Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi













MƏQALƏLƏR
Əsl sənətkar olmaq zamanı qabaqlamaq, özündən sonrakı nəsillər üçün bir məktəb, irs yaratmaqdır. Bu yol çox zəhmət, çalışmaq tələb etdiyi üçün insanların az qismi sənətin zirvəsinə ucala bilir. Bu fikirlərin ətrafında düşünərkən radiodan milli musiqi alətimiz olan tarın məftunedici səsini eşitdim. Biranlıq bütün fikirlərim dağıldı. Bu, orijinal, bənzərsiz bir ifa idi. İnsan ruhuna birbaşa təsir edən, vurduğu hər mizrabdan qəlbə qığılcım salan bu sənətkar kimdir görəsən? – deyə düşündüm. İfanı zövqlə dinləyə-dinləyə sonunu gözlədim. Məlum oldu ki, bu, hamımızın yaxşı tanıdığı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin ifasıdır. Əkrəm müəllimlə həmsöhbət olmaq və onun sənət yolu, musiqi mədəniyyətimizin bu günü haqqında məlumat almaq qərarına gəldim.

– Əkrəm müəllim, oxucularımız sizi ifalarınızdan yaxşı tanıyır. Ancaq mənim üçün də maraqlıdır, Əkrəm Məmmədli bu gün özünü necə təqdim edir?

– Desəm ki, tək tarzənəm, düzgün olmaz. Çünki həm də müəlliməm. Bununla yanaşı, orkestr üçün əsərlər işləmişəm, dirijorluq fəaliyyətim vardır və 30 ilə yaxın müddətdə Naxçıvan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsində çalışmışam. Ancaq bütün bunları ümumiləşdirsək, deyə bilərəm ki, mən, ilk növbədə, bütün varlığımla musiqiçiyəm. Sadaladığım bütün bu fəaliyyət sahələrində qazandıqlarım üçün tarzənliyimə borcluyam. Başqa sahələrdə, ola bilsin ki, bu gün məndən daha yüksək xidmətləri olanlar vardır. Ancaq mən tarla yaşayıram və buna görə də Əkrəm Məmmədli özünü ilk olaraq tarzən kimi təqdim edir.

– Sizdə musiqiyə, konkret olaraq, tar ifaçılığına maraq haradan yaranıb?

– Atam bu sənətin vurğunu olub. Bir gün bir tar alıb əmimə verib ki, tar ifa etməyi öyrənsin. Ancaq əmim bu sənətin arxasınca getməyib. Sonra balaca əmimdən bu sənəti öyrənməyini istəyib, ancaq bu da mümkün olmayıb. Atamın tara olan marağı, istəyi məndə öz təcəssümünü tapdı. O, məni musiqi dərnəyinə yazdırdı və beləcə, tarzənliyə ilk addımlarımı atdım. Təcrübəli musiqiçi, ustad ifaçı Səfər Rəcəblinin rəhbərlik etdiyi tar dərnəyində ifaçılıq qabiliyyətim ilk vaxtlardan hamının diqqətini cəlb etdi. Bir müddət sonra müəllimlərin tövsiyəsi ilə Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbinə qəbul olundum. İllər keçdikcə mən ovaxtkı Pioner və Məktəblilər Evinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının rəhbəri kimi tanındım.

– Yaradıcılıq yolunuzu sonra necə davam etdirdiniz?

– Naxçıvanda orta məktəbi və ilk musiqi təhsilimi başa vurduqdan sonra 1962-ci ildə Bakıda imtahan verib Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olundum. Mənim oradakı fəaliyyətim haqqında bütün müəllimlərim – Kamil Əhmədov, Xalq artisti Əhməd Bakıxanov, musiqişünas, tarzən və bəstəkarlar Seyid Şuşinski, Hacı Xanməmmədov, Şəmsi Kərimov, Adil Gəray, Dadaş Dadaşov və başqaları çox müsbət fikirlər söyləyirdilər. Həmin dövrdə böyük sənətkarlardan dərs almaq mənə verilən lütf idi. Muğamatımızı korifeylərimizin ifasında dinləmək, dərslərində iştirak etmək mənim üçün izah edə bilməyəcəyim bir xoşbəxtlik idi. Bakı şəhərində musiqi təhsili aldığım müddətdə böyük bəstəkar, görkəmli dirijor Cahangir Cahangirov məni rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına solist-tarzən qəbul etdi. Həmin kollektivin tərkibində Azərbaycanın bütün regionlarında, keçmiş SSRİ-nin respublikalarında, habelə xarici ölkələrdə qastrol səfərlərində oldum, milli musiqi mədəniyyətimizin təbliğində iştirak etdim. Bir neçə il bu ansamblda çalışdıqdan sonra Naxçıvan Dövlət Filarmoniyasına dəvət aldım. Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında solist-tarzən, dirijor, bədii rəhbər və direktor kimi fəaliyyətimi davam etdirdim. Naxçıvanda çalışdığım vaxt Bakıda keçirilən respublika məktəblilərinin bədii özfəaliyyət olimpiadasında bizim uğurlu çıxışımız oldu. “Əlvan çiçəklər” ansamblının rəhbəri kimi hazırladığım konsert proqramı münsiflər heyətinin sədri, görkəmli bəstəkar və dirijor Əfrasiyab Bədəlbəyli tərəfindən bəyənildi və nəticədə, kollektivin ifa etdiyi bütün konsert nömrələri olimpiadanın yekun konsertinə salındı. Həmin dövrdə Naxçıvanda yaratdığımız ansambllar keçirilən müsabiqələrdə muxtar respublikamızı layiqincə təmsil edərək Naxçıvana əliboş qayıtmadılar. Daha sonra, 1983-cü ildə tələbələrdən ibarət “Əcəmi naxışları” milli musiqi alətləri ansamblını yaratdım. Bu ansambl dəfələrlə muxtar respublikada, eləcə də Bakıda müsabiqələrdə çıxış etdi, konsertlər verdi. Ansamblın çıxışına baxan SSRİ Xalq artisti, görkəmli bəstəkar və dirijor, maestro Niyazi ansamblın ifasını yüksək qiymətləndirmişdi: “Mən “Əcəmi naxışları” ansamblının çıxışından böyük zövq və ləzzət aldım...” 2004-cü ildə Naxçıvan Dövlət Filarmoniyasının nəzdində simfonik orkestr alətləri ilə xalq çalğı alətlərinin sintezini yaratdım. Gördüyümüz bu iş Azərbaycanda bir ilk idi və çox maraqla qarşılandı.

– Naxçıvanda musiqi mədəniyyətinin inkişafını necə dəyərləndirirsiniz?

– Bu gün doğma Naxçıvanımızda musiqi mədəniyyəti öz çiçəklənmə dövrünü yaşayır. Hərtərəfli dövlət qayğısı hər il Naxçıvan musiqi mədəniyyəti və incəsənətinə yeni-yeni uğurlar gətirir. Ölkəmizdə keçirilən müxtəlif festivallar, muğam müsabiqələri, beynəlxalq musiqi yarışlarında naxçıvanlı musiqiçilərin çıxışları bunun sübutudur. Həmin tədbirlərdə naxçıvanlı musiqiçilərin, xanəndələrin iştirakının təmin olunması diqqət mərkəzində saxlanılır. Naxçıvanın bütün bölgələrində yeni musiqi məktəblərinin tikilməsinin nəticəsidir ki, bu gün muxtar respublikamızda gənc tarzənlər yetişir. Səsləri müxtəlif festivallar, muğam müsabiqələri, beynəlxalq musiqi yarışmalarından gələn gənclərimizi gördükcə köksüm sevinc və fərəh hissi ilə dolur. Bu gün istedadlı gənc tarzənlərimiz çoxdur. Təbiidir ki, onlar klassik ənənələri yaşadır, qoruyur, inkişaf etdirirsə, mən də ürəkdən sevinirəm.

– Musiqi mədəniyyətimizin tədrisi və təbliğinə töhfəsi olan kitablarınız da vardır.

– 1963-1967-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında, 1968-2006-cı illərdə Naxçıvan Dövlət Filarmoniyasında və Naxçıvan Orta İxtisas Musiqi Məktəbində çalışmışam. Naxçıvanda yaşayıb-yaratmaq mənə ad-san və şöhrət gətirib. Fəaliyyətim dövründə daim yenilik axtarışında olmuşam. Bu günə qədər milli musiqimizin qorunması, yaşadılması, tanıdılması istiqamətində bir çox işlər görmüşəm. Dünyanın müxtəlif ölkələrində, xüsusən də muğamın daha geniş yayıldığı Şərq ölkələrində Azərbaycan muğamını tanıtmağa çalışmışam. İran İslam Respublikasının Təbriz, Urmiya şəhərlərindəki, Türkiyə Respublikasındakı fəaliyyətim dövründə Azərbaycan milli musiqisinin təbliğinə çalışmışam. Bundan əlavə, tar üçün “Etüdlər”, “Qamma və arpeciolar” kimi tədris vəsaitlərinin 2005-ci ildə Təbriz şəhərində nəfis şəkildə nəşr olunması mənim üçün çox əlamətdardır. Bu kitablar orta və ali musiqi məktəblərində təhsil alan tələbələr üçün dəyərli vəsait kimi əhəmiyyət kəsb edir. Bununla yanaşı, “Azərbaycan muğamları” kitabı 2010-cu ildə Bakıda “Azərnəşr” tərəfindən, 2012-ci ildə isə Təbriz şəhərində nəşr olunub. Oğlum Kənan Məmmədli ilə birgə əməyimizin nəticəsi olan “Naxçıvan – Şərur el yallıları” kitabı Azərbaycan xalq musiqi janrına aid olan yallıları, onların ifa xüsusiyyətlərini və not yazılarını əks etdirən bir nəşrdir. Bu kitabları hazırlamaqda əsas məqsədimiz Azərbaycan musiqi mədəniyyətinin qorunub yaşadılmasıdır.

– Əkrəm müəllim, digər sənətkarlarımız kimi sizin də fəaliyyətiniz dövlətimiz tərəfindən yüksək qiymətləndirilib...

– Bəli, dövlətimiz tərəfindən əməyimə daim yüksək qiymət verilib. “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm. 2006-cı ildən Prezident təqaüdçüsüyəm. Gördüyüm bütün işlərdə, qazandığım bütün uğurlarda daim dövlət dəstəyini hiss etmişəm. Buna misal olaraq, kitablarımın təmənnasız şəkildə çap olunmasını, təhsil ocaqlarına paylanmasını göstərə bilərəm.

– Son olaraq professional sənətkar kimi yetişmək üçün gənclərə nələri tövsiyə edərdiniz?

– Əvvəla, hansı sənəti seçirsənsə, o sahəyə sevgin olmalıdır. Əgər sevgi olmazsa, gələcəkdə azacıq əziyyət çəkən kimi seçdiyin sahədən ayrılacaqsan. Ancaq sənətə eşqin olarsa, öz sənətində yüksəlmə yolunda heç nə səni dayandıra bilməz. Gözəl şairimiz Bəxtiyar Vahabzadənin qeyd etdiyi kimi: “Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq – həyat ağacıdır!” Sənətə məhəbbət, eşq olmadan nəyəsə nail olmaq mümkün deyil. İkinci ən əsas məsələ odur ki, əgər incəsənəti seçirsənsə, gərək qabiliyyətin, istedadın olsun. Daha sonra daxili saflıq da önəmlidir ki, insanlara təqdim etdiyin məhsul, yəni ifa etdiyin musiqi qəlbə, ruha toxuna bilsin. Bütün bunlarla yanaşı, alın təri, zəhmət də bu sənətdə əvəzsiz qalmır. Çox çalışmaq lazımdır ki, uğur əldə edə biləsən.

– Müsahibə üçün sağ olun

Pərviz Hacılı
“Şərq qapısı” qəzeti
24.05.2019


Keçmişdən günümüzə qədər, demək olar ki, bütün mədəniyyətlərdə, Səlcuqlu və Osmanlı dövrlərində Anadoluda uğurla istifadə edilən minakarlıq Sasanilər zamanında (224-651) sənətkarlar tərəfindən yaradılıb. Bu sənəti monqollar Hindistan və digər ölkələrə yayıblar. Bəzi tarixi mənbələr göstərir ki, Səlcuqlu, Səfəvilər və Zənd sülalələrinin yaşayış məskənlərindən minakarlıq üslubunda emal edilmiş yemək qabları və materiallar aşkar olunub. Belə yemək qablarının əksəriyyəti Qacar sülaləsinə aiddir. Səfəvilər dövründə buraya səfər edən fransız səyyahı qeydlərində yazırdı: “Bu əşyalar parlaq rəngli quşlar, heyvanlar, çiçək naxışları və ornamentlərlə bəzədilmişdir”.

Bu gün həmin sənət növü ilə məşğul olanlar dünyada barmaqla sayılacaq qədərdir. Dünyanın yaradılış yeri olan qədim yurdumuzda minakarlıq ilə illərdir, məşğul olan Əlhüseyn Qəribzadə bu sənətə marağın onda 10 yaşından yarandığını deyir. Bildirir ki, minakarlıq sənəti haqqında bir çox məlumatları aldıqdan, onun sirlərinə bələdçilik etdikdən sonra bu işlə məşğul olmağa başlayıb. “Prosesdə bir neçə usta iştirak etməli olduğu halda, mən bu işi təkbaşına görürəm”, – deyən usta onu da bildirir ki, metal formaları yaratma, maye ilə boyama və örtmə prosesi olduqca mürəkkəbdir. Bu sənət əzmkarlıq tələb edir. İşin gözəlliyi sənətkarın zövqünün incəliyinə, bacarığına bağlıdır. Mina üçün, əsasən, qızıldan istifadə edilir, çünki qızıl minanı daha yaxşı saxlayır. Gümüşdən qutuların, kasaların, qaşıqların, misdən isə digər sənət nümunələrinin hazırlanmasında istifadə edilir.

Minakarlığın nümunələri çox müxtəlifdir, eyni naxışlarla işlənmiş ikinci əl işini tapmaq çətindir. Minakarlıqda istehsal prosesi çox çətin olduğu üçün bu iş, ilk növbədə, diqqət və səbir tələb edir. İlk olaraq mis, gümüş, qızıl kimi metallardan seçilib müxtəlif əl işləri hazırlanır. Bu boyunbağı, cib saatı, rəsm və sair ola bilər. Sonra bu formanın minalanacaq tərəfi 1, 2, 3 millimetr ölçüdəki polad əl qələmi ilə oyularaq naxışlanır. Naxışlandıqdan sonra oyulmuş yerlərə mina toz olaraq tətbiq edilir və uyğun istilikdə əriyənə qədər ocaqda saxlanılır. Minanın ərimə dərəcəsini usta təyin edir. Bu istilik 750 dərəcə ilə 1000 dərəcə arası olur. Proses 3 dəfə təkrarlanır, – deyən müsahibim onu da qeyd edir ki, minanın ən dəyərlisi fırça ilə rəsm ediləndir. Bu fırçalar, adətən, pişik tükündən hazırlanır. Rəsm edilmiş minanın ən dəyərlisi isə 1,5-2 santimetr ölçülərdə olan insan portretləridir. Rəsmli minakarlıq növü rəssamlıq, zərgərlik, kimyagərlik tələb edən bir qarışıq laboratoriya sənətidir. Hər rəngin ərimə dərəcəsi fərqli olduğundan rəsmli minada rəngləri bir-birinə qarışdırmaq olmaz. Məsələn, işə ən yüksək dərəcədə əriyən sarı rəngdən başlamaq lazımdır. Bundan sonra əsərimiz 900 dərəcə istilikdə 5 dəqiqə bişirilir. Sonra mavi rəng vurulur, 850 dərəcədə bişirilir. Beləliklə, mərhələ-mərhələ digər rənglər əlavə edilir və hər rəng sonrası istilik müəyyən qədər aşağı düşürülür. Bir portret, təxminən, 10-18 dəfə ocaqda bişirilib soyudularaq işlənilir. Bişmiş məhsuldakı qüsurları aşkarlamaq üçün o, diqqətlə gözdən keçirilir. Yalnız mükəmməl örtüyə malik məhsullar satışa çıxarılır və ya nümayiş etdirilir. Müsahibim deyir ki, mexaniki təsirlər, kürədə tələb edilən istiliyin və ya müxtəlif təbəqələr arasında güclü qovşağın olmaması, metaldakı çatışmazlıqlar səthin kənarına zərər vurur. Mina üçün ən böyük risk mexaniki təsir nəticəsində bəzədilmiş səthin ayrılmasıdır. Ona görə də əl işlərini daşıyanda diqqət göstərilməlidir. Ayrılmış hissəyə rast gəlindikdə dərhal təmir olunmalıdır, əks halda digər hissələrin ayrılması baş verə bilər. Müsahibim onu da bildirir ki, bu sənətdə “islimi” üslubunda müxtəlif naxışlardan istifadə üstünlük təşkil edir. Minakarlığın fərqləndirici xüsusiyyətlərindən biri olan bu üslubdan min ildən artıqdır ki, istifadə edilir. Əlhüseyn onu da diqqətimizə çatdırır ki, keçmişdə bu sənətdə qeyri-üzvi boyalardan, hazırda isə kimyəvi rənglərdən istifadə olunur. Bu işin sirlərindən söhbət açan usta deyir ki, hər mina ustasının müraciət etdiyi fərqli üsullar mövcuddur. Bu üsulların hər biri uzun illər aparılan yüzlərcə sınaqdan sonra yaradılıb. Buna görə də ustalar öz üsullarını heç kimlə bölüşmürlər. Bu özünəməxsusluğuna görə minakarlıq sənəti günümüzdə nadir sənət növləri arasındadır. Günümüzdə metal üzərini hazır satın alınma rəngli şüşə tozları ilə bəzəyib mina kimi təqdim etsələr də, mina başqa, şüşə isə tamamilə başqadır. Minakarlıq sənəti ilə işlənmiş dizaynda bəzədilmiş parlaq rənglər müəyyən istilikdə metala sabitlənmiş olur. Ümumiyyətlə, mina maqnezium, kalium, qurğuşun, qiymətli daşlar, feldispat, kaolin, zirkonyum, borik turşusu və qalaydan hazırlanır. Əlhüseyn onu da bildirir ki, hazırda “Novruz yumurtaları” adlı kompozisiya üzərində işləyir. Bu kompozisiyada yumurtalar hazırlamaq və onların içərisinə milli bayramımız olan Novruzun simvollarını yerləşdirməklə məşğuldur. Onu da qeyd edim ki, Əlhüseyn Qəribzadənin işi təkcə minakarlıqla bitmir, o, yağlı boya ilə əsərlər çəkir. Onun əsərləri Birləşmiş Ərəb Əmirliklərindəki şəxsi kolleksiyalarda da var. Müsahibim indiyə kimi onlarla bənzərsiz minakarlıq işləri görüb və əsərlərində qədim diyarımızın tarixini, mədəniyyətini özündə əks etdirən nümunələr yaradıb. Bütün bunlar onun istedadının təcəssümü, bu insana bəxş edilən yaradıcılıq bacarığının məhsuludur. Onun əl işlərinə baxanda belə bənzərsiz incəsənət nümunələri yaradan insanın yaradıcılığına valeh olmamaq mümkün deyil.

Ramiyyə Əkbərova
“Şərq qapısı” qəzeti
22.05.2019


Şərqin qapısıdır, oğuzun yurdu,
Nəsillər qoynunda xaniman qurdu.
Heç vaxt yıxılmadı, ayaqda durdu –
Verdi düşməninə xələl Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!

***

Doxsan beşdir muxtariyyət yaddaşın,
Tarixlər yaşadır torpağın, daşın.
Dost-tanış içində ucadır başın,
Hörmətin də vardır əzəl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!

***

Haqdır, ədalətdir, inamdır yolun,
Məğrurluq əzəldən olub simvolun.
Tamaşa etdikcə sənə sağ-solun
Bəlli olur sadiq əməl, Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!

***

Sənə hər bir fəsil, mövsüm yaraşır,
Yaz gələndə çayların coşub-daşır.
Nübar göycən el-obanı dolaşır,
Tərxunun da gəzir əl-əl, Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!

***

“Naxçıvanın qızı, duzu, qarpızı”,
Al laləsi adlanır dağlar qızı.
Baldırğanın sulandırır ağızı –
Qovurman da olur özəl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!

***

Pencərinin ləzzətdə yox bənzəri,
Tərkibində çoxdur şəfa cövhəri.
Gül-çiçəyin yalan edib ənbəri.
Dadlı olur burda xəngəl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!

***

Gün ötdükcə çoxalır bar-bəhərin,
İşıqlıdır, nurludur hər səhərin.
Möcüzədir yer altda “Duz şəhərin”,
Sərvətin aranır əl-əl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!

***

Batabat hər kəsi eyləyir heyran,
Ağbulaq olubdur turizmə məkan.
Bir arada edir dörd fəsil cövlan –
Göygölünə yoxdur bənzər, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!

***

Yollar abadlaşıb olubdur rəvan,
Gül-çiçəklə bəzənibdir xiyaban.
Gələn qonaqları eyləyir heyran:
Vuran ürək, yaradan əl, Naxçıvan...
Bahar təravətli, gözəl Naxçıvan!

***

Həyatda heç bir şey heçdən yaranmır,
Böyük səylə çalışmayan qazanmır.
Davam edir yüksəlişin dayanmır –
Çox möhkəmdir səndə təməl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!

***

Ucalıb binalar, salınıb bağlar,
Gözəlliyin düşmən gözünü dağlar.
Cəmləşibdir səndə böyük maraqlar –
Yüksəlişdə var saf əməl, Naxçıvan!
Bahar təravətli, gözəl Naxçıvan!

***

Haqqında söhbətim tükənmir, bitmir,
Sənsiz heç Günəş də məni isitmir.
Hüsnünün vəsfinə sözlərim yetmir –
Aciz qalıb şeir, qəzəl, Naxçıvan,
Bahar təravətli, gözəl Naxçıvan!

Nail ƏSGƏROV
“Şərqin səhəri” qəzeti
16.05.2019


      Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olub. Bu baxımdan xalqımız hər zaman özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib.

Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi çox vacib məsələdir.

Ölkəmizdə mədəniyyətin inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına qayğı göstərmiş, bu sahənin nümayəndələrini daim qiymətləndirərək onlara böyük dəyər verib, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoyub.

Bu gün Naxçıvan Muxtar Respublikasında da mədəniyyətin inkişafı məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. İldən-ilə mədəniyyət müəssisələrinin tikintisi və əsaslı təmiri diqqət mərkəzində saxlanılır, əhalinin mədəni istirahəti üçün hərtərəfli şərait yaradılır, mədəniyyət və incəsənət sahəsində istedadların aşkara çıxarılması, mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün geniş miqyaslı tədbirlər həyata keçirilir.

Bu gün sözün əsl mənasında özünün inkişaf dövrünü yaşayan Kəngərli rayonunda da bu bölgənin mədəni irsinin qorunmasına, təbliğ edilməsinə hərtərəfli şərait yaradılıb. Rayonda digər sahələr kimi, mədəniyyət sahəsi də günü-gündən inkişaf edir. Bölgədəki mədəniyyət müəssisələrinin normal fəaliyyət göstərməsini təmin etmək məqsədilə onların böyük əksəriyyəti üçün yeni binalar inşa olunub, onların maddi-texniki bazaları gücləndirilib.

Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən 28 müəssisə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır, bölgə sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə töhfələrini verməyə səy göstərir. Rayon sakinləri Tarix-Diyarşünaslıq və Şahtaxtinskilər muzeylərinin, Qarabağlar Türbə Kompleksinin və 6 mədəniyyət evinin, 12 kitabxana müəssisəsinin, 5 klubun, 2 uşaq musiqi məktəbinin xidmətindən lazımınca istifadə edirlər.

Rayon Mədəniyyət Sarayı Qıvraq qəsəbəsinin ən gözəl və yaraşıqlı binalarından biridir. Rayon sakinlərinə böyük qayğının ifadəsi kimi müasir tələblər səviyyəsində inşa olunub Mədəniyyət Sarayının binası lazım olan avadanlıqlarla təmin edilib, burada bir sıra dərnəklər yaradılıb. Hazırda bu mədəniyyət müəssisəsi il ərzində müxtəlif əlamətdar günlərin, mədəni tədbirlərin, konsert proqramlarının təşkil olunduğu əsas ünvanlardandır. Rayon Mədəniyyət Sarayında “Kəngər” instrumental ansamblı, qızlardan ibarət “Gülüm hey” folklor qrupu, böyüklərdən ibarət “Sarı gəlin” yallı kollektivi və uşaqlardan ibarət yallı kollektivləri fəaliyyət göstərir.

2004-cü ildə yaradılan “Kəngər” instrumental ansamblı rayonda keçirilən ədəbi-bədii tədbirlərdə, bayram şənliklərində konsert proqramı ilə çıxış edir. Ansamblın üzvləri daim öz üzərlərində çalışaraq repertuarlarını daha da zənginləşdirir, iştirak etdikləri bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün səylə çalışırlar.

Kəngərli rayonu tarixən milli adət-ənənələri, xalq yaradıcılığı nümunələrini özündə yaşadan qədim bölgələrimizdən biridir. Rayonun kəndlərində yerli əhaliyə məxsus adət-ənənələr, folklor nümunələri bu gün də yaşadılmaqdadır. Toy mərasimlərini, el şənliklərini bunlarsız təsəvvür etmək mümkün deyil. Həmin toy mərasimlərində, qadın məclislərində, yəni xına gecələrində kəndin yaşlı qadınları, cavan qızları halay tutar, gülüm hey gedərlər. Səhnəcik şəklində keçirilən gülüm-hey xalq yaradıcılığı nümunəsi keçmişdən bu günə yadigar qalan folklor nümunələrindəndir. Qızlardan ibarət qrup özlərinə xas bu xalq yaradıcılığı nümunəsini bu günədək yaşadırlar.

Rayon Mədəniyyət Sarayı da fəaliyyətə başladığı ilk gündən yerli əhaliyə məxsus adət-ənənələrin, folklor nümunələrinin yaşadılması üçün yeni folklor kollektivləri yaratmağı qarşısına əsas məqsədlərdən biri kimi qoyub. Hazırda həmin folklor nümunələri “Gülüm-hey” folklor qrupunun fəaliyyətində öz əksini tapıb. Bu gün “Gülüm-hey” adlı folklor qrupunun fəaliyyət göstərməsi milli dəyərlərimizin qorunması və təbliği istiqamətində görülmüş işlərin məntiqi nəticəsidir.

Xalqımızın bir çox milli mədəniyyət elementlərini və etnoqrafik xüsusiyyətlərini özündə cəmləşdirən qədim rəqslərimizdən biri də yallıdır. Qədim rəqs mədəniyyəti ilə yanaşı, özündə bənzərsiz xalq musiqisini yaşadan yallılarımız bu gün də qorunur, gənc nəsillərə öyrədilir. İnsanları qələbəyə səsləyən, onlarda Vətənə, torpağa məhəbbət hissi oyadan yallılarımız birlik və bərabərliyimizin rəmzinə çevrilib. 2007-ci ildə fəaliyyətə başlamış həm uşaq, həm də böyüklərdən ibarət yallı kollektivləri də rayonun mədəni həyatında mühüm rol oynayır. Hər ay folklor kollektivlərinin məşqləri təşkil olunur, milli adət-ənənələrimizin təbliği ilə bağlı məktəblilərlə görüşlər keçirilir.

Kəngərli rayon Mədəniyyət Sarayının kollektivi yaradılan şəraitdən istifadə edərək bundan sonra da mədəni irsimizin qorunması, dəyərlərimizin təbliği sahəsində öz səy və bacarıqlarını əsirgəməyəcəkdir.

Tofiq Rüstəmov
Kəngərli Rayon Mədəniyyət
Sarayının direktoru
“Yeni həyat” qəzeti
“Nuhçıxan” İnformasiya Agentliyi
13.05.2019


      Hər bir xalqı digər xalqlardan fərqləndirən amillər sırasında milli dəyərlər xüsusi əhəmiyyət daşıyır. Bu cəhətdən Azərbaycan xalqına məxsus olan dəyərlər öz milli-mənəvi, estetik, bədii məna tutumu ilə fərqlənir. Min illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatan bu əvəzsiz sərvət xalqımızın bir növ kimliyi sayıla bilər. Zəngin adət-ənənələrimizi özündə ehtiva edən dəyərlərimiz xalqımızın mənəvi dünyasının formalaşmasında mühüm rol oynamış və bu gün də həmin vəzifə yerinə yetirilir. Onların yaşadılması, gələcək nəsillərə ötürülməsi hər bir dövrdə yaşayan insanların vətəndaşlıq borcudur. Bu gün qürur hissi keçiririk ki, milli dəyərlərimiz miras kimi qorunub saxlanılır.

XIV əsrdə Azərbaycan Yaxın Şərqin ən böyük ipəkçilik mərkəzlərindən biri idi. Burada istehsal edilən ipək sap və ipək parçalar öz zərifliyi, naxış xüsusiyyətləri ilə həm ölkədə, həm də onun hüdudlarından kənarda böyük şöhrət qazanmışdı. Azərbaycanda çoxlu miqdarda ucuz xammal mənbəyinin olması burada ipək parça istehsalı sənətkarlığının inkişafı üçün lazımi şərait yaratmışdı. Olduqca zərif, nadir və zövqoxşayan parçalar, ipəkdən qadın baş örtükləri və digər geyimlər hazırlanırdı. Parçaların naxışı və rəngləri bir xalqı başqasından ayırmağa, həm də eyni xalqın içərisində müxtəlif zümrələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, xara, atlas, məxmər, tirmə və başqa parçalardan geniş istifadə olunurdu. İpək parçalardan hazırlanan geyimlər içərisində qədim baş örtükləri daha gözəl, rəngarəng görünürdü. Bunlara ipək çalmalar, naz-nazı, təsək, ləçək, örpək daxil idi. Baş örtüklərinin içərisində daha geniş yayılmış ipək yaylıq, kəlağayı daha məşhur idi. Kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Bu baş örtüyü Azərbaycanın Təbriz, Şəki, Gəncə, Şamaxı, Naxçıvan kimi məşhur ipəkçilik mərkəzlərində istehsal edilirdi.

Sənətkarlar kəlağayını hazırlayarkən təkcə ipək parçanı naxışlamaqla kifayətlənmir, onun əlvan, rəngarəng görünməsi üçün əlavə rənglərlə də boyayırdılar. Parçanı boyayarkən naxışların üzəri bulaşmasın deyə mumla örtür və rəngli məhlulun içərisinə salırdılar. Parça boyanıb qurtardıqdan sonra mum örtükdən götürülür və beləliklə, parça üzərində rəngbərəng bəzəklər əmələ gəlirdi.

Qeyd edək ki, kəlağayının örtülməsində yaş və sosial fərqlər mövcud idi. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürdülər. Yəni, qadınlar bir neçə cür örtükdən istifadə edirdilər. Saçı bir yerə yığmaq üçün cuna və kətandan istifadə olunurdu. Cuna ağ rəngli pambıq parçadan, carqat isə narıncı, ağ, çəhrayı rəngdə və bəzən də saçaqlı olurdu.

Tarixən xalq yaradıcılığının çoxsaylı sahələrinin inkşaf etdirildiyi qədim Naxçıvan diyarında da kəlağayı qadınlarımızın istifadə etdiyi milli baş geyimlərindən olub. İpəkçiliyin inkişafı burada kəlağayının baş örtüyü kimi daha geniş yayılmasına imkan verib.

Onu da qeyd edək ki, milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkəmizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Belə ki, 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Unutmaq olmaz ki, geyim həm də mədəniyyətdir. Çalışaq yaşı zəngin tariximizlə ölçülən bu mədəniyyətimizin hər bir parçasını qoruyaq və yaşadaq.

“Yeni həyat” qəzeti
“Nuhçıxan” İnformasiya Agentliyi
12.05.2019


      Hər bir xalq fenoloji müşahidələr əsasında təbiətdə baş verən dəyişikliyi izləyir. Köçəri quşların qayıtması, yuva qurması, heyvanların həyatında baş verən dəyişikliklər, bitkilərin cücərib çiçəkləməsi və bunların az fərqlə hər il eyni vaxtda təkrarlanmasının şahidi olurlar. Məhz bu dəyişikliyə uyğun olaraq təsərrüfat işlərini planlaşdırıblar. Bu baxımdan may ayında təsərrüfat sahələrində görülən işlər xalq təqvimində xüsusi yerə malikdir.

Göycə dövrü – Bəzən əhali ata-babadan uzun illər boyu miras qalan təsərrüfat sahələrində dəyişiklik aparır, yeni fəaliyyət növləri məişətimizə daxil edilir. Naxçıvan əhalisinin əsas təsərrüfat fəaliyyətinə yeni daxil olan sahələrdən biri də göycə əkinləridir. Bu mənada Naxçıvanda may ayında xalq təqviminin müəyyən dövrünü göycə dövrü də adlandıra bilərik. Doğrudur, xalq təqvimində belə bir dövr yoxdur, amma son illər muxtar respublikada göycə əkinlərinə geniş yer verilməsi, göycənin təbliği ilə bağlı görülən işlər, daha dəqiq desək, ənənəvi göycə festivallarının keçirilməsi, bazar-dükanlarımızda bu nemətin bolluğu may ayında yeni bir dövrün – göycə dövrünün formalaşmasına zəmin yaradıb. Naxçıvan ərazisi elədir ki, yaxın məsafələrdə yerləşən aran kəndlərinin belə iqlim təzadı çoxdur. Naxçıvan şəhəri ilə ondan 2-3 kilometr aralıda yerləşən kənd arasında 12-15 gün iqlim fərqi vardır. Bu isə Naxçıvan bazarına mərhələli şəkildə məhsul çıxarılmasına səbəb olur. Bazarda 15-20 gün əsas ticarət məhsulu göycə olur. Bazara növrəs əriyin çıxması göycə satışının zəifləməsinə səbəb olur. Onu da qeyd edək ki, göycə “Naxçıvan brendi” nə çevrilib və bu məhsul muxtar respublikadan kənara göndəriləndə xüsusi rəğbətlə qarşılanır. May ayının əvvəllərindən bazarda əsasən, Naxçıvanın “Çuxur məhəlləsi” adlanan hissəsindən gətirilən göycələr satılır. Ümumiyyətlə, Naxçıvanda da “Çuxur məhəllə” göycəsi adla deyilir. Naxçıvan şəhəri ilə yanaşı Babək ərazisində də qədimdə geniş şəkildə göycə ağacı əkilib-becərilib. May ayının əvvəlindən başlayaraq 20-25-nə, bəzən ayın axırına qədər bazarın əsas alqı-satqı məhsulu göycə olur.

Beçə dövrü – Arıçılıqda may ayı “beçə ayı”, “beçə dövrü”, “pətək ayı” kimi adlanır. Naxçıvanın aran və orta dağlıqda yerləşən yaşayış məntəqələrində may ayından başlayaraq çiçəklər yetişib şirələnməyə, arılar artıq çiçək tozundan (güləm) çox şirə, nektar gətirməyə başlayır. Təcrübəli arıçılar söyləyirlər ki, may ayında arılar alaqaranlıqdan hava qızana qədər güləm, hava qızdıqdan sonra isə şirə gətirir. Müşahidələr göstərir ki, bir çox çiçəklər günəş çıxandan sonra yumulur, bir də axşamçağı açılır. Lalə və başqa çiçəklər səhər üzü açılır, günəş çıxandan sonra ləçəklərini tökür. Görünür, arı da işini təbiətə uyğun planlayır.

Çiçəklərdən toplanan şirə daşınanda arı yeni pətək toxumağa başlayır. Çünki dibdəki pətəklərdən anbar kimi istifadə edir. Topladığı ruzini bura doldurduğu üçün bala (qurd) qoymaqdan ötrü yeni pətəklərə ehtiyac olur. Məlumat üçün deyək ki, arı pətək toxumağa başlamamış “beçə” verməz. Ona görə də bəzən arıçılar deyir ki, “bu il beçə ili deyil”. Hər ailədə bir ədəd olan ana arı pətəyin gözcüklərinə bala (qurd) qoyur. Bu qurdların içərisində yekə gözcüklərdən erkək arılar, normal gözcüklərdən isə işçi arılar çıxır. Daha böyük bir neçə göz olur ki, bunlardan da ana arılar çıxır. Təcrübəli arıçılar qoyulan ana gözlərə baxanda bəzən deyirlər ki, “arı ana dəyişir”, yəni, ailədə olan ana arı ya qocalıb, ya da hansısa səbəbdənsə az məhsuldardır. Ona görə də yeni ana arı çıxanda əvvəlki arını öldürürlər. Yeni çıxan ana arılar özü ilə bir dəstə arı götürərək yeşikdən çıxır ki, buna “beçə” deyirlər. Bir beçə dəstəsində 4-5 ana arı olur. Sonradan arılar seçib birini saxlayır, qalanını öldürürlər. Yeşikdən çıxan beçə yaxınlıqdakı ağac, kolun üstünə düşür. Bir-iki saat ərzində beçə tutulub pətəyə, səbətə salınmazsa, uçub hara gəldi gedəcək. Bəzən elə olur ki, beçə yaxınlıqda olan, hətta kənarda digər arıçıların qoyduğu boş pətəklərə girib məskən salır. Arı ailəsindən beçənin çıxması arı ailəsini zəiflədir. Vaxtilə arılar səbətdə saxlanılmadığı üçün arı ailəsinə nəzarət etmək olmurdu. İndi isə arı ailəsi pətəklərdə (yeşiklərdə) olduğu üçün nəzarət asandır. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsini nəzarətdə saxlayır, qoyulan ana gözləri doğrayıb tökürlər. Bu cür xidmət çox zəhmət tələb edir. Bəzən arı ailəsində olan ana gözlər fərqli böyüdüyünə görə, bir və ya bir neçə gün ərzində eyni ailədən bir neçə kiçik dəstələrlə beçə ayrılır. Belə dəstələrə arıçılar bəzən “milçək” deyirlər. Beçə tutulub ayrı yeşiyə yerləşdirilir. Yeşiyə bir neçə çərçivə və mümkünsə, bir ədəd bal olan çərçivə qoyulur. Ballı çərçivə olmadıqda beçəyə bir neçə gün şirə (şərbət) verilir ki, özünü toplasın. Bəzi arıçılar beçənin çıxmasını, arı ailəsinin zəif düşməsini istəmədikdə beçə dəstəsini ağ parçanın üstünə çırpır, ana arıları seçib öldürürlər. Bu zaman beçədə olan arılar ayrılıb çıxdığı ailəyə qayıdır. Yağıntılı illərdə gül-çiçək çox olduğu üçün arı üç dəfə beçə verə bilir. Onlar sırası ilə “şahbeçə”, “ortabeçə” və “xorabeçə” adlanır. Yalnız arı ailəsinin sayını artırmaq istəyən arıçı bir neçə dəfə beçə çıxarmasını arzulayır.

Naxçıvanda may ayının əvvəllərindən üzüm bağlarını qazmağa başlayırlar. Bu zaman həm də üzüm tənəklərinin yarpaqlarının yığılma vaxtıdır. Bağdan yalnız öz ehtiyacı üçün yarpaq toplayan ailələr qazmanı bir qədər ləngidir ki, sonradan qazılmış bağ yarpaq dərərkən ayaqlanmasın. Yarpağı satış məqsədi üçün toplayan ailələr isə yarpaq qartalana, yəni qalınlaşana, uc yarpaqlar inkişafdan düşənə qədər yarpaqları toplayırlar. Təbii ki, üzüm yarpağından bişirilən dolma əvəzsizdir. Ona görə də yarpaqlar təzə halda yeyildiyi kimi, şorabaya qoyulur, quru halda duzlanır, soyuducunun dondurmasına qoyulub qışa saxlanılır.

May ayı heyvandarlıqda da görüləcək bəzi işlərin də əsas vaxtı hesab olunur. Qoyunların qırxımı bu ayda aparılır ki, istidən və müxtəlif həşəratlardan əziyyət çəkməsinlər. Aranda ayın əvvəlindən subay heyvanlar, 15-dən sonra isə sağmal qoyunlar qırxılmağa başlanılır. Qoyunlar elə qırxılır ki, mayın axırı və yaxud, iyun ayının əvvəli sürülər yaylağa qalxanda heyvanların bədəninə bir qədər tük gəlsin. Xalq inancına görə, sağmal qoyunlar qırxılanda südünü azaldır.

Qızılgül dövrü – May ayının 15-dən sonra qızılgüllər açılmağa başlayır. Naxçıvan bağlarında qızılgül daim yetişdirilib. Qızılgüldən alınan gülab, gül mürəbbəsi, gülqənd, gülməşəkər hər bir ailədə hazırlanıb qış azuqəsinə çevrilmişdir. Bu gün qızılgülün satışından gəlir götürən yaxşı ailə təsərrüfatları formalaşıb. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib. Planda ailə təsərrüfatlarında qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün qızılgül bitkisinin əkin sahəsinin genişləndirilməsi də nəzərdə tutulub. Bu şəraitdən yararlanan ailə təsərrüfatı rəhbərləri qızılgül istehsalına geniş yer verməklə daha çox gəlir götürmək imkanına malikdirlər. Qızılgül əkinlərinə geniş yer verilməsi digər bir tərəfdən xalqımıza məxsus olan qədim əkinçilik ənənələrinin yaşadılması deməkdir.

May ayında dağlarımızda bitən və qış şorabasının əsasını təşkil edən, daim yüksək qiymətləndirilən bolu, çaşır, baldırqan, sobu, çöl kəvəri, cacıq özəyi toplanır. Bir sözlə, zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları olan qədim Naxçıvan torpağı may ayında bar-bəhəri ilə seçilir. Naxçıvan nemətlərinin əksəriyyətini qurudub qış fəslinə saxlayaraq onun satışını təşkil edənlər isə daha çox fayda görür.

Zaleh Novruzov
“Şərqin səhəri” qəzeti
“Nuhçıxan” İnformasiya Agentliyi
12.05.2019


      Azərbaycan ədəbiyyatı və ümumən, ictimai-elmi fikrinin inkişafında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev mühüm rol oynayıb. Bu uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın, eyni zamanda ədəbiyyatşünaslığımızın milli ideyalar istiqamətində inkişafında əvəzsiz mənbə olub.

Heydər Əliyevin hələ Azərbaycanda Mərkəzi Komitəyə rəhbərlik etdiyi vaxt klassik Azərbaycan ədəbiyyatı və onun görkəmli nümayəndələrinin öyrənilməsi haqqında qəbul etdiyi tarixi əhəmiyyətli qərarlar ədəbiyyatşünaslıq elminin milli ideyalar istiqamətində inkişafına böyük təkan verib. Keçən əsrin 20-30-cu illərindən başlayaraq xalqın milli dəyərləri, tarixi, ədəbiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri unudulma siyasətinə məruz qalmış, xalqın mülkiyyətindən qoparılma cəhdinə düçar olmuşdu. Xalqın milli düşüncəsini yaşadan istedadlı ziyalı və ədiblər repressiyaya uğradılır, söz xəzinəsi və mədəniyyət nümunələri zərərli abidələr adı altında sıradan çıxarılırdı. Xalqın milli soykökü və qədim, zəngin tarixi düşüncəsini əks etdirən ədəbiyyat nümunələri və görkəmli şəxsiyyətlər məqsədyönlü şəkildə tarix səhnəsindən silinirdi. XX əsrin 70-ci illərindən isə Heydər Əliyevin bu məsələni xüsusi diqqət altına alması xalqın milli sərvətini özünə qaytarmaq vəzifələrinin icrasına səbəb oldu. Beləliklə, yüksək istedadla yaradılmış və xalqın milli keçmişini, mənəviyyatını əks etdirən ədəbiyyat nümunələri xalqın milli sərvəti olaraq qorunmağa və böyük qayğı ilə əhatə olunmağa başladı. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və çoxsaylı görkəmli klassik ədəbi şəxsiyyətlərin öyrənilməsi və əsərlərinin nəşrinə böyük imkanlar yarandı, ədəbiyyatşünaslığın milli istiqamət almasına ciddi təsir göstərdi. Məhz bu sayədə Azərbaycan ədəbiyyatı milli sərvətimiz kimi qorunaraq ədəbiyyatşünaslıq milli ideyalılıq və elmi prinsiplər üzrə yeni inkişaf yoluna qədəm qoydu.

Azərbaycan xalqının bir çox sınaqlardan keçdiyi XX əsrin qarışıq və mürəkkəb 90-cı illərində yenidən hakimiyyətə qayıdan Heydər Əliyev davamlı siyasət sayəsində xalqın mənəvi sərvətinin qorunması və inkişafına mühüm diqqət ayırdı. 90-cı illərdə yeni ictimai-iqtisadi sistemə keçid dövründə təkcə ictimai-siyasi, iqtisadi sahələrdə deyil, ən əsası milli ictimai düşüncədə dərin ideoloji böhran yaşandığı, meyarların itdiyi bir bu böhranı ortadan qaldırmağa, ideoloji meyarları təsbit və müəyyən etməyə şərait yaratdı. Yeni düşüncənin ortaya çıxdığı bir zamanda verilən qararlar milli baxış və təhlil meyarlarının meydana gəlməsinə səbəb oldu. Bu dövrdən başlayaraq milli-mənəvi dəyərlərə qayğı başlıca yerdə dayandı. Çünki Ümummilli liderin fikrincə: “...insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir edən güclü vasitə yoxdur”. Bu baxımdan Heydər Əliyevin vaxtilə ideoloji cəhətdən zərərli abidə kimi xalqın milli sərvəti olmaqdan şıxarılmış “Kitabi-Dədə Qoprqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında sərəncamı, yubiley mərasimindəki çıxışı da bütövlükdə xalqımızın milli-mənəvi sərvətlərinə, onun tarixi, mədəniyyəti və ədəbiyyatına kdəqiq münasibətin müəyyən edilməsinə istiqamət verdi. Onun:“Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapıb... ...Bu, bizim ana kitabımızdır... ...Eposun əsas ideyasını qəhrəmanlıq ideologiyası təşkil edir. ...“Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir”,– deyə ifadə etdiyi fikirlər həm qorqudşünaslıq kimi yeni bir sahənin elmi əsasını müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan şifahi xalq ədəbiyyatına, bütövlükdə xalqın mənəvi sərvətlərinə yeni baxış tərzini müəyyən edirdi. Təsadüfi deyil ki, ulu öndər Mustafa bəy Topçubaşovdan danışanda mütəxəssis həkimdən, Yusif Məmmədəliyevdən danışanda peşəkar kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan və sənətşünasdan daha geniş və peşəkar dəyərləndirmə aparırdı. Bu mənada onun hər bir sahə ilə bağlı söylədiyi fikirlər həmin elmin, sahənin tədqiqatına yeni istiqamət, meyar vermiş olurdu. Vaxtilə görkəmli ictimai xadim, ədib Nəriman Nərimanov haqqında dediyi fikirlər təkcə onun əleyhinə aparılan elmi-ictimai kampaniyalara qarşı deyil, ümumən Sovet dövrü tarixinə, sovet qalıqlarına qarışaraq ictimai qınaq hədəfinə çevrilmiş bütün görkəmli şəxsiyyətlər əleyhinə yönəldilmiş fikir və stereotiplərə qarşı tutarlı cavab olmaqla bərabər ümumən Azərbaycan tarixinin Sovet dövrünə düzgün, obyektiv yanaşma tərzinin formalaşmasına təkan verdi.

Heydər Əliyev görkəmli söz ustadları, böyük klassiklər - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xətayi, Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqaları barəsində danışarkən onları təkcə ədib, şair, yazıçı kimi deyil, həm də bir mütəfəkkir, filosof olaraq təqdim edir, tədqiqatların istiqamətini məhz bu məcrada aparılması konsepsiyasını göstərirdi. Çıxışında:“XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır”,– deyə böyük klassiklərin yaradıcılığını, ümumən milli ədəbi düşüncə və milli ideologiyamızın mənbəyi kimi təqdim edir, xalqın milli sərvətinə həm də milli məfkurə yönündən araşdırma zərurətini ifadə etmiş olurdu. Həmçinin, böyük şair Hüseyn Cavidlə bağlı səsləndirdiyi fikirlər də ədəbiyyatşünaslıqda milli konseptual istiqamət, yanaşma tərzi, Sovet dövründən ziddiyyətli fikirlər qarşısında qalan Hüseyn Cavid irsi və şəxsiyyəti haqqında obyektiv milli yanaşma meyarı müəyyənləşdirilmiş oldu. Onun vətəndaşlıq cəsarəti nəinki Cavidin nəşini öz doğma torpağına gətirməsi, həm də bu əbədiyaşar sənətkarın ölməz irsinə əsl bəraət və ikinci həyat bəxş etməsi ilə də nəticələndi. Ulu öndərin: “Hüseyn Cavidi Şərqin Şekspiri adlandı­rır­lar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsər­lə­rin­dəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavidin “İblis” əsəri heç də Hötenin “Faust”undan geri qalmır” kimi fikirləri görkəmli filosof, şair Hüseyn Cavid yaradıcılığına ədəbi-estetik təhlil, yanaşma metodunu təsbit etməklə bərabər onun Azərbaycan və dünya ədəbiyyatındakı yerini, mövqeyini müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan romantizminə yanaşma üsulu və tərzini ədəbi cəhətdən müəyyən etmiş olurdu.

Ümumiyyətlə, ayrı-ayrı görkəmli adamlarımızın Azərbaycan xalqının mənəvi sərvətləri içərisində yerini və mövqeyini müəyyənləşdirmək baxımından Heydər Əliyevin fikirləri müstəsna əhəmiyyətə malikdir. Onun Nizami, Nəsimi, Füzuli, Xətayi, Vaqif, Mirzə Cəlil, Cavid və başqaları haqqında fikirlərində həm şəxsiyyətlərə filosof kimi yanaşma meyli özünü aydın ifadə edir, həm də bu şəxsiyyətlərin dünya səviyyəsində qazanmış olduqları şöhrət və ədəbi mövqelərinə diqqət çəkmiş olurdu. Bununla milli ədəbiyyatımızı həm də ümumtürk kontekstində öyrənməyin zəruriliyini ifadə edir, ədəbiyyatşünaslıq elmi üçün ədəbi sərvətlərə yanaşma tərzi təqdim edirdi. Yaşadığımız dövr üçün son dərəcə zəruri olan bu yanaşma ədəbiyyatımıza vahid, məqsədli, milli ideologiyaya bağlı, ümumtürk və ümumdünya düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş oldu.

Ulu öndər Heydər Əliyev öz müdrik fikirləri ilə Azərbaycan elmi-ictimai fikrinin inkişafına yeni güc qatıb, onun ideya-estetik, elmi meyarlarının müəyyənləşməsində mühüm rol oynayıb. Azərbaycan xalqının həyatını təşkil edən bütün sahələrdə həyata keçirilən hərtərəfli davranış və xilaskarlıq missiyası dahi lider Heydər Əliyevi Ümummilli liderliyə ucalaraq əbədiyaşarlıq qazandırıb.

“Nuhçıxan” İnformasiya Agentliyi
09.05.2019


      Müasir Azərbaycanın yaradıcısı olan Heydər Əliyev ölkədə digər sahələrlə yanaşı təsviri incəsənətin inkişaf etdirilməsi işinə xüsusi diqqət yetirib. İstər 1970–1982-ci illərdə, istərsə də 1993-cü ildən sonra təsviri incəsənətə qayğı dövlət səviyyəsində prioritet məslə kimi önə çəkilirdi. Hələ 1970-ci illərdə Ulu öndər xalqımızın istedadlı yaradıcı insanlarını nəinki keçmiş SSRİ-də, hətta dünyada tanıtdırılması üçün təsviri incəsənətin imkanlarını yüksək dəyərləndirirdi. Azərbaycan təsviri incəsənəti Heydər Əliyev epoxasında dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Prinsip etibarilə Azərbaycan sənət adamının yaradıcı təxəyyülü Ulu Öndər tərəfindən dəstəklənib, nəticədə məhz həmin dövrlərdə Azərbaycan təsviri incəsənəti özünün möhtəşəm uğurlarına imza atıb.

Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə daim rəssamların, heykəltaraşların, memarların yaradıcılığını yüksək qiymətləndirirdi. Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Ömər Eldarov, Lətif Kərimov, Kamil Əliyev kimi yaradıcı insanlar onun qayğısı ilə öz yaradıcılıqlarını dünya səviyyəsinə qaldıra bildilər.

Qəti şəkildə deyə bilərik ki, ulu öndər Heydər Əliyev bütün həyatı boyu Azərbaycan mədəniyyətinin, o cümlədən Azərbaycan təsviri incəsənətinin ən fədakar təbliğatçısı missiyasını şərəflə, həm də sevə - sevə həyata keçirib. Onun şəxsi və rəsmi təşəbbüsü ilə Tahir Salahova hələ 1973-cü ildə keçmiş ittifaqın ən yüksək mükafat olan SSRİ Xalq rəssamı fəxri adı verildi.

Ulu öndər Azərbaycanın mədəniyyət xadiminin yeni yaradıcılıq uğurlarını əldə etməsi üçün dövlət tərəfindən hər cür şəraitin yarada bilmişdi. Azərbaycan mədəniyyəti tarixində yer tutan sənət adamlarının yubileylərinin keçirilməsi daim dövlət səviyyəsində təşkil edilir, respublika miqyaslı sərgilərdə şəxsən iştirakı ilə yaradıcı insanları yeni sənət uğurlarına ruhlandırırdı. Əslində Azərbaycan mədəniyyətinin hər bir nümayəndəsi Heydər Əliyevin simasında özünün əzmkar və yenilməz müdafiəçisini tapmışdı.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı üçün sənət adamlarının yaradıcılıq əlaqələrinin genişləndirilməsinə də xüsusi önəm verirdi. Təsadüfi deyil ki, SSRİ Rəssamlıq Akademiyasının 1981-ci il tarixli qurultayı Bakıda keçirildi. Bu önəmli qurultayda çıxış edən Ümummilli liderimiz Azərbaycan rəssamlarının qarşısında xalqa, ölkəyə xidmət baxımından ciddi vəzifələr qoydu. Ulu Öndər mədəniyyət sahəsində yüksək ixtisaslı kadr potensialının formalaşdırılması məsələsinə də xüsusi həssaslıqla yanaşırdı. Bunun nəticəsidir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2000-ci ildə məhz dahi rəhbərin təşəbbüsü və dəstəyi ilə fəaliyyətə başladı.

Azərbaycan təsviri incəsənəti tarixində heç bir mütərəqqi hadisə Heydər Əliyevin diqqətindən yayınmayıb. Ölkə mədəniyyətinə məxsus müəlliflərin, əsərlərin dəyərləndirilməsi işində Ulu Öndər sistemli dövlətçilik ənənəsi yaradıb. 1973-cü ildə milli koloritdə işlədiyi üçün keçmiş SSRİ-nin müvafiq qurumları tərəfindən qəbul edilməyən istedadlı rəssam Səttar Bəhlulzadənin əsərinə Dövlət mükafatı verməklə Heydər Əliyev Azərbaycanda sənət adamının daim dövlət qayğısı ilə əhatə olunacağını elan edirdi. Öz növbəsində Azərbaycanın sənət adamları da Heydər Əliyev dühası qarşısında mənəvi borcunu bu möhtəşəm dahiyə məxsus olan şəxsi keyfiyyətləri müxtəlif sənət əsərlərində canlandırmaqla ödəməyə çalışıblar. Bu gün fəxrlə deyə bilərik ki, dünya rəssamlığı və heykəltəraşlığının ən qiymətli sənət inciləri sırasında Ulu Öndərə həsr olunanlar da şedevr sayılır.

Ümummilli liderin qayğısı ilə əhatələnən Naxçıvan rəssamlığı, memarlığı və heykəltəraşlığı da sözün həqiqi mənasında, özünün neointibah dövrünü yaşayır. 1971-ci ildə Naxçıvan Rəssamlar Təşkilatı məhz dahi rəhbərin təşəbbüsü və sərəncamı ilə yaradılıb. Həmin dövrdə Naxçıvanda davamalı olaraq Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Elmira Şaxtaxtlı, Rəcəb Rəcəbov, Şəmil Mustafayev, Sabir Qədimov kimi rəssamların yaradıcılıq sərgilərinin keçirilməsi bu sənətə göstərilən dövlət qayğısı idi.

Ümummilli liderin Azərbaycan rəssamlığına göstərdiyi ən böyük diqqət və qayğı isə ilk peşəkar rəssam Bəhruz Kəngərli irsinə verdiyi qiymətdir. 2002-ci ildə rəssamın 110 illiyinin ölkə səviyyəsində qeyd edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə Bəhruz Kəngərli Muzeyinin yaradılması da böyük rəssama göstərilən qayğının nümunəsidir. 2002-ci il iyunun 18-də bu muzeyin açılışında Ümummilli liderin şəxsən iştirak etməsi və nitq söyləməsi də Heydər Əliyevin sənətə verdiyi sonsuz qiymət idi. Bu həm də muxtar respublikanın sənət adamlarının yaradıcılığında yeni bir mərhələnin başlanğıcı idi.

Hazırda bu ənənə davam edir. Naxçıvanda yaşayıb-yaradan Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamları Ülviyyə Həmzəyeva, Telman Abdinov, Həsən Qurbanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva, Cavid İsmayılov, Əli Səfərli, sənətşünas-rəssamlar Ləman Məmmədova, Nizami Alıyev kimi tanınmış fırça ustaları yeni sənət uğurlarına imza atmaqdadırlar.

“Nuhçıxan” İnformasiya Agentliyi
09.05.2019


      Azərbaycan musiqi mədəniyyəti tarixinə bəstəkar istedadı, pedaqoq məharəti, ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünyagörüşü ilə fərqlənib. O, xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.

NUHÇIXAN xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 100 il ötür. Prezident İlham Əliyevin aprelin 1-də imzaladığı Sərəncama uyğun olaraq ölkəmizin hər yerində görkəmli bəstəkarın yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilir.

Soltan Hacıbəyov 1919-cu ildə ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsr 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb tərbiyə alır.

Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416–cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40–cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur. 1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyl edir, ayrı–ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.

1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı, həm də təbiət təsvirləri vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay – lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.

1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

Ötən əsrin 50–ci illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişir, mənən isə ikinci və... əbədi həyat yaşamağa başlayır...

“Nuhçıxan” İnformasiya Agentliyi
08.05.2019


      Aprel ayında muxtar respublikada mədəni-kütləvi tədbirlər davam etdirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Ay ərzində muxtar respublikanın rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə konsertlər olmuş, tamaşa və filmlər nümayiş etdirilmişdir.

Aprel ayında Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin rəmzi - yallı” mövzusunda dəyirmi masa keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, böyük Azərbaycan şairi Nəsiminin 650 illiyi, Cəlil Məmmədquluzadənin 150 illiyi, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113-cü ildönümü və başqa yubileylər qeyd edilmişdir. Keçirilən tədbirlərin kütləviliyinə və rəngarəngliyinə, keyfiyyət dəyişikliyinə də diqqəti artırmışdır. Nazirlik tərəfindən forma müxtəlifliyinə diqqət yetirilməklə müxtəlif müsabiqələr, dəyirmi masa, oxucu konfransı, xatirə gecəsi, anım günü, kitab müzakirəsi, intellektual oyun, maarifləndirici tədbir, mühazirə, metodiki kurs, seminar-treninq, eksponat təqdimatı, kitabxana və kitabxanaçı günləri, mütaliə günü, nağıl günü və başqa tədbirlərin keçirilməsinə nəzarət artırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nazirlikdə ekspert qrupu yaradılmışdır. Həmçinin muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri ilə görüş keçirilmişdir. Keçirilən görüşlərdə Sərəncamın icrası ilə bağlı təkliflər müzakirə olunmuşdur. Aprel ayı ərzində ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslar üzrə ustad dərslər davam etdirilmişdir.

Ötən ay qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması sahəsində işlər davam etdirilmişdir. Ay ərzində muzeylərdə, ümumilikdə, 42 açıq dərs, 6 tədbir keçirilmiş, 8 sərgi qurulmuş, muzeylərə 161 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ötən ay 49 min 812 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 15 min 741 nəfəri əcnəbi vətəndaş olmuşdur.

Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin qurulması diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi və sərgilərin yaradılması üçün bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş 20 kitab müzakirəsi keçirilmişdir. Bu dövrdə kitabxanalarda yeni oxucu sayı 342 nəfər, oxucu gəlişi 9 min 745 nəfər, kitab verilişi 53 min 590 nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 420 kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 111 min 75-ə çatdırılmış, şəbəkəyə isə 430 kitab (PDF) işlənmiş və ümumi say 2 min 333 olmuşdur. Elektron kitabxanadan uzaq məsafədən (virtual xidmət) 181, lokal şəbəkədən isə 144 olmaqla 325 oxucu istifadə etmişdir.

Muxtar respublikanın klub müəssisələrində dərnəklərin təşkili və fəaliyyəti ilə bağlı bir sıra işlər görülmüşdür. Aprel ayında mədəniyyət evləri və klublarda ümumilikdə hesabat dövrü ərzində mədəniyyət evləri və klublarda 129 mədəni-kütləvi tədbir təşkil edilmişdir.

Ötən dövrdə teatr kollektivlərinin nümayiş etdirdikləri tamaşalar da muxtar respublikanın sakinlərinin asudə vaxtlarının mənalı təşkilinə istiqamətləndirilmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Qoğalın sərgüzəşti”, Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı” tamaşalarını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin, “Şərur” Xalq Yallı Ansamblının, rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin muxtar respublikanın rayonlarında konsertləri təşkil olunmuşdur. Həmçinin musiqi kollektivlərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” və “Yaradıcı gənclər” festivallarında çıxışları olmuşdur.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon və kəndlərində “Yol əhvalatı”, “Dərs”, “Qırmızı bağ” filmlərini nümayiş etdirmiş, məktəblilər üçün kinoviktorina keçirilmişdir.

Bu müddətdə nazirliyin tabeliyində olan təhsil müəssisələrində ustad dərslər, metodiki kurs, açıq dərslər davam etdirilmiş, intellektual oyunlar təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
06.05.2019


      Naxçıvan mətbəxində yazda müxtəlif göyərtilərdən hazırlanan çoxçeşidli, dadlı, vitaminlərlə zəngin təamlar üstünlük təşkil edir. Əvvəlki yazılarımızda onlardan bir neçəsi haqqında geniş məlumat vermişdik. Bu yazıda isə ölkəmizin digər bölgələrində və ədəbiyyatda “cincilim”, Naxçıvan dialektində isə xıncılovuz kimi tanınan yaz yeməyindən və mərəçöyüddən– qulançardan bəhs edəcəyik.

Xıncılovuz soğanağı ilə birlikdə çıxarılır və bütün pencərlər kimi xıncılovuzun da qovurma ilə və ya xırda doğranmış ət tikələri ilə qızardılması çox dadlı olur. Yağda qızardılması, üzərinə yumurta vurulması da ləzzətlidir. Xıncılovuzu bəzən doğrayıb qurudaraq qış azuqəsi kimi saxlayırlar. Bu bitkinin qutabı, kətəsi də bişirilir. Bəzi evlərdə turşusu da qoyulur. Əsasən, təpələrdə, çaykənarı düzənliklərdə bitir. Naxçıvanın istər aran, istərsə də dağlıq zonasında geniş yayılsa da, dağlıq zonanın əhalisi bu bitkidən çox az istifadə edir. Xıncılovuz toplayan zaman naşı adamlar bu bitki ilə yanaşı bitən “qarğa soğanı”-nı qarışıq salırlar. Xırda soğanağı olan bu bitkiləri fərqləndirən əsas əlamət xıncılovuzun məhz tünd yaşıl rəngi və islanmış kimi görünməsidir.

Mərəçöyüd muxtar respublika ərazisində Araz çayı sahilindən başlayaraq dəniz səviyyəsindən 2000 metr yüksəkliyə qədər olan ərazilərdə yayılmışdır. Bu bitki qulançar da adlanır. Adətən, kol bitkilərinin dibində göyərir. Bitkini həm çiy halda, həm də digər pencərlər kimi qovurub yemək olur. Mərəçöyüdün ocaqda kabab edilməsini də xoşlayanlar çoxdur. Son zamanlar bazarlarımızda mərəçöyüd də satılır, ondan çox dadlı kətə hazırlamaq mümkündür. Təcrübəli alıcılar aran mərəçöyüdünə nisbətən dağ mərəçöyüdünə daha çox üstünlük verirlər. Mərəçöyüddən xalq təbabətində də geniş istifadə edirlər.

Bu gün Naxçıvanın bazar-dükanlarında digər pencər növləri kimi mərəçöyüd və xıncılovuzu da asanlıqla tapmaq mümkündür. Zəhmətkeş dağ adamları ilin-günün bu vaxtında yuxusuna haram qatıb səhərin erkən çağında dağ-dərəyə üz tutur, təbiətin səxavətlə bu diyara ərmağan etdiyi növbənöv otlardan, göbələklərdən, müxtəlif dərman bitkilərindən toplayırlar. Üstəlik bu bitkilərin böyük əksəriyyəti orqanizm üçün çox faydalıdır, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Saymaqla bitməyən yaz sovqatlarından yeyin ki,canınız sağ, bədəniniz gümrah olsun...

Zaleh NOVRUZOV
"Şərqin səhəri" qəzeti
“Nuhçıxan” İnformasiya Agentliyi
05.05.2019


      Muxtar diyarımızın elə bir bölgəsi yoxdur ki, orada xalq yaradıcılığı nümunələrinə rast gəlinməsin, yaşadılmasın. Kəngərli rayonu da adət-ənənələri, xalq yaradıcılığı nümunələrini özündə yaşadan qədim bölgələrimizdən biridir. Rayonun kəndlərində yerli əhaliyə məxsus adət-ənənələr, folklor nümunələri bu gün də yaşadılmaqdadır. Toy mərasimlərini, el şənliklərini bunlarsız təsəvvür etmək mümkün deyil. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Qarabağlar kəndi özünün qədimdən mövcud olmuş toy mərasimləri ilə seçilir. Həmin toy mərasimlərində, qadın məclislərində, yəni xına gecələrində kəndin yaşlı qadınları, cavan qızları halay tutar, “Gülüm hey” gedərlər. Səhnəcik şəklində keçirilən “Gülüm-hey” xalq yaradıcılığı nümunəsi keçmişdən bu günə yadigar qalan folklor nümunələrindəndir. Hazırda həmin folklor nümunələri “Gülüm -hey” folklor qrupunun fəaliyyətində öz əksini tapıb.

