Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Milli geyimlər
     Xalqımızın əməyi sayəsində yaranıb onun həyatını əks etdirən Azərbaycan xalq sənəti qədim bir tarixə malikdir. Bu sənətin ən zəngin və orijinal örnəklərindən biri də parça istehsalı və geyimlərin tikilməsidir. Dekorativ tətbiqi-sənətinin mühüm bir qolunu təşkil edən bu sənət sahələri ilə əcdadlarımız hələ Tunc Dövründə məşğul olmağa başlamış, əyirmə, hörmə və arxaik şəkildə olsa da, tikmə işləri ilə sənət nümunələri yaratmışlar. Dövrümüzə qədər gəlib çatmış ən qədim parça nümunələri təxminən eramızdan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərinə aiddir. Arxeoloji qazıntılar zamanı tapılmış parça tikələrinin kimyəvi müayinəsi göstərmişdir ki, uzaq keçmişlərdə toxunmasına baxmayaraq bu parçalar çox əlvan rəngli boyalarla boyanmışdır. Rənglər əsas etibarilə bitkilərdən və bəzi böcəklərdən alındığı üçün çox təbii və davamlı olmuşdur. Boya istehsalı üçün ən çox alma, nar, qoz, soğan qabığı, ərik və tut ağacının kökündən istifadə edilmişdir. Qırmızı rəng verən koşenil qurdundan da boya hazırlanmışdır.

X əsrdə yaşamış ərəb müəlliflərindən Müqəddəsi və Məsudi yazırlar ki, Azərbaycan sənətkarları satış üçün yun, pambıq, ipək parça və paltarlar hazırlayırdılar. Gəncədə hazırlanmış yun paltarlar, məşhur Naxçıvan çuxaları Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda şöhrət qazanmışdır. Azərbaycanda olmuş xarici səyyahların gündəliklərindəki qeydlərindən aydın olur ki, XVIII əsrdə Azərbaycan dövlətinin getdikcə zəifləyərək iqtisadiyyatının tənəzzülə uğraması yerli sənətkarlığın inkişafına da mənfi təsir göstərmişdir. Lakin Şamaxı, Təbriz, Naxçıvan, Dərbənd, Bakı, Gəncə, Şəki, Şuşa və s. şəhərlər ticarətdə və sənətkarlıqda öz mövqelərini saxlamaqda davam ediblər. Hələ XVII əsrin əvvəllərində Azərbaycanın bir çox şəhərlərində olmuş məşhur türk səyyahı və diplomatı Övliya Çələbi bu yerlərdə (xüsusən Naxçıvanda) yüksək keyfiyyətli basma parçaların istehsal olunduğunu və satılmaq üçün bəzi xarici ölkələrə göndərildiyini qeyd etmişdir. Tədqiqatçıların gəldiyi qənaətə görə maddi mədəniyyətin mühüm elementlərindən biri olan geyimlər Azərbaycanın digər yerlərində olduğu kimi. Naxçıvanda da qədim tarixə malik olmuşdur. Arxeoloji qazıntılar zamanı Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Naxçıvandan tapılmış daş qaşov, sümük, biz və iynə ibtidai insanın dərini ilk formada emal etdiyini və paltarı əvəz edən geyim növləri hazırladığını sübut edir.

XIX əsrin əvvəllərinə aid mənbələrə əsaslanan etnoqraflar Naxçıvanda əhalinin geyiminin fəsillərə uyğunlaşdırılınası qənaətinə gəlməklə yanaşı, yayın qızmar istisində ağ rəngli paltarlardan daha çox istifadə etdiyini göstərirlər. Cəmiyyətin sonrakı inkişafı prosesində sosial-iqtisadi amillərin geyimə təsiri güclənmiş, mövsümi geyim növləri meydana gəlmiş, kişi, qadın, qız və gəlin libası, hətta yaşla bağlı geyimlər bir-birindən fərqlənməyə başlamış, gündəlik, bayram (toy) və matəm mərasimi libasları yaranmışdır.

