Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Sənətkarlıq
      Qədim xalq sənəti sahələrindən olan dulusçuluq, metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik və s. Eneolit və İlk Tunc dövrlərinə aid sənətkarlıq sahələridir. Naxçıvanda əkinçiliyin, maldarlığın intensiv inkişafı sənətkarlığın təkamülünə imkan yaratmışdır. Mədəni tələbatın artması bəzək əşyalarının düzəldilməsi, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissələrinin bədii tərtibatla hazırlanması ilə nəticələnmişdir.

      Arxeoloji qazıntılar nəticəsində qədim yaşayış yerlərindən (I və II Kültəpə, Sədərək, Maxta, Ovçular təpəsi, Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif əmək alətləri və zəngin sənətkarlıq nümunələri, bəzək və məişət əşyaları aşkara çıxarılmışdır. Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün səciyyəvi sayılan yüksək ustalıqla hazırlanmış bədii tərtibatlı boyalı gil qablar, (bu dövrdə Naxçıvanda bir sıra xüsusiyyətləri ilə fərqlənən Boyalı Qablar mədəniyyəti təşəkkül tapmışdır), rəngarəng motivli bəzəklər, həmçinin tunc və gümüşdən düzəldilmiş nəfis zərgərlik məmulatları, qızıl bəzək əşyaları, müxtəlif minerallardan hazırlanmış muncuqlar, metal, ağac, sümük, gil və daşdan əldə edilmiş zərif sənətkarlıq əsərləri və heykəlciklər buna sübutdur.

      Araz çayının sol sahilində yaşamış qədim tayfaların sosial həyat tərzi, dini-ideoloji dünyagörüşləri, inancları və adət-ənənələri bu dövrün sənətkarlığında da öz əksini tapmışdır.

      Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. IV minillikdə yaranmışdır. Arxeoloji materiallar göstərir ki, Eneolit və Tunc dövrlərinə aid gil qablar dulus çarxında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Tunc dövrünə aid II Kültəpə yaşayış yerindən aşkara çıxarılmış əl ilə, qismən də dulus çarxında hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati naxışlar, insan, quş və heyvan təsvirləri ilə bəzədilmiş boyalı qab-qacaq (küp, küpə, kasa, badya, çölmək, vaza, çıraq və s.) məlumdur. Yüksək keyfıyyəti, rəngarəngliyi və çeşidli formaları ilə seçilən dulus qablarının bəzədilməsi, şüyrələnməsi, şirlənməsi və s. xalq sənətinin mühüm sahələridir.

      Naxçıvan dünyanın ilk qədim metalişləmə (mis) ocaqlarından biridir. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis-mərgümüş, nikel-mərgümüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar, Kültəpədən Tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq parçası, tuncdan hazırlanmış bəzək əşyaları, qolbaqlar bilərziklər, sırğalar və s. tapılmışdır. Əldə edilmiş tapıntılar üzərində aparılan elmi araşdırmalardan aydın olur ki, Naxçıvanın qədim sakinlərini sümükdən və daşdan da əmək aləti və əşyaları hazırlamaq məharətinə malik olmuşlar. Toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına, həmçinin çox zərif parça qalıqlarına rast gəlinmişdir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətkarlıq sahələri xüsusilə vüsət almış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları şöhrət qazanmışdır. Bu sənətkarlıq məhsulları xarici bazarlara da ixrac edilirdi. Bədii metal ustası Osman ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş bürünc dolçası (1190) Luvr (Fransa) muzeyində saxlanılır.

      Erkən orta əsrlərdən etibarən istehsal texnikası təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlardan (baramaaçan dəzgahlar) və ipək karxanalarında mütəhərrik toxucu dəzgahlarından istifadə edilməsinə başlanmışdır. Ordubad ipək parça istehsal edən əsas mərkəzlərdən biri idi. Azərbaycan ipəyi İraq, Kiçik Asiya, Suriya və Avropanın bir sıra ölkələrinə ixrac olunurdu. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı (bəzzazlıq) sənəti geniş yayılmışdı. Orta əsrlərdə xalçaçılıq sənəti də inkişaf etmiş, sonrakı dövrlərdə Naxçıvan əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tutmuşdur.

      Naxçıvan Muxtar Respublikasında xalçaçılıq ənənələri bu gün də davam etdirilir.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018