“Gülüm-hey” folklor qrupu ilk olaraq Qarabağlar kəndində təşkil edilib. Qrupu yaratmaqda əsas məqsəd el şənliklərində, toy mərasimlərində, xinayaxdı gecələrində bölgəyə aid deyimlər, haxıştalar demək, milli dəyərlərimizi yaşatmaq və gənc nəsillərə aşılamaqdır. “Gülüm-hey”in repertuarında ifa edilən deyimlər, əsasən, Qarabağlar kəndində yaşayan ağbirçək nənələrimizin dilindən, yaşlı qadınlardan öyrənilib. Bu folklor nümunəsi Kəngərli rayonuna xas olduğundan deyimlərdə bölgə ilə bağlı olan bəndlərə də rast gəlinir. Məsələn:

A gülüm hey, e gülüm hey,
Kəngərliyə gələn qız.
A gülüm hey, e gülüm hey,
Böyük-kiçik bilməli.
A gülüm hey, e gülüm hey,
Kəngərlidən gedən qız.
A gülüm hey, e gülüm hey,
Göz yaşını tökməli.

2005-ci ildən Kəngərli Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyətə göstərən “Gülüm-hey” folklor qrupu mədəniyyət evi, klub və kitabxanalarda çalışan qızlardan təşkil olunub. Bu gün həmin folklor qrupunun fəaliyyət dairəsinin genişləndirilməsi məqsədilə onun repertuarına yeni folklor nümunələri əlavə edilir, kollektivə istedadlı gənc qızların cəlb edilməsi istiqamətində işləri davam etdirilir. Hazırda 8 üzvü olan bu folklor qrupu rayonda, eləcə də muxtar respublikada keçirilən xalq yaradıcılığı günlərində, bayram şənliklərində fəal iştirak edir.

Onu da qeyd etmək istərdik ki, “Gülüm-hey” folklor qrupu hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Rayon və muxtar respublika səviyyəsində keçirilən tədbirlərdə, festivallarda, müsabiqələrdə iştirak edən “Gülüm-hey” folklor qrupu dəfələrlə diplom, fəxri fərman və hədiyyələrlə təltif edilib. Həmçinin, qrup üzvlərindən öz istedadları ilə fərqlənən ifaçıların mükafatlandırılması və bu kimi digər tədbirlər də göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Bu gün muxtar respublikamızda xalq yaradıcılığı sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər “Gülüm-hey” folklor qrupunun fəaliyyətində də öz əksini tapır. İnanırıq ki, folklor qrupu bundan sonra da bölgəmizin müxtəlif xalq yaradıcılığı nümunələrinin yaşadılması və təbliğinə töhfəsini verəcək.

Sevinc Kətənova
“Yeni həyat” qəzeti
“Nuhçıxan” İnformasiya Agentliyi
05.05.2019


      Azərbaycan xalqı dünya mədəniyyətinə zaman-zaman bir sıra qüdrətli sənətkarlar bəxş etmişdir. Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzələddin Xaqani kimi klassik şairlər öz sağlığında belə geniş şöhrət qazanmışlar. Bu şairlər öz əsərlərini fars dilində yazmağa məcbur olsalar da sonrakı dövr ədəbiyyatımız üçün böyük zəmin yaratdılar. İzzəddin Həsənoğlunun, Qazi Bürhanəddinin şeirləri, müəllifi bilinməyən “Dastani-Əhməd Hərami” poeması, fars və Azərbaycan dilində gözəl əsərlər yazan sufi şair Şah Qasım Ənvarın poeziyası anadilli şeirimizin inkişafına güclü təsir göstərdi.

Anadilli şeirimizin inkişafında misilsiz xidmətlər göstərən qüdrətli şairlərimiz içərisində İmadəddin Nəsiminin yeri və rolu əvəzsizdir. Böyük şair və mütəfəkkir İmadəddin Nəsimi ədəbiyyat tariximizdə anadilli fəlsəfi şeirin əsasını qoymuş, məhəbbət və gözəllik nəğməkarı kimi şöhrət qazanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamları ölməz şairin yaradıcılığına böyük sevginin bariz ifadəsidir.

Seyid Əli İmadəddin Nəsimi Şamaxıda anadan olmuşdur. O, ilk şeirlərini “Seyid”, ”Hüseyni” və “Nəsimi” təxəllüsləri ilə yazmışdır.

Azərbaycan poeziyası tarixində Nəsimi siyasi-fəlsəfi şeirin ilk böyük nümayəndəsidir. Onun əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir, fikir, mühakimə hissə, duyğuya üstün gəlir:

Cananə mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.

Nəsimi dövründə hürufilik bir məslək, əqidə, dünyagörüşü kimi geniş yayılmışdı. İnsana yeni münasibət, yeni insan anlayışı onun əsasında dururdu. Öz kökü ilə xalqa bağlı olan bu təriqət xalqın ruhunu, ictimai-siyasi görüşlərini, həyata münasibətini əks etdirirdi. Sufizmdə məhəbbətə, hürufilikdə isə ağıla üstünlük verilirdi. Hürufilərə görə ağıl ilə kainatı, təbiəti və insanı dərk etmək mümkündür. Ağılın əsasında da səs, söz və hərflər durur. Nəsimidə hərflər və rəqəmlərin bu mənada öz aləmi vardır.

İnsan öz idrakı ilə “mənəm allah” məqamına yüksələ bilər. Bu baxımdan Nəsiminin:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam,
beyti ilə başlayan şeiri çox ibrətamizdir.

Nəsimi maddi və mənəvi cahanları öz varlığında birləşdirən insanın bu cahana sığmamasını iki dünyanın bir dünyaya sığmaması və insanın məkansız gövhər olması ilə əsaslandırır. Bu dünyaya sığmayan insanın cismi, bədəni deyil, ağlı və idrakıdır. İnsan cismən yox, mənə və ruhən öz dünyasına sığmır və allahlıq səviyyəsinə yüksəlir:

Ərşlə fərşü kafü nun, məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam.

Bütün canlılardan fərqli olaraq insan xəyalı kainatı, ayı, günəşi gəzib-dolaşır və öz yaradıcısı ilə vəhdət yaradır. Cismən yerdə yaşayan insanın fikir və xəyalının sabit yeri yoxdur, daha doğrusu, o məkansızdır, yersizdir, öz dünyasından çox-çox uzaqlarda qanad çalır, allah kimi hər yerdə mövcuddur.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

Şair “insan Allahdır” – deyəndə, əlbəttə ki, bunu nəzərdə tuturdu.

Bu şeir Azərbaycan ədəbiyyatı tarixində Nəsimi tərəfindən ilk dəfə rəcəz bəhrində yazılmışdır. Rəcəz – döyüş şeiri, hərbə-zorba və hərbi marş deməkdir.

Biz bu ruhu şairin məşhur “Ağrımaz” qəzəlində də açıq-aydın şəkildə görürük:

Canə sən candan nə kim gəlsə, cigərlər ağrımaz,
Həq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz.
Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar ağrımaz.

İnsanın özünüdərki Nəsimi yaradıcılığında xüsusi yer tutur. O, özündən əvvəl yaşamış böyük türk şairi, sufi şair Yunus İmrə yaradıcılığından da bəhrələnə bilmişdir. Şairə görə insan əqli-mənəvi yüksəliş mərhələlərinə qovuşmalıdır. Yəni şəriət, təriqət, mərifət və həqiqət mərhələlərindən keçib gedən insan müdriklik səlahiyyəti qazanır, haqqa qovuşur, həqiqəti arayıb tapır. Böyük türk şairi Yunus İmrə də “Məni məndə demə...” şeirində deyirdi:

Şəriət, təriqət yoldur gedənə,
Həqiqət meyvəsi ondan içəri.
Məni məndə demə: məndə deyiləm
Bir mən vardır məndə məndən içəri.
Süleyman quş dilin bilir, dedilər,
Süleyman var Süleymandan içəri.

İmadəddin Nəsimi də Yunus İmrə kimi kamillik mərhələsinə qovuşmuşdu, ağlı, zəkası ilə uca bir mərtəbəyə çatmışdı:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

Nəsiminin qəzəlləri öz dili, axıcılığı baxımından XV əsr Azərbaycan şeiri üçün çox səciyyəvi bir şeir dili idi.

Dilbəra, mən səndən ayru ömrü, canı neylərəm?
Tacü təxtü, mülkü malü, xanimanı neylərəm?
Ey müsəlmanlar, bilin yar ilə xoşdur bu cahan,
Mən ki yardan ayrı düşdüm , bu cahanı neylərəm?

Nəsiminin qəzəlləri kamil, bitkin, obrazlı şeir nümunələridir. Şair bədii ifadə vasitələrindən elə böyük məharətlə istifadə edir ki, bu qəzəlləri oxuyan, dinləyən hər bir kəs uzun müddət bu şeirlərin gözəl təsirindən qurtara bilmir. Hər şeir, hər bir qəzəl oxucunu ovsunlayır. Oxucu uzun müddət bu şeirlərin təsiri ilə yaşayır:

Gülü-tərdən gəlicək, arizinə ma tökülür,
Bağa gir, gör ki, necə laleyi-həmra tökülür.
Necə kim, cəhd edirəm zülfünün vəsfini yazım,
Qələmin dili ucundan qamu sevda tökülür.
Ləblərindən düşücək Misrə xəbər, əttarın
Qutusundan dünü gün qənd ilə həlva tökülür.

Nəsiminin ana dilində yazdığı şeirlərində bədii ifadə vasitələri canlı dilimizin özü kimi gözəldir. Hər bir söz böyük poetik yük daşıdığı üçün şairin şeirləri də bulaq suyu kimi saf və şəffaf görünür:

Üzünü məndən nihan etmək dilərsən, etməgil,
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil.

Nəsimidə olduğu kimi Şah İsmayıl Xətaidə də “Etməgil” adlı bir qəzəl var. Bu isə onu göstərir ki, Nəsimi Məhəmməd Füzuliyə də, Şah İsmayıl Xətaiyə də açıq-aydın təsir göstərmiş, bu dahi şairlər Nəsimi irsindən bəhrələnə bilmişlər:

Ey sənəm, yüzində müşkin zülfünü dağıtmagil,
Bağrımın yüz dağı üstə bir dəxi dağ etməgil.
Ey pəri, aşiqlərin divanə qılma könlünü,
Aşiqin Məcnun misali məsgənin dağ etməgil.
Ey məsiha, bəndəni kuyində yad et bir nəfəs,
Bu Xətainin yerin hicrində torpaq etməgil.

Nəsiminin yuxarıdakı qəzəli ilə Şah İsmayıl Xətainin aşağıdakı qəzəli arasında da ruh yaxınlığı açıq-aydın şəkildə görünməkdədir:

Qızılgül, bağı-bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Xətai çün can ilə səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

Məhəmməd Füzulinin məşhur bir qəzəlində Nəsiminin təsiri aydın şəkildə görünür.

Nəsimi yazır:

Canımı qıldım fəda şol dilbərin didarına,
Aşiq oldur canını qıldı fəda cananına.
Füzuli isə belə deyir:
Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli - canan etməsin hər kim ki, qıymaz canına.
Canını canana verməkdir kamalı aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.

Nəsiminin dillər əzbəri olan onlarla, yüzlərlə gözəl qəzəlləri var ki, bu əsərlərdə şeirin bütün gözəllikləri, kamillikləri bir zərgər dəqiqliyi ilə qorunub saxlanılır. Ona görə də Nəsimi qəzəlləri yüz illər ötüb keçsə də öz gözəlliyini, təravətini qoruyub saxlaya bilmişdir:

Ey müsəlmanlar, mədəd ol yar pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Qəzəldən göründüyü kimi şair ruhun bədəndən ayrılmasını, ciyər yandıran ayrılıq odunun əlacsız olduğunu bir daha bəyan etməklə ölümün mümkünsüz olduğunu vurğulayır.

Nəsimi bir şair kimi ana dilimizin bütün imkanlarından ustalıqla istifadə edə bilmişdir. Nəsiminin şeirlərində axıcılıq var, ritm var, musiqi var. Eyni zamanda Nəsimi ana dilimizin geniş poetik imkanlarından istifadə edərək cinas sözlərdən şeirlərində bacarıqla istifadə edərək dilimizi yeni sözlərlə daha da zənginləşdirmişdir:

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alini gör nə al edər, kimsə irişməz alinə.

Dilə bələd olan, o dildə nadir sənət nümunələri yaradan şair ancaq sözdən belə bacarıqla istifadə edə bilərdi.

Başqa bir qəzəlində də Nəsimi “al” sözünü sıra ilə işlətməklə şeirə xüsusi bir gözəllik qata bilir:

Alına vermişə könül, ali çox alə düşməsin,
Yanağının qızıl gülü üstünə jalə düşməsin.

Dahi şair Məhəmməd Füzulinin sözləri ilə desək, Nəsiminin “şeir fəziləti də ayrı bir elmdir”.

Nəsimi bir poeziya günəşi kimi 650 ildir öz nuru ilə Şərq və türk müsəlman aləmini işıqlandırır.

Şair Əli Kərimin sözləri ilə desək:

Altı yüz ildir bəşər
İnildər, çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə!

Bu sətrlərin müəllifi də Nəsiminin “Sığmazam” qəzəlinə təxmis yazmışdır. Çalışmışıq ki, Nəsiminin həmin qəzəlinin ruhunu saxlayaq:

Mən zamandan ucadayam, vaxta, zamana sığmazam,
Şəkər dilim, bal sözümlə pətəyə, şana sığmazam.
Ruhum cövlan edir göydə, deyir bir canə sığmazam
“Məndə sığar iki cahan, mən bu cahanə sığmazam
Gövhəri laməkan mənəm, kövnü – məkanə sığmazam.”
Bir damlayam – ümmanlar da qətrələrsiz deyil mümkün,
Açılarmı ipək sapa fələk vuran qara düyün?
Bir – birinin həsrətiylə dünya gəzir Ay ilə Gün.
“Ərşlə fərşü kafü – nun məndə bulundu cümlə çün
Kəs sözünü və əbsəm ol–şərhü bəyanə sığmazam.”
əqqi buldum – həqq söylərəm, mən də haqqın aşiqiyəm,
Həqiqətin carçısıyam, haqqı öyən mərd kişiyəm,
Asim, de ki, bir az sufi, bir azca da hürifiyəm,
“Gərci bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.”

ASİM YADİGAR
Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin sədri
“Nuhçıxan” İnformasiya Agentliyi
30.04.2019


      Mütəfəkkir ədibimiz İmadəddin Nəsimi qədim və zəngin tarixə malik Azərbaycan ədəbiyyatının ən məşhur nümayəndələrindən biridir. Onun yaradıcılığı mövzu-ideya dolğunluğu, bədii mükəmməlliyi ilə səciyyələnir. Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamında deyildiyi kimi: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır”. Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də dahi sənətkarın sənətinə verilən böyük qiymətin ifadəsidir.

İmadəddin Nəsiminin dərin humanizm ifadə edən zəngin yaradıcılığında hürufilik təlimi, onun kamil insan konsepsiyası mühüm yer tutur. Fəzlullah Nəiminin banisi olduğu hürufilik təriqətinə gənclik illərindən qoşulub onun mahiyyət və prinsiplərinə dərindən yiyələnən Nəsimi qısa müddətdə bu hərəkatın aparıcı simalarından birinə çevrilmişdi. İnsanın haqqa çatması vasitəsi kimi ilahi eşq yolunu simvollaşdıran sufilərdən fərqli olaraq hürufilər zəkaya, elmə daha çox üstünlük verir, kamil insan idrakının qüdrətini önə çəkirdilər. Hürufilər bu fikirdə idilər ki, bəşəriyyətin səadəti, xoşbəxt cəmiyyət quruculuğu insanın mənəvi kamilliyi ilə bilavasitə əlaqədardır. Yaranmışların ən alisi, şərəflisi sayılan insan özünü dərk etməli, çirkin hisslərdən, nəfsdən, bəd duyğulardan uzaq olmalı, haqq yolunu seçməli, yüksək mənəvi dəyərlərə yiyələnməli, müdrikliyə çatmalıdır. Cəmiyyətdə kamil insanlar nə qədər çox olarsa, bu, həqiqətin, azadlığın, ədalətin təntənəsinə rəvac verər. Bütün bunları ümumiləşdirən Nəsimi yazırdı:

Ey Nəsimi, sən həqi bil, həqqə iqrar eylə kim,
Çünki insanü bəşərsən, həq deyən insan mənəm!

Nəsiminin şeirlərində böyük vəcdlə tərənnüm edilən insan da məhz özünü anlayan, yaranmışların ən qiymətlisi olan ali şəxsiyyətdir. Şair dünyanı sədəfə, kamil insanı isə onun içərisindəki dürr danəsinə, inciyə bənzədir, arifləri ən böyük məhəbbətə, alqışa layiq sayaraq yazırdı:

Mərhəba, insani-kamil, canımın cananəsi,
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?

Şairin haqlı qənaətinə görə, arifliyə gedən yol insanın özünü dərk etməsindən başlayır. Özünü anlamayan cahil adamlar heç bir ali məqsədə çata bilməzlər:

Kim əzəl tanımadı kəndi vücudu şəhrini,
Ol gədahimmət nə yoldan vara sultan istəyə?

Nəsimi şeirlərində dəfələrlə vurğulayırdı ki, insanı mənəvi kamilliyə çatdıran haqq yoludur, ona görə də əsl sadiq aşiqlərin ən böyük sevgisi də bu haqqa bəslənilən hüdudsuz eşqdır. “İnsan bu hüsni-lütf ilə gövhər dеgilmidir?”- deyən şair insanı ali varlığın bir zərrəsi sayır, onun qüdrət və əzəmətinə böyük inam və ehtiram bəsləyirdi. Şairin fikrincə, kamil insan elə bir mənəvi zənginliyə malikdir ki, onda hər iki cahan - maddi və mənəvi aləm sığışa bilər, belə insan elə ilahi dəyərə malikdir, məkansız gövhərdir:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam.

Arif insanların könlünü “ərşi-həqq” sayan İmadəddin Nəsimi şeirlərində dəfələrlə nəzərə çatdırırdı ki, mənəvi cəhətdən naqis olanlar bəlalara, nöqsanlara tuş gələrlər, ona görə də hər bir şəxs idrakın gücü ilə kamilliyə qovuşmağa can atmalıdır:

Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,
Cəhd eylə, kamil ol kim, gəlməz kəmalə nöqsan.

Nəsimi şəxsiyyət azadlığına xüsusi önəm verir, obrazlı şəkildə “müqəddəs bülbül” adlandırdığı insanın qəflətdə qalıbqəfəsə giriftar olmasını məqbul saymır, onu buxovlardan çıxmağa, azadlığa, sərbəstlik məkanı kimi yeni gülüstana səsləyirdi:

Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

Humanist sənətkar olan Nəsimi insanlarda düzlüyü, doğruçuluğu vacib şərt sayırdı. Hər cür saxtakarlığın, süniliyin əleyhinə çıxan şair əyri dil sahiblərini, yəni könlündəki düşüncələri ilə danışığındakı sözləri bir-biri ilə uyğun gəlməyən riyakarları “dil bazarçısı” adlandıraraq tənqid edirdi:

Dil bazarçısı yalandır, varmazam bazarına,
Gerçək olmaz əgri dil, inanmazam iqrarına.
Sadiq oldur, dilini könlü ilə bir eyləyə,
Əgri dildən nəsnə gəlməz, durmuşam inkarına.

Şairin haqlı qənaətinə görə, hər bir insanın düşüncəsi, sözü və əməli bir-birini tamamlamalıdır və bunların hamısı məhz saf, ülvi mahiyyət daşımalıdır. Humanist sənətkar maddi nemətlər əsiri olan, mənəvi dəyərlərə yox, yalnız mal-mülkə yiyə­lən­məyə can atanları da pisləyir, onları haqq yola çağırırdı:

Dünyəvü mülkü malinəmеylü məhəbbət еyləmə,
Çün gеdisərsən, еy məlik, aхirətin sarayinə.

Mütəfəkkir şair haqq yolunun yolçusu olanların nəfsdən uzaq olmasını da ayrıca nəzərə çatdırırdı. Bildirirdi ki, əsl aşiqliyin sirrini haqqı dərk edənlər anlayar.Nəfsinin əsiri olanlar, həqiqət məfkurəsinin məğzindən bixəbərlər bu feyzdən məhrumdurlar:

Aşiqin əsrarını, həqqi bilən arif bilir,
Aşina halın nə bilsin nəfsini bilməz qərib.

Nəsimi hürufilik təriqətinin müddəalarına uyğun olaraq ustad-şagird, mürşid-mürid münasibətlərinə də xüsusi əhəmiyyət verirdi. Şairin fəlsəfi-poetik qənaəti belədir ki, ariflik yolçuları məramlarına çatmaq, haqqı dərk etmək, mənəvi ucalığa, müdrikliyə qovuşmaq üçün kamil mürşidlərin, böyük ustadların, ağıllı rəhbərlərin ardınca getməli, naqislərdən uzaq durmalıdırlar. Əks halda onlar xoş aqibətdən məhrumdurlar:

Yoхdur nəsibi еşqi-həqiqətdən, еy könül,
Şol kimsənin ki, mürşidinaqisüqul ola.

Şair onu da vurğulayırdı ki, mənəvi kamillik yolunu seçənlər, həqiqət naminə çalışanlar bu əzablı yolun sınaqlarına mətanətlə sinə gərməli, hər cür bəlaları dəf etməyi bacarmalıdır, əks təqdirdə onlar məqsədlərinə çata bilməzlər:

Çəkməyən еşqin bəlasın, görməyən hicrin qəmin,
Dərdi dərmansızdır anın, çarə yoх dərmanına...

Nəsiminin fikrincə, ariflik yolunun sədaqətli aşiqi böyük amal naminə lazım gələrsə, şəhidliyə də hazır olmalıdır.Onun ucalığı, mənəvi dəyəri də bununla bağlıdır:

Aşiqi-sadiq oldurur həq yoluna şəhid ola,
Həq dеyəni alır anun durmuş anun bəhayinə.

Yaxud:

Canını qurban еdəndir yar içün gеrçək şəhid,
Səd həzaran rəhmət olsun ol şəhidin canına.

Humanist sənətkarın təbliğ etdiyi nəcib ideyaların ifadəsi baxımından haqq yolunun sadiq yolçularına, əsl möminlərə xitabən yazdığı aşağıdakı parçalar da maraq doğurur. Şair həqiqi səadətə qovuşmaq istəyənlərə tövsiyə edirdi ki, incə davranışlı, xoş xasiyyətli, səxavətli olsunlar, ibadəti də unutmasınlar:

Əya, mömin, gər istərsən səadət,
Özünə peşə qıl daim se adət.
Əvvəl təbi-lətifü xülqi-niku,
İkinci həm kərəm, cudü səxavət.
Üçüncü, olma hərgiz bivüzu sən,
Yeri, həq buyruğun tut, qıl ibadət.

Nəsiminin şeirlərində gözəllik anlayışı da onun humanizm konsepsiyasının üzvi tərkib hissəsi kimi diqqəti çəkir. Əsl gözəlliyi bilavasitə mənəvi ləyaqətlə əlaqədə qiymətləndirən sənətkar burada da bir ali təzahür görürdü. “Kəbə üzündür, еy sənəm, üzünədir sücudumuz”, - deyən şair kamil insanın simasında haqq nurunun varlığını iddia etməklə müəyyən idealizə və simvolika vasitəsi ilə mahiyyətcə yenə də yüksək insani dəyərlərin tərənnümçüsü kimi tanınırdı. Hürufi ədibin fikrincə, kamil insanların sifətindəki haqq nurunu yalnız pak, saf nəzər sahibləri görə bilərlər. Beləcə, şair gözəlliyin dərkini də bilavasitə kamillik konsepsiyası kontekstində mənalandırırdı:

Hüsnü cəmaləbaхmağa ari səfa nəzər gərək,
Düşməsin arisiz nəzər ayinənin səfasinə.

Bir çox şeirində məhəbbəti, gözəlliyi hürufilik təliminin mahiyyət və prinsiplərinə uyğun şəkildə, simvolik örtükdə diqqətə çatdıran şairin dünyəvi sevgiyə həsr olunmuş əsərləri də az deyil. Maraq doğuran cəhət həm də odur ki, İmadəddin Nəsiminin dünyəvi məzmunlu şeirlərində vəsf etdiyi sevgili də məhz doğma xalqın övladıdır, Azərbaycan-türk gözəlidir. Şairin aşağıdakı misralarda könül evini talan edən ala gözlü türk gözəlindən söz açması da bu baxımdan təsadüfi deyil:

Şol alı çoх ala gözün könlüm еvinyəğmaladı,
Yəğmaçı türkün adəti hər qandasa yəğma imiş.

Başqa bir şeirdə aşiqi qəmlərə salan gözəlin pəri övladı türk qızı kimi obrazlı ifadə ilə təqdimi də diqqəti çəkir:

Bu nə adətdir, еy türki-pərizad,
Qəmindən olmadım bir ləhzə azad.

İmadəddin Nəsimi Azərbaycan ədəbi dilinin inkişafında da böyük xidmətlər göstərmiş, poetik üslubun təkmilləşməsinə, duyum və deyim tərzinin cilalanmasına mühüm töhfələr vermişdir. Sayru (xəstə), uçmaq (behişt), damu (cəhənnəm), qaranqu (qaranlıq), ayıtmaq (demək), irişmək (yetişmək,çatmaq), tanıq (şahid) və digər çoxsaylı qədim leksik vahidlərə Nəsiminin şeirlərində tez-tez rast gəlinməsi də şairin doğma dilimizin ulu yaddaşına bağlılığının əyani təzahürüdür.Şairin qəzəl, rübai, tuyuq və s. janrlarda yazdığı şeirlərində işlətdiyi rəngarəng bədii təsvir və ifadə vasitələri də dolğunluğu, orijinallığı,semantikası, məntiqi baxımdan sistematiklyi ilə diqqəti çəkir, ana dili­mi­zin poetik imkanlarının genişliyini nümayiş etdirir. Nəsimi müxtəlif məzmunlu şeirlərində bir sıra hallarda bədii deyimə konkretlik çaları qatmaqla həm də vətənimizin bəzi tarixi, coğrafi koloritinidə misralarda poetikləşdirir. Məsə­lən, şair vəsf etdiyi gözəlin gül yanağının həsrəti ilə gözlərindən axan yaşları təşbeh əsasında poetikləşdirərkən onu məhz doğma yurddan axan Araz çayına oxşadır:

Sənin gülgün yanağın həsrətindən,
Aхar çеşmim yaşı həm çün Ərəsvar.

Belə mükəmməl duyum və deyim tərzi şairin şeirlərində çox geniş yer tutur. Ümumiyyətlə, Nəsiminin hər bir əsəri həm mövzu-ideya, həm də sənətkarlıq baxı­mın­dan dolğun və təsirlidir.

İmadəddin Nəsiminin yüksək humanist qayəli dolğun əsərləri hələ öz sağlığındanbaşlayaraq dillər əzbəri olmuş, əsrlər boyu ədəbiyyatın inkişafına mühüm təsir göstərmiş, mütəfəkkir söz ustadının yaradıcılığı Azərbaycanda və bir sıra xarici ölkələrdəgeniş şəkildə tədqiq olunduğu kimi, onun haqqında dəyərli bədii əsərlər də yazılmışdır. Tanınmış alimlərimizdən S.Mümtazın, H.Araslının,M.Quluzadənin, C.Qəhrəmanovun və başqalarının elmi tədqiqatları, həmçinin Nəsimiyə həsr olunmuş çoxsaylı ədəbi nümunələr, o cümlədən çoxsaylı şairlərin şeirləri, eləcə də bir sıra irihəcmlibədii əsərlər - Ə.Salahzadənin “Od heykəli”, Qabilin “Nəsimi”, S.Tahirin“Karvan gedir”, R.Rzanın “Son gecə”, N.Xəzrinin “Mənim babam baxan dağlar”, M.Yaqubun “Şirvan alverçisi və Nəsimi” kimi poemaları, İ.Hüseynovun “Məhşər”, M. İsmayılın “İki od arasında” romanları, H.Mirələmovun “Son səfər” povesti, B.Vahabzadənin “Fəryad”, F.Aşurovun “Nəsimi” pyesləri bu baxımdan xatırladıla bilər. Yeri gəlmişkən onu da qeyd etmək istərdik ki, İmadəddin Nəsimi haqqında ədəbiyyatımızda ilk dramatik əsər Naxçıvanda yazılmışdır. Bu, həmyerlimiz Əkbər Məftunun 1946-cı ildə qələmə aldığı iki pərdəli “Nəsimi” mənzum dramıdır.

Əsrlər öncə İmadəddin Nəsimi insanlara üz tutaraq onları xeyirxah işlər görməyə, xoş əməllərlə, yaxşı adla tanınmağa səsləyirdi:

Bir еyü ad еdin fani cahanda,
Ululardan cahanda qaldı bir ad.

Böyük şairin özü də həqiqət, ədalət və mənəvi kamillik uğrunda mübarizələrdə keçən mənalı ömrü, dərin humanizmdən yoğrulmuş möhtəşəm yaradıcılığı ilə bəşər tarixində silinməz ad qoymuş, mənəviyyat mücəssəməsi kimi tanınmışdır. “Еy Nəsimi, cahanı tutdu sözün”, - deyən şair yenilməz şəxsiyyəti, yüksək ideya-bədii dəyərə malik əsərləri ilə solmayan şöhrət və mənəvi ölümsüzlük qazanmışdır.

Hüseyn Həşimli
filologiya elmləri doktoru, professor,əməkdar elm xadimi
“Nuhçıxan” İnformasiya Agentliyi
30.04.2019


      Şortəpə arxeoloji abidəsi ilk dəfə 1934-cü ildə İbadulla kəndi ilə Qışlaqabbas arasında su kanalı qazılarkən aşkar edilib. 1936-cı ildə arxeoloq Ələkbər Ələkbərov tərəfindən burada kəşfiyyat xarakterli qazıntı işləri aparılıb və 3 metr dərinliyə qədər mədəni təbəqə öyrənilib. Qazıntı zamanı 4 mədəni təbəqə aşkar edilib.

Birinci təbəqə eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin axırlarına qədər, yəni Kür-Araz mədəniyyəti dövrünə aiddir. Bu təbəqədən heyvan başı formasında olan nal şəkilli ocaq qurğuları aşkar edilib. İkinci təbəqə Orta Tunc dövrünə, yəni eramızdan əvvəl II minilliyin birinci yarısına, Boyalı qablar mədəniyyəti dövrünə aiddir. Üçüncü təbəqədən daş qəbirlər və uzunboğaz çəkmə formasında olan gil qab, dördüncü təbəqədən isə uşağa və yaşlı adamlara məxsus olan torpaq qəbirlər müəyyən edilib.

Keçən əsrin 70-80-ci illərində arxeoloq Vəli Əliyev yenidən Şortəpə qədim yaşayış yerində kəşfiyyat xarakterli tədqiqat işləri aparıb, abidənin Erkən Tunc və İlk Dəmir dövrlərinə aid olduğunu bir daha müəyyən edib.

Şortəpə abidəsini iki hissəyə bölən su kanalı qazılarkən çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkar edilib, bu tapıntılar Naxçıvan Dövlət Tarix Muzeyinə və Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

Şortəpədən Erkən Tunc dövrü (Kür-Araz mədəniyyəti) üçün səciyyəvi olan qara, çəhrayı rəngli qab hissələri və yarımşar formalı qulplar da aşkar edilib. Əldə olunmuş bir ədəd tunc bilərzik diqqəti xususilə cəlb edir. Çəkisi 420 qram olan bilərziyin ucları bir qədər aralı və nazikdir, ortaya doğru getdikcə yoğunlaşır.

Abidədən Azərbaycanın Boyalı qablar mədəniyyəti dövrünə, yəni eramızdan əvvəl II minilliyin əvvəllərinə aid olan qiymətli, həm də elmi cəhətdən maraqlı olan tapıntılar da əldə olunub. Bu tapıntılar əsasən küpə, badya və digər məişət əşyalarından ibarətdir. Qabların üzəri qırmızı boya ilə örtülüb, gövdə və boğaz hissələri qara rənglə naxışlanıb.

Yaşayış yerindən eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərinə, yəni Erkən Dəmir dövrünə aid qara, boz və qonur rəngli gil qab nümunələri də əldə olunub. Qara və qonur rəngli küplərin gövdəsi cızma və çərtmə üsulla nəfis şəkildə naxışlanıb.

1986-1987-ci illərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində Şortəpə qədim yaşayış yerinin Erkən Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu bir daha müəyyən olunub. 2012-2013-cü illərdə axeoloq Vəli Baxşəliyev və Abbas Seyidovun rəhbərliyi ilə Şortəpədə yenidən kəşfiyyat xarakterli qazıntı işləri aparılaraq çoxlu sayda maddi-mədəniyyət qalıqları aşkar edilib. Aparılan hələlik bu son qazıntı işləri zamanı aşkar edilən tapıntılar isə burada həyatın Eneolit, yəni Mis-Daş dövründən başlandığını meydana çıxarır. Bu qazıntılara qədər Şortəpədə Eneolit dövrü yaşayışının olduğu məlum deyildi. Lakin, son illərdə rayon ərazisində, xususilə Aşağı Daşarx, Ərəbyengicə, Xələc, Maxta kültəpəsi, Şortəpə və Ovçular təpəsində aparılan kəşfiyyat və genişmiqyaslı qazıntı işləri zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri bu qədim yaşayış yerlərində həyatın Eneolit dövründən, yəni eradan əvvəl V minillikdən başlandığını bir daha sübut edir.

Ərazidə mövcud olan qədim yaşayış izlərindən biri də küp qəbirlərdir. 1983-cü ildə kənd ərazisində televiziya ötürücü qüllə tikildiyi zaman tikinti sahəsində dörd küp qəbir aşkar edilib. Küplər böyük həcmli olub, torpağa uzadılmış vəziyyətdə qoyulub. Küp qəbirlərdən yalnız biri bütöv halda götürülüb. Qəbirin yanından badam formasında olan iri həcmli daş məmulat da tapılıb. Daş məmulatın uzunluğu 1,25 metr, eni 80 santimetr, qalınlığı 35 santimetrdir. Daşın ortasında dərinliyi 18 santimetr olan geniş çuxur oyulub. Oyulmuş bu daş məmulatın içərisindən insan sümüyü və gil qab hissələri çıxıb. Görünür, bu daş məmulat üzümçülük və şərabçılıqla bağlı olan bir alətdir. Çünki daşın yan tərəfindən diametri 12 santimetr olan deşik, uc hissəsində isə dərin nov açılıb. Daş məmulatın içərisindən çıxmış gil qab qırıqları da Antik dövrə aiddir.

İnzibati ərazi bölgüsü cəhətdən ayrı-ayrı olan İbadulla və Qışlaqabbas kəndlərinin qəbiristanlığı tarixən bir yerdə olub. Hazırda isə Qışlaqabbas kəndinin qəbiristanlığı kəndin Cənub-Qərb tərəfində, Dərə və ya Dərəçay deyilən çayın sahilində yerləşir. Ətrafa səpələnmiş çoxlu sayda sadə və şirli gil qab qırıqları müasir qəbiristanlığın Orta əsr yaşayış yerinin üzərində salındığına işarədir. Qəbir yerləri qazıldıqca gildən hazırlanmış çoxlu məişət əşyalarının qırıqları aşkara çıxır. Ərazini gəzdikcə təndir badlarına, çölmək qırıqlarına, şirli və şirsiz qab hissələrinə rast gəlinir. Maraqlı bir tapıntı isə buradan uzunluğu 50 santimetr, diametri 15 santimetr olan saxsı su borusudur. Orta əsrlər dövründə bu cür bir-birinə keçmə saxsı borulardan uzaq məsafədən suyun gətirilməsində və ya suyun kənara axıdılmasında istifadə olunub. Ərazidə obsidian (dəvəgözü daşı) parçalarına və daş alətlərə də təsadüf olunur.

Ümumiyyətə, Şortəpə tarixi zənginliyinə görə muxtar respublika ərazisində olan digər Tunc dövrü abidələri sırasında özünəməxsus yer tutur. Əldə olunmuş şirli və şirsiz qab hissələrinə əsasən, demək olar ki, burada həyat XII-XVIII əsrlər arasında davam edib. Hazırda orta əsr yaşayış yerinin üzərində təzə evlər tikildiyindən onun ərazisini müəyyənləşdirmək mümkün deyil. Buna baxmayaraq, İbadulla və Qışlaqabbas kəndləri ərazisindən əldə olunan qədim və orta əsrlər dövrünün maddi-mədəniyyət nümunələri tariximiz üçün çox qiymətli tapıntılardır.

Allahverdi Əsgərli,
Ələkli kənd tam orta məktəbinin tarix müəllimi,
rayon Mədəniyyət Şöbəsinin tarixi abidələr üzrə nəzarətçisi



      Bu il dahi Hüseyn Cavidin yadigarı – bəstəkar, şair, dramaturq, rəssam, tədqiqatçı, folklorçu Ərtoğrol Cavidin 100 yaşı tamam olur. Ərtoğrol Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakı şəhərində dünyaya gəlmişdir. Ərtoğrolun uşaqlıq və yeniyetmə illəri sənətkarlar əhatəsində keçmiş, onun mənəviyyatı, demək olar ki, poeziya, musiqi ilə yoğrulmuşdu. Hüseyn Cavid, onun həmfikirləri, dostları Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Abbas Mirzə Şərifzadə, Hənəfi Terequlov, Pənah Qasımov və digər sənət adamları bu ocağın, poeziya, musiqi məclislərinin daimi qonaqları idi. Belə bir yaradıcı mühitdə böyüyürdü gələcəyinə böyük ümidlər bəslənilən Ərtoğrol. Üzeyir bəyin məsləhəti, nəzarəti ilə musiqi aləminə baş vuran Ərtoğrolu ilk baxışda işıqlı sənət yolu gözləyirdi... Lakin bir çox ailələrin, eləcə də Hüseyn Cavid ailəsinin ahəngini pozan repressiya illəri Ərtoğrolun xəyallarının, arzularının üstündən xətt çəkdi.

Hər dəfə Hüseyn Cavidin ailəsinin başına gələn fəlakətlər yadımıza düşdükcə, istər-istəməz əhvalımız pozulur, dərin düşüncələrə qərq oluruq. İnsanın insana qarşı insanlığa sığmayan “oyunları” bizi təəccübləndirir. Gənc yaşlarından həyatın amansız zərbələrinə məruz qalan Ərtoğrolun nakam həyatı, keçirdiyi mənəvi sarsıntılar başqaları kimi bizi də düşündürür, həyəcanlandırır. Taleyin qəddar zərbələrinə baxmayaraq, Ərtoğrolun ömrünün son günlərinədək yazıb-yaratması, mübarizə aparması, sınmaması onu daha da ucaldır, qəlbimizdə ideal bir insan kimi yaşadır.

Yaşadığı qısa – 24 il ərzində yaratdığı əsərlərə, gördüyü işlərə nəzər saldıqda fikirləşirsən ki, az bir müddət ərzində bu qədər əsərlər yaradan insan tam bir ömür yaşasaydı, gör musiqi xəzinəmiz dəyərli əsərlərlə nə qədər zənginləşərdi?

Nota köçürdüyü 200-dən çox el havaları, mətnləri, yazıya aldığı çoxsaylı dastan və nağıllar, fortepiano üçün “9 variasiya”, “Sonatina”, prelüdlər, miniatürlər, pyeslər, musiqi lövhələri, skripka və fortepiano üçün “Poema”, “Cəbhədən məktub” simfonik balladası, nəfəsli orkestr üçün marşlar, klassiklərimizin sözlərinə mahnı və romanslar, instrumental və kamera əsərləri, tamamlanmamış “Şeyx Sənan”, “Məhsəti” operaları istedadlı bəstəkar Ərtoğrol Cavidin kiçik yaradıcı ömrünün həm məzmun, həm də forma baxımından böyük dəyərli əsərləridir.

Poeziya sahəsində yazdığı 50-dək şeirə, dram əsərlərinə, ustalıqla çəkdiyi rəsm əsərlərinə gəlincə, Uca Tanrının Ərtoğrol Cavidə bəxş etdiyi fitri istedada, zəhmətsevər, məqsədyönlü, mübariz həyat tərzinə heyran qalmaya bilmirsən.

Repressiya illərinin mənəvi sarsıntılarını yaşayan, “xalq düşməni” damğası vurulmuş ailə üzvlərinin didərgin, çarəsiz həyatları belə, Böyük Vətən savaşının qurbanı Ərtoğrolu son günlərinədək mübarizədən, yaradıcılıqdan çəkindirməyə gücü yetmədi. Kim olsaydı, həyatın bu zərbələrinə dözməzdi, sınardı, yaradıcılıqdan əl çəkərdi. Hələ, üstəlik, dost, tanış, yaxın bildikləri bəzi insanların etibarsızlığı ruhdan salmadı gənc Ərtoğrolu. Sənətinə, milli musiqiyə, xalqına olan böyük sevgi taleyin ədalətsiz oyunlarına qalib gəldi. Ərtoğrol ən ağır vəziyyətdə, şəraitdə belə, yazdı, yaratdı.

1936-1940-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində təhsil aldı. İnstitutu fərqlənmə diplomu ilə bitirdi. Elə həmin il Üzeyir bəyin xeyir-duası ilə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil oldu və bəstəkarlığın, xalq musiqisinin sirlərini dahi Üzeyir bəy Hacıbəylidən, görkəmli pedaqoq Boris Zeydmandan öyrəndi. Konservatoriyanın nəzdində musiqi məktəbində dərs dedi, musiqi elmi-­tədqiqat kabinetində çalışdı, tərcümələr edib ailəsinə kömək etdi.

Böyük Vətən müharibəsi bir çox gənclərimiz kimi, Ərtoğrolun da ­arzularını, xəyallarını darmadağın etdi. 1942-ci ildə “xalq düşməni”nin oğlu Ərtoğrol Gürcüstandakı fəhlə batalyonunda ağır, dözülməz işlərə cəlb olunur. Fəhlə batalyonunda ağır işlər onsuz da fiziki cəhətdən zəifləyən Ərtoğrolun xəstələnməsinə səbəb olur, xəstəxanaya düşür. Xəstəliyin ən ağır zamanında belə, yazdıqlarını nəzərdən keçirir, ruhdan düşmür, arzularla yaşayır. Daha doğrusu, ailəsini yaşatmaq üçün, onlara arxa durmaq üçün həyat uğrunda mübarizə aparır. Lakin həyatın gözlənilməz, qəddar zərbələri, amansız, çarəsiz xəstəlik bu arzuların gerçəkləşməsinə mane olur. 1943-cü ildə Ərtoğrol Cavid ata-baba yurdu Naxçıvana gəlir, qədim Naxçıvan, qohumları Cavid əfəndinin yadigarını ağuşuna alır. Onu əzizləyib, yaşaması üçün qulluğunda dururlar. Sanki torpaq da qısqanclıqla yanaşır bu hörmətə, sevgiyə. O da qəlbini açıb Ərtoğrolu qoynuna alır.

“Sevgiyə, məhəbbətə,
Qısqandı səni torpaq
“Sənə göz dəyməsin” deyə
Sinəsində – qəlbində gizlətdi səni torpaq”. (N.P.)

1943-cü il noyabrın 14-də Cavid əfəndinin dünyaya gəldiyi diyarda – Naxçıvan şəhərində dünyasını dəyişir Ərtoğrol Cavid oğlu Rasizadə. Yaşadığı qısa ömür ərzində yaratdığı musiqi əsərləri bu gün konsert salonlarında səslənir, musiqi məktəblərində tədris olunur. Yazıb-­yaratdığı, topladığı, gələcək nəsil üçün qoruyub saxladığı sənət inciləri öz tədqiqatını, təbliğatını gözləyir.

Bu baxımdan Hüseyn Cavidin ev-muzeyinin rəhbəri Gülbəniz xanım Babaxanlının təşəbbüsü və tərtibatı ilə nəşr olunmuş 13 cildlik “Azərbaycan Qeyri-Maddi Mədəniyyət Abidələri və Ərtoğrol Cavid” toplusunun 11-ci cildi haqqında qısa məlumat vermək yerinə düşərdi.

“Balaban məktəbi” adlı tədris vəsaitini əhatə edən cilddə Azərbaycanımızın milli musiqi aləti olan balaban üçün yazılan bu dərslik, xalq musiqimizin bilicisi, musiqişünas Saleh Əbdüləlimov tərəfindən ərsəyə gətirilən ilk dərslikdir. “Balaban məktəbi” dərsliyinin 1937-ci ildə Üzeyir bəyin xeyir-duasını aldığına baxmayaraq, nəşri mümkün olmamışdır. Sonralar bu alət üçün dərslik Azərbaycanda yaşayan erməni tərəfindən tərtib olunaraq çap edilmiş və musiqi məktəblərimizdə tədris olunmuşdur.

Göründüyü kimi, doğma Qarabağımızın bu gün işğal altında olması, məhz ermənilərin hələ illər öncə mədəniyyətimizin, incəsənətimizin işğalı ilə başlamışdır, – desək, yanılmarıq.

Ərtoğrol Cavid Saleh Əbdüləlimovun “Balaban məktəbi” dərsliyinin orijinalını, eləcə də dərsliyin müzakirəsi zamanı qeyd edilən iclas protokollarını mühafizə edərək onları rus dilindən Azərbaycan dilinə tərcümə etmiş, öz arxivində qoruyub saxlamışdır. Yalnız qeyd etdiyimiz bu fakt Ərtoğrol Cavidi xalq musiqimizin, musiqi alətlərimizin qoruyucusu, təbliğatçısı kimi dəyərləndirməyə əsas verir.

Ümidvarıq ki, Ərtoğrol Cavid yaradıcılığı bundan sonra da tədqiqatçı və alimlərimizin, musiqi ifaçılarımızın diqqətindən kənarda qalmayacaqdır.

Dünya şöhrətli görkəmli siyasi xadim Heydər Əliyevin boya-başa çatdığı Naxçıvan torpağında möhtəşəm sənət əsəri – Hüseyn Cavid məqbərəsi ucalıb. Cavidin bir-birindən uzaq düşmüş ailə üzvləri bu məqbərədə yenidən birləşiblər, ayrılığa son qoyulub. Hüseyn Cavid ruhu yenə əvvəlki tək öz ocağının başına dolanır, əzizlərini qoruyur – vəfalı ömür-gün yoldaşı Müşginaz xanımı, sevimli Turanını, bir də ki, Cavid ömrünün natamam əsəri – Ərtoğrolu.

Bu gün öz doğma yurdlarında Cavidlər irsinə və şəxsiyyətinə yüksək ehtiram onların talelərində yaşadıqları acı iztirablara ən şəfalı məlhəmdir. Naxçıvan Muxtar Respublikası rəhbərinin təşəbbüsü ilə Naxçıvan Şəhər İncəsənət Məktəbinə Ərtoğrol Cavidin adı verilmişdir. Ərtoğrol Cavid adına Naxçıvan Şəhər İncəsənət Məktəbi bu gün musiqi mədəniyyətimiz üçün Ərtoğrollar yetişdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 18 aprel tarixli Sərəncamı isə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri, zəngin irs yaradan tanınmış musiqişünas, rəssam və tədqiqatçının həyat və fəaliyyətinin tədqiqi və təbliğində yeni mərhələnin əsasını qoyacaq, görkəmli sənətkarı gələcək nəsillərə daha dərindən tanıtdıracaq.

"Şərq qapısı" qəzeti
20.04.2019


      Azərbaycan mətbuatı tarixində özünəməxsus yer tutan mətbu orqanları içərisində “Molla Nəsrəddin” jurnalının rolu əvəzsizdir. Jurnal yarandığı ilk gündən Azərbaycan mətbuatının inkişafına güclü təsir göstərmiş, milli ideyalılığı, xalqa bağlılığı, ana dilinə sevgisi ilə seçilmişdir. 25 il ərzində çap olunan “Molla Nəsrəddin” jurnalının hər nömrəsində Cəlil Məmmədquluzadənin “Vətən, millət, dil” ideyası özünü göstərmişdir. Cəlil Məmmədquluzadə irsinə və şəxsiyyətinə yüksək qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.

“Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamında deyilir: “ Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meyda­na gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeni­ləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Azərbaycan satirik mətbuatının zirvəsi sayılan “Molla Nəsrəddin” jurnalının ilk sayı 1906-cı il aprel ayının 20-də Tiflisdə işıq üzü görüb. Jurnalın birinci sayı min nüsxə ilə çap olunub yayılandan sonra jurnalın ikinci sayı iki min nüsxə ilə çıxdı. Jurnalın şəkillərinin qırmızı rəngdə olması Bakı Polis İdarəsini bərk təşvişə saldı. Bakı Polis İdarəsi bolşevizmin mahiyyətinin qırmızı rəngdə təcəssüm olunmasını əsas gətirib, “Molla Nəsrəddin”in ikinci sayını, bütövlükdə, müsadirə etdi. Jurnalın, demək olar ki, 1906-1918-ci illərdə Tiflisdə nəşr olunan 340, 1921-ci ildə Təbrizdə nəşr olunan 8, 1922-1931-ci illərdə Bakıda çap olunan 400 nömrəsinin hər biri eyni qorxu, eyni təşvişlə qarşılanmışdır.

Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis general-qubernatoruna ərizə ilə müraciət edərək “Qeyrət” mətbəəsində Azərbaycan dilində “Molla Nəsrəddin” adlı həftəlik satirik-yumoristik jurnal çıxarmağa icazə istəmişdir. Cəlil Məmmədquluzadənin “qeyri-qanuni hərəkətdə olmadığını” təsdiq edən arayışdan sonra jurnalın nəşrinə icazə verilmişdir. 1906-cı il martın 4-də hökumət tərəfindən Cəlil Məmmədquluzadəyə verilmiş vəsiqədə jurnalın məqalələr, atmacalar, felyetonlar, məzəli şeirlər, məzhəki teleqramlar, satirik hekayələr, lətifələr, poçta qutusu, məzhəki elanlar, xüsusi elanlar, karikatura və illüstrasiyalarla nəşrə başlaması göstərilirdi. Jurnalın 500 nüsxəsi “bir günün ərzində günortayadək”, qalan 500-ü isə Cəlil Məmməd­quluzadə və Ömər Faiq Nemanzadənin gərgin əməyi sayəsində gecədən səhərədək çap olunmuşdur. Cəlil Məmmədquluzadənin öz dili ilə desək, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.

Jurnalın birinci nömrəsində proqram səciyyəvi baş məqalədə Cəlil Məmmədquluzadə üzünü doğma xalqına tutub məqsəd və məramını belə bəyan etmişdi: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım...” Jurnalın nəşrə başlaması münasibətilə Azərbaycanın mütərəqqi ziyalıları Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Firudin bəy Köçərli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev “Kaspi”, “İrşad”, “Baku” və sair qəzetlərdə Cəlil Məmmədquluzadəni təbrik etmiş və müvafiq məqalələr dərc etdirmişlər. Cəlil Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar da almışdı.

Jurnalın Tiflisdə nəşrə başlamasına səbəb həmin dövrdə bir sıra mütərəqqi ziyalıların, eləcə də Cəlil Məmmədquluzadənin özünün 1903-cü ilin dekabr ayından bu şəhərdə yaşaması idi. Həmin dövrdə “Tiflis Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtı” kimi böyük rola malik idi. Digər tərəfdən, jurnalın redaksiya məsələlərinin və maliyyə problemlərinin həllində Cəlil Məmmədquluzadəyə köməklik göstərən Ömər Faiq Nemanzadə və Məşədi Ələsgər Bağırov da Tiflisdə yaşayırdı. Dövrün məşhur ziyalıları Məhəmmədağa Şahtaxtlı, Əbdüssəlam Axundzadə, Səmədağa Qayıbov, Məhəmmədağa Vəkilov, Eynəli bəy Sultanov, Hüseyn Minasazov və başqaları da həmin dövrdə Tiflisdə ­yaşayırdılar.

“Molla Nəsrəddin” jurnalı tez bir zaman içərisində öz ətrafına Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Razi Şəmçizadə, Bayraməli Abbaszadə kimi qüdrətli şair və yazıçıları, Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə, Xəlil Musayev kimi rəssamları toplaya bildi. Jurnalın Təbrizdə çıxan nömrələrinin karikaturalarını çəkmək üçün Seyid Əli Behzad cəlb olunmuşdu.

“Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycan xalqını qəflət yuxusundan oyatmağı qarşısına məqsəd qoymamışdı. Bu jurnal bütün Şərq aləmində, Türk dünyasında, müsəlman aləmində sevilmiş, böyük şöhrət qazanmışdır. Cəlil Məmmədquluzadə özü bu barədə belə yazmışdı: “Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan İslam milləti idi... Bizim qabağımızda dağ kimi duran istibdad – Şərq istibdadı və Şərq qaranlığı idi...”

Jurnalda dil məsələsinə xüsusi önəm verilirdi. “Molla Nəsrəddin” ərəbçiliyə, farsçılığa, osmançılığa, həm də dili lüzumsuz yerə rus sözləri ilə korlayanlara qarşı amansız idi. Jurnalda verilən bir şəkildə təsvir olunur ki, bir nəfər azərbaycanlını yerə yıxıb onun ağzına zorla üstündə ərəb, fars, rus sözləri yazılmış dili soxurlar. Azərbaycanlı isə deyir: “Ay qardaşlar! Mən ki, dilsiz xəlq olunmamışam, dilləri ağzıma soxursunuz...”

Jurnalda qadın azadlığı məsələsi də həmişə ön planda olmuşdur. Cəlil Məmmədquluzadə “Köhnə dərdim” adlı məqaləsində qadın azadlığı məsələsinə toxunaraq yazırdı: “Şərq qadını məsələsi mənim köhnə dərdimdir... Nədir onların dərdi? Şərq qadınını azad etmək. Nədən?.. Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmətindən…”

Təbiidir ki, həmin dövrdə Cəlil Məmmədquluzadə ciddi təqiblərə məruz qalmış, evində, “Qeyrət” mətbəəsində dəfələrlə axtarışlar aparılmış, ünvanına qəzəb dolu, hədələyici məktublar gəlmişdir. Amma heç bir qorxu, hədə bu böyük şəxsiyyəti, böyük vətənpərvəri öz yolundan döndərə bilməmişdir. Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalı vasitəsilə Azərbaycanda “mollanəsrəddinçilər” adlanan yeni ədəbi məktəbin əsasını qoymuşdur. Jurnalın Tiflisdə sonuncu nömrəsi 25 dekabr 1917-ci ildə (köhnə təqvimlə 1918-ci il yanvar ayının 7-də) nəşr edilmişdir.

Cəlil Məmmədquluzadə irsinin ən böyük tədqiqatçısı akademik İsa Həbibbəyli yazır: “Molla Nəsrəddinin nəşrinin Təbriz dövrü və Bakı mərhələsi mətbuat karvanının Tiflisdən başlanan tarixi səfərinin qanunauyğun davamıdır”.

“Molla Nəsrəddin”in məqsəd və məramı jurnalın birinci sayından məlum idi. Jurnal birinci nömrəsinin üz qabığında həmvətənlərini yatmış vəziyyətdə göstərməklə onları qəflət yuxusundan oyatmaq məqsədi daşıdığını bəyan edirdi. “Molla Nəsrəddin” Şərq xalqlarının vəziyyətinə də biganə qalmırdı. Birinci rus inqilabı dövründə imperializm müstəmləkə siyasətini daha da gücləndirir, ictimai-siyasi hadisələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Belə bir dövrdə jurnal yazırdı: “Əzizim amerikalı, indi buyur görək nə məqsədlə dünyanın o başından bu başına gəlmisən? Mənim yəqinimdir ki, sənin xəyalında bir biclik var. Məsələn, bu məqsədlə gəlibsən ki, biçarə müsəlmanları tovlayıb axırda imtiyaz sahibi olasan və bizi fəhlə kimi işlədib öz əlimiz ilə qazandığımız pulları doldurasan cibinə və axırda da Xorasan xalılarından, Buxara dərilərindən, Naxçıvan cecimlərindən, Şamaxı şallarından, Tehran şiri-xurşidindən bir yük tutub Vətənə sovqat aparasan və gedib Amerikada bir kitab yazasan və həmin kitabda mollalarımızı tərifləyəsən”.

“Molla Nəsrəddin”in təsiri ilə 1907-1917-ci illərdə “Bəhlul”, “Zənbur”, “Arı”, “Kəlniyət”, “Məzəli”, “Tuti”, “Babayi-Əmir” kimi mətbuat orqanları yarandı və bu jurnalın davamçıları kimi fəaliyyət göstərdi.

1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə Təbrizə getdi və 1921-ci ilin fevralında “Molla Nəsrəddin” jurnalı burada nəşr olundu. Təbrizdə jurnalın 8 nömrəsi çap edildi. Burada da Mirzə Cəlil çətinliklərlə üzləşir. Onun “Molla Nəsrəddin”i azərbaycanca nəşr etdirmək istəyinə İran hökuməti icazə verməmişdi ki, gərək farsca çap olunsun. Onda Mirzə Cəlil demişdi: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin “Molla Nəsrəddin”i erməni dilində nəşr edim”. Bu sərt sözdən sonra jurnalın Təbrizdə ana dilində nəşrinə icazə verilir. Jurnalın Bakıda ilk nəşri 1922-ci ilin noyabrında, son nömrəsi isə 1931-ci ildə buraxılmışdı.

Cəlil Məmmədquluzadənin ayrı-ayrı dövrlərdə 100, 125, 140 illik yubileyləri böyük təntənə ilə qeyd olunmuşdur. 2006-cı il yanvar ayının 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama uyğun olaraq jurnalın 100 illiyi dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Bu isə ölməz Cəlil Məmmədquluzadə irsinə hörmət və məhəbbətin bariz ifadəsi idi.

Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin Naxçıvan Muxtar Respublikasında xatirəsi əbədiləşdirilmiş, Naxçıvan şəhərində onun əzəmətli heykəli ucaldılmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi onun adını daşıyır. Ölməz yazıçının Naxçıvan şəhərində ev-muzeyi, Şərur rayonunun Cəlil­kəndində, Babək rayonunun Nehrəm kəndində Xatirə muzeyləri fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na görkəmli ədibin “Hekayələr”i də daxil edilmişdir. 2009-cu ildə isə ədibin 140 illiyi münasibətilə Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Seçilmiş əsərləri” iki cilddə nəfis tərtibatla çap olunmuşdur.

Cəlil Məmmədquluzadə ölməz dram və nəsr əsərləri, publisistikası və yaşaması üçün bütün həyatını həsr etdiyi “Molla Nəsrəddin” jurnalı ilə xalqımızın qəlbində və yaddaşında yaşayır, bundan sonra da yaşayacaqdır.

"Şərq qapısı" qəzeti
20.04.2019


      982-ci ildən UNESKO-nun qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazilərindəndir. Əcdadlarımız çox dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar. Bu tarix və mədəniyyət abidələri xalqımızın minilliklərboyu bu torpaqlarda yaşadığını sübut edən qiymətli yadigarlardır.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrlərində xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində böyük işlər görülmüş, zəngin qanunvericilik bazası yaradılmışdır. Dahi şəxsiyyət tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyini bildirərək demişdir: “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi üçün zəruri qanunların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır”.

Ölkəmizdə milli-mədəni irsin qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Pro­qramı” təsdiq edilmişdir. Proqram milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmişdir.

Qədim Naxçıvan Şərqlə Qərb arasında mühüm karvan yolları üzərində yerləşdiyindən müxtəlif mədəniyyətlərlə geniş əlaqədə olmaqla xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, məbədlər, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Əcəmi Əbubəkr oğlu Naxçıvani böyük memarlıq məktəbi yaratmış, naxçıvanlı memarlar dünya mədəniyyətinə gözəl nümunələr bəxş etmişlər. Bu memarlıq məktəbi Şərq memarlıq sənətinə də böyük təsir göstərmişdir. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklopediyasıdır. Gəmiqayadakı qayaüstü rəsmlər, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələr, piktoqrafik yazılar ilkin insan təfəkkürünün, estetik baxışlarının, dünyagörüşünün, təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbələrdir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Bu gün dünyanın ən qədim insan məskənlərindən olan Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində mühüm mərhələnin əsası qoyulmuş, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır.

Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda maddi mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 70-dən artıq abidəyə ikinci həyat verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir.

Ötən il Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamı, Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadə, Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə Kompleksi, XVII əsrin memarlıq abidəsi olan Qazançı körpüsü bərpa olunmuşdur. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa olunaraq istifadəyə verilmişdir.

Muxtar respublikada abidələrimizin tədqiq olunması və mədəniyyətimizin beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi mühüm əhəmiyyət daşımışdır. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beşminillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Diyarımızdakı abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala”, “Qarabağlar türbəsi”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan – türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin ardıcıllığını göstərir. 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar buradakı türk-islam mədəniyyəti abidələri ilə bağlı mühüm işlər görülmüş, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” və başqa kitablar nəşr edilmiş, “Naxçıvan: türk-islam mədəniyyəti” televiziya filmi çəkilmişdir.

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.

Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Əcdadlarımızın əziz yadigarlarını bərpa etmək, sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, keçmişi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

"Şərq qapısı" qəzeti
18.04.2019


      Qədim tarixə, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan mürəkkəb, eyni zamanda şərəfli inkişaf və tərəqqi yolu keçib. Bu yurd yeri həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Tanrının bir bəxşişi olan Naxçıvan Şərqlə Qərbin qovşağındadır. İqlimi, təbiəti, coğrafi mövqeyi ilə bu diyar həmişə uzun illərboyu müxtəlif geostrateji və geosiyasi maraqların ən çox kəsişdiyi nöqtələrdən biri olub. Hələ XX əsrin əvvəllərində sadalanan bu səbəblər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın muxtariyyət statusu qazanmasını vacib amilə çevirib. Tarixə nəzər salsaq, görərik ki, 1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra Naxçıvan diyarında ermənilər daha da fəallaşıb, qədim yurdun Ermənistana birləşdirilməsi üçün cəhdlər göstərilib. Həmin dövrdə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olunmamış məsələlərin nizama salınması məqsədilə Moskva müqaviləsinin ardınca 1921-ci il oktyabrın 30-da Qars müqaviləsinin imzalanması ilə Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirilib.

Belə bir deyim var ki, tarix heç nəyi unutmur. Naxçıvanın muxtariyyət salnaməsi xalqımızın daim qürurla xatırladığı bir tarixi nailiyyətdir. “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı da bu baxımdan əhəmiyyətli dövlət sənədidir.

Bu gün tariximizi öyrənmək üçün üz tutduğumuz yerlərdən biri də muzeylərimizdir. Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Həmin müəssisələrdə saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir. Bu xəzinələr Naxçıvanımızın muxtariyyət salnaməsini günümüzə qədər yaşadır, qoruyur.

Ulu öndərimiz Heydər Əliyevin ölkəmizdə birinci dəfə siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da muzeylərin şəbəkəsi genişləndirilib və müxtəlif profilli muzeylər yaradılıb.

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların da əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanıb. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması sahəsində çoxsaylı fərman və sərəncam imzalanıb.

Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 29 müxtəlif profilli muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Bir sıra muzeylər üçün yeni binalar inşa olunub, bəzi muzey binaları təmir edilib, onların ekspozisiyaları yenidən qurulub. Ötən illər ərzində Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi, Cəlil Məmməd­quluzadənin ev-muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Bəhruz Kəngərli Muzeyi, Xatirə Muzeyi, Şahtaxtinski­lər Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Gəmiqaya Muzeyi, Xalq şairi Məmməd Arazın və görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyləri, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Duz Muzeyi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncamı ilə həm abidə bərpa edilib, həm də burada yeni muzey yaradılıb.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq həmin mədəniyyət müəssisələrinə kollektiv gedişlər təşkil edilir. Muzeyləri ziyarət edən həm muxtar respublika sakinlərinin, həm də xarici ölkə vətəndaşlarının sayı ildən ilə daha da artır. Belə ki, ötən il muzeyləri, ümumilikdə, 592 min 683 tamaşaçı ziyarət edib. Onlardan 178 min 469 nəfəri əcnəbidir.

Muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər. Ötən il muxtar respublika muzeylərinə 1564 yeni eksponat daxil olub. Muzeylərimizin ekspozisiyasında nümayiş etdirilən eksponatlar artdıqca buraya gələn ziyarətçilərin sayı da artır.

Muxtar respublikamızda muzeyşünaslıq işinin inkişaf etdirilməsində mütəxəssis hazırlığı da diqqətdə saxlanılıb. 2012-ci ildə Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının açılması bu sahə üzrə yerli kadr hazırlığına da əhəmiyyətli təsir göstərib. Fərəhləndirici haldır ki, muzeylərimizdə olarkən burada çalışan peşəkar əməkdaşların məhz həmin ixtisası bitirən gənclər olmasına bir daha şahidlik etdik. Ötən il Bəhruz Kəngərli Muzeyinin, Naxçıvan Duz Muzeyinin, Qarabağlar Türbə Kompleksinin saytlarının fəaliyyətə başlaması isə qədim diyarımızın tarixinin, zəngin maddi-mədəni irsimizin beynəlxalq səviyyədə virtual şəkildə təbliği baxımından mühüm əhəmiyyət kəsb edən hadisədir.

Bu gün Naxçıvanda fəaliyyət göstərən muzeylərdə bu qədim diyarın müxtəlif tarixi dövrləri ilə yanaşı, muxtariyyət tariximizi də özündə əks etdirən eksponatlar nümayiş olunur. Bu da doğma Naxçıvanımızın taleyini, Azərbaycanın ayrılmaz ərazisi kimi mövcudluğunu təsdiqləyən, inkişafına yol açan muxtariyyət tariximizin yaşadılması, təbliği baxımından təqdirəlayiq haldır.

