatat bağında, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasında, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
03.09.2019



      Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da mədəniyyətin və musiqi sənətinin professional formada inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Qədim tarixə və zəngin ənənələrə malik olan Naxçıvan musiqi sənəti məhz bu diqqət və qayğı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, yallı və rəqslərimiz Naxçıvan Dövlət Filarmoniyası kollektivlərinin ifasında artıq bir sıra dünya ölkələrində sevilə-sevilə dinlənilir, izlənilir, bu ifalar könülləri fəth edir.

Qeyd edilib ki, filarmoniyada 7 kollektivdə professional ifaları ilə geniş ictimaiyyətin rəğbətini qazanmış 200-ə yaxın sənət adamı fəaliyyət göstərir. İstedadlı gənclərin filarmoniyaya cəlb edilməsi işi də diqqətdə saxlanılır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına geyim dəstlərinin, paltarlarının, musiqi alətlərinin, musiqi texnikasının təqdim olunması ənənəyə çevrilib. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində milli və Avropa istehsalı olan musiqi alətləri verilib, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin ediliblər.

Nazir qeyd edib ki, bu gün filarmoniyaya 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunur. Bu alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcək. Hədiyyə edilən qədim musiqi alətləri filarmoniya üzvlərinin peşəkar ifaçılığına, nəticə etibarilə, konsert proqramlarının professional formada təqdiminə böyük imkan verəcəkdir. Bundan başqa, həmin qədim musiqi alətləri musiqi mədəniyyətimizin təbliği və tanıdılmasında da müstəsna əhəmiyyət kəsb etməkdədir. Belə ki, həm ifaçılar, həm də konsert proqramlarının iştirakçıları həmin qədim musiqi alətləri, eləcə də ondan istifadə haqqında müvafiq bilik və təsəvvürə yiyələnə biləcəklər.

Natəvan Qədimova bu münasibətlə filarmoniya kollektivlərini təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıb. O, milli musiqi sənətimizin, ümumilikdə, milli dəyərlərimizin yaşadılması və təbliğinə göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından dərin ­minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov çıxış ediblər.

Sonda tədbir iştirakçıları təqdimatı keçirilən qədim musiqi alətləri ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
31.08.2019



      Avqust ayında da muxtar respublikanın mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə, eləcə də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Cəmşid Naxçıvanskinin anadan olmasının 124-cü ildönümü, Ərtoğrol Cavidin 100 illik yubileyi, Dövlət Bayrağı Muzeyində muzeyin yaradılmasının 5 illiyi ilə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi davam etdirilmişdir.

Avqust ayının 1-də Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilmiş, əlamətdar günə həsr olunmuş sərgi hazırlanmışdır. Bundan əlavə əlamətdar günlə bağlı digər kitabxanalar tərəfindən də analoji tədbirlər keçirilmişdir.

Avqust ayının 2-də Naxçıvan Dövlət Film Fondunda “Milli Kino Günü” münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan bədii filmlərinin afişalarından ibarət sərgiyə baxış olmuşdur. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra 1923-cü ildə ekranlaşdırılmış tammetrajlı “Qız qalası əfsanəsi” səssiz bədii filmi nümayiş olunmuşdur.

Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 sayda hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir. Təqdim olunan qədim musiqi alətlərindən bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcəkdir. Bu qədim musiqi alətlərinin filarmoniyaya hədiyyə edilməsi ictimaiyyət nümayəndələri və ziyalılar tərəfindən zəngin musiqi mədəniyyətimizin yaşadılması və təbliğinə böyük töhfə kimi dəyərləndirilmişdir.

Avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2 avqust 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, qocaman mədəniyyət ocağının 95 illik fəaliyyəti ilə bağlı müvafiq iş aparılmışdır.

Ötən ay muxtar respublikanın muzeylərinin fəaliyyətinin daha təkmil formada təşkili məqsədilə muzey əməkdaşlarına lazımi əməli və metodik köməkliklər göstərilmişdir. Bütün bu tədbirlərin nəticəsi olaraq, muzey işinin təşkili müasir tələblər səviyyəsində aparılmaqdadır. Bu da, öz növbəsində, milli mədəniyyətimizi və qədim tariximizi müasir günümüzdə təbliğ edən muzeyləri ziyarət edənlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, ay ərzində muxtar respublika sakinləri ilə yanaşı, ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqlar olmaqla, muzeylərimizi 59 min 790 nəfərdən çox tamaşaçı ziyarət etmişdir. Muzey ziyarətçilərinin 22 mindən çoxu əcnəbi vətəndaş olmuşlar.

Avqust ayında kitab mütaliəsinin kütləviləşməsi və insanların kitab oxunmasına cəlb edilməsi işi də diqqətdə saxlanılmışdır. Belə ki, muxtar respublikanın əksər kitabxanalarında və klub müəssisələrində kitab müzakirələri və "Mütaliə Gün"ləri, "Nağıl Gün"ləri keçirilmiş, kitab sərgiləri təşkil edilmiş, "Yay oxu zalı"nın fəaliyyəti davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamının icrası istiqamətində ötən ay A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki yaşayış binalarının həyətində keçirilən “Sizi deyib gəlmişəm” adlı kitab sərgiləri şəhər sakinləri tərəfindən maraqla qarşılanmış, kitab mütaliəsinə dəyərli töhfə kimi qiymətləndirilmişdir.

Səyyar kitabxana xidmətinin təşkili ilə bağlı aparılmış iş ötən ay da davam etdirilmiş, ümumilikdə, 22 nəfərə göstərilmiş səyyar kitabxana xidməti kitabsevərlərin sevincinə səbəb olmuşdur.

Avqust ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 2 adda 18 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar təyinatı üzrə müvafiq kitabxanalara paylanmışdır. Ümumilikdə isə, muxtar respublikanın kitabxanalarına 50 adda 59 nüsxə çap məhsulu daxil olmuşdur.

Bütün bu tədbirlərin əməli nəticəsi olaraq, ay ərzində kitabxanalarda yeni oxucu sayı 258 nəfər, oxucu gəlişi 3 min 726 nəfər, kitab verilişi 10 min 475 nüsxə təşkil etmişdir. Elektron kataloqa işlənmiş kitab sayı isə 590-dır. Ümumilikdə, virtual oxu üçün elektron kataloqda kitabların sayı 12 min 658-dən 13 min 248-ə çatdırılmışdır. Şəbəkəyə isə 47 kitab (PDF) işlənilməklə, elektron kitabların ümumi sayı 2 min 520-yə qədər artmışdır. Avqust ayında virtual oxucu sayında da artım müşahidə edilmiş, oxucu sayı 146 nəfər olmuşdur.

Ay ərzində klub müəssisələrində tarixi və əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına uyğun olaraq, Ordubad rayonunun Dırnıs kəndində “Xalq yaradıcılığı günü” keçirilmişdir. Ötən ay da muxtar respublikanın rayonlarında fəaliyyət göstərən klub müəssisəsi əməkdaşlarına mədəniyyət evi və klublarda dərnək fəaliyyətinin və mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməli köməkliklər davam etdirilmişdir.

Muxtar respublikanın bölgələrində fəaliyyət göstərən rayon mədəniyyət şöbələrinin təşkilatçılığı ilə keçirilən konsert proqramları rayon sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.

Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçin Əfəndiyevin “Teleskop” və Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” əsərləri əsasında hazırlanan tamaşaların, Naxçıvan Dövlət Uşaq Teatrında isə Nuray Nəzərovanın “Mavi işıq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının məşqlərini davam etdirilmişdir.

Gənclər arasında milli mədəniyyətimizin və tanınmış şəxsiyyətlərin ömür yolunun təbliği məqsədilə gənclərin Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, M.T.Sidqinin, Akademik Y.Məmmədəliyevin və M.S.Ordubadinin Ev muzeylərinə ekskursiyası təşkil edilmişdir.

Azərbaycan Kinosu Günü çərçivəsində Babək rayonunun Yarımca, Ordubad rayonunun Tivi və Şahbuz rayonunun Qızıl Qışlaq kənd mərkəzlərində kənd ictimaiyyətinə nümayiş etdirilən Azərbaycan filmləri kənd sakinlərinin marağına səbəb olmuşdur.

Muxtar respublikada mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keşirilməsi ənənəvi hal almışdır. Bu ənənənin davamı olaraq, avqust ayında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60 illik yubileyi qeyd edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
31.08.2019



      Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylərin işinə cari ildə diqqət daha da artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikanın 50-yə yaxın nazirlik, komitə və baş idarə əməkdaşlarının, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə kollektivlərinin, idman federasiyaları üzvlərinin, sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilib. Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsinə ciddi önəm verilib.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, muzey işçilərinin bütün muzeyləri tanımaları məqsədilə seminar-treninq və dəyirmi masaların da təşkili diqqət mərkəzində saxlanılıb.

Ötən dövr ərzində muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi işi diqqətdə saxlanılıb. Şərur Rayon Tarix-Diyarşünaslıq, “Əlincəqala” Tarix-Mədəniyyət, Naxçıvan Dövlət Tarix, Ordubad Rayon Tarix-Diyarşünaslıq muzeylərində vətəndaşlar və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən nazirliyə hədiyyə olunmuş maddi mədəniyyət nümunələrinin, həmçinin Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun muzeylərə verdiyi rəsm əsərlərinin təqdimatları keçirilib. Nazirlik tərəfindən isə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna 45 ədəd qədim əlyazma və kitab hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirlikləri tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2018-2019-cu tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən cari ildə muxtar respublikanın müxtəlif muzeylərindən ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün, ümumilikdə, 12 distant dərs keçilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
31.08.2019



      Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60 illik yubileyi qeyd olunub.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib, Əməkdar artist Tofiq Seyidovun keçdiyi həyat yolundan və səhnə fəaliyyətindən danışıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün sənət adamlarına daim diqqət və qayğı göstərir, onların yubileyləri yüksək səviyyədə qeyd edilir. Bu yubiley tədbiri də həmin ənənənin davamıdır.