Naxçıvanlıların ənənəvi kişi geyim kompleksinin müxtəlif alt paltarları, şalvar, arxalıq, çuxa və s. ibarət olduğu qənaətinə gələn etnoqraflar onu da qeyd edirlər ki, mövsümü geyim növü olan kürk şəhər əhalisində, qismən də dağ və dağətəyi kəndlərdə, yapıncı isə elatlarda (maldarlar) geniş yayılmışdır. İstər baş geyimləri (papaq, börk, təsək, başlıq, örpək, kəlağayı və s.), istərsə də ayaq geyimləri (corab, çarıq, başmaq, çəkmə, patava) əsasən kustar üsulla hazırlanırdı.

Kişi geyimləri əsasən aşağıdakılardan ibarətdir: alt paltarı (can köynəyi, tuman, dizlik); üst geyimləri (şalvar, çuxa, arxalıq, əba); baş geyimləri (papaq, araqçın, əmmamə); ayaq geyimləri (ayaqqabı, corablar, sarğılar); kəmərlər (qurşaq, şal, kəmər, toqqa, qayış).

Kişi alt geyimləri içərisində can köynəyi geniş yayılmışdı. Pambıqdan tikilmiş can köynəklərindən yaz və payızda, qalın "bambəz" adlanan parçalardan tikilmiş can köynəklərindən isə qışda istifadə edilirdi. Kişi alt geyimləri sırasında olan dizliklər sətin, yaxud atlasdan tikilirdi. Bu növ parçalardan Ordubad əhalisi daha geniş istifadə edirdi. Qış aylarında dizlik üçün qalın parça növləri seçilirdi. Üst geyim paltarları ilə müqayisədə alt paltarları sadə tikilirdi. Dizliyin orta hissəsinə əlavə parçalar tikilir, belinə isə köbə qoyulurdu. Dizliklərin belinə tumanbağı keçirilirdi.

Kişi üst geyimləri - üst köynəyi, arxalıq, çuxa, şalvar, yapınçı və kürkdən ibarət idi. Kişi üst geyimləri içərisində şalvar xüsusi ölçü və formada olurdu. Bu üst geyimi əsasən müxtəlif parçalardan tikilirdi. İsti fəsillərdə Naxçıvanda şalvarlar nisbətən nazik sapdan toxunmuş pambıq, qışda isə yun parçalardan tikilirdi. Şalvarlar gen balaqlı və dar balaqlı olurdu.

Kişi üst geyimləri içərisində əbalar xüsusi yer tuturdu. Əbaları əsasən din xadimləri və mollalar geyinirdilər. Kişi üst köynəyi alt köynəyinin üstündən geyilirdi. Düz yaxası düymələrlə bağlanır və boğazı tuturdu. Mahuddan tikilən kişi üst geyimləri sırasında olan çuxa köynəyin üstündən geyilirdi. Naxçıvanda buna “küləcə” də deyirdilər. Çuxanın forması arxalığa bənzəməklə üç hissədən - gövdə, ətək və qoldan ibarət olurdu. Fərq orasındadır ki, çuxanın ətəkləri arxalıqla müqayisədə daha uzun idi. Naxçıvanda çuxanın iki növü - vəznəli və çərkəzi mövcud olmuşdur. Soyuq iqlim şəraitinə malik olan Naxçıvanda çuxa çox qiymətli geyim növü idi. “Oyma” yaxalı çuxalar da Naxçıvan bölgəsi üçün xarakterik idi. Ətəklərinin formasına görə tədqiqatçılar çuxanı iki qrupa bölürlər. Naxçıvan çuxaları da buna əsasən iki yerə ayrılıb: büzməli və kahalı çuxalar. Büzməli çuxaların qabaq qanadları boyaboy biçilirdi. Bu növ çuxalardan əhalinin aşağı təbəqəsi daha çox istifadə edirdi. Gənclər qısa, qocalar isə uzun ətəkli çuxalar geyinirdilər. Qafqaz xalqları üçün səciyyəvi olan vəznəli çuxa növünü əsasən Naxçıvan bölgəsində cavanlar geyinirdilər.