Bəs bu gün muzeylərimizdə muxtariyyət tariximizlə bağlı hansı eksponatlar nümayiş etdirilir? Bunun üçün ilk üz tutduğumuz ünvan Heydər Əliyev Muzeyi oldu. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev bildirdi ki, ekspozisiyada 1974-cü ildə muxtariyyətimizin 50 illik yubileyində ümummilli liderimizin Naxçıvana səfərinə aid fotoşəkillər və keçirilən yığıncağın protokolu nümayiş olunur. Muzeydə digər diqqətçəkən eksponatlardan biri də 1999-cu ildə muxtariyyətimizin 75-ci ildönümündə ulu öndərin Naxçıvana səfərini əks etdirən tarixi fotoşəkillərdir. Keçirilən yubiley tədbirlərində ulu öndərin Kazım Qarabəkir Paşa məscidinin, Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun, Cəlil Məmmədquluzadənin ev-muzeyinin və başqa yeni müəssisələrin açılışında iştirakı fotolarda əks olunub.

Muxtariyyətimizin yaşıdı, öz eksponatları ilə zəngin Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasında tərtib olunmuş “Naxçıvan Muxtar Respublikası – 95” adlı sərgidə də Naxçıvanın muxtariyyət tarixindən bəhs edilir. Sərgidə 129 eksponat nümayiş olunur. Onların arasında Naxçıvana muxtariyyət statusunun verilməsinə dair sənədlər, o dövrdə qəbul edilmiş Naxçıvanın konstitusiyaları, xəritələr, muxtariyyətin müstəqillik illərində Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafına dair məlumatlar, son 20 ildə muxtariyyət tarixi ilə bağlı nəşr olunmuş çap məhsulları ilə yanaşı, bu dövrdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirlərini əks etdirən fotoşəkillər və digər materiallar nümayiş olunur.

Eksponatları müşahidə etdikcə muxtar respublikamızın tarixi göz önündə bir daha canlanır. Muzeyin bələdçisi Xavər Nuri bildirdi ki, həmin sərgi vasitəsilə muzeyə gələn tamaşaçılara Naxçıvanın muxtariyyət tarixi barədə ətraflı məlumatlar verilir.

Xalqımızın əməksevər qadınlarının göz nuru olan, ilmələrin, naxışlarımızın qorunub saxlandığı Naxçıvan Dövlət Xalça Muzeyində də muxtariyyət tariximizlə bağlı xalçalar tamaşaçılara təqdim edilir. Muzey bələdçisi Səadət Vəliyeva bir xalça haqqında danışaraq bildirdi ki, bu qiymətli xalq sənəti nümunəsi 1949-cu ildə muxtariyyətimizin 25-ci ildönümündə Qarabağ xalçaçıları tərəfindən toxunub və hədiyyə olunub. Xalçanın üzərində “Naxçıvan – 25” sözləri yazılıb. Bu xalçanı Azərbaycan xalqı arasında birliyin, bərabərliyin simvolu kimi xarakterizə etmək olar və mən əminəm ki, çox da uzaq olmayan bir tarixdə Naxçıvan xalçaçıları tərəfindən Qarabağın azad olunması münasibətilə belə bir xalça toxunub doğma Qarabağımıza hədiyyə ediləcəkdir.

Muzeyin bələdçisi onu da bildirdi ki, muxtariyyətin 60-cı ildönümü ilə bağlı 1984-cü ildə Naxçıvan xalçaçıları tərəfindən toxunan bir xalça da eksponatlar arasında nümayiş olunur. Xalçanın üzərində Naxçıvanda yerləşən tarixi abidələrin, Araz Su-Elektrik Stansiyasının, Aza körpüsünün və Haçadağın təsvirləri əks edilib. Digər eksponatlardan biri də muxtariyyətin 90-cı ildönümündə Naxçıvan xalçaçıları tərəfindən toxunulan, üzərində 8 guşəli ulduzun təsvir olunduğu xalçadır. Bu xalça xalqımızın müstəqilliyini, azadlığını özündə əks etdirir.

Muxtariyyət tariximizi özündə yaşadan muzeylərimizdən biri də şəhərimizdəki Dövlət Bayrağı Meydanı və Muzeyidir. Hamımıza məlumdur ki, Naxçıvan özünün dövlətçilik atributlarına malik bir diyardır. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sovet Sosialist Respublikası haqqında Əsasnamə” və Naxçıvan Muxtar Respublikasının 1926-cı, 1937-ci və 1978-ci il konstitusiyalarında dövlət gerbi və bayrağı haqqında müddəalar buradakı eksponatlarda öz əksini tapıb. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı və Gerbi ilə yanaşı, Dövlət Himni də təsbit edilib. Muzeyə baxış zamanı burada nümayiş olunan eksponatlardan müxtəlif dövrlərdə dövlət atributu kimi qəbul edilmiş bayraqlar ilk baxışda diqqəti cəlb edir. Öyrəndik ki, Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı qəbul edilərkən Naxçıvana hələ muxtariyyət statusu verilməmişdi. Latın əlifbasının ərəb əlifbası ilə eyni hüquqda işlədilməsi haqqında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti və Azərbaycan SSR-in ilk dövlət bayrağının təsviri əsasında 1922-ci il dekabrın 30-da Naxçıvan SSR-in ilk bayrağı təsdiq edilib. Azərbaycan SSR-in 1927-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən Naxçıvan Sosialist Şuralar Cümhuriyyəti bayrağının üzərindəki “İctimai” sözü “Sosialist” sözü ilə əvəz olunaraq 1937-ci il sentyabrın 18-də qəbul edilən Konstitusiyasında Naxçıvan Avtonom Sosialist Respublikasının bayrağı olaraq qəbul olunub. Muzeydə nümayiş etdirilən Naxçıvan Muxtar Sovet ­Sosialist Respublikasının Əsasnaməsi və muxtariyyət dövründə qəbul olunan konstitusiyalar, eləcə də ölkə­mizin müstəqilliyi dövründə nəşr edilmiş “Naxçıvan tarixi atlası”, “Gümrü, Moskva və Qars müqavilələri”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Muxtar Respublikasının yubileyləri” kitabları Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər də nümayiş olunur.

Bəli, ulu öndər Heydər Əliyevin dediyi kimi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əlindən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. Bunun üçün dünənimizi bu günə, bu günümüzü isə sabaha bağlayan tariximizi dərindən öyrənməli, Naxçıvanın çətin, məsuliyyətli, ancaq şərəfli muxtariyyət tarixi dövrünü dərindən mənimsəməli, təbliğ etməliyik. Məhz buna görə də muxtar respublikamızda tariximizin saxlanc yerləri olan muzeylərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.

Son 30 ilə yaxın bir dövrdə yaradılan yeni muzeylər onların fəaliyyətlərinin və strukturlarının dünya standartları səviyyəsində təşkili, ən əsası isə yerli sakinlərdə və çoxsaylı turistlərdə bu mədəniyyət müəssisələrinə maraq yaradılması, ümumilikdə, Azərbaycanda muzeyşünaslıq işinə layiqli töhfə sayıla bilər.

"Şərq qapısı" qəzeti
11.04.2019


      Bu gün muxtar respublikamızda xalq yaradıcılığının, folklorumuzun, milli dəyərlərimizin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına böyük qayğı göstərilir, bu sahədə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açmışdır. Qədim diyarımızda bu istiqamətdə görülən çoxsaylı tədbirlərdən biri də folklor festivallarının, müsabiqələrin, elmi konfransların keçirilməsi, xalq yaradıcılığı ilə bağlı kursların təşkil edilməsidir.

2012-ci ilin “Milli dəyərlər ili” elan olunması qədim diyarımızda xalq yaradıcılığının inkişaf etdirilməsi üçün əlavə stimul vermişdir. Ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xalq yaradıcılığına diqqət və qayğısı bu uğurun əsas təminatçısıdır. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Nəticədə isə milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızın UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi kimi əhəmiyyətli tarixi uğur qazanılıb. UNESCO-nun həmin qərarı ilə mənfur qonşularımızın bu dəyərlərimizi öz adlarına çıxmaq cəhdlərinin qarşısı alındı. Dünya bir daha təsdiq etdi ki, yallı məhz bizim xalqımıza məxsusdur.

Ali Məclis Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı da xalq yaradıcılığına böyük qayğının daha bir ifadəsidir. Sərəncama əsasən təsdiq olunmuş Tədbirlər Planında yallı ilə bağlı tədqiqatların və nota köçürülmə işinin davam etdirilməsi, onların reyestrinin aparılması və digər mühüm məsələlər öz əksini tapmışdır.

Minillik həyat tərzimizin və bədii təfəkkürümüzün güzgüsü

Xalqımızın minillik həyat tərzini və bədii təfəkkürünü bu günə daşıyan yallılar birlik rəmzi, milli xüsusiyyətlərimizin və el hikmətinin ifadəçisi, xalq yaradıcılığı xəzinəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ­demişdir: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallılar Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”. Yaşı min illərə söykənən yallının tarixi və mənşəyi dəqiq bilinmir. Tədqiqatçılardan bəziləri qeyd edirlər ki, yallılar ən qədim dövrlə bağlı olub vaxtilə ovçuluq və atəşi qorumaq məqsədilə icra olunan mərasim oyunu növlərindəndir. Bununla bağlı Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizaminin “Xosrov və Şirin” poemasında müəyyən təsvir və məlumatlara rast gəlinir. “Yallı” sözünün etimoloji mənasının “işıq”, “od”, “alov” olduğunu bildirənlər də vardır. İlk çağlar əl-qol, him-cim və bədən hərəkətlərindən ibarət olub bir-birinin əlindən tutaraq dəstə ilə ifa olunan, özündə rəqs, oxuma, musiqi və tamaşa ünsürlərini birləşdirən bir xalq oyunu təsiri bağışlayıb, sonralar öz xüsusiyyəti, yaranma şəraiti, icra tərzinə görə müxtəlif qollara ayrılıb. Bəzi yallılar yalnız kişilərə aid olduğu halda, digərlərində qadınlar da iştirak ediblər. İfa zamanı əl çalmaq, nida və ya söz demək oyunun özünəməxsus cəhətlərindəndir. Bəzi bölgələrdə bu oyuna “əl-ələ”, “ləlli”, “yallı”, “yaylı” deyirlər. Xalq arasında “yallı getmək”, “yallı durmaq” və ya “yallı tutmaq” ifadələri bu oyunu ifa etmək mənasında işlədilir. Yallılar sintetik rəqs kimi xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirir, xoreoqrafiya məzmununa görə iki növə – süjetli və rəqs yallılarına bölünür. Bu milli rəqslərimiz həm də teatrlaşdırılmış xalq oyunları olduğu üçün bəzən “Oyun yallı” da adlandırılır. Rəqs yallılarında qəhrəmanlıq motivləri, xalqımızın əhval-ruhiyyəsi, gəncliyin çevikliyi də özünü göstərməkdədir. Təsadüfi deyil ki, “Koroğlu”, “Nərgiz” kimi milli operalarımızda, “Gülşən”, “Qız qalası”, “Babək” baletlərimizdə və digər müxtəlif musiqi əsərlərində yallının janr xüsusiyyətlərindən bəhrələniblər. Yallı rəqs mədəniyyətimizin tarixini öyrənmək baxımından bu gün də maraq doğurmaqdadır. Bununla bağlı folklorşünaslar, tədqiqatçılar, musiqiçilər maraqlı və elmi cəhətdən əsaslandırılmış fikirlər söyləyib, məqalələr, kitablar yazılıb, sənədli filmlər çəkilib. “Yallının beşiyi Şərur bölgəsidir”, – deyənlər heç də yanılmayıblar. Şərur yallılarının tarixi, ruhi-mənəvi qaynaqları, bədii-estetik gözəlliyi, min illərin düşüncə tərzini yaşatması, rəqs hərəkətlərinin rəmzləri, incə elementlərin izahı və öyrənilməsi, təhlil ediləsi cəhətləri haqqında deyiləsi fikirlərə bu gün də böyük ehtiyac vardır. UNESCO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları da milli mənşəyi və özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçilirlər.

Yallıların xalqımıza məxsusluğunu dünyaya təsdiqlədən faktlar

“Tənzərə” yallısı gözəllik ifadə etməklə, adətən, qadınlar tərəfindən oynanılır. Bu ikihissəli yallıda ifaçıların geyimi zərli və üzəri daş-qaş və başqa bəzəkli düzümlərlə bəzədilmiş olur. İfaçılar musiqinin ritminə uyğun olaraq hərəkət etdikcə paltarın üstündəki bəzək əşyaları silkələnir və zurnada çalınan musiqi ilə ahəngdarlıq yaradır. “Tənzərə” adının da buradan götürülməsi güman edilir. Yəni yarı zər, yarı bəzək-düzək. Bu yallı Şərur toylarında daha çox ifa edilir. “Köçəri” yallısının da adı birbaşa bildirir ki, bu yallı xalqımıza məxsusdur. Sözün etimologiyasından danışarkən, ilk olaraq onu qeyd etməyi lazım bilirik ki, Mahmud Kaşğarinin məşhur “Divani-lüğət-it-türk” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilmişdir: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək. Sözün mənşəyini Azərbaycan ərazisində İslamdan əvvəlki dövrlərdə qəbiristanlıqlarda başdaşı üzərində qoyulmuş daş qoç və daş at heykəlləri ilə əlaqələndirənlər də vardır. Belə ki, daş qoçlu qəbirlər Oğuz qəbirləri olduğuna görə “Köçəri” yallısının adının mənasının da “koç-qoç” kəlməsi ilə bağlı olması ilə əlaqədar ehtimallar da onun türkmənşəli olmasına heç bir şübhə yaratmır. Lakin yallının xarakterik ifa tərzi deməyə əsas verir ki, “Köçəri” yallısının adı türkmənşəli “köç” sözündən götürülmüşdür. Rəqsin düzülüşündən və hərəkətlərindən aydın olur ki, insanlar məskənlərini dəyişəndə, yəni arandan yaylağa, yaylaqdan isə arana köçən vaxt müəyyən hazırlıq işləri görürlər. Məskunlaşacaqları yerdə yurd salmaq üçün əşyaların toplanması, onların heyvanlara yüklənməsi “Köçəri” yallısında təcəssüm etdirilir. Bu üçhissəli yallıda insan musiqi və hərəkət ritmindən duyur ki, birinci hissədə kədər, qəm-qüssə var. İnsanlar könülsüz halda doğma məskənlərini tərk etdiklərindən, aram-aram yerişlə keçilməz, dolayı, sanki dağ keçidlərini keçdiklərini əks etdirirlər. İkinci hissədə çətin və dolayı, daşlı-kəsəkli yollarda sanki dağ keçidlərini qalxırlar. Üçüncü hissədə isə artıq insanlar istədikləri mənzilə çatdıqlarından, yeni quracaqları məskənləri təsvir edir, həm də çox sürətli, şən əhval-ruhiyyəli hərəkətlərlə yallını yekunlaşdırırlar. Bu kiçik qeydləri qələmə almaqda məqsədimiz yallılarımızın xalqımızın etnoqrafik həyatını, dünyagörüşünü, məişətini əks etdirməsini xatırlatmaqdır. Yallılarımızın hamısında bu xüsusiyyətləri görmək olar. Bu gün muğamlarımızın adı kimi yallılarımızın adının da etimoloji cəhətdən dəqiq elmi izahına ciddi zərurət yaranıb. Bu adların izahı, yallıların ifa tərzi, tarixi, yayılma arealı, kanonik hərəkət sistemi haqqında peşəkar tədqiqatçı və musiqişünas axtarışları yeni kitabların yaranmasına səbəb ola bilər. “Naxçıvan-Şərur el yallıları” kitabı bu cəhətdən maraq doğurur. Onu da qeyd etmək yerinə düşər ki, bu günədək 90-dan çox yallımız ilk dəfə toplanaraq nota köçürülüb, kitab şəklində nəşr etdirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yanvar ayı ərzində Şərur yallılarının reyestrə alınması işini davam etdirib, Şərur yallı kollektivlərinin repertuarında olan bir neçə yallının çəkilişi aparılıb. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disk hazırlanıb. Bütün bunlar, xüsusilə də müasirimiz olan qocaman yallı ifaçılarının təcrübələrinin öyrənilməsi, heç şübhəsiz ki, yallılarımızın dünyəvi təbliğində mühüm rol oynayır.

Yallılarımıza dünya şöhrəti qazandıran ansambl

Yallılarımızın Vətənimizdən kənarda tanıdılmasından və təbliğindən söz düşmüşkən “Şərur” Xalq Yallı Ansamblının xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ansambl mühüm tarixə və zəngin ənənələrə malikdir. Bu gün də 1939-cu ildə Moskva dekadasında uğurla çıxış edən, lakin dekadanın son günü tramvay qəzasına düşən və vəfat edən yallıbaşı Həsənbəy haqqında maraqlı rəvayətlər, söhbətlər Şərur torpağında gəzməkdədir. Deyilənə görə, o vaxt Həsənbəyi elə Moskvadakı qardaşlıq qəbiristanlığında ehtiramla dəfn etmişlər. Onunla Moskvada olanlar deyirlər ki, bu el ağsaqqalı səhnəyə çıxanda konsert salonunu alqış səsləri bürüyərdi. Ansamblın Macarıstan, Almaniya, Türkiyə, Polşa, Misir və Rusiyada keçirilən folklor festivallarında qazandığı diplom və mükafatlar kollektivin uğurlarının göstəricisidir. Ötən ilin mart ayında Türkiyənin Kastamonu şəhərinin 2018-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı olması ilə əlaqədar keçirilən rəsmi açılış mərasimi və Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə təşkil edilən Novruz şənliklərində “Şərur” Xalq Yallı Ansamblının iştirakı isə əsl mədəniyyət hadisəsi kimi yadda qaldı. Hazırda qədim diyarımızda “Şərur” Xalq Yallı Ansamblı ilə yanaşı, muxtar respublikanın rayon mədəniyyət şöbələrinin nəzdində 20-dən çox yallı qrupu fəaliyyət göstərir. Sevindiricidir ki, Şərur rayonunda yallı ifaçılarının üç nəsli bu qədim rəqs və oyunu yaşadır. Bu da deməyə əsas verir ki, Şərur yallısı dünən və bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır. Çünki Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də dediyi kimi: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.

Poetik ilham mənbəyimiz yallılar

Şərur yallıları haqqında indiyədək onlarla şeir yazılmışdır. Yallının xalqımızın mərdliyini, qəhrəmanlığını, əyilməzliyini göstərməsi bu şeirlərdə vəsf olunur. Yallı haqqında ilk şeirlərdən biri tanınmış şairimiz, mərhum Nüsrət Kəsəmənliyə məxsusdur. Yaxşı yadımdadır ki, şair ötən əsrin 70-ci illərinin sonunda Naxçıvanda hərbi xidmət edirdi. Yallıya valeh olan şair “Şərur yallısı” şeirini də o zaman burada yazmışdır. Şeir ilk dəfə “Şərq qapısı” qəzetində çap olunmuş və sonralar şairin “Ürəyimə açılan qapılar” kitabında işıq üzü görmüşdü. O zaman çox gənc olan Nüsrət Kəsəmənli bu şeirdə yallımızın xalqın gücünü, qüdrətini göstərməsini gözəl duymaqla yanaşı, onun mənəvi və bədii-estetik gözəlliyini də ilhamla ifadə etmişdir. Bu yazını həm şeirlə bitirmək istərdim:

Dəydi bir-birinə çiyinlər yenə,
Bir az da böyüdü kürəklər indi.
Bəyaz yelkənlərtək qabardı sinə,
Gəlsin rəqs eyləyək küləklər indi.

Qollar qanaq açdı, böyüdü dövrə,
Qartallar qoşuldu yallıya sanki.
Ehey!.. Ayağını möhkəm bas yerə,
Yerdən üzülübsən, buluddasan ki!

Bir çınqı od aldı, süzüldü gözlər,
Qollar bir-birinə düyünmü düşdü?
Qoşulun yallıya, durmayın, qızlar,
Hamıya yer çatar, meydan genişdir.

Baxın o cavanın qamçı belinə,
Yüngül qədəmlərin gör necə səkir...
Bir igid yaylığı alıb əlinə,
Görəsən dəstəni hayana çəkir?!

Qızların hörüyü qulac-qulacdı,
Bu qara kəməndə durmayın yaxın!
Kişilər hamısı Koroğlulaşdı,
Gəlinlər Nigara bənzədi, baxın!

Tonqal dilim-dilim dikəldi göyə,
Ona ürəklərdən od düşüb, nədir?
Qırmızı üfüqlər söykəndi göyə,
Üfüqlər tonqala ilişib, nədir?

Coşğunluqmu gəldi Arazdan, Kürdən,
Polad zəncirlər də dözmədi buna.
Açıldı qolların düyünü birdən
“Yallı” səpələndi Odlar yurduna!

"Şərq qapısı" qəzeti
09.03.2019


      2019-cu ilin birinci rübündə milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilmiş, muxtar respublikada mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, görkəmli sənət adamlarının yubileyləri qeyd edilmişdir. Rüb ərzində muxtar respublikanın rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə konsertlər olmuş, film və tamaşalar nümayiş etdirilmişdir. Bu məqsədlə rayon mədəniyyət saraylarında 20 konsert və 11 tamaşa təşkil olunmuşdur. Aparılan quruculuq işləri zamanı Şahbuz Rayon Mədəniyyət Sarayının açılışı olmuş, Ordubad rayonunun Dəstə və Şərur rayonunun Kərimbəyli kənd mərkəzləri istifadəyə verilmiş və burada kənd kitabxanası və klubu üçün də lazımi şərait yaradılmışdır.

Rüb ərzində Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Bu müddətdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, böyük Azərbaycan şairi Nəsiminin 650 illiyi, Cəlil Məmmədquluzadənin 150 illiyi, Cəfər Cabbarlının 120 illiyi, Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illiyi və başqa yubiley günləri ilə bağlı tədbirlər keçirilmişdir. Nazirlik keçirilən tədbirlərin kütləviliyinə və rəngarəngliyinə, keyfiyyət dəyişikliyinə də diqqəti artırmışdır. Nazirlik tərəfindən forma müxtəlifliyinə diqqət yetirilməklə müxtəlif müsabiqələr, dəyirmi masa, oxucu konfransı, xatirə gecəsi, anım günü, kitab müzakirəsi, intellektual oyun, maarifləndirici tədbir, mühazirə, metodiki kurs, seminar-treninq, kitabxana və kitabxanaçı günləri, mütaliə günü, nağıl günü və başqa tədbirlərin keçirilməsinə nəzarət artırılmışdır.

Rüb ərzində qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması sahəsində işlər davam etdirilmişdir. Bu dövrdə muzeyləri 30 min 523 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə 125 min 998 nəfər tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsi sahəsində muxtar respublikanı sakinləri fəal iştirak etmiş, muzeylərimizə 410 ədəd eksponat daxil olmuşdur. Bu dövrdə muzeylərimizdə 92 açıq və 9 distant dərs keçirilmiş və 20 sərgi yaradılmışdır.

Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin qurulması diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi və sərgilərin yaradılması üçün bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş 61 kitabın müzakirəsi keçirilmişdir. Yanvar-mart aylarında muxtar respublikanın kitabxanalarına 215 adda 581 nüsxə çap məhsulu daxil olmuşdur. Rüb ərzində kitabxanalarda yeni oxucu sayı 926, oxucu gəlişi 26 min 770 nəfər olmaqla, 33 nəfər məhdud fiziki imkanlı şəxsə də səyyar kitabxana xidməti göstərilmişdir. Rüb ərzində muxtar respublikanın kitabxanalarında 204 kütləvi tədbir keçirilmiş və 158 sərgi təşkil edilmişdir.

Bu müddətdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Muxtar respublikanın klub müəssisələrində dərnəklərin təşkili və fəaliyyəti ilə bağlı da bir sıra işlər görülmüşdür. Rüb ərzində mədəniyyət evləri və klublarda 569 mədəni-kütləvi tədbir keçirilmiş, 182 sərgi yaradılmışdır.

İlin birinci rübündə teatr kollektivlərinin nümayiş etdirdikləri tamaşalar da muxtar respublikanın sakinlərinin asudə vaxtlarının mənalı təşkilinə yönəldilmişdir. C.Məmmədquluzadə adın Naxçıvan Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin “Xəyyam”, Əli Əmirlinin “Əli və Nino”, Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş Xaqani Əliyevin “ Ehsan xan Kəngərli”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “İnanmayaq tülkülərə”, “Göyçək Fatma”, “Adam-badam iyisi gəlir”, “ Qoğalın sərgüzəşti” , Naxçıvan Dövlət Uşaq Teatrı “Bugünün çay dəsgahı”, Babək Rayon Xalq Teatrı “Beş manatlıq gəlin”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Ordubad Rayon Xalq Teatrı “Yalan” tamaşalarını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin, “Şərur” Xalq Yallı Ansamblının, rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin muxtar respublikanın rayon və kəndlərində konsertləri təşkil olunmuşdur. Bundan başqa Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, aşıqların konserti olmuşdur. Martın 19-da isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Novruz bayramı” münasibəti ilə keçirilən şənliklərdə musiqi, teatr, təhsil müəssisələri kollektivlərinin rəngarəng konsert proqramları olmuşdur.

Rüb ərzində yaddaqalan mədəniyyət hadisələrindən biri də Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin “Testene ART Baku-2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak etməsidir. Müxtəlif yaş qrupları üzrə 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə kollecin 9 tələbə və 1 müəllimi diplomlara layiq görülmüşdür. Festival-müsabiqənin Qran-pri mükafatçısı Nəcəf Hacılı may ayında İtaliyada keçiriləcək “Özünü dünyaya tanıt” Beynəlxalq festival-müsabiqəsində Naxçıvanı təmsil edəcəkdir. Bu müddətdə nazirliyin tabeliyində olan təhsil müəssisələrində ustad və açıq dərslər, metodiki kurslar davam etdirilmiş, “Lira” musiqili-intellektual oyun təşkil olunmuşdur.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon və kəndlərində “Yarımçıq xatirələr”, “Nəsimi”, “Dərs”, “Cavad xan” filmlərini nümayiş etdirmiş, məktəblilər üçün kinoviktorina keçirmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
07.04.2019


     
Şahbuzlular bunu yeni Mədəniyyət Sarayının istifadəyə verilməsi ilə bir daha hiss etdilər

Şahbuz şəhərinin Heydər Əliyev prospektində ucaldılan Mədəniyyət Sarayı gözoxşayan görkəmi ilə buraya yeni bir gözəllik bəxş edib. Sarayın istifadəyə verilməsi tək mədəniyyət işçilərinin deyil, bütün şahbuzluların sevincinə səbəb oldu. Çünki bu ünvan bütün rayon sakinlərinin üz tutduğu, yararlandığı bir ünvandır. Hələ ötən illər mədəniyyət evinin tam yararsız binasında Xalq teatrının tamaşalarına, konsert pro­qramlarına dəstə-dəstə gəlib zala sığmayan, sonadək ayaq üstündə dayanan tamaşaçılar var idi. Hətta hava yağıntılı olanda zalın tamamilə sıradan çıxmış tavanından süzən su belə, seyrçi marağının qarşısını ala bilmirdi. İşimlə əlaqədar mədəniyyət evində tez-tez olurdum. Əlamətdar günlərlə bağlı konsertlərin, görüş və yubileylərin keçirildiyi vaxt, Xalq teatrının tamaşalarının nümayişi zamanı dəfələrlə rənglənməsinə baxmayaraq, yağış sularından ləkə bağlamış divarların qarşısına dibçək gülləri düzülürdü ki, gələn qonaqların yanında utanmayaq. Bina o qədər yararsız vəziyyətə düşmüşdü ki, havada azacıq külək olanda, elə bil içəridə əsirdi. Məşq, qrim, paltarsaxlama otaqları olmadığı üçün kollektiv çox əziyyət çəkirdi. Məşqlər əvvəldən axıradək səhnədə keçirilir, qrimlər iş otaqlarında edilir, səliqəli qalması üçün yer olmadığından paltarlar konsert, tamaşa nümayiş olunan zaman hər dəfə yenidən ütülənib geyinilirdi. Elə bunlara görə də Mədəniyyət Sarayı üçün yeni binanın tikilməsi bütün rayon sakinlərinin böyük arzusu idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı qədim diyarımızda xalq yaradıcılığının dərindən öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına stimul yaratmışdır. Sərəncamdan irəli gələn tələblərdən biri də mədəniyyət evlərinin və klubların nəzdində fəaliyyət göstərən dram dərnəkləri üzvlərinin potensialı hesabına Xalq teatrının yaradılması idi. Bu dövlət sənədi muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da mədəniyyətin inkişafının yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Dram dərnəklərinin fəaliyyətindəki irəliləyiş burada 2011-ci ildə Xalq teatrının yaradılması ilə nəticələndi. Teatr bir-birinin ardınca “Ər və arvad”, “O olmasın, bu olsun”, “Şahsənəm və Gülpəri”, “Evli ikən subay” kimi əsərləri səhnələşdirdi. Şahbuz Xalq Teatrının yaradılmasında xüsusi əməkləri olan Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi mərhum Çingiz Haqverdiyevin, teatra böyük canfəşanlıqla rejissorluq edən Ramiz Cəlilovun, Badamlı kənd mədəniyyət evinin müdiri Azadə Əsgərovanın adlarını qeyd etmək də yerinə düşər. Kollektiv hazırda Əbdürrəhim bəy Haqverdiyevin “Məşədi Qulam qiraət öyrənir” əsərini tamaşaya hazırlayır. Rayonun mədəniyyət müəssisələrində 4 dram dərnəyi, 4 yallı və 1 folklor qrupu fəaliyyət göstərir. Qədim saz sənəti yaşadılan rayonun musiqi məktəblərində bu sənətin sirləri gənc nəslə öyrədilir. Kolanı Kənd Uşaq Musiqi Məktəbinin sazçalanlar kollektivi nəinki rayon, muxtar respublika tədbirlərində də həmişə fəallıqla iştirak edir, xoş qarşılanırlar. Müxtəlif konsert proqramlarında yallı kollektivlərinin, dram dərnəkləri və folklor qrupunun, “Batabat” instrumental ansamblının, musiqi məktəblərinin xalq çalğı, nəfəsli alətlər ansambllarının çıxışları maraqla izlənilir. Lap qədim dövrlərdən Şahbuz toylarında sazın, tulumun, qara zurnanın, balabanın dağlara-daşlara əks-səda verən səsləri şahbuzluları musiqi üstündə kökləyib, burada onlarla xanəndənin, müğənninin, xalq çalğı alətləri ifaçılarının yetişməsinə səbəb olub.

Qazanılan uğurlar kollektivləri daha da ruhlandırır. Onu da bildirək ki, ötən il ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi münasibətilə musiqi məktəbləri arasında keçirilən muxtar respublika müsabiqəsində rayon və Kolanı Kənd Uşaq Musiqi məktəblərinin şagirdləri əhəmiyyətli uğurlar qazanıblar. Maraqlı bir faktı da qeyd edim ki, rayon uşaq musiqi məktəbi istifadəyə verilərkən burada musiqi alətlərinin təmiri üçün otağın ayrılması bu ucqar dağ rayonunun musiqiçilərini bir sıra çətinliklərdən azad etmişdir. Məktəbin müəllimi Natiq Quliyev illərdir ki, musiqi alətlərinin təmiri ilə yanaşı, həm də yenilərini də hazırlayır. Bütün bunlar isə ümumilikdə, rayonda mədəniyyətin inkişafına hər kəsin öz töhfəsidir. Yeni, əzəmətli və yaraşıqlı binada Mədəniyyət Şöbəsi, Mədəniyyət Sarayı və Şahbuz Rayon Xalq Teatrının fəaliyyət göstərməsi üçün müasir iş şəraitinin yaradılması, proyektorla təmin edilmiş 224 yerlik tamaşa zalının, dekorasiya otağı, 4 qrim, məşq və paltarsaxlama otaqlarının istifadəyə verilməsi rayonda mədəniyyətin inkişafına əvəzsiz töhfədir. Açılış mərasimində Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “... Şahbuz rayonunda fəaliyyət göstərən dərnəklər, folklor və yallı qrupları üçün lazımi şəraitin yaradılması imkan verəcək ki, mədəniyyət kollektivləri öz repertuarlarını zənginləşdirsinlər, konsertlər hazırlayaraq rayon ictimaiyyətinə təqdim etsinlər. Həmçinin muxtar respublikada fəaliyyət göstərən mədəniyyət kollektivləri burada konsertlər və tamaşalar hazırlayacaqlar. Bir sözlə, Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi mədəniyyətimizin qorunub gələcək nəsillərə çatdırılmasına və daha da zənginləşdirilməsinə xidmət edəcəkdir”. Gözlər önündə hər gün kərpic-kərpic ucalan böyük quruculuq tarixinin ərməğanları, ümumilikdə, rayon sakinlərinə, xüsusilə də gənc nəslə çox məqamları açıqlayır: Dövlətin vətəndaşlarına qayğısını, ucqar yurd yerlərimizə diqqətini, qurulub-yaradılanlarla gündən-günə müasirləşən el-obamızı, bir də bütün yaradılanları olduğu kimi qoruyub saxlamağı, istənilən sahədə böyük uğurlara imza atmağı.

Mətanət MƏMMƏDOVA
“Şərq qapısı” qəzeti
05.04.2019


      Soyuğu-qarı ilə insanlar üçün əlavə qayğı yaradan, yaşamaq üçün yalnız ehtiyat ərzaqdan istifadə edilən dövrün, yəni qışın başa çatması, yazın gəlməsi onlarda böyük sevinc hissi yaradır. Baharın gəlişi, havaların istiləşməsi isə insanların mətbəxinə, süfrəsinə çoxçeşidli dağlarımızın-düzlərimizin təmənnasız və səxavətlə yetirib-bitirdiyi bitkilərdən ibarət qidalar da gətirir. Sağlamlıq üçün lazımlı, bir çox vitaminlərlə zəngin bu ərzaq növləri həyətyanı sahələrdə becərilməklə yanaşı, təbii halda dağ və düzənlərimizdə də bitir. Məlumdur ki, Naxçıvan əhalisinin qidasında istər çiy halda, istərsə də müxtəlif yeməklərin hazırlanmasında göyərti qismi daha çox yer tutur. Diyarımızda erkən yazda çiy halda ən çox yeyilən bitki yoncadır. Duza və ya sirkəyə batırılaraq yeyilir. Bu gün də müxtəlif növ yemlik (südlü, təkəsaqqalı), quşəppəyi, dağlarda quzuqulağı yığılaraq istifadə olunur. Bununla bağlı bir şeir nümunəsində deyilir:

İlk baharda biz dağlara gedərdik,
Kəklik kimi qayalarda səkərdik.
Xına sürtər, quzuqulağı dərərdik,
Nübar bilib, hər kəsə pay verərdik.

Quzuqulağı daşlı qayalarda bitdiyi üçün onu yığmağa uşaqlar və yeniyetmələr gedər, yığdıqlarından qohum-qonşuya pay verərdilər. Orta və yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, əkin sahələrindən “topalaq” adlandırılan bitki də yığılıb yeyilərdi. Şum zamanı səthə çıxan bu kök yumrularının qabığı soyulduqdan sonra istifadə olunardı. Şirintamlı topalaqla yanaşı, əkin sahələrindən kələməkeşir də yığılıb yeyilirdi. Erkən yazda təpəliklərdə ən çox rast gəlinən murçalıq kökü, gicitkən, bağayarpağı kimi təbii bitki növlərinə də üstünlük verilirdi. Bu gün süfrələrimizin bol, insanların həyat səviyyəsinin yaxşı, ailələrdə hər cür təamların olması uşaqların belə bitki məhsullarını yeməyini maraqsız edib. Ancaq heç bir təam müxtəlif vitaminlərlə zəngin bu təbii qidaları əvəz edə bilməz. Yaz fəslində yemək çeşidlərinin içərisində yabanı və becərilən göyərtilər də üstünlük təşkil edir. Bu dövrdə göy soğana, tərxuna və digər mədəni göyərtilərə, soyutma yumurtaya, pendir-lavaşa üstünlük verənlər çoxdur. Göyərtidən, əsasən, dovğa və kətə bişirilir. Əsl evdar qadınlar bu dövr üçün qovurma saxlayırlar. Çünki qovurma ilə qızardılan pencərin və yumurtanın dadı əvəzedilməz olur. Qızartmada ən çox xıncılovuz, qazayağı, çiriş, cacıq, şomu, gicitkən və mərəçöhrdən istifadə edilir. Göyərti az olduqda düyü, buğda, yarma əlavə edib cılbırt bişirirlər.

Bir çox göyərtilərdən çərəz kimi də istifadə edilir. Kükü yemək növü də göyərtilərdən hazırlanır. Narın doğranmış pencərə yumurta əlavə edilərək qarışdırılır və tavada qızardılır. Göyərtidən kətə ilə yanaşı, göy qutab da bişirilir. Bunun üçün həyətyanı sahələrdə alaqotu kimi bitən qaratərə və sarmaşıqdan da istifadə edilir. Təndirdə bişirildikdə kətə daha dadlı olur. Onu isti-isti yemək məsləhətdir. Zövqə uyğun olaraq kətəyə sumax səpir, isti kətənin içərisinə eymə yağı qoyub yedikdə isə daha ləzzətli olur. Digər bir bitki növü – şomu qovurulsa da, kətəsinə daha çox üstünlük verilir. Şomunun becərilən, yəni mədəni növü olan ispanaqdan, yarpızdan da kükü bişirmək mümkündür. Bu mövsümdə göyərtidən qatıqaşı, dovğa da hazırlanır. Dovğa ən çox yarpız, nanə, ispanaq, keşniş, cəfəri, salmança ilə bişirilir. Yazda sevilən yeməklərdən biri də yer kartofudur. Heç bir budaq və gövdəsi olmayan, kartof yumrusuna bənzəyən bu göbələk növü torpağın altında böyüyür, inkişaf edir. Alçaq dağlıq və Arazsahili zonalarda bitir. Yeri azca şişirib çatlatdığı üçün toplanması çətindir. Çox zaman çubuqla döyəcləməklə yerini təyin edirlər. Bunun üçün quru və qabıqlı iydə və ya tut ağacından istifadə edilir. Çubuq göbələk olan yerə dəydikdə səs dəyişilir. Yağlı və qiymətli bitkidir. Şəkərli diabet xəstələri üçün məsləhət görülür. Yaz yeməklərinin içərisində ağartı məhsullarının da özünəməxsus yeri vardır. Belə ki, boz ayda və Novruzdan sonra ev heyvanlarında döl kampaniyası davam edir. Təzə doğan heyvanın ağüz (şirə) südü qiymətli qida məhsuludur. Ağüz adi südlə qarışdırılır, bulaya-bulaya bişirilir, sonra isə soyudulur və bulama alınır. Şifahi xalq ədəbiyyatı nümunələrimizdən olan sayaçı sözlərdən birində bulama haqqında deyilir:

Nənəm, a şişək qoyun,
Yunu bir döşək qoyun.
Bulamanı bol eylə,
Qırıldı uşaq, qoyun.

Erkən yazda ağüz südündən şan-şan bişirilir. Ondan duru xəmir də hazırlanır. Əvvəlcədən yağlanıb qızdırılmış tava və ya saca qaşıqla tökülüb bişirilir. Ağüz südü çox olduqda ondan kələkey hazırlanır. Bişirilən ağüz südü qatı olduqda və ya qarışdırılmadıqda kələkey alınır. Ağüz südündən kətəməz də hazırlanır. Bunun üçün bişirilən ağüz südünə az miqdarda duz atılır. Bərkiyənə qədər bulaya-bulaya bişirilir. Çöldə çobanlar ağüz südündən suluq bişirirlər. Yuxarıda qeyd etdiyimiz kimi, yazın gəlişi öz sərvətləri ilə ərzaq ehtiyatı yaradır, mətbəximizi də zənginləşdirir.

Zaleh NOVRUZOV, “Şərq qapısı” qəzeti
04.04.2019


      Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Yallı” televiziya filmini izləyirdim. Tarixi bir məkanda – “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində müstəqillik dövrünün memarlıq mühiti ilə üz-üzə, nəfəs-nəfəsə çəkilən yallının hər halayında monumentallıqla zəriflik, qeyri-adiliklə sadəlik bütöv bir vəhdət yaradır, xalqın mənəvi birliyinin nümayişinə çevrilirdi. Qalanın geniş meydanında əl-ələ, çiyin-çiyinə halay vuran 100-dən çox iştirakçı eyni şövqlə bu rəqsə öz naxış və ilməsini vururdu. Peşəkarlarla yanaşı, uşaq və gənclər, ahıllar eyni şövqlə orijinal musiqi mənzərəsi yaradırdılar. Sanballı etnoqrafik tutumu, bitkin fəlsəfi-estetik məzmunu ilə seçilən yallı ilk dəfə idi ki, belə geniş miqyasda, belə monumental, orijinal quruluşda təqdim olunurdu. Düşünürdüm: İndi bizim rəqs salonlarına uzaq keçmişdən qonaq gələn yallı, bəlkə, döyüş qabağı qəzəb ovxarlamaq mərasiminin yadigarıdır?! Bəlkə, qələbədən sonrakı sevinci əbədiləşdirmək meyli bu rəqsi daha da təkmilləşdirib, illərin sınağından keçirib?

Filmdə birləşmiş yallı qrupunun başında dayanan ucaboy adam diqqətimi daha çox cəlb edirdi. Qara zurnanın pillə-pillə yüksələn özünəməxsus sədaları altında onun harmoniya ləngəri, möhtəşəm ruhi ecazı yallının etnopsixologiyasını, fəlsəfəsini təqdim edir, bütöv rəqs obrazı yaradır, coşqun rəqsi digərlərinə təlqin olunurdu. Birləşmiş bu rəqs qrupunun birincisi olmaq onun uzun illərə söykənən təcrübəsindən, istedadından xəbər verirdi. Kim idi o?

Bu günlərdə onunla – Şərur rayonunun Şəhriyar kənd sakini, həyatını yallı sənətinə həsr edən, 1970-ci ildən 2016-cı ilədək mədəniyyət sahəsində çalışan, 1972-ci ildən 1980-ci ilə qədər “Şərur” Xalq Yallı Ansamblına rəhbərlik edən Əli Əsgərovla görüşdüm. Onunla yallı sənəti haqqında geniş söhbət etdik, həmçinin “Şərur” Yallı Ansamblının keçdiyi böyük yola nəzər saldıq:

– Əli müəllim, əvvəlcə milli dəyərlərimizdən biri olan yallı sənəti haqqında sizin fikirlərinizi öyrənmək istərdim.

– Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Ümumiyyətlə, incəsənətin ən geniş yayılmış növlərindən biri olan rəqs sənətinin tarixi çox qədimdir. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs etmişlər. Bu cəhətdən muxtar respublikamızın Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qayalarda rəqs edən insanların təsvir olunması bu sənətin qədim tarixi haqqında çox söz deyir. Bu təsvirlər həm də yallıların qədim dünyanın ən nadir sənət nümunələrindən biri olduğunu göstərir. Yallı dünəndən bu günə uzanan bir yoldur. Qədim rəqs-musiqi tariximizin quş yoran düzəngahlarından, sel udan dərələrindən keçib gələn yol! Xalqın mənəvi inkişaf yolları onun açdığı coğrafi yollardan gəlib keçsə də, mənəvi yol tarixin sel və gürşadlarına qarşı daha dözümlü olmuş, hər ayağa yedək olmamış, hər külüngdən yarğana dönməmişdir...

Xalqımızın mədəniyyət incisi olan yallı zaman keçdikcə insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, gözəllik və incəliyin, həyatsevərlik və sevincin, mərdlik və mübarizliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olmaqla ruhumuzu oxşayan digər çalarlarla zənginləşmişdir. Qədim dövrdə yaranan yallıların mərasim xarakterli olması da diqqəti cəlb edən əsas məsələlərdəndir. Çünki rəqs tayfa və ailə birləşmələri tərəfindən keçirilən müəyyən bir mərasimin vacib elementlərindəndir və xalqın sevincini ifadə edir. Bizim üçün maraqlı faktlardan biri də odur ki, bu sevinc incəsənətin ən geniş yayılmış növlərindən biri olan, yaranması Naxçıvan diyarının Şərur bölgəsi ilə əlaqələndirilən yallılara daha çox hopmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamında deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları isə xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”.

Bu gün muxtar respublikamızda 40-dan çox yallı növü vardır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Nazilə”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Hərilli”, “Xəlili”, “Əfsəri”, “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, babalarımızın yer titrədən ayaq səslərini, nərə səslərini özündə yaşadır, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağırır.

– “Şərur” Yallı Ansamblının keçdiyi yolun ən yaxın bələdçilərindən biri kimi bu ansambl haqqında, həmçinin bu kollektiv haqında nə deyə bilərsiniz?

– Qeyd etdiyimiz kimi, Naxçıvanda yallıya ta qədimdən maraq olub. 1924-cü ildən sonra naxçıvanlı incəsənət adamları yallı ilə daha ciddi maraqlanmağa başlayıblar. İlk yallı qrupu Çərçiboğan kəndində, daha sonra isə Oğlanqala, Yengicə və başqa kəndlərdə yaranıb. “Şərur” Xalq Yallı Ansamblı da elə həmin dövrdə qrup olaraq yaradılıb və 1932-ci ildən başlayaraq səhnələrə yol açıb. 2005-ci ildə “Şərur” yallı ansamblına Xalq Yallı Ansamblı statusu verilib. Bu günə qədər ansambl ölkədə və xaricdə keçirilən müxtəlif festivallarda uğurla iştirak edərək bir çox mükafatlar qazanıb.

Bu gün Şərur rayonunda yallı ifaçılarının üç nəsli bu qədim rəqs növünü yaşadır. Şərur yeganə rayondur ki, burada həm gənc, həm ortayaşlı, həm də yaşlı nəslin nümayəndələrindən ibarət yallı ansamblları fəaliyyət göstərir. Bu da onu deməyə əsas verir ki, Şərur yallısı dünən və bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır.

Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində müxtəlif yallı qrupları fəaliyyət göstərir. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılmış, ansamblın ifasından ibarət kompakt disklər hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı yallı sənətinin də öyrənilməsi, yaşadılması və təbliğində yeni istiqamətlər müəyyənləşdirmişdir. “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq” – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülmüş, yallılar ilk dəfə nota köçürülmüş, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunmuşdur. 2016-cı il sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yallı” festivalı keçirilmiş, festivalda muxtar respublikanın 14 yallı kollektivi iştirak etmişdir. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparmış, bu irsin qorunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişlər.

– Əli müəllim, sizi yallı sənətinə bağlayan nədir və sizin yallı ansamblına gəlişiniz necə olub?

– Bizim yerlərin el şənliklərini, toylarını yallısız təsəvvür etmək mümkün deyil. Elə bizim kəndimizdə də toylarımız yallı ilə başlayar, yallı ilə qurtarar. Biz ailəliklə bu sənətin vurğunu olmuşuq. Mənim də uşaqlıqdan bu el sənətinə böyük marağım olub. Bu günlərdə 70 yaşım tamam oldu. Bu ömrün təxminən 50 ilini yallı ilə peşəkar səviyyədə məşğul olmuşam. Hətta orta məktəbdə keçirilən bayram tədbirlərində də sinif yoldaşlarımızla birgə dəstə tutub rəqs edərdik. Elə o vaxt da mən həmişə dəstənin başında durardım.

Sonralar bu sənətə olan marağım daha da artdı. 1970-ci ildə Şərur Rayon Mədəniyyət Şöbəsinin nəzdində fəaliyyət göstərən yallı ansamblına üzv kimi daxil oldum. Eyni vaxtda həm də Şəhriyar kənd mədəniyyət evinin direktoru təyin edildim. 1972-ci ildə isə mən Yallı ansamblına bədii rəhbər təyin olundum. Həmin dövrdə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda yallı sənətini inkişaf etdirmək məqsədilə Bakıdan bir qrup rəqs ustası Şərura gəldi. Həmin tərkibdə Əminə Dilbazi, Əlibaba Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Roza Cəlilova, Aliyə Ramazanova, Kamil Dadaşov, Əli Əşşari kimi sənət fədailəri də var idi. Bu böyük sənət adamları ilə işləmək, sözsüz ki, peşəkarlıq baxımından bizim işimizə öz müsbət təsirini göstərdi.

– Musiqi və rəqs qrupları əsasən xarici səfərləri ilə tanınır, yadda qalır. Rəhbərlik etdiyiniz yallı kollektivi həmin dövrdə hansı səfərlərdə oldu, hansı uğurları qazandı?

– Kollektivə rəhbərliyimin elə ilk ilində keçmiş SSRİ-nin təmsilçisi kimi Almaniya Demokratik Respublikasında keçirilən folklor festivalına dəvət aldıq. Bu səfərdə ifa olunan yallıya Xalq artisti Əminə Dilbazi quruluş vermişdi. Almaniyaya gedən kollektivin tərkibində İsabala Mustafayev, Musa Nəcəfov, Azad Ramazanov, Əli Əsgərov, Vasif İbrahimov, Yusif Həsənov, Kəmalə Babayeva, Tünzalə Babayeva, Hüseyn Cabbarov, Səfər Qəhrəmanov, Rəna Əliyeva, Həbib Ələkbərov, Zəmanə Həsənova, Tamara Babayeva kimi tanınmış yallı ustalarının olması festivalda mükəmməl çıxışımızı təmin etdi. Festivalda çıxışımız çox uğurlu alındı və biz festivalın laureatı olduq. Kollektivimiz festivalda 1-ci dərəcəli diploma layiq görüldü. Daha sonra Moskvada mərkəzi televiziya ilə çıxışlar etdik. Ansamblımız haqqında televiziya filmi çəkildi. 1973-cü ildə kollektivimiz Moskvada Azərbaycan ədəbiyyat və incəsənət günlərində çıxış etdi və SSRİ Ali Sovetinin fəxri fərmanına layiq görüldü.

1974-cü ildə Azərbaycan Televiziyasının sifarişi ilə kollektivimiz haqqında daha bir televiziya filmi çəkildi. 1977-ci ildə Moskvada, 1975-1977-ci illərdə davamlı olaraq ümumdünya folklor festivallarında çıxış etdik. Sonuncu festivalın laureatı olduq. 33 nəfər festival üzvü kiçik qızıl medalla təltif edildi. Mən isə festivalda yallının bədii rəhbəri kimi böyük qızıl medala, 1-ci dərəcəli diplomla, daha sonra isə Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanına layiq görüldüm.

Bədii rəhbəri olduğum kollektiv 1980-ci ildə isə Macarıstan Xalq Respublikasına səfər etdi. Bu səfərimiz də keçmiş SSSR-də böyük əks-səda doğurdu. Bayram Zaxarov, Nərminə Məmmədova, Çinar Babayeva, Əmanət Cavadova, Kimya Babayeva, Mircəfər Həşimov, Səttar Əhmədov, Hüseyn Cabbarov və başqa ansambl üzvləri Hətəm Məmmədovun, Kamal Babayevin və Eldar Nəcəfovun müşayiəti ilə Macarıstanda unudulmaz çıxışları ilə yadda qaldılar. Həmin səfərdə kollektivin uğurlu çıxışı münasibətilə mən ikinci dəfə Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanına layiq görüldüm. Ancaq, təəssüf ki, elə həmin il səhhətimlə bağlı yallı kollektivindən ayrılmalı oldum.

– “Şərur” Xalq Yallı Ansamblının adı çəkiləndə sizin yadınıza əsasən kimlər düşür?

– “Şərur” Xalq Yallı Ansamblının formalaşmasında xüsusi rolu olan, adı bu kollektivlə qoşa çəkilən insanlar çoxdur. Azərbaycan Respublikasının, həmçinin Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Səttar Əhmədov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Kimya Babayeva, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Əfsər Novruzov və başqaları vaxtilə yallı kollektivində çıxış edən, müxtəlif illərdə ona rəhbərlik edən əsl sənət adamları olublar. Dövrünün məşhur yallı ustalarından söz düşəndə Səyyub Abdulayev, Əli Abbasov, Qədim Qədimov, Yəhya Abdullayev, daha sonralar Bahəddin Əsgərov, İsa Mustafayev, Azad Ramazanov və bu kimi onlarla insan yaddaşımda canlanır.

Ancaq onu da deyim ki, ansamblın tanınmasında hər bir üzvün, hər bir musiqiçinin özünəməxsus rolu olub. Bu mənada zurna ifaçısı Hüseyn İsmayılov, dəmkeş ifaçısı Nəsrullah İsmayılov, nağaraçı İsabala Mustafayev, tulumçu Məmməd Yaqubov da kifayət qədər tanınmış sənətkarlar olublar. Yaxşı haldır ki, dövlətimizin diqqət və qayğısı ilə bu sənətkarların da böyük əksəriyyətinin əməyi yüksək qiymətləndirilib. Kollektivin üzvlərindən nağaraçı İsgəndər Əliyev Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti adına və Prezident mükafatına, zurna ifaçısı Kamal Babayev Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adına və Prezident mükafatına, zurna ifaçısı Natiq Məmmədov isə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

– Əli müəllim, aydın olur ki, sənətdə böyük xidmətləriniz və çoxlu yetirmələriniz olub. Bəs bu gün öz ailənizdə bu yolu davam edən varmı?

– Bəli, nəvəm Ahumə Əsgərova bu gün mənim yolumu davam etdirir. O, hazırda Naxçıvan Musiqi Kollecində təhsil almaqla yanaşı, bu sənətlə də məşğul olur. İnanıram ki, o, gələcəkdə əsl incəsənət adamı olacaqdır.

– Bildiyimiz kimi, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” ötən il UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Bu barədə fikirləriniz də oxucular üçün maraqlı olardı.

– Sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir. Bununla da Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınmış, növbəti dəfə bu ölkəyə layiqli cavab verilmişdir.

Çoxminillik qədim tarixi və böyük ənənəsi olan “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısında yer alması Azərbaycanın bu tarixi və ənənəvi mədəni sərvətinin dünyada daha geniş tanıdılmasına da öz töhfəsini verəcəkdir. Bu, eyni zamanda, Naxçıvan-Şərur yallılarının tədqiqi, unudulmuş nümunələrinin üzə çıxarılması, bərpa edilməsi və təbliğ olunması istiqamətində də yeni mərhələdir.

Dərin milli tarixi köklərə malik olan “Yallı” rəqsinin beynəlxalq miqyasa çıxarılması azərbaycançılıq ideologiyasının təbliği baxımından da çox əhəmiyyətlidir. Artıq “Yallı” da bəşər mədəni irsində azərbaycançılıq möhürlərindən biridir. “Yallı” rəqsinin UNESCO kimi dünyada ən böyük mədəniyyət təşkilatının Təcili Qorunma Siyahısına daxil edilməsi müstəqil Azərbaycan diplomatiyasının və mədəniyyətinin mühüm nailiyyətidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talibovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı isə Şərur yallılarının tədqiqi, təbliği və qorunması istiqamətində yeni bir mərhələ olacaqdır. İnanırıq ki, bu Sərəncam həm də “Şərur” Xalq Yallı Ansamblının tarixinə yeni və parlaq səhifələr əlavə edəcəkdir.

– Maraqlı müsahibə üçün çox sağ olun, Əli müəllim.

– Siz də sağ olun.

Müsahibəni hazırladı: Qafar QƏRİB
04.04.2019


      Naxçıvan Muxtar Respublikasında ixtisaslı musiqiçi kadrların hazırlanması, istedadlı gənclərin musiqi təhsilinə cəlb edilməsi, milli musiqi alətlərinin və xalq musiqisinin yaşadılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yaradılan Naxçıvan Musiqi Kolleci 44 ildir ki, Naxçıvanda gənc musiqiçi kadrların yetişdirilməsində səmərəli fəaliyyət göstərir. Belə gənc istedadlardan biri də Azərbaycanın qədim milli zərb alətlərindən olan nağara ifaçısı Nəcəf Hacılıdır.

O, 2000-ci ildə Ordubad rayonunun Əndəmic kəndində anadan olub. 2010-2015-ci illərdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində təhsil alıb. Hazırda həmin məktəbdə müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Naxçıvan Musiqi Kollecinə daxil olan Nəcəf hazırda kollecin nağara ixtisası üzrə IV kurs tələbəsidir.

Onun dediklərindən: “Hər bir insanın öz həyat ritmi vardır və bu ritm istənilən anda bizimlədir. Müxtəlif rəngarəng, zövqoxşayan ritmlər toplusu isə zərb alətləri üzərində cəmlənib. Bu alətlər sırasında aparıcı rol nağaraya məxsusdur. Mədəniyyətimizi keçmişdən gələcəyə daşıyan bu alətdə Qobustan qayalarında olan səslər cəmlənib. O səsləri eşitmək və canlandırmaq bizim üçün qürurverici haldır”.

Kiçik yaşlarımdan ritmə, nağara alətində ifaya marağım olub. Əbəs yerə deyilmir ki, ritm musiqinin Allahıdır. Ritmsiz insan həyatını təsəvvür etmək olmaz. Ritm hər zaman olub və var. Dumbul, davul, nağara kimi zərb alətləri də məhz ritm üzərində qurulub.

Bu sənətə olan hədsiz marağının nəticəsidir ki, Nəcəf 11 yaşından səhnədə və el şənliklərində tamaşaçılar qarşısında çıxış edir. Bu alətdə ifanı ona sevdirən isə ailəsi olub. Öyrənirik ki, onun atası qarmon ifaçısıdır, bacısı isə kamança ixtisası üzrə Naxçıvan Musiqi Kollecini bitirib. Müsahibim bu gün qazandığı uğurlarda müəllimlərinin rolunu xüsusi qeyd edir. Ordubad Şəhər Uşaq Musiqi Məktəbində nağaranı ona daha da sevdirən, bu alətin incəliklərini öyrədən müəllimi Cəbrayıl Abbasov olub. Naxçıvan Musiqi Kollecində isə ilk müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mustafa Məmmədov, indi isə Mahir Rüstəmovdur. Nəcəf Naxçıvan Musiqi Kollecinin “Buta” muğam, “Naxçıvanqala” ritm qrupu, “Yallı” rəqs qrupu, “Gənclik” instrumental və digər ansambllarda, Estrada, “Xalq çalğı alətləri” orkestrlərində, eləcə də Naxçıvan Dövlət Filarmoniyasının Estrada, Simfonik orkestrlərinin tərkibində dövlət tədbirlərində, el şənliklərində yaxından iştirak edir. O təkcə muxtar respublikada deyil, Bakı şəhərində də bir neçə dəfə konsert proqramı ilə çıxış edib, televiziya verilişlərinə dəvət alıb. Naxçıvan Dövlət Televiziyasında yayımlanan “Gənc istedadlar”, “Gəncliyin səsi” adlı verilişlərin qonağı olub.

Nəcəfin uğurları bunlarla bitmir. Onun 2017-ci il mayın 1-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində solo konserti təşkil edilib. Konsertdə Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin “Buta” muğam ansamblı və “Naxçıvanqala” ritm qrupunun müşayiəti ilə istedadlı gəncin ifasında maraqlı musiqi nömrələri səsləndirilib. Onun ifa etdiyi müxtəlifritmli kompozisiyalar, simli kvartetlə kompozisiya və solo ifalar alqışlarla qarşılanıb.

Müsahibim deyir ki, insanların bir çoxunun yaddaşında yalnız toy aləti kimi qalsa da, əslində, nağarada fərqli ifaçılıq mövcuddur. Nağaranın mükəmməl ifaçısı olmaq üçün isə hər gün məşq etmək lazımdır.

Nəcəf Hacılı 2017-ci il noyabrın 11-də Bakıda Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərindən ibarət “Nəqşi-cahan sədası” adlı konsertdə nağara ifaçısı kimi çıxış edib. Tanınmış elm xadimləri, musiqiçilərin iştirak etdikləri gecədə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ehtiram Hüseynov, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə və digər xanəndələr müxtəlif xalq mahnılarını nağara və digər musiqi alətlərinin müşayiəti ilə səsləndiriblər. Gənc musiqiçi ən böyük uğurunu isə ötən günlərdə əldə edib. Belə ki, 19 mart tarixdə Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Testene Art Baku” III Beynəlxalq İncəsənət festival-müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və Qala konsertində Qran Pri mükafatına ən yüksək balla Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı (17-19 yaş qrupu) layiq görülüb və Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək “Pokaji sebya miru” (Özünü dünyaya tanıt) festival-müsabiqəsinə vəsiqə qazanıb. Tədbirdə Musiqi Kolleci tələbələrinin ifasında “Naxçıvani” rəqs kompozisiyası ifa olunub, eləcə də gənc istedad müxtəlif Azərbaycan ritmlərini nağarada ifa edib.

Nəcəf deyir ki, bu festival-müsabiqəyə seçilmək mənim üçün çox böyük nailiyyətdir. Digər tərəfdən muxtar respublikada ritm aləti (nağara) üzrə ilk dəfə Qran Pri mükafatına layiq görüldüyüm üçün sevincliyəm. Bundan sonra ən böyük məqsədim Riqa şəhərində baş tutacaq müsabiqədə yenidən Qran Pri qazanmaqdır. Kolleci bitirdikdən sonra isə Azərbaycan Milli Konservatoriyasında təhsilimi davam etdirmək istəyirəm.

Qeyd edək ki, Nəcəf həm də 2018-ci ildə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “İlin əlaçı tələbəsi” nominasiyası üzrə təltif olunub.

Nəcəf muxtar respublikada gənclər üçün yaradılan şəraitə, onlara göstərilən yüksək diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Nəcəf Hacılının müəllimi Mahir Rüstəmovla da həmsöhbət olduq. Mahir müəllim bildirdi ki, bu gün zərb aləti ifaçılarından ibarət müəyyən qrupların yaranması və gənclər tərəfindən bu alətlərə marağın artması sevindirici haldır. Tələbəm Nəcəfin uğurları isə təkcə məni yox, kollecin bütün kollektivini sevindirir. Nəcəflə tanışlığımız Ordubad rayonunda konsertdə olarkən başlanıb, o vaxtdan müxtəlif tədbirlərdə birgə çıxış edirik. Nəcəf istedadı, məsuliyyəti ilə özünü sənətdə təsdiq edə bilir. İnanıram ki, bundan sonra da daha böyük uğurlara imza atacaq.

Hazırlayacağım yazı ilə bağlı araşdırma apararkən milli rəqsimiz olan yallıların nağaranın müşayiəti ilə oynanılması haqqında da maraqlı faktlarla rastlaşdım. Belə ki, yallılar açıq havada oynanılarkən yallı gedənlər hərəkət zamanı və mahnı oxuyarkən rəqsin musiqisini və ritmini aydın eşidə bilsinlər deyə, güclü tembrə malik olan alətlər müşayiət etməlidir. Bu səbəbdən yallılarımızın ifasında hər zaman qədim musiqi alətlərimiz olan zurna və nağaradan istifadə edilir. Ritmləri ifa etmək üçün nağara alətinə çubuq və ya çubuqlar da əlavə olunub. Naxçıvan bölgəsində yallıları 2 zurna, 1 nağara ifaçısı daxil olmaqla, üç nəfərdən ibarət musiqiçi dəstəsi müşayiət edir. Ritmləri ifa edən nağaraçı yallını iri nağarada (davul) çubuqlarla müşayiət edir. “Kitabi-Dədə Qorqud” dastanında da adıçəkilən nağara “Yallı” kimi bir çox milli rəqslərimizin ifasında əhəmiyyətli rol oynayır. UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilən “Köçəri” milli rəqsimiz ritmik olduğu üçün burada da, əsasən, balaban və nağaranın müşayiəti ilə oynanılır. Bu da onu göstərir ki, membranlı zərb çalğı alətləri arasında geniş yayılmış nağara xalqımızın adət və ənənələrinin, milli dəyərlərinin, mədəniyyətinin qorunub yaşadılmasında mühüm rol oynayır, toy-bayram şənliklərinin aparıcı çalğı alətləri sırasında öz yerini qoruyub saxlayır.

Sonda onu deyə bilərəm ki, hər mühit tələb etdiyi sənətkarı özü yetişdirir. Hansı sənəti seçməyindən asılı olmayaraq, yaxşı sənətkar kimi yetişmək istəyən insan daha çox öyrənməli, gələcəkdə isə özünün peşəkar ardıcıllarını yetişdirməlidir. Çünki sənət hər bir xalqın mədəniyyətinin güzgüsü, göstəricisidir, zamanla tarixin yaddaşına yazılan, gələcəkdə də öyrənilən, təbliğ edilən ən qiymətli xəzinədir. İnanırıq ki, istedadlı nağaraçı Nəcəf Hacılı da gələcəkdə tarixin yaddaşına yazılacaq ifaları ilə milli musiqi mədəniyyətimizə öz töhfəsini verəcəkdir.

Güntac ŞAHMƏMMƏDLİ, “Şərq qapısı” qəzeti
03.04.2019


      Bir müddət öncə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “Ehsan xan Kəngərli” tarixi dramı tamaşaya qoyuldu.

Bu münasibətlə əsərin müəllifi Xaqani Əliyev və tamaşanın premyerasında iştirak edən aktrisa, bədii qiraət ustası Zülfiyyə Eldarqızı ilə əsərin yaranma ideyasından, tamaşadan, eləcə də, Naxçıvan səfəri ilə bağlı təəssüratlarından danışdıq.

Naxçıvan xanlığının tarixi haqda tamaşası hazırlanan ilk dram əsəri

Z.Eldarqızı: “Naxçıvan xanlığı ilə bağlı mətbuatımızda da, elmi və bədii ədəbiyyatımızda çox versiyalar vardı. Mənim Xaqani müəllimin əsərindən və tamaşanın hazırlandığından xəbərim vardı və buna görə də onunla bir müsahibə hazırladım. Bu tamaşa və sonrasında keçirdiyimiz görüşlər səfərimizə xüsusi rəng qatdı”.

X.Əliyev: “Görüşlərimizin birində Xalq artisti, rejissor Kamran Quliyev səhnələşdirmək üçün tarixi dramların azlığından gileyləndi. İrəvan xanlığının tarixindən bəhs edən “İrəvan - üzü günəşə baxan şəhər” və Şəki xanı Hacı Çələbi xana həsr etdiyim “Qızılqaya xəyanəti” adlı tarixi dramlarımla tanış olduqdan sonra Kamran müəllim Ehsan xan Kəngərli haqqında dram əsəri yazmağı məsləhət bildi. Ehsan xan Naxçıvanın xanı olmayıb, amma bu xanlığın tarixində böyük önəm daşıyıb.