Tanınmış rejissor və aktyor Tofiq Seyidovun yaratdığı rəngarəng obraz və personajlar, quruluş verdiyi dərinməzmunlu və aktual ideyaları ilə seçilən səhnə əsərləri onu tamaşaçılara çoxdan sevdirib.

Qeyd edilib ki, Tofiq Seyidov 1959-cu il avqust ayının 2-də Babək rayonunun Zeynəddin kəndində anadan olub. İlk təhsilini Zeynəddin kənd tam orta məktəbində alan Tofiq Seyidov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub, 1982-ci ildə həmin ali təhsil ocağının Dram və kino aktyorluğu fakültəsini bitirib. O, 1982-ci ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. 2013-cü ildən quruluşçu rejissor kimi də çalışan Tofiq müəllim “Manqurt”, “Nadir şah”, “Nadanlıq”, “Hacı Qara”, “Göy quş”, “Qılınc və qələm”, “Xəyyam”, “Ölülər və dəlilər” və digər tamaşalara uğurlu quruluş verib

Naxçıvan teatrının səhnəsində Tofiq Seyidov “Əlincə qalası” tamaşasında Şeyx Ömər Osman, “Atamın kitabı” tamaşasında ikinci Məmməd Araz, “Uçurum” səhnə əsərində Əkrəm, “Xəyyam” tamaşasında Xəyyam, “Ölülər və dəlilər” tamaşasında Molla Abbas, “Şeyx Sənan” tamaşasında Şeyx Hadi, “Mənim tanrım gözəllikdir, sevgidir” səhnə əsərindəki Şeyx Sənan və digər obrazları ilə tamaşaçı rəğbəti qazanıb.

Diqqətə çatdırılıb ki, tanınmış sənətkarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 2015-ci ildən Naxçıvan Dövlət Uşaq Teatrına rəhbərlik edən Tofiq Seyidov 2016-cı ildə Prezident mükafatına, 2017-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Natəvan Qədimova çıxışının sonunda yubilyarı təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Əməkdar artistin sənət dostları – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Xalq artisti Kamran Quliyev, Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Şirzad Abutalıbov və digər sənət dostları çıxış edərək yubilyara ürək sözlərini çatdırıblar.

Sonda Tofiq Seyidov yaradıcılığına yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.08.2019



      Avqustun 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclərin Ordubad rayonuna ekskursiyası təşkil olunub.

Gənclər əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olmuşlar. Burada onlara məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir. Qeysəriyyə binası ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən 1981-ci ildən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı və göstərişi ilə muzeydə bərpa işləri aparılmış, 14 yanvar 2011-ci il tarixdə muzey bərpa olunduqdan sonra istifadəyə verilmişdir. Muzeyin fondunda 4 mindən artıq eksponat qorunub saxlanılır. Bu eksponatlar tarixin müxtəlif inkişaf dövrlərinə aiddir. Rayon ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri daş süxurlar, obsidianlar, daş, tunc və misdən hazırlanmış əmək alətləri, silahlar, etnoqrafik materiallar gənclərdə tariximizə maraq oyadıb.

Sonra gənclər Ordubad şəhərində yerləşən Akademik Yusif Məmmədəliyevin Ev Muzeyində olub. Burada gənclərə məlumat verilib ki, muzey 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi nailiyyətlərinin uğuru nəticəsində 75 illiyi münasibətilə yaradılıb. Muzey dörd ekspozisiya zalından ibarətdir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir.

Gənclər daha sonra Ordubad şəhərində yerləşən görkəmli maarifçi-pedaqoq M.T.Sidqinin Ev Muzeyində olublar. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məmməd Tağı Sidqinin Ev-Muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamı ilə yaradılan ev muzeyi M.T.Sidqiyə verilən yüksək dəyər və qiymətdir. Təsadüfi deyil ki, görkəmli sənətkarın “Məktəb hekayələri” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitablar sırasında yer alır. Məlumat verilib ki, Naxçıvan teatrının yaranmasında xidmətləri olan Məmməd Tağı Sidqi bu teatrın inkişafı məsələləri ilə yaxından məşğul olub. Böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb edib. Qeyd edək ki, bu gün muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Kukla Teatrı da böyük pedaqoqun adını daşıyır.

Son olaraq gənclər M.S.Ordubadinin Ev Muzeyini ziyarət etmişlər. Bildirilmişdir ki, tanınmış Azərbaycan ədibinin ev muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə anadan olmasının 100 illiyi münasibəti ilə 1972-ci ildə Ordubad şəhərində anadan olduğu mənzildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə muzeydə bərpa işləri aparılmış və yenidənqurmadan sonra 12 yanvar 2010-cu ildə muzeyin açılışı olmuşdur. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə şəkilləri, məktub və əlyazmaları və s. qorunub saxlanılır və nümayiş etdirilir.

Ekskursiya gənclərdə xoş təəssürat yaradıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.08.2019



      Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası ənənəvi olaraq hər il iyul-avqust ayları ərzində həftənin II və V günləri olmaqla kitabxanada “Yay oxu zalı” təşkil edir.

Burada əsas məqsəd şagirdləri yeni dərs ilinə hazırlamaq, onların asudə vaxtlarının səmərəli təşkili və mütaliəyə maraqlarını artırmaqdır.

2019-cu ilin yay mövsümü üçün Naxçıvan şəhərində fəaliyyət göstərən ayrı-ayrı məktəblərdən, ümumilikdə, 50 şagird “Yay oxu zalı”na göndərilib.

“Yay oxu zalı”nda dərsləri kitabxana əməkdaşları tədris ediblər. Burada fiziki tərbiyə, texnologiya, təsviri incəsənət, musiqi və rus dili fənlərindən başqa, bütün fənlər tədris olunub. Dərs saatları səhər saat 1000-dan 1300-dək davam edib.

İyun ayının 28-dən başlanan tədris müddəti yekunlaşıb. Yekun məşğələdə valideynlər də iştirak edib, onlar kitabxananın bu fəaliyyətini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.08.2019



      Ana südü ilə canımıza, qanımıza hopmuş, yaddaşımızda əbədiləşmiş Azərbaycan muğamı həm də dünya musiqi xəzinəsinin incisidir. Görkəmli xanəndələrimizin ifasında bu sənət növü dilindən, milliyyətindən asılı olmayaraq dinləyicini ilahi başlanğıc, əbədi olum-ölüm həqiqətləri barədə düşünməyə sövq edir, ona məhəbbət, sevinc, kədər hisslərini yaşadır.

Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq və inkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

Azərbaycan muğamının müasir tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: “Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır. Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm”.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət rəssamlarımız, heykəltəraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də ilham mənbəyidir.

Bu gün dövlətimizin mədəniyyətimizə, o cümlədən muğam sənətinə, onu yaşadanlara böyük diqqət və qayğısı onları yeni-yeni yaradıcılıq axtarışına həvəsləndirir.

Ustad və novator sənətkar, hələ 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımovun muğamı özünəməxsus ifası və təqdimi bu sənətin geniş imkanları ilə dünya auditoriyasını heyran qoyur.

Xalqımızın şərəfli və kəşməkəşli tarixini səslərdə əbədiləşdirən muğamlarımız ən ağrılı-acılı günlərimizdə həm də təskinliyimizdir. Heyrətamiz hisslər, düşüncələr, müdriklik mənbəyi olan muğam bütün hallarda – qüssəli, sevincli, anlarımızda ovqatımıza təsir edir, azadlığa və müstəqilliyə qovuşduğumuz anların fərəhini yaşadır və bizləri qələbəyə səsləyir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
26.08.2019



      "Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar duyarımızın bütün bölgələrində xalq yaradıcılığı nümunələrinin, milli dəyərlərimizin aşkarlanması, təbliği və tətbiqinə yönəlmiş ənənəvi "Xalq yaradıcığı günləri" adlı tədbirlər keçirilir. Növbəti belə tədbir avqustun 23-də Ordubad rayonunun Dırnıs kəndində keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov və Ordubad rayonundakı Kotam kənd Mədəniyyət evinin metodisti Rəcəb Quliyev çıxış edərək muxtar respublikanın rayonlarında ənənəvi olaraq keçirilən "Xalq yaradıcılığı günləri"nin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, milli adət və ənənələrin öyrənilməsi, təbliği və onların milli dəyərlər sistemindəki rolunun tədqiqi hər zaman aktual olmuşdur. Çünki milli adət və ənənələr tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpır. Cəmiyyət inkişaf etdikcə adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir milli dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə və cəmiyyətdə təbliğinə böyük ehtiyac vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli müvafiq sərəncamı muxtar duyarımızda xalq yaradıcılığı nümunələrinin araşdırılması və yaşadılmasına yönəlmiş fəaliyyət istiqamətlərinin müəyyənləşməsində böyük əhəmiyyət kəsb etməkdədir.

Vurğulanmışdır ki, muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Belə tədbirlər unudulmaqda olan milli dəyərlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.

Qeyd olunmuşdur ki, xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikamızda xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülmüş, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilmişdir. Bütün bunların nəticəsidir ki, mədəniyyət evlərində yaradılmış dərnək, folklor, yallı və rəqs qrupları muxtar respublika, eləcə də ölkə əhəmiyyətli müsabiqələrdə uğurla çıxış edir, müxtəlif nominasiyalar üzrə qalib adını qazanırlar.