“Qılıcı şal” adlanan yun parçadan hazırlanan arxalıq kişi üst geyimləri sırasına daxil olmaqla mürəkkəb geyim növü sayılır. İki hissədən - üst və ətəkdən ibarət olan arxalığın qabaq tərəfi açıq olurdu, düymə və çalkeçirlə bağlanırdı, imkanlı admlar ikiqanadlı arxalıq geyinirdilər. Arxalığın üzərindən gənclər qayış, kəmər, yaşlı adamlar isə qurşaq bağlayırdılar. Naxçıvanda arxalıqların astarları əksər hallarda ipək parçadan tikilirdi. Arxalıq əsasən çuxanın üstündən geyilirdi. Şal parçadan və məxmərdən tikilən bəzi arxalıqların döşündə “patrondaş” olurdu.

Naxçıvanda saçaqlı qoyun yunundan hazırlanan yapıncılardan maldarlıqla məşğul olan şəxslər istifadə edirdilər. Bu qədim diyarda yapıncıya “çoban yapıncısı” da deyirdilər. Naxçıvanın Şərur bölgəsində isə yapıncı xalq arasında “xıllıx” da adlandırılırdı. Soyuq aylarda əhlinin əksər təbəqələri kürk geyinərdilər və ondan aranda olduğu kimi, dağ kəndlərində də istifadə edilirdi. Bu geyim əsasən dağ kəndlərində maldar elatların məişətində mühüm yer tuturdu.

Kişi üst geyimləri kompleksinə qurşaqlar da daxildir. Bunu həm din xadimləri, həm də yaşlılar bağlayırdılar. Fərq onda idi ki, din xadimlərinin qurşaqları yaşıl rəngli materialdan, sadə adamlarpın qurşaqları isə qara rəngli materialdan hazırlanırdı.

Naxçıvan əhalisinin kişi baş geyimlərini təsək (araqçın), buxara papağı, din xadimləri üçün isə əmmamə (çalma) təşkil edirdi. XIX əsrin əvvəllərinə aid məlumatlarda Naxçıvan əyalətində kişilərin konusvari qara qoyun dərisindən hazırlanan təpəsi kəsik papaq geydikləri qeyd olunur. Papağın təpəsinin isə çitdən olduğu da göstərilir. Bu qədim diyarda geniş yayılmış baş geyim növlərindən biri “buxara papaq” adlanırdı. Yaşlı adamların dediklərinə görə belə papaqların dərisi Orta Asiyadan - Buxaradan gətirilirdi. Sonralar isə yerli quzu dərisindən tikilən eyni formalı papaqlara da “buxara papaq” deyirdilər. Naxçıvanda ən geniş yayılmış papaq növü “börk” adlanan papaq idi. Bu, əsasən qara qoyun dərisindən tikilirdi. Türk xalqları üçün də səciyyəvi olan bu papaqların ən sadə növlərindən biri də çoban papağı olub. Naxçıvan əhalisinin əksər təbəqəsi uzun saçaqlı qoyun dərisindən tikilmiş bu növ papaqlardan istifadə edirdi. Bəzi bölgələrdə bu papağa “çöllü”, “tərəkəmə”, başqalarında isə “motal papaq” deyilirdi.

İkinci qrup baş geyimlərinə “araqçın”, “başlıq”, “sarıq” daxildir. Araqçın ayrıca istifadə edilirdisə, təsək papağın altından geyilirdi. XIX əsrdə Naxçıvanda istehsal edilmiş araqçınlar xüsusi naxışlanırdı. Araqçınların üzərində nəbati təsvirlərlə yanaşı, həndəsi rəsmlər də xüsusi yer tuturdu. Gənclərin istifadə etdikləri araqçınlar qırmızı məxmərdən tikilir və bəzədilirdi. Sarıq kişi baş geyimi isə dördbucaqlı formada dəsmal və yaylıqdan hazırlanırdı. Kişi baş geyimlərindən biri də “molla papağı adlandırılırdı. Şiş papaqlar növünə aid olan molla papağı" Naxçıvanda kütləvi yayılmışdı. Bu baş geyim növündən və əmmamədən əsasən din xadimləri istifadə edir, baş geyimlərinin altından isə adətən təsək qoyulurdu. Naxçıvan təsəkləri bir-birindən formaca az fərqlənirdi. Kənarları milli naxışlarla bəzədilmiş təsəklərə araqçın da deyilirdi. Papağın altından geyilən digər baş geyimi isə başlıq adlandırılırdı.

