Asma-kəsmə

Bu rəqs ən qədim ənənəvi toy mərasimi rəqslərindəndir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur. Rəqsdə musiqinin sədaları altında gəlini bəy evinə gətirirlər. Gəlini köçürəndə musiqiçilər çalar, gəlini müşayiət edən qadınlar isə onun qarşısında oynayarlar. Rəqs mahnı ilə müşayiət olunur. Mahnını rəqs edənlər və tamaşaçılar oxuyurlar. Rəqsin tempi aramdır, bir qədər mübaliğəli və sıçrayışlı şəkildədir.