Gülümey

Azərbaycan xalqına məxsus ənənəvi rəqs sayılan “Gülümey”in adı “ay gülüm hey” kəlməsindən götürülüb. Əsasən Şərur rayonunda oynanılan, yallı növündə olan bu rəqsi “Xınayaxdı” mərasimində qızlar və cavan gəlinlər oynayırlar. Adətən isə “Gülümey”i (“A gülüm hey”) gəlinin bəy evinə köçməsindən əvvəl onun yanına gəlmiş qonaqlar dağılışandan sonra oxuyub-oynayırlar. Rəqsdə 5-10 nəfər dövrə vurub rəqs edir. Sadə addımlarla, yüngül süzmələrlə oynanılan rəqsin sonunda dəstələr qarşılaşırlar. Soldakı qrup sağa, sağdakı qrup isə sola hərəkət edə-edə rəqsi başa çatdırır.