Xanlığın tarixini daha dərindən öyrənməyə başladım. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin mütəxəssis kimi verdiyi məsləhətlər maraqlı bir dram əsərinin ərsəyə gəlməsində böyük rol oynadı. Pyesin üzərində bir ildən çox işlədim. Tarixi materialları oxuyarkən Naxçıvan şəhəri və Ehsan xan haqqında çoxlarının bilmədiyi maraqlı faktlarla qarşılaşdım ki, həmin hadisələrdən biri dramın süjet xəttinin əsasını təşkil etdi:

1827-ci ilin yayında Naxçıvan xanlığı rus ordusu tərəfindən işğal olunur. Şah rejimi ağır məğlubiyyətinin acısını Naxçıvan əhalisindən çıxaraq onları zorla, silah gücünə dədə-baba torpaqlarından şah İranına köçürür. Çarizmin erməni sevgisi hopmuş siyasətini Cənubi Qafqazda həyata keçirən komandan İ.F.Paskeviç Urmiya gölü ətrafında yaşayan, Naxçıvana köç etməyə hazır vəziyyətdə olan, “farsın çörəyini yeməkdənsə, rusun ot-ələfini yeməyə hazır” olan 15 min erməni və yunan ailəsini boşaldılmış Naxçıvanda məskunlaşdırmağa hazırlaşır. Hətta onlara yola düşmələri üçün xəbər də göndərir. Bu baş verərsə, sonralar böyük fəsadlara səbəb olacağını, şəhərin həmişəlik itiriləcəyini dərk edən Abbasabad qalasındakı Kəngərli süvarilərinin başçısı Ehsan xan qəti siyasi addımlar atır, A.A.Bakıxanovun və A.S.Qriboyedovun köməyi ilə İ.F.Paskeviçlə danışıqlar aparır və ermənilərin köçürülməsinə imkan vermir, böyük faciələrə səbəb ola biləcək bu hadisənin qarşısını alır, nankor qonşularımızın Naxçıvan “arzularını gözündə qoyur”. Qaçqın düşmüş naxçıvanlıları boş qalmış evlərinə qaytarır”.

Z.Eldarqızı: “Xaqani müəllim bir ədəbiyyatla kifayətlənməyib. Hətta bizi apardıqları muzeylərdə xanlıqla bağlı gördüyümüz çox sayda rusdilli ədəbiyyatlar haqda Xaqani müəllim dedi ki, mən bunların hamısından bəhrələnmişəm. Əsərin qəbul olunmağının da kökündə məhz bu cür tarixi reallığa əsaslanmağı dayanır. Tamaşa çox möhtəşəm keçdi və orada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qərar verdi ki, əsər bütün Naxçıvanda göstərilsin. Biz orada olarkən Şahbuzda da nümayiş olundu”.

X.Əliyev: “Ehsan xan Kəngərli” dramı Naxçıvan xanlığının tarixindən bəhs edən və əsasında tamaşa hazırlanan ilk əsərdir. Sözsüz ki, xanlığın tarixindən dram əsərləri yazılıb. Amma məhz mənim əsərimin seçilib-bəyənilərək tamaşaya hazırlanması mənim üçün qürurvericidir. Bu ilkə imza atmaqla bu sevinci mənə yaşatmaqda zəhməti olmuş Naxçıvanın rəhbərliyinə, mədəniyyət nazirliyinə və Naxçıvan teatrının rəhbərliyinə və yaradıcı kollektivinə minnətdarlığımı bildirirəm!

Tarixi hadisələrdən bəhs edən bədii əsərlər yazanda bəhs etdiyin hadisəyə əlavələr etmək, başqa səmtə yönəltmək, kontekstdən çıxarmaq olmaz. Tarix özü həmin hadisəni olduğu kimi yaddaşına yazıb və baş verən hadisələri yazmaqda da davam edir. Demək tarix özü ən yaxşı yazıçıdır. Onun yazdığı müxtəlif mövzulu hadisələrin başlanması, inkişafı, kuliminasiyası və nəticəsi var. Bu nöqtədən baxanda tarix özü həm də ən yaxşı rejissordur. Şiller deyir ki, epopeya, roman, povest, sadə hekayə öz forması ilə hadisələri bizdən uzaqlaşdırır, indiki zamanı keçmiş zamana aparır. Dram əsərləri isə keçmişi bu günə gətirir. Əgər yazıçı və rejissor tandemi bəhs etdikləri tarixi hadisəni müasirlik müstəvisində təqdim etməyi bacarsalar, deməli tarixi tamaşa da alınacaq”.

Z.Eldarqızı: “Tamaşada rejissorun yaradıcı baxışı özünü göstərdi. Əsərin əvvəlində bütün obrazlar qaranlıqdan çıxıb özlərini təqdim edirlər. Bu da sanki bir filmi xatırladırdı. Artıq tamaşaçı bunun vasitəsilə olduğu yerdən həmin dövrə düşə bilir. Rejissor bu priyomla tamaşaçını asanlıqla tarixin bəhs edilən zamanına aparır və beləcə hadisələr başlayır. Bununla o insanları səhnəyə bağlayır və bu bağ sona qədər qopmur”.

Eləcə də finalda ümumiləşdirilmiş erməni obrazından başqa bütün obrazlar qapıdan keçərək qaranlığa gedirlər. Yüksəkdə dayanmış Ehsan xan işıqlandırılır. O, Azərbaycan xalqını ehtiyatlı olmağa, Naxçıvana iddialı olan mənfur qonşularımızın bu arzularını həmişə gözündə qoymağa hazır olmağa, əcdadlarımızın əmanət qoyub getdiyi vətəni düşməndən qorumağa səsləyir. Tamaşaçı Ehsan xanın timsalında görür ki, bu xalqın uzaqgörən, mərd oğulları hər zaman olub və var”.

“Mənim müəllif kimi ürəyimi ağrıdan obraz Kərim xan oldu”

X.Əliyev: “Tamaşanın rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Xalq artistləri Rza Xudiyev (Ehsan xan), Rövşən Hüseynov (Kalbalı xan), Həsən Ağasoy (Kərim xan), Əməkdar artist Bəhruz Haxverdiyev (Şıxəli bəy), Səyyad Məmmədov (Qriboyedov) və digərləri maraqlı obraz və personajlar yaratdılar.

Aktyor oyununu xüsusi vurğulamaq istəyirəm. R.Xudiyev tamaşanın qəhrəmanı Ehsan xan obrazını böyük ustalıqla canlandıra bildi. O, öz oyunu ilə Ehsan xanın düşüncələrini, seçim qarşısında qalarkən keçirdiyi daxili psixoloji sarsıntılarını məharətlə çatdırdı.

Tamaşada mürəkkəb obrazlardan biri də Kərim xan obrazıdır. Hətta məndən soruşsanız ki, məni ən çox sarıdan, ağrıdan və ən sevdiyim obraz hansı olub, Kərim xan deyərəm. Bu obrazı H.Ağsoy tamaşaçılara sevdirə bildi. Taxtını, var-dövlətini itirməklə bərabər, ailəsi iki yerə parçalanan Naxçıvan xanlığının son xanı Kərim xanın faciəsi dəhşətlidir. Xanlığın istilasından sonra Azərbaycan da onun ailəsi kimi iki yerə bölündü. Biz bu faciəni indi də yaşayırıq. Aktyor onun ailə faciəsinin fövqündə vətənimizin ikiyə bölünməsinin nə dərəcədə faciəli olduğunu öz ecazkar oyunu ilə gözlərimiz önünə gətirdi və istila ilə barışmayan Kərim xan obrazını tamaşaçıya sevdirə bildi”.

Hər daşına tarix hopmuş şəhər

X.Əliyev: “Mədəniyyət Nazirliyinin ilin yekunlarına aid kollegiya iclasında Naxçıvanın Mədəniyyət naziri, hörmətli Natavan xanım Qədimova çıxış etdikdən sonra Mədəniyyət naziri Əbülfəs Qarayev zala müraciətlə hamıya Naxçıvana getməyi, teatrlara, muzeylərə baxmağı, mədəniyyət sahəsində görülən işlərlə tanış olmağı məsləhət bildi. Tale elə gətirdi ki, Naxçıvana birinci dəfə getmək mənə qismət oldu və mən təriflərə layiq bu şəhərlə yaxından tanış oldum.

Naxçıvanda hər addımda tarixlə qarşılaşırsan. Sözün həqiqi mənasında Tarix bu şəhərin bir hissəsidir. Naxçıvan insanın öz keçmişi ilə qarşılaşdığı, dünənini sübut edən faktlarla görüşdüyü, tarixin sirlərini dərk etdiyi və ona toxuna biləcəyi bir yerdir. Burada bizi dünənimizə bağlayan tarix, maddi və mənəvi dəyərlər qorunub saxlanılır, öyrədilir və gələcək nəsillərə ötürülür. Bu mənada Naxçıvan şəhəri özü hər daşına tarix hopmuş, açıq səma altında olan böyük bir muzeydir. Bu muzey-şəhərdə tarixin məhəbbətlə necə qorunduğundan, “əzizləndiyindən” qürur duyursan. Burada yaşayan insanlar isə canlı eksponatlardırlar.

Bu şəhər mənim yaddaşımda muzeylər, tarixi abidələr şəhəri kimi qalacaq. Hər addımda bir muzey, bir abidə var. Naxçıvandakı dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına getmək çoxdankı arzum idi. Bu arzuma çatdım. Həqiqətən də, bu ziyarətgah insanı öz sehrinə salan, möcüzəli bir məkandır. Sədərəyə, Şahbuza, Duzdağa, sərhəddəki Heydərabad qəsəbəsinə getdik. Hər tərəf çox səliqəli, gözoxşayan idi. Naxçıvandakı sakitlik, səliqə-sahman, nizam-intizam məni heyran etdi. Bu şəhər qəlbimi oxşadı, gözəl təbiəti, təmiz havası ilə yanaşı, müasirliyi, abadlığı, könül rahatlığı mənə əsl zövq verdi”.

Z.Eldarqızı: “Ümumiyyətlə, son illərdə Naxçıvanda gedən iqtisadi inkişaf, yenidənqurma işləri təqdirəlayiqdir. Bu səfərin mənim üçün ən yaddaqalan hissələrindən biri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşümüz oldu. Mən uzun illər İncəsənət Universitetində işlədiyimdən tələbələrlə ünsiyyət mənə hər zaman zövq verib. Biz burada gördük ki, çox gözəl gənclik yetişir. Onlar sərbəst şəkildə, çəkinmədən onları maraqlandıran mövzularla bağlı suallarını ünvanladılar. Burada yetişdirilən kadrların gələcəkdə incəsənətin müxtəlif sahələrinə öz töhfələrini verəcəklərinə inanırıq. Görüşdə bizlə birgə Əməkdar artist Sərvər Əliyev də iştirak edirdi. Biz gələcəkdə bu sənətlə məşğul olacaq gənclərə öz tövsiyələrimizi verdik. Suallardan da aydın görünürdü ki, burada təhsil alan tələbələr incəsənətə çox maraqlıdırlar və bu sahəni sevərək seçiblər. Digər tərəfdən Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının fəaliyyəti istedadlı tələbələrin inkişafında, onların yaradıcılıq bacarıqlarının püxtələşməsində böyük rol oynayır. Xaqani bəy tamaşada bayaq haqqında danışdığımız tarixi onlara da danışdı. Onlarda sənətlə bağlı dərslik çatışmazlıqları var. Mən onlara söz verdim ki, onlara dərsliklər, ədəbiyyatlar göndərəcəm. Artıq yığmışam da, gələn ay yəqin ki, göndərəcəm. Bundan başqa, təklif etdik ki, Bakıdan buraya mütəxəssislər dəvət olunsun. Bu təkliflərimiz də qeyd olundu. Bütün bunlar əlbəttə, o tələbələrin yaxşı kadr kimi yetişməsi üçündür.

Oradakı teatr binası bizi valeh etdi. Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya standartlarına cavab verən bir səhnəni görəndən sonra muxtar respublikada mədəniyyətə göstərilən qayğının bir daha şahidi olduq. Bu əzəmətli bina, möhtəşəm səhnə, bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Adama elə gəlir ki, sanki nağıllar aləmindədir, buradakı nizam-intizam, səliqə-səhman, peşəkar aktyor-rejissor heyəti çox möhtəşəmdir. Gələcəkdə Naxçıvan Teatrı və Dövlət Universiteti ilə birgə daha böyük işlər görəcəyimizi arzulayır və buna inanırıq”.

Şahanə MÜŞFİQ, “525-ci qəzet”
31.03.2019


      Türkiyə Dağçılıq Federasiyasının 13 nəfər üzvü Xocalı soyqırımının ildönümü münasibətilə bu il fevralın 25-də Haçadağa yürüş etmişdir. Qrup üzvlərindən həvəskar dağçı Səlma Güvən ölkəsinə qayıtdıqdan sonra guncelkadin.com.tr saytında “Zamanın durdurulduğu Qaf Dağı ölkəsi... Naxçıvan Muxtar Respublikası” sərlövhəli məqalə yazmışdır. Həmin məqaləni təqdim edirik.

Bugünkü yazımda sizə Naxçıvandan səslənirəm. Paytaxtı Naxçıvan şəhəri olan Naxçıvan Muxtar Respublikası Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından ibarətdir. Naxçıvan ilə Türkiyə arasındakı quru yol Türkiyə tərəfindən İqdır-Dilucu, Naxçıvan tərəfindən isə Sədərək gömrük-keçid məntəqəsi ilə həyata keçirilir. Həmçinin həftənin üç günü Naxçıvan-­İstanbul-Naxçıvan təyyarə reysləri olur. Sahəsi 5,5 min kvadratkilometr olan Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisinin 6,3 faizini əhatə edir. Demək olar ki, dağlıq quruluşa malikdir. Zəngin mineral suları və duz mədənləri vardır. Naxçıvan səfərim son anda qərar verdiyim bir dağçılıq turu idi. Məqsədimiz Naxçıvanda müqəddəs hesab edilən və Nuhun gəmisinin toxunduğu Haçadağa dırmanmaq və Xocalı şəhidlərini anmaq idi. Ötən il getmədiyim üçün bu arzu ürəyimdə qalmışdı.

Böyük Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvan Türkiyə ilə digər türk dövlətləri arasında əlaqə yaradan körpüdür. Türkiyə ilə 14 kilo­metr sərhədi var. Sərhədi təşkil edən torpaq İstiqlal savaşında Mustafa Kamal Atatürk tərəfindən qızıl pul verilərək İrandan alınmışdır. Haçadağın mənim üçün mənəvi dəyəri böyükdür. Türkiyə Dağçılıq Federasiyasının üzvləri ilə birlikdə İqdırda görüşdük və Naxçıvana keçmək üçün toplaşdıq. İçim-içimə sığmırdı. Türkiyənin müxtəlif bölgələrindən gəlmiş 12 dağçı ilə yola düşdük. Qrupda iki qadın idik. Yanımızda Naxçıvanı yaxşı tanıyan yoldaşımız vardı. Vaxtımız olmadığı üçün Naxçıvana iki gün ayırmışdıq. Birinci gün mədəni tur olacaq, ikinci gün isə Haçadağın zirvəsinə qalxacaqdıq. Qrupla birlikdə ilk getdiyimiz yer Duzdağ oldu. Duzdan ibarət bir dağın içərisindəki tuneldə irəliləyirdik. Dağın 180 metr altında astma-bronxit və digər tənəffüs yolu xəstəliklərinin müalicəsi üçün fizioterapiya mərkəzi fəaliyyət göstərir. Naxçıvandakı sakitliyin və hörmətin əsas götürüldüyü yaşam mədəniyyətinin ilk əlamətlərini də elə burada hiss etdik. Duzdağla tanışlıqdan sonra Naxçıvan şəhərinə yola düşdük. Geniş çölün ortasında müasir bir orta əsr ölkəsi yüksəlirdi. İlk görünüşdə heyran qaldığımız bir nizam vardı burda. Geniş küçələrində yol kənarlarında avtomobillər saxlanılmamışdı. Bir ölkə düşünün ki, şəhər mərkəzində dörd şəridli yolları, az sayda işıqforları olsun. Hərəkətdə piyadalara üstünlük verilsin. İnsanlar sakit təbiətli olsun. Qışqırıb səs-küy salan bir yana, yüksəkdən danışaraq ətrafdakıları narahat edən insan belə, olmasın. Çox mədəni sakinləri var Naxçıvanın. İçimdən “Mədəniyyət başqa bir aləmdir” demək keçdi.

Geniş küçələrdən keçərək “Qrand” otelə gəldik. Burada da bizi qarşılayan personal çox sakit təbiətli və hörmətcil idi. Səfərimizin məqsədini öyrənən hər kəs fərqli bir qonaqpərvərlik göstərirdi bizə. İlk diqqətimi çəkən detal bizdəki kimi hər qarış torpaq parçasında bina tikən betonçu zehniyyətin burada olmaması idi. Əksinə, binalar arasında o qədər məsafə var ki, bəzən yürüş etmək lazım gəlirdi. Yaşayış yerləri, dövlət idarələri, sosial binalar və ticarət mərkəzləri ayrı-ayrılıqda, nizamla yerləşir. Bizdəki kimi çörək sexinin, qaz balonu satan dükanların üstündə mənzillər yoxdu. Mədəniyyət, nizam-intizam, sənət binalardan tutmuş həyat tərzinə, düşüncələrə qədər hakimdir. Qaldığımız otel Heydər Əliyev Sarayının yaxınlığında yerləşirdi. Saray isə şəhər mərkəzindədir. Lakin nə yüksək həyət divarları, nə ümumi giriş qapısı, nə də mühafizəçiləri vardı. Ali Məclisin və nazirliklərin binaları da şəhərin mərkəzində yerləşir. Dövlət xalqın içindədir. Dövlət dairələri xalq ilə arasına divar hörməyib. Sənaye mərkəzini gördük. Ümumi girişi və uca divarları ilə bizdəki sarayları xatırladırdı. Bir anda gözlərim önünə bizim sənaye şəhərcikləri gəldi. Həqiqətən, bir dövlətdə yaşamaq da, idarə etmək də böyük səriştə tələb edir. Təmizliyin və sakitçiliyin hakim olduğu Naxçıvan kimi. İnsan düşüncələrini saxlaya bilmir: “Biz bu səviyyəyə gələ bilmək üçün nə etməliyik?”

Proqramımızdakı muzeyləri gəzməyə başladıq. İlk ziyarət etdiyimiz yer Nuh Peyğəmbərin türbəsi oldu. Naxçıvanda hər muzeydə bələdçi var. Gələn qonaqlara muzey haqqında geniş məlumat verirlər. Naxçıvan adını Nuh tufanından alır. Məna olaraq Naxçıvan “Nuh çıxan” deməkdir. Naxçıvanqalanın yaxınlığında yerləşən Nuh türbəsindən gəminin toxunaraq haça yaratdığı Haçadağ görünür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Nuhun gəmisinin dayandığı Gəmiqayada arxeoloji araşdırmaların aparılması üçün sərəncam imzalamış, araşdırmalar aparılmışdır. Məhz Nuhun məzarüstü türbəsi də Ali Məclis Sədrinin sərəncamı ilə bərpa olunmuş, içərisində Gəmiqayada aparılan araşdırmaların nəticəsi olan əsərlər, fotoşəkillər qoyulmuşdur.

Türbənin yaxınlığındakı Naxçıvanqala 632-652-ci illərdə inşa edilmişdir. Övliya Çələbinin qeydlərinə görə, monqol istilasına məruz qalmışdır. Qalanın içərisində 300 əsgərin qala biləcəyi sığınacaq var. Bu sığınacaqdan Araz çayına qədər yeraltı tunelin olduğu söylənilir. Qalanı gəzərkən Orta Asiya türk mədəniyyətinin nümunəsi olan daş qoç heykəl­ləri də gördük. Anadoludakı, Orta Asiyadakı və Azərbaycandakı daş qoç heykəllərin eyni olması bizi bir “mədəniyyət körpüsü” ilə birləşdirir. Eyni daş qoç heykəllər Bitlisdəki Səlcuqlu qəbiristanlığında da vardır. Şəhər mərkəzindəki Açıq Səma Altındakı Muzeydə də daş qoç heykəllər vardı. Açıq Səma Altındakı Muzeyi ziyarət etdikdən sonra Möminə xatın türbəsində olduq. Möminə xatın türbəsi 12-ci əsrdə Atabəylər dövlətini quran Şəmsəddin Eldənizin paytaxt Naxçıvan şəhərində həyat yoldaşı Möminə xatın üçün inşa etdirdiyi memarlıq əsəridir. Orta əsr memarlıq sənətinin görkəmli nümayəndəsi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmişdir. Vaxtilə türbənin yaxınlığında ikiminarəli məscid və tac qapı da olmuşdur. Üzərindəki naxışlarda Qurandan ayələr yazılmışdır. Burada muzey bələdçisindən Anadolu Agentliyi üçün reportaj da aldım. Naxçıvan gecələri də çox işıqlı idi. Bütün binalar rəngarəng işıqlarla bəzədilmişdir. Küllərin içindən yenidən qurulan bir ölkə sanki gələcəyə meydan oxuyurdu.

“Şərq qapısı” qəzeti
29.03.2019


      Xalq təqvimi ilə bağlı aparılan tədqiqatlardan bəlli olur ki, bir sıra dünya xalqları qədim zamanlardan baharın gəlişini bayram edib, bu mərasimdə od, tonqal yandırma adətlərindən də geniş istifadə olunub. Ata-babalarımız baharın gəlişini, gecə və gündüzün bərabərləşməsini təsərrüfat işlərinin başlanması kimi qeyd ediblər.

Azərbaycanda çox təntənəli keçirilən axır çərşənbədə (ilaxırda) od qalamaqla yanaşı, uşaqlar tərəfindən lopalar hazırlanar, onlar bəhsə girərək yandırılmış lopanı kimin daha yüksəyə atacağını sınaşardılar. Yaz-tarla işləri “Novruz topu”nun atılması ilə başlayardı. Qeyd edək ki, martın 21-də yazın girməsinə baxmayaraq, havalar şıltaqlıq edir, bəzən qar yağır, bir neçə gün soyuq olur. Bu zaman istər heyvandarlıqda, istərsə də əkinçilikdə çətinliklər yaranır. Baharın ilk ayı “qara yaz” adlanır. Bu dövrdə qış azuqəsi tükənir. Çöldə heyvanın otlaması üçün ot-ələf olmur. Xalq tərəfindən Qara yazın özü də bir neçə yerə bölünüb və onlara müxtəlif adlar verilib. Bəzi yerlərdə martın 6-dan aprelin 6-na kimi olan dövrə “murdar üşüyən ay” da deyirlər.

Aprel ayının 15-nə kimi olan dövrə “qarının borcu”, “qarının mərdi” deyirlər. Rəvayətə görə, mart ayında havanın qərarsız olması, çöldə heyvanların yeyəcək tapa bilməməsindən narahat olan qarı martın çıxmasına sevinir. Sevinci yerə-göyə sığmayan qarı martın arxasınca deyinir:

Əldən aldın yorğanım,
Dərdə düşdü oğlağım.
Borca getdim samana.
Pislik qaldı yamana.
Mart, gözüvə barmağım,
Yaza çıxdı oğlağım.

Bunu eşidən mart hirslənir, apreldən 15 gün borc istəyir. Aprelin 15-nə kimi havalar yenidən soyuyur, qar yağır. Təbiəti uzun illər müşahidə edən babalarımız “qara yaz” çıxana kimi ehtiyatlarını üzməz, ev üçün yanacaq, mal-heyvan üçün isə yem ehtiyatı saxlardılar. Atalarımız deyiblər ki, bu dövr üçün 40 şələ odun, 40 çuval saman saxlamaq lazımdır.

Aprelin 10-15-nə qədər soyuqların tam sovuşmadığı dövr xalq tərəfindən “kərnəbut” (kərnəvurt) da adlandırılıb. El arasında deyirlər ki, bu vaxta qədər Naxçıvanda basdırılmış üzüm və narın üstünü açmazlar. Bəziləri kərnəbutun Novruzdan 10 gün, bəziləri isə 15 gün keçmiş olduğunu deyirlər. Yaşlı sakinlərin sözlərinə görə, xalq arasında aprelin 5-7-nə kimi olan dövrə “camışqıran” da deyiblər. Belə bir məsəl vardır ki, qorx aprelin (nisan) beşindən, öküzü qoyar işindən.

Uzun illərin müşahidəsinə əsasən aprel ayının 5-i və ona yaxın günlərdə havanın dəyişkən keçdiyinin, temperaturun aşağı düşdüyünün şahidi oluruq. Belə ehtimal etmək olar ki, “kərnəbut” və “camışqıran” xalq təqvimləri eyni dövrləri əhatə edib, Novruz bayramından 15 gün keçən vaxta düşür. Ata-babalarımız fenoloji müşahidələrə əsasən bu dövrdə yağan qar, yağış, doluya da müəyyən adlar qoymuşlar. Yazın girməsi ilə əlaqədar köçəri quşlar isti ölkələrdən qayıtmağa başlayır. Yazın ilk günləri sığırçınlar gəlir, bu vaxt qar əriyir, havalar istiləşir, lakin axşamlar su donur. Xalq arasında hacıleyləyin gəlməsinə xüsusi diqqət yetirilir. Leyləyin gəlişi azərbaycanlılar arasında sevincə səbəb olurdu. Keçmişdə ilk dəfə leyləyi görən uşaqlar ata-analarına muştuluğa qaçardılar. Ata-analar uşaqların muştuluğunu verdikdən sonra “Leyləyin ağzında nə gördüz?” – deyə soruşardılar. Əgər leyləyin ağzında sünbül, ot olduğunu desələr, ilin məhsuldar olacağı, “sümük, çöp gördük” desəydilər, ilin quraq keçəcəyi güman edilirdi. Xalq arasında belə inam formalaşıb ki, leylək gələn gün az da olsa, qar yağmalıdır. Ona görə Novruzdan sonra yağan qara “leylək qarı” deyərlər. Bir də belə bir deyim vardır ki, “leyləyin yumurtasının üstünə qar yağmazsa, bala çıxarmaz”.

Xalq təqviminə görə, martın yeddisi ilə aprel ayının yeddisi arasında əsən küləklər “boz külək” adlanır. Bəzən hava quraqlıq keçməklə yanaşı, rütubətsiz, isti quru küləklər də əsir. Bu isə “qara yel” adlanır. Mirzə Ələkbər Sabir də “Əkinçi” satirasında “Əsdi qara yel, çəltiyə, bostana, nə borcum” yazmışdır.

Bəzən erkən yazda mülayim, isti küləklər əsir. Bu isə ağacların tumurcuqlarının açılmasına səbəb olur. Bu cür küləyə “tumurcuq açan” külək deyilir. Yazda yarıqar, yarıdolu formalı yağıntı düşür ki, buna “çoban yarması” deyirlər. Bəzən günəşli havada qısamüddətli yağış yağır. Buna isə “tülkü toyu”, “qurd quzulaması” deyilir.

Yazda təbiətlə bağlı digər inanclar da mövcuddur. İnama görə, göy guruldamasa, çöldə bitən pencərləri yemək düzgün deyildir. Axır çərşənbədə oynanılan “kodu”, “qodu-qodu” mərasimi oyun olmayıb, digər vaxtlarda yağış və ya Günəşi çağırmaq üçün keçirilən mərasimdir. Bundan başqa, inanca görə, il quraqlıq keçəndə qırx keçəlin adı tutulub, ipə qırx düyün vurularaq suya atılardı. Digər bir inanca görə, bu dövrdə ulağın başını yuduqda yağış yağar. Çox yağış yağdıqda isə palçıqdan kökə düzəldib təndirə yapardılar ki, yağış kəssin.

Bütün bunlarla yanaşı, rəncbər babalarımız, xüsusən Naxçıvan ərazisində ilin bolluğunun, xeyir-bərəkətinin bu aya bağlı olduğunu çox gözəl bilirdilər. Bu mövsümdə dağlarda su ehtiyatı olan qarın əriməsi, su anbarlarımızda su toplanması bulaqların sulu, dağ-dərədə otun bolluğundan xəbər verir.

“Şərq qapısı” qəzeti
29.03.2019


      Doğma diyarımız Naxçıvanda minilliklərboyu təşəkkül tapan adət-ənənələr, xalq yaradıcılığı örnəkləri, milli dəyərlər xalqımızın ən qiymətli sərvətidir. Naxçıvanlılar bu dəyərlərə həmişə böyük ehtiramla yanaşıb, onların qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.

Xalq yaradıcılığının yaşadılması, təbliği üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, müşavirədə müxtəlif aidiyyəti qurumların bu sərəncamla bağlı fəaliyyət istiqamətləri göstərilib, vəzifələr müəyyənləşdirilib. Ötən dövr ərzində bu istiqamətdə görülən işlər sistemli xarakter alıb.

AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanmış üç cilddə “Naxçıvan folkloru antologiyası”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazır-lanmış “Naxçıvan teatrının salnaməsi”, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi tərəfindən hazırlanmış “Naxçıvan milli geyimləri” və “Naxçıvan tikmələri”, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabları nəşr olunub, Şərur yallılarından ibarət disk buraxılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində 21 yallı qrupu fəaliyyət göstərir. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazır­lanıb. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Folklorun aparıcı qolunu təşkil edən ozan-aşıq yaradıcılığının geniş tətbiq olunması, Naxçıvanda aşıq poeziyasının inkişaf mərhələlərinin araşdırılması davam etdirilir, xalq mahnı və rəqslərinin sistemli şəkildə təbliği, unudulmuş mahnı və rəqslərin bərpa olunması, onların aşkar edilib nota köçürülməsi, həmin nümunələrin folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilməsi və qədim xalq çalğı alətlərində ifaların nümayiş etdirilməsi sahəsində müvafiq tədbirlər görülüb, muxtar respublikanın ayrı-ayrı bölgələrindən toplanan yallı və saz havaları nota salınıb. Bu tədbirlərin davamı kimi muxtar respublikada yaşayan peşəkar və həvəskar aşıqlar haqqında məlumat bazası yaradılıb, 2009-cu il dekabrın 22-dən Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb.

Muxtar respublikanın mədəniyyət müəssisələrində yeni folklor kollektivlərinin yaradılmasına diqqət artırılıb, mədəniyyət müəssisələrinin kollektivlərindən ibarət yeni folklor kollektivləri, folklor və yallı qrupları yaradılıb.

Naxçıvan Dövlət Universitetində xalq çalğı alətləri orkestri, Naxçıvan Musiqi Kollecində Qədim xalq çalğı alətləri ansamblı yaradılıb, unudulmuş qədim musiqi alətlərinin bərpası işinə başlanılıb. Peşəkar musiqi kollektivlərinə, folklor kollektiv və qruplarına, bədii özfəaliyyət kollektivlərinə milli geyim dəstləri verilib. Dövlət tədbirlərində, əlamətdar və tarixi, həmçinin bayramlarda həmin musiqi kollektivlərinin çıxışları təşkil edilir, gənclərdə qədim musiqi alətlərinə maraq oyadılır.

Milli mətbəx nümunələrimiz maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi xalqımızın tarixini, etnoqrafiya və bədii xüsusiyyətlərini özündə əks etdirir. Bu sahədə də xeyli iş görülüb, tədqiqat materialları toplanılıb, sorğu-metodik vəsait hazır­lanıb. Milli mətbəxin inkişafı ilə bağlı tədbirləri sistemləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi fəaliyyətə başlayıb, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin hərtərəfli fəaliyyəti təmin olunub, mərkəz tərəfindən hazırlanmış “Naxçıvan mətbəxi” kitabı oxuculara təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 2009-cu ilin iyun ayından başlayaraq təşkil edilən xalçaçı, toxuculuq, misgərlik, keçəçi, qalayçı, ağac üzərində oyma kurslarını yüzlərlə gənc bitirib. Qədim tarixə malik olan xalçaçılığın inkişafını təmin etmək məqsədilə adıçəkilən nazirlik tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi həyata keçirilir, muxtar respublikanın bütün rayonları üzrə bu sahə ilə məşğul olanlara dəzgahlar və xalça toxumaq üçün lazım olan materiallar verilir. Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı ­Sərəncama əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikilərək istifadəyə verilməsi bu sahənin daha da inkişafına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” isə xalçaçılığın inkişafına yeni töhfələrini verməkdədir. Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib, xalq yaradıcılığı ilə məşğul olan sənətkarlar haqqında məlumat bazası yaradılıb.

2012-ci ildə, “Milli dəyərlər ili”ndə muxtar respublikada beynəlxalq rəsm, folklor, muğam və xalq teatrları festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr keçirilib. Bu tədbirlər indi də davam etdirilir. Belə ki, son illərdə muxtar respublikada “Milli geyimlər”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri”, “Plov” və “Yallı”, “Kətə” kimi festivalların keçirilməsi milli-mənəvi dəyərlərimizə böyük diqqət və ehtiramın ifadəsi kimi dəyərləndirilir.

O da xüsusilə vurğulanmalıdır ki, xalqımızın ən əziz bayramı olan Novruz şənliklərində xalq yaradıcılığı nümunələri daha geniş təbliğ olunur. Bunun üçün hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan Novruz şənliklərində belə nümunələrdən ibarət sərgilərin təşkili, musiqi kollektivlərinin çıxışları bayramı daha təmtəraqlı edir. Naxçıvan Dövlət Filarmoniyasının, Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları, Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı, Muğam studiyası, Tulum kvarteti, Naxçıvan Musiqi Kollektivinin Sazça­lanlar ansamblı, “Yallı” rəqs və “Naxçıvanqala” ritm qrupları, Muğam üçlüyü, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Nağaraçalanlar ansamblı və rəqs qrupu, həmçinin digər musiqi kollektivlərinin ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı sahələrinin inkişafına dövlət qayğısı bəhrələrini verməkdədir. Çünki xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.

“Şərq qapısı” qəzeti
19.03.2019


      Xəbər verdiyimiz kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi “Ehsan xan Kəngərli” tarixi dramı tamaşaya qoyulub. Tamaşanın nümayişində əsərin müəllifi Xaqani Əliyev də iştirak edib. Biz də bu fürsətdən istifadə edib Xaqani müəllimlə söhbət etmək imkanı qazandıq. Yazıçı-dramaturq şəhərimizə gəlişinin məqsədindən, Naxçıvana ilk səfərinin təəssüratlarından, eləcə də burada elmə, təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğıdan belə bəhs etdi: – Görüşlərimizin birində, ürəyi hər zaman Naxçıvanla, Naxçıvan teatrı ilə döyünən, Xalq artisti, rejissor Kamran Quliyev səhnələşdirmək üçün tarixi dramların azlığından gileyləndi. İrəvan xanlığının tarixindən bəhs edən “İrəvan – üzü günəşə baxan şəhər” və Şəki xanı Hacı Çələbi xana həsr etdiyim “Qızılqaya xəyanəti” adlı tarixi dramlarımla tanış olduqdan sonra Kamran müəllim Ehsan xan Kəngərli haqqında dram əsəri yazmağı məsləhət bildi. Naxçıvan xanlığının tarixini daha dərindən öyrənməyə başladım. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin mütəxəssis kimi verdiyi məsləhətlər maraqlı bir dram əsərinin ərsəyə gəlməsində böyük rol oynadı. Naxçıvan xanlığı haqqında olan materialları oxuyarkən Naxçıvan şəhəri və Ehsan xan haqqında çoxlarının bilmədiyi maraqlı faktlarla qarşılaşdım ki, həmin hadisələrdən biri dramın süjet xəttinin əsasını təşkil etdi. Naxçıvana gəlişimin məqsədi də məhz həmin tamaşanın premyerasında iştirak etmək idi. Tamaşanı izlədik, bir sözlə, möhtəşəm keçdi, inanıram ki, teatrsevərlər tərəfindən yüksək dəyərləndirildi. Ümumilikdə isə Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan Naxçıvanın muxtariyyət tarixindən bəhs edən əsərlərin səhnələşdirilməsi böyük əhəmiyyət daşıyır.

Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşümüz də çox maraqlı oldu, – deyən Xaqani Əliyev burada yetişdirilən kadrların gələcəkdə incəsənətin müxtəlif sahələrinə öz töhfələrini verəcəklərinə inandığını vurğuladı. Görüşdə iştirak edən Xalq artistləri Kamran Quliyev və Sərvər Əliyev, qiraət ustası Zülfiyyə Eldarqızı gələcəkdə bu sənətlə məşğul olacaq gənclərə öz tövsiyələrini verdilər. Suallardan da aydın görünür ki, burada təhsil alan tələbələr incəsənətə çox maraqlıdırlar və bu sahəni sevərək seçiblər. Digər tərəfdən Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının fəaliyyəti istedadlı tələbələrin inkişafında, onların yaradıcılıq bacarıqlarının püxtələşməsində böyük rol oynayır.

Xaqani Əliyev bildirdi ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya standartlarına cavab verən bir səhnəni görəndən sonra muxtar respublikada mədəniyyətə göstərilən qayğının bir daha şahidi oldum. Burada yaradılmış şəraitə heyrətini və məftunluğunu gizlədə bilməyən yazıçı teatrla bağlı fikirlərini belə ifadə etdi: “Bu əzəmətli bina, möhtəşəm səhnə, bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Yəqin ki, buradakı təəssüratlarımı uzun müddət unuda bilməyəcəyəm. Mən bir çox ölkələrdə, bir çox teatrlarda olmuşam. Səmimiyyətimə inanın, heç bir yerdə belə gözəl, möhtəşəm teatr binası görməmişəm. Adama elə gəlir ki, sanki nağıllar aləmindədir, buradakı nizam-intizam, səliqə-sahman, peşəkar aktyor-rejissor heyəti tərifəsığmazdır”.

Tarixi əsərlər müəllifi şəhərimiz haqqında da təəssüratlarını bölüşdü: – Bu şəhər mənim yaddaşımda muzeylər, tarixi abidələr şəhəri kimi qalacaq. Hər addımda bir muzey, bir abidə var. Naxçıvandakı dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına getmək çoxdankı arzum idi. Bu arzuma çatdım. Həqiqətən də, bu ziyarətgah insanı öz sehrinə salan, möcüzəli bir məkandır. Naxçıvandakı sakitlik, səliqə-sahman, nizam-intizam məni heyran etdi. Bu şəhər qəlbimi oxşadı, gözəl təbiəti, təmiz havası ilə yanaşı, müasirliyi, abadlığı, könül rahatlığı mənə əsl zövq verdi. Keçmişini, tarixini, bu gününü göz bəbəyi kimi qoruyan, tarixi qəhrəmanlarına, ağsaqqallarına, ziyalılarına, sadə adamlarına, sözə, sənətə ehtiramla yanaşan, əzəməti və gözəlliyi ilə ruha dinclik gətirən qeyrət qalası Naxçıvandakı bu gözəllikləri qurub-yaradanlara eşq olsun.

Qeyd edək ki, yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Ehsan xan Kəngərli” tarixi dramının quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər olduqca maraq doğurur.

Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanov və digər tarixi obrazlar da tamaşaçıda böyük maraq doğurur. Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir. “Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.

Tamaşada Azərbaycan Respublikasının Xalq artistləri Rza Xudiyev (Ehsan xan), Rövşən Hüseynov (Kalbalı xan), Həsən Ağasoy (Kərim xan), Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haxverdiyev (Şıxəli bəy), Səyyad Məmmədov (Qriboyedov) və digərləri maraqlı obraz və personajlar yaradıblar.

“Şərq qapısı” qəzeti
15.03.2019


      Təbiətin ilk cücərtisi, yaşıl rəngi səməni… Yaşıl donlu, incə belli səməni. Elə-aləmə baharın gəldiyini müjdələdiyi üçün sevilərək, əzizlənərək belinə qırmızı lent də bağlanan, Novruz süfrələrini bəzəyən, el-el, ev-ev gəzən, nişanlı qızların “görüşünə gedən”, təzə gəlinlərin xonçasını rövnəqləndirən, ruzi-bərəkət rəmzi səməni. Bilirsənmi, sən hansı zamandan arzulanırsan?

Payızın ortalarından başlayan ayaz-soyuq dağların, çəmənlərin, bağların yaşılına qənim kəsilib onları sarı xəzələ çevirəndən…Qışın qarı-şaxtası hər yanı aylar uzunu bəyazlara bürüyəndən… Zamanın bu kəsiklərində insanların gözləri yaşıla həsrət qalandan. Qışın böyük çilləsini yola salan, kiçik çilləsini başa vuran, Boz aya qədəm qoyan insanın ruhu sanki baharı səsləyir. Yaşıl rəngin min bir çaları ilə təbiətə dirilik, ömrə bəzək gətirən baharı. Gözlər yaşılı axtarır. Bax, bu zaman sən arzulanırsan, səməni. Çünki baharı sən gətirirsən. Novruzaqədərki çərşənbələrin bir-birinin ardınca suya hərarət, torpağa istilik, yelin, odun yurdumuza ilıq nəfəs bəxş etməsini bayram edərkən sən hökmən o bayram şənliklərinin, süfrələrinin bəzəyi olmalısan. Elə buna görə də Novruza 10-15 gün qalmış hər bir evdə xoş sözlərlə, xeyir-dualarla səni cücərdərlər ki, vaxta-vədəyə özünü yetirə biləsən. Sən o qədər sevimlisən ki, ana-nənələrimiz sənə zinət vurmaqdan usanmırlar.

Elə bu bayram ərəfəsində şəhərimizdə yaşayan və çeşidli səmənilər cücərdən Leyla xanımla bu mövzuda həmsöhbət olduq. O deyir: – Səməni bolluğun, firavanlığın rəmzidir. Həm də səməni cücərtmək adəti heç də boş-boşuna yaranmayıb. Qədimdə torpaq oyanana yaxın bir az buğda götürüb cücərdərdilər ki, görsünlər, bu toxumluq üçün yaxşıdır, ya pis. Elə o vaxtdan ta bu günə kimi səməni cücərtmək bir adət halını almışdır. Gözümüzü dünyaya açıb özümüzü dərk edəndən ana-nənələrimizin bayramqabağı səməni cücərtməsinin şahidi olub öyrənmişik. Zaman keçdikcə səməni də fərqli şəkildə cücərdilməyə başlanıldı. Məsələn, mən milli ornamentimiz olan buta formasında səməni cücərtməyi çox sevirəm. Burada sanki iki rəmz birləşərək Novruz bayramının gözəlliyinə daha bir gözəllik qatır. Bayrağımızdakı səkkizguşəli ulduz formasında səməni daha gözəl alınır. Və yaxud böyük dairəvi səməni. Bunun üçün əvvəlcə karton kağızın üzərində qələmlə buta, ulduz, dairə şəkli cızıram. Sonra onu kəsirəm. Kartonu dəmir lövhənin üzərində bir qədər böyük ölçüdə kəsirəm ki, kənarları yuxarıya doğru qatlana bilsin. Sonra həmin formaların üzərinə nazik təbəqə torpaq tökür, əvvəlcədən isladılmış və artıq ağ cücərtilər əmələ gəlmiş buğdanı eyni qalınlıqda yayır, üstünə yenə də torpaq səpirəm. Torpaq əvəzinə tənzifdən də istifadə etmək olar, lakin torpaqda cücərdilən səməni daha uzun müddət yaşıl qalır və ətri də gözəl olur. Artıq bir neçə ildir ki, səmənini butulkada da göyərdirəm. Bunun üçün cücərdilmiş buğda nazik şəkildə bintin üzərinə yayılır. Butulkanın aşağı hissəsi bintin başlanğıcına qoyulur və yuxarıya doğru buğdalı bint sıx şəkildə ona sarılır. Bintin yuxarıda qalan hissəsi su doldurulmuş butulkanın içərisinə qoyulur ki, səməni oradan su ala bilsin. O, əvvəlcə bir neçə gün – yəni cücərtilər çoxalanadək qaranlıq yerdə, sonra isə günəş şüaları düşən yerdə saxlanılır. Ona su nə az, nə çox, qədərində verilməlidir. Yoxsa səməni xarab olar.

Leyla xanım deyir ki, bu cür fərqli formalarda səmənilərin cücərdilməsi həm qadınlarımızın təxəyyülünü, həm də səliqə-sahmanını ortaya çıxarır. Bayram mərasimlərinə, evlərə, süfrələrə daha bir gözəllik qatır. Leyla xanım söyləyir ki, biz uşaq olanda tək-tək adam tapılardı ki, səmənini pulla alsın, amma indi əksər qadınlar tənbəllik edib səmənini almağa üstünlük verirlər. Amma, məncə, hər kəs bunu evində cücərtsə, daha maraqlı olar. Həm ruzi-bərəkət baxımından, həm də səməninin boy atmasını izləmək insana xoş təsir bağışlayır. Xanım vurğulayır ki, o vaxtlar nənələrimiz bir araya gələrək səməni halvası da bişirər, ondan hər kəsə pay verərdilər. Onlar deyərdilər ki, səməni müqəddəsdir. Ona təmiz qabdan su vermək, təmiz yerdə saxlamaq, hündür yerə qoymaq lazımdır. Saralandan sonra da natəmiz yerə atmaq günah sayılar. Onu ya axar suya atmalı, ya da yeməsi üçün həyətdəki toyuq-cücəyə verməlisən.

Leyla xanımla söhbətləşə-söhbətləşə evinin səməniləri saxladığı guşəsinə çatanda o, “Səməni, saxla məni, ildə göyərdərəm səni”, – deyərək onları əzizləməyə başladı. Səmənilərə su verə-verə bir neçə bayatı da söylədi:

Ay səməni, səməni,
Utandırma, sən məni,
Yaşılın qoy bol olsun,
Heyran etsin çəməni.

Əzizim yaşıl çəmən,
Yaşıl bağ, yaşıl çəmən,
Qoy səmənidən alsın,
Bu rəngi hər bağ, çəmən.

Yaşıl donlu, incə belli səməni,
Gül ətirli, buğda cilli səməni,
Şux qamətin düşüb dildən-dillərə,
Bizim gözəllərlə elli səməni.

Leyla xanımı dinlədikcə düşüncələrə dalıram: Təbiət və insan… Bir-birindən ayrı təsəvvür belə, edilməyən iki canlı. Təbiət insan qayğısından, nəvazişindən ilhama gəlir, insan isə təbiətin əsrarəngizliyindən, gözəlliyindən. Bu ilhamda canlı təbiətlə yanaşı, həm də rənglərin harmoniyası yer alır. Yaşılın, sarının, qırmızının, bəyazın…Budur, baharın ilk yaşılı səməni bir azdan öz rəngini çəmənlərə, düzlərə yayacaq, bu yaşılın içərisindən ağ, sarı, qırmızı çiçəklər boylanacaq, ağaclar ağlı-çəhrayılı örpəklərini atacaqlar başlarına. Beləliklə, əllərimizlə cücərtdiyimiz, yazın, ruzi-bərəkətin rəmzi səməni ömrümüzə-günümüzə növbəti baharı gətirəcək. Cücər, yar buğdanın bağrını, Günəşə doğru boylan səməni, geyin yaşıl libasını, o incə belinə bağla qırmızı kəmərini… Bayram xonçalarında şirniyyatların, rəngbərəng yumurtaların, yanar şamların fonunda nazla­-nəvazişlə baharı – xoş günləri səslə. Səslədiyin bu bahar xalqımıza, millətimizə əmin-amanlıq, uğur, səadət, gətirsin. Səməni, qoy sənin şux qamətin taxıl zəmilərinə də sirayət edib ellərimizə bol ruzi-bərəkət bəxş etsin. Gətirdiyin bu baharın da qədəmləri mübarək olsun!..

“Şərq qapısı” qəzeti
15.03.2019


      Bəşər övladı dünyaya gəldiyi gündən bioloji varlıq olaraq qidalanmağa möhtacdır. Ana südü ilə qanımıza, canımıza hopan bu fizioloji akt bizi böyüdür, dünyanın min bir dadlı təamı ilə əhatə olunuraq fizioloji inkişaf edirik. Ağıl-kamala yetincə dərk etməyə başlayırıq ki, yemək dadımlıq-doyumluq olduğu kimi, həm də duyumluqdur! Necə deyərlər, qarnımız üçün deyil, qədrimiz üçündür. Halva kimi...

Ta qədimdən bu günədək Şərq xalqlarının süfrəsində yer alan bu təam çeşidindən asılı ­olmayaraq, eyni xammaldan – babamız Adəmin tapdığı sünbül dənəsindən üyüdülmüş undan və müqəddəs torpağın yetirdiyi meyvənin – tutun şirəsindən bişirilir.

Səbir ilə halva bişər
Ey qora səndən! – deyib babalarımız!

Anasının fateh oğlu İsgəndərə verdiyi ehsan süfrəsindən tutmuş dini təziyələrdə, ata babalarımızın yas mərasimlərində, şəhidlərimiz üçün açılan ehsan süfrələrində halva əzəli şah təamdır. Dünyadan köçən insanın ilk ehsanı olduğu üçün...

Dini inancda “Şami-qəriban” deyilən bir gecə var. İnsanın dünyasını dəyişib qəbir evinə köçən günün axşamı əlüstü çox cüzi miqdar unla halva çalıb evdəkilərə dadızdırar, qalanını isə cavan oğul-uşaq aparıb mərhumun qəbri üstə qoyar ki, qurd-quş yesin, ehsan olsun. Azərbaycan milli təfəkküründə daşlaşmış bu adət doğma Naxçıvanımızda – xüsusi olaraq Şərur düzünün bütün kəndlərində sadə şirin yemək olan halvaya sayğı və ehtiram hissi aşıladıb. Sadə buğda unu, tut bəkməzi və inək yağı ilə qovurulub bişirilən bu şirin nemət doyumluq üçün yox, duyumluq üçün süfrəyə verilib.

Yas mərasimlərindən söz düşmüşkən, insanların həyat səviyyəsi, zamanın tələbi ilə mərasim adət-ənənələrimiz get-gedə təkmilləşərək alqışlanmağa layiq dərəcədə sadələşmişdir. Əzizini itirmiş yas sahibini həm də maddi çətinliklə üz-üzə qoyan, beş gün, yeddi gün, hətta qırxına qədər neçə cür – sadalamaq istəmirəm, qazan-qazan xörəklər, neçə kisə unun lavaşı, neçə heyvanın, malın əti, yağı, düyüsü! Üstəgəl, adamların canlı fəaliyyətdən ayırıb havaya sovurduqları qızıl kimi vaxt! Bütün bunlar haqlı olaraq tarixə qovuşub.

Halva isə əsrlər bundan əvvəl olduğu kimi, bu gün də məclislərimizin əzəli şah təamıdır. Məclisin üçüncü günü halva bişirilib süfrəyə qoyulursa, bu, yas mərasiminin xətm olunmasına işarədir, sanki bir stəkan çayla bir loxma halva yemək mərhumun ruhuna hörmət əlaməti, eyni zamanda neçə günlük acılı, hüznlü ovqata bir şirinliklə son qoymaq deməkdir...

Eşitmişəm, görmüşəm və bu gün də şahidiyəm ki, halva ancaq yenicə dünyasını dəyişənlər üçün yox, ildönümlərində, müqəddəs bayramlarda, hətta ehsan olaraq bişirilib inanc yerimiz olan pirlərdə, ziyarətgahlarda paylanır. Qürbətdə yaşayan cavan övladlar da Vətənə gələndə ocaqdan köçmüş əzizlərinin ruhu xatirinə halva bişirtdirib ehsan edirlər. Kənd camaatına, əsgərlərimizə, xəstəxanada yatanlara, ahıllar evinin sakinlərinə, uşaq evlərinə. Təqdirəlayiqdir, deyilmi?! Bu şirin nemətdən danışdıqca xəyal məni uşaqlığımın halva kimi şipşirin, halva ətirli, halva bərəkətli, atalı-analı günlərinə qanadlandırdı...

Bayram ayı girər-girməz sevincimizin həddi­-hüdudu daşardı. İlin axır çərşənbəsində tonqal yandırmaq üçün çör-çöp toplayar, yandırıb göyə atmaq üçün şar-lopa düzəldər, anamın öz əlləri ilə tutub payızdan bayrama saxladığı kəhrəba kimi sapsarı inək yağından bişirəcəyi halvanın, plovun ətri ilə nəfəs alıb, gecəni səhər edərdik. Anam dəyirmanda üyüdülmüş buğda ununa süd çiləyərək umac ovardı, rəngi çönüb qırmızıya çalana qədər. Umacı əvvəl şadaradan (irigözlü ələk) sonra xəlbirdən (bir az narıngözlü ələk), axırda un ələyindən ələyib ayrı-ayrı üç süfrənin üstünə yayaraq axşamdan səhərə qədər saxlayar, səhər ocaq üstündə tiyan qazanda yağı dağ edib əvvəl iri umacı bir az qovurandan sonra yerdə qalan narın payı əlavə edər, qovurub qızarana yaxın axırıncı – un kimi umacı da qarışdırıb qovurardı. Sonra öz tutumuzdan bişirib saxladığı bəkməzdən hazırladığı şərbəti qazana töküb umac yumşalıb özüllənənə qədər qaynadıb qazanı ocaqdan düşürər, isti-isti qablara çəkərdi. Əsl bayram bu idi. Sadə kəndli ailəsinin öz təsərrüfatında yetirib-bitirdiyi məhsuldan həvəslə bişirib, balalarına yedirtdiyi dadlı nemət, şipşirin din-bərəkət olan halva. Anam qazandakı halvanın bir hissəsini pay-pay lavaşın arasına büküb bir neçə evə – qohum-qonşuya göndərərdi. Həvəslə paylardıq halvaları, axı babalarımızın, nənələrimizin ehsanı idi. Halvanın qabını qaytaran ev yiyəsindən (bu qabı, adətən, yumamış ehsan sahibinə qaytararlar – bu da bir adətdir, inancdır) ağızdolusu “Allah qəbul eləsin, Allah rəhmət eləsin!” – sözlərini eşidəcəkdik axı. Halvanın qalan hissəsini anam yığcam bir qaba yığıb bayramdan sonraya saxlayardı. Qaldıqca bal kimi şəhdi çıxan halva yazağzı əkin-biçin üçün torpaqda çalışan ata-anamın süfrəsinin bərəkəti, dizinin hərəkəti idi...

Deyəsən, çox təfərrüata vardım... Bu təkcə bizim ailədə deyildi. İlaxır günü dərsdən çıxıb evə gələndə, kəndboyu hər məhəllədən keçəndə bütün evlərdən qovurulmuş umacın ətri gəlirdi. Aləm cənnət ətirli şirin halva dadırdı elə bil. Bu günlər anaların qadınlıq ustalığı nümayiş olunurdu. Kimisinə “Afərin!”, kimisinə də “Adını arvad qoyub, bişirdiyi halvaya bax!”, – deyərdilər. İnsafən, anamın gözəl halva bişirdiyini etiraf edərdilər. Anamın heç kəsdə tapmadığım əlinin dadından danışanda onun bişirdiyi dadı damağımdan getməyən halvalar da yadıma düşür.

Tərhalva. Dövrün toxgözlülüyündənmi, yemək çeşidlərinin az və bəsitliyindənmi, insanların həris dərəcədə tamahkar olmamasındanmı idi ki, qonaq gedəndə də heç kəs küsməzdi, nə bişirdilər, nə yedik. Məsələn, ən əziz qohumlarımız bizə gələndə anam tərhalva bişirərdi. Əlüstü tut bəkməzinə bir az su qatıb durulaşdırar, həmin şərbətə un qatıb horra eləyər, dəmir qazanda dağ olmuş yağın içinə tökərək qaynadardı. Pıqqapıq qaynayıb qatılaşandan sonra elə ki yağı üzünə çıxdı, deməli, hazırdı. Çox dadlı yemək idi. Xalalarım deyərdi ki, tərhalvanı biz bişirə bilmirik, bacım gözəl bişirir, çox tutumlu, faydalı olur.

Klassik halvanı bu gün də məişətimizdəki yeməklərdən biri kimi sevir, bişiririk. Hərçənd ki hər adamın bişirdiyi halva sevilmir. Tərhalvanı yetmişinci illərdə görüb yediyimizdir. Çox istərdim, bu halva bu gün də süfrələrimizi bəzəsin, gənc nəsil onu sevə-sevə yesin, unutmasın.

Səməni halvası. İndiki nəslin, demək olar ki, üzünü görüb, dadını dadmadığı, faydasından məhrum olduğu bir halva da var – səməni halvası. 90-cı illərdə xəstəxanada baş tibb bacısı işləyən zaman bir dəfə hörmətli cərrah, mərhum Cabbar həkim beşdəqiqəlikdə hamıya müraciətlə soruşdu: “Səməni halvası nədir, kim bişirə bilir?” Heç kəs bilmədi. Mən bilirdim bişirilməyini.

Cabbar həkim israrla soruşdu: “Niyə bişirmirsiniz?” Bilirsiniz, necə dadlı və faydalıdır? Milli mətbəximizin bu ləziz nümunələrinin unudulmasına yol verməyək gərək. İndiki nəsil də dadsın, tanısın”.

60 ilə yaxın bir zaman bundan əvvəl bizim ailədə səməni halvası bişirildiyi yadımdadır. Yediyim nemətlərin heç birinə bənzəməyən o dad, hələ də damağımdadır.

Dini inanca görə, səməni hər ocaqda göyərməz. Səməni halvasının qazanı içki içilməyən, halal nutvəli ailənin ocağında asılmalıdır. Bir bayram ayında bizim ocaqda da qazan asılıb, səməni halvası bişirilib. Fevralın ortasında anam bir xeyli buğdanı dəyirmanlıq edib yudu, tər-təmiz yuduğu taxtanın üstünə yayıb pəncərələrin qabağına qoyaraq üstünə təmiz tənzif sərdi. Hər gün tənzifin üstündən su çilədi. Martın əvvəlinə qədər buğda çırtıb göyərdi. Bu işdə anamın şəriki və köməkçisi olan 4-5 arvad göyərmiş buğdalar çox yaşıllaşmamış onu taxta ləyəndə və həvəngdəstədə yaxşıca əzib suyunu çıxardılar. Həmin suyu bez torbadan süzüb, bir az su ilə qarışdırıb un qataraq duru horra eləyəndən sonra təndirin üstündə qaynatmağa başladılar. Bu horranı müntəzəm olaraq gərək taxta qaşıqla qarışdırasan ki, dibi yanmasın, qatılaşıb qırmızı rəng alanda səməni halvasının qazanını yerə düşürdülər. İlahi, bu necə daddır? Bu dadı harda tapmaq olar?! Hər gün səhər-axşam qidalandığımız çörəyin rüşeymindən, daha doğrusu, ilk cücərti rüşeym ilə yetkinin təmiz su ilə qarışıb müqəddəs odda bişməsindən yaranan bir təam. Öz şirini, öz yağı, öz duzu ilə şirin olan bir dad.

Səməni halvası hazır olduqda ehsan edilir. Hərdən fikirləşirəm ki, indiki zamanda səməni halvası bişirib, ailə təsərrüfatı üçün səciyyəvi bir məhsul olaraq onu bazara da çıxarmaq olar.

Dağdağan halvası. Əslən Ordubad rayonundan olan rəhmətlik qayınanam Səkinə xanımın əlindən dadmışam bu halvanı. Dağdağan çox möhkəm oduncaqlı, quraqlıq yerlərdə yabanı bitən, uzunömürlü, müqəddəs sayılan ağacdır. Hətta onun balaca parçasını uşaqların üstünə asırlar ki, uşağa nəzər dəyməsin, xəstələnməsin. Dağdağanın noxuddan bir az iri meyvələrini həvəngdəstədə döyüb un halına salandan sonra su ilə qatıb bərk horra hazırlayaraq dağ olmuş yağa töküb qaynadırlar tez-tez qarışdıra-qarışdıra. Hazır olana yaxın şəkər tozu əlavə edilir.

Halva, halva deməklə ağız şirin olmaz

Eşitmişəm ki, halvaya “qəşəngdir” – deməzlər, halva bişirənə “sağ ol, yaxşı bişirmisən” – deyərlər. Yaxşı bişirmək üçün də gərək özün bu işdə bişəsən. Halvanın yaxşı çıxması üçün umacın ovulmasından, qovurulmasından, yağın, şirənin qədərində vurulmasından, şirəyə qatılmış ədviyyatdan çox şey asılıdır. Mənə qalarsa, ən yaxşı nümunə halva bişirənin ağlı, gözü, əli və təcrübəsidir. Yağı az olsa, halva bir yerə yovuşmaz, dağılar. Şirəsini gərək bir az qaynadıb şərbət halına gətirəsən ki, umacın üstünə tökəndə qaynadıqca açılıb yumşalmasın. Və yaxud şirə qatı olarsa, halva şəkərləşib bərkiyər, yemək olmaz. Bir sözlə, bu işin ustası – halvaçı olasan gərək. Bütün zamanlar üçün nə qədər ki halva süfrələrimizin şah təamıdır, onu bişirən də ehtirama layiqdir. Bəs nə! Halva-halva deməklə ağız şirin olmaz ki! Ömründə bircə dəfə – şəhid oğlunun ehsan halvasından dilinə vurmayan Fatma xanım da tanıdığım ən gözəl halva bişirəndir.

Deyirlər, dünya fatehi İsgəndər ölüm yatağında olanda anasına məktub yazır, vəsiyyət edir ki, böyük ehsan süfrəsi açıb hamını çağırsın və xahiş etsin ki, kimin əzizi ölməyibsə, bu ehsandan yesin. Ana görür ki, ehsana heç kəs əl uzatmadı. Onda öz oğlunun ehsanından yeyir ki, hamı – dərdlilər də yesin...

Qaraçuq kənd sakini Fatma ana da həyatın bu acı həqiqətini dərk edəndən dünyadan vaxtsız köçmüş oğlanlarının ad günlərində, ölüm günlərində, millətimizin ümumxalq hüzn günü – 20 Yanvarda halva bişirib paylayar, özü də halvaya can qoyar, min cür səy qoyar. Fatmanın halvası, necə deyərlər, min ağaclıqdan tanınar.

Bir neçə ay bundan əvvəl Mərənddəki ailə dostlarından Zəhra xanımın pirani atası rəhmətə gedəndə xahiş etdilər ki, halvanı Fatma xanım gedib çalsın. İranlı soydaşlarımız Azərbaycanın əsrlərboyu qoruyub saxladığı bu milli mətbəx nümunəsinə heyran oldular. Burda deyərlər: “Çörəyi ver çörəkçiyə, unu, yağı, bəkməzi halvaçıya!”

Halva xalq deyimlərimizdə

Şifahi xalq ədəbiyyatında ulu tariximiz, mədəniyyətimiz qədər yaşı olan ləziz, əziz təam halva da özünə yaraşan bu tituldan – xalq deyimlərindən xali deyil.

Halva, halva deməklə ağız şirin olmaz. Demək bu təamın bişirilib ərsəyə gətirilməsi üçün əziyyət çəkməyin zərurətini anladır. Yəni arzuladığına çatmaq üçün zəhmətə qatlaşmalı, fədakarlıq göstərməlisən.

Səbir elə halva bişər, ey qora səndən! Gərək səbirlə zəhmət çəkib əkib-becərəsən, qora yetişib üzüm ola, bəkməz bişirəsən ki, ondan da halva bişə. Bir işin uğurlu bəhrəsinə nail olmaq üçün zəhmətkeşlik, əzmkarlıq və təmkin tələb olunduğuna işarədir.

Halva-plov elədilər. Bir ərzaq məhsulunu iştaha ilə tez yeyib qurtarmaq deməkdir, yəni halva süfrədə qalmaz, israf olmaz. Niyə bu halvadı sənin üçün? İşin çətinliyini nəzərə çarpdırır ki, halva deyil ki, dərhal yeyəsən!

Səninlə danışan gərək bir batman bal halvası yeyə. Çox qüvvəli, tutumlu bal halvası yesən, gücün çatar ki, dilbilməzi başa salasan!

Nə var, halva paylayırıq? Halvanın ehsanlıq olmasını ifadə edir. Adamlar havayı olaraq qaçıb bir yerə yığışanda deyərlər.

Halvaqapan. Yaşlı kişinin cavan qadından sondan sona doğulan övladına deyərlər. Nə baş verdiyini dərk etmədən yenicə vəfat etmiş atasının halvasını əldən qapıb yeyən dilbilməz uşaq mənasını verir.

Nizami Gəncəvi “Sevmədiyin qadınla ömür sürmək quru çörəklə şor-halva yemək kimidir”, – deyib.

Məqsədim bu sadə, dadlı, bərəkətli, şirin nemətləri xatırlamaqla milli mətbəximizdə olub da yaddan çıxan, az istifadə olunan təamların faydasını gənc nəslə çatdırmaqdır. Bir daha bu qənaətə gəldim ki, zaman-zaman xalq deyimində, xalq duyumunda da əziz-ləziz sayılan halva haqlı olaraq süfrələrimizin şah təamıdır.

“Şərq qapısı” qəzeti
14.03.2019


      İlaxır çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Ona xalq arasında “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yelli-güllü çərşənbə”, “yelli çərşənbə” də deyirlər.

Azərbaycan türklərində “Yel baba” obrazı kimi tanınan mifik varlıq qədim türk dünya duyumuna görə, dünyada nə külək varsa, hamısının ixtiyarını öz əlinə alır. Türklər arasında belə bir mifoloji inam dolaşmaqdadır ki, yel yeldir, onu da əsdirən var. Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanmış xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək olar ki, Yel çərşənbəsi zamanı müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət yaşamışdır. Bu baxımdan muxtar respublikanın bölgələrindən toplanmış mərasim örnəkləri haqqında məlumatlar yelin qədim türklərdə kult məqamında olduğunu sübut edir.

Xalq arasında bu çərşənbəyə “Quyruqlu çərşənbə” də deyilir. Bu çərşənbənin xalq arasında “Quyruqlu çərşənbə” kimi adlanması ikinci çərşənbənin də “külə” olduğunu deməyə imkan verir. Bu zaman əsən küləklər yazın gəldiyini xəbər verir, havaların isinməsi, yazın əlaməti olan bəzi çiçəklərin açması da məhz bu çərşənbədə baş verər.

