Çöpüdüm (Çöpü-çöpü)

Üçayaq yallısının dəstələri üzbəüz dayandıqları məqamdan sonra musiqi sədası altında başlanan rəqsin oyun hissəsi “Çöpüdüm” adlanır.

Burada iki yallıbaşı üz-üzə durur. Bunlardan biri cibindən bir əşya çıxarıb qarşısında duranın ağzına qoyur. II yallıbaşı da bu hərəkəti cəld yerinə yetirməlidir. Əgər II yallıbaşıda həmin əşyadan yoxdursa, ona yoldaşları kömək edə bilərlər. Həmin əşya tapıldıqda II yallıbaşı öz növbəsində hər hansı bir hərəkəti edir (uzanır, oturur və s.). Bu vaxt I yallıbaşı eyni hərəkəti etməlidir. Əgər lazım olan əşya tapılmazsa və ya I yallıbaşı eyni hərəkəti təkrar edə bilməsə, bu zaman əvvəlcədən hazırlanmış nazik çubuqla (uzunluğu 1-1.5 metr) uduzan dəstənin bütün üzvləri cəzalandırılır. Uduzan dəstənin yallıbaşısının müqavimət göstərməyə ixtiyarı var, lakin vurmağa ixtiyarı yoxdur. Qalib gələn qrupun üzvləri şənlənir və rəqs edirlər. Məğlub dəstənin üzvləri başlarını aşağı dikərək kədərli görünürlər. Qalib gələnlərdən biri dostcasına rəqibinin çiyninə vurur, ikincisi rəqibinə şirniyyat verir, üçüncüsü rəqibinin belinə minir. Bununla “Çöpüdüm” rəqsi bitir.

Ordubadın toy şənliklərində və bayram mərasimlərində yallının bu növü xalq tərəfindən sevilə-sevilə ifa olunur.