Bildirilmişdir ki, bu gün keçirilən xalq ya­radıcılığı günü mədəniyyətimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, həm də Ordubad rayonunun bu sahədə imkanlarının nümayiş etdirilməsinə şərait yaradır.

"Xalq yaradıcılığı günü" tədbirində Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Ordubad Rayon Uşaq Musiqi Məktəbinin muğam ansamblının, mədəniyyət evləri və klubların dərnək üzvlərinin, rəqs və yallı qruplarının, eləcə də folklor kollektivlərinin ifasında "Tənzərə" yallısı, "Nar ağacı, nar çiçəyi" xalq mahnısı, "Şur" təsnifi "Ruhani" aşıq havası, "Elçilik" və "Haxışta" mərasimləri və digər xalq yaradıcılığı nümunələri təqdim edilib. Kollektivlərin ifaları alqışlarla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.08.2019



      Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Naxçıvanın tarixi, coğrafiyası, arxeologiyası, mədəniyyəti, memarlığı, qədim sənətkarlığı, milli adət-ənənələri, musiqi alətləri, tarixi abidələri, görkəmli elm, mədəniyyət, ictimai-siyasi xadimləri haqqında sistemli şəkildə onlarla məqalələr yaradılıb və əsaslı şəkildə redaktə edilib.

MEK-dən bildirilib ki, məqalələrdə bu qədim diyarın tarixi, milli adət-ənənələri, mətbəxi, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilib. “Vikipediya”da Azərbaycan dilində yerləşdirilən məqalələrdə, həmçinin Naxçıvanla bağlı maraqlı faktlar əksini tapıb.

Bu istiqamətdə “Vikipediya”da ardıcıl olaraq məqalə yaradılması prosesi davam etdirilir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.08.2019



      Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, avqustun 22-də, Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında sağlamlıq imkanları məhdud uşaqlar arasında “Naxçıvan - Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Sosial könüllülərin də iştirak etdiyi müsabiqədə 12 sağlamlıq imkanları məhdud uşaq iştirak edib. İştirakçılardan Qeybalı Məmmədov birinci, Fəridə Babayeva ikinci, Hüseyn Abdullayev isə müsabiqənin üçüncüsü olub.

Sonda qaliblərə diplomlar, digər iştirakçılara həvəsləndirici mükafatlar təqdim edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının da birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.08.2019



      Ordubad rayonunun Gənzə kəndində yerləşən və XV yüzilliyə aid olan Gənzə hamamı Naxçıvanın ən qədim abidələrindən hesab olunur. Hamam Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində yerləşir. Şimal-şərqdən girişi olan hamamın uzunluğu 22,6, eni 9,4, hündürlüyü isə 5,6 metrdir. Ümumi sahəsi 213 kvadratmetr olan hamamın əsas və köməkçi otaqları iki günbəzlə örtülüb. Otaqlar bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşir. İsti su hovuzu əsas otağa bitişik inşa olunub. Keçmişdə hovuza su dağlardan çəkilmiş saxsı su boruları ilə gətirilib. Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq oradan hamama və hovuza verilirdi. İnsanlar isti suyu yuyunma otağına açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə xəzinənin yanında yerləşdirilən otaqdan götürərdilər. Otaqların altında isti hava verən kanallar keçir. Hamamın üç bacası var. Hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhəti onun divarlarının, günbəz və tağ-tavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın içərisi günbəz və tağ tavanının mərkəzində qoyulan baca vasitəsilə işıqlandırılır. Döşəmənin altından hovuzdakı suyu qızdırmaq üçün istifadə olunan borular keçir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.08.2019



      Bu gün muxtar respublikamızda professional teatrların formalaşmasında baza rolu oynayan xalq teatrlarının inkişafı üçün hərtərəfli şərait yaradılıb. Belə teatrlar həm istedadlı gənclərin üzə çıxarılması, həm də hazırladıqları müxtəlifməzmunlu tamaşalarla tamaşaçıların estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayırlar.

Bu il 10 yaşını qeyd edən və Naxçıvandakı belə teatrlar sırasında öz yeri olan Babək Rayon Xalq Teatrı ötən müddət ərzində hazırladığı səhnə əsərləri ilə tamaşaçı rəğbəti qazanıb. Biz də bu teatrın fəaliyyətini ətraflı öyrənmək üçün Babək Rayon Mədəniyyət Sarayına üz tutduq. Teatrın fəaliyyəti ilə bağlı bizi sarayın direktoru Faiq Heydərov məlumatlandırdı.

O bildirdi ki, 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesini səhnələşdirən Babək Rayon Mədəniyyət Sarayının dram dərnəyinin üzvləri bunun ardınca 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir hissəni tamaşaçılara təqdim ediblər. 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsərini peşəkarsəviyyədə hazırlayıb. Elə həmin il dram dərnəyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Xalq teatrı” statusu verilib. Kollektivin üzvləri rayonda fəaliyyət göstərən mədəniyyət evlərinin işçiləridir. Hazırda teatrın 8 daimi üzvü vardır.

Faiq Heydərov onu da qeyd etdi ki, xalq teatrı gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynayacaq tamaşalar hazırlamağa çalışır və müəyyən mənada buna nail olub. Belə ki, teatr 2015-ci ildə keçirilən xalq teatrlarının muxtar respublika festivalında birinci yerə layiq görülərək diplomla təltif olunub. 2017-ci ildə keçirilən festivalda Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşa ilə çıxış edən teatr “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

Teatrın aktyoru,Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli söhbətə qoşularaq bildirdi ki, Babək Rayon Xalq Teatrı öz repertuarına bu günə qədər 14 tamaşa daxil edib. “Ezop”, “Solğun çiçəklər”, “Ana”, “Bəxtsiz cavan”, “Beş manatlıq gəlin” və digər tamaşaları ilə Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Naxçıvan şəhərlərində də uğurla çıxış edib.

Vidadi Rəcəblinin sözlərinə görə, muxtar respublikamızın bölgələrində müstəqil teatrların yaradılması və onun inkişafına dəstək göstərilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. Bunun nəticəsidir ki, rayonlarda fəaliyyət göstərən xalq teatrları bu gün peşəkar kadr hazırlığında baza rolunu oynayır. Babək Rayon Xalq Teatrında fəaliyyət göstərən üzvlərdən bir neçəsi artıq peşəkar səviyyədə püxtələşərək bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında öz fəaliyyətlərini davam etdirirlər. Bu isə teatrımızın uğurudur.

Vidadi Rəcəbli qeyd etdi ki, onlar yazıçı Əfqan Əsgərovun “Qız atası” komediyasını uğurla səhnələşdiriblər. Rejissorluğunu etdiyi səhnə əsərinin quruluşçu rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Cabir Məmmədovdur. Rollarda Rasim Qasımov, Ələkbər İsmayılov, Elsevər Məmmədov, Nuray Mehdiyeva çıxış edirlər. Teatr kollektivi həmin tamaşa ilə bu il keçirilən xalq teatrlarının muxtar respublika festivalında uğurla çıxış edib.

Qeyd edək ki, iyulun 23-də Babək Rayon Xalq Teatrının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Teatr 10 illik fəaliyyəti dövründə hazırladığı tamaşalardan parçaları uğurla təqdim edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.08.2019



      Avqustun 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonundakı “Bahar” kinoteatrında “Şərqin qapısı Naxçıvan” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı İlkin Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlər keçirilmişdir, bu gün Şərur rayonunda keçirilən bu tədbir də görülən işlərin davamıdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi region tarix boyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, hələ qədim dövrdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırlar. Naxçıvan bu gün də Şərqin Qapısıdır. Ötən əsrin 20-ci illərində gedən proseslər qədim diyarımızın muxtariyyət statusu qazanaraq əbədi olaraq Azərbaycanın tərkibində qalması ilə nəticələnib. Bu, mənada ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.

Ulu öndərimiz çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Onun 95 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması, eyni zamanda, Heydər Əliyev siyasi xəttinə dönməz sədaqətin bariz nümunəsidir.

Vurğulanıb ki, Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın Muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 95 il ərzində buradakı sosial-iqtisadi inkişafdır. Ancaq bu da reallıqdır ki, Naxçıvanda son 24 ildə gedən inkişaf prosesləri , quruculuq-abadlıq işləri nəinki muxtariyyətin geridə qalan 71 ilində, hətta Naxçıvanın mövcudluğunun 5 minillik tarixində də nəzərə çarpmayıb. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada bu gün bütün dövlət proqramlarının, infrastruktur layihələrinin böyük uğurla həyata keçirilməsi sayəsində Naxçıvan artıq bir sıra mühüm göstəricilər üzrə yüksək nailiyyətlər əldə edib, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən il İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olan qədim diyarımız Azərbaycan Respublikası Prezidentinin Sədri olduğu “CASPİAN EUROPEN CLUB”un 2017-2018-ci illər üçün ölkənin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində ən yüksək ümumi bal toplayaraq birinci olub. Şübhəsiz bütün bunlar muxtariyyətin bəhrələri olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikaya göstərdiyi yüksək diqqət və qayğının, apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli çıxış edərək qeyd edib ki, xalqımıza məxsus milli dəyərlər bizim ən qiymətli xəzinəmizdir və bu xəzinəyə sahib çıxaraq gələcək nəslə ötürmək gənclərin əsas vəzifələrindən biridir.

Tədbirin sonunda Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı ilə bağlı sənədli filmi nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
15.08.2019



      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsində bu gün doğma diyarımızda alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılıb, müasir avadanlıqlarla təchiz olunan nəşriyyat və mətbəələr istifadəyə verilib. Həmçinin diyarımızın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün nəşr planı tərtib olunur.