Topladığımız etnoqrafik çöl materiallarına görə, “Külək çərşənbəsi”ndə küləklər əsməyə başlayır və gün ərzində bir neçə dəfə dəyişir. Bu dəyişikliklər havanın təmizlənməsi kimi qəbul edilir. Bu dövrdə əsən küləyə “vədə yeli” deyilir. Güney tərəfdən gələn yelə “vədə yeli”, “ağ yel” deyərdilər atalarımız. Bu yel hər il mart ayının əvvəlində əsər. Ağ yel isti bir yel olub qarları əridir. Bu yelin əsməsi ilə xalq “Bayram (Novruz) gəlir”, – deyib sevinər:

Əsdi vədə yeli yaz müjdəsiylə,
Qondu eyvanıma yenə qaranquş!

Bəzi tədqiqatçılar yazır ki, bu külək ilin müəyyən dövründə müntəzəm əsdiyindən vədə (yəni gözlənilən vaxtda əsən) küləyi adını almışdır. Xalq arasında vədə yelinə həm də “ələyəz yeli” (ələyəz ot adıdır), “ağ yel” deyilir. Bir deyimə görə, ələyəz yeli qalxdı, artıq qar əriyər, yaz gələr. Ələyəz yelinin hansı istiqamətə əsdiyi bilinməz. Buna uyğun olaraq Naxçıvanda sözü, fikri, əqidəsi bilinməyən adama “Ələyəz yelidir, hərdən bir tərəfə əyilir”, – deyirlər. Digər bir deyimə görə, “vədə yeli” yazın yelidir. Elə ki əsməyə başladı, ağacların oyanmasına, köçəri quşların gəlməsinə köməklik göstərər.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundan toplanılan folklor nümunələrinə əsasən söyləmək mümkündür ki, ərazidə xalq arasında Yel çərşənbəsi zamanı yel əyəsinin ayıldığına inanc dolaşmaqdadır. Xalq belə deyir: “Yel çərşənbəsində yel ayılır, küləy əsir, ağaşdar cifdənir, havanın ağırrığı sınır”. Bu inanclar qədim türklərdə yelin kult səviyyəsində olduğunu nümayiş etdirir.

Yelin “baba” hesab edilməsi xalqımızın şifahi təfəkküründə uzun zamanlar başlıca mövqedə olmuşdur. Köçəri quşlar (leylək, durna, qaranquş) yazın ilk müjdəçiləri hesab edilir. Bu quşların gəlməsi ilə əsl yaz başlayar. Xalq arasında belə bir deyim var ki, leylək deyər: “Təzə ildə gəlmərəm, köhnə ildə də qalmaram”. Xalqın müşahidələrinə əsasən demək olar ki, yazın ilk əlaməti leyləyin qayıtmasıdır. Leyləklər, əsasən, kiçik çillənin sonu, çilləbeçənin əvvəllərində gəlirlər. Bundan sonra havalar bir neçə günlüyə soyuyur, soyuq küləklər əsir. Buna “leylək boranı” deyirlər. Bu köçəri quşlar içərisində yazın carçısı qaranquşla durnanı xüsusi qeyd etmək olar. Bizim mifologiyamızda da hər iki quşun feneloji zaman hesablaması ilə əlaqəsi vardır.

Əvvəldə qeyd etdiyimiz kimi, Yel çərşənbəsində Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində bir-birindən maraqlı ayin və rituallar icra edilməkdədir ki, bu ayin və ritualların çoxunda Yel Tanrısına sitayiş əks olunur. Küləyin əsməsi təmizlik işlərinə başlamağın (bayram təmizliyi) vaxtını bildirir. Evlərdəki paltar-palazın təmiz havaya çıxarılıb tozunu təmizləmək, xırmanın aktual olduğu vaxtlarda taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel tanrıçılığına inamı təsdiqləyir.

Naxçıvan Muxtar Respublikasının bölgələrində xalq yaddaşında yaşayan, yel kultuna tapınmanı ifadə edən atalar sözləri diqqətçəkəndir: Yel qayadan nə aparar?! Yelnən gələn selnən gedər. Alçaxda yatma sel aparar, ucada yatma yel aparar. Kələklə gələn küləklə gedər. Verirsə, el gətirir, sel gətirir, yel gətirir. Alırsa, el aparır, sel aparır, yel aparır. Ərazidə kiçik janr nümunələrindən olan tapmacalar da yelin mifopoetik obrazını yaratmaq baxımından xarakterikdir:

Hər yan ələk-vələkdir,
İsti tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir (yel, külək).

“Yel baba” obrazı ərazidən toplanmış inanclarda da öz əksini tapmaqdadır: “Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün yarpaqları ağaca toxunsa, diləyin yerinə yetər”. Xalq arasında deyilir ki, yaz ilin elə bir dövrüdür ki, hər şey ondan asılıdır. Gərək hər işi vaxtında, vədəsində görəsən. Bir el söyləməsində deyildiyi kimi: “Hər şey vədəyə baxsa da, vədə heç nəyə baxmaz”. Xalqımıza xoş günlər, xeyir-bərəkət, sülh və əmin-amanlıq gətirməsi diləyilə Yel çərşənbəniz mübarək olsun!

“Şərq qapısı” qəzeti
12.03.2019


      Fevral ayında muxtar respublikada mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, görkəmli sənət adamlarının yubileyləri qeyd edilmişdir. Ay ərzində muxtar respublikanın rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə konsertlər olmuş, film və tamaşalar nümayiş etdirilmişdir. Bu məqsədlə rayon mədəniyyət saraylarında 16 konsert və tamaşa təşkil olunmuşdur. Aparılan quruculuq işləri zamanı Şərur rayonunun Kərimbəyli kənd Mərkəzi istifadəyə verilmiş və burada kənd kitabxanası və klubu üçün də lazımi şərait yaradılmışdır.

Fevral ayında Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, böyük Azərbaycan şairi Nəsiminin 650 illiyi, Cəlil Məmmədquluzadənin 150 illiyi, Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illiyi və başqa yubiley günləri ilə bağlı tədbirlər keçirilmişdir. Nazirlik keçirilən tədbirlərin kütləviliyinə və rəngarəngliyinə, keyfiyyət dəyişikliyinə də diqqəti artırmışdır. Nazirlik tərəfindən forma müxtəlifliyinə diqqət yetirilməklə müxtəlif müsabiqələr, dəyirmi masa, oxucu konfransı, xatirə gecəsi, anım günü, kitab müzakirəsi, intellektual oyun, maarifləndirici tədbir, mühazirə, metodiki kurs, seminar treninq, kitabxana və kitabxanaçı günləri, mütaliə günü, nağıl günü və başqa tədbirlərin keçirilməsinə nəzarət artırılmışdır.

Ötən ay qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması sahəsində işlər davam etdirilmişdir. Bu dövrdə muzeyləri 4 min 958 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə 26 min 64 nəfər tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsi sahəsində muxtar respublikanı sakinləri fəal iştirak etmiş, muzeylərimizə 158 eksponat daxil olmuşdur.

Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin qurulması diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi və sərgilərin yaradılması üçün bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş 19 kitabın müzakirəsi keçirilmişdir. Fevral ayında muxtar respublikanın kitabxanalarına 59 adda 149 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 288, oxucu gəlişi 8 min 391 nəfər olmaqla 10 nəfər məhdud fiziki imkanlı şəxsə səyyar kitabxana xidməti də göstərilmişdir.

Muxtar respublikanın klub müəssisələrində dərnəklərin təşkili və fəaliyyəti ilə bağlı bir sıra işlər görülmüşdür. Fevral ayında mədəniyyət evləri və klublarda əlamətdar və tarixi günlərlə bağlı 172 tədbir keçirilmiş, 75 sərgi təşkil edilmişdir.

Fevral ayında teatr kollektivlərinin nümayiş etdirdikləri tamaşalar da muxtar respublikanın sakinlərinin asudə vaxtlarının mənalı təşkilinə istiqamətləndirilmişdir. C.Məmmədquluzadə adın Naxçıvan Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin “Xəyyam”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “İnanmayaq tülkülərə”, Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı”, Babək Rayon Xalq Teatrı “Beş manatlıq gəlin” tamaşalarını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin, “Şərur” Xalq Yallı Ansamblının, rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin muxtar respublikanın rayon və kəndlərində konsertləri təşkil olunmuşdur.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon və kəndlərində “Yarımçıq xatirələr”, “Nəsimi” filmlərini nümayiş etdirmiş, məktəblilər üçün kinoviktorina keçirilmişdir.

Bu müddətdə nazirliyin tabeliyində olan təhsil müəssisələrində ustad dərslər, metodiki kurs, açıq dərslər davam etdirilmiş, intellektual oyunlar təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti


      Qədim Naxçıvan çoxsaylı abidələri ilə xalqımızın milli mədəniyyətinin yaranmasına və formalaşmasına təsir edən zəngin diyardır. Bu diyarın köksündəki yüzlərlə abidə dünənimizdən bu günümüzə uzanan yolda bu zənginliyin təqdimatçılarıdır. Elə bu yazıda söhbət açacağımız dünya əhəmiyyətli Qarabağlar türbəsi də maddi-mədəni irsimizlə yanaşı, həm də dövlətçilik tariximizi özündə yaşadan abidələrdəndir.

Yenidən həyat bəxş edilən abidə

Muxtar respublikamızın tarixinə uğurlu illərdən biri kimi yazılan 2018-ci il həm də bu tarixi abidənin kompleks şəkildə bərpadan sonra istifadəyə verilməsi ili kimi daim xatırlanacaq. Qeyd etmək lazımdır ki, Qarabağlar türbəsi əsrlərdir tarixin və təbiətin ağır sınaqları ilə üz-üzə qalıb. Abidənin bəzi hissələri uçub dağılsa da, öz mövcudluğunu qoruyub saxlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq, Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar türbə kompleksində bərpa işləri iki il davam edib. Abidə üzərində bərpa işləri elmi və tarixi əsaslarla aparılıb. Ötən dövrdə muxtar respublika rəhbərinin müvafiq sərəncamına əsasən yaradılan “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu kompleksin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb, abidənin tarixi, kitabələri, memarlıq xüsusiyyətləri, etnoqrafiyası, “Qarabağlar” sözünün mənşəyi və etimologiyası, türbə və onun ətrafındakı epiqrafik, arxeoloji və tarix-memarlıq abidələri, keramikası haqqında məlumatlar toplayıb. Həmin məlumatlar əsasında türbə kompleksi və ətraf ərazilərlə əlaqədar yeni elmi nəticələr əldə olunub.

Naxçıvan memarlıq sənətinin tarixi nümunəsi

Onu da xatırladaq ki, Qarabağlar türbə kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını türbə təşkil edir. Bu türbə qülləvarı xatirə tikintilərinə aiddir və on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində müqəddəs “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb.

Türbənin memarlıq quruluşu, tikilişi zamanı tətbiq edilən dəqiq həndəsi ölçmələr, üzərində əsrlərdir, təbii təsirlərdən solmayan boyalı naxışlar abidənin möhtəşəmliyindən xəbər verir. Eyni zamanda, bu tikili Naxçıvan memarlıq sənətinin, mədəniyyətimizin inkişafının da bir göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Hər bir xalqın mədəniyyətinin inkişafı onun dövlətçilik tarixi ilə bağlıdır. O xalq zəngin mədəniyyətə sahibdir ki, onun böyük dövlətçilik tarixi vardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Eksponatlarla zəngin xanəgah

Bu gün türbə kompleksinə gələn ziyarətçilərin ən çox diqqətini çəkən məqamlardan biri də onun xanəgah hissəsində sərgilənən eksponatlardır. Burada məişətimizə aid müxtəlif əşyalar, o cümlədən ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub. Eksponatlar içərisində saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, həmçinin toxuculuq nümunələri Qarabağların zəngin mədəni irsə malik yurd yeri olduğunu göstərir. Eyni zamanda, buradakı ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və sonra çəkilmiş fotoşəkilləri, kətan üzərində yağlı boya ilə işlənmiş Qarabağlar türbəsi rəsmləri, Naxçıvanın tarixi və kompleks haqqında məlumatları özündə əks etdirən kitablar nümayiş etdirilir.

Qarabağlar Türbə Kompleksi Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi, dövlətçilik irsimiz və mədəni sərvətimizdir. Sevindirici haldır ki, muxtar respublikada ənənəvi olaraq təşkil edilən “Muzey günləri”nə bu abidənin də adı əlavə olunub. İndi müxtəlif dövlət orqanlarının kollektivləri ilə yanaşı, kompleksi məktəblilər, tələbələr, həmçinin buraya yolu düşən qonaqlar da ziyarət edirlər.

“Nuhçıxan” İnformasiya Agentliyi
09.03.2019


      Orta əsrlərin sonlarında öz şeirləri ilə seçilən şair qadınlarımızdan biri də Heyran xanımdır. Bu şair qadın ədəbiyyat tariximizə Heyran xanım Dünbuli kimi düşüb.

Tarixi mənbələrdə onun haqqında az da olsa məlumatlar qalıb. Belə ki, Heyran xanım XVIII əsrin sonlarında Dünbuli Kəngərli xanları ailəsində Naxçıvanda doğulub. Elə burada da təhsil alıb, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənib. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan Təbrizə köçürülüb.

Doğma yurdundan və yaxın adamlarından ayrı düşən Heyran xanımın həyatı kədərli keçib. O, həmişə zəmanədən, adamların vəfasızlığından, özünün qürbətdə tək-tənha qalmasından gileylənib, yaşadığı Təbriz şəhərini "guşeyi-zindan" adlandırıb. Ömrü iztirablar içində keçən şairəşeirlərinin birində o, öz vəziyyətini təsvir edərək yazır:

Belim büküldü, qara saçlarım ağardı mənim,
Qocalmışam bu cəfakar çərx əlindən, aman.

Şairənin ömrünün sonları daha kədərli keçib. Ailə ixtilafları və narazılıqları ona ağır təsir göstərir, getdikcə səhhəti pisləşir. Heyran xanım 1848-ci ildə Təbrizdə vəfat edir və orada dəfn olunur.

Yaradıcılığında klassik poeziya üslubunu davam etdirən Heyran xanım əsərlərini İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əlican Qövsi kimi klassik Azərbaycan şairlərinin ədəbi təsiri ilə yazıb.

Təmiz, insani məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun şeirlərinin əsas mövzusudur. Böyük sələflərinin yaradıcılıq yolunu davam etdirən Heyran xanım gözəlliyi ehtirasla tərənnüm edir, müasirlərini mənəvi-əxlaqi təmizliyə çağırırdı. Şairənin fikrincə həqiqi gözəllik ağılla ölçülür. Gözəlliyin birinci meyarı ağıldır. Camalı gözəl olanların ağlı, kamalı da gözəl olmalıdır. Şairə məsnəvilərinin birində yazır:

Neçə şərt ilə ölçülərsə camal,
Şərt-əvvəldir hüsnə əqlü kamal.
Hər cavanda ki, var camal yəqin,
Olmalı onda həm kamal yəqin.

Heyran xanımın ictimai motivli şerlərində öz zəmanəsindən şikayət, cəmiyyətdəki sosial bərabərsizliyə, qadın hüquqsuzluğuna qarşı etiraz nidaları güclüdür.

İstedadlı şairənin əsərləri janr, üslub, bədii sənətkarlıq keyfiyyətləri baxımından zəngindir. O, klassik poeziyanın qəzəl, müxəmməs, müstəzad, rübai, tərcibənd janrlarında, habelə məsnəvi formasında əsərlər yaradıb, lirik qəhrəmanın daxili aləmini, sevinc və kədərini dərindən açmaq üçün təşbeh, istiarə, təzad, təkrir, mübaliğə kimi bədii təsvir və ifadə vasitələri işlədib, ədəbiyyatımızı yeni keyfiyyətlərlə zənginləşdirib.

“Nuhçıxan” İnformasiya Agentliyi
08.03.2019


      Yallılar əsrlərin süzgəcindən keçərək xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını keçmişimizdən bu günədək daşıyan xalq rəqs­lərimizdir. Yallılar nəsillər arasında mənəvi körpüdür. Qürur hissi duyuruq ki, muxtar respublikamızda bu mənəvi körpü yüksək ehtiramla qorunub saxlanılır.

Araşdırmalar sübut edir ki, incəsənətin ən geniş yayılmış növlərindən biri olan rəqs sənətinin tarixi zərb musiqi alətlərinin yaranma tarixindən xeyli qədimdir. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs etmişlər. Bu cəhətdən muxtar respublikamızın Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qaya təsvirləri xüsusilə səciyyəvidir. Eradan əvvəl II-I minilliyə aid yaşayış yeri olan Qızılburunda da aşkar edilmiş polixrom boyalı küpə üzərindəki rəqs – ifaçılıq təsviri yurdumuzda yallının çox qədim tarixə malik olduğundan xəbər verir.

Hələ lap qədimdən insanlar rəqs etmək üçün müəyyən müşayiətə və ritmə ehtiyac duymuşlar. Bu gün də yallılarımızı musiqinin müşayiəti olmadan təsəvvür etmək çox çətindir. Bəs hazırda muxtar respublikamızda keçirilən müxtəlif mədəni tədbirlərdə iştirak edən yallı qruplarını müşayiət edən, sevə-sevə dinlədiyimiz musiqiləri səsləndirən yallı müşayiətçiləri kimlərdir? Bu sualın sorağında Şərur rayonuna üz tutduq. Rayon mədəniyyət sarayında “Şərur” Xalq Yallı Ansamblının məşq saatı olduğundan həm yallılarımızı əyani olaraq izləyə bildik, həm də yallı musiqisini dinləmək imkanımız oldu.

Məşq bitdikdən sonra ansamblın direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva bizimlə söhbətində vurğuladı ki, minillik tarixi olan mədəni irsimiz, o cümlədən yallılarımız bu gün beynəlxalq səviyyədə də yetərincə tanıdılır. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin YUNESKO səviyyəsində qorunması ilə bağlı tədbirlər həyata keçirilib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazır­lanıb aidiy­yəti üzrə təqdim olunub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu, biz sənət adamlarının hər birinə milli qürur və sevinc hissi bəxş etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı bu xalq yaradıcılığının öyrənilməsi və təbliği istiqamətində mədəniyyət işçilərinin də qarşısında mühüm vəzifələr qoyur.

Sonra yallı müşayiətçiləri Azərbaycanın Əməkdar mədəniyyət işçisi, zərb alətləri ifaçısı İsgəndər Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, nəfəsli alətlər ifaçıları Natiq Məmmədov və Tuncay Həsənzadə, həmçinin Azərbaycan Respublikasının Əməkdar artisti, “Şərur” Xalq Yallı Ansamblının bəddi rəhbəri Əfsər Novruzovla həmsöhbət olduq.

Zərb alətləri ifaçısı İsgəndər Əliyev bildirdi ki, tarixən bu diyarda yallı mövcud olmuş, xalqımız tərəfindən eldən-elə, dildən-dilə ötürülərək bu günümüzə qədər yaşadılmışdır. Naxçıvan bölgəsində yallıları üç nəfərdən ibarət musiqiçi dəstəsi müşayiət edir. Bura 2 zurna, 1 nağara ifaçısı daxildir. Zurna ifaçılarından biri rəqsin əsas melodiyasını ifa edən solistdir. O həm də ansamblın rəhbəri sayılır. “Dəmkeş” adlanan digər zurna ifaçısı isə bu melodiyada tonikanı və digər istinad pərdələrini “dəm” şəklində uzadaraq ifa edir. Nağaraçı çubuqdan istifadə edərək iri nağarada yallını müşayiət edir. Müsahibimin dediklərinə görə, iri nağara zərb aləti tarixən “toy” adlanıb. “Nağara” ərəb sözüdür – vurmaq, döyəcləmək mənasını ifadə edir. Buna görə də həmin alətin “toy” adlandırılması milliliyimiz baxımından əhəmiyyətlidir. İsgəndər Əliyev onu da qeyd etdi ki, müəyyən müddət ərzində yallılarımıza olan marağın azalması ucbatından onlardan bəziləri unudulmaq təhlükəsi ilə üz-üzə gəlsə də, bu gün həmin yallılar yaşadılır. Bildirdi ki, burada əmək fəaliyyətinə başladığı gündən etibarən belə yallıları təbliğ etməyə çalışıb. Fəaliyyəti dövründə 7 yallını yenidən hazırlayıb. Tanınmış tarzən və pedaqoq Əkrəm Məmmədli və Kənan Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabının ərsəyə gəlməsində də zəhməti olub. Həmin kitabda 60-dan çox el yallısının nota yazılmasına kömək edib. Qeyd edək ki, kitabda Azərbaycan xalq musiqi janrına aid olan yallılar, həmçinin yallıları müşayiət edən musiqi dəstəsi, bu dəstədə istifadə olunan çalğı alətləri, Şərurda ifa olunan yallılar haqqında məlumatlar verilib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, nəfəsli alətlər ifaçısı Natiq Məmmədov isə bizimlə söhbətində bildirdi ki, güclü və zil səsə malik zurna musiqi aləti tarixən Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünəməxsus yer tutmuşdur. Zurna sözünün “surnay” sözündən olub, sur – “böyük ziyafət”, nay – “qarğı”, “qamış” mənasını verdiyi ehtimal edilir. Arxeoloji qazıntılar nəticəsində zurna alətindən Azərbaycanda eramızdan əvvəl istifadə olunduğu sübut edilib. Əvvəllər musiqi məktəbləri olmadığından zurna ifaçıları xalq arasında ustadlardan dərs alaraq bu sənəti öyrənirdi. Not bilmədikləri üçün ifaçılar bir çox çətinliklər çəkirdilər. İndi isə muxtar respublikanın bütün bölgələrindəki musiqi məktəblərində yaradılan şərait, həmin məktəblərdə nəfəsli alətlər sinfinin açılması bu sahənin inkişafına yeni imkanlar açıb.

Bu gün Kəngərli Rayon Mədəniyyət Sarayında də yallı qrupları fəaliyyət göstərir. Buradakı yallı müşayiətçilərindən zurna ifaçıları İntiqam Rzayev və Vüqar Muradov bildirdilər ki, digər bölgələrimiz kimi, Kəngərli rayonunda da mədəni sahələrin inkişafına böyük diqqət və qayğı göstərilir. Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz ilə düşmənlərimizə də kimliyimizi, varlığımızı göstərə bilirik. Muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. Son illər rayonda mədəniyyət müəssisələri, uşaq musiqi məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilib. Bu, həm də gənc nəsildə hazırda ifa etdiyimiz qədim musiqi alətlərinə olan marağı daha da artırıb. Sevindirici haldır ki, musiqi məktəblərində bu aləti öyrənmək üçün üz tutan şagirdlərin sayı ildən-ilə daha da artmaqdadır. Keçmişdə buradakı el şənlikləri, toylar sonda yallı ilə başa çatardı. Bu gün də yallısız bir toy belə, təsəvvür etmək olmaz. Onun sözlərinə görə, Kəngərlidə fəaliyyət göstərən “Gülümhey” folklor qrupu da istər müxtəlif tədbirlərdə, istərsə də el şənliklərində və toylarda fəal iştirak edir. Bəli, musiqi milli varlığımızı təsdiqləyən zəngin mənəvi xəzinəmiz, xalqları və cəmiyyətləri bir-birinə yaxınlaşdıran bir vasitədir. Çoxəsrlik tarixə malik, zəngin etnoqrafiyamızı yaşadan yallılarımız isə milli musiqimizin nadir incilərindəndir.

“Şərq qapısı” qəzeti
07.03.2019


      Min illər boyu insanlar ev heyvanlarının ət və südü ilə yanaşı, onların dərisindən də məişətdə istifadə etmişlər. Bunun üçün heyvanın dərisini xüsusi üsulla soyar, lazım gəldikdə aşılayar və müxtəlif məişət əşyaları hazırlayardılar. Onların bəziləri haqqında oxucularımıza da məlumat vermək istərdik.

Eymə. Düzəldilməsi üçün bir çox şərtlərə əməl edilməli idi. Eymə erkək heyvanların, övəc, sibir (Boyəhməd kəndində, əsasən, sarı və qara sibir dərisi seçərdilər) dərisindən düzəldilərdi. Eymə üçün həm də “qızıl heyvan”ın dərisindən istifadə edilərdi (Yaşlı adamlar Naxçıvanın aborogen qoyun sortu olan balbasa “qızıl heyvan” da deyərdilər). Eymə üçün istifadə ediləcək dəri bütöv soyulardı. Dərini heyvanın qarın nahiyəsinin aşağı hissəsindən açar, corab kimi çevirərək bütöv çıxarardılar. Soyan zaman çalışardılar ki, dəri kəsilib zay olmasın, ona görə də dərinin çox hissəsini yumruq və barmaqla soyardılar. Soyulmuş dərini isti-isti büküb 25-30 dərəcədə saxlayar, vaxtaşırı tükünün yolunub, yolunmamasını yoxlayardılar. Bu yolla dərinin tükü asanlıqla yoluna bildikdən sonra arpa unundan horra hazırlayardılar. Daha sonra duz və zəy əlavə edərdilər. Horrada saxlanılan dərini ovub yumşaldar, ilıq suda yuyub təmizləyər və qurudardılar. Bəzi bölgələrdə eyməni qurutmazdan əvvəl bir müddət həmərsin, bəzi bölgələrdə isə palıd ağacının suyunda saxlayardılar. Bu cür aşılanmış dəri “pilə” (ipək kimi yumşaq) olardı. Dərini soyan zaman həmin heyvanın qollarını dibdən kəsərdilər. Aşılanmış dərinin qollarının yerini və qarın nahiyəsindən aşağısını bərk iplə (kirişlə) sırıyıb tikərdilər. Boğaz hissəsinə halqa məftil, olmadıqda şüy çubuq qoyub tikərdilər ki, ağız kimi istifadə etmək asan olsun.

Eymədən qatıq saxlamaq üçün istifadə edilərdi. Adətən, ailələrdə hər gün istifadə edilən qatığın artığını eyməyə tökərdilər. Əvvəllər soyuducu olmadığı üçün qatığı bir gündən artıq saxlamaq mümkün deyildi. Eymədəki qatığa duz da atılardı. Eyməni sal daşın, taxtadan hazırlanmış döşəmənin üzərinə qoyardılar ki, suyu süzsün. Eymənin üzəri vaxtaşırı yuyulub təmizlənər, sonra isə duzlanardı. Əks halda həşəratlar eymənin üzərinə qurd salardı. Ümumiyyətlə, eyməni təmiz saxlamaq heç də asan iş deyildi. Təmizliyə əməl olunmadıqda, eymədəki şor-kərə yeməli olmazdı. Eyməyə töküb saxlanan qatığa “qara qatıq” deyərdilər. Qatıq qalıb “dəyməli” idi ki, yağı asan ayrılsın. Eymədəki qatığı nehrəyə tökər, üstünə bir qədər ilıq su əlavə edib qarışdırardılar. Həmin qarışığı nehrədə çalxaladıqca kərə ilə ayran ayrılmağa başlardı. Böyük mollanəsrəddinçi satirik şair Mirzə Ələkbər Sabir də şeirlərindən birində bunu belə təsvir edir:

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!

Nehrədə çalxanan qatığın yağı yaxşı ayrılmayanda üstünə mümkün qədər soyuq su tökərdilər. Çalxanmış qarışığı geniş qaba boşaldar, üzərindəki yağı əl ilə bir yerə toplayardılar. Alınmış ayranı içər, çürüdüb şor düzəldər, yaxud da qurut hazırlamaq üçün istifadə edərdilər. Adətən, su qatılmış qatığa ayran deyilsə də, əslində, bu cür hazırlanan içki ayran yox, atlamadır. Qatıq çalxamaq üçün istifadə olunan nehrələr isə müxtəlif olurdu: ağac və ya asma nehrələr, küpətipli nehrələr və tuluq nehrələr. Onu da qeyd edək ki, Babək rayonunun Sirab kəndində Eneolit dövrünə aid Şorsu təpəsi abidəsində bir neçə yerdə eymələri saxlamaq üçün keramika parçalarından düzülərək hazırlanmış yerlərə rast gəlinir. Görünür ki, insanlar eymədən hələ Eneolit dövründə istifadə ediblər.

Tuluq. Onun da hazırlanması eymə kimidir. Sadəcə, tuluq hazırlamaq üçün soyulan dərilərdə heyvanın qolları dibdən yox, dirsəkdən kəsilərdi ki, daşımaq asan olsun. Tuluq eyməyə nisbətən kiçik olurdu. Əsasən, soyuq içkiləri saxlamaq, daşımaq üçün istifadə edilərdi. Su, şərab, süd, ayran, bəkməz və sairəni də tuluqla daşıyardılar. Tuluqdan həm də nehrə kimi istifadə edilirdi. Tuluğu asan daşımaq, asıb nehrə kimi çalxamaq üçün tuluq ağacından istifadə edilirdi.

Dağar. Qaramal dərisindən tikilmiş torbadır. Bəzən döyüşçülər, yol gedənlər mal dərisindən tikilmiş darboğazlı torbada su daşıyardılar.

Dağarcıq. Adətən, qoyun, keçi dərisindən hazırlanırdı. Eymədən fərqli olaraq dağarcığın dərisi aşılanmırdı. Quru məhsulların – düyü, yarma, əriştə, noxud ləpəsi (Naxçıvan dialektində buna “müğəşşər” də deyirlər) saxlanılardı.

Dol. Mal dərisindən tikilən bu cür tuluqla quyulardan su, keçmiş zamanlarda neft çıxarmaq üçün istifadə edilirdi. Kankanlar da kəhriz qazılması, təmizlənməsi zamanı doldan istifadə edərdilər. Dolu quyudan dartıb çıxaran çarxa isə “dolab” deyilərdi.

Çarıq. 1950-ci illərə qədər geniş istifadə edilən, aşılanmış göndən hazırlanan ayaqqabı növü idi. Aşılanmış mal dərisi çarıq tikiləcək ölçüdə doğranardı. Həmin dəri ayağın ölçüsünə uyğun tərlik formasında kəsilərdi. Tərliyin kənarında dairəvi olaraq 4-5 santimetr aralı deşiklər açılardı. Göndən 3-4 millimetr enində “köşə” (uzun bağ) kəsilərdi. Tərliyin üzərində açılmış deşiklərin birindən köşənin bir ucu keçirilərdi. Sonra deşiklərdən növbə ilə köşənin birini o birinin üzərindən aşırmaqla keçirilərdi. Sonda köşələrin ucu düyünlənib artığı kəsilərdi. Köşə tərliyin kənarlarını yığıb ayaqqabı formasına salardı. Ucdan başlayaraq pəncənin üzərində ipdən xüsusi toxunmuş çarıqbağı – qaytan salınardı. Çarığı geyib-çıxaran zaman qaytanı bərkidib-boşaldardılar. Çarıq, adətən, patava (dolaq) və ya yundan toxunmuş corabla geyilərdi.

Motal. Dəridən hazırlanan məişət əşyalarından biri də motaldır. Bunun üçün qoyun dərisi bütöv soyulur, tükü yolunmadan aşılanır. Dərinin tüklü üzü içəri salınır. Ovulmuş pendir motalın içərisinə yığılıb duzlanır. Sərin yerə qoyulur və ya yerə basdırılır, motalda o qədər saxlanılır ki, pendir dəysin (yetişsin).

Müasir dövrdə ərzaq istehsalı və azuqənin uzun müddət saxlanıla bilməsi üçün kəndlərimizdə hər cür şərait var, kənd sakinlərinin hamısı müasir məişət texnologiyalarından istifadə imkanlarına malikdir. Bu şərait, istehsal olunan yeni qab-qacaq zamanla qədim məişət əşyalarını sıradan çıxarıb. Buna baxmayaraq, həmin əşyalar xalqımızın etnoqrafiyasından, yaşayış tərzindən, qədim məişətindən xəbər verir. Onların muzeylərimizdə nümayiş olunması, tanıdılması tariximizin, etnoqrafiyamızın təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

“Şərq qapısı” qəzeti
06.03.2019


      Azərbaycanın ən qədim torpağı olan Naxçıvana ilk dəfə 1993-cü ildə Azərbaycan və Türkiyə xalqları üçün böyük mücadilə vermiş hacı babam Yusif Səngər ilə birlikdə getmişdik. Buradan da təyyarə ilə Bakıya uçmuşduq. Həmin illər Naxçıvan çox sıxıntılı və xeyli çətin günlərini yaşayırdı. Ürəyimizdəki bir sızıltı idi Naxçıvan. Aradan 25 il keçdi və mən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində Naxçıvanda olmaq şərəfinə nail oldum.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası Türkiyə ilə türk dövlətləri arasında yeganə torpaq sərhədi olan bir diyardır. Ermənistan, İran və Türkiyəyə qonşu olan Naxçıvanın ərazi bütövlüyü 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə təmin olunub. Naxçıvan həm tarixi, həm də turizm baxımından olduqca əhəmiyyətli bir şəhərdir. Son dərəcə təmiz və abad, geniş prospekt və küçələri, gülərüzlü və səmimi sakinləri ilə insanın qəlbinə rahatlıq bəxş edən bir şəhərdir. Naxçıvan sakinləri Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevə və onun layiqli davamçısı cənab İlham Əliyevə böyük rəğbət və hörmət bəsləyirlər. Hər kəs böyük lider Heydər Əliyevi çox sevir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu da çox sevirlər. Cənab Vasif Talıbovun yurdunun inkişafı, çiçəklənməyi naminə göstərdiyi xidmətlər hər kəsdə böyük sevinc hissləri yaradıb. O, Naxçıvanın inkişafı naminə çox böyük zəhmət çəkib.

Keçirdiyim görüşlər və danışıqlarda Naxçıvanda Türkiyə sevgisinin ön sırada yer aldığını gördüm. Naxçıvanda Vətən, millət sevgisi də həmişə ön sıralardadır. Onu da deyim ki, Azərbaycan bayrağı ilk dəfə Naxçıvanda böyük lider Heydər Əliyev tərəfindən yüksəklərə qaldırılmışdır. Ulu öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, böyük öndər Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” demişdi. Türkiyə və Azərbaycan qardaşlığı ümummilli lider Heydər Əliyev tərəfindən daha da möhkəmləndirildir, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə ən yüksək səviyyəyə yüksəldi. Türkiyə ilə Azərbaycan tək millət iki dövlətdir. Dinimiz bir, dilimiz bir, mədəniyyətimiz birdir. Tariximizdə bənzərliklər, kəsişən nöqtələr vardır. Azərbaycanın, Naxçıvanın güclənməsindən həmişə qürur duyduq və duyacağıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilini Naxçıvanda qeyd etdik. Bu gözəl və cazibədar şəhər məndə olduqca müsbət təəssüratlar yaratdı. Bir gün yolunuz Naxçıvana düşərsə, mütləq bu məkanları görmənizi istərdim:

Heydər Əliyev Muzeyi

Heydər Əliyev Muzey müdrik dövlət xadimi ilə bağlı bir çox şəkillərə, məlumatlara və sənədlərə ev sahibliyi edir. Digər tərəfdən, muzeydə dahi Heydər Əliyevin şəxsi əşyaları, Ona həsr olunmuş kitablar, digər nəşrlər, möhtəşəm portretlər sərgilənir. Muzeydə Azərbaycanın, xüsusilə də Naxçıvanın inkişafı və təhlükəsizliyi üçün tarixi işlər görən görkəmli dövlət xadimi Heydər Əliyevin həyatına dair bir sıra maraqlı məlumatları əldə edə bilərsiniz.

Heydər Əliyev prospekti

Paytaxt Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev prospekti muxtar respublika üçün çox əhəmiyyətli tarixi binaların olduğu yerdir. “Şəhərin ürəyinin döyündüyü yer” olaraq da adlandıra biləcəyimiz meydanın ətrafında olduqca rəğbət görən məkanlar vardır.

Bayraq Meydanı

Naxçıvan şəhərində çox geniş ərazidə Dövlət Bayrağı Meydanı və Muzeyi var. Olduqca geniş bir sahədə qurulub ucaldılan meydan sakinlərin ən çox üz tutduqları yerlərdən biridir. Meydanın gözəl mənzərəsi və insana rahatlıq bəxş edən aurası onu bu diyara gələn turistlərin istirahət məkanına çevirib.

Xan sarayı

Naxçıvanın ən möhtəşəm tarixi tikililərindən biri olan Xan sarayı 1747-ci ildə Ehsan xan Kəngərli tərəfindən inşa etdirilib. XX əsrin əvvəllərinədək Kəngərli xanlarının yaşadığı bina bu gün muzey kimi fəaliyyət göstərir və şəhərə gələn turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Muzeydə bu günədək Naxçıvanın siyasi tarixini və mədəni həyatını əks etdirən bir sıra əhəmiyyətli eksponatlarla qarşılaşa bilirsiniz.

Hüseyn Cavidin ev-muzeyi

Azərbaycanın ən görkəmli şairlərindən biri olan və Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi kimi tanınan Hüseyn Cavidin yaşadığı müddətdə qaldığı evdə muzey yaradılıb. Burada filosof-şairin şəxsi əşyaları, onun fəaliyyətini əks etdirən bir sıra şəkil və əl yazıları sərgilənir.

Açıq Səma Altında Muzey

Möminə xatın türbəsinin yanında yerləşən Açıq Səma Altında Muzey bu diyarda müxtəlif tarixi dönəmlərə aid daş heykəllərin sərgiləndiyi maraqlı bir yerdir. Açıq səmada sərgilənən daşdan hazırlanmış qoç heykəllər, daş lövhələr və kitabələr tarixsevərlərin böyük maraq göstərdikləri yerlər sırasındadır.

Möminə xatın türbəsi

Azərbaycan Atabəylər dövlətinin banisi Atabəy Şəmsəddin Eldənizin əmri ilə onun həyat yoldaşı Möminə xatının məzarı üzərində ucaldılan abidədir. Möminə xatın türbəsi ölkənin on ikinci yüzillikdən bu günə qalan ən sağlam və möhtəşəm tarixi əsərləri sırasında yer alır. Memarlıq quruluşu ilə diqqəti çəkən türbə turistlərin böyük maraq göstərdiyi tarixi abidələr sırasındadır.

Naxçıvan teatrı

Paytaxt Naxçıvanın ən möhtəşəm tikililərindən biri olan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası bir sıra yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. Memarlıq quruluşu və dekorasiyası ilə gözoxşayan teatrda psixoloji, dram, komediya janrlarında teatr tamaşaları teatrsevərlər tərəfindən maraqla qarşılanır.

Xalça muzeyi

Azərbaycanda əllə toxunan xalçalara verilən əhəmiyyət hər kəs tərəfindən çox yaxşı bilinir. Bu mənada Naxçıvan Dövlət Xalça Muzeyi Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrindən olan Naxçıvan xalçalarının sərgiləndiyi yer kimi diqqəti cəlb edir. Buradakı xalçaların ən əhəmiyyətli xüsusiyyətləri isə onların üzərində olan motivlərin hər birinin ayrı-ayrı mənalar daşımasıdır. Həmin motivlərdə bərəkət, qəhrəmanlıq və sevgi kimi mənalar öz əksini tapıb. Keçmiş dövrlərdə istifadə olunan xalçatoxuma dəzgahlarının da sərgiləndiyi muzey sizə qədim diyarın, həmçinin şəhərin mədəniyyətinə tarixi baxışın qapılarını da açır.

Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!

Həmzə Səngər

“Həmzə Səngər
gazetekars.com
02.03.2019

“Şərq qapısı” qəzeti
04.03.2019


      “Əgər Сəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəаliууətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı xalqımız bu qədər inkişaf edə bilməzdi”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev

Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 17 yanvar 2019-cu il tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi ilə bağlı təsdiq etdiyi Tədbirlər Planı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi ədəbiyyatımız və mədəniyyətimizə hamilik missiyasının bu gün də uğurla davam etdirildiyinin bariz nümunəsidir. Qeyd olunan Sərəncam və tədbirlər planı böyük Azərbaycançı ədibə və onun dühasının məhsulu olan satirik “Molla Nəsrəddin” jurnalına verilən yüksək dəyərin göstəricisi olmaqla yanaşı, həm də mövcud ola biləcək şübhələrə və suallara da ən layiqli və tutarlı bir cavabdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev elmin müxtəlif sahələrində o sahə üzrə ixtisaslaşmış alim qədər zəngin “bilik ehtiyatına, yüksək erudisiyaya, fenomenal yaddaşa, heyrətamiz təhlil qabiliyyətinə, hər bir mövzuya yaradıcı münasibətinə” görə ensiklopedist şəxsiyyət idi. Əminik ki, Azərbaycan xalqı yaşadığı müddətdə onun adı daim böyük qürur və iftixar hissi ilə çəkiləcəkdir. Xalqımızın xilaskarının hələ Azərbaycan SSRİ-nin tərkibində olarkən böyük cəsarət tələb edən fikirləri, siyasi fəaliyyəti, dövlət idarəçiliyi cildliklərə sığa bilməyəcək yüzlərlə tədqiqatın obyektidir.Ulu öndərin təkcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yubileylərinin keçirilməsi, ev-muzeylərinin təşkili, əsərlərinin akademik nəşrlərinin hazırlanması, onların dünya dillərinə tərcümə olunub yayılması, ədəbiyyat xadimlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması ilə bağlı gördüyü tədbirlərdən bəhs edən onlarla kitab və monoqrafiyalar yazılıb və şübhəsiz ki, bundan sonra da yüzlərlə belə sanballı əsərlər yazılacaqdır.

Ulu öndərimizin ədəbiyyata olan tükənməz sevgisi, bağlılığı və marağı, onu həyatının tərkib hissəsi, mənəvi qidası hesab etməsi, dəfələrlə çıxışlarında özünün də qeyd etdiyi kimi, sübut olunmağa ehtiyacı olmayan bir aksiomdur.

XX əsrin əvvəllərində xalqımızın milli oyanış və özünüdərk ideyalarına ardıcıl xidmət göstərən görkəmli sənətkarlarımızdan biri də Heydər Əliyevin “ədəbiyyatımızın və mədəniyyətimizin klassiki” adlandırdığı, vətən, millət, dil kimi milli dəyərlər uğrunda mübarizə aparan Cəlil Məmmədquluzadədir.

Ulu öndər üçün Cəlil Məmmədquluzadə təkcə bizim keçmişimiz, ədəbiyyat tariximizin bir dövrü, mərhələsi deyil, o həm də bizim bugünümüz, canlı müasirimizdir. Onun şəxsiyyəti çox az sayda ədiblərə qismət olan həmişəyaşarlıq qazanıb, yaradıcılığı isə öz aktuallığı, müasir dövrümüzlə səsləşməyi baxımından diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin nə özündən əvvəl, nə də sonra yaşamış görkəmli şəxsiyyətlərdən heç kimə bənzəmədiyini xüsusi olaraq vurğulayıb: “Cəlil Məmmədquluzadə çoxşaxəli yaradıcılığı ilə, əsərləri, maarifçiliyi ilə, elə o dövrdə “Molla Nəsrəddin” jurnalı ilə və başqa fəaliyyəti ilə təkrarolunmaz şəxsiyyətdir. Ümumiyyətlə, ədəbiyyatda, elmdə tarix boyu insanların iki-üç əsrdən sonra bir-birinə bənzərliyi var. Amma Cəlil Məmmədquluzadəyə nə ondan əvvəlki, nə də ondan sonrakı dahi insanlar bənzəyiblər. Onun öz siması var. Onun öz siması da Azərbaycan xalqının inkişafı üçün dəyərli xidmətlər göstərmişdir”. Maraqlı məqam budur ki, Ümummilli liderimiz Mirzə Cəlilin fəaliyyətinin bütün sahələrini eyni dərəcədə qiymətləndirib, bunların hamısının bir bütöv, tam halında xalqın azadlıq uğrundakı mübarizəsinə xidmət etdiyini, mədəniyyətimizi zənginləşdirdiyini qeyd edib. Milli şüurun və müstəqillik ideyalarının formalaşdırılmasında Cəlil Məmmədquluzadənin bədii yaradıcılığı, hər birindən qan iyi gələn səhnə əsərləri nə qədər mühüm əhəmiyyət kəsb edirsə, “Molla Nəsrəddin” jurnalı, onun felyeton və məqalələri də bir o qədər əhəmiyyətlidir.

Mirzə Cəlilin “Ölülər” tragikomediyası haqqında hələ o illərdə müxtəlif mətbuat orqanlarında S.M.Qənizadə, H.Cavid, N.Nərimanov, N.Vəzirov, Ü.Hacıbəyov və başqalarının çox müxtəlif məzmunlu müsbət fikirləri dərc olunub. Bu əsəri bəziləri N.V.Qoqolun “Revizor”, bəziləri ViktorHüqonun “Səfillər” əsərlərilə müqayisə ediblər. Ümummilli lider isə “Ölülər”i hətta ViliamŞekspirinəsərlərilə də müqayisə etməyi düzgün hesab etməyərək onu dünya ədəbiyyatında analoqu olmayan bir əsər adlandırıb, bu əsərin öz müəllifinin həm nə qədər filosof, psixoloq olduğunu, həm də yalnız özünəməxsus yaradıcılığa, fitri istedada malik olduğunu əks etdirdiyini bildirib. Onun fikrincə, əsərin ən mütərəqqi cəhəti isə müasir dövrümüz üçün son dərəcə aktual olmasıdır. Çünki tarixin istənilən dövründə mövhumata inanan insanlar qrupu olub: “Ölülər əsəri ölməz əsərdir. O, yazıldığı vaxt da lazım idi, o, bizə bu gün də lazımdır”. Eyni zamanda əsl ziyalı kimi Heydər Əliyev bu əsərin ədəbiyyatşünaslıqda sosialist ideologiyası ilə ateizm təbliğ edən bir əsər kimi qələmə verilməsinə də qarşı çıxaraq, əsərin dini deyil, dini mövhumatı, dinə qazanc mənbəyi kimi baxanları, onu öz çirkin əməllərinə uyğun şəkildə təhrif edərək yozanları tənqid hədəfi seçdiyini, islami dəyərlərin isə bizim bütün klassik ədəbiyyatımızdan qırmızı xətlə keçdiyini xüsusi olaraq vurğulayıb.

Ulu öndərimizin fikrincə, Cəlil Məmmədquluzadənin doğma xalqı qarşısındakı ən mühüm xidmətlərindən biri də onun XX əsrin əvvəllərində ana dilimizi ərəb-fars, rus-Avropa və Osmanlı dilinin yad ünsürlərindən qoruyaraq ümumxalq danışıq dilinə əsaslanan bir ədəbi dil nümunəsi təqdim etməyində və dilimizin saflaşdırılması üçün ən kəsərli vasitələrdən istifadə etməyindədir. Dahi sənətkarın bədii irsinin yorulmaz tədqiqatçısı akademik İsa Həbibbəylinin və digər ədəbiyyatşünasların “Azərbaycanın kitabı”, “Azərbaycannamə” hesab etdikləri “Anamın kitabı” dramını ümummilli liderimiz “Azərbaycan üçün çox dahiyanə əsər” hesab edərək onun aktuallığından da söz açıb: “1918-ci ildə olduğu kimi əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan da Cənubdan, Şimaldan və Qərbdən gələn təzyiqlərə və təsirlərə sinə gərməli olmuşdur”. Biz müdrik siyasətçimiz Heydər Əliyevin fəaliyyətində dilimizə böyük diqqət və qayğının, sonsuz sevginin ən yüksək təzahürünün dəfələrlə şahidi olmuşuq. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Onun “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir.

Cəlil Məmmədquluzadəni Heydər Əliyevə yaxınlaşdıran ən mühüm cəhətlərdən biri, daha doğrusu, birincisi onun xalqın taleyilə bağlı məsələlərdə xüsusi fəallıq göstərməsi, ictimai-siyasi proseslərə fəal vətəndaş, demokratiya tərəfdarı olan bir ziyalı kimi hər kəsdən öncə münasibət bildirməsi, müstəqillik ideyalarının formalaşmasında çox mühüm xidmətlər göstərməyidir. Ümummilli liderimiz Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizəni Mirzə Cəlilsiz təsəvvür etməyin mümkün olmadığını, buna görə ona ancaq bir ədəbiyyatçı, yazıçı, publisist kimi yox, həm də böyük siyasətçi kimi yanaşmaq lazım olduğunu bildirib: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”. Ulu öndər müstəqillik ideyalarının ifadə olunması baxımından Mirzə Cəlilin “Cümhuriyyət” məqaləsinin xüsusi dəyərə malik olduğunu qeyd edərək bu məqalənin müəllifini Azərbaycanın çağdaş tarixindəki böyük demokratlardan biri adlandırıb.

Azərbaycan ədəbiyyatşünaslığında həmişə yüksək qiymətləndirilən Cəlil Məmmədquluzadənin yaradıcılığına dəyişən zaman və şərait daxilində yenidən müraciətin zəruri olduğunu da ilk dəfə böyük uzaqgörən şəxsiyyət olan Heydər Əliyev vurğulayıb. Əgər vaxtilə böyük satirik şairimiz Mirzə Ələkbər Sabir özünü dəryada qərar tutan bir qocaman dağa bənzədirdisə, Ümummilli liderimiz Cəlil Məmmədquluzadə yaradıcılığını elə o dibi görünməyən dəryanın özünə bənzədib: “Doğrudur, Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir. Güman edirəm ki, hələ bir neçə nəsil Azərbaycan tarixçisi, ədəbiyyatşünası, sənətşünası, siyasətşünası, alimi Cəlil Məmmədquluzadə xəzinəsini araşdıracaq, onu tədqiq edərək yeni kəşflər edəcəkdir”. Xalqımızın xilaskarı, ədəbiyyatımızın hamisi Heydər Əliyevin on doqquz il əvvəl söylədiyi bugün də aktual olan bu sözlər mirzəcəlilşünaslıqda çox mühüm addımların atılmasına və alimlərimizin dəyərli elmi-tədqiqat əsərlərinin meydana gəlməsinə səbəb olub.

Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ev muzeyi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradılıb, 13 oktyabr 1999-cu ildə baş tutmuş muzeyin açılış mərasimində şəxsən iştirak edən Heydər Əliyev nitq söyləyib. Çıxışının sonunda o, Mirzə Cəlil irsinin, şəxsiyyəti və xidmətlərinin Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. Bugün Ümummilli liderimizin siyasi kursu onun layiqli davamçısı İlham Əliyev tərəfindən həyata keçirilir. Onun 23 yanvar 2006-cı il tarixli sərəncamına əsasən “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi respublikamızda layiqincə qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında” 2009-cu il 6 fevral tarixli Sərəncamına uyğun olaraq görkəmli yazıçı Cəlil Məmmədquluzadənin 140 illik yubileyinin qeyd olunması, 2019-cu ilin 17 yanvar tarixində isə dahi ədibin anadan olmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı möhtərəm prezidentimizin müvafiq Sərəncamı fikrimizi bir daha təsdiqləyir.

Sonda onu qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə şəxsiyyətinə, yaradıcılığına və fəaliyyətinə verdiyi yüksək dəyər təkcə mirzəcəlilşünaslıq, ədəbiyyatşünaslıq elmində deyil, həm də Azərbaycanşünaslıq tarixində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin heykəllərini uclatmayıb, onların haqqındakı dəyərli fikirlərilə onlara ən nəhəng mənəvi abidəni də ucaldıb. Məhz bu səbəbdən də əvəzolunmaz Ümummilli liderimiz də xalqımızın qəlbində və fikirlərində əbədi olaraq yaşayacaqdır!

“Nuhçıxan” İnformasiya Agentliyi
01.03.2019


      Azərbaycan XVII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Ordubad Azərbaycanda diqqət çəkən ipəkçilik məntəqələrindən idi. Burada ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Geyimin üslubu onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və cəlbedici geyinərdilər. Kişi və qadın geyimlərı yiyəsinin mənsub olduğu zümrəni əks etdirirdi. Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi. Qadın geyimi XIX əsrdə, XX əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarətdir. Qadın çiyinüstü geyimi üst köynəyi, arxalıq və çəpkən dəstidir. Üst köynəyinin üz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və ipək parçalardan tikilirdi. Aşağıda onlardan bir neçəsi haqqında məlumat veririk.

Çəpkən – çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.

Baharı – sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.

Eşmək – qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi.

Qadın bel üst geyimi – bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.

Kişi milli üst geyimi – üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlas, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.

Çuxa – içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı kürkdür.

Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları aiddir. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.

XIX əsrin sonu-XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darayi və məxmər idi. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq və meyvə ağaclarının çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi.

“Nuhçıxan” İnformasiya Agentliyi
01.03.2019


Bu məbəddə Vətənə məhəbbətin, milli dövlətçilik ənənələrinə sədaqətin saysız-hesabsız nümunələri vardır

      Naxçıvan şəhərinin baş meydanında öz əzəməti ilə ilk baxışda diqqəti cəlb edən bir bina var. Gözəl memarlıq quruluşu və dizayna malik bu binada xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi yerləşir. Hazırda ölkəmizdə dahi şəxsiyyətin adını daşıyan onlarla muzey və mərkəz fəaliyyət göstərsə də, bunlar içərisində Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyi xüsusi yer tutur.

Muzeyi digərlərindən fərqləndirən isə odur ki, bu mədəniyyət müəssisəsi ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Digər fərq isə ondan ibarətdir ki, bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir.

Bu il Heydər Əliyev Muzeyinin yaradılmasının 20 ili tamam olur. Artıq 20 ildir ki, muzeyə gələn çoxsaylı tamaşaçılar Türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi, canı qədər sevdiyi Azərbaycanı yenidən öz xalqına bəxş edən dahi Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında maraqlı məlumatlar əldə edirlər və həm də Azərbaycanın tarixini, mədəniyyətini, bir sözlə, dünənini və bu gününü öyrənirlər.

Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır. Bu sərəncamın imzalanması Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiramın bariz nümunəsi kimi tarixi, siyasi və ­mənəvi zərurətdən irəli gəlmişdir. Sərəncamın imzalanmasından ötən qısa zamanda Naxçıvan şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi yaradılmış və muzey 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır.

Dünyada yaşayan xalqların böyüklüyü sayına və yaxud yaşadığı regiona görə müəyyən edilmir. Hər bir xalqın böyüklüyü onun tarixdə qoyduğu izlərlə, yaratdığı mədəniyyətlə, yetişdirdiyi dahi şəxsiyyətlərlə ölçülür. Eyni zamanda belə xalqların bir xalq kimi formalaşmasında həmin şəxsiyyətlərin böyük rolu olur. Buna görə də hər bir xalq onun tarixində müstəsna rolu olmuş dahi şəxsiyyətlərin xatirəsini həmişə uca tutaraq onlara həsr edilmiş müxtəlif xatirə kompleksləri və muzeylər yaradır, adını park və meydanlarda, küçələrdə əbədiləşdirirlər. Belə şəxsiyyətlərin həyatı və fəaliyyəti tədqiq edilərək mənəvi dəyərlər kimi qorunub saxlanılır, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində bu dəyərlər əsas meyar kimi təbliğ edilir. Xalqımızın tarixi taleyində mühüm və əvəzolunmaz rol oynayan ulu öndər Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Vurğulamaq yerinə düşər ki, ümummilli liderin adının əbədiləşdirilməsi prosesi də ilk dəfə Naxçıvanda başlanmışdır. Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 7 may tarixli fərmanı ilə Ona ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmiş və bundan sonra ilk dəfə olaraq doğulub boya-başa çatdığı Naxçıvan şəhərində – Əcəmi seyrəngahında büstü ucaldılmışdır. 1996-cı il may ayının 10-da isə “Naxçıvan” Sərhəd Dəstəsinin qərargahı önündə ulu öndərin büstünün açılışı olmuşdur. Həmin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir:

“...Bu gün biz, sadəcə olaraq, öz istəyimizi, məhəbbətimizi və onun gördüyü işləri qiymətləndirmək naminə bu kiçik işləri burada, Naxçıvan Muxtar Respublikasında həyata keçiririk... Dünya siyasət məktəbində, dünya kəşfiyyat məktəblərində böyük bir Heydər Əliyev kursu keçilir. Nəyə görə bizim özümüzdə bunlar olmamalıdır?.. Ancaq biz etməliyik. Bizim – naxçıvanlıların buna daha çox haqqı var. Haqqı var, həm də mənən borclarıdır. İnsanlara sağlığında qiymət vermək lazımdır...”

Muxtar respublika rəhbərinin həmin dövrdə söylədiyi bu fikirlər zaman keçdikcə öz təsdiqini tapmış, bu sahədə görülən işlərin məntiqi davamı kimi 1999-cu ildə yaradılan Heydər Əliyev Muzeyi dahi şəxsiyyətin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürmüş və bu gün də həmin missiyanı uğurla həyata keçirir. Artıq 20 ildir, fəaliyyət göstərən Heydər Əliyev Muzeyi həm naxçıvanlıların, həm də bu qədim Azərbaycan diyarına üz tutan qonaqların ən çox ziyarət etdiyi ünvanlardan birinə çevrilmişdir. Muzeydəki eksponatları, sadəcə, seyr edib keçmək mümkün deyil. Çünki buradakı hər eksponatın özü bir tarixdir, həm də bu tarix təkcə Azərbaycanla məhdudlaşmır, Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana bağlayan tellərin yaddaşlara köçürdüyü böyük bir səhifədir. Və hər səhifənin altında da mənalı ömrünü xalqına, onun gələcək taleyinə həsr etmiş dahi Heydər Əliyevin imzası var. Bəlkə də, buna görədir ki, dinindən, dilindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, muzeyə gələn bütün tamaşaçılar buradakı eksponatlara maraqla baxır, Heydər Əliyev şəxsiyyətinin ucalığının bütün dövrlər və xalqlar üçün dəyərli olduğunu dərk edirlər. Yaradıldığı dövrdən bu günədək muzeyi 308 mindən çox tamaşaçı ziyarət etmişdir ki, bu ziyarətçilərin 35 mindən çoxu xarici ölkə vətəndaşı olmuşdur.

Vurğulayaq ki, ümummilli lider Heydər Əliyev də 1999-cu il oktyabrın 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək bu mədəniyyət müəssisəsinin ekspozisiyası ilə tanış olmuşdur. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar hazırda burada nümayiş etdirilir. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları ekspozisiyada öz əksini tapmışdır. Ulu öndərin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Onun uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. 420 eksponatla fəaliyyətə başlayan muzeydə 2018-ci il dekabrın 25-nə eksponat sayı 4746 olmuşdur. Həmin eksponatların 542 ədədi ekspozisiyada, 2833 ədədi kitabxanada, 1334 ədədi muzey fondunda yerləşdirilmişdir. Buradakı kitabxanada isə 650 adda 1300-dən çox kitab saxlanılır. Qeyd edək ki, fəaliyyət göstərdiyi dövrdə muzeyin maddi-texniki imkanlarının genişləndirilməsi də diqqətdə saxlanılmışdır. Belə ki, 2005-2006-cı illərdə əsaslı şəkildə yenidən qurulan muzey binası 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. 564 kvadratmetrlik ekspozisiya zalından ibarət muzeyin kompozisiya, dizayn, işıq və ornament tərtibatı yüksək zövqlə işlənmişdir. Burada tamaşaçılara lazımi muzey xidməti göstərmək üçün kitabxana yaradılmış, ulu öndərimiz haqqında çəkilmiş filmləri seyr etmək üçün monitor yerləşdirilmiş, kompüter dəstləri quraşdırılmış, muzeyin (www.aliyev-museum.nakhchivan.az) internet saytı yaradılmışdır. Bəli, Heydər Əliyev Muzeyi ölkəmizdə analoqu olmayan bir elmi-mədəni müəssisədir. Bu müəssisə tədqiqatçılar üçün zəngin mənbədir. Çünki Azərbaycanı tanımaq elə dahi Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq və yaxud ümummilli liderimizin irsini öyrənmək elə Azərbaycanı, onun tarixini, mədəniyyətini öyrənmək deməkdir. Bu mənada, muzeydəki hər bir eksponat ayrılıqda elmi-tədqiqat mövzusudur. Heydər Əliyev Muzeyi, eyni zamanda xalqımızın dövlətçilik məbədidir. Bu məbəddə Vətənə məhəbbətin, milli dövlətçilik ənənələrinə sədaqətin saysız-hesabsız nümunələri var. Bütün bu parametrlərinə görə Heydər Əliyev Muzeyində nümayiş etdirilən eksponatlar yaradıcı insanlar üçün ilham mənbəyi, elm adamları üçün isə dəyərli məlumatlar toplusudur. İl ərzində burada ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla elmi konfranslar keçirilir, muzeyə tələbələrin və məktəblilərin ekskursiyaları təşkil olunur, onlar üçün lektoriyaların və açıq dərslərin keçilməsi təmin edilir. Təkcə 2018-ci ildə Heydər Əliyev Muzeyini 16 min 815 tamaşaçı ziyarət etmişdir ki, bunların da 11 min 893 nəfəri yerli, 4922 nəfəri xarici ölkələrdən gələn qonaqlar olmuşdur. Muzeydə olan tamaşaçılara Azərbaycan və ingilis dillərində 1744 ekskursiya keçirilmişdir. Ötən il muzeyi internet üzərindən ziyarət edən tamaşaçıların sayı 14 min 253 olmuşdur.

Muzeyi ziyarət edən qonaqlar sonda “Xatirə kitabı”na öz ürək sözlərini yazırlar. Bu kitabda müxtəlif ölkələrin dövlət başçılarından tutmuş hökumət rəhbərlərinədək, beynəlxalq təşkilatların rəhbərlərindən tutmuş Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirlərinədək çox insanın imzası var. Mən isə yazıya muzeyi ziyarətdən sonra “Xatirə kitabı”na öz düşüncələrini qeyd etmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə son vermək istərdim:

“...Ulu öndər Heydər Əliyev öz doğma Vətənini – Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır”.

"Şərq qapısı" qəzeti
01.03.2019


      Novruz bayramından əvvəl qeyd olunan çərşənbələr onlarla bağlı ritual və mərasimlərdən ibarətdir. Çərşənbələrin bu bayramın özəlliklərini daşıyaraq bəzi təsəvvürlərlə bağlı olduğu məlumdur. İlaxır cərşənbələrlə əlaqəli fikirlər müxtəlif mifoloji düşüncələrdən qaynaqlanır. “Novruz” sözünün izahı məlumdur: yeni gün. İlaxır çərşənbələrlə bağlı görüşlər su, torpaq, yel və od mifizmi ilə əlaqədardır.

Su çərşənbəsi xalq arasında “sular Novruzu”, “sular bayramı”, “gözəl çərşənbə” adları ilə də tanınmaqdadır. Bu çərşənbədə Naxçıvanda müxtəlif ayin və mərasimlərin həyata keçirilməsi mütləqdir ki, onların icrası bir çox mifoloji inamların əsasını təşkil edir. Xoşagəlməz yuxuların suya danışılması, su ilə qorxunun bədəndən çıxarılması, pal-paltara, ev-eşiyə təzə su çilənməsi qədim türklərin suya tapınma inamı ilə əlaqəlidir. Bunu xalq yaradıcılığı örnəkləri də sübut edir: “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Lal axan sudan keçməzlər”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar”, “Su bir yerdə qalanda iylənər” və sair kimi nümunələrdə də suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğunu göstərir.

Torpaqla bağlı Naxçıvanda xalq arasında müxtəlif kiçik janr nümunələri yaddaşlarda yaşamaqdadır. Qədim türkün torpağa tapınma ənənəsini özündə ehtiva edən “Torpaq qızıl quşdur, əldən buraxdın, uçar gedər”, “Torpaqla oynayan ac qalmaz”, “Torpaq ovuclayan qızıl ovuclar” kimi atalar sözləri, sözün magik qüvvəsinə inamı özündə əks etdirən “Torpağın sanı yaşayasan”, “Torpaq kimi bərəkətli olasan”, “Torpağı xəbər aparmasın” (dünyadan köçən biri haqqında danışılarkən istifadə olunur), “Xırmanından bin-bərəkət əskik olmasın” (Xırmanüstü mərasiminin qalıqlarını özündə yaşadır), “Torpağını torbalarda daşısınlar”, “Üzün torpaq kimi qara olsun”, “Torpaq gözünü tutsun” və sair kimi alqış və qarğış nümunələri torpaq çərşənbəsinin sakral mahiyyətini özündə daşıyaraq bu gün də xalq yaddaşının məhsulu kimi işlənmə aktivliyinə malikdir. Yel dünyanın yaranmasında əsas sayılan amillərdəndir. Yel nəfəsalma mexanizmi kimi təzahür edərək həyat prinsipi ilə birbaşa bağlanır. Bu obraz həyat simvolu kimi, səma qapılarını açan və örtən varlıq kimi təsəvvür edilir. Azərbaycan türklərində “Yel baba” obrazı kimi tanınan bu varlıq dünyada nə külək varsa, hamısının ixtiyarını öz əlinə alır. Türklər arasında belə bir mifoloji inam dolaşmaqdadır ki, yel yeldir, onu da əsdirən var. Naxçıvan ərazisindən toplanmış xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək olar ki, yel çərşənbəsində müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət başlıca mövqe daşımışdır. Naxçıvanda xalq arasında yel çərşənbəsində yel əyəsinin ayıldığına inam dolaşmaqdadır. Xalq belə deyir: “Yel çərşənbəsində yel ayılır, küləyh əsir, ağaşdar cifdənir, havanın ağırrığı sınır”; “Xırman savıran zaman Yel babanı çağırıb dəəllər ki, Yel baba, gəl atıva saman apar”. Bu inamlar qədim türklərdə yelin kult səviyyəsində olduğunu nümayiş etdirir. Yel çərşənbəsində muxtar respublikamızın müxtəlif bölgələrində bir-birindən maraqlı ayin və rituallar icra edilməkdədir. Onların çoxunda Yel Tanrısına sitayiş əks olunur. Evlərdəki paltar-palazın təmiz havaya çıxarılıb tozunu təmizləmək, mövsüm zamanı taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel tanrıçılığına inamı təsdiqləyir. Naxçıvanda yel çərşənbəsi zamanı qəbirüstü ziyarətlər də təşkil olunur. Belə ki, dünyadan köçən insanların xatırlanması münasibətilə ehsanlar bişirilib paylanır, məzarlar ziyarət edilir. Həmin ildə yas düşən evin sakinləri yasdan çıxarılır.