Naxçıvan diyarında müxtəlif ayaq geyimləri də mövcud olmuşdur. XIX və XX əsrin əvvəllərində ayaq geyimləri içərisində çarıq və çust geniş yayılmışdır. Çarıqlar dabbaqxanada yaxşı aşılanmış dəridən, göndən, həm də ev şəraitində hazırlanmış dəridən, yaxud göndən tikilirdi. XIX əsrdə Naxçıvanda ayaq geyimləri hazırlamaq üçün yaxşı dəri istehsal edən dabbaqxanalar, başmaq hazırlanması ilə məşğul olan emalatxanalar və onun satışı ilə məşğul olan xüsusi başmaq dükanları fəaliyyət göstərirdi. Uzunboğaz çəkmələr də dəri-gön materialından hazırlanırdı. Bahalı və qiymətli olduğuna görə belə çəkmələrdən əsasən varlı təbəqə istifadə edirdi. Keçi dərisindən hazırlanan belə çəkmələrə xalq içərisində «xrom çəkmə" də deyirdilər.

Naxçıvanda corablar əldə sülü adlanan millərlə toxunurdu. Yay fəslində pambıqdan toxunmuş qısaboğazlı corablar, qış aylarında isə uzunboğazlı corablar geyilirdi. Qış aylarında əldə toxunmuş əlcəklərdən istifadə edilirdi. Adətən kişi əlcəkləri sadə ağ, yaxud qara rəngli yun ipdən hazırlanırdı. Uşaq və qadın əlcəkləri kişi əlcəklərindən naxışları ilə fərqlənirdi.

Tədqiqatçıların gəldikləri qənaətdən belə hesab olunur ki, Naxçıvan bölgəsində XIX əsrdə qadın geyimləri əsasən tafta, mahud, mitqal, bez, bəyaz qanavuz, darayı, zərbaft, atlas, xara, məxmər, tirmə və s. adlanan parçalardan tikilirdi. Bu geyimlər isə iki qrupa - alt və üst geyimlərinə ayrılırdı. XIX əsrin əvvəllərinə aid mənbədə Naxçıvanda qadınların köynəyin üstündən qısa arxalıq geydikləri qeyd olunur. Alt geyimləri, can köynəkləri sadə çitdən, qış aylarında isə bambəzdən tikilirdi.

Alt tuman sadə formalı qədim geyim növüdür. XIX əsrdə Naxçıvanda “cüt balaq” tumanlardan geniş istifadə edilmişdir. Naxçıvanda belə tumanlara iki balaq şalvar deyilirdi.

Qadın üst geyimləri içərisində çəpkənlər də xüsusi yer tuturdu. Bunlar üst tumanla birlikdə kostyum kompleksi təşkil edirdi. Çəpkənlər sadə parçalardan olduğu kimi, qiymətli parçalardan da hazırlanırdı. Ust qadın geyim kompleksinə daxil olan geyimlərdən biri də ləbbadədir. Ləbbadələr də çəpkən kimi çiyin geyim növünə daxildir. Onların çəpkənlərdən fərqi orasındadır ki, qolu geniş və qısa olur. Ləbbadələrin tikilməsində əsasən saya və güllü parçalardan istifadə edilmişdir. Bu geyim növünün yaxası, qollarının kənarları və ətəkləri sadə və mürəkkəb naxışlarla bəzədilirdi.