Bildiyiniz kimi, Yaxın Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Mədəniyyət nazirlərinin VI konfransında 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Ötən il bununla bağlı bir çox tədbirlər həyata keçirilib, türk-islam mədəniyyəti abidələri bərpa edilib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi və suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb. Eyni zamanda albom-kataloqlar, jurnallar, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub.

Belə nəşrlərdən biri də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı (7-8 sentyabr 2018-ci ildə keçirilmiş beynəlxalq konfransın materialları)” kitabıdır. AMEA-nın həqiqi və müxbir üzvləri tərəfindən hazırlanmış kitabın ilk səhifələrində “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı Tədbirlər Planı öz əksini tapıb.

Yeni nəşrdə diqqətçəkən nüanslardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclasındakı çıxışı zamanı söylədiyi dəyərli fikirlərdir: “... İSESKO-nun qərarı ilə 2007-ci ilin no­yabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 minillik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır”.

Konfrans materiallarında öz əksini tapan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan: İslamın ən güclü dayaqlarından biri” adlı məqaləsi maraqlı faktları ilə diqqəti cəlb edir. O yazır ki, Naxçıvan şəhəri qədim və zəngin tarixə malikdir. Həmin zənginliyi yaradan buranın qədim sakinləri və Naxçıvanın Böyük İpək Yolu üzərində yerləşməsidir. Şəhərin Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərmişdir. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görmüş, öz yol qeydlərində bu haqda bəhs etmişlər. Ona görə də orta əsr mənbələrində Naxçıvan ərazisi, xüsusilə Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatlar vermişlər.

Kitabda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının “Bölgədə İslam dininin və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu”, İstanbul Universitetinin professoru Oqtay Bəllinin “Naxçıvan ərazisində yerləşən türk-islam abidələrinin Türk dünyası üçün əhəmiyyəti”, həmçinin “Naxçıvan torpaqlarında bərpa edilən türk-islam abidələri”, Ərzurum Atatürk Universitetinin professoru Hüseyn Yurttaşın “İslam motivli qoşa minarəli baştağların quruluşunda Naxçıvanın əhəmiyyəti” və digər dəyərli elmi məqalələr diqqəti cəlb edir.

İnanırıq ki, yeni nəşr qədim diyarımız, burada minillərboyu mövcud olmuş və indi də qorunaraq təbliğ edilən islami dəyərlərin, Naxçıvanın çoxəsrlik qədim və zəngin tarixi ilə İslam mədəniyyətinin formalaşmasında və inkişafındakı özünəməxsus rolunun əsaslandırılmış elmi şəkildə təqdimatı baxımından geniş oxucu kütləsi üçün qiymətli mənbə olacaq. Yeni nəşr “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” beynəlxalq konfransının bu silsilədən olan çoxsaylı əhəmiyyətli tədbirlərdən biri kimi mühüm elmi dəyəri kəsb etdiyini də ortaya qoyur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
15.08.2019



      Bayram günlərində muzeylərə gələnlərin sayında artım müşahidə olunub. “Xan Sarayı”-Dövlət Tarix-Memarlıq Muzeyi də bayram günlərində fəaliyyət göstərən mədəniyyət ocaqlarından biridir.

Muzeyə gələnlərin arasında tələbələr və məktəblilər, daha çox üstünlük təşkil edir. Əcnəbilərdən isə Rusiya, İran və Türkiyə vətəndaşları daha çoxdur. Qonaqlar bu diyarın qədim tarixi və müasir memarlıq nümunələri ilə yaxından tanış olur, çəkdikləri fotoşəkilləri sosial şəbəkə hesablarında paylaşaraq muxtar respublikanın turizm potensialının təbliği və tanıdılmasında fəallıq göstərirlər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.08.2019



      Muxtar Respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları olub.

Biznes Mərkəzində, Hüseyn Cavidin Ev Muzeyi, Xatirə Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” , Cəlil Məmmədquluzadənin Ev Muzeyini ziyarət edən kollektivlərə muzeylər haqqında ətraflı məlumat verilib.

Həmin gün Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra idarə, müəssisələrin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini, Rəsm Qalareyasını, Dövlət Bayrağı Muzeyini və “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksini də ziyarət ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.08.2019



      Yay tətilində uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə muzeylərə və tarixi abidələrə ekskursiyalar davam etdir. Bununla uşaqlar yay tətilində asudə vaxtlarını səmərəli keçirməklə bərabər həm də xalqımızın qədim tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olurlar. Bu sıradan olan növbəti ekskursiya Qazançı körpüsünə təşkil edilib. Burada uşaqlara körpünün tarixi haqqında məlumat verilib. Qeyd edək ki, Qazançı körpüsü XVII əsrə aid tarix-memarlıq abidəsidir və 2018-ci ildə bərpa edilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.08.2019



      Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Nuh yurdu” qəzeti redaksiyası və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları “Muzey günləri” çərçivəsində bu dəfə Hüseyn Cavidin şəhərimizdəki ev-muzeyində olublar.

Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksinin bələdçisə Fərqanə Babayeva qonaqlara ekspozisiya haqqında ətraflı məlumat verib.

Sonra qonaqlar muzeyin otaqları ilə tanış olublar. “Matəm otağı” adlanan otaq qonaqların daha çox marağına səbəb olub. Burada Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirilən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur. Bildirilib ki, otağın çıxışında sərgilənən və 1936-cı ildə çəkilmiş ailəvi fotoşəkil Cavidlər ailəsinin axırıncı xatirə şəklidir.

Qonaqlar “Xatirə otağı” ilə də tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.08.2019



      Avqustun 9-da “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində general-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 124-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Nazirliyin tabeliyində olan mədəni-maarif müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova açıb.

Daha sonra “Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid xan Naxçıvanski” mövzusu ilə çıxış edən Cəmşid Naxçıvanskinin Ev Muzeyinin direktoru Abasət Nuriyev qeyd edib ki, yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, elə sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin azadlığına, müstəqilliyinə mühüm töhfələr veriblər. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də milli hərb tariximizə 6 general bəxş etmiş Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid xan Naxçıvanskidir. Cəmşid Naxçıvanskinin həyatından geniş formada bəhs edən Abasət Nuriyev vurğulayıb ki, 1981-ci ilin avqustunda ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanskinin 85 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə generalın Vətənində-Naxçıvan şəhərində onun ev muzeyinin yaradılması haqqında qərar qəbul edir. Ümummilli liderin siyasi məktəbinin davamçıları bu gün onun yolunu uğurla davam etdirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 09 aprel 2015-ci il tarixli Sərancamı Naxçıvanskilərə olan dövlət qayğısının bariz nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində Cəmşid Naxçıvanskinin Ev Muzeyi kimi fəaliyyət göstərən ata evində son əsaslı təmir və bərpa işləri aparılır.

Tədbirin davamında Cəmşid Naxçıvanskinin Ev Muzeyinin baş fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın “Azərbaycanın ilk Milli Diviziyası-Xəzər dənizindən Baltik dənizinədək şərəfli döyüş yolu” və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın “Azərbaycan hərb tarixində Naxçıvanskilərin rolu” mövzularında çıxışları dinlənilib.

Sonra muzeyin ekspozisiyasına baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.08.2019



      Ordubad Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Ordubad şəhərində açıq səma altında kitab sərgisi keçirilib.

Sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”ndakı nümunələr, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bu il yubileyləri keçirilən yazıçı və şairlərin əsərləri, ordubadlı qələm sahiblərinin kitabları nümayiş etdirilib. Rayon sakinləri sərgiyə böyük maraq göstəriblər.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.08.2019



      Ağbulaq istirahət mərkəzində "Yay məktəbi" davam edir. Mərkəzin budəfəki qonaqları Naxçıvan Dövlət Musiqi Kollecinin tələbələri olub.

Tələbələr Ağbulaq İstirahət Mərkəzini gəzərək yaradılan şəraitlə tanış olublar. Günün ikinci yarısında isə gənclər arasında stolüstü idman oyunları keçirilib. İstirahət “Xəmsə” intellektual oyunu ilə davam edib. Axşam isə aprel döyüşlərində şəhid olan hərbiçilərin həyatından bəhs edən filmə baxıblar.

“Yay məktəbi”nin ikinci günü gənclər Ağbulaq kəndini gəzib, ərazidəki şəfa bulağına ekskursiya ediblər.

Hərtərəfli şəraitdən səmərəli yararlanan tələbələr istirahətlərini daha mənalı keçirmək üçün asudə vaxtlarda futbol oynayıb, müxətlif yarışlarda iştirak ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.08.2019



      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən iyul ayında əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin təşkili diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95, İmadəddin Nəsiminin 650, Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileyləri, eləcə də Babək Rayon Xalq Teatrının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbirlər keçirilmişdir.

Muzey işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tədbirlər davam etdirilmiş, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Gənc nəslin maariflənməsində muzeylərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Muzey fondlarının daha da zənginləşdirilməsi işinə töhfə olaraq ötən ay muzeylərə 354 yeni eksponat daxil olmuşdur. Muzeyləri 51 min 752 tamaşaçı ziyarət etmişdir ki, onlardan 18 min 392 nəfəri əcnəbi vətəndaşlardır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tabe müəssisələrdə çalışan gənclərdən ibarət komandalar arasında “Yaşa və öyrən” intellektual bilik yarışının final turu keçirilmiş, qaliblər diplom və hədiyyələrlə təltif edilmişlər.