Ordubad rayonunda buna “paxır bayramı” deyilir. Belə ki, bu çərşənbəyədək qırxı çıxmayan mərhumun evinə qohum-qonşular toplaşırlar. Mərhumun ailə üzvləri ilə birgə evdə bayrama hazırlıq görürlər. Şirniyyatlar bişirilir, evin sakinlərinə qara geyimləri bayram libasları ilə əvəzləmək tövsiyə olunur. Beləliklə, həmin ailə də bayram əhval-ruhiyyəsindən kənarda qalmır. Od təbiətin dörd ünsüründən biri, əski çağlardan türkün dünyagörüşündə müqəddəs bilinən anlayışlardandır. Od çərşənbəsi Günəşə, oda, odu qoruyub saxlama inamına əsasən yaranmışdır. Qədim türk mifologiyasına görə, odu Göy Tanrı veribdir. Altay miflərinə əsasən ilk odu böyük Ülgen – Bay Ülgen yaradıb. Türk xalqlarında Umay ruhu ilə bağlı təsəvvürlər mövcuddur ki, bunlar da od ruhu ilə əlaqəlidir. Abakan tatarlarından toplanmış rəvayətə görə, od vaxtilə qoca İldırımın kiçik oğlu olub. Qoca İldırımın böyük oğlu Günəş, ortancıl oğlu Ay, kiçik oğlu isə Oddur. Odun İldırım Tanrısı tərəfindən yaradıldığı haqqında qədim mənbələrdə fikirlər mövcuddur. Şamanizmdə odun saflaşdırıcı gücünə inanılmış, ona görə də bədxah ruhların vurduğu mənfi təsirdən qorunmaq üçün onun təmizləyici gücündən istifadə edilmişdir. Odla bağlı müxtəlif folklor örnəkləri də məlumdur: “Od yanan yerdən tüstü də çıxar”, “Od qalar köz olar, qız qalar söz olar”, “Od qalayıb oda düşmüşük” kimi atalar sözləri, “Çərşənbədə ocağı boş qoymazlar”, “Ocaqda kül titrəyəndə od xeyrə oynayar” kimi inanclar, “Ocağın bərəkətli olsun”, “Ocağın sönməsin”, “Ocağına nur çilənsin” və ya “Oda düşəsən”, “Od-ocağa həsrət qalasan” kimi alqış və qarğış nümunələri qədim türk mədəniyyətində od-ocaq anlayışı ilə bağlı arxaik düşüncəni ifadə edir. Qədim diyarımızın bəzi bölgələrindən toplanılan xalq yaradıcılığı örnəklərinə əsasən söyləmək mümkündür ki, od çərşənbəsinin xarakterik xüsusiyyətlərindən biri də həmin gün qalanmış tonqal ətrafında yallı rəqsinin icrasıdır. Məlum olduğu kimi, qədim türk ənənəsində müxtəlif ayin və mərasimlər zamanı yallı rəqsinin icrası mütləq sayılırdı. Məhz od çərşənbəsində tonqal ətrafında yallının icrası od hamisinə olan inancı nümayiş etdirir. Qeyd edək ki, qədim türk mifoloji dünya duyumunda od hamisi Tanrının kiçik oğlu kimi qəbul edilirdi. Tonqal ətrafında yallının icrası da od hamisinə olan ənənəvi təsəvvürdən irəli gələn hörmət və ehtiramı ifadə edir. Naxçıvanda Novruz bayramı ərəfəsində təkcə axır çərşənbə deyil, bütün ilaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Müxtəlif ayin və rituallar icra olunur. Bunlardan ilaxır çərşənbə – od çərşənbəsi isə mərasim, ayin, etiqad, müxtəlif oyun və şənliklərin daha çox icra olunduğu çərşənbədir. Ordubad rayonunda Novruzun ən cox sevilən ərəfəsi – ilaxır çərşənbə, yəni od çərşənbəsi “Yeddiləvin” adlanır. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Yeddiləvin axşamı tonqallar qalanır. Ən böyük tonqal dağların uca nöqtəsində yandırılır.

Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?”

Firavan yaşayış, bolluq rəmzi kimi xarakterizə edilən, ən qədimlərdən türklərin yeni gün bayramı olan Novruz öncəsi çərşənbələrdə təbiətin dəyişməsini, ölən təbiətin yenidən dirilməsini müşahidə edən xalq baharın gəlişini böyük hadisələrdən biri kimi qarşılayır.

"Şərq qapısı" qəzeti
23.02.2019


      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən bu il böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi qeyd edilir. Azərbaycan publisistikasını, dramaturgiyasını bənzərsiz əsərlərlə zənginləşdirən, yeni bir ədəbi məktəb yaradan, “kiçik hekayənin böyük ustadı” kimi tanınan qüdrətli naşir “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu.

Ədibin yaradıcılığında bir müddət onun Nehrəmdə yaşayıb fəaliyyət göstərdiyi dövr də xüsusi yer tutur. Burada dərs dediyi illərdə fəaliyyətini millətin maariflənməsinə, qəflət yuxusundan oyanmasına, tərəqqisinə həsr edən böyük ədib Azərbaycan ədəbiyyatının ən dəyərli nümunələrini yaradıb. Bununla bağlı Cəlil Məmmədquluzadənin bu kənddə yerləşən Xatirə Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevlə həmsöhbət olduq.

– Akif müəllim, Azərbaycan müstəqillik əldə etdikdən sonra ədəbi-mədəni irsimizin unudulmaz himayədarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına da böyük ehtiram, diqqət və qayğı göstərilməyə başlandı və bu müqəddəs məram bu gün də layiqincə davam etdirilir. Siz də təsdiqləyərsiniz ki, ölkə başçısının böyük ədibin anadan olmasının 150 illik yubileyinin keçirilməsi üçün Sərəncam imzalaması, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən Tədbirlər Planının təsdiq olunması milli birlik və Azərbaycançılıq ideologiyasının yaradıcılarından olan dahi demokratın həyatına və bədii-publisistik irsinə verilən yüksək qiymətdir.

– Ömrünü xalq yolunda şam kimi əridən bu dahi yazıçının 150 illik yubileyinin qeyd olunması ilə bağlı qəbul edilən tarixi qərarları eşidən zaman bir ziyalı, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinə uzun müddət rəhbərlik edən bir vətəndaş kimi qürur hissi keçirdim. Bir çox ədəbi janrlarda öz qələmini uğurla sınayan böyük vətəndaş publisistin əsərləri müstəqillik illərində kütləvi tirajlarla nəşr olunub, xatirəsi əbədiləşdirilib, yaradıcılığına və şəxsiyyətinə böyük qiymət verilib. Ali Məclisin Sədri tərəfindən imzalanan Sərəncamla təsdiqlənən “Oxunması zəruri olan kitabların Siyahısı”nda ədibin “Hekayələr”inin yer alması da Mirzə Cəlil yaradıcılığının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasında nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.

– İstər mövzu, istərsə də dərin həyat müşahidələrinin formalaşması baxımından Nehrəm kəndi dahi ədibin həyatında hansı mövqeyə malikdir?

– Cəlil Məmmədquluzadə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan quberniyasının Uluxanlı və Şərur rayonunun indiki Cəlilkənd kəndlərinə gəlir və burada müəllim kimi fəaliyyətə başlayır. Sonradan yaradıcılığını daha da genişləndirmək, ziyalılarla sıx əlaqədə olmaq üçün Naxçıvan şəhərinə yaxın kəndlərdə məskunlaşmaq istəyir. Buna görə də o, 1890-cı ildə Nehrəmə gəlir. Çox keçmir ki, Nehrəmdə maarifpərvər ziyalı, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi ilə görüşür. XX əsr Azərbaycan ədəbiyyatında yeni bir cığır açan sənətkar 1894-cü ildə ilk irihəcmli nəsr əsəri olan “Danabaş kəndinin əhvalatları” povestini yazır. Əsərdə XIX əsrin sonları üçün Azərbaycan kəndinin feodal-patriarxal mühiti, zülm və özbaşınalıqlar, xalqı cəhalətdə saxlayan mövhumat və xurafat əks etdirilir. Bənzərsiz nasirin qələmi ilə çar Rusiyası dövründə Azərbaycan kəndlərinin ümumi mənzərəsi əks olunub. Povestdə diqqətçəkən məqamlardan biri ictimai quruluşun əzib təhqir etdiyi Məhəmmədhəsən əmi kimi sadəlövh kəndlilərin mənəvi hüquqsuzluğudur. Əsərdə Xudayar bəy kimi kəndxudalar, rüşvət xatirinə İslam qanunlarını pozan qazılar, qlava və kərbəlayılar, cəhalət və nadanlıq girdabında boğulmuş kəndlilər Mirzə Cəlil qələminin əsas tənqid obyektləri olub. Nicat yolunu yalnız maariflənmək, elm öyrənməkdə görən Cəlil Məmmədquluzadə təkcə yazıçı-publisist kimi öz satirik qələmi ilə deyil, ziyalı, vətənpərvər kimi ictimai fəaliyyəti ilə də bu ideya uğrunda mübarizə aparıb. Bunun üçün o, Nehrəmdə məktəb açıb, bacısı Səkinə xanım da daxil olmaqla, səkkiz qızı məktəbə cəlb edib. O dövrdə xurafatın və fanatizmin hökm sürdüyü bir dövrdə qızları təhsilə cəlb etmək üçün böyük iradə, qətiyyət tələb olunurdu. Mirzə Cəlil o zaman mövcud mühiti yaxşı bildiyi üçün hətta kəndlilərin daha çox rəğbət bəslədiyi, mütərəqqi fikirli din xadimlərinin nüfuzundan belə, istifadə edib. Bu xəbər qısa bir vaxtda mətbuatda yer aldı və imperiyanın mərkəzindən çox-çox uzaqlarda yerləşən bir müsəlman kəndində qızların təhsilə cəlb olunması təşəbbüsü, deyərdim ki, şok effekti yaratdı və o, qabaqcıl müəllim kimi şöhrət tapdı.

Ədibin şəxsi həyatının da Nehrəmlə bağlı mühüm məqamları var. O, burada yaşayarkən Nağı kişinin qızı Həlimə xanımla ailə qurub və bu izdivacdan Münəvvər xanım Məmmədquluzadə dünyaya gəlib. Münəvvər xanım da dövrünün mütərəqqi fikirli ziyalı qadınlarından biri olub. SSRİ Ali Sovetinin deputatı Münəvvər xanım Nehrəmdə tibb bacısı kimi fəaliyyət göstərib, 10 il Naxçıvanda Səhiyyə Şöbəsinin müdiri işləyib. 23 yaşımda onunla görüşmək mənə də nəsib oldu. Ömrünün son illərində sovet hökuməti tərəfindən mənəvi terrora məruz qalan və buna əsərlərinin çoxunu sobada yandırmaqla mənəvi etirazını bildirən Mirzə Cəlilin qızı da sovet ideologiyasının yaratdığı mənəvi-psixoloji sarsıntı, qorxu altında atası haqqında ətraflı danışmaqdan ehtiyatlanırdı. Bu da dövrün reallıqları idi. Heç şübhəsiz ki, Cəlil Məmmədquluzadə yaşasaydı, o da xalqının düşünən beyinlərindən biri kimi ailəsi ilə birgə bolşevik rejimi tərəfindən repressiyaya məruz qalacaqdı.

–Yuxarıda da qeyd etdiyimiz kimi, ədəbiyyatımızın mirzəsi şüur­larda, düşüncələrdə yeniliklər yaratmaqda təkcə sözün qüdrətinə arxalanmayıb. Bu mənada, ədibin Nehrəmdəki ictimai fəaliyyəti barədəki fikirləriniz də maraqlı olar.

– Görkəmli sənətkar, vətənpərvər ziyalı 1896-cı ildə ilk dəfə olaraq kənd məktəbində diyarşünaslıq muzeyini yaradıb. Nəzərə alsaq ki, Azərbaycanda ilk muzey Cümhuriyyət dövründə – 1919-cu ildə fəaliyyətə başlayıb, onda muzey yaradıcılığı da böyük ədibin adı ilə bağlıdır. O, Naxçıvan tarixi ilə bağlı olan bir çox maddi-mədəniyyət nümunələrini bu muzeydə toplaya bilmişdi. Bolşeviklərin hakimiyyətə gəlişi ilə həmin mədəniyyət müəssisəsinin də fəaliyyəti dayandırıldı. Kənd camaatının əməyini yüngülləşdirmək məqsədilə Tiflisdən ucqar əyalət kəndinə dəmir kotan gətirmişdi. Bundan başqa, fəaliyyətinin Nehrəm dövründə latın qrafikasına keçmək üçün təşəbbüs göstərib, bu məqsədlə Peterburqa gedərək “Novoe vremya” qəzetinin redaktoru ilə görüşüb. Ümumilikdə, onun məqsədi, amalı, sadəcə, xalqa xidmət, onun yaralarını sağaltmaq olub. Ömrünün hər dəqiqəsi, hər anı xalq üçün sərf olunub.

– Muzeydə qorunub saxlanılan eksponatlar və tarixi sənədlər, Mirzə Cəlilin 150 illik yubileyi ilə bağlı reallaşdırılacaq tədbirlər haqqında da oxuculara məlumat ­vermənizi də istərdik.

– Əvvəla, onu deyim ki, müstəqillik illərində muzey işinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb, fondları zənginləşdirilib. Bu işdə sakinlər də yaxından iştirak edirlər. Dahi demokratın müasir üslubda qurulan Xatirə Muzeyində isə ona aid geyimlər, asılqan, beşik, şamdan kimi əşyalar, eləcə də maarifçi-ziyalı Əziz Şərifin atası Qurbanəli Şərifzadə ilə yazışmaları saxlanılmaqdadır.

Mədəniyyət müəssisəsində Mirzə Cəlilin 150 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub. Fevral ayının 16-da muzeydə muxtar respublikanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə tədbir keçirilib. Belə tədbirlər ilboyu davam etdiriləcək.

Böyük ədib, yaradıcılığı ilə əsl vətənpərvərlik mücəssəməsi olan dahi Mirzə Cəlilin ruhunun yaşadığı, mənəvi irsinin təbliğ olunduğu muzeydən bu hisslərlə ayrılıram: O dövrdə qızları təhsilə cəlb etməklə böyük bir iradə, qətiyyət, vətəndaşlıq örnəyi nümayiş etdirən Cəlil Məmmədquluzadənin millətinin maariflənməsi ilə bağlı arzularını müstəqil dövlətimiz reallığa çevirib. İndi kənddəki 3 böyük məktəbdə ölkəmizin gələcəyi hazırlanır. Nehrəm ölkəmizin və muxtar respublikamızın ictimai-siyasi, mədəni həyatına tanınmış simalar bəxş etməkdədir. Zamanında Tiflisdən gətirilən dəmir kotana ümid bəsləyən nehrəmlilərin bu gün hər cür texnika və texnoloji avadanlıqları var. Vaxtilə müəllim işlədiyi Nehrəm kənd məktəbində muzey yaratmaq üçün Xalq Məktəbləri İdarəsi müdiriyyətindən yazılı müraciət edərək hansı çətinliklər hesabına icazə alan Mirzə Cəlilin bu gün kənddə müasir üslubda qurulan Xatirə Muzeyi fəaliyyət göstərir, zəngin ədəbi irsi təbliğ olunur. Bir sözlə, Nehrəm bugünkü inkişafı ilə qüdrətli qələm ustasının bir zamanlar arzuladığı, görmək istədiyi bir görkəmdədir.

"Şərq qapısı" qəzeti
19.02.2019


      Milli musiqi alətlərinin mahir ifaçısı Kamal Babayev bu sənətin sirlərini qardaşı Kamildən öyrənib. Əvvəlcə ustadı ilə birlikdə el şənliklərində ney, zurna çalıb. İlk dəfə daha çox tamaşaçı qarşısına isə 16-17 yaşlarında çıxıb ki, bu da 1970-ci illərə təsadüf edir. Qədim və müasir Şərur yallılarının ifaçısı kimi sənətdə günbəgün, aybaay, ilbəil püxtələşib, xalqın, elin dünya boyda hörmətini, sonsuz məhəbbətini qazanıb.

Ömrünü-gününü nəfəsli alətlərə bağlayaraq pərəstişkarlarının rəğbətini qazanmış Kamal Babayev tütək, balaban və qara zurnada milli rəqslərimizi, el havalarını, yallıları xüsusi məhəbbət və məharətlə ifa edir. Sovet dövründə müxtəlif xarici ölkələrdə -- Macarıstanda, Polşada, Rusiyada, Türkiyədə, Misirdə keçirilən festivallarda iştirak edərək laureat olub. Sinəsini bu yarışmalardan qazandığı müxtəlif nişanlar bəzəyir.

Kamal Babayev söhbət zamanı dedi:

- 1937-ci ildə deputat kimi seçiciləri ilə görüşü zamanı Şərurda olan dahi bəstəkar Üzeyir Hacıbəyov el şənliklərində Şərur yallıları ilə maraqlanarkən qətiyyətlə söyləyib: «Yallının Vətəni Şərurdur, yallı Şərurda doğulub». Bu müdrik fikirdən gələn mənanın açıqlamasını təsdiqləmək elə də çətin deyil. Rayonumuz, eləcə də Naxçıvan diyarı bəlkə də yeganə bölgədir ki, elə bir toy-düyünü, şənliyi, mərasimi yoxdur ki, yallısız keçsin. Ta qədimdən belədir, artıq yallı bir növ Şərurun musiqi rəmzinə çevrilib. Xüsusilə, gəlin aparanda toy karvanı geniş bir düzənlikdə, yaxud çəmənlikdə mütləq dayanır, həm qız, həm də oğlan tərəfi əl-ələ tutub yallı gedir. Yallı həm də birlik, həmrəylik rəmzidir. Hər fəslin və mərasimin öz yallısı var: «Bahari», «Urfani», «Köçəri», «El yallısı», «Tənzərə», «Tirmə şal», «Qaladan-qalaya», «Şəruri», «Siyaquti» və başqaları. Yallıda əl-ələ tutaraq coşğunluqla ünsiyyətdə olan insanlar ətrafa olduqca xoş emosiyalar yayırlar. Rayonumuzda yeni yallılar da yaranır və bu nümunələrə uyğun sözlər də qoşulur.

Qədim musiqi alətlərimizin mahir ifaçısı Kamal Babayev bunları da əlavə edir:

- Dünyanın bir çox ölkələrini gəzmişəm. Həmişə bizim yallılara böyük maraq duymuşam. Elə bir səfərim olmayıb ki, hansısa festivaldan, yarışmadan əliboş qayıdam.

Rayonumuzda 3 yallı ansamblı fəaliyyət göstərir. Bu ansamblların üzvləri yaş fərqinə görə seçilir: «Şərur qönçələri» uşaq yallısı, gənclərdən ibarət «Şərur» Xalq Yallı Ansamblı, ahılların iştirakı ilə «Nurani» ansamblı. Hər üç ansamblın yallı və rəqslərini Kamal qara zurnası ilə müşaiyyət edir. Ümumiyyətlə, bu el sənətkarı bütün şənliklərdə, möhtəşəm konsert salonlarında çaldığı nəfəsli alətlərlə tamaşaçıların ürəyinə yol tapır.

Azərbaycan milli musiqi mədəniyyətinin, folklorunun inkişafında göstərdiyi xidmətlərə görə Kamal Babayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adı verilmiş, Prezident mükafatına layiq görülmüşdür. Ustad sənətkar bu təltiflərdən böyük fəxarət duyduğunu, qürur hissi keçirdiyini bildirir:

- Müxtəlif ölkələrdən Naxçıvana mükafat kimi «Qızıl açar», «Qızıl balta» nişanları, medallar, diplomlar gətirmişik. Onların hər biri mənə əzizdir. Amma öz dövlətimizin mükafatı mənim üçün hamısından üstündür.

Kamal Babayev söhbətinə onu da əlavə etdi ki, Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş Qərarla «Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri» YUNESKO-nun Təcili Qorunma siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli Sərəncamı ilə «Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı»nın təsdiq edilməsi isə ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq, tanıtmaq, eyni zamanda bu ənənələri dövlət səviyyəsində qorumaq məqsədi daşıyır.

Kamal Babayev bu gün yaradıcılığının zirvəsindədir. Yenə əvvəlkitək öz üzərində yorulmadan çalışır. Zaman axarında şöhrətli el sənətkarının həyatında çox dəyişikliklər olmuşdur, tək dəyişməyən isə sənətinə, bir də Şərur yallılarına olan sönməz məhəbbətidir. İllər saçına dən salıb ağartmağa çalışdı. Bu saç ağlığında dünyanın ən böyük sevinc payı olan sənətdə qazandığı üzüağlığı da var.

"Nuhçıxan" İnformasiya Agentliyi
17.02.2019


      “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı”...

Ədəbiyyatımızda əbədiyaşarlıq qazanmış dahi sənətkar Mirzə Cəlilin bu qiymətli sözlərinin canlı ifadəsini elə ustad yazıçının öz həyat və yaradıcılığında bütün yönləri ilə görmək mümkündür. Müəllifin istər ən kiçik hekayələrinin, felyetonlarının, məqalələrinin, məktublarının, eləcə də dram əsərlərinin hər sətrində bir işıq görürük. Böyük ədibin ürəyinin və sabaha ümidinin işığını. Bu işıq hər birimizə təlqin edir ki, Vətəni sevmək xalqı, milləti sevməkdir, doğma torpağı sevməkdir. Bu ən ali, ən bəşəri, ən ülvi hissdir. Bu, kamillikdir, mənəviyyatımızın minillik həqiqətidir.

Zaman-zaman bu hissləri yaşadanlar, bu hissləri yaşayanlar bu gün yaddaşlarda özlərinə yaşa­maq hüququ qazanıblar. Ürəklərdə ­təsdiqləniblər.

Mirzə Cəlil şəxsiyyəti, Mirzə Cəlil vətəndaşlığı, Mirzə Cəlil ­ziyalılığı...

İnanmıram ki, ikinci bir hansısa qələm sahibi öz xalqını, öz millətini, öz Vətənini, öz dilini Mirzə Cəlil qədər sevə bilsin. Bu, reallıqdır. Professor Cəfər Xəndanın sözlərini xatırlayıram: “Cəlil Məmmədquluzadənin əsərlərində... böyük vətənpərvərlik ruhundan doğan bir lirika da vardır. Bu lirika bəzən gülüşlə birləşsə də, bu gülüş göz yaşları arasından doğan gülüşdür”.

İnanmıram ki, hansısa yazı-pozu adamı Mirzə Cəlil kimi dəlicəsinə sevdiyi xalqının dərdlərini, ağrılarını belə çılpaqlıqla, yanarlılıqla qələmə alsın. Bu da heç bir analoqu olmayan həqiqətdir.

Qələmə aldığı əlyazmalarını sobaya basıb yandıranda Mirzə Cəlilin çəkdiyi ağrılar, əzablar o əsərləri yazarkən çəkdiyindən çox-çox artıq idi. O əsərlər bu gün özünə əbədilik qazanmış “Ölülər”, “Anamın kitabı”, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Azərbaycan” əsərləri ilə yanaşı, milli ədəbi xəzinəmizi, şübhəsiz ki, daha da zənginləşdirəcəkdi. Bu gün həmin hissləri yaşamaq nə qədər ağırdırsa, ədəbiyyatımızın itirdiyi ondan ölçüyəgəlməz qədər ağırdır. Belə böyük itkinin yerini doldurmaq bu gün ilahinin də qüdrətindən uzaqdadır.

Vətən yalnız coğrafi məkan idimi Mirzə Cəlil üçün?

“Dünyalar titrədi, aləmlər mayallaq aşdı, millətlər yuxudan ayılıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina eləməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə Vətən? Ax, unudulmuş Vətən. Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları... Niyə sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım? Sizi deyib gəlmişəm. Sizi deyib gəlmişəm”.

... Kim idi Mirzə Cəlil üçün millət, xalq?

Gülbaharmı, Nazlımı, İsgəndərmi, Novruzəlimi?

Yoxsa Şeyx Nəsrullah dünyası, Qurbanəli bəylər?

Mirzə Cəlilin Gülbahara, Nazlıya, İsgəndərə, Novruzəliyə olan məhəbbəti dünyanın ən uca, ən ülvi, ən munis məhəbbətidir.

Novruzəlilər də, usta zeynallar da Mirzə Cəlilin özününkülər idi. Burada dahi yazıçının “Anlamaq dərdi” yada düşür. Torpaq kimi bölünməyimizdən əvvəl içimizdə neçə-neçə yerə bölünməyimizi böyük ustad yana-yana qələmə alırdı. Onun elə böyüklüyü də ondaydı ki, bizim hamımızın gördüyümüzü, lakin demədiyimizi və ya deyə bilmədiyimizi, ola da bilsin demək istəmədiyimizi qələmə alırdı.

Mirzə Cəlil milləti olduğu kimi görürdü.

Mənəvi yoxsulluğun, cəhalətin, nadanlığın, yad təsirlərə uymuş milli cılızlığın tüğyan etdiyi bir dövrdə özünüdərkin kamillik zirvəsindən böyük ustad xalqı seyr edirdi, düşünürdü: “Bu millət öz dilinə, öz kökünə niyə belə baxır? Bu milli dəyərlər tək mənə, sənə, ona mənsub deyil axı, bütün bir xalqa məxsusdur. Ata-babalarımız onları bizə əmanət veriblər. Əmanətə beləmi baxarlar? “Dilsiz xəlq olmayan millətin” dilinə o milli “intelligentlər” niyə nankorluqla yanaşırlar?” Cavab tapa bilmirdi; yenə gücü qələminə çatırdı ki, ürəyindən keçənləri kağıza köçürsün.

Elə bir əsərinə rast gəlmək mümkün deyil ki, orada Mirzə Cəlilin ürək yanğısı, qəlb göynərtisi hiss edilməsin. Belə də olmalıdır. Çünki mənən uca olmayanlar ucalıqdan danışa bilməzlər. Torpaq, Vətən, millət, dil haqqında ancaq Mirzə Cəlil ucalığının fövqündə dayananlar danışa bilərlər.

Xalq yazıçısı Anar yazır: “Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. Cəlil Məmmədquluzadə də babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim bir çox problemlərimizə cavab verən müdrik qardaşı kimi baxır. Mən bilirəm, bizim nəsil də gedəcək, amma o qalacaq və oğlumun yaşıdı olacaqdır...

Və bizdən sonra gələn nəsillər onu yenidən nəşr edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər”.

Bu gün azad, müstəqil, mənəvi tərəqqiyə çatan, milli əqidə birliyi nümayiş etdirən Azərbaycan korifey sənətkarın arzularının reallaşması, illərlə yana-yana uğrunda mübarizə apardığı ideyaların gerçəkləşməsi deməkdir. Məhz buna görə də xalqımız dahi yazıçını bu gün də böyük minnətdarlıq və dərin ehtiramla anır. P.S. Bunun ifadəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixdə Sərəncam imzalayıb. Bu, bədii nailiyyətlərlə zəngin ədəbi irsində Azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmış dahi yazıçının şəxsiyyətinin, fəaliyyətinin və yaradıcılığının bu gün də əbədiyaşarlılığının təsdiqidir.

"Şərq qapısı" qəzeti
15.02.2019


      Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk peşəkar aktrisalarından olan Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyevanın doğum günüdür. O, 1909-cu il fevralın 15-də Rusiyanın Qazan şəhərində anadan olub. Əslən Bakıdan olan həyat yoldaşı ilə ailə qurduqdan sonra Azərbaycanda yaşayıb.

Naxçıvan teatrında uzun illər öz sənət bacarığı, istedadı ilə tamaşaçıların sevimlisinə çevrilən Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva ömrünü bu teatra həsr edən təkrarolunmaz sənətkar, Xalq artisti Sofya Hüseynovanın anası, Xalq artistləri Rəfael Dadaşovun və Rövşən Hüseynovun nənəsidir. Bu gün Naxçıvanda çox az ailə var ki, üç nəsil bir sənətin davamçılarını yetişdirsin.

Bu ailənin sənət ənənəsinin banisi təbii ki, Xədicə xanımdır. O, 1920-ci illərdə Naxçıvana ezam olunan hərbçi həyat yoldaşı ilə muxtar respublikaya gələndə teatrda onun kimi qadın aktrisalara çox ehtiyac var idi. Ona görə də, Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva teatrda işləmək üçün müraciət edəndə onu məmnuniyyətlə truppaya qəbul etdilər. Bu gənc, istedadlı aktrisanın peşəkarlığı ilk illərdən teatrın truppasının işini xeyli asanlaşdırdı. Çünki uzun illər Bakıdakı teatrda olduğu kimi, Naxçıvan teatrında da qadın rollarını ya kişilər, ya da qeyri-millətlərin nümayəndəsi olan, Azərbaycan dilində danışmaqda çətinlik çəkən qadınlar oynayırdı. 1923-cü ildə Naxçıvan teatrına Dövlət Teatrı statusu verilib. Muxtariyyət illərində isə Bakıdan qadın aktrisalar teatra dəvət alıblar. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan teatrda ciddi boşluq hiss olunurdu. Məhz həmin vaxtlarda Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirdi. İstedadı ilə seçilən aktrisanın Naxçıvan teatrında ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının “Sevil” əsərində Edilyanı, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Xumarı oynayıb. Onun oynadığı rolların sayı 150-dən artıqdır. Bu isə Naxçıvan teatrında çox az sənətkara qismət olan bir taledir.

1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını alan Xədicə Qazıyeva bu teatrın səhnəsində maraqlı obrazlar yaratmadı, onun sənətinin təsiri ilə bu sənət məbədində bütöv bir aktrisalar nəsli yetişdi. Səhnədə dinamikası, tərəf müqabilini hiss etməsi və ən əsası oynadığı obrazın daxili aləmini açmaq bacarığı onu tamaşaçılarla bərabər sənət yoldaşlarının da sevimlisinə çevirmişdi. Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva sənətə o qədər vurğun idi ki, onun bu sevgisi ailəsinə də təsirsiz qalmadı. Xədicə xanımın qızı Sofya da aktrisa olmaq qərarına gələndə bu, anasını heyrətləndirmədi. Çünki o, qızının istedadına yaxşı bələd idi. Naxçıvan teatrının səhnəsində 100-dən artıq rol oynayan Sofya Hüseynova sənətdə qazandığı uğurlarla bunu sübut etdi. Xalq artisti fəxri adına, “Şöhrət” ordeninə sahib oldu. Maraqlı burasıdır ki, Xədicə Qazıyevanın iki nəvəsi-Sofya Hüseynovanın övladları Xalq artistləri Rəfael Dadaşov və Rövşən Hüseynov da bu gün nənələrinin sənət yolunu davam etdirirlər.

Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva 1991-ci ildə Naxçıvan şəhərində vəfat edib.

"Nuhçıxan" İnformasiya Agentliyi
15.02.2019


      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını diqqətdə saxlamış, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti diqqətdə saxlanılmış, muzey əməkdaşları üçün seminar-­treninqlər və təcrübə məşğələləri, distant, ustad və açıq dərslər təşkil olunmuşdur. Ötən ay Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Xəyyam”, Babək Rayon Xalq Teatrında Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin”, Ordubad Rayon Xalq Teatrında isə Sabit Rəhmanın “Yalan” tamaşası nümayiş etdirilmişdir.

Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, Şərur yallı kollektivlərinin repertuarında olan bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür. Ötən ay muzeyləri 4 min 534-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 30 min 616 tamaşaçı ziyarət etmiş, muzeylərə, ümumilikdə, 143 yeni eksponat daxil olmuşdur. Muxtar respublika kitabxanalarında 81 tədbir keçirilmiş, 45 sərgi açılmış, kitabxanalara 137 adda 337 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalara yeni oxucu sayı 314, oxucu gəlişi 9 min 895 nəfər olmuş, elektron kitabxanadan 375 oxucu istifadə etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
15.02.2019


      95 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının tarixində milli-mənəvi dəyərlərə həmişə ehtiram göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas olan milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə əks etdirir”.

Doğrudan da, muxtar respublikamızın hər yerində milli adətlərimizə böyük hörmət və ehtiram var. Xalq yaradıcılığı festivallarında nümayiş olunan milli adət və ənənələr bir daha sübut edir ki, keçmişimizi öyrənməyə bizdə böyük maraq var. Elə bu maraq da həyat yollarımızı işıqlandırıb, qəlbimizə və ruhumuza bir təravət bəxş edib. İnsan həyatı müxtəlif hadisələrlə zəngin və maraqlıdır. Toy mərasimi bizim ömür yolumuzun ən gözəl və yaddaqalan anlarıdır. Milli dəyərlərə söykənən toylarımız daha da maraqlıdır.

Toy mərasimi bir neçə mərhələdən sonra həyata keçirilir. Əvvəl qız evi ilə tanışlıq, elçilik, şirin çay, nişan, parçabiçdi, xına gecəsi, qız və oğlan evinin toyları həyata keçirilir. Bunların içərisində xına gecəsinə xüsusi hazırlıq görülür, bu gecədə qız-gəlin doyunca şənlənir. Xına gecələrini haxıştasız təsəvvür etmək olmaz. Haxışta gecəsi axşam verilən yeməkdən sonra qızlar-gəlinlər əllərinə xına yaxaraq qızın ətrafına toplaşırlar. Xına qabında xına isladılır, gəlin ortalıqda oturur, qızlar isə bardaş qurub yerdə otururlar. Biri ayaq üstdə gəzib haxıştanın sözlərini deyir, qalanları birlikdə haxışta söyləyirlər:

Naxçıvanın sal duzu,
Xörəyə az sal duzu.
Əmi qızımın keyfidi,
Ərə gedir baldızı.

Təbii ki, bütün qızların taleyindən baldızlıq və gəlinlik keçir. Deyilən haxıştalarda da gəlin-qayınana, gəlin-baldız münasibətləri önə çəkilir:

Ordubadın qızları,
İşvələri, nazları,
Özləri şirindilli,
Yamandı baldızları.

Haxıştanı deyən nə qədər şən olsa, məclis də bir o qədər maraqlı olar. Bəzi haxıştalarda milli geyim nümunələrinin adları da çəkilir.

Ağbirçək qadın əlindəki ağac ilə xına qoyulacaq qızın üzündəki qırmızı örpəyi qaldırır, altdan başına qoyulan dingə görünür. Dingə gəlinin örpəyini uca saxlamaq üçün naxışlarla işlənmiş araqçın formasında dik papaqdır. Oğlan evindən gələnlərdən biri xına tabağını ortaya çəkir. Oğlanın yaxınlarından biri gəlinin əlinin ortasına xına qoyur. Balaca bir oğlan uşağı xınanı qaçırdıb bəyə verir, əvəzində bəydən bəxşiş alır. Gəlinin əllərinə, ayaqlarına xına yaxırlar. Sonra xına tabağı məclisdə oturanların arasında gəzdirilir. Məclisdəkilər əllərinə xına qoyurlar. Xına quruyana qədər yenidən haxıştalar deyilir, mahnılar oxunur. Bu dəfə qayınana-gəlin münasibətlərinə aid mahnılar oxunur, bu mahnılar məclisə şuxluq gətirir. Qız evindən bir qadın belə deyir:

Qayınana evimin gülü, çiçəyi,
Qayınana evimin ağbirçəyi.
Qayınanasız evlər olmasın,
Qayınanasız evin çiçəyi solar
Qayınanasız evdə söz-söhbət olar.

Oğlan evinin adamları mahnı oxuyanı alqışlayırlar. Qız evinə belə cavab verirlər:

Əlində, ayağında əlvan xınası,
Gəlib gəlin gətirməyə oğlan anası.
Xoş gəldin deyin gəlinə,
Dəstə gül verin əlinə.
Gümüş kəmər bağlasın,
Gəlin incə belinə.

Bu məclisdə oxunulan mahnılar yaşanılmış həyat hadisələrinin ümumiləşmiş formasıdır. Belə mahnılardan qız-gəlinlər özlərinə nümunə götürürlər. Bizim milli adətlərimizin dəyəri, qiyməti də bundadır. Gördüklərindən həmişə yaxşı nəticə çıxarırlar.

Qız-gəlinin əllərinin xınası yuyulandan sonra ortalığa şirniyyatlar, çay gətirilir. Çayı rahatlıqla içirlər. Oğlan evindən gələnlər gecənin bir yarısına qədər qız evində əylənirlər. Zarafat üçün yatanları iynə-sapla yatdıqları yerə tikirlər, oğlan evi gedəndə oğlanın yaxınlarından biri gəlinə xoş sözlər deməklə ayrılır:

Xoş gəldin, xoş gəldin, xoş nişan, ay qız,
Bizim bu gözəl bəyə tuş gəldin, ay qız.
Gəlin səni yarıyasan,
Doxsanında qarıyasan.
İlkinin oğlan olsun,
Beşikdə yırğalıyasan.

Deyə-gülə keçirilən xınayaxdı xalqımızın birliyinin simvoludur.

"Nuhçıxan" İnformasiya Agentliyi
10.02.2019


      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlamışdır. Belə ki, “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə bayram tətili günlərində və ay ərzində məktəblilər üçün Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhərində cizgi filmləri və bədii filmlər, sənədli filmlər nümayiş etdirilmişdir. Bu dövrdə Naxçıvan Dövlət Kukla və Uşaq teatrlarında maraqlı tamaşalar oynanılmış və bayram şənlikləri təşkil olunmuşdur. Ay ərzində Naxçıvan Dövlət Musiqili Dram Teatrı H.Cavidin “Xəyyam” tamaşasını nümayiş etdirmişdir. Teatrlarda həm də yeni tamaşaların məşqləri davam etdirilmişdir.

Ötən ay Babək Rayon Xalq Teatrı M.S.Ordubadinin “Beş manatlıq gəlin” tamaşasını, Ordubad Rayon Xalq Teatrı isə S.Rəhmanın “Yalan” tamaşasını hazırlayıb rayonların sakinlərinə təqdim etmişlər.

Yanvar ayı ərzində Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, Şərur yallı kollektivlərinin repertuarında olan bir neçə yallının çəkilişi aparılmış və nota köçürülmüşdür.

Bu dövrdə muzeylərin fəaliyyəti də diqqətdə saxlanılmışdır. Ötən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsili müəssisələrinin və digər təşkilatların muzeylərlə tanışlığı təmin olunmuşdur. Muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə seminar-treninqlər davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən distant dərslər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, Xatirə Muzeyi və Bəhruz Kəngərli Muzeyində distant dərslər keçirilmişdir. Muzeylərdə Cəlil Məmmədquluzadə və Bəhruz Kəngərliyə həsr olunmuş tədbirlər keçirilmiş və 30 açıq dərs təşkil olunmuşdur. Ay ərzində muzeylərə 30 min 616 nəfər tamaşaçı gəlmişdir ki, onlardan da 4 min 534 nəfəri əcnəbi vətəndaş olmuşdur.

Yanvarın 24-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Muğanlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən 75 eksponatın təqdimetmə mərasimi keçirilmişdir. Bu dövrdə muzeylərə ümumilikdə 143 yeni eksponat daxil olmuşdur.

Ay ərzində kitabxanalarda da bir sıra tədbirlər təşkil edilmiş, kitab müzakirələri olmuş, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlər keçirilmiş, sərgilər yaradılmışdır. Yanvar ayında kitabxanalarda 81 tədbir keçirilmiş, 45 sərgi yaradılmışdır.

Bundan başqa ötən ay kitabxanaçı və kitabxana günü ilə bağlı 20, nağıl günü ilə bağlı 34 və mütaliə günü ilə bağlı 10 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisindən Nazirliyə 2 adda 36 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyəti üzrə paylanmışdır. Ümumilikdə isə yanvar ayı ərzində kitabxanalara 137 adda 337 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 314, oxucu gəlişi 9 min 895 nəfər, kitab verilişi 53 min 532 nüsxə təşkil etmişdir. Elektron kataloqa 24 adda kitab işlənmiş və elektron kataloqda olan kitabların ümumi sayı 9 min 932-yə çatdırılmış, şəbəkəyə isə 350 kitab (PDF) işlənmiş və ümumi sayı 980 olmuşdur.

Elektron kitabxanadan uzaq məsafədən (virtual xidmət) 195, lokal şəbəkədən isə 180 oxucu olmaqla, ümumilikdə ay ərzində 375 oxucu istifadə etmişdir. Yarandığı gündən elektron kitabxanadan istifadə edən oxucuların ümumi sayı 42 min 151 nəfər olmuşdur.

30 yanvar tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuşdur. Həmçinin ay ərzində Dəstə Kənd Kitabxana Filialının və Mədəniyyət Evinın fəaliyyəti üçün yeni tikilmiş Kənd Mərkəzində şərait yaradılmışdır.

Yanvar ayında Nazirliyin təhsil müəssisələrində də bir sıra işlər görülmüş, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurslar davam etdirilmiş, ustad və açıq dərslər təşkil olunmuşdur.

Mədəniyyət Nazirliyinin kollektivi 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icrasını davam etdirəcək, muxtar respublikamızda mədəni-kütləvi tədbirlərin əhatə dairəsini daha da genişləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
07.02.2019


      Özbəkistanın uchildiz.uz portalında “Naxçıvan yallısının Azərbaycanın musiqi mədəniyyətindəki yeri” adlı geniş məqalə yerləşdirilib.

Rus dilində yazılan məqalədə Naxçıvan yallısının qədim tarixinə nəzər salınır, onun qədim tarixin, zəngin mədəniyyətin göstəricisi olduğu vurğulanır.

Məqalədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Şərur” Xalq Yallı Ansamblının fəaliyyətinə də diqqət çəkilir, yallının Azərbaycan mədəniyyətinin xüsusi reyestrinə daxil edildiyi və ölkəmizin regionları üzrə yallı rəqsinin yayılması, inkişaf arealı xüsusi qeyd edilir.

Bildirilir ki, qədim kollektiv rəqsi olan yallı xoreoqrafiya, vokal və instrumental musiqini özündə birləşdirir. Yallı rəqsi Gəmiqaya arxeoloji abidələrində də əks etdirilib.

Məqalədə vurğulanır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan yallısını “Naxçıvanın tacı” adlandırıb. Hazırda Naxçıvan toylarında ifa edilən yallının bu diyarda 100-dən çox növü var. “Qazı-qazı”, “Qaladan-qalaya”, “Köçəri”, “Çınqı-çınqı”, “Ağıryallı”, “Xalq yallısı”, “Şəruri”, “İki ayaq”, “Üç ayaq”, “Urfani”, “Xələfi”, “Ərzumani” və digər yallı növləri Naxçıvanda daha çox populyardır.

Yazıda Naxçıvan yallısı ilə yanaşı, Qarabağ, Zəngilan, Qazax, Salyan, Şirvan və digər bölgələrimizdə ifa edilən yallılar haqqında da söhbət açılır.

"Şərq qapısı" qəzeti
07.02.2019


      Vətən, torpaq uğrunda mübarizə çox çətin, şərəfli və həm də müqəddəs missiyadır. Elə 95 il bundan əvvəl məntiqi sonluqla yekunlaşdırılan Naxçıvanın muxtariyyət mücadiləsi də Azərbaycanın taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən böyük nailiyyət idi.

Bu gün də dünyada muxtariyyətlərin əsasını etnik mənsubiyyət təşkil etsə də, Naxçıvan Muxtar Respublikası burada yaşayan əhalinin milli mənsubiyyətinə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında ­yaranıb.

Tarixi proseslərin təhlili açıq-aydın göstərir ki, əgər 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil olunmasaydı, bu qədim diyar da Zəngəzur və İrəvan kimi Ermənistan tərəfindən işğal ediləcəkdi. Məhz 1918-ci ildə yaradılan Araz-Türk Respublikası, 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəd – Moskva və Qars müqavilələri, nəhayət, bu müqavilələrə əsasən Naxçıvana muxtariyyətin verilməsi ermənilərin Naxçıvanla bağlı çirkin işğal planlarını darmadağın etdi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı adlandırıldı. Real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret verdi. Həmin sənəddə deyilirdi: “Naxçıvan diyarı Azərbaycanın himayəsində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilsin”.

Sonralar ümummilli lider Heydər Əliyev həmin tarixi məqamı belə qiymətləndirəcəkdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

“Moskva”dan “Qars”a

Bu gün tarixin səhifələrini vərəqlədikcə bir daha xatırlayırıq ki, Naxçıvan Muxtar Respublikasının ərazisi Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində təsdiq olunub. Eyni zamanda muxtariyyətin əsasları və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ da həmin müqavilələrdə öz əksini tapıb. Olduqca çətin bir şəraitdə beynəlxalq müqavilələrin imzalanması və iştirakçı dövlətlərin parlament­lərində təsdiq olunması gənc Azərbaycan diplomatiyasının, eləcə də bu proseslərdə yaxından iştirak edən görkəmli Azərbaycan diplomatı Behbud ağa Şahtaxtinskinin böyük qələbəsi idi.

Qeyd etmək lazımdır ki, Naxçıvanın muxtariyyət statusu ötən 95 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaratdı. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşdu. 1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrildi, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Muxtar respublikada yeni yaşayış massivləri salındı, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastrukturu yeniləndi, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldıldı.

Böyük QAYIDIŞ və müstəqil dövlətçiliyin xilası

Xalqımızın böyük oğlu Heydər Əliyevin 1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan – ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.

Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etdi, müqavilələr bağladı, xüsusilə Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini bir daha Naxçıvanın muxtariyyətinin beynəlxalq müqavilələrlə qorunduğuna cəlb etdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.

Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafını daim diqqət mərkəzində saxlayır. Bu gün blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında dinamik inkişaf təmin edilib. Ölkə Prezidentinin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının yubileyləri qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” daha bir Sərəncam imzalamaqla Naxçıvan Muxtar Respublikasının dövlətçilik tariximizdəki yeri və roluna bir daha layiqli qiymət verdi.

Naxçıvan 95 illik yubileyini ­böyük uğurlarla qarşılayır

Naxçıvan bu gün, həqiqətən də, özünün 95 illik yubileyini böyük uğurlarla qarşılayır. 1995-ci ildən ötən dövr ərzində Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada ərzaq, enerji, informasiya və müdafiə təhlükəsizliyi tam təmin olunub, sənaye və kənd təsərrüfatı inkişaf edib. Genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb, şəhər və kəndlər abadlaşdırılıb, yeni yollar, körpülər salınıb, məktəblər, xəstəxanalar idman kompleksləri tikilib. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilib. Ordu quruculuğu sahəsində görülən işlər muxtar respublikanın müdafiəsinin qarantına çevrilib. Ötən dövrdə Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təmin olunub, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb.

Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. Bu gün ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa ölkələri üçün çox nadir göstərici hesab edilir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 20 il bundan əvvəl 15 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilən Naxçıvan Muxtar Respublikasında hazır­da 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açılıb, fermer və torpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunub. Yerli istehsalın həcmi artırılıb, sağlam rəqabət mühiti yaradılıb, min hektarlarla torpaq sahələri əkin dövriyyəsinə qatılıb, fərdi təsərrüfatların sayı çoxalıb, onlar inkişaf edərək çoxsaylı ailə təsərrüfatlarına çevriliblər.

Naxçıvan Muxtar Respublikasının təbiəti qorunur və zənginləşdirilir. Yaşıllaşdırma və təbiəti mühafizə tədbirlərinin əhatə dairəsinin genişlənməsinin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 14 faizindən çoxu yaşıllıqlardır.

Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir. Muxtar respublikada görülən bütün işlərin mərkəzində insan amili dayanır. İnsanların rahat yaşayışı, məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdir. Bu sahədə dövlət proqramı icra olunur, gənc ailələrin sosial müdafiəsi gücləndirilir, sahibkarlığa diqqət artırılır, fiziki imkanları məhdud insanların sosial layihələr çərçivəsində məşğulluğu təmin edilir. Son illər burada 200-dən çox tibb müəssisəsi istifadəyə verilib.

Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvanın qədim tarixi öyrənilir, tədqiq olunur, tarixi abidələri bərpa olunaraq onlara ikinci həyat verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə keçirilən beynəlxalq konfrans və simpoziumlar qədim tariximizin, mədəniyyətimizin və təbii sərvətlərimizin öyrənilməsində mühüm rol oynayıb. Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılıb, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələr nəşr edilib.

Naxçıvan dünyanın diqqətindədir

Naxçıvan Muxtar Respublikası beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci il muxtar respublika üçün daha əlamətdar olub. Belə ki, ötən il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin edib. Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu Caspian European Clubun 2017 və 2018-ci illərdə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial­-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 18 parametr üzrə ən yüksək bal toplayaraq iki dəfə lider olub.

Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir

Qədim Nuh yurdu olan Naxçıvanda bu uğurların qazanılması Vətənə, torpağa bağlı­lığın daha bir ifadəsi, ən əsası isə ulu öndər Heydər Əliyev yoluna sədaqətin və bu yolun uğurla davam etdirilməsinin təntənəsidir. Bu uğurların davamı üçün hər birimiz doğma diyarımızın daha da çiçəklənməsi üçün səy göstərməli, onu göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

95 yaşın mübarək, doğma MUXTAR RESPUBLİKAMIZ! Yüz yaşını daha böyük uğur və nailiyyətlərlə qeyd edək, qədim diyar!

"Şərq qapısı" qəzeti
07.02.2019


      Deyirlər ki, övladınıza gözəl adlar seçib qoyun, çünki ad sahibinin xarakterinə də, gələcək həyatına da təsir göstərir. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası Nurbəniz Niftəliyevanın həm nur bənizini, həm də onun yaratdığı obrazlarla son illər sənət aləmində öz sözünü deyən Naxçıvan teatrının səhnəsində bir nur kimi doğduğunu görənlər bu xanımın adını olduqca gözəl daşıdığını, ona, həqiqətən, layiq olduğunu etiraf edərlər.

Aktyorluq çox çətin bir peşədir. İnsanların qarşısına çıxmaq, onların diqqətini özünə cəlb etmək, səhvə yol verməmək, yaratdığın obrazı tamaşaçılara sevdirmək, bir sözlə, onları tamaşanın sonunadək teatr salonunda əyləşdirə bilmək istedad və böyük məharət tələb edir. Bütün bunlar Nurbənizdə olduğu üçün indi o, hər kəsin sevdiyi aktrisadır.

Nurbəniz Niftəliyeva 1984-cü ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Kənd məktəbində orta təhsil alıb. Məktəbdə oxuduğu illərdə rayon mədəniyyət evində keçirilən mədəni-kütləvi tədbirlərin, şeir müsabiqələrinin ən fəal iştirakçılarından olub. Aktyorluq sənətinə yiyələnmək arzusunda olan Nurbənizə Şərur Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə yaxından köməklik göstərib, hətta onu qabiliyyət imtahanına belə, o hazırlaşdırıb.

Nurbəniz 2004-cü ildə Bakı Mədə­ni-Maarif Texnikumunun Kütləvi tədbirlərin rejissoru ixtisasına daxil olur. 2007-ci ildə texnikumu bitirib, elə həmin il də İrəvan Dövlət Azərbaycan Dram Teatrına aktrisa kimi işə qəbul olunur. Burada bir sıra obrazlara həyat verir.

2011-ci ilədək bu teatrda çalışan Nurbəniz elə həmin il Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin və Nəsimi Məmmədzadənin təklifi ilə Naxçıvana qayıdır və dram teatrda fəaliyyətə başlayır. 2014-cü il Nurbənizin həyatında iki əlamətdar hadisə baş verir. O, Prezident mükafatçısı olur və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Solo oxuma ixtisasına qəbul olunaraq ali təhsil almağa başlayır. Onsuz da gözəl səsi olan Nurbənizin həm bu sahədəki təhsili, həm də teatrda bir-­birindən maraqlı, rəngarəng rolları onu sənət dünyasının yollarında uğurlu bir yolçuluğa çıxarır. Nazim Hikmətin “Kəllə” əsərində Dolbanezonun qızı, Anton Çexovun “Russayağı evlənmə”sində Natalya Stepanovna, Əli Əmirlinin “Varlı qadın”ında Həvva, Çingiz Aytmatovun “Manqurt”unda Qazanqapın qızı, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”ində Qətibə, Nəriman Nərimanovun “Nadanlığ”ında Gülpəri, Hüseyn Cavidin “Xəyyam”ında Sevda, Moris Meterlinkin “Göy quş”unda Pişik, Mirzə Fətəli Axundzadənin “Kimyagər”ində Şərəfnisə və sair rollar aktrisanın obrazlar qalereyasını yaradır, onu yüzlərlə tamaşaçının sevimlisinə çevirir.

Əli Əmirlinin “Varlı qadın”ına tamaşa edənlər aktrisanın burada ikili xarakterli obrazın öhdəsindən böyük bacarıqla gəldiyini müşahidə ediblər. Həvvanın əvvəlki həyatında yoxsul, düşkün və miskinliyini, varlandıqdan sonra isə hiyləgər və özündənrazı halını böyük məharətlə canlandıran aktrisa məhz bu qabiliyyəti ilə ürəklərə yol tapıb. Nurbəniz, eyni zamanda bu illər ərzində Şərur Rayon Xalq Teatrının tamaşalarına da dəvət alır.

“Oxunması zəruri olan kitablar” silsiləsindən olan Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərinin səhnələşdirməsi teatrımızın boyük uğuru ilə yanaşı, həm də Nurbənizin sənət yolunda yeni bir qələbəsi olur. Əsərdəki Qətibə obrazı gənc aktrisanı Naxçıvan teatrının səhnəsində bir nur kimi parladan obraz olaraq yaddaşlara köçürür. Tamaşaya baxan və tamaşadan sonra aktyor heyəti ilə görüşən Ali Məclisin Sədri demişdir: “... Hər tamaşada bir obraz daha çox diqqəti cəlb edir. Bu tamaşada da Qətibə xatın obrazı mükəmməl yaradılmışdır. Bu cür obrazların yaradılması üçün gərək aktyorda istedad olsun. Tamaşada hər bir aktyorun istedadı görünürdü. Zəhmət çəkiləndə istənilən uğura nail olmaq mümkündür. Ancaq çəkilən zəhmətə, o tamaşaya, o rola ürəklə bağlananda isə həmin obraz təkcə oynanılmır, həm də yaradılır və yaşadılır. “Qılınc və qələm” tamaşasında da obrazları yaradan hər bir aktyor həm də öz vətəndaş sevgisini ortaya qoymuşdu”.

Əksəriyyətinin quruluşçu rejissoru Tofiq Seyidov olan tamaşaların bir neçəsinə Nurbəniz ikinci rejissorluq da edib. O, həm də tamaşalara mahnı oxumaq və rəqs kimi əlavələri etməklə tamaşaçıların marağına səbəb olan yeniliklərin müəllifidir. Belə tamaşalardan birində, əsasən, gənc aktyor truppasının iştirak etdiyi “Xəyyam” da canlı ifa etdiyi üç mahnı onun gənc aktrisa kimi istedadını ortaya qoydu, gələcəyin məşhur sənət adamı olacağının müjdəsini verdi.

2015-ci ildə Gənclərin III Ümumrespublika Teatr Festivalında Nurbəniz Niftəliyeva “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olur. O, 2016-cı ildən həm də Naxçıvan Dövlət Uşaq Teatrında rejissor kimi fəaliyyətə başlayıb. Onun bu teatrda da yaddaqalan rolları və quruluş verdiyi tamaşalar var. Öz istedad və bacarığı ilə uşaqların sehrli aləminə təmas edə bilən bu xanım teatrda Abdulla Şaiqin “Danışan kukla” əsərində Şahzadə, teatrın 10 illik yubileyi münasibətilə hazırlanan Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərində balaca Şahzadə obrazını məharətlə yarada bilib. Həmçinin Nurbəniz “Balaca Şahzadə”nin, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə dramaturqun “Çay dəsgahı” pyesinin motivləri əsasında hazırlanaraq bu günün çay dəsgahını əks etdirən tamaşanın, Həsənəli Eyvazlının “Nadan xoruz”, Əli Səmədovun “Meşə çaqqalsız olmaz”, Bayram İsgəndərlinin “Özgəyə quyu qazan” səhnə əsərlərinin quruluşçu rejissoru olub. Gənc rejissor həm də Novruz, Yeni il şənliklərində və müxtəlif əlamətdar günlərlə bağlı uşaqların iştirakı ilə səhnələşdirilmiş tamaşalara quruluş verir. Onu da vurğulamaq yerinə düşər ki, teatrın Naxçıvan Uşaq Bərpa Mərkəzi ilə birgə layihələrinə əsasən sağlamlıq imkanları məhdud uşaqlar da tamaşalarda rol alırlar. Bu da onların cəmiyyətə inteqrasiyasına xeyli kömək edir. “Meşə çaqqalsız olmaz” və “Özgəyə quyu qazan” tamaşaları tamamilə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırlanıb.

Həm Naxçıvan Dövlət Universitetində, həm də Musiqi Kollecində müəllim kimi də fəaliyyət göstərən Nurbəniz deyir ki, orta məktəb illərindən uşaq teatrına cəlb olunan uşaqlar var ki, indi onlar artıq gəncdirlər, adıçəkilən təhsil ocaqlarını bitirənlər də, hazır­da təhsil alanlar da var. Həmin gənclərdən Uğur Nəsirli, Heyran Abdullayeva, Vəli Babayev və Mehri Nəbiyeva hazır­da Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərirlər.

“Aktyor, rejissor… Bax bunlar sizin üçün nə deməkdir. Həm də bəzən bu iki yaradıcı işin öhdəsindən bir arada gəlmək sizə çətin olmurmu?” suallarımın cavabında gənc aktrisa deyir: – Aktyorluq yaradıcı, həm də çətin bir peşədir. Sənə tapşırılan obrazı öyrənməlisən, onun haqqında dərin anlayışın olmalıdır. Sən o rolu hökmən yaşamalısan. Məhz belə olarsa, tamaşaçıya rolunu sevdirə, onun məmnunluğunu qazana bilərsən. Rejissorluq isə deyərdim ki, aktyorluqdan qat-qat çətindir. Əgər tamaşada rol almısansa, tək özünə cavabdehsən, lakin rejissorluq edirsənsə, bütün yaradıcı kollektivin cavabdehi sənsən. Qaldı ki, bir tamaşada həm aktyor kimi rol almağa, həm də ona rejissorluq etməyə, bu, daha çətin və məsuliyyətlidir.

10-dək səhnə əsərində rejissor-aktrisa kimi birgə çalışdıqları rejissor Tofiq Seyidovun da Nurbənizin aktyorluq məharəti ilə bağlı fikirlərini öyrəndim. O deyir: “Nurbəniz, ilk növbədə, məsuliyyətli insandır. Verilən obrazı dərindən öyrənən, məşqlərə vaxtında gələn, bir sözlə, rejissorun istəyini, qurduğu səhnənin məğzini tutan aktrisadır. Onun xarici görkəmi, səsi, mahnı ifası, rəqsləri tamamilə səhnənin tələblərinə uyğundur. Düşünürəm ki, Nurbəniz Naxçıvan teat­r­ının tarixinə adını yazdıra bilən sənətkarlardan olacaq”.

Bəzən kino və teatrdan söhbət düşəndə sənət korifeylərimiz haqqında deyirlər ki, bir də Azərbaycan səhnəsinə Leyla Bədirbəylilər, Hökumə Qurbanovalar, Amalya Pənahovalar, Zəroş Həmzəyevalar, Sofiya Hüseynovalar gəlməyəcək. Mən bu fikirlərlə heç cür razılaşmıram. Nə üçün məsələyə ümidsiz yanaşırıq, nə üçün gəncləri onların davamçıları kimi görmürük? Axı onlar da qədim mədəniyyətin beşiyi olan bu Vətənin övladlarıdır. Elə söhbəti müsahibimin – Nurbənizin üzərinə gətirib demək istəyirəm ki, bu aktrisanın səhnə mədəniyyətində, emosionallığında və yaratdığı obrazlarda – Həvva, Sevda, Qətibədə mən mərhum aktrisamız Amalya Pənahovanın gəncliyini görürəm. Və ümidvaram ki, Nurbəniz haqqında da bir gün sənətdə öz sözünü demiş aktrisalar haqqında deyilənlərin eynisi söylənəcək.

"Şərq qapısı" qəzeti
05.02.2019


      Tarixin yadigarları onu yaradan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdir. Belə dəyərli mənbələrin saxlanc yeri isə muzeylərdir. Zəngin tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından muzeylər böyük əhəmiyyətə malikdir. Hazırda muxtar respublikamızda qədim diyarımızın zəngin tarixini, mədəniyyətini özündə əks etdirən onlarla mədəniyyət müəssisəsi var. Belə müəssisələrdən biri də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyidir.

Öncə onu qeyd edək ki, bu gün muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirlərindən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də öz payını alıb. Yenidən qurulan muzey ötən il dekabr ayının 20-də muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilib. Biz də muzeyin yeni binası ilə yaxından tanış olmaq məqsədilə üz tutduq Şərur rayonuna.

Burada olarkən muzeyin direktoru Nuran Əliyev dedi ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində mühüm işlər görülür. Yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir, qədim diyarımızda tarixi abidələrin bərpasına daim diqqət göstərilir. Yaxın zamanlarda yenidən qurularaq istifadəyə verilən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası da bu diqqət və qayğının bariz ifadəsidir.

Söhbət əsnasında öyrənirik ki, 1978-ci ildə rayon mədəniyyət şöbəsinin nəzdində ictimai əsaslarla yaradılan muzey 1980-ci ildə ulu öndər Heydər Əliyevin bu sahənin fəaliyyəti ilə bağlı müvafiq sərəncamından sonra dövlət müəssisəsi kimi fəaliyyətə başlayıb.

İnsan düşüncələrini qədimliklə müasirliyin vəhdətində qovuşduran muzey binasını seyr edərkən Nuran müəllimin söylədiyi maraqlı məlumatlarla bağlı qeydlərimi də aparıram. Direktor deyir ki, rayon ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən, maddi-mədəniyyət nümunələri ilə zəngin olan muzey 3 mərtəbədən və 2 ekspozisiya zalından ibarətdir. Tarixin dərin qatlarından soraq verən muzeydə 7300-dən çox eksponat qorunub saxlanılır. Nuran Əliyev bizi nümayiş olunan eksponatlarla tanış edərkən muzeyin 2-ci mərtəbəsində yerləşən birinci ekspozisiya zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan guşənin qarşısında dayanıb, ulu öndərin ölkəyə rəhbər­liyi dövründə Şərur rayonuna səfərləri zamanı çəkilmiş foto­şəkillərini maraqla izləyirik.

Digər bir guşədə də nümayiş olunan maddi-mədəniyyət nümunələri olduqca diqqətçəkicidir. Muzeyin direktoru deyir ki, bu eksponatlar eramızdan əvvəlki dövrlərə aiddir və Şərur rayonunun qədim tarixini özündə əks etdirir. Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan, Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Eneolit və Erkən Tunc dövrlərinə aid edilən Ovçular təpəsi ən qədim yaşayış məskənlərindən biridir. Muzeydə həmin ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən eramızdan əvvəl V minilliyə aid saxsı küpə, qədim insanlar üçün inanc xarakteri daşıyan eramızdan əvvəl IV-III min­illiklərə aid daş bütlər, eramızdan əvvəl IV-III minilliklərə aid daş əmək alətləri, daş dəstəklər, gürzlər, eramızdan əvvəl IV-II minilliklərə aid olan daş həvəngdəstə və digər eksponatlar yer alır. Bütün bunlar sirli-soraqlı tarixin dərin qatlarından xəbər verir. Ovçular təpəsində aşkar edilən boyunbağı Cənubi Qafqazda ən qədim zinət əşyası hesab olunur.

Nuran müəllim Şərur rayonu ərazisində Qazma mağarasının xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayaraq deyir ki, bu mağara Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də dünyada ən qədim insan düşərgəsi olub. Həmin ərazidə aşkar olunan maddi-mədəniyyət nümunələri Orta Daş dövrünə, yəni təqribən 80-100 min il bundan əvvələ aid edilir. Həmçinin rayonda Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər də bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, muzeydə tarixin bu dövrlərinə aid eksponatlar var. Digər bir guşədə nümayiş olunan eramızdan əvvəl III minilliyə aid olan tunc bilərzik də diqqətçəkən eksponatlardandır.

Şərur rayonunun tarixi-mədəni inkişafında ən mühüm yerlərdən birini boyalı saxsı qablar tutur. Boyalı saxsı qablar polixrom və mono­xrom boyalı saxsı qablar olaraq iki yerə bölünür. Onu da öyrənirik ki, hər iki vitrində nümayiş olunan, eramızdan əvvəl II minilliyə aid monoxrom boyalı naxışlı saxsı qablar həmin dövr dulusçuluğunun ən gözəl nümunələrindəndir. Qız qalası yaşayış yerindən aşkar olunmuş, tarixi eramızdan əvvəl II minilliyə gedib çıxan saxsı qablar, eyni zamanda incə sənətkarlıq xüsusiyyətləri ilə ərsəyə gətirilmiş saxsı küpələr və badyatipli gil qablar qiymətli eksponatlardandır.

Növbəti vitrinlərdə Tunc dövrünə aid məişət əşyaları nümayiş olunur. Eramızdan əvvəl II-I minilliklərə aid darboğazlı saxsı küpələr, saxsı qablar, daş möhür, gildən hazırlanmış insan fiquru və tunc silahlar olduqca maraqla qarşılanan eksponatlar sırasındadır.

Digər bir guşədə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şərur rayonuna səfəri zamanı çəkilmiş fotoşəkillər və burada söylədiyi aşağıdakı fikirlər yer alır: “Naxçıvanın çox qədim tarixi, zəngin mədəni irsi, gözəl ənənələri vardır. Bizim bütün bu tarixi keçmişimiz və milli dəyərlərimiz lazımi səviyyədə qorunur və bununla bərabər, müasir şərait, müasir infrastruktur yaradılır”.

