Urfanı

Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik kimi simvolları özündə ehtiva edən, mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb olunan bu yallı ən qədim yallılar sırasına daxildir. “Urfanı” yallısı Şərur rayonunda, əsasən, kişilər, Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında isə qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Gənclər çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta, sonra isə sürətlə ifa olunan “Urfanı” yallısı ikivariantlıdır. Qeyd etmək lazımdır ki, bu yallının ifası çox çətin olduğundan onu ayrı-ayrı elementlər şəklində öyrənmək lazımdır.