Ötən ay kitabxanaların da fəaliyyəti diqqətdə saxlanılmış, muxtar respublika kitabxanalarında tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlər, uşaq bağçalarında nağıl günləri keçirilmiş, oxunması zəruri olan kitabların müzakirəsi təşkil olunmuşdur. Kitabxanalarda yeni oxucu sayı 283, oxucu gəlişi 8 min 217 nəfər, kitab verilişi 49 min 247 nüsxə olmuşdur. Elektron kataloqa 729 adda kitab işlənmiş və ümumilikdə, elektron kataloqda kitabların sayı 12 min 658-ə çatdırılmışdır. Elektron kitabxanadan 115 oxucu istifadə etmişdir.

Culfa və Şərur rayonlarında “Xalq yaradıcılığı günü” keçirilmiş, muxtar respublikanın mədəniyyət evləri və klub müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlərin, baxış-müsabiqələrin təşkili davam etdirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.08.2019



      Avqustun 8-də Hüseyn Cavidin Ev Muzeyində “Ərtoğrol Cavid irsinin qorunmasında və təbliğ olunmasında Hüseyn Cavidin Ev Muzeyinin rolu ” adlı seminar-treninq keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva seminarın məqsəd və əhəmiyyətindən danışmışdır.

Qeyd olunmuşdur ki, Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır. O, 1936–1940-cı illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra musiqiyə olan sonsuz məhəbbəti onu 1941-il Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olmağa yönləndirmişdir.

Ərtoğrol Cavid avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmiş, 200-dən çox el havasını nota köçürmüş, dastan və nağılların mətnlərini yazıya almışdır. Qələmini dramaturgiya və poeziya sahəsində də sınamış Ərtoğrol bəy uğurlu əsərlər yaratmışdır.

1942-ci ildə “xalq düşməni”nin oğlu olaraq damğalanan Ərtoğrol Cavid Gürcüstandakı fəhlə batalyonunda ağır, dözülməz işlərə cəlb olunmuş və 1943-cü il noyabrın 14-də, doğma diyarı Naxçıvanda dünyasını dəyişmişdir.

Vurğulanmışdır ki, Ərtoğrol Cavid irsinin öyrənilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılmış, onun məzarı ailəsi ilə birlikdə Hüseyn Cavid Məqbərəsinə köçürülmüş, Ərtoğrol Cavid irsi geniş formada tədqiq olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamı göstərilən dövlət qayğısının bariz təzahürüdür. Bildirilib ki, həmin Sərəncamın icrası ilə bağlı Nazirliyin “Tədbirlər Planı” təsdiq olunmuş və bu plan əsasında bir sıra tədbirlər həyata keçirilmişdir.

Seminar-treninqin davamında Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov “Ərtoğrol Cavid irsinin qorunmasında və təbliğ olunmasında Hüseyn Cavidin Ev Muzeyinin rolu” mövzusunda çıxış edərək qeyd etmişdir ki, Naxçıvan şəhərlərində yaradılmış Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyalarında Ərtoğrol Cavidə həsr edilmiş guşələr yaradılmışdır. Bu guşələrdə ona məxsus olan əşyalar, sənədlər, əlyazmalar, fotoşəkillər, musiqi əsərlərinin not yazıları nümayiş olunur. Hüseyn Cavidin Ev Muzeyi yarandığı gündən bugünədək şair-dramaturqa və onun ailə üzvlərinə aid muzey fondunda 9500-ə yaxın eksponat toplanaraq mühafizə olunur ki, bunlardan 227-si ədibin dünyadan vaxtsız köçmüş istedadlı oğlu Ərtoğrol Cavidlə bağlıdır.

Sonra mövzu ilə bağlı müzakirə aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.08.2019



      Diyarımızın qədim tarixinin, zəngin mədəniyyətinin sübutlarının qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasından 95 il ötür. 1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olub. Bu gün 49 mindən çox eksponatın mühafizə olunduğu muzey həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların ən çox ziyarət etdiyi mədəniyyət ocaqlarındandır.

Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoyub. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olub. Bu mədəniyyət ocağı sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilib və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilib. Muzey 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir. On şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı müxtəlif dövrlərə aid eksponatların qorunub saxlanıldığı mədəniyyət ocağının yardılmasının 95 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Mədəniyyət ocağının yubileyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı” da təsdiq edilib.

Qeyd edək ki, cari ilin 7 ayı ərzində Naxçıvan Dövlət Tarix Muzeyini 22 mindən çox qonaq ziyarət edib ki, bunların da 5 mindən çoxunu əcnəbi turist təşkil edib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.08.2019



      Avqustun 7-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Kəngərli Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə Kəngərli Rayonundakı Şahtaxtı Kənd Mədəniyyət Evində "Xalqımızın ən qədim ənənəvi rəqsləri" mövzusunda seminar-müşavirə keçirilmişdir.

Kəngərli rayonunda fəaliyyət göstərən klub müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Kəngərli Rayon Mədəniyyət Sarayının direktoru Tofiq Rüstəmov seminar-müşavirənin əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda 40-dan çox yallı oynanılır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Höynəri”, “Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Söylə”, “Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Hərilli”, “Xəlili”, “Əfsəri”, “Bəndi”, “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”, “Kərimbəy”, “Nuraşan”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu özündə yaşadır. Kəngərli rayonunda da özünəməxsus yallı növləri mövcuddur ki, bu yallıların əksəriyyəti rayonda fəaliyyət göstərən klub müəssisələrinin yallı dərnək və kollektivlərində üzvlərə öyrədilməkdədir. Kəngərli rayonunda yaradılmış yallı kollektiv və qrupları muxtar respublikada keçirilən müsabiqə və festivallarda iştirak etməklə yallı ifaçılığı sənətinin yaşadılmasına töhfələr verməyə çalışırlar.

Tədbirdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov "Yallı mədəniyyətimizin əbədilik simvoludur" mövzusunda çıxış edərək milli dəyərlərimizin, adət-ənənələrimizin yaşadılmasında yallı rəqs sənətinin təbliğinin vacib olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Şərur yallıları haqqında" 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar diyarımızda yallı sənətinin tədqiqi, təbliği və qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə rəvac vermişdir. Bu sərəncamla müvafiq Tədbirlər Planı təsdiq edilmiş, mədəniyyət müəssisələri qarşısında konkret vəzifələr qoyulmuşdur. Yerlərdə fəaliyyət göstərən klub müəssisələri də bu sərəncamdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməli, yallılarımızın təbliği və yaşadılması işinə töhfələr verməyə çalışmalıdırlar.

"Yallılarımızın simvolikası haqqında" danışan Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev qeyd etmişdir ki, Azərbaycan xalqının qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreo­qrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii­-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir. Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülmüş, yallılar nota köçürülmüş, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunmuşdur. Vurğulanmışdır ki, qədim Naxçıvan diyarı üçün spesifik hesab olunan yallı növləri regionun adət-ənənələrini, ümumən, bu ərazidə yaşayan insanların həyat tərzini özündə ehtiva edən sənət inciləridir. Bu baxımdan yallılarımızı Naxçıvanın xüsusilə Şərur və Kəngərli bölgələrinin simvolikası da adlandıra bilərik.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Şərəf Quliyeva "Yallı-baxış müsabiqələrinin keçirilməsi haqqında" mövzusunda çıxış edərək yallı kollektivlərinin fəaliyyətinin artırılması və kollektivlərin repertuarlarının zənginləşdirilməsində baxış-müsabiqələrin əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, Kəngərli rayonu ərazisində vaxtilə yaşadılmış, bu gün isə unudulmuş sujetli və oyunlu mərasim rəqslərinin, eləcə də yallı növlərinin aşkar edilərək yallı kollektivlərinin repertuarına salınması yallı sənətinin təbliğinə və yaşadılmasına əsaslı töhfə ola bilər. Baxış-müsabiqələrin keçirilməsi zamanı münsiflər heyətinin ifaları qiymətləndirmə meyarından da bəhs edən Şərəf Quliyeva əlavə etmişdir ki, geyim və səhnə mədəniyyətinin, eləcə də ifaçılıq qabiliyyətinin diqqətdə saxlanılması baxış-müsabiqələrin uğurlu keçirilməsinə təsir edə biləcək amillərdəndir.

Sonra seminar-müşavirə iştirakçılarının sualları cavablandırılmış, mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.08.2019



      Azərbaycana ilk dəfə gələn Duri Roner və Lie Roner gözəl Vətənimizin bir çox rayon və kəndlərini gəziblər. Onlar iki gündür ki, yollarını Azərbaycanın ən qədim diyarı olan Naxçıvana salıblar. “Qafqaz Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə yurdumuza gələn qonaqların üzlərindəki ifadədən burada olmaqlarından məmnunluq duyduqları görünürdü. Bu da bizə qürur hissi yaşadır. Dünyada gözəlliklər və brendlər ölkəsi kimi tanınan İsveçrə vətəndaşlarının qədim yurdumuzu, Qafqazın bu kiçik məmləkətini öz yaşadıqları yerə bənzətmələri isə daha da qürurvericidir. Duri Roner özəl şirkət sahibidir və o, həyat yoldaşı ilə bərabər bir çox ölkələrdə olub. Onunla söhbətimizin maraqlı məqamlarını oxucularımıza təqdim edirik.