Azərbaycan xalçaçılığına mühüm töhfələr verən, rəngarəng, keyfiyyətli yundan və təbii boyaqlardan hazırlanmış xovlu və xovsuz xalça nümunələri əsrlərboyu evləri bəzəyib. Elə diqqətlə izlədiyimiz guşə də Şərurun xanım-xatın nənələrinin min bir zəhmətilə ərsəyə gətirdikləri öz gözəlliyini və zərifliyini bu günədək qoruyub saxlayan, xalqımızın dünyagörüşünü, estetik bədii zövqünü özündə əks etdirən gözoxşayan xalçalardır.

Muzeyin ikinci ekspozisiya zalının ilk guşəsində orta əsrlərə aid saxsı qapaqlı nehrə, saxsı küpə, XX əsrə aid saxsı ləyən sərgilənməkdədir. Növbəti vitrində XI-XV əsrlərə aid şirli və şirsiz saxsı və kaşı parçaları, saxsıdan hazırlanmış su borusu və qablar, dəmir nizə ucluğu və eyni dövrə aid olan işıqlandırma vasitələri – çıraqlar da ziyarətçilərin marağına səbəb olan eksponatlardandır.

Digər bir guşədə 120 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz görkəmli rəssam İbrahim Səfiyevin ustalıqla yaratdığı “Avto­portreti”­­­­, həmçinin onun kətan üzərində yağlı boya ilə işlədiyi “Səyyar musiqiçi Hafiz”, “Çörək bişirənlər”, “Şəhərdə qış” adlı rəsm əsərləri ilk baxışda diqqəti cəlb edir.

Azərbaycan tarixən misgərliyin mərkəzlərindən biri olub və bu sənət Şərur rayonu ərazisində də geniş yayılıb. Elə maraqla izlədiyimiz guşədə nümayiş olunan, XIX əsrə aid mis məişət əşyaları – mis kasalar, məşqəfə dəsti, mis badya, mis lüləyinlər və başqaları da öz gözəlliyi ilə seçilir.

Önündə dayandığımız digər guşə daim ehtiramla yad edilən Şərur şəhidlərinə həsr olunub. Müstəqilliyimiz uğrunda öz canını fəda edən şərurlu şəhidlərin fotoşəkillərinin sərgiləndiyi guşə muzeyin ən dəyərli guşələrindəndir.

Qürurverici haldır ki, gündən-günə çiçəklənən, gülüstana çevrilən doğma diyarımızda bu gün daşınmaz tarix-mədəniyyət abidələri xüsusi dövlət qayğısı ilə əhatə olunub. Bunlar arasında Şərur rayonunda yerləşən abidələr də kifayət qədərdir. Onlardan XVIII əsrin sonlarında Yengicə kəndinin mərkəzində inşa olunmuş Şərq hamamı, XVII-XVIII əsrlərdə yaradılan Parçı (Xanlıqlar) İmamzadəsi və XIX əsrdə inşa olunmuş Cəlilkənd buzxanası... Elə maraqla izlədiyim növbəti guşədə də Şərur rayonu ərazisində bərpa­olunan, yaxud yenidən qurulan, bir-birindən dəyərli tarixi-abidələrimizin fotoşəkilləri yer alır.

Bu gün muxtar respublika sakin­lərinin təşəbbüsləri ilə evlərdə olan eksponatlar muzeylərə təqdim olunur, muzey fondları zənginləşdirilir. Şəxsi eksponatların muzeylərə təqdim olunması tarixi-mədəni irsimizin qorunmasına və daha geniş formada təbliğinə imkan verir. Nuran müəllimin sözlərinə görə, yaxın günlərdə muzeyə Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun, saxsı çıraq və digər nümunələrdən ibarət 75 eksponat təqdim edilib. Bu həm də gənc nəsildə yeni ənənənin başlanğıcını qoymaq baxımından əhəmiyyətli hadisədir.

Muzeydən ayrılarkən Ali Məclis Sədrinin muzeyin açılışı zamanı söylədiyi fikirləri xatırlayıram: “Muzeylər xalqımızın milli mədəniyyət nümunələrini özündə yaşadan müqəddəs yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli, qorunmalı və ziyarət olunmalıdır”.

Bəli, muzeylər keçmişimizi qoruyan, bu günə daşıyan maddi-mənəvi dəyərlər xəzinəsidir. Bu xəzinə xalqımızın çoxəsrlik tarixini, qədimliyini, milliliyini özündə əks etdirir. Tariximizi qorumaq, yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur.

"Şərq qapısı" qəzeti
02.02.2019


      Azərbaycan xalq təqvimində qış üç hissəyə bölünür: 22 dekabr-30 yanvar – Böyük çillə, 31 yanvar-19 fevral – Kiçik çillə və 20 fevral-21 mart – Boz ay (Çillə beçələr). Dekabr ayının 22-si qışın başlanğıcıdır. İnsanlar qışın girməsini təmtəraqla, bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar. Yanvar ayının 31-də isə Kiçik çillə girir. Bu zaman deyirlər ki, qışın üçdə ikisi gedibdir. Çünki Kiçik çillə çıxdıqdan sonra Boz ay (bayram ayı) başlayır. Ata-­babalarımız Kiçik çillənin girməsini Səddə bayramı ilə daha təmtəraqla keçirərmişlər. Bu bayram haqqında günümüzədək çox az məlumat çatmışdır. Dahi Nizami Gəncəvinin “İsgəndərnamə”əsərində bu bayramın yalnız adı çəkilir:

Novruz ilə Səddə bayramlarında
Ayinlər yenidən olurdu bərpa.

Yaşlı insanların söylədiyinə görə, Səddə bayramı Novruza 50 gün qalmış keçirilirdi. Maraqlıdır ki, bir çox bayramlarımızın keçirilmə ssenarisində tonqal qalanması ənənəsi mühüm yer tutub. Bizə çatan məlumatlara görə, Səddə bayramında kənd meydanında ümumi tonqal yandırılar, tonqal ətrafında əl-ələ tutub kütləvi rəqs edər, “Novruza əlli, biçinə yüz əlli gün qaldı”, – deyərdilər.

Digər tərəfdən biçinə 150 gün qalması da Naxçıvanla bağlıdır. Azərbaycanın taxılçılığın daha çox inkişaf etdirildiyi aran zonasında taxıl biçininə iyunun əvvəllərində, yəni Səddə bayramından 120 gün keçmiş, Naxçıvanda isə iyunun axırında – Səddə bayramından 150 gün sonra başlanılır. Bəzi etnoqraflar “Səddə” sözünün “sədd” sözündən yarandığını, qış ilə yay arasında tonqaldan sərhəd çəkməyə işarə olduğunu söyləyirlər. Qədim tarixə malik Səddə bayramında yandırılan tonqal “xoşbəxtlik tonqalı”, “uğurluluq tonqalı” da adlandırıla bilər. Ümumiyyətlə, sonrakı çərşənbələrdə od qalanması insanların odu, istini arzulaması ilə bağlıdır.

Etnoqrafik yaddaşımıza nəzər salarkən görürük ki, çərşənbələr, eləcə də həmin vaxta təsadüf edən bir çox bayramlar ayrı-ayrı təqvim tarixlərində qeyd olunurmuş. Mənbələrdə ­göstərilir ki, Səddə bayramı kimi “dörd çərşənbə”nin də qeyd edilməsi qədimdir. Bir çox tədqiqatçılarda yalnız dörd çərşənbə izahına rast gəlinir. Folklorşünas Bəhlul Abdullanın 1989-cu ildə “Kommunist” qəzetində dərc olunan “Novruz gəlir” məqaləsində maraqlı bir qeyd var: “Boz ay çillə beçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə “oğru buğ” (oğru üskü), ikinci üçünə “doğru buğ” (doğru üskü), sonuncuya isə “ilaxır çərşənbə” deyilir. Əslində, bu bölgü Boz aya yox, Kiçik çillənin girdiyi gündən Novruza qədər olan dövrə aiddir. Və belə qənaətə gəlirik ki, ata-babalarımız dörd yox, yeddi çərşənbəni bayram kimi qeyd ediblər. İlk oğru buğ (çərşənbə) yanvarın 31-dən fevral ayının 6-na kimi olan dövrü əhatə edirmiş. Amma bütün hallarda Novruza qədər çərşənbələrin sayı yeddi olurmuş. Lakin axır çərşənbə martın 13-dən 20-nə kimi fərqli günlərə düşür”.

Bəhlul Abdulla sonra qeyd edir ki, bu çərşənbələrin hər birinin ayin və mərasimləri vardır. Məsələn, torpağa dəyən ilk oğru buğda (Kiçik çillənin ilk çərşənbəsində) adamlar tonqal üstündən tullanmaqla yanaşı, düzəltdikləri lopanı alışdırıb üç dəfə ev-eşiyin ətrafına dolanaraq “qaçın-qaçın şeytanlar, sizi oda qalaram”, – deyərmişlər. Ayinə görə “şər qüvvələr” qorxub qaçarmışlar.

Kiçik çillə dövründə keçirilən mərasimlərdən biri də “Xıdır Nəbi”dir. Buna bəzən “Xıdıra-xıdır” da deyirlər. Xıdır Nəbi mərasimi haqqında bir çox etnoqraflar geniş məlumat veriblər. Naxçıvanda Xıdır Nəbi bayramı müxtəlif vaxtlarda, bəzi kəndlərdə isə bir neçə dəfə keçirilir. “Azərbaycan etnoqrafiyası” kitabındakı “Novruz bayramı” məqaləsində Kiçik çillənin (fevralın) birinci ongünlüyünün “Xıdır Nəbi” adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğun­-boranlı keçdiyi qeyd edilir. “Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı” atalar sözü də məhz buradan yaranıb. Xıdırın yaşıllıq, bahar hamisi olan Xızırla və əksər xalqlarda su, yağış, çay, dəniz hamisi kimi tanınan İlyasla da əlaqəsi olduğu qeyd edilir.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, bir çox hallarda Xıdır və Xızır sözləri arasındakı oxşarlıq çaşqınlıq yaradır. Xıdır Nəbi bilavasitə Kiçik çillənin ilk ongünlüyündə keçirilən xüsusi mərasimlə bağlı olduğu halda, Xızır, dediyimiz kimi, yaşıllıqla, baharla bağlıdır. Əslində isə bunların bir-biri ilə heç bağlılığı yoxdur. Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında qeyd edir ki, Xıdır Nəbi mərasiminin su və yaşıllıqla heç bir əlaqəsi ola bilməz. Naxçıvanın dağlıq bölgələrində bu dövrdə bir metrə qədər qar olur. Deməli, fevral ayında keçirilən Xıdır Nəbi bayramı ilə mayda keçirilən Hıdır­-Ellezi qarışdırmaq o qədər düzgün olmazdı. Müəllif sonra qeyd edir: “Təkcə Azərbaycan türkləri deyil, digər türk xalqlarında da bu bayram qeyd edilir. Anadolu türklərində bayram “Hıdır-Ellez” adı ilə may ayının 6-da, Balkanlardakı müsəlman-türk xalqları arasında isə aprel ayının üçüncü ongünlüyündə keçirilir. Türkiyənin İqdır bölgəsində isə Xıdır Nəbi bayramı Naxçıvanda olduğu kimi fevral ayında qeyd edilir”.

Naxçıvan şəhəri və ətraf kəndlərdə Xıdır Nəbi Kiçik çillənin ikinci cümə axşamı və ya Kiçik çillənin yarı olmasına yaxın olan cümə axşamı keçirilir. Babək rayonunun əksər kənd­lərində isə Xıdır Nəbi Kiçik çillənin yarısına yaxın çərşənbə axşamı (eynilə çərşənbələr kimi) qeyd edilir. Mərhum professor, folklorşünas Məhərrəm Cəfərli çərşənbə günü keçirilən bayramı “bəy”, cümə axşamı keçiriləni “rəiyyət Xıdır Nəbisi” adlandırırdı.

Xıdır Nəbinin keçirilmə mərasimi, demək olar ki, hər yerdə oxşardır. Adətən, Xıdıra yay dövründən hazırlıq gedir. Çətənə, küncüt, fındıq, şabalıd, noxud, püstə, badam, cəviz, ərik dənəsi, qarpız toxumu tədarük edilər və Xıdır günü qovurulardı. Qovurğanın əsasını isə buğda təşkil edir. Qovurğa qarışığına kişmiş, mövüc, iydə, tut qurusu, xurma qarışdırılır, əsasən, ağ, yumşaq növ buğdadan hazırlanır. Qovurğa dəstərdə (kirkirə, əl daşı) çəkilir və ya dibəkdə döyülür, qovut hazırlanır. Qovut uzaq səfərə gedən adamlar üçün çörəyi əvəz edən yol azuqəsi kimi də istifadə edilərdi. Qovut axşam pəncərə qabağında sərili qoyulardı ki, gecə Xızır Peyğəmbər qovuta əlini və ya çəliyini vursun. Quru halda qovutu yemək çətin olduğu üçün onu yoğurarlar. Qovut yoğurmaq üçün, əsasən, doşabdan istifadə edirlər. Doşabı bal ilə də əvəz etmək olar. Heç biri olmadıqda isə şəkər şərbəti hazırlayıb şərbətlə yoğururlar.

Göründüyü kimi, xalq təqviminin mühüm mərhələsini təşkil edən bayramlarda fərqli ayinlər icra olunub və onların bir çoxu günümüzdə yaşamaqdadır.

"Şərq qapısı" qəzeti
31.01.2019


      Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, rayonumuzun ərazisində xeyli tarixi və arxeoloji abidələr var. Həmin abidələrin hər biri xalqımızın keçmişini öyrənmək üçün əvəzsiz mənbədir. Uzaq keçmişin izlərini, yadigarlarını özündə yaşadan, zamanın ruzigarına bu günə kimi sinə gərən hər bir abidənin özünəməxsus sirri, sehri var. Qədim memarlıq nümunələri olan abidələrin hər biri öz orijinallığı ilə seçilir. Şahbuz rayonu ərazisində olan Kolanı nekropolu haqqında oxucularımıza məlumat vermək istəyirik. Şahbuz rayonunda eyniadlı kəndin yaxınlığında, Naxçıvançayın sol sahilində e. ə. I minilliyin əvvəllərinə aid arxeoloji abidədir. 1986-cı ildə qeydə alınıb. Abidədə sal daşlardan qurulmuş 16 daş qutu qəbir öyrənilib. Qəbirlərin torpaq örtüyündən və içərisindən xeyli çəhrayı gil məmulatı, tunc silah və bədii tərtibatda hazırlanmış bəzək şeyləri (boyunbağı, üzük, sırğa, bilərzik, muncuq, düymə, quş fiqurları və s.) obsidian (dəvəgözü) lövhələr, ox ucluqları, əqiq və balıqqulağından hazırlanmış muncuqlar aşkar edilib. Son Tunc və ilk Dəmir dövrlərinə aid bir daş qutu qəbirin yan hörgü daşları üzərində sxematik şəkildə çəkilmiş atlı rəsmi və müxtəlif piktoqrafik işarələr sənətkarlıq xüsusiyyətlərinə görə Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil edir. Tapıntılar Şahbuz rayon Tarix-Diyarşünaslıq muzeyində və Naxçıvan Dövlət Tarix muzeyində saxlanılır. Materiallar Naxçıvan ərazisi üçün səciyyəvi olub. Xocalı-Gədəbəy mədəniyyəti abidələrində analogiya tapır.

"Nuhçıxan" İnformasiya Agentliyi
27.01.2019


      Yazının sərlövhəsini əbəs yerə belə seçməmişəm. Bu yaxınlarda Bəhruz Kəngərli Muzeyində olarkən rəssamın əsərləri qarşısında heyranlıqdan gəldiyim qənaət belə oldu: Yaş 30, baxış 60. Bəli, cəmi 30 il bu gəlimli-gedimli, bir ucu ölümlü dünyanın qonağı olan, ömür pəncərəsindən həyatı, sadəcə, bir qərinədən də az seyr edən rəssamın zamana baxışının, dünyagörüşünün yaşı 60, hələ, bəlkə də, bundan çox olub. Sözsüz ki, Bəhruz bəy Kəngərlinin əsərlərinə tamaşa edən hər bir kəsdə heyranlıq hissi yaranmamış olmaz. Hələ üstəlik onun 30 səhifəlik ömür kitabını vərəqləyib, bu üç onilliyin birini onun uşaqlığına çıxanda, yerdə qalan illərdə bu qədər, həm də bir-birindən gözəl, qeyri-adi əsərlərin yaranmasını zamanın ömrə, yoxsa ömrün zamana sığdırması qarşısında heyrət etməyə bilmirsən. Düşünürsən ki, bu, yalnız Yaradanın yaratdığına verdiyi nadir istedad ola bilər.

Nədənsə, rəssam deyəndə adamın gözləri önündə yaşlı, saçları ağarmış, üzü yaşanan illərin hər birindən bir cizgi almış insan canlanır. Lakin Bəhruz bəy rəssamlığa yeniliklər gətirdiyi kimi, özü də bir çox rəssamlardan fərqli ömür sürdü. Bir əsrdən artıqdır ki, o, qəlblərdə öz gənc portreti ilə yaşayır. İndiyədək çox rəssamların əsərlərinə baxıb, onların yaradıcılığı ilə tanış olub, fəaliyyəti haqqında oxumuşuq. Yaradıcılığa, adətən, kiçikhəcmli əsərlərlə başlayan, gənclikdə daha asan mövzulara toxunub, daha sonralar, yəni püxtələşdikcə fırçasını abidələr, tarixi məkanlar, portretlər yaratmaqda sınayan rəssamları tanımışıq. Lakin Bəhruz bəy yaradıcılığa elə böyük əsərlərlə başlayıb. Onun “Möminə xatın türbəsi”, “İmamzadə”si, “Şəhər məscidi”, “Əshabi-Kəhf”i, “Nuhun qəbri”, həqiqətən də, öz dövrünün gəncliyində fərqli bir gənc olduğundan söhbət açır. Bu rəsmlərdəki çalarlar, rəng keçidləri heç də hər gəncin duyub, düşündükləri ola bilməz. Sözsüz ki, rəssamın abidələrlə zəngin şəhərin – Naxçıvanın sakini olması da onun yaradıcılığını başqalarından fərqləndirib, əlinə fırça alandan ətrafında gördüklərini rəsmlərə köçürməsinə səbəb olub. Elə illərdir ki, diyarımızda tarixi abidələrin bərpasında orijinal görüntü olaraq Bəhruz bəyin əsərlərinə istinad olunur.

Budur, rəssamın sulu boya ilə çəkdiyi “Qaçqınlar” silsiləsindən olan 30-dək əsəri – “Qaçqınlar”, “Ayaqyalın qadın”, “İki qaçqın qız” və sair... 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlərdə üzlərdəki kədər, doğma ocaq yanğısı necə də poetik çalarlarla əks olunmuşdur! Sanki rəsmlər dil açıb qaçqınlıq acısından, torpaq həsrətindən danışacaq. Bir-bir baxıb keçdiyim bu rəsmlər mənə sanki bir film təsiri bağışlayır.

Sözsüz ki, hər bir rəssamın əsərləri onun dünyagörüşünün, bu həyatı necə gördüyünün, bəzən görmək istədiyinin əksidir. Bəhruz bəyin realist rəssam kimi yetişməsi də, təbii ki, onun həyat hadisələrinə düzgün yanaşmasından doğub. Və onu Azərbaycan rəssamlığına realizmi gətirən Bəhruz bəy Kəngərli kimi bu sənətin tarixinə həkk edib. Hadisələrə ahıl bir insanın gözü ilə baxıb, gənc bir adamın enerjisi ilə gecəsini gündüzünə qatıb yaratdığı saysız əsərlərin müəllifinin 22 yaşlı rəssam olması insanda heyrət doğurur. 1914-cü ilin iyununda Naxçıvanda açılan bu əsərlərdən ibarət ilk böyük sərgisindəki tamaşaçı heyranlığı “İqbal” qəzetinin onun haqqında bu cümləni yazması ilə nəticələndi: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”. Tək realizmmi? Bəhruz bəyportret və mənzərə janrlarında da gözəl rəsm əsərləri yaratmışdır. Onun portretlərinə diqqətlə baxanda özünü sanki canlı insanlarla qarşı-qarşıya durubmuş kimi hiss edirsən. Kömürlə işlədiyi akademik əsərləri və portretləri isə adama möcüzəvi təsir bağışlayır, ağ kağızın üzərində qara kömürlə müxtəlif obrazlar yaratmağın çətinliyi insan zəkasının nələrə qadir olduğundan “söhbət açır”. “Nəhəcir dağları”nın, “Ağrı dağı”nın, “Haçadağ”ın, ümumilikdə isə “Dağlar”ın füsunkarlığı, “Ağaclar”ın, “Bahar”ın, “Payız”ın göz­oxşayan, könülaçan mənzərələri qarşısında heyrət edirsən. Mənzərələrdəki rəng seçimi, təbiilik bir insanın təbiətə necə bağlılığının, onu duyduğunun, hiss etdiyinin göstəricisidir.

“Naxçıvan toyu” bir əsr bundan əvvəlki toylarımızın bugünkülərə nümunə olan mənzərəsini, buradakı milli geyimlər, zinət əşyaları, çalğı alətləri, rəqslər qədim diyarımızın zəngin mənəvi irsini ortaya qoyur. “Naxçıvan gözəli” bu yurdun təbii, boyasız gözəllərindən, “Naxçıvan çaparı” igid, ər oğullarımızdan “danışır”.

2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə açılışı olan Bəhruz Kəngərli Muzeyində rəssamın sərgilənən əsərlərindən 61-i orijinaldır. Bundan başqa, muzeydə onun yaradıcılığı boyu cızıb, yəqin ki, sonralar rəsm əsərlərinə çevirmək istəyində olduğu 109 eskiz də yer alır. Bu eskizlər də onun əsərləri qədər dəyərlidir. Diqqət­çəkən məqamlardan biri rəssamın sərgilənən əsərləri arasında “Yatmış uşaq” silsiləsindən olan 30-dək rəsmdir. Müxtəlif fonlarda, vaxtlarda çəkilmiş bu rəsmlər sirli məqamları ilə insanı düşünməyə vadar edir. Nə üçün bu qədər yuxuda olan uşaq rəsmi, məsum görüntü? Çox düşünürəm və belə qənaətə gəlirəm ki, bu rəsmlər, bəlkə də, rəssamın duyğularında yaşatdığı övlad həsrətindən doğubmuş?..

Bəhruz Kəngərli həm də milli teatr rəssamlığının banilərindəndir. O, Naxçıvan teatrında səhnəyə qoyulan 60-dək əsərə, o cümlədən “Ölülər”, “Hacı Qara” , “Pəri-cadu” tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir.

Bəhruz bəyin füsunkar əsərlərinə tamaşa edə-edə ümummilli liderimiz Heydər Əliyevin rəssam haqqında söylədiyi fikirləri xatırlayıram: “Bəhruz bəy Kəngərlinin əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustadlığına görə, ikincisi, onun yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm. Xüsusən o ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz əsərlərində əks etdiribdir”.

Naxçıvanda istedadlı insan, unudulmaz şəxsiyyətlərdən biri kimi Bəhruz bəy Kəngərliyə də layiq olduğu yüksək dəyər verilib. Naxçıvan şəhərində rəssamın adını daşıyan muzeyi və bir zamanlar sərgisi açılan yerdə Rəssamlar Parkı yaradılıb. Rəssamlar Birliyində Bəhruz Kəngərli adına Sərgi Salonu açılıb. Əsərlərinin tam külliyyatı albom-kataloq şəklində hazırlanıb, haqqında sənədli film çəkilib. Şair-dramaturq Adil Babayevin rəssama həsr etdiyi “Yarımçıq şəkil” pyesi tamaşaya qoyulub. 120 illik yubileyinə həsr olunan zərf və marka buraxılıb. Məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb və sair. Bəhruz bəy Kəngərlinin adının əbədiləşdirilməsi və irsinin öyrənilməsi ilə bağlı bütün bu işlərin müəllifi olan Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Əgər Əcəmi Naxçıvani Azərbaycan memarlıq sənətində yeni bir məktəbin əsasını qoymuşdursa, görkəmli fırça ustası Bəhruz bəy Kəngərli də Azərbaycan rəssamlığında realizm məktəbini yaratmışdır”.

Muzeydə rəssamın əsərləri ilə yanaşı, naxçıvanlı rəssamların Bəhruz bəyi düşündükləri, xəyallarında canlandırdıqları kimi portretləşdirdikləri əsərlər də sərgilənir. Rəssama, onun əsərlərinə olan sevgi xalçaçı rəssam Aynurə Əsədullayevanın “Bəhruz Kəngərli dünyası” adlı əsərində isə daha özünəməxsus şəkildə ifadə olunub. Bəhruz bəyin 1911-ci ildə işlədiyi avtoportretinin və onun ətrafında əsərlərinin də ilmə-ilmə xalçaya köçürülməsi rəssama sevginin, əsərlərinə heyranlığın təzahürüdür. Muzeydə sərgilənən kitablar da rəssamın həyat və yaradıcılığının öyrənilməsinə əvəzsiz töhfədir.

Muzeydən Bəhruz bəyin qısa, lakin zəngin ömür yolunun, bənzərsiz yaradıcılığının təəssüratları ilə ayrıldım. Yolboyu bir zamanlar çox istedadlı, lakin bir o qədər də sadə insan olan İohann Sebastyan Baxın şagirdinin onun məzarı üstündə söylədiyi fikirləri xatırlayıram: “Bizim qoca o qədər sadəürəkli idi ki, dahiliyinin qiymətindən xəbəri yox idi. Dünyanın tanıyıb onu anlaması üçün aradan, bəlkə də, əsrlərin keçməsi lazım olacaq”.

Bəli, əsrlər sonra Bax musiqisi qarşısında bütün Avropa “diz çökdü”. Düşünürəm ki, Bəhruz bəy Kəngərli yaradıcılığının sirli məqamları bir gün tamamilə tədqiq olunarsa, onun 2 mindən çox itmiş əsəri tapılıb ortalığa çıxarılarsa, bu əsərlər qarşısında isə Qoca Şərqin “diz çökəcəyi” sözsüzdür.

Beləcə, Bəhruz bəy Kəngərlinin əsərləri ilə tanış olandan və onlara doyunca tamaşa edəndən sonra mən də riqqətə gəlib bir portret yaratmaq istədim, lakin fırça və rənglərlə deyil, qələm və sözlə. Buna nə dərəcədə nail olduğumu deyə bilməsəm də, “Yaşlanmamış yaşlı” adlı bir portret yaratdım...

"Şərq qapısı" qəzeti
23.01.2019


      Naxçıvan ərazisindəki tarixi körpülər içərisində aşırımlarının sayına görə ən böyüyü olan Aza körpüsü Ordubad rayonunun Aza kəndində Gilançayın üzərində XVII əsrdə salınmış memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu isə 46 paqonometrdir. Körpü beşaşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilib. Körpü inşa edilərkən ərazi nəzərə alınıb, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulub. Tağların dördündə dalğakəsən vardır.

Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində yerləşən Aza körpüsü Böyük İpək Yolu ilə Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa edilib. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Körpü baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılıb, sonralar təmir edilib. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından bu abidə 1997-ci ildə əsaslı şəkildə bərpa olunub.

Gilançayın üzərində salınmış digər körpü isə Biləv körpüsüdür. Bu körpü beşaşırımlı olsa da, yalnız bir qisminin qalıqları dövrümüzədək gəlib çatıb. XVIII əsrə aid olan bu körpünün aşırımları arasındakı məsafələr müxtəlifdir. Tağabənzər aşırımlar dördkünc formalı dayaq sütunlar üzərində inşa olunub. Körpünün eni 3,3 metr, uzunluğu isə 55 metrdir. Körpü əhəng məhlulu ilə irihəcmli çay daşları və qaya parçalarından hörülüb, yonulmuş daşlarla üzlənib.

Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində salınmış ikitağlı birinci Bist körpüsünün tikintisində həm daş, həm də kərpicdən istifadə olunub. Körpünün I Şah Abbas dövründə inşa edilməsi ehtimalı var.

İkinci Bist körpüsü isə kəndin cənub-şərqində Nəsirvaz çayı üzərində salınmış tarixi-memarlıq abidəsidir. Birtağlı olan bu körpünün uzunluğu, təqribən, 23, hündürlüyü 10, eni isə 4 metrə yaxındır. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etməklə yanaşı, ticarət karvanlarının hərəkətini asanlaşdırmaq olub. Cənub tərəfdə, daşın üzərində 1869-cu il tarixi yazılıb. Tikinti texnikasına görə o, birinci Bist körpüsü ilə oxşarlıq təşkil etsə də, ondan sonrakı dövrdə inşa edilib. Naxçıvan Abidələri Ensiklopediyasında qeyd olunur ki, böyük ehtimalla körpü 1869-cu ildə təmir olunub. Körpü XVII-XVIII əsrlərə aid edilir.

Ordubad rayonunda daha bir tarixi körpü isə Ələhi kəndinin yuxarı hissəsində, Ələhi çayı üzərindəki tarixi-memarlıq abidəsidir. Körpü ikiaşırımlı və çatmatağlıdır. Kobud şəkildə yonulmuş boz dağ daşından inşa edilib. Tikilinin uzunluğu 30, eni 3, hündürlüyü isə 6,5 metrdir. Körpünün qərb oturacağı qaya üzərində hörülüb. XVIII-XIX əsrlərə aid edilən bu körpü hazırda kənd əhalisinin istifadəsindədir.

"Nuhçıxan" İnformasiya Agentliyi
21.01.2019


Xatirə muzeyi
      Şəhidlərin xatirəsinin əbədiləşdirildiyi ünvanlar qəhrəmanlıq və vətənpərvərliyin gənc və gələcək nəsillərə aşılanması baxımından böyük əhəmiyyət daşıyır. Belə ünvanlardan biri də 1997-cu ildən Naxçıvan şəhərində yaradılan Xatirə muzeyidir. Muzey 2015-ci ildən öz fəaliyyətini daha uyğun bir ərazidə - Şəhidlər xiyabanının yaxınlığında yeni binada davam etdirir. 2000-ə qədər eksponatın qorunduğu muzeydə XIX əsrin sonlarından XXI əsrin əvvəllərinədək erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri və şəxsi əşyaları nümayiş etdirilir.

Eksponatlar içərisində fotolar üstünlük təşkil edir. Elə mahiyyət də bu fotolardadır. Hər fotodan düşmənə qəzəb hissi ilə köklənmiş və müqəddəs amal uğrunda canını fəda etmiş Vətən oğlunun baxışları boylanır. İnsanın qəlbi qürur hissi ilə dolur. Adları dilimizdə iftixarla səslənir: Vaqif Əhmədov, İmamverdi Hacıyev, Hidayət Əbdülhəsənov, İlqar Musayev...

Cəbhədə göstərdikləri şücaətlərinə görə Naxçıvan torpağının yetirməsi olan 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kərim Kərimov, Əmiraslan Əliyev, Səyavuş Həsənov, Əli Məmmədov, İbrahim Məmmədov, Yusif Mirzəyev, Mirəsgər Seyidov, Məhərrəm Seyidovun keçdiyi şərəfli döyüş yolu muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə tamaşaçılara təqdim olunur. 20 Yanvar hadisələrindən iki gün əvvəl Sədərəkdə başlayan döyüşlər barədə də muzeydə ətraflı məlumat almaq olar. 1990-1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum edib. Mənfur düşmən Sədərəyə 300-ə yaxın top mərmisi atıb, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıb. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb ki, onların 52 nəfəri rayonun yetirmələridir. Sədərək uğrunda gedən döyüşlərdə Naxçıvan ilk şəhidlərini verib: Məhərrəm Seyidov,İdris Məmmədov, Abbasəli Nəzərəliyev, Mirhəşim Seyidov, Etibar Əhmədov, Məmməd Məmmədov əsl vətənpərvərlik örnəyi oldular. Bu gün Vətən oğullarının xatirəsi muzeydə eksponatlar vasitəsilə qorunub saxlanılır və qəhrəmanlıqları təbliğ edilir. Muzeyin dəyərli eksponatlarından biri də 1990-cı ildə çəkilmiş Sədərəkdə könüllülərdən ibarət özünümüdafiə dəstəsinin fotoşəklidir.

Qəhrəmanlıq zirvəsinə yüksələn şəhidlərimizin əksəriyyəti çox gəncdir və insan onların Vətən sevgisinə sözün həqiqi mənasında qibtə edir! Bu zirvəyə yol ancaq Vətəni, Torpağı, Milləti canından çox sevməkdən keçir. Onlar bu sevgi ilə də adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazdırmaq şərəfinə nail ola biliblər.

Bəli, xalqımız böyük bir qəhrəmanlıq tarixinə malikdir. Və bu gün Azərbaycan qüdrətli orduya sahibdir. Müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam və yüksək döyüş ruhu ilə seçilən Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan qüvvədir.

Düşməndən fərqli olaraq Azərbaycan əsgəri niyə və nəyin uğrunda mübarizə apardığını bilir. O, öz müqəddəs Vətən torpaqları uğrunda savaşır. Haqq da onundur, qəhrəman da odur. Naxçıvanın hərbi potensialının yüksək səviyyədə olduğunu bildirən ölkə başçısı cənab İlham Əliyev 1990-cı illəri belə xarakterizə edir: “1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular”.

Müasir dövr tarixini əks etdirən eksponatlar içərisində 90-cı ildə şəhid olan həmyerlilərimizin fotoları və xatirə əşyaları üstünlük təşkil edir. Sədərək uğrunda gedən döyüşlərdə oğullarımız şücaət göstərib, sinəsini sipər edib, düşmənin layiqli cavabını verib. Muzey eksponatları sanki dil açıb həmin tarixi bu gün də tamaşaçıya danışır.

Muzeydə açıq və distant dərslərin keçirilməsi də bir ənənə halını alıb. Ələlxüsus da tarixi günlərdə muzey bir məktəb rolunu oynayır, yurda bağlılıq, vətənpərvərlik, qəhrəmanlıq gənc nəslə aşılanır.

Bayraq muzeyi
      Bu gün şəhərimizin ən yüksək zirvəsində üçrəngli bayrağımız qürurla dalğalanır. Bura Bayraq Meydanıdır. Hər bir Azərbaycan vətəndaşının and yerinə çevrilən müqəddəs məkan. Burada ucalan üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi, öz yurdumuza öz hakimliyimizin simvoludur. Bu bayrağı dalğalandırmaq üçün minlərlə Vətən övladı öz canından keçib. Nəticədə indi bayrağımız ölkəmizin inkişafına şahidlik edir. Və nə xoşbəxtik ki, bayrağımız ikinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin səyi ilə ilk dəfə Naxçıvanda Dövlət Bayrağı kimi göyə qaldırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Həmin muzeydə dövlət atributları ilə yanaşı, mühüm tarixi sənədlər də əbədiləşdirilib. Belə ki, muzeydə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları muzeyin ekspozisiyasında yerləşdirilib. Ali Məclis Sədri tərəfindən hədiyyə olunan Azərbaycan Respublikasının Dövlət Himninin mətni və Dövlət gerbi dəyərli eksponatlar sırasındadır.

Muzeydə distant və açıq dərslərin keçilməsi ilə yanaşı, dövlət orqanlarında yeni işə başlamış dövlət qulluqçularının andiçmə mərasimi də keçirilir. Dövlət qulluqçuları Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlətçiliyi və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun sürətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli sürətdə and içirlər.

Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Xatirə Muzeyi ilə Bayraq Muzeyini mahiyyət etibarilə bir-birinə bağlayan detallardan biri də birinin digərini tamamlamasıdır. Tarixən ulu babalarımız Azərbaycanın müstəqilliyi naminə mübarizə aparıblar. Şəhidlər veriblər, lakin geri çəkilməyiblər. Üçrəngli bayrağı öz qanları bahasına da olsa, Vətən göylərində dalğalandırmağa nail olublar. İndi ordusuna güvənən xalqımız müstəqilliyimizin əbədi rəmzi olan üçrəngli bayrağımız altında firavan yaşayır, Azərbaycan gəncliyi gələcəyə ümidlə baxır.

1990-cı illərin ağır, böhranlı günlərində qaldırılmış bu bayraq indi gecələr şölələnən işıq selində qürurla dalğalanır. Bayrağımızın qürurla dalğalanmağa və bizim də qürurlanmağa haqqımız var. Çünki bu bayrağın altında Azərbaycanın güclənən iqtisadiyyatı, müasir infrastrukturu, qüdrətli ordusu və ən əsası vətənpərvər gəncliyi cəm olub.

İstər şəhidlərimizin xatirəsinə yaradılmış muzey, istərsə də Bayraq muzeyi bu torpaqda şəhidlərə yüksək ehtiramın və dövlət atributlarımıza sevginin təzahürüdür.

"Nuhçıxan" İnformasiya Agentliyi
21.01.2019


Xatirə muzeyi
      Professional teatrların formalaşmasında baza rolunu oynayan xalq teatrları bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Muxtar respublikamızda xalq teatrları hazırladıqları müxtəlif məzmunlu tamaşalarla sakinlərin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsində əhəmiyyətli rol oynayırlar. 2009-cu ildə yaradılan və bu il 10 yaşını qeyd edən Babək Rayon Xalq Teatrı da ötən dövr ərzində hazırladığı biri-birindən maraqlı tamaşalarla tamaşaçı rəğbəti qazanıb, peşəkar kollektiv formalaşdıra bilib.

İlk dəfə 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxan Babək Rayon Mədəniyyət Evinin dram dərnəyinin üzvləri 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir hissəni tamaşaçılara təqdim ediblər. Öz üzərlərində daima çalışan dərnək üzvləri 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsəri ilə daha peşəkar səviyyədə tamaşaçıların qarşısında çıxış ediblər. Elə həmin il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Xalq teatrı” adı verilib.

10 illik yubileyini qeyd edən Babək Rayon Xalq Teatrı bugünədək öz repertuarına 14 tamaşa daxil edə bilib. Teatrın kollektivi “Ezop”, “Yollara iz düşür”, “Şeyx Rəhmətullah”, “Solğun çiçəklər”, “İkinci səs”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Xəcalət”, “Unuda bilmirəm”, “Bəxtsiz cavan”, “Subaylarınızdan görəsiniz” və son olaraq “Beş manatlıq gəlin” tamaşalarını uğurla səhnəyə qoyub. Bu illər ərzində Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Naxçıvan şəhərlərində qastrol səfərlərində uğurlu çıxış edən teatrın hazırda 8 üzvü var. Bir-birindən maraqlı komediya və dram əsərlərində rol alan Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, Stella Babayeva, İsmayıl Qurbanov, Rasim Qasımov, Ələkbər İsmayılov, Nuray Mehdiyeva, Xanım Nəsirova və teatrın quruluşcu rejissoru, Prezident mükafatçısı Yusif Əliyev Babək Rayon Xalq Teatrının repertuarının daha da zənginləşməsi üçün daim çalışırlar.

Babək Rayon Xalq Teatrı 2015-ci ildə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı”nda birinci yerə layiq görülərək, diplomla təltif olunub. 2017-ci ildə keçirilən festivalda Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşası ilə çıxış edən Babək Rayon Xalq Teatrı “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

Teatrın üzvü, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli bildirir ki, muxtar respublikanın rayonlarında müstəqil teatrların yaradılması ideyası təqdirəlayiq haldır. Beləliklə, əvvəllər tamaşaçı nəfəsinə həsrət qalan salonlarımız yenidən canlanıb. Təkcə Babək Rayon Xalq Teatrı 10 il ərzində biri-birindən maraqlı və müxtəlif süjet xəttinə malik olan əsərlərə müraciət edib və uğurlu tamaşa həllinə nail ola bilib. Qazandığımız təkcə nailiyyətlər deyil. Bu illər ərzində bizimlə çiyin-çiyinə çalışan gənc aktyorlar səhnədə püxtələşərək zamanla peşəkarlıq qazanırlar. Sözün həqiqi mənasında onları sənətə qazandıra bilmişik. Son olaraq ötən günlərdə Babək Rayon Mədəniyyət Sarayında görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadinin “Beş manatlıq gəlin” komediyası əsasında hazırladığımız tamaşanı rayon sakinlərinə təqdim etdik. Təqdim olunan sürətlər əgər auditoriyadakı tamaşaçıda nikbin notlar doğura bilirsə, deməli aktyor öz missiyasını uğurla yerinə yetirib. Hesab edirəm ki,“Beş manatlıq gəlin” tamaşası da kollektivimizin uğurlu səhnə əsərlərindəndir.

"Nuhçıxan" İnformasiya Agentliyi
19.01.2019


      Ulu babalarımızın hikmət dünyasından yoğrulan qədim musiqi alətlərimizdən biri də sazdır. Sazın ürək ovsunlayan səsində Dədə Qorqud nəfəsi, Koroğlu cəngisi, Kərəm yanğısı duyulur. Qədim alətimiz olan saz bizim mədəniyyətimiz, keçmişimizdir. Cilalana-cilalana dövrümüzə qədər gəlib çıxmış sazımız, bu qədim musiqi alətində çalınan mahnılar yurd sevgimizi, torpaq təşəbbüsümüzü, təmiz məhəbbətimizi özündə yaşatmış, bu gün də yaşatmaqdadır.

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamında qeyd olunur ki, “Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtı ilə geniş yayılmış qədim çalğı alətlərimizin də bu gün geniş təbliğinə və gənc nəslə, eləcə də beynəlxalq ictimaiyyətə tandılmasına ciddi ehtiyac vardır.

Xalqımızın müstəqillik yoluna qədəm qoyduğu indiki şəraitdə xalq yaradıcılığının, əsrlər boyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir”.Bəli, ulularımızın hikmət dünyası, qədim musiqi alətlərimizdən biri olan saz xalqımızın yaddaşıdır, sazın ecazkar səsini eşidəndə həm milli musiqimiz, həm də milli şeirimiz gözlərimiz qarşısında bütün incəliyi, əvəzsiz gözəlliyi ilə canlanır. Milli ruhumuz sazın tellərinə hopduğu kimi, saz da bu ruhla cilalanıb.

Yaşı minilliklərlə ölçülən şeirimizin yüksəlişində saz sənətinin rolu əvəzsizdir. Xalqımızın aşıq sənəti hətta Avropada da sevilmiş, bir çox şəxsiyyətlərin qəlbinə yol tapmışdır. Görkəmli rus şairi Mixail Lermontov və İtalyan bəstəkarı Qliyer bu sənətin sehrli dünyasından faydalanıblar. Xalqımız qədim zamanlarda olduğu kimi, bu gün də saz dünyasına böyük rəğbət bəsləyir, ona sonsuz sevgi ilə yanaşır.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda aşıq sənətinin yüksəlişi yolunda əvəzsiz işlər görüb. Aşıq sənətinin bir çox tanınmış nümayəndələrinin yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə keçirilib, Azərbaycanda Aşıqlar Birliyi təşkil olunub.

Qopuz-saz xalqımızın, ümumiyyətlə, türk dünyasının döyüş marşını, savaş himnini çalıb, qəlbimizdə yurdsevərliyi formalaşdırıb. Aşıqlarımız saz çiynində oymaq-oymaq yurdumuzu gəzib, toy-düyünlər yola salıb, öyüd-nəsihəti, hikmətli kəlamları ilə yaddaşımızı təzələyib, bizə doğru yol göstəriblər. Kökü bizim eranın əvvəllərinə gedib çıxan, bir sıra boylarındakı motivləri V-VII yüzilliklərlə səsləşən “Kitabi-Dədə Qorqud” boylarının musiqi tutumu, oradakı söyləmələr, dil-üslub xüsusiyyətləri, musiqi alətlərinin adları bizə xalqımızın qədimliyindən xəbər verir. Bir sözlə, eposdan aydın olur ki, ozan da, onun çaldığı qopuz da uludur,müqəddəsdir.

Qədim Naxçıvan torpağında sözün qiymətini bilən, saz sənətimizi yaşadan sənətkarlarımız Naxçıvan aşıq məktəbini yaradıblar. Aşıq Abbas Dəhni, Ululu Kərim, Aşıq Molla İsmayıl, Aşıq Nəcəfalı, Dəvəçi Heydər, Aşiq Fətullah, Aşıq Nabat, Sərraf Qasım, Aşıq Həsənalı və digər Naxçıvan aşıqları haqqında rəvayətlər yaradılıb, bu sənətkarların qoşma, gəraylı və təcnisləri xalqın malına çevrilibdir.

Rayonumuzda da ötən əsrdə aşıq sənəti ruhunda yazıb-yaradan sənətkarlar olub. Bu sənətkarlardan biri də el arasında “Yamən” və “Sail” imzaları ilə söhrət qazanmış Yamin Abbasovdur. O, incə ruhlu şeirləri ilə oxucuların qəlbinə yol tapmış, insanların zövqünü oxşayan qoşma və gəraylıları ilə sevilmiş, “Sail və Sənəm”, “Qaçaq Zelan” dastanlarının müəllifi olmuşdur. Onun “Sapdan-sapa düzüldüm” şeirlər kitabı hələ Sovetlər birliyi dönəmində çap olunub, oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Müasir gənclik bir çox qədim sənət növləri ilə yanaşı, saz sənətinə də böyük maraq göstərir, onu dərindən öyrənir, bu sənətimizi yaşadır. Bənəniyar uşaq musiqi məktəbinin yetirməsi, hazırda Naxçıvan Musiqi Kollecinin saz ixtisası üzrə tələbələri Aydın Quliyev və Dilavər Yaqubov saz sənətinin sirlərini öyrənir, bu qədim sənət növünü yaşatmaq üçün var qüvvələri ilə çalışırlar.

Saltaq kənd tam orta məktəbinin müəllimi Hilal Gülməmmədov, Bənəniyar kənd sakini Güloğlan Əliyev və başqaları saz sənətimizə hörmətlə yanaşır, onu ustalıqla ifa edirlər.

"Nuhçıxan" İnformasiya Agentliyi
13.01.2019


      Azərbaycan tikmə sənətinin tarixinə nəzər salsaq, qədim və çoxçalarlı olduğunu görərik. Klassik şairlərimizin əsərlərində yer alan tikmə sənətinə aid nümunələrimiz dünyanın bir çox məşhur muzeylərində həm nümayiş, həm də mühafizə olunur.

Qədim və zəngin el sənəti nümunəsi olan bədii tikmələr adlarına, tikilmə texnikasına, işlənmə yerlərinə və s. xüsusiyyətlərinə görə biri-birindən fərqlənir. Xalqımıza məxsus ən qədim tikmə növlərindən biri təkəldüz tikmədir. Bu tikmə növündən Azərbaycanımızın bir çox bölgələrində istifadə olunsa da, daha çox Şəki bölgəsində yayılıb və müxtəlif formalarından istifadə olunub.

Təkəldüz tikmə demək olar ki, digər tikmələrdən ən çox alət və işlənmə texnologiyası ilə seçilir. Təkəldüz tikmə iynə ilə deyil, xüsusi hazırlanmış zərif və ucu iti başlıqlı qarmaqla tikilir. Bu alət “qullab” adlanır. Elə buna görə də təkəldüz tikmənin ikinci adına “qullabdüz” də deyilir. Qullabdüz sözü isə tikmək mənasını verir. Adətən qumaş (tirmə, mahud, şal və s.) sıx toxunuşlu və tünd rəngli olmalıdır. Bu tikmə üçün istifadə olunan iplər kimi al-əlvan yun və ipəkdən hazırlanmış qalın saplar götürürlər. Bu, təkəldüz tikmənin daha gözəl alınmasında əsas amil olmaqla, həm də estetik zövq bəxş etməsində önəmlidir. Al-əlvan saplarla, oriental formasında və nəbati naxışlarla işlənən tikmələr insanlara xüsusi bir zövq bəxş edir. Təkəldüz tikmələr, adətən, məişət əşyaları, geyimlər divar bəzəklərində işlədilir. Keçmişdə nişanlı qızların cehizləri üçün təkəldüz tikmədən bəzək vurulmuş əşyalar hazırlanırdı. (daraq qabı, örtük, yastıq üzləri və s.) Tikilməsi bir az çətin və güc tələb etdiyindən keçmişdə adətən kişilər bu sənət növü ilə daha çox məşğul olmuşlar.

Qeyd edək ki, təkəldüz tikmə növündən Naxçıvan bölgəsində də əşyaların üzərlərinin bəzədilməsi üçün istifadə olunub və bu ənənə hələ də davam etdirilməkdədir. Qədim tikmə növü olan təkəldüz tikmədən müasir günümüzdə də istifadə olunur. Bu isə digər sənət növlərində olduğu kimi qədim tikmə növlərinə də qırılmaz tellərlə sıx bağlılığımızın göstəricisidir.

"Nuhçıxan" İnformasiya Agentliyi
13.01.2019


      Xalqımızın yaratdığı, orada öz məişətini, düşüncələrini, adət-ənənələrini, mənəvi və maddi dünya haqqındakı təsəvvürlərini əks etdirdiyi xalçalar mədəniyyətimizin ən dəyərli qollarından biridir. El sənəti olan xalçaçılıın yaranma tarixi çox qədim zamanlara gedib çıxır. Naxçıvan şəhərinin yaxınlığında yerləşən Kültəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılan Neolit və Eneolit dövrlərinə aid cəhrə, Tunc dövrünə aid sadə toxuculuq dəzgahı bu sənətin qədimliyindən xəbər verir.

Naxçıvanda toxuculuğun, həmçinin xalçaçılığın inkişafına səbəb olan bir sıra amillər var. İnsanların qidalanmasında böyük rol oynayan, dadlı ətinə, südünə, toxuculuqda əvəzsiz xammal sayılan yüksək keyfiyyətli yununa olan tələbatla əlaqədar qədim zamanlardan burada qoyunçuluq əsas təsərrüfat sahələrindən birinə çevrilib. Bu isə xalçaçılığın inkişafı üçün münbit şərait yaradıb.

Mənbələrin verdiyi məlumata görə, Culfa bölgəsinin xalçaçılıqda geniş istifadə edilən, təbii boyaq bitkisi olan boyaqotu ilə zənginliyi də ərazidə bu sahənin inkişafını şərtləndirən amillərdən biridir. Həmçinin qeyd olunan ərazinin dünyanın digər yerlərində çox da rast gəlinməyən, boyaqçılıqda əvəzsiz xammal hesab edilən qırmızı böcəklə zəngin olması da xalçaçılığın yüksək səviyyədə inkişafı üçün zəmin hazırlayıb. O dövrdə Culfa və ətraf yerlərdə toplanan boyaqotu və qırmızı böcək yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır və həmin bazarlarda yüksək qiymətləndirilirdi. Ona görə də Culfa Orta əsrlər zamanı boyaqotu ixrac edən mühüm mərkəzə çevrilmişdi.

Rayonumuzda bu sənətlə məşğul olan qadınlarımız çox olub. Boyəhməd, Teyvaz, Xanəgah, Qazançı, Yaycı və başqa kəndlərdə hanalar qurulmuş, xalçalar toxunmuş, evlərin yaraşığı, qız-gəlinlərin cehizlikləri olmuşdur. Rayonumuzun kəndlərində toxunan xalçalarda insanların məişəti, adətləri və təbiət təsvirləri öz canlı əksini tapıb. Xüsusən də yaradılış və dəvə karvanları ilə ifadə olunan əbədi həyat və həyat ağacı məfhumları o dövrdəki mifoloji dünyagörüşün nə qədər inkişaf etdiyini göstərir.

Rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan bu xalçalar Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, – deyən ulu öndər Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda milli dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasi xətti uğurla davam etdirən ölkə rəhbərliyi tərəfindən görülən işlərin məntiqi nəticəsi kimi Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça emalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı və Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu el sənətinə göstərilən qayğının bariz nümunəsidir.

Xalçaçılıq sənətinin yaşadılması, onun xüsusiyyətlərinin gənc­lərə aşılanması məqsədilə Qazançı kənd Mədəniyyət Evində “Xalçaçılıq” dərnəyi açılıb. Hal-hazırda burada Mədəniyyət Evinin işçiləri tərəfindən xalça toxunur. Gələcəkdə bu dərnəyə uşaq və yeniyetmələrin cəlb edilməsi nəzərdə tutulub. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar toxunan ilk xalçada bu tədbirin loqosu öz əksini tapmışdır. Qazançı kənd Mədəniyyət Evində yaradılan bu dərnək gələcəkdə rayonun digər kəndlərindəki klub və mədəniyyət evlərində yaradılacaq dərnəklər üçün stimul rolunu oynayır. Hazırda Yaycı, Boyəhməd və Teyvaz kəndlərində bu dərnəklərin açılması nəzərdə tutulub.

"Nuhçıxan" İnformasiya Agentliyi
13.01.2019


      Yola saldığımız 2018-ci ildə muxtar respublikada mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, tarixi-mədəni irsimizin qorunub yaşadılması ilə bağlı iş davam etdirilmişdir. Aparılan quruculuq işləri zamanı yeni mədəniyyət obyektləri də istifadəyə verilmiş, tarixi abidələrimiz bərpa olunmuşdur.

2018-ci ildə Duz Muzeyi yaradılmış və Şərur rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir. Bu dövrdə Naxçıvan və Nehrəm imamzadələri, Qarabağlar Türbə Kompleksi, Yengicə kəndində Şərq hamamı, Qazançı kəndindəki tarixi körpü bərpa və konservasiya edilmişdir. Muxtar respublikanın Culfa rayonundakı Dizə və Qazançı, Babək rayonundakı Aşağı və Yuxarı Buzqov, Şərur rayonundakı Ərəbyengicə, İbadulla və Kosacan kənd mərkəzləri istifadəyə verilmiş, bu kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də lazımi iş şəraiti yaradılmışdır.

Ötən il xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi sahəsində bir sıra işlər həyata keçirilmişdir. Novruz bayramında Naxçıvan şəhərində və rayonlarda keçirilən el şənliklərində musiqi və folklor kollektivlərinin çıxışları olmuşdur.

İl ərzində əlamətdar və tarixi günlərlə bağlı 652 tədbir olmaqla, ümumilikdə, 4520 mədəniyyət tədbiri keçirilmiş, 588 sərgi yaradılmışdır. Muxtar respublikada festivalların keçirilməsi də ənənəyə çevrilmişdir. 2018-ci ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları-bal”, “Ailə təsərrüfatı məhsulları”, “Milli geyimlər” festivalları əhali və qədim diyara gələn qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Ötən ilin yaddaqalan mədəniyyət hadisələrindən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbirlərdir. Bu münasibətlə Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Heydər Əliyev Sarayında, Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında konsertləri olmuşdur.

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, rəqs qrupunun və “Şərur” Xalq Yallı Ansamblının çıxışları tədbir iştirakçılarında və qonaqlarda xoş təəssürat yaratmışdır.

2018-ci il “Şərur” Xalq Yallı Ansamblının tarixində əlamətdar və yaddaqalan hadisələrlə qalacaqdır. İlin əvvəlində kollektiv qardaş Türkiyənin Kastamonu şəhərində keçirilən “Kastamonu-2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimlərində uğurla çıxış etmişdir. Ansambl qardaş ölkənin Ankara və İstanbul şəhərlərində keçirilən Novruz şənliklərində də iştirak etmişdir. İlin sonunda “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı isə qədim yallılarımızın təbliği və tədqiqində yeni üfüqlər açmaqla bərabər mədəniyyətimizə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.

Yola saldığımız ilin tarixə yazılacaq hadisələrindən olan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” daim xatırlanacaqdır. İl boyu bu mühüm mədəniyyət ilinə həsr edilən müxtəlif rəngarəng tədbirlər davamlı olaraq həyata keçirilmişdir. Bununla bağlı 2771 tədbir keçirilib ki, onlardan da 263-ü mədəniyyət ilinə həsr olunub, 2509-u isə bu deviz altında təşkil olunub.

Bu əlamətdar hadisə ilə bağlı Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera Orkestrinin konserti olub və “İslam filmləri həftəsi” keçirilib, sərgilər, konfranslar, konsertlər təşkil olunmuşdur.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının 4 nəfərlik rəqs qrupu Malayziya Respublikasının paytaxtı Kuala-Lumpur şəhərində və Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov Pakistan İslam Respublikasının İslamabad və Lahor şəhərlərində keçirilən yubiley tədbirlərindəki konsertlərdə muxtar respublikamızı təmsil etmişlər.

Son illər qədim diyarımızda yeni muzeylərin yaradılması, muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması muzey işini təkmilləşdirmişdir. Ötən il Bəhruz Kəngərli Muzeyinin, Naxçıvan Duz Muzeyinin, Qarabağlar Türbə Kompleksinin saytları yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cu il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 2018-ci ildə muzeyləri 178 min 469 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 592 min 683 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində muxtar respublika sakinləri də fəal iştirak etmiş, muzeylərimizə 1564 eksponat verilmişdir. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq əllə toxunmuş xalçaların reyestri sistemi yaradılmış və 482 ədəd xalça haqqında məlumatlar reyestrə daxil edilmişdir. 2018-ci ildə muzeylərdə 12 distant, 371 açıq dərs keçirilib, 19 seminar treninq təşkil olunub və 104 sərgi yaradılmışdır.

2018-ci ildə kitabxanaların fəaliyyətinə diqqət artırılıb. Ötən il “Oxunması zəruri olan kitablar” Siyahısına daxil olan kitablarla bağlı 205 müzakirə olub. Ümumilikdə yola saldığımız il muxtar respublikanın kitabxanalarında 957 tədbir keçirilmiş və 424 sərgi təşkil edilmişdir.

Ötən il qədim diyarımızda görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması da diqqətdə saxlanmışdır. Belə ki, mədəni-maarif müəssisələrində görkəmli bəstəkar Qara Qarayevin 100, görkəmli rəssamlar Şamil Qaziyevin 110, İbrahim Səfiyevin 120, bəstəkar Hacı Xanməmmədovun 100, xalq yazıçısı İsa Muğannanın 90, şair Mikayıl Müşfiqin 110, əfsanəvi partizan Mehdi Hüseynzadənin 100 illik yubileyləri və başqa tədbirlər təşkil olunub.

Yola saldığımız ildə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 602 şagird bitirmiş, 2018-2019-cu tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunmuşdur. İl ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri üçün 16 ustad dərs və müəllimlər üçün 8 metodiki kurs təşkil olunmuş, təhsil ocaqlarında musiqili intellektual oyunların keçirilməsi davam etdirilmişdir. Naxçıvan Musiqi Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi və musiqinin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilmişdir. Kollecin musiqi kollektivlərinin rayon və kəndlərdəki konsertləri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

2018-ci ildə teatr kollektivləri də mədəniyyətə göstərilən qayğıdan bəhrələnərək yeni tamaşalar hazırlanmış, muxtar respublika sakinlərinin asudə vaxtının səmərəli keçməsinə çalışmışlar. Belə ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Qılınc və qələm”, “Əli və Nino”, “Xəyyam” və plandankənar “Qaynana əməliyyatı” əsərləri səhnəyə qoyulmuşdur. Naxçıvan Dövlət Kukla Teatrı balaca tamaşaçılar üçün “Ələddinin sehrli çırağı”, “Qırmızı, yaşıl, mavi”, “Qoğalın sərgüzəştləri”, “Tülkü həccə gedir” və “Cırtdanın sərgüzəştləri” tamaşalarını hazırlamışdır. Naxçıvan Dövlət Uşaq Teatrı “Bizə dovşan və meşəbəyi lazımdır”, Bu günün çay dəsgahı”, “Qar qızı axtarırıq” tamaşaları ilə uşaqların görüşünə gəlmişdir. Muxtar respublikanın Xalq Teatrları isə “Tiflis səfəri”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Yarım günlük rəis müavini”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Varlı qadın”, “Subaylardan görəsiniz” və başqa tamaşalar hazırlamışdır. İl ərzində xalq teatrları 18 tamaşa nümayiş etdirmişlər. Naxçıvan Dövlət Film Fondu tərəfindən rayon mərkəzlərində və kəndlərdə müxtəlif tədbirlərdə 50-dən çox bədii, elmi-kütləvi, sənədli və cizgi filmi nümayiş etdirilmiş, fondun arxivinə 129 ədəd yeni film daxil olmuşdur.

Hesabat dövründə Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivləri müxtəlif dövlət tədbirlərində, beynəlxalq idman turnirlərinin açılışlarında, festivallarda və yay konsertlərində fəal iştirak edib. Bu dövrdə konsert-tamaşa müəssisələri xeyriyyə məqsədilə tamaşa və konsertlər təşkil etmişlər.

2018-ci ildə reklam-informasiya materiallarının hazırlanması istiqamətində işlər davam etdirilmiş, Azərbaycan və ingilis dillərində “Naxçıvan Muxtar Respublikasının muzeyləri” kataloqu, “Möminə xatın türbəsi”, “Nuh peyğəmbərin məzarüstü türbəsi”, Azərbaycan, rus və ingilis dillərində “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” bukletləri nəşr olunmuşdur.

Mədəniyyət Nazirliyinin kollektivi 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icrasını davam etdirəcək, muxtar respublikamızda mədəni-kütləvi tədbirlərin əhatə dairəsini daha da genişləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
09.01.2019


      Azərbaycanın qədim diyarı Naxçıvan ərazicə kiçik olsa da, çox zəngin tarixə və mədəniyyətə malikdir. Bu qədim oğuz yurdunun hansı səmtinə üz tutsan, orada mütləq hər hansı bir tarixi tikiliyə rast gəlmək mümkündür. Nekropollar, qədim yaşayış yerləri, məscid və hamamlar, türbələr, qalalar, karvansaraylar Naxçıvanın keçmiş zamanlardan günümüzədək yaşatdığı tarixi abidələrdir. Bu tarixi abidələr sırasında öz əhəmiyyətinə görə seçilən tikililərdən biri də körpülərdir. Yaşı yüz illərlə ölçülən bu körpülər tarixi mədəniyyətimizin bir hissəsi kimi Naxçıvanın mühüm ticarət, elm, mədəniyyət mərkəzlərindən biri olmasının da göstəricisidir. Ümumiyyətlə, körpülərin mahiyyətinə vardıqda aydın olur ki, bu cür tikililər, əsasən, keçid rolunu oynasa da, eyni zamanda müxtəlif əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

Tarixən Naxçıvanın Çindən Avropaya uzanan Böyük İpək Yolu üzərində yerləşməsi isə buradakı körpülərin tarixi rolunu daha qabarıq şəkildə ortaya qoyur. Naxçıvanda salınmış körpülərin tarixinə diqqət etsək, görərik ki, onların əksəriyyəti orta əsrlər dövründə tikilib. Bu dövr isə, ümumilikdə, Şərqdə elm və ticarətin, mədəniyyətin inkişaf etdiyi mühüm tarixi dövr olub. Bundan əlavə, tikilən körpülər yerli əhalinin də digər yaşayış məntəqələri ilə əlaqə yaratmasında əsas rol oynayıb. İndinin özündə də bu körpülərdən istifadə olunur. Sevindirici haldır ki, muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı hazırda mövcud olan belə tarixi körpülərdən də yan keçməyib. Culfa rayonunun Qazançı kəndindəki Qazançı körpüsünün əsaslı şəkildə qurulması bunu bir daha təsdiq edir. Qazançı körpüsü XVII əsrin əvvəlində Şərq memarlıq üslubunda inşa edilmiş tarixi-memarlıq abidəsidir. Birtağlı körpünün tikintisində müxtəlifhəcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilib. Vaxtilə bu körpüdən Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçib. Körpünün diqqətçəkən tərəflərindən biri də odur ki, bu tikili Azərbaycanın biraşırımlı körpülərinin әn yaxşı nümunəsi sayılır. Eni 3,55, uzunluğu 10,85, hündürlüyü isə 8,8 metr olan körpüdə bərpa işləri aparılan zaman əsas yükdaşıyan hissənin aşınmış daşları dəyişdirilib, daşların arası təmizlənərək əhəng məhlulu ilə bərkidilib. Körpünün şimal tərəfdən yol ilə birləşmə hissəsi orijinallığı saxlanılmaqla bərpa edilib, nəticədə, onun uzunluğu 50 metrə çatıb. Bundan əlavə, tikilinin ətrafında da sahilbərkitmə işləri aparılıb, buradakı istinad divarlarının üzəri dağ daşları ilə üzlənib.

Muxtar respublikamızın ərazisindəki tarixi körpülərin yerləşməsinə diqqət etsək, görərik ki, bu cür tikililərə Ordubad və Culfa rayonlarının ərazisində daha çox rast gəlinir. Bu, bir tərəfdən vaxtilə həmin bölgələrdəki çayların çoxluğu və ya uzun məsafələrlə axması ilə əlaqədardırsa, digər tərəfdən Böyük İpək Yolunun indiki Naxçıvan ərazisinə girişinin Ordubad və ya Culfa rayonları istiqamətindən daha əlverişli olması ilə bağlıdır. Bəs qədim diyarımızın daha hansı tarixi əhəmiyyətli körpüləri var? Təbii ki, bu körpülər haqqında əlimizdə olan məlumatlar ensiklopedik xarakter daşıyır və onların bir neçəsini xatırlatmaq istərdik.

Qeyd edək ki, Naxçıvan ərazisindəki tarixi körpülər içərisində aşırımlarının sayına görə ən böyüyü olan Aza körpüsü Ordubad rayonunun Aza kəndində Gilançayın üzərində XVII əsrdə salınmış memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu isə 46 paqonometrdir. Körpü beşaşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində yerləşən Aza körpüsü Böyük İpək Yolu ilə Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa edilib. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Körpü baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılıb, sonralar təmir edilib. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından bu abidə 1997-ci ildə əsaslı şəkildə bərpa olunub.

Gilançayın üzərində salınmış digər körpü isə Biləv körpüsüdür. Bu körpü beşaşırımlı olsa da, yalnız bir qisminin qalıqları dövrümüzədək gəlib çatıb. XVIII əsrə aid olan bu körpünün aşırımları arasındakı məsafələr müxtəlifdir.

Tağabənzər aşırımlar dördkünc formalı dayaq sütunlar üzərində inşa olunub. Körpünün eni 3,3 metr, uzunluğu isə 55 metrdir. Körpü əhəng məhlulu ilə irihəcmli çay daşları və qaya parçalarından hörülüb, yonulmuş daşlarla üzlənib.

Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində salınmış ikitağlı birinci Bist körpüsünün tikintisində həm daş, həm də kərpicdən istifadə olunub. Körpünün I Şah Abbas dövründə inşa edilməsi haqqında fikirlər var.

