Yallı

İbtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od-ocaq ətrafında mərasim təntənəsi şəklində oynanılan yallının tarixi olduqca qədimlərə gedib çıxır. “Yal” – cərgədir, zəncir xəttidir. Yallını oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə düzülürlər.

100-ə qədər növü olan yallılardan bir qisminin yaranma məkanı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağıdır. Əsrlərin qaynağından süzülüb gələn, milli varlığımız sayılan yallılara nümunə olaraq “Tənzərə”, “El yallısı”, “Gopu”, “Qazı-qazı”, “Hoynərə”, “Şərur yallısı”, “Dörd ayaq”, “Urfanı”, “Arazı”, “Xələfi”, “Qənimo”, “Nareyi”, “Qaladan-qalaya”, “Üçayaq”, “Üçaddım”, “Köçdü balaban”, “Gülümeyi”, “Haxışta”, “Zarı-zarı” və digərlərini göstərə bilərik.