– Bəzən xəritədə dünya dövlətlərinə baxır, onlar haqqında məlumatlar toplayır, sonra həmin ölkələrə səfər edirəm. Burada olduğum üçün çox məmnunam. Dünya tufanında Naxçıvan dağlarının Nuhun gəmisini tutub saxladığı haqqında əfsanəni, Əlincə qalasında dünyanı fəth edən bir sərkərdənin saysız-hesabsız ordusuna 14 il döyüşüb təslim olmayan bir xalq haqqında tarixi həqiqətləri dinlədikcə insan özünü sehirli bir dünyaya səyahətdə kimi hiss edir. Ecazkar təbiəti, əzəmətli dağları, yamyaşıl zəmiləri, bağçalı-bağlı həyətləri, bumbuz çeşmələri, möhtəşəm abidələri olan Naxçıvan kəşf edilməmiş cənnətdir, – deyərdim.

0 Səhərlər əzəmətli Haçadağın başı üzərindən nur saçan, axşamlar zirvəsi qarlı dağların ətəyində qürub edən Günəşi seyr etdikcə insanın qəlbində bu diyara qarşı sönməz bir sevgi oyanır. Təmizlik, sabitlik isə dünyanın bir çox dövlətlərinə nümunə ola bilər. Elə ilk baxışda hiss olunur ki, insanlarınızın qəlbində Vətən, təbiət, torpaq, yurd sevgisi var. Muxtar respublikanızın rayonlarından Ordubadı, Culfanı da gəzmək imkanımız oldu. Əlincə qalası – bu abidə bir xalqın qəhrəmanlığını, vətən sevərliyini əks etdirən bir yerdir. Tarixboyu hər bir xalq öz keçmişi ilə öyünüb və gələcək nəsillərə örnək olub. Dünyada elə xalqlar var ki, onların belə tarixi keçmişi yoxdur. Amma siz azərbaycanlıların necə qəhrəman bir xalq olması tarixi həqiqətdir. Buna şahidlik edən Əlincə kimi bir qəhrəmanlıq dastanı yazılan tarixi qalanı bu cür qoruyub bərpa etməniz də həmin ənənənin davamçıları olduğunuza əyani sübutdur. Əlincə qalası özündə bir tarix yaşadır, elə bir tarix ki, siz naxçıvanlılar yüz illər sonra da bu adı çəkəndə qürur hissi keçirəcəksiniz. Bu, hər bir xalqa mənsub olmayan xoşbəxtlikdir.

Culfada olarkən Darıdağı da görmək imkanımız oldu. Dünyanın bir çox yerində – Polşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk kimi müalicə yerləri var. Lakin bu suyun tərkibindəki mineral duzların miqdarını öyrənəndə gördüm ki, Darıdağ suyu onlardan daha üstündür. İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun fəaliyyətinin bərpasına səbəb olmasın.

Ordubad qədim, gözəl, zəngin şəhərdir. Elə də böyük deyil, amma o qədər xoş təsir bağışlayır ki, insan günlərlə bu şəhərdə qalmaq istəyir. Tarixilik, qonaqpərvərlik, zəngin mətbəx, nə desən, var burada. Qədim məhəllələri gəzib, Qeysəriyyə ilə tanış olduq. Muzey bələdçisi bizə məlumatı ingilis dilində verdi. Bu hala az-az rast gəlirik. Bəzən muzeylər nə qədər zəngin olsa da, bələdçilərin dil bilməmələri bu zənginliyi sönükləşdirir.

Duzdağ Fizioterapiya Mərkəzinə ilk ayaq basdığım andan ciyərlərimdə açılma, nəfəsimdə rahatlıq hiss etdim. Bu, məni inanılmaz dərəcədə çox sevindirdi. Burada ağır xəstəlikdən əziyyət çəkən bir çox insan şəfa tapır. Tanrı sizin torpağınıza lütf edib.

Lie Roner söhbətimizə qoşulur:

– Naxçıvan şəhərinin bir çox görməli yerlərini də gəzmək fürsətimiz oldu. Qədim torpağın hansı səmtinə yolumuz düşdüsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşdıq. Ulu Tanrı səxavətini bu torpaqdan əsirgəməyib, buranı cənnətməkana çevirib. Naxçıvanın təbiəti insanı xəyallar aləminə qərq edir, füsunkar gözəlliklərə heyran qalmaya bilmirsən. Xalqın keçmişinə işıq salan tarixi abidələr, mənəvi irsinizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri, milli memarlıq elementlərinin bərq vurduğu müasir binalar, səliqə-sahmanı ilə gözoxşayan abad, geniş küçələr məni valeh etdi. İnanmazdım ki, uzun illər blokadada olan kiçik bir diyar bu qədər inkişaf etmiş olsun. Buraya yola düşəndə çox adam getməyin, oranın iqlimi çox sərtdir. Yay fəslində isti olur, temperatur 40 dərəcəni keçir, – dedilər. Amma gəlib insanlarınızla tanış olanda yəqin etdim ki, Günəşin yox, naxçıvanlıların ürəyinin hərarətidir havanı belə isidən. Bu cür səmimi insanlara çox yerdə rast gəlmək mümkün deyil. Sizə adi bir misal çəkim. Dünyanın bir çox dövlətlərinə səyahət etmişəm, amma heç bir yerdə bu cür qonaqpərvərlik görməmişəm. Həmin ölkələrdə turistlər xoş, səmimi qarşılanır, sözsüz ki, bu, maddi qarşılıq üçün edilir. Burada isə yediyimiz yeməyin pulunu ödəmək istəyəndə qonağımız olun, – deyirlər. Fərqiniz bax, budur. Sizdə turistlərə qazanc mənbəyi kimi yox, evin əziz qonağı kimi baxırlar. Bu da öz yaşadığı yeri ürəkdən sevən insanlara xas olan xüsusiyyətdir. Bu arada, mətbəxiniz çox zəngindir. Səhər yeməyi, nahar, şam yeməyi – hər üçü də ləzizdir. Pendirinizin dadına söz ola bilməz. Bakıda olanda Naxçıvanda mütləq pendirin dadına baxın, – demişdilər. Dadı damağımda qaldı pendirinizin. Kabablarınız da çox ləzzətlidir. Restoran sahibi deyir ki, Naxçıvan torpağının tərkibində minerallar çox olduğu üçün buranın heyvanlarının əti də, südü, qaymağı, pendiri də dadlı olur. Xidmət də mükəmməldir. Çox məmnun oldum. Burada olmaq, belə gözəl, səmimi insanların məmləkətini görmək mənim üçün çox xoş oldu. Naxçıvana yenə səfər etməyi düşünürəm. Çünki insanın ruhunu dincəldir.

Yaşadığı torpağın hər qarışına, elinə-obasına tərif deyilməsi, yurdunun bu qədər inkişaf etməsi, gözəlliklər məkanına çevrilməsi hər bir naxçıvanlı üçün ən böyük xoşbəxtlikdir. Bu gün biz bu xoşbəxtliyi yaşayanlardanıq. Bu gözəl sözləri dünyanın tanınmış ölkəsinin vətəndaşlarının dilindən eşitmək isə daha da gözəldir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.08.2019



      Beş min illik tarixə malik qədim mədəniyyət mərkəzi Naxçıvanın milli-mədəni və tarixi irsinin daşıyıcısı olan Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 ili tamam olur.

1924-cü il oktyabrın 30-da Naxçıvan şəhərində qurulan ilk Tarix-Etnoqrafiya Muzeyinin maddi-mədəniyyət nümunələrinin qorunması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur. Tarix-Etnoqrafiya Muzeyinin təşəkkülündə 1925-ci ildə Naxçıvanda yaradılan Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin və ziyalıların xüsusi əməyi olmuşdur. Bu cəmiyyətin arxeoloqlarla birgə muxtar respublika ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində əldə etdiyi maddi-mədəniyyət nümunələri muzeyin ekspozisiyasını zənginləşdirmişdir. Bu mədəniyyət ocağı sonrakı illərdə Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmiş və muzeyə Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin adı verilmişdir. Muzey 1968-ci ildən Dövlət Tarix Muzeyi kimi fəaliyyət göstərir.

Bu gün Naxçıvan Dövlət Tarix Muzeyində on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır.

Naxçıvan Dövlət Tarix Muzeyinin xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi geniş qeyd edilsin.

2. “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.


Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 2 avqust 2019-cu il



      Hər il avqustun 2-si ölkəmizdə milli kinonun yaranma günü kimi qeyd edilir. Bu münasibətlə avqustun 2-də Naxçıvan Dövlət Film Fondunda tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan bədii filmlərinin afişalarından ibarət sərgiyə baxış olmuşdur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirmişdir ki, bir əsrdən çox çətin, mürəkkəb və şərəfli bir yol keçən Azərbaycan kinosu xalqımızın tarixini, milli-mənəvi dəyərlərini, insan və onun cəmiyyətdəki mövqeyini ekrana gətirməklə bərabər, həm də gələcək nəsillər üçün yaşatmışdır. Kino xalqımızın maariflənməsində, estetik zövqün formalaşmasında və milli özünüdərk hissinin gücləndirilməsində müstəsna rol oynamış incəsənət növüdür.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin milli kino sənətimizə həmişə yüksək qiymət verdiyini deyən nazir Ulu Öndərin “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir” fikrini xatırladaraq əlavə etmişdir ki, dahi rəhbər milli kinonun inkişafına daim qayğı ilə yanaşmış, ssenarist, rejissor, operator, rəssam kadrların yetişməsinə və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərlərinin yaradılmasına diqqət yetirmişdir. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanunun qəbul edilməsi və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazasının yaradılması Azərbaycanda kino sənətinin inkişafına möhkəm zəmin yaratmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, kino tariximizi əks etdirən filmlərin qorunması təmin edilmişdir.

Vurğulanmışdır ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı bu istiqamətdə aparılan işlərin məntiqi davamıdır.

