Qazı-qazı

Qədim Oğuz yurdu Naxçıvanın Şərur, Şahbuz və Kəngərli bölgələrində daha çox yayılmış oyundur. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallıda dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı dayanır. Yallıbaşının və ayaqçının əllərindəki çubuq “günahkar”ı cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla – “qazılana-qazılana” ifa edirlər. Asta, orta və sürətli hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidirlər. Əks təqdirdə ifaçı çubuqla cəzalandırılır.