Küləcə qadın geyimi Naxçıvan qadınları üçün xarakterik olan geyim növlərindəndir. Onu qadın arxalığının xüsusi növü kimi də səciyyələndirmək olar. Bu geyim növü bahalı parçalardan - məxmər, tirmə şal, xara və zərxaradan tikilirdi. Küləcələrin yaxası, qolları və ətəyi bəzədilirdi. Bu zaman zərli tikmə naxışlarla yanaşı muncuq və piləklərdən də istifadə edilirdi. XIX əsrdə Naxçıvanda həm uzun, həm də qısa küləcələr tikilirdi. Küləcələr belə qədər düz, ətəyi büzməli, yaxud geniş olurdu. Beldən aşağı ətəklərinin formasına görə XIX əsr Naxçıvan küləcələri iki qrupa bölünür. Birinci qrupa ətəkləri trapes formalı və ön tərəfdən bir-birinin üstünü örtən küləcələr daxildir. İkinci qrupa daxil olan küləcələrin ətəyi ön hissədə birincidən fərqli olaraq genişlənmişdir.

Üst qadın geyimləri içərisində arxalıq xüsusi yer tuturdu. Qadın arxalığı kişi arxalığından fərqli olaraq daha zərif hazırlanırdı. Məxmər, qanovuzdan tikilən arxalıqların beli dar olurdu və yaxası hər iki tərəfdən müxtəlif naxışlarla bəzədilirdi. XIX-XX əsrlərdə Naxçıvanda düzyaxa və oyma yaxalı qadın arxalıqları geniş yayılmışdır.

Naxçıvanda çox geniş yayılmış qolsuz üst qadın geyim növünə kürdü də daxildir. Əhali arasında “Xorasan kürdüsü” adlanan bu geyim növünün çiyin hissələri hər iki tərəfdən haşiyəli tikmə naxışlarla bəzədilirdi. Qadın baş geyimləri - çaşbənd, ləçək, yaylıq, örpək, rübənd, çalma, kəlağayı və s. növlərə ayrılır. Qadın baş geyim növü olan örpək zərif lif və tellərdən toxunan materiallarına və ölçülərinə görə müxtəlif olmuşdur. Ordubadda qadın örpəkləri arasında başlıca yer tutan kəlağayı istehsal olunurdu.

Naxçıvanda geniş yayılmış baş geyimləri içərisində rübəndlər xüsusi yer tuturdu. Müsəlman xalqları arasında geniş yayılmış çalma baş geyimi ipək, yun, qumaş və ağ rəngli toxuma parçalardan olub, çox vaxt fəs və araqçının üstündən dolanırdı. Naxçıvanın zəngin qadın təbəqəsi çalmanın üstündən dingə də taxardılar. Naxçıvanda ipəkdən hazırlanan qadın baş geyimləri içərisində kəlağayı xüsusi yer tuturdu. Kəlağayının bir neçə növü olmuşdur. Əhalinin kasıb təbəqəsi içərisində “yeləni” tipli kəlağayılar geniş yayılmışdır. XIX əsrin ortalarından başlayaraq Naxçıvanda zəngin naxışlı Ordubad ipəyindən hazırlanmış kəlağayılar istehsal edilirdi. Bu tipli kəlağayılar basma və tikmə naxışlarla bəzədilirdi.

Naxçıvanın milli geyimləri şübhəsiz ki, min illər boyu təkamül yolu keçmişdir. Bu geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 07 fevral tarixli Sərəncamında deyilir:

“Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin inkişafı tarixən milli geyim mədəniyyətinin də formalaşmasına şərait yaratmışdır. Milli geyim və milli mətbəx xalq yaradıcılığının ən mühüm sahələrindən biridir. Naxçıvanda bu sahələr daha qədim dövrlərdən yaranmış, təbii-coğrafi şəraitə uyğun olaraq formalaşmış, inkişaf etmiş, hər əsrdə özünəməxsus milli cəhətlərlə daha da zənginləşmişdir. Xalqın tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli geyimlər və mətbəx nümunələri bu gün maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdirilir. Təkrarsız milli yaradıcılığımızın nəticəsi olan Azərbaycan geyimlərini muzeylərimizdə, ayrı-ayrı tarixi teatr tamaşalarında və filmlərdə görə bilirik. Müxtəlif folklor ansambl və qrupları da bu gün milli geyimlərimizi yaşadır və təbliğ edirlər.”

2018-ci il sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvanda ilk dəfə olaraq “Milli geyimlər” Festivalı keçirilmişdir.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018