“1970-1980-ci illərin birinci yarısından etibarən Azərbaycan kinosunda intibah dövrü başlanmışdır. Kinematoqrafçıların yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynamışdır”, - deyən nazir qeyd etmişdir ki, bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılmış, ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. Məzmun və janr baxımından sənətə yenilik gətirən bu filmlər kinonu xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan kinosunda müxtəlif peşə və sənət sahiblərinin həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir.

Naxçıvan Dövlət Film fondunun fəaliyyətindən də bəhs edən Natəvan Qədimova bildirmişdir ki, muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi, film fondunun fəaliyyətinin daha da gücləndirilməsinə dövlət qayğısının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 20 may tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Film Fonduna 15 min manat məbləğində vəsaitin ayrılması muxtar respublikada bu sahənin daim diqqət mərkəzində saxlanıldığının bariz göstəricisidir. Bu gün Naxçıvan Dövlət Film Fondunda 5000-ə yaxın film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii və sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur.

Sonra 1923-cü ildə ekranlaşdırılmış tammetrajlı “Qız qalası əfsanəsi” səssiz bədii filmi nümayiş olunmuşdur. Film Bakıda - Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi Qız qalası ilə bağlı Azərbaycan xalq əfsanəsinin motivləri əsasında çəkilmişdir. Filmin səssiz olmasına baxmayaraq, hadisələrin gedişi aydın və anlaşıqlıdır. Film 2011-ci ildə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
02.08.2019



      Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

NUHÇIXAN xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 121-ci ildönümünü qeyd edir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 121-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.

Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.

Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 121 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir çərçivəsində bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən kino xadimlərinin mükafatlandırılması nəzərdə tutulub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
02.08.2019



      Avqustun 1-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev açıb.

Bildirilib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin imzaladığı 2001-ci il 9 avqust tarixli Fərman ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,Azərbaycan Milli ElmlərAkademiyasının müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsi və müstəqillik dövründə ədəbi dilimizin inkişafı məsələləri” mövzusunda çıxışında bildirib ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ulu öndər Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdən etibarənAzərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanıldı, dilçi- alimlərin fəaliyyəti üçün geniş imkanlar açıldı, elmi-tədqiqat materialları və kitablar nəşr olundu.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Milli varlığımız – ana dilimiz” mövzusundakı çıxışında ədəbi dilimizin zənginliyindən, poetik ifadəliyindən və insanlar arasında mükəmməl nitq vasitəsi olmasından bəhs edib.

“Dil mənəvi dəyərləri yaşadan amildir” mövzusunda çıxış edən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova vurğulayıb ki, dil millətin varlığını təsdiq edən mənəvisərvətdir. Dövlət müstəqilliyimizin atributlarından biri hesab edilən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Sonra kitab sərgisinə baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
01.08.2019



      24-26 iyul tarixlərində İspaniya vətəndaşı, arxeoloq Rodriguez Oscar Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Ölkəsinə qayıtdıqdan sonra o, “Tripadvisor” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası barədə aşağıdakı məlumatı paylaşmışdır.

Naxçıvan Qafqazın gözəl, gizli bir guşəsidir. Bura səfər etsəniz, türk və islam mədəniyyətlərini özündə birləşdirən abidələr, zəngin mətbəx, qonaqpərvər insanlar və əsrarəngiz təbiət mənzərələri ilə rastlaşa bilərsiniz. Kaşı və kərpiclə bəzədilmiş türk-islam mədəniyyəti abidələri ilə tanışlığımız inanılmaz dərəcədə gözəl keçdi. Bir arxeoloq və tarixçi olaraq deyə bilərəm ki, I-IV əsrə aid olan məşhur Əlincəqalaya səfərim çox yaddaqalan oldu. Ərazidəki dağların, təpələrin, qaya birləşmələrinin və Araz çayının yaşıl vadisinin inanılmaz mənzərəsi insanı valeh edir. Azərbaycana səfər edərkən iki və ya üç gün Naxçıvanda qalmağınızı tövsiyə edirəm. Xatırladım ki, Bakı ilə yanaşı, İstanbul və Moskvadan da Naxçıvana səfər etmək mümkündür.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
01.08.2019



      İyulun 30-da Culfa rayonunun Milax Kənd Mədəniyyət Evində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov bu əlamətdar günün mahiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycanda dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir.

Sonra Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun, Milax kənd tam orta məktəbin tarix müəllimi Bəhman Əliyevin, Milax Kənd Mədəniyyət Evinin direktoru Elman Hacıyevin müvafiq olaraq, "Ana dili ən ali milli sərvətimizdir", "Anaq dilim", "Ana dilimizin inkişaf yolu" mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir.

Qeyd olunub ki, dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Azərbaycan xalqının müxtəlif dövrlərdə öz müstəqilliyi uğrunda apardığı mübarizə dil siyasətində də öz əksini tapmışdır. Məlumdur ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulandan sonra dil məsələsi gündəmə gəlmiş və hökumətin imzaladığı ilk sənədlə Azərbaycan dili dövlət dili elan olunmuşdur.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdən etibarən Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur.

Dahi rəhbərin siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ana dilimizə dərin ehtiramın ifadəsidir.

Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaqla yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırır.

Sonda Milax Kənd Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri ana dilimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
31.07.2019



      Xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində qiymətli sərvətlər qalereyası hesab olunan muzeylərin müstəsna əhəmiyyəti vardır. Muxtar respublikanın nazirlik, komitə və baş idarələrinin kollektivlərinin “Muzey günləri” çərçivəsində cari ildə həmin mədəniyyət müəssisələrimizi ziyarətləri də milli-mədəni irsimizin öyrənilməsi və təbliğinə xidmət edir.

İyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun kollektivləri Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyində olublar.

Muzeyin baş fond mühafizi Leyla Məmmədova bildirib ki, bu mədəniyyət müəssisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılıb, 2000-ci ilədək Şəhidlər Muzeyi, həmin ilin 8 avqust tarixindən Xatirə Muzeyi kimi fəaliyyət göstərir. Ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzey 2014-cü ildən Şəhidlər xiyabanı yaxınlığında yerləşən yeni binada fəaliyyət göstərir.

Qeyd edilib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri buradakı eksponatlarda öz əksini tapıb. Muzeydə, ümumilikdə, 2 minədək eksponat var ki, bunlardan 400-ə yaxını ekspozisiya zalında nümayiş olunur. Bu eksponatlar içərisində Azərbaycanın Milli qəhrəmanlarının, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların fotoşəkilləri və şəxsi əşyaları, həmçinin qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar da nümayiş etdirilir.

Vurğulanıb ki, Azərbaycanda baş verən soyqırımlara ilk siyasi-hüquqi qiyməti ümummilli lider Heydər Əliyev verib. Bir-birinin davamı olan 1918-ci il 31 mart, 1990-cı il 20 Yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamların surətləri qiymətli sənədlər kimi muzeydə saxlanılır. Bu sənədlər görkəmli dövlət xadiminin xalqımızın şərəfli tarixinə böyük ehtiramının ifadəsi kimi diqqəti çəkir.

Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Qarabağlar Türbə Kompleksində, Ali Məhkəmənin kollektivi isə Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları “Əlincə­qala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Ədliyyə Nazirliyinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Ədəbiyyat Muzeyini, Dövlət Gömrük Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Dövlət Bayrağı Muzeyini, Maliyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini, Vergilər Nazirliyində fəaliyyət göstərənlər Bəhruz Kəngərli Muzeyini, İqtisadiyyat Nazirliyinin əməkdaşları Nəbatat bağını, Nəqliyyat Nazirliyinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyini, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Naxçıvan Duz Muzeyini, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Baytarlıq Xidmətinin kollektivləri isə Naxçıvan Biznes Mərkəzini ziyarət ediblər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.07.2019



      Bakı şəhərində nəşr olunan “Musiqi dünyası” jurnalının növbəti sayında görkəmli bəstəkar, şair, dramaturq və rəssam Ərtoğrol Cavidlə bağlı “Hüseyn Cavid ömrünün yarımçıq əsərlərindən biri- Ərtoğrol Cavid-100” adlı məqalə yer alıb.

Müəllifləri xalq artisti Tofiq Bakıxanov və professor Nazim Paşa Quliyev olan məqalədə görkəmli bəstəkarın həyat və yaradıcılığına nəzər salınıb, şeirlərindən parçalar yer alıb. Qeyd olunub ki, nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”, “Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrol Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.

Nüfuzlu “Musiqi dünyası” jurnalının bu sayı 30 min nüsxə olmaqla çap olunub, virtual oxucularının sayı isə 240 min olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 18 aprel 2019-cu il tarixində “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam çərçivəsində muxtar respublikada silsilə tədbirlər keçirilir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.07.2019



      İyulun 25-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin strukturuna daxil olan mədəni-maarif müəssisələrinin gənc əməkdaşları üçün Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiya təşkil olunub.

Ekskursiya başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı İlkin Cabbarov çıxış edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən belə ekskursiyaların əsas məqsədi gənclərin asudə vaxtının səmərəli keçirilməsi, Naxçıvan mədəniyyətinin təbliği, qədim dövr Naxçıvan mədəniyyəti haqqında gənclərin ətraflı məlumatlandırılması və gənc nəslə qədim tarixi abidələrimizin tanıdılmasından ibarətdir.

Ekskursiya zamanı AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri və AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev gənclərə arxeoloji ekspedisiyalarla bağlı məlumat verərək bildirilib ki, son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrini araşdıran arxeoloqlar təsdiq edirlər ki, 300-500 min il bundan əvvəl bu ərazilərdə ən qədim insanlar məskən salıblar. Bu yaşayış məskənləri, əsasən, Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda, yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr bu ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir. Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 m yüksəklikdə yerləşən Naxçıvantəpə arxeoloji abidəsi də Naxçıvanın qədim tarixini özündə əks etdirən yaşayış yerlərindən biridir.

Qeyd edilib ki, iyul ayının 1-dən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılmağa başlanılıb. Burada tədqiqatların aparılması Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin aşkara çıxarılmasında və Naxçıvan tarixinin öyrənilməsində böyük rol oynayır.

Tədqiqatlar zamanı torpaq laylarının altından yaşayış evlərinin qalıqları, obsidian parçaları, ocaq yerləri, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkar olunub. Keramika məmulatları Dalma təpə tipli boyalı və basma naxışlı olmasına görə xüsusilə fərqlənir. Tədqiqatçılar burda aşkar olunan maddi-mədəniyyət nümunələrinə əsaslanaraq bu qədim yaşayış yerini Eneolit dövrünün erkən mərhələsinə aid edirlər.

Vurğulanıb ki, Naxçıvantəpə qədim yaşayış yerinin tədqiqi yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənməyə imkan verir.

Ekskursiya zamanı gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.07.2019



      AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən verilən məlumata görə, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və “Xalçaşünaslıq” elmi-tədqiqat qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın həmmüəllifi olduğu “Naxçıvanda xalçaçılıq: tarixdə və günümüzdə” adlı monoqrafiya çap edilib.

Nəşrdə xalqımızın qiymətli bədii sənət əsərlərindən biri olan xalçaçılıq sənətinin Naxçıvanda yaranması, inkişaf yolu və bugünkü vəziyyətindən söz açılır, xalçalar üzərində toxunan naxışlar, ornamentlər haqqında məlumat verilir. Bundan əlavə, qədim el sənətlərindən və xalçaçılığın ilk nümunələrindən sayılan keçəçilik, toxuculuq sənəti, xalçaçılığın inkişafında mühüm rol oynayan boyaçılıq və digərləri ilə bağlı müəlliflərin apardığı araşdırmalar yer alıb.

Qeyd edək ki, 9 aprel 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb və Tədbirlər Planı təsdiq edilib. Həmçinin Muxtar Respublikanın Nazirlər Kabinetinin 25 iyul 2018-ci il tarixli qərarı ilə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tərkibində “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu yaradılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.07.2019



      “Muzey günləri” çərçivəsində Şərur rayonunun idarə, müəssisə və təşkilatlarının kollektivləri qədim tarixi abidələrdən biri olan Yengicə kəndindəki Şərq hamamını ziyarət ediblər.

Kollektivlərə on səkkizinci əsrdə tikilən hamam barədə ətraflı məlumat verilərkən bildirilib ki, Şərq hamamı iyirminci əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Baxımsızlıq səbəbindən dağılmaq vəziyyətində olan bu tarixi abidədə 2017-ci ilin mart ayından etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə bərpa işlərinə başlanılıb və bu iş 2018-ci ilin sentybarında müvəfəqiyyətlə başa çatdırılıb.

Bildirilib ki, tarixi binada 7 sahə üzrə xidmət təşkil edilib. Burada 2 dərzi, qadın və kişi bərbəri, fotoqraf, papaqçı, çəkməçi və musiqi alətləri ustası olmaqla, 8 nəfər işlə təmin olunub. Qədim tarixə malik olan bu abidə həm yerli, həm də xarici ölkə vətəndaşları tərəfindən maraqla ziyarət olunur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.07.2019



      İyulun 23-də Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanda, eləcə də Naxçıvan diyarında teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi xalq mərasimlərinin xor, rəqs və dialoqlarla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətlərə, dinamik obrazlara malik olması xalqımızın ən qədim zamanlardan oyun və tamaşaların səhnələşdirilməsi sənətinə marağını göstərməkdədir. “Novruz” mərasiminin mühüm bir epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Buradakı ardıcıl süjetin, dramatik hərəkətin, həmçinin xüsusi paltar geyinərək qrimlənən obrazların olması professional teatr sənətinin ilkin rüşeymləri kimi diqqəti cəlb edir. Ümumxalq adətinə görə, bir neçə gün davam edən toy mərasimlərində ifa olunan xalq oyunları, yallı və rəqslər tamaşa ünsürlərini özündə yaşadan adət-ənənələrimizdəndir. Yaxud ozan-aşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan “Yuğ” mərasimində də meydan teatrı ünsürlərinin güclü olması xalq teatrlarının yaranması ilə nəticələnmişdir. Qeyd olunan mərasim, ayin və oyunlardakı tamaşa elementlərinin kollektiv və süjetli şəkildə təqdim edilməsi müstəqil xalq teatrlarının yaranmasında mühüm rol oynamışdır. Tarix boyu xalq arasında geniş yayılmış və meydan teatrı formalarından olan “Kosa-kosa”, “Qaravəlli”, eləcə də kukla tamaşaları formasındakı “Kilimarası”, “Şah Səlim” oyun və mərasimləri ölkəmizdə xalq teatrlarının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, xalq teatrlarının daha yetkin mərhələsini təşkil edir. Belə ki, əvvəllər insanlar öz fərdi bacarıq və bilikləri ilə meydan və mərasim tamaşaları göstərməyə çalışırdılarsa, xalq teatrlarında isə artıq bu fəaliyyət peşəkar yönümlü fəaliyyətə istiqamətləndirilirmişdir. Nəticədə, xalq teatrları formalaşaraq insanların mədəni təlabatının ödənilməsində böyük pay sahibi olmuşdur.

Daim hərtərəfli qayğı ilə əhatə olunmuş muxtar respublikanın xalq teatrları realist xarakter daşımışdır. İlk yarandığı zamanlarda xalq teatrlarının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil etmişdir. Lakin son illər muxtar respublikada mövcud olan xalq tamaşaları istər yerli, istərsə də dünya klassiklərinin yaradıcılığına müraciət edərək, böyük məzmunlu tamaşalar hazırlayırlar. Belə xalq teatrlarından biri də bu gün yaranmasının 10 illiyini qeyd etdiyimiz Babək Rayon Xalq Teatrıdır.

Babək Rayon Xalq Teatrının yaranma tarixindən və fəaliyyətindən danışan nazir qeyd etmişdir ki, ilk dəfə 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxan Babək Rayon Mədəniyyət Evinin dram dərnəyinin üzvləri 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir hissəni tamaşaçılara təqdim etmişlər. Öz üzərlərində daim çalışan dərnək üzvləri 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsəri əsasında daha təkmil və peşəkar səviyyədə tamaşa hazırlanmasına nail olmuşlar. Elə həmin il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə dram dərnəyinə “Xalq teatrı” adı verilmişdir. On illik fəaliyyəti dövründə Babək Rayon Xalq Teatrı teatrsevərlərə 15 tamaşa təqdim etmiş, teatra istedadlı aktyorlar cəlb edilmişdir. “Ezop”, “Yollara iz düşür”, “Şeyx Rəhmətullah”, “Solğun çiçəklər”, “İkinci səs”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Xəcalət”, “Unuda bilmirəm”, “Bəxtsiz cavan”, “Subaylarınızdan görəsiniz”, “Beş manatlıq gəlin” və "Qız atası" tamaşalarını uğurla səhnəyə qoyan xalq teatrı Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Naxçıvan şəhərlərində qastrol səfərlərində geniş çıxış etmişlər.
Vurğulanmışdır ki, Babək Rayon Xalq Teatrı 2015-ci ildə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı”nda birinci yerə layiq görülərək, diplomla təltif olunmuşdur. 2017-ci ildə keçirilən növbəti festivalda isə Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşa ilə çıxış edən Babək Rayon Xalq Teatrı “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülmüşdür. Repertuara salınmış əsərlərin uğurlu tamaşa həllinə nail olan kollektivin uğurları təkcə səhnə əsəri hazırlamaqla məhdudlaşmamış, eyni zamanda, xalq teatrı istedadlı gənc aktyorların üzə çıxarılmasında və onların püxtələşərək peşəkarlıq qazanmalarında müstəsna rol oynamışdır.

“Məlumdur ki, professional teatrın təşəkkülündə xalq teatrı həmişə əhəmiyyətli rol oynamışdır. Daha dəqiq desək, peşəkar teatrlar öz mənbəyini xalq teatrlarından götürmüşdür. Bu baxımdan professional səhnə üçün xalq teatrlarının fəaliyyəti vacibdir” – deyən nazir əlavə etmişdir ki, muxtar respublikadakı xalq teatrları fəaliyyətlərini bu istiqamətdə qurmalı, bu məqsəd üçün çalışmalıdırlar.

Nazir Babək Rayon Xalq Teatrının yaradılmasının 10 illik yubileyi münasibətilə teatrın kollektivini təbrik edərək, xalq teatrının bundan sonrakı fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulamış, xalq teatrlarının, ümumən, Naxçıvan teatrının fəaliyyətinə göstərdiyi yüsək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirmişdir. Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək Babək Rayon Xalq Teatrının rayon sakinlərinin mədəni tələbatının ödənilməsindəki fəaliyyətindən bəhs etmiş, xalq teatrının kollektivinin Babək rayonunda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakından danışmışdır. Bildirilmişdir ki, Babək Rayon Xalq Teatrı 10 illik fəaliyyəti dövründə hazırladığı müxtəlif məzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynamışdır. Qeyd olunmuşdur ki, Babək rayonunda bütün sahələr kimi, mədəniyyətin inkişafına, təbliğinə də yüksək diqqət və qayğı göstərilir. Babək rayonundakı qəsəbə və kəndlərdə çalışan mədəniyyət işçiləri, eləcə də Babək Rayon Xalq Teatrının fə