İkinci Bist körpüsü isə kəndin cənub-şərqində Nəsirvaz çayı üzərində salınmış tarixi-memarlıq abidəsidir. Birtağlı olan bu körpünün uzunluğu, təqribən, 23, hündürlüyü 10, eni isə 4 metrə yaxındır. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etməklə yanaşı, ticarət karvanlarının hərəkətini asanlaşdırmaq olub. Cənub tərəfdə, daşın üzərində 1869-cu il tarixi yazılıb. Tikinti texnikasına görə o, birinci Bist körpüsü ilə oxşarlıq təşkil etsə də, ondan sonrakı dövrdə inşa edilib. Naxçıvan Abidələri Ensiklopediyasında qeyd olunur ki, böyük ehtimalla körpü 1869-cu ildə təmir olunub. Körpü XVII-XVIII əsrlərə aid edilir.

Ordubad rayonunda daha bir tarixi körpü isə Ələhi kəndinin yuxarı hissəsində, Ələhi çayı üzərindəki tarixi-memarlıq abidəsidir. Körpü ikiaşırımlı və çatmatağlıdır. Kobud şəkildə yonulmuş boz dağ daşından inşa edilmişdir. Tikilinin uzunluğu 30, eni 3, hündürlüyü isə 6,5 metrdir. Körpünün qərb oturacağı qaya üzərində hörülüb. XVIII-XIX əsrlərə aid edilən bu körpü hazırda kənd əhalisinin istifadəsindədir.

Məzrə körpüsü də Ordubad rayonu ərazisində, Düylün çayı üzərində yerləşən memarlıq abidəsidir. Körpü Məzrə kəndindən şimal-şərqdə yerləşir. Onun bir hissəsinin qalıqları indiyədək qalır və tikintisində yonulmuş qaya parçalarından və bərkidici məhlul kimi əhəngdən istifadə olunub. Bu memarlıq abidəsi Məzrə kəndinin Urmus, Üstüpü və digər kəndlərlə əlaqə saxlamasına imkan verib. Tikinti texnikasına əsasən XVII-XVIII əsrlərdə tikildiyi ehtimal olunur.

Daha bir memarlıq abidəsi – Üstüpü körpüsü də öz əhəmiyyəti ilə seçilən körpülərdəndir. Düylün çayı üzərində yerləşən bu tikilinin uzunluğu 10 paqonometrdir. Abidənin XVIII əsrin sonu, XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsusiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. 1996-cı ildə körpünün bərpası nəticəsində Məzrə və Üstüpü kəndlərindən magistral yola çıxış təmin olunmuşdur.

Ordubad rayonunda körpü sayına görə çoxluq Yuxarı Əylis kəndinin payına düşür. I Yuxarı Əylis körpüsünün qalıqları kənddən keçən Əylis çayının içərisindədir. Körpünün yalnız bir aşırımının qalıqları qalıb. Dayaq sütunu və tağın bir qismi qaya daşlarındandır. Əhəng məhlulundan istifadə olunmaqla inşa edilib. Xalq arasında Şah Abbas körpüsü adlanır. Tikili XVI əsrə aiddir. II Yuxarı Əylis körpüsü də Yuxarı Əylis kəndində Əylisçay üzərində tarix-memarlıq abidəsidir. Orta əsr Əylis bazarına yaxın olduğu və gələn ticarət karvanları bu körpüdən bazara daxil olduğu üçün bəzən “Bazar körpüsü” də adlandırılır. Körpünün yerləşdiyi Qarabağ məhəlləsi Zəngəzur mahalından bura gələnlərin adı ilə bağlıdır. Bundan yuxarı Xoşkeçin məhəlləsi yerləşir ki, bu məhəllənin adı da “Körpüdən xoş keçin” arzusundan yaranmışdır. Hazırda təhrif olunaraq “Xoşkeşin” və ya “İşkeşin” şəklində işlədilir. Körpü ağ rəngli dağ daşından inşa edilib. Orta əsrlərdə Ordubad, Əndəmic, Əylis istiqamətində hərəkət edən ticarət karvanları bu körpüdən keçərək Əylis bazarına daxil olurmuş. Burada dincələn və alver edən tacirlər Vənənd istiqamətində irəliləyərək yollarına davam edər, orta əsrlərdə Vənəndçayın üzərində salınan, Vələver kəndi ilə Başkəndi birləşdirən körpüdən keçərək qərbə doğru gedərmişlər. III Yuxarı Əylis körpüsü isə kəndin içərisindəki dərənin üzərindən keçmək üçün inşa olunub. Bu tikili birtağlıdır. Uzunluğu 9, eni 3,2, hündürlüyü 9 metrdir. Tağın kənarları yonulmuş daşlarla bəzədilib. Memarlıq üslubu XVIII əsr abidələri üçün xarakterikdir. Körpü XVIII-XIX əsrlərə aid edilir.

IV Yuxarı Əylis körpüsü də Əylis çayının qollarının birinin üzərində salınıb. Birtağlı körpünün memarlıq üslubu XVIII-XIX əsrlər üçün xarakterikdir. Körpünün tağı kənarlarda yonulmuş daşlarla inşa edilərək əhəng məhlulu ilə bərkidilib.

Culfa rayonu da tarixi körpüləri ilə seçilən bölgələrimizdəndir. Ləkətağ körpüsü rayonun Ərəfsə kəndindən şimal-şərqdə Əlincəçayın üzərində tikilən orta əsrlərə aid memarlıq abidəsidir. Körpü Əlincə çayının sol sahilində olan kəndləri Culfa rayonunun digər kəndləri ilə əlaqələndirib. Bu abidə tağvarı formada olub, müxtəlifhəcmli çay və dağ daşlarından tikilib. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülüb. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilib. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir. Onun üst hissəsi tamamilə uçub dağılıb, tağı isə uçmaq üzrədir. Belə hesab etmək olar ki, orta əsrlərdə Əlincəçay vadisi ilə uzanan yol Ərəfsə kəndinin yaxınlığında çayın sol sahili boyunca davam edib. Tikinti texnikasına əsasən tarixçilər körpünün XVI-XVII əsrlərə məxsus olduğunu söyləyirlər.

Culfa rayonunun Gülüstan kəndinin qərbində, Gülüstan körpüsündən 500 metr yuxarıda, Araz çayının üzərində yerləşən Şah Abbas körpüsü də vaxtilə mühüm keçid yollarından biri olub. Bu körpü, demək olar ki, tamamilə dağılıb. İndiki dövrdə körpünün yalnız iki dayaq sütununun müəyyən hissəsi qalıb. Sütunlardan biri çayın ortasındakı qayanın üzərində, digəri isə sol sahildəki dəmiryol xəttinin altında qalmışdır. Qırmızı qum daşından tikilən dayaq sütunun üzlük daşları düşüb. Aşırımlar arasındakı məsafə əraziyə uyğun olaraq müxtəlif olub. Bu körpünün qalıqlarına xalq arasında “Şah Abbas küləfrəngisi” də deyirlər. Tədqiqatçılar körpünün qalıqlarına görə abidənin inşasını XVI-XVII əsrlərə aid edirlər.

Hazırda muxtar respublikamızın digər bölgələrində də tarixi körpülərə rast gəlmək mümkündür. Biz isə onların daha çox yayıldığı Ordubad və Culfa rayonlarının ərazilərindəki körpülər haqqında məlumatları xatırlatmağa çalışdıq. Körpülər haqqında ümumi qənaətimiz bundan ibarətdir ki, bu tikililər tarixi, mədəni, ticari əhəmiyyəti ilə yanaşı, həm də orta əsrlər çağının mühəndislik bacarığını, memarlıq mədəniyyətini ortaya qoyur. Bu baxımdan belə abidələrimizi qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur.

"Şərq qapısı" qəzeti, 08.01.2019


      Xalq yaradıcılığının ən qədim sahələrindən biri də folklordur. Azərbaycan ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə bağlıdır. Dünyanın qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq xalq yaradıcılığında öz tarixini bu və ya digər şəkildə əks etdirib. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də folklorda özünü büruzə verməkdədir.

Bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb. Muxtar respublikamızda bu qiymətli sərvətin daha geniş tədqiqi və təbliği onu gələcək nəslə olduğu kimi çatdırmaq məqsədi daşıyır. Xalq yaradıcılığının ən qədim növlərindən biri də yallılardır.

“Şərur yallıları haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli Sərəncamında deyilir: “Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir”.

Muxtar respublikamızda xalqımızın milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan yallı sənətinin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, yallılar nota köçürülüb, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Xalqımıza məxsus olan, min illərlə yol keçib gələn adət-ənənələr, folklor nümunələri, o cümlədən yallılar bu gün də dünyanın qədim yaşayış məskənlərindən olan Şərurda yaşamaqdadır. Xalqımızın bu əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq üçün mühüm işlər görülür. Çünki ana dili kimi, folklor da xalqın mənəvi diriliyi, milli kimliyidir. Hər bir xalq hələ tayfa halında yaşayarkən belə öz incəsənətini hətta daşlara, qayalara həkk etməklə, onu nəsildən-nəsilə ötürüb. Xalqımızın igidliyini, qəhrəmanlığını, adət-ənənələrini özündə əks etdirən Şərur yallılar da belədir. Adı “Kitabi-Dədə Qorqud” dastanında çəkilən Şərur elində yallıların əsrlərdən bəri yayılması və yaşadılması yurdumuzun bu guşəsinin həm qədimliyindən, həm də mənəvi zənginliyindən soraq verir.

Şərurda yallı qrupu 1924-cü ildən fəaliyyət göstərir. Həsənbəy adlı yengicəli bir ziyalı öz həmkəndlilərini, həm də Çərçiboğan, Çomaxtur, Oğlanqala, Cəlilkənd və digər yaşayış yerlərinin istedadlı gənclərini başına toplayraq unudulmaqda olan yallılarımıza yeni nəfəs verib və səhnəyə çıxarıb.

1938-ci ildə “Şərur” Yallı Ansamblı Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə dəvət alıb və burada böyük uğur qazanıb. Ansambl sonralar Türkiyədə, Almaniyada, Polşada, Misirdə, Rusiyada və dünyanın bir çox digər ölkələrində keçirilən Beynəlxalq Folklar festivallarının laureatı olub.

Şərur yallılarının şöhrətlənməsində ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısı var. O, bu ansamblın fəaliyyəti ilə daim maraqlanır, qayğısını əsirgəmirdi. Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyərkən “Şərur” Xalq Yallı Ansamblı respublikamızdakı bir çox möhtəbər məclislərdə çıxış edirdi. Müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə də Ulu öndər yallılarımıza böyük maraqla tamaşa edir, kollektivə mənəvi dayaq olurdu.

“Şərur” Xalq Yallı Ansamblı bu gün dövlət səviyyəsində himayə olunur, yallıların tədqiqi, təbliği və qorunması üçün hərtərəfli tədbirlər həyata keçirilir. Bu qədim ansamblına Ali Məclisin Sədri də çox yüksək dəyər verib: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.

Bu gün də kollektiv kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir. Hazırda onların proqramında “Qaladan-qalaya”, “Tello”, “Xələfi”, “Dördayağı”, “Urfanı”, “Köçəri”, “Tənzərə”, “Qazı-qazı”, “Tirməşal”, “Dönə-dönə”, “Hoynəri”, “Gülümey”, “Haxışta” və sair kimi 40-dan artıq yallı və rəqs vardır. “Şərur” Xalq Yallı ansamblı muxtar respublikamızın, habelə rayonumuzun folklorunu qoruyur, onu dünyaya tanıdır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, “Şərur” Xalq Yallı Ansamblı ilə yanaşı, rayonlardakı mədəniyyət şöbələrinin nəzdində də yallı qrupları fəaliyyət göstərir.

"Nuhçıxan" Informasiya Agentliyi, 06.01.2019


      “Fərhad evi” və ya “Ağ karvansara” Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təxminən 1 kilometr şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılıb. Divarların dibində səki düzəldilib. Birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 metr, eni 1,3 metrdir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda qadın rəsmi həkk olunub. Qayanın şimal-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 metr hündürlükdə, uzunluğu 5 metr, eni 80 metr, dərinliyi 30 santimetr olan səki qazılıb. Səki boyunca 3 sətirlik qədim yazı (çox güman ki, mixi yazı) həkk olunub (məzmunu oxunmaz vəziyyətə salınıb). Yaxınlıqdakı kurqan tipli abidə üzərindəki tikmədaş oğurlanıb. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Batabat yaylağında “Fərhad evi” adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar “Fərhad evi” abidələrinin eramızdan əvvəl birinci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılıb.

Qədim zamanlarda Fərhad adlı bir oğlan varmış. O, cüssəli, igid, mərd bir oğlanmış, həm də sənətkarmış. Gözəl şəkillər çəkər, heykəllər yonarmış. Adı-sanı hər tərəfə yayılıbmış. Uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün apararmışlar.

Fərhad sənətində kamil olduğu kimi, sözündə, məhəbbətində də dediyindən dönməzmiş. Günlərin birində Fərhad eşidir ki, Bərdədə Şirin adlı bir gözəl var. O, Şirini görmək üçün Bərdəyə üz tutur. Fərhad dostlarıyla Naxçıvan torpağından keçir. Şahbuzun sərin bulaqları, gur çayları, Batabat dağları onu heyran qoyur. O, bir neçə gün burada qalır, bir gün üzünü yoldaşlarına tutub deyir:

-Mən bu yerlərə heyran olmuşam. Gərək bu gözəlliyə bir naxış vuram. Fərhad külüngünü əlinə alır, uca dağlar qoynuna hücum çəkir. Az müddət içərisində qayalıqda bir ev düzəldir. Sonra həmin evin divarına Şirinin şəklini həkk edir.

Fərhad işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan Batabat yaylağında gecələyənlər həmin evin qonağı olur, Fərhadın sənəti qarşısında baş əyirlər. İndi də Batabat yaylağında olan həmin ev el arasında “Fərhad evi” adıyla tanınır.

"Nuhçıxan" Informasiya Agentliyi, 06.01.2019


      Müxtəlif dövrlərdə yazıb-yaratmış Aşıq Sona, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti, Aşıq Sənəm və adı dillər əzbəri olan digər klassik qadın aşıqlarımızın ənənəsini davam etdirən, dövrünün mühüm yeniliklərini telli sazında dindirən, fitri istedadı ilə şöhrət tapmış və ədəbi irsi hələ indiyədək tam öyrənilməmiş aşıqlardan biri də Aşıq Nabatdır. Nabat Cavadova 1914-cü ildə Şərur rayonunun Parçı (sonralar Xanlıqlara birləşdirilmişdir) kəndində dünyaya göz açıb. Kiçik yaşlarında ata və anasını itirən Nabat qardaşlarının himayəsində yaşayıb.

Nabat qoşma və bayatı yazmağı qarşısına məqsəd qoymayıb. Onun yaradıcılığı əsasən başına gələn hadisələrin, məcaraların tərənnümü kimi bədahətən yaranıb. Otuzuncu illərin əvvəllərində sevib-seçdiyi bir milis işçisi ilə ailə həyatı qurur və ərinin işi ilə əlaqədar Qərbi Azərbaycanın Dərələyəz mahalında yaşayırlar. Lakin bu izdivac bir il çəkmir, həyat yoldaşını erməni qaçaqlar öldürürlər.

Sevgi uğursuzluğundan taleyi üzünə gülməyən Nabat yurdunu tərk edərək 1934-cü ildə Bərdə rayonuna köçüb. O, burada Göyçəli Aşıq Musadan bu sənətin sirlərini öyrənib. Bərdə, Yevlax, Gəncə şəhərlərində Aşıq Əsəd, Borsunlu Məzahir, Pərvanə Həsən, Aşıq Teymur kimi ustad sənətkarlarla görüşüb, sənətdə get-gedə püxtələşib ad-san qazanıb.

1937-ci ildə Yevlax şəhərinə köçən Aşıq Nabat burada Borsunlu Məzahirin təşkil etdiyi aşıqlar dəstəsinə qoşulur və müasirləri olan Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh və Aşıq Teymurla birlikdə Yevlax və Bərdə rayonlarındakı toy məclislərində iştirak edir. Məclislərin birində Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə görüşür və 3 il onunla birlikdə məclislərə gedir, ustad aşıqdan 30 saz havacatı və bir neçə xalq dastanı öyrənir.

Məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti ilə qadın aşıqları arasında fərqlənən Aşıq Nabat Azərbaycan aşıqlarının 1938-ci ildə keçirilən I qurultayının iştirakçısı olub. 1940-cı il may ayının 25-də Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib. Aşıq Nabat klassik və müasir aşıqların, el şairlərinin şeirlərinin çoxunu, bir neçə məhəbbət dastanını kamil bilib və onları özünəməxsus ustalıqla ifa edib. Xalq şairi Səməd Vurğunun «Danışaq» adlı qoşması ilk dəfə Aşıq Nabat sazında və səsində radio dalğaları vasitəsi ilə Moskvadan dünyanın hər yerinə yayılıb.

Aşıq Nabat 1961-ci il aprel ayının 27-də Bakıda keçirilən Azərbaycan aşıqlarının II qurultayının da nümayəndəsi olub. Həmin dövrdə 33 aşıq haqqında buraxılmış şəkilli bülletenlərin biri də Aşıq Nabata həsr olunub. Sonra Yevlaxda çıxan «Təşəbbüs» qəzetində onun haqqında bir neçə məqalə çap edilib, «Telli saz ona yaraşır» adlı yazıda aşıq haqqında daha geniş məlumat verilib.

O, xalq bayramlarındakı çıxışları ilə fərqləndiyindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılıb. Tanınmış folklorşünas-alim Sədnik Paşayev «Azərbaycan qadını» jurnalında 1968-ci ildə Aşıq Nabat haqqında yazı ilə çıxış edib.

Aşıq Nabat doğma Vətəni tərənnüm edən qoşmalar, bayatılar, gəraylılar yaratıb. Aşığın «Məhəbbət var», «Yaxşıdı», «Sinəmdə», «Gözəllər», «Bahara» adlı qoşmaları, eləcə də gəraylıları, deyişmələri bu gün də məclislərdə oxunur və dillər əzbəridir. O, Xan Şuşinski, Zülfü Adıgözəlov və tarzən Qurban Pirimovla birgə xanandəlik də edib.

İnsan yaşa dolduqca doğulduğu yerlər onu özünə çəkir. Uşaqlıq illəri keçən doğma yerlərin həsrəti hərəkətlərində, baxışlarında daha çox hiss olunur, sözündə, söhbətində tez-tez duyulur. Nabat da doğulduğu yerin həsrətlisi idi. Elindən-obasından ayrı olmaq, yaxın qohumlarından uzaqda yaşamaq çox da asan deyildi onun üçün. Onun yeganə təsəllisi qızı Kəmalə idi. Onunla olanda təkliyini, yalqızlığını unudardı.

Üzdən çox şux görünən, dərdsiz-qəmsizə bənzəyən Aşıq Nabat ancaq uzaqdan-uzağa bəxtəvər görünürdü. Aldığı təltiflər, mükafatlar, məclislərdən, salonlardan yüksələn «Əhsən!» nidaları, alqış sədaları onu zahiri bir təbəssüm, parıltı içində saxlayırdı. Əslində isə ilk gənclikdən sınan könül şüşəsi onun qəlbini elə qana döndərmişdi ki, bu «yaralı göyərçin»i sazdan başqa ovudacaq bir şey yox idi. Bu baxımdan Nabatın aşıqlığı taledən gələn bir aşiqlik idi. Saz onun sənəti deyildi, həmdərdi idi. Elə buna görə də ən şux mahnıları oxuyanda da səsində bir nisgil, göynərti sezilirdi. Qoşduğu şeirlərdə taleyin əlindən göyüm-göyüm göynəyirdi Aşıq Nabat:

Taleyin hökmüdür belə,
Məni atıb eldən-elə.
Dərviş olub düşdüm çölə,
Bu dünyada, bu dünyada…

O, illər boyu eldən-elə gəzib itkin düşən bəxtini, nağıllarda, dastanlarda qeyb olan taleyini axtarırdı. Tapa bilməyəndə sazdan, sözün ilahi qüdrətindən imdad diləyirdi:

Mən onu axtardım boranda-qarda,
Gözüm ağlar qaldı, can intizarda.
Bir mənə söyləyin görsəniz harda,
Çağırın, arayın yatan baxtımı.

Aşıq Nabat dilindən qopan bu qeyri-adi çağırış əslində elə Qəribin, Kərəmin tale qarşısında ümidsiz yalvarışıydı. Bəxtin, taleyin amansızlığı telli sazın bağrında elə nisgilli, göynərtili misralar dikəldir ki, onların yaratdığı mənzərə bir dastan kimi olmuşları göz önünə gətirir. Nabat könlündən qopan aşağıdakı misralar dəryada qərq olan baxt, tale dastanının daha bir məqamıdır:

Dörd-bir yanım qaranlıqdı, adadı,
Fələk tutub qollarımdan, budadı.
Aman, qoyma, o, dəryada, sudadı,
Qərq olub dəryada batan baxtımı.

Aşıq Nabat tale və sənət dalğasının təkanı ilə çox yerlər gəzib dolaşdı. Ancaq hara getsə Şərur havasını, Şərur nəfəsini özü ilə apardı. Oxuyanda, danışanda ləhcəsində Şərur şirinliyi, doğulub boya-başa çatdığı elin-obanın söz-səs ahəngi qanad açdı. Doğulduğu torpaqdan apardığı böyük sərvəti, məlahətli səsindəki Naxçıvan, Şərur ab-havasını heç zaman itirmədi. Ömrünün qürub çağlarında könlündən pərvazlanan bir şeirdə didərgin ruhuna üz tutub söylədiyi kövrək misralar isə Vətən nisgili ilə göynəyən pərişan durnanın son çırpıntısıdı:

Eləki çatdım yaşıma,
Həsrət qaldım sirdaşıma.
Gör nələr gəldi başıma,
İndi bildim el yaxşıdı…

Elə bu dərdlə də Aşıq Nabat 1973-cü il oktyabr ayının 3-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi və əbədiyyətə qovuşdu. Onun vəsiyyəti ilə cənazəsi Şərur rayonunun Siyaqut kəndinə gətirilib, bacısı Şəhrəbanu xanımın məzarı yanında dəfn olunub. Şərurun Siyaqut kəndində doğma yerlərin isti mehli havası altında bir məzar uyuyur. Hər il baharda o məzarı al-qırmızı lalələr bürüyür. O lalələr Aşıq Nabat dastanını «İndi bildim el yaxşıdı» misrası ilə tamamlayır.

"Nuhçıxan" Informasiya Agentliyi, 06.01.2019


      Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şərur rayonunun Sədərək kənd 1 nömrəli tam orta məktəbin nəzdində 1978-ci il fevral ayının 23-də ictimai əsaslarla Ölkəşünaslıq Muzeyi kimi yaradılıb. 2000-ci il iyunun 26-dan isə mədəniyyət müəssisəsi Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərməyə başlayıb, Heydərabad qəsəbəsində 2010-cu ildə bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb.

Muzeyin bölmələrini gəzdikcə, tarixin toz basmış səhifələrini vərəqlədikcə mərdlik dastanı, məğlubedilməzlik, qəhrəmanlığı, torpaq sevgisi, vətənsevərliyi ilə əsrlərboyu tarixdə iz qoyan Oğuz türkünün şanlı tarixini görürük. Burada olarkən öyrənirik ki, muzey 16 bölmə və 2 guşədən ibarətdir. Bu mədəniyyət müəssisəsində hazırda 2 min 373 eksponat var. Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir.

Bölgənin qədim dövründən bu günədək olan tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, numizmatik materiallar, heykəltaraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeydə özünə yer alıb. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Buradakı əkinçilik alətləri – xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.

Bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsra­rəngiz təbiəti haqqında dolğun təəssürat yaradır. Muzeydə “Sədərək” sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer alıb. “Kitabi-Dədə Qorqud”da adıçəkilən Sədərəyin Uşun oğlu Səgrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə Sədərəyin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir.

Qədim Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələrindən biri də xalçaçılıqdır. Bu xalçalar rənga­rəngliyi, ilmələrinin sıxlığı, üzərində naxış və təsvirlərinin orijinallığı ilə seçilir. Muzeydə nümayiş olunan yun əyirmək, xalça toxumaq üçün lazım olan əşyalar da Sədərəkdə bu sənət növünün qədim tarixindən danışır.

“Sədərək qeyrət qalasıdır” bölməsi isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan rayonun ağır həyatı, mərdliklə müdafiə olunması haqqında canlı eksponatların dili ilə buraya gələnlərə çox həqiqətləri danışır. Muzey ziyarətçiləri bu torpaq uğrunda canını fəda edən 109 şəhidimizin, o cümlədən 52 sədərəkli şəhid haqqında muzeydə dolğun məlumat alırlar.

Sədərək rayonunun son illərdəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də diqqəti cəlb edir. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend asılıb.

Onu da qeyd edək ki, ötən il Sədərək kənd sakinləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, o cümlədən başqa toxuculuq məmulatları, mis və saxsı qablar, digər nümunələrdən ibarət 36 eksponat Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib.

"Nuhçıxan" Informasiya Agentliyi, 05.01.2019


      Naxçıvanda qədimliyi ilə seçilən ünvanlar çoxdur. Ancaq kütləvi maraq baxımından Əshabi-Kəhf mağarası, Duzdağ, Nuh Peyğəmbərin türbəsi və Gəmiqaya daha çox diqqəti çəkir. Bu məkanlar ona görə turistlərin marağındadır ki, onlar mahiyyət etibarı ilə bölgə sərhədlərini aşaraq qlobal əhəmiyyət kəsb edir. Bu mənada Ali Məclis Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən ötən il Naxçıvan şəhərindəki “Duzdağ” otelində istifadəyə verilən Duz Muzeyi Naxçıvanın qədim tarixinin təbliği baxımından mühüm rol oynayır.

Muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur. Ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və Prezident İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.

Naxçıvan duzla bağlı inam və adətlərlə zəngindir. Muzeydə duzla əlaqədar şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş etdirilən bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir. Duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Quran-i Kərim” duza verilən böyük dəyərin ifadəsidir.

Muzeydə nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aiddir və Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daşduzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə əlaqədar duzdan hazırlanmış loqotip qədim diyarın özünəməxsus rəmzlərini özündə əks etdirir.

Ötən il aprelin 25-də Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirən Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvanın tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsinin duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir”.

Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu nadir muzeyin mövcudluğu və fəaliyyəti muxtar respublikamız, eləcə də ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki şəhər mədəniyyətinin formalaşması ölkəmizdə qədim yaşayış məskənlərinin hamısı üçün xarakterik deyil. Bu mədəniyyətin formalaşması üçün eyni bölgədə kütləvi əmək məşğuliyyətinin təmin olunması və bunun da əsasında ictimai yaşayış şərtlərinin zəruriliyini doğuran səbəblər olmalıdır. Şəhərləşmə isə məhdud bir ərazidə birgəyaşayış tələblərini doğurur ki, bu da ictimai şüurun inkişafından irəli gəlir. Bu baxımdan Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını labüd edən duz istehsalı, eyni zamanda, bəşəri əhəmiyyət daşıyır. Çünki söhbət 5-7 min illik davamlı bir fəaliyyət sahəsindən gedir. Elə bu muzeyin unikal olmasını şərtləndirən amil də odur ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqli olaraq, bu mədəniyyət müəssisəsi sırf tarixi reallıq üzərində qurulub.

"Nuhçıxan" Informasiya Agentliyi, 03.01.2019


      Qədim diyarımız zəngin abidələr, alınmaz qalalar məskənidir. Naxçıvan Möminə xatın, Yusif Küseyir oğlu, Qarabağlar Türbə Kompleksi, Darkənd türbələri, Əlincəçay xanəgahı və onlarla nadir sənət inciləri, tarix və mədəniyyət abidələri ilə tanınan bir diyardır. Qədim və orta əsrlər dövründə mövcud olan bir çox maddi-mədəniyyət nümunələri, o cümlədən memarlıq abidələri təbii qüvvələrin təsirindən güclü aşınmalara məruz qalıb, dağıdılıb, bir qismi isə zəmanəmizədək gəlib çatıb. Muxtar respublikamızda maddi-mədəniyyət nümunələrinə göstərilən diqqət və qayğı nəticəsində tarixi abidələrdən 60-dan çoxu bərpa və təmir olunaraq xalqa qaytarılıb.

Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən, XII əsr Azərbaycan memarlığının ən dəyərli abidələrindən biri olan, böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi Naxçıvan torpağında tarixə şahidlik edən digər memarlıq nümunələri içərisində öz yerini qoruyub saxlayır. Orta əsr memarlığının möhtəşəm nümunəsi olan türbə həndəsi naxışlarla bəzədilib. Ulu tariximizin əbədiləşmiş heykəlini xatırladan, 800 ildən çox yaşı olan bu türbənin görkəmi diqqəti ilk baxışdan özünə cəlb edir. Bu abidə Azərbaycan və Anadolu səlcuq türbələrinin soy birliyinin başlıca göstəricisi hesab edilir. Bununla belə, qülləvarı formada tikilən türbə memarlıq üslubu, ornamentlərinin müxtəlifliyi, naxışlarının rəmzi məna daşıması ilə ozamankı daş türbələrin hamısından seçilir.

Tarixi mənbələrə əsaslanaraq deyə bilərik ki, 12 üzlü, gövdəsi qırmızı günbəzdən, küncləri yonulmuş möhkəm sərt daşlardan ibarət olan türbənin sərdabəsi yerüstü hissədə yerləşir. Orijinal üslubu ilə diqqəti cəlb edən abidənin səthi oyma həndəsi ornamentlərlə bəzədilib, dekorativ tağlarla çərçivələnib. Türbənin diametri 4,6, divarlarının qalınlığı 1,25, hündürlüyü 9,7, günbəzi isə 6,5 metrdir. Səlcuq dövrü abidələri üçün də səciyyəvi olan bir çox xüsusiyyətləri özündə birləşdirən Gülüstan türbəsi Azərbaycanın orta əsr zəngin daş memarlığı təcrübəsinin parlaq nümunəsidir. Türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinməsə də, mütəxəssislər türbəni üslub xüsusiyyətlərinə görə dəyərləndiriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə nəşr olunan “Gülüstan türbəsi” kitabında türbədə dəfn olunanın kimliyinə yenə də mənbələrə istinad edilməklə aydınlıq gətirilib. Türk səyyahı, tarixçisi və etnoqrafı Övliya Çələbinin məlumatından aydın olur ki, sərdabədə dəfn olunan şəxsin qəbirüstü abidəsi üzərində “Hüseyn Baykaranın oğlu, arzusuna çatmayan Bahadır Şəfad” sözləri yazılıb. Bu faktdan istifadə etməklə türbədə dəfn olunanın kimliyi üzə çıxıb. Hüseyn Baykara Əmir Teymurun nəslindən olan Xorasan hökmdarı olub. XV əsrin 70-ci illərində Heratda hakimiyyətə gəlib. Onun oğlu Bahadır Şəfad Naxçıvanda vəfat edib və burada əvvəlcədən mövcud olan simvolik türbənin sərdabəsində dəfn olunub.

Türbə XVI yüzilliyə aid “Çaldıran səfəri ruznaməsi”ndə, Övliya Çələbinin “Səyahətnamə”sində ­“Kəsik günbəz”, 1815-ci ildə Culfada olmuş Mirzə Saleh Şirazinin “Səfərnamə”sində isə “Tənha bürc” kimi xatırlanır.

Türbənin xaricdən görünən quruluşu onun içərisində də əks olunub. Kürsülük və qülləni içəridə günbəz bir-birindən ayırıb. Xarici görünüşündən fərqli olaraq içəridə alt qat (sərdabə) və üst qat (qüllə) dairəvi biçimlidir. Bütünlüklə qırmızı tufdan ucaldılan türbənin yalnız qatlararası iç günbəzi kərpicdən yığılıb. Qüllənin üzlərinin hər biri qabarıq tinlərin haçalanması yolu ilə tağlarla tamamlanır. Əcəmi Naxçıvaninin türbələrində olduğu kimi, burada da taxçaların içi incə həndəsi naxışlarla örtülüb.

Gülüstan türbəsinin naxışları Naxçıvan şəhərində 1186-cı ildə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə edilir. Lakin tədqiqatçılar belə hesab edir ki, Gülüstan türbəsinin daşdan yonulmuş naxışları Möminə xatın türbəsinin kərpicdən yığılmış naxışlarına nisbətən daha incə və zərifdir.

Ötən müddət ərzində təbii qüvvələrin təsirindən Möminə xatın türbəsində olduğu kimi, bu türbənin də üst örtüyü aşınmaya məruz qalıb və dağılaraq sıradan çıxıb. Sovet hakimiyyəti illərində Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qalan türbəyə biganə yanaşılıb, bərpa edilməyib, əhalinin onun yanına getməsinə icazə verilməyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2015-ci il 7 oktyabr tarixdə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. Muxtar respublikamızda tarix-mədəniyyət abidələrinə dövlət qayğısının nəticəsidir ki, on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən biri, orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan bu möhtəşəm abidə elmi və tarixi əsaslarla bərpa edilib, türbəyə ikinci həyat verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək demişdir: “Gələcək keçmişin üzərində qurulmalıdır. Keçmiş isə tarixi abidələrdə yaşayır. Naxçıvanda vaxtilə əcdadlarımız tərəfindən möhtəşəm abidələr yaradılmışdır. Bu abidələr xalqımızın daşlarda yaşayan tarixi və pasportudur. Bu mənada, hər bir abidənin tədqiqi və bərpası tarixin bir dövrünün və xalqımızın qədim həyat tərzi­nin öyrənilməsi, üzə çıxarılması deməkdir”.

Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq Araz çayının sol sahilində “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Türbə “Naxçıvan məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib. Dünya əhəmiyyətli abidələr sırasında öz yerini qoruyub saxlayan türbə xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından da, əvəzsiz rol oynayır.

"Şərq qapısı" qəzeti, 26.12.2018


      Yallı ölkəmizi dünyaya tanıdan, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini, etnoqrafiyasını, mifoloji inanclarını aydın şəkildə çatdıran milli rəqsimizdir. Bu gün doğma Vətənimizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanda yallı sənəti inkişaf edir, qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.

Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. Bildiyimiz kimi, 2018-ci il 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Gələcəkdə qədim diyarımızda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq baxımından bu qərar mühüm əhəmiyyət kəsb edir. Biz də sənət xadimlərimizlə həmsöhbət olub mədəniyyətimizin əbədilik simvolu sayılan yallılarımız haqqında onların fikirlərini öyrəndik.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, dosent Gülxarə Əhmədova qeyd etdi ki, bəzi imperialist maraqlara xidmət edən vicdanlar susanda‚ üzərində bu torpaqların bizə məxsus olduğunu sübut edən maddi-mədəniyyət nümunələri dinib-danışmağa başlayır. Etiraz edilib-edilməməsindən asılı olmayaraq, faktlar sübut edir ki‚ indiki Ermənistan ərazisi tarixən Azərbaycana məxsus olmuş türk torpaqlarıdır.

Ermənilərin istifadə etdiyi mahnı və rəqslərin, yallıların İrəvan və Naxçıvan oğuzlarına məxsusluğunu təsdiq edən, XIX əsr rus qafqazşünaslarına aid maraqlı faktları diqqətimizə çatdıran müsahibim vurğuladı ki, 1828-1832-ci illərdə Rusiya hökumətini İrəvan və Naxçıvan xanlıqlarında əhalinin kameral siyahıya alınmasına rəhbərlik etmiş İvan Şopenin bölgənin tarixinə aid yaddaş və təqvim xarakterli əsərində qeyd edir: “Ermənilər heç zaman milli nəğmələrə malik olmayıb. Ermənilər musiqini və nəğmələri azərbaycanlılardan götürüb. Onlar hazırkı rəqsləri və oyunları azərbaycanlılardan iqtibas ediblər”. Bu yaxınlarda Naxçıvana məxsus rəqslərin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi ilə Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin növbəti dəfə qarşısı alınıb. Ulu babalarımızın öz həyat tərzi, əməyi‚ mübarizəsi‚ sevgisi‚ nifrəti haqqında yaratdıqları sənətkarlıq nümunələri‚ qoşduqları mahnılar və nəğmələrimiz bu gün də yaşayır və yaşayacaq. Müsahibim bildirir ki, hələ on min il bundan əvvəl Qobustan qayalarında və Gəmiqayada həm fərdi‚ həm də kütləvi rəqslərin ayrı-ayrı məqamları həkk edilib. Xalqımız yüz illər boyu özünün folklorunu‚ musiqisini‚ rəqslərini‚ ifa tərzini‚ hərəkət leksikasını yaradıb. Musiqi folklorumuzun ən geniş yayılmış janrı olan yallılar qədim azərbaycanlıların müxtəlif münasibətlərlə təşkil etdiyi mərasimlərdən yaranıb və inkişaf edib. Yallı xalqımızın qəhrəmanlıq salnaməsi kimi, birlik, həmrəylik, bərabərlik simvoluna çevrilib. Yallı sədaları altında igidlərimiz döyüşə yollanıblar, baba-nənələrimiz qol götürərək yallı tutub oynayıblar. Muxtar respublikamızın Şərur, Ordubad, Şahbuz və digər ərazilərində “Köçəri”, “El yallısı”, “Tənzərə”,“Siyaqutu”, “Dönə-dönə”, “Ürfanı”, “Üçayaq”, “Çöpüdü” (“Qazı-Qazı”), “Tello”, “Dördayaq”, “Naxçıvanı”, “Xələfi” və sair kimi yallılar məşhur olub. Digər bir müsahibimiz Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevadır. Yallı Naxçıvanın ənənəvi qrup rəqslərinə daxildir, – deyən müsahibim bildirir ki, Naxçıvanda yallı rəqsləri ad, melodiya, ifa variantları ilə geniş və zəngindir. Variantlılıq yallı rəqslərinin əsas yaşama və yayılma xüsusiyyətlərindən biridir. “Köçəri” yallısının variantlığı və spesifik xüsusiyyətləri bir çox tədqiqatçıların diqqətini cəlb edib. Onlar rəqsi məhz bu xüsusiyyətlərinə görə nota alıblar. 1965-1966-cı illərdə professor Bayram Hüseynli tərəfindən hazırlanmış “Azərbaycan xalq rəqs melodiyaları” adlı (iki dəftər) məcmuənin birinci dəftərinə “Köçəri” yallısı və digər kütləvi xalq rəqsləri (yallılar) daxil edilib. Bu gün həmin rəqslərə sahib çıxmaq, onu gələcək nəsillərimizə çatdırmaq hər birimizin müqəddəs borcudur. Musiqişünas Samirə Hüseynova isə bildirdi ki, bu gün dünya mədəniyyətinin əsas tərkib hissəsi olan Azərbaycan mədəniyyəti, incəsənəti bəşər sivilizasiyasına əzəmətli sənət əsərləri qazandıraraq onu zənginləşdirib. Təbii ki, yalnız zəngin mədəniyyəti, tarixi, maddi və mənəvi dəyərləri olan bir xalq bəşər sivilizasiyasının inkişafında bu qədər əhəmiyyətli rol oynamağa qadirdir. Bunun da nəticəsidir ki, ölkəmizin bir çox maddi və mənəvi dəyərləri dünya səviyyəli beynəlxalq təşkilatlar tərəfindən qorunan qeyri-maddi irs kimi tanınır. “Dədə Qorqud” dastanı, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş¬bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, tar ifaçılığı, kəlağayı UNESCO-nun Qeyri¬-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Qarabağın çövkən ənənəvi atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun Təcili Qorunma Siyahısında yer alıb. Müsahibim “Köçəri” və “Tənzərə” rəqslərinin doğma yurdumuz Naxçıvanda geniş yayılması, rayonlarımızın folklor kollektivləri tərəfindən repertuara daxil edilməsi və bir sıra mərasimlər, el şənlikləri, toylara xüsusi bəzək verməsi barəsində də danışdı. Məlum olduğu kimi, bir çox maddi və mənəvi dəyərlərimizi mənimsəməyə çalışan ermənilər “Köçəri” rəqsinə vaxtilə göz dikib, hətta Avroviziya mahnı müsabiqələrinin birində erməni nümayəndəsi finalda bu rəqsi erməni milli rəqsi kimi təqdim etməyə çalışıb. Təbii ki, o zaman Azərbaycan nümayəndə¬liyinin haqlı etirazı və müdaxiləsi nəticəsində ermənilər bu niyyətlərini də həyata keçirə bilməyiblər. Bu gün Azərbaycan mədəniyyətinə laqeyd qala bilməyən beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətini bir daha etiraf etmiş oldu. Onu da qeyd edək ki, dekabrın 15-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanışı münasibətilə təşkil olunan konsertdə “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları gurultulu alqışlarla qarşılanıb. Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcrinin, eləcə də Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin çıxışları da bir daha sübut etdi ki, burada ifa olunan yallılar Naxçıvanın özünəməxsusluğunu, tarixini və zəngin mədəni irsini nümayiş etdirir, əzəldən bu torpağa məxsusdur və bundan sonra da əbədi olaraq qalacaqdır.

Güntac ŞAHMƏMMƏDLİ, "Şərq qapısı" qəzeti, 22.12.2018


      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən noyabr ayında milli dəyərlərimizin qorunub yaşadılması və təbliği sahəsində bir sıra işlər görülmüş, muzeylərin fəaliyyəti diqqətdə saxlanılmış, mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmişdir. Muzeylərdə açıq və interaktiv dərslər, seminar-treninqlər davam etdirilmiş, sərgilər açılmış, muzey fondlarına 146 yeni eksponat daxil olmuşdur. Ötən ay muxtar respublika muzeylərini 55 min 884 tamaşaçı ziyarət etmişdir ki, onlardan da 14 min 608-i xarici ölkə vətəndaşları olmuşdur.

Noyabr ayında kitabxanaların da fəaliyyəti diqqətdə saxlanılmış, kitab müzakirələri aparılmışdır. Muxtar respublika kitabxanalarında yeni oxucu sayı 327, oxucu gəlişi 13 min 80 nəfər, kitab verilişi 39 min 867 nüsxə olmuş, “Mütaliə”, “Nağıl”, “Kitabxanaçı” və “Kitabxana günləri” keçirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Əli və Nino” və “Qaynana əməliyyatı”, Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Qırmızı, yaşıl, mavi”, “Meşə macəraları”, “Nəğməkar bülbül”, “Sirli sözlər”, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Nadan xoruz” tamaşalarını nümayiş etdirmişlər. Babək Rayon Xalq Teatrı muxtar respublikanın şəhər və rayonlarında “Subaylarınızdan görəsiniz”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı isə “Yarımgünlük rəis müavini” tamaşalarını göstərmişlər.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində Culfa rayonunun Teyvaz kəndində “Qırmızı bağ”, Babək rayonunun Cəhri kəndində “Xoşbəxt ay-ulduz”, Ordubad şəhərində “Dərvişin qeydləri”, məktəblilər üçün “Xoşbəxt ay-ulduz” bədii və sənədli filmlərini nümayiş etdirmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti


      Bu il muxtar respublikamızın tarixində möhtəşəm hadisələrlə yadda qaldı. Qədimliyi və müasirliyi ilə diqqətləri cəlb edən Naxçıvan şəhəri qürurla daşıdığı İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı. Ötən aylar ərzində keçirilən, mühüm əhəmiyyət kəsb edən davamlı tədbirlər qədim diyarımızın mədəniyyət tarixində özünəməxsus yer tutdu. Bütün bunlar bir daha onu göstərdi ki, Naxçıvan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malik bir diyar olmaqla yanaşı, həm də milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı bir məkandır. Naxçıvan həm də İslam, ümumilikdə isə, dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən qədim mədəniyyət mərkəzidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın – elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirində bu məsələlər bir daha xüsusilə vurğulandı.

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən 2017-ci il noyabrın 25-də və 2018-ci il iyunun 7-də Təşkilat Komitəsinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə iclasların keçirilməsi, hazırlıq işləri ilə bağlı məsələlərin ətraflı müzakirə olunması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi əhəmiyyətli uğurlara imza atmasına əsaslı zəmin yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən hazır­lanan və nümayiş olunan “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi isə bütün İslam dünyasında böyük rəğbətlə qarşılandı. Bunu muxtar respublikamıza səfərə gələn müsəlman ölkələrinin yüksək səviyyəli təmsilçiləri də dəfələrlə vurğuladılar. Üzərində loqotip əks olunmuş 100 min zərfin, 100 min poçt markasının, markalardan ibarət 200 bukletin, 500 döş nişanı və suvenirlərin, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018”in rəsmi internet səhifəsinin hazırlanması da bu istiqamətdə görülən işləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Digər tərəfdən Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən foto­şəkillərin İSESKO-nun saytında yerləşdirilməsi muxtar respublikamızın daha geniş miqyasda tanınmasına şərait yaratdı.

Tarixi-mədəni irsin təbliğində bu il ərzində işıq üzü görən yeni nəşrlərin rolunu xüsusi qeyd etmək lazımdır. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları, eləcə də məşhur naxçıvanlı mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliyinin birinci cildinin tərcümə edilərək nəşr olunması diyarımızın qədim tarixinin, burada formalaşan böyük mədəniyyətin geniş kütlələrə çatdırılmasında əhəmiyyətli rol oynayır. Ötən müddətdə “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxı da hazırlanıb.

İyun ayının 20-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılışı isə Naxçıvanda əsl bayram təntənəsi yaşatdı. Açılış tədbirindən sonra muxtar respublikada dünya şöhrətli ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutcu­gilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgisinin, dünya şöhrətli İran rəssamı və miniatür ustadı Mahmud Farçciyanın sənət sərgisinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera Orkestrinin konsertinin, “İslam filmləri həftəsi”nin, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın, “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci beynəlxalq konfransının keçirilməsi çox mühüm ictimai-mədəni hadisələr kimi qədim diyarımızın tarixində əbədi qalacaqdır.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı tərəfindən VII Beynəlxalq Klassik Musiqi Festivalı, İSESCO-nun Yaşıl Şəhər Strategiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Misirdən olan ekspertlərin iştirakı ilə regional toplantı, mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu ilə bağlı milli seminar, ekstremizm və islamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti üzrə milli seminar və digər tədbirlər keçirilib. Bütün bunlarla bağlı çoxsaylı xəbərlər beynəlxalq informasiya agentlikləri tərəfindən əhəmiyyətli məlumatlar kimi dünyaya yayılıb.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirində çıxış edən qonaqların fikirlərindən isə bir daha belə qənaətə gəlmək olar ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını yerinə yetirməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələrin yeni mərhələdə möhkəmləndirilməsinə xidmət etdi. Çünki Naxçıvan İslam dünyasında ən qədim şəhərlərdən biridir və tarixboyu burada formalaşan böyük mədəniyyət İslam aləmi üçün zəngin bir xəzinə kimi həmişə dəyərli olub. Bağlanış tədbirində çıxış edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri­nin dediyi kimi: “Beşminillik tarixə malik olan Naxçıvan ən qədim şəhərlərdən və mədəniyyət mərkəzlərindən biridir. İslam dünyasında mühüm coğrafi və strateji mövqeyə malik olan Naxçıvan şəhəri İslam alimləri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarixboyu Azərbaycan xalqının mühüm tarixi-­mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır”.

Həmin gün – dekabrın 15-də “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci beynəlxalq konfransında çıxış edən TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş isə digər vacib bir məsələni diqqətə çatdırıb. O vurğulayıb ki, İslam mədəniyyətlərinin paytaxtları seçilərkən konkret meyarlar əsas götürülür. Belə ki, seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımdan, eyni zamanda İslam mədəniyyətinə, bəşəri dəyərlərə töhfə verməlidir. Tələb olunan amillərin də Naxçıvanda mövcudluğu bu qədim diyarın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində mühüm rol oynayıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, ümumilikdə, Türk dünyası üçün böyük şərəf və qürurdur. Çünki Naxçıvan qədim türk yurdudur və Türk dünyasında, o cümlədən İslam dünyasında özünəməxsus yerə malikdir.

Həqiqətən də, tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində bir sıra mühüm məsələlər əsaslı rol oynayıb. Həmin məsələlərdən hər biri həm ayrılıqda, həm də ümumilikdə, əhəmiyyətli amillər kimi diqqəti cəlb edir və əslində, bir-birini tamamlayır. Naxçıvan möcüzəsi də məhz budur: bir deyil, sadalanan onlarla səbəblər zənciri dahilər yurdunu İslam Mədəniyyətinin Mərkəzinə çevrilməsini qaçılmaz edib.

Yeri gəlmişkən, dünyada dinindən, irqindən asılı olmayaraq, bütün insanlar üç müqəddəs torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə, ikincisi Qüds, üçüncüsü isə Naxçıvan torpağıdır. Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, bura Nuh Peyğəmbərin Vətənidir. Təkallahlılıq dünyada ilk dəfə olaraq bu torpaqda yayılıb. Əshabi-Kəhfdə qeyb olan insanlar da tək Allaha inanıblar və mağarada Uca Yaradana pənah gətiriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur”.

Onu da xatırladaq ki, əsrlərboyu çox böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm iqtisadi-mədəni və inzibati mərkəz kimi tanınıb, tarixdə iz qoyan bir sıra əhəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə sıx olub. Naxçıvanda hələ İslam dini yayılmamışdan əvvəl böyük mədəniyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib. Bu inkişaf İslam dininin qəbulundan sonra yeni müstəviyə qədəm qoyub. Belə ki, Naxçıvanın yetişdirdiyi böyük İslam alimlərindən olan Baba Nemətullah Naxçıvani müqəddəs kitabımız “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb. O, İslam dünyasına şan və şöhrət gətirib, bu dinin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Qədim diyarın digər bir elm xadimi, “Şərqin böyük dahisi” adlandırılan, bu gün də Avropada əsərləri hərtərəfli tədqiq olunan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidlik edən şah əsərləri ilə İslam dünyasında memarlığın inkişafında inqilabi yeniliklərə imza atıb. Onun Möminə xatın, Yusif Küseyir oğlu türbələri kimi ölməz sənət abidələri bu gün tarixə güzgü tutur. Naxçıvanın yetişdirdiyi belə elm, mədəniyyət, siyasət dahilərinin sayı onlarladır. Ən əsası odur ki, aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan bu gün sosial-iqtisadi sahədə olduğu kimi, elm və mədəniyyət sahələrində də liderliyini qoruyur. İslam Mədəniyyətinin Paytaxtı olması isə onun yüksəlişinə, o cümlədən şərəfli tarixi keçmişinə verilən yüksək beynəlxalq qiymətdir.

Bu məqamda o da vurğulanmalıdır ki, dünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənlər də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli bir ada hələ də layiq görülməyiblər. Naxçıvan şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü və bu missiyanı uğurla yerinə yetirdi. Həm də müstəqilliyimizin çox qısa bir tarixi dövründə.

Doğma yurdumuzun İslam dünyasında rəğbət qazanmasının digər bir səbəbi odur ki, müasir Naxçıvan Qərbyönlü inkişafın əsas meyillərini cəm halda təcəssüm etdirsə də, Şərq mühitinin özünəməxsus aurasını qoruyub saxlaya bilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində əsaslı şəkildə bərpa edilmiş XIX əsrə məxsus Came məscidi, Nuh Peyğəmbərin türbəsi, Zaviyə-mədrəsə binası, həmçinin Möminə xatın, Yusif Küseyir oğlu türbələri, Naxçıvanqala, Xan sarayı, İsmayılxan hamamı həm də böyük İslam mədəniyyətini özündə yaşadan qədimlik ənənəsinin əsaslı nümunələridir. Görkəmli şair-dramaturq Hüseyn Cavidin şəbəkə ilə işlənmiş türbəsi də bu ənənələrdən bəhrələnərək ucaldılıb. Belə bir mötəbər məkan İslam Mədəniyyətinin Paytaxtı adına ancaq ucalıq gətirir.

Təsadüfi deyil ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsindən sonra keçirilən bir sıra tədbirlərdə iştirak edən xarici ölkələrin mədəniyyət xadimləri Naxçıvanın qədim tarixinə və onun müasir görkəminə heyranlıqlarını ifadə edir, şəhərimizin mədəni həyatındakı yeniliklərlə maraqlanırdılar. Söz yox ki, bu tədbirlərin iştirakçısı olan xarici ölkə vətəndaşları Naxçıvan haqqında, onun tarixi və mədəniyyət abidələri haqqında öz ölkələrində ətraflı məlumatlar verirlər.

Bu gün Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də böyük önəmə malik beynəlxalq tədbirlərin keçirildiyi inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb. Qədim diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Ölkə­mizdəki tolerantlıq və multikulturalizm mühitində bu modelin özünə­məxsus yeri var. Məhz bu mənada, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması İslam mədəniyyəti tarixinə qızıl hərflərlə yazıldı, tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti də özündə əks etdirən Naxçıvan modeli dünyaya təqdim edildi. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması bir illə məhdudlaşmır. Naxçıvan İslam sivilizasiyanın tarixi-mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub saxlayacaqdır.

"Şərq qapısı" qəzeti, 19.12.2018


      Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun rəsmi saytında Naxçıvan yallısı ilə bağlı məlumat yerləşdirilib. İngilis, fransız, ispan və ərəb dillərində verilən “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın milli rəqsləri” başlıqlı yazıda bu qədim milli rəqsimizdən bəhs edilir.

Vurğulanıb ki, 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bundan əlavə, UNESCO-nun rəsmi saytında “Köçəri” yallısı ilə bağlı videomaterial da yerləşdirilib. Bununla da Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, növbəti dəfə bu ölkəyə layiqli cavab verilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi ərazisi olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniy­yətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda bu ənənələri UNESCO səviyyəsində qorumaqdan ibarətdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirilib. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

"Şərq qapısı" qəzeti
15.12.2018


      Məlum olduğu kimi, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Doha şəhərində İslam ölkələri mədəniyyət nazirlərinin III konfransında əldə olunmuş razılığa əsasən islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar hər il İslam ölkələri şəhərlərindən birinin paytaxt seçilməsi qərara alınmışdır. Qərara əsasən ilk belə şəhər 2005-ci il üçün İslam dünyasının baş şəhəri Məkkə seçilmişdir. 2009-cu ildə bu hüquq Azərbaycanın paytaxtı Bakı şəhərinə, 2018-ci ildə isə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərinə verilmişdir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar verilən qərar heç də təsadüfi deyil, düşünülmüş bir qərar olmuşdur. Fikrimizcə, Naxçıvan şəhəri bu hüququ özünün zəngin tarixi keçmişi, keçdiyi inkişaf yolu, bugünkü tərəqqisi və əldə olunan böyük nailiyyətlər sayəsində qazanmışdır.

Naxçıvan Muxtar Respublikası, xüsusilə də Duzdağ ərazisində aparılan son tədqiqatlara görə, əsası bir yaşayış məskəni kimi eramızdan əvvəl V minilliyin əvvəllərində qoyulan Naxçıvan ilkin şəhər mədəniy­yətinin yarandığı bir ərazi olmuş, o, təxminən, beş min il bundan əvvəl şəhər kimi formalaşmışdır. Naxçıvan şəhəri, bütövlükdə Naxçıvan ərazisi bir sıra mədəniyyətlərin, o cümlədən Eneolit, Boyalı qablar və Kür-Araz mədəniyyətlərinin yarandığı və ətraf yerlərə yayıldığı bir mərkəzə çevrilmişdir. Bu inkişaf ilk orta əsrlər dövründə də özünü göstərmiş, həmin dövrdə Naxçıvan şəhəri Azərbaycanın yüksək dərəcədə inkişaf etmiş mühüm inzibati-siyasi mərkəzlərindən biri olmuşdur.

Naxçıvan ərazisi islamlaşmadan sonra, xüsusilə İslamın intibah dövründə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, ticari-iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Hətta şəhər X-XI əsrlərdə “Naxçıvanşahlıq” adlı kiçik feodallığın, 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri kimi nəhəng bir dövlətin paytaxtına, Azərbaycan memarlığının mərkəzlərindən birinə çevrildi. Naxçıvan Azərbaycan mədəniyyəti tarixinə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi dahi bir memar bəxş etdi. Burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından olan Naxçıvan məktəbi formalaşdı. Şəhərdə çoxlu sayda memarlıq abidələri inşa edildi, Yusif Küseyir oğlu, Möminə xatın türbələri, Came məscidi, Dövlətxana və digər bu kimi möhtəşəm memarlıq nümunələri yaradıldı. Naxçıvan şəhəri yüksək inkişaf səviyyəsinə çatdı. Buna görə də gözəlliyinə və ehtişamına görə orta əsr müəllifləri onu obrazlı şəkildə “Nəqşi-Cahan” (“Dünyanın bəzəyi”) adlandırırdılar. Naxçıvan həmin dövrdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. Təsadüfi deyil ki, XV əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilmiş və onun haqqında aşağıdakı qürurverici sözlər yazılmışdır: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir… Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün ­möcüzədir”.

Orta əsrlər zamanı aparılan quruculuq işləri təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmamış, diyarımızın hər yerini əhatə etmişdir. Qədim yurdumuzun müxtəlif yerlərində Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi, Ziya-ül Mülk körpüsü, Darkənd günbəzi, Əlincəçay xanəgahı, Qeysəriyyə, imamzadələr kimi nadir tarixi abidələr ucaldılmışdır. Qeyd etmək lazımdır ki, İslamın qəbulundan sonra yaradılan ədəbi və bədii əsərlər, memarlıq nümunələri yerli ənənələri özündə qoruyub saxlamaqla bərabər, həm də islami mahiyyət kəsb etdi. Bu, özünü, xüsusilə memarlıq abidələrində qabarıq şəkildə büruzə verməyə başladı. Müxtəlif təyinatlı həmin abidələrin üzərində ərəb əlifbası ilə kitabələr, o cümlədən Allaha aid kəlamlar, “Qurani-Kərim”dən ayələr, dini xarakterli mətnlər yazılmağa başladı. Beləliklə, orta əsrlər zamanı sənətkarlarımız tərəfindən Naxçıvanda memarlıq sahəsində çox zəngin bir mədəni irs yaradıldı. Böyük bir qismi Azərbaycanda İslamın qəbul edilməsindən sonrakı vaxtlara aid olan bu abidələrin çoxu yarandıqları vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən güclü şəkildə aşınmış, zəmanəmizə yarımdağılmış vəziyyətdə gəlib çatmışdır. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunaraq əvvəlki görkə­minə salınmış, onlara yeni həyat verilmiş, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu abidələrin əksəriyyəti məscidlər, imamzadələr, xanəgahlar, türbələr və İslamla sıx əlaqədar olan digər abidələrdir. Bu istiqamətdə işlər bu gün də sistemli şəkildə davam etdirilir. Qeyd etmək kifayətdir ki, Ali Məclis Sədrinin 2014-cü il 11 fevral və 2015-ci il 8 oktyabr tarixlərdə imzaladığı sərəncamlar əsasında təkcə 2016-cı ildə Azərbaycan xalqının məğlub­edilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada və XII əsr Azərbaycan memarlığının təkrar­olunmaz nümunələrindən sayılan Gülüstan türbəsində bərpa işləri yüksək səviyyədə başa çatdırılmışdır. Ali Məclis Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən Kəngərli rayonundakı XII-XIV yüz­illiklərə aid olan Qarabağlar Türbə Kompleksi yüksək səviyyədə bərpa olunmuşdur. 2016-2018-ci illərdə Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə, Naxçıvan şəhərindəki İmamzadə kompleksi, Babək rayonunun Nehrəm kəndindəki imamzadə, Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamı, Culfa rayonunun Qazançı kən­dindəki biraşırımlı körpü bərpa ­olunmuşdur.

Bu abidələrin tədqiqi və təbliği istiqamətində də işlər aparılmışdır. Təkcə 2018-ci ildə Azərbaycan, ingilis və rus dillərində “Qarabağlar Türbə Kompleksi” kitabı, “Naxçıvan imamzadələri”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları” haqqında kitabçalar, Yengicə kəndindəki Şərq hamamı haqqında Azərbaycan və ingilis dillərində buklet hazırlanmışdır. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında tarix-mədəniyyət abidələrinin qorunması, bərpası, tədqiqi və təbliği işi çox yüksək səviyyədə aparılır.

Son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində mövcud olan məscidlər və ziyarətgahlar əvvəlki tarixi görkəminə qaytarılmışdır. Bir sıra kəndlərdə məscidlər və ibadətgahlar tikilərək istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 211 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilmişdir. 139 məscid və 25 pir isə yenidən qurulmuş və ya bərpa olunmuşdur. Hazırda Naxçıvan şəhərinin cənub tərəfində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və Nuh Peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında böyük məscid binası inşa olunmaqdadır. İbadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən, kitabxanadan ibarət olan 15 günbəzli məsciddə eyni zamanda 2000 nəfər ibadət edə biləcəkdir.

Muxtar respublikada bu istiqamətdə keçirilən belə tədbirlər isə dünyanın müxtəlif yerlərindən, o cümlədən müsəlman ölkələrindən qədim diyarımıza gələn alimlərin, turistlərin, dövlət nümayəndələrinin və başqa insanların diqqətindən yayınmır. Şübhəsiz ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində sadalanan bu amillər nəzərə alınmışdır.

Ancaq Naxçıvanda müasir infrastruktur yaradılmasaydı, qeyd olunan bütün bu faktlar Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması üçün kifayət etməzdi və o, paytaxt ola bilməzdi. Çünki “İslam Mədəniyyətinin Paytaxtları” proqramına əsasən hər hansı bir şəhərin İslam Mədəniyyətinin Paytaxtı elan olunması üçün həmin şəhər bir sıra tələblərə cavab verməlidir. Belə ki, həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsə­nət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən qurumlara malik olmalıdır. Naxçıvan şəhəri isə bütün bu tələblərə cavab verir. Fikrimizcə, şəhərin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində son illərdə Naxçıvanda reallaşan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin, burada dövlət başçılarının görüşlərinin təşkili və bu sahədə qazanılan təcrübə də öz müsbət təsirini göstərmişdir.

Məhz bütün bunlara görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar qərar qəbul edilməsi çox təbii görünür. Bu möhtəşəm tədbirin keçiril­məsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə keçirilən ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir”.

Öz qədimliyi və müasirliyi ilə İslam Mədəniyyəti paytaxtları üçün tələb olunan qayda və prinsiplərə cavab verən, dini, milli və etnik tolerantlıq ənənələri ilə seçilən Naxçıvan şəhərində 2018-ci il üçün İslam Mədəniy­yətinin Paytaxtı kimi çoxsaylı tədbirlər həyata keçirilmişdir. İlk növbədə, bu möhtəşəm tədbirin loqotipi hazır­lanmış, muxtar respublika ərazisindəki dini abidələr, məscid və ziyarətgahlar, memarlıq nümunələri və sair haqqında kitablar hazırlanmışdır. “İslamda müdrik kəlamlar”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” kitabları nəşr etdirilmişdir. Naxçıvan şəhərində 7-8 iyul 2017-ci ildə “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” və 7-8 sentyabr 2018-ci ildə “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzularında beynəlxalq konfranslar keçirilmişdir. Bu tədbirlər davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tədbirlə əlaqədar belə bir fikir söyləmişdir: “Bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.

20 iyun 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018”in açılış mərasimində iştirak edən yüksək səviyyəli əcnəbi qonaqların belə bir möhtəşəm tədbirin keçirildiyi Naxçıvan şəhəri haqqında təəssüratları dövlətimizin başçısının bu fikri nə qədər uzaqgörənliklə söylədiyini göstərdi. İSESKO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri açılış mərasimində demişdir: “Mən ilk dəfədir, Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir…” Bu fikirlər İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanın ümumi mənzərəsi haqqında aydın təsəvvür yaradır.

İSESKO-nun Baş direktorunun, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin və bir sıra İslam ölkəsinin mədəniyyət nazirlərinin və nazir müavinlərinin, diplomatik nümayəndələrinin iştirak etdiyi “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri bütün dünyanın diqqətini tarix qədər qədim Naxçıvana yönəltdi. Fikrimizcə, 2018-ci ili İslam Mədəniyyətinin Paytaxtı kimi uğurla başa vurmaqda olan Naxçıvan şəhəri sadaladığımız bütün cəhətləri ilə yeganə nümunə kimi tarixdə böyük iz buraxacaq və yaddaşlara əbədi olaraq həkk ediləcəkdir.

"Şərq qapısı" qəzeti
15.12.2018


      Aparılan araşdırmalar, qaynaqlar və müxtəlif tədqiqatçılar təsdiq edir ki, Naxçıvanda orta əsrlər dövründə bir sıra sənətkarlıq sahələri inkişaf etmişdir. Bunu təsdiq edən ən mühüm qaynaqlardan biri də o dövrdən günümüzədək gəlib çatmış sənətkarlıq nümunələridir. Bəhs olunan zaman çərçivəsində hər bir dövrün özünəməxsus sənət əsərləri yaranmışdır. Həmin sənət əsərlərinin əksəriyyəti muzeylərdə, tarixi yerlərdə, şəxsi kolleksiyalarda mühafizə edilərək saxlanılmaqdadır.

Tarix elmləri doktoru T.Dostiyev yazır ki, IX-X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkündürsə, XI-XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənətkarlıq məhsulları istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi. Orta əsrlərdə Azərbaycan şəhərlərinin, o cümlədən Naxçıvanın inkişafının iqtisadi əsasını sənətkarlıq və ticarət təşkil edirdi. O dövrdə Azərbaycanın digər inkişaf etmiş şəhərlərində olduğu kimi, Naxçıvanda da sənətkarlar – əsnaflar sex (emalatxana) təşkilatlarında birləşirdilər. Təbii ki, sənətkarlıq sahələrinin yüksək səviyyədə inkişafı onların təşkilatlarının mərkəzləşməsinə gətirib çıxarmışdı. Aparılan araşdırmalardan bəlli olur ki, bəhs olunan dövrdə Naxçıvanda böyük sənətkarlar zümrəsi formalaşmışdı. Bunu günümüzədək gəlib çatmış tarix-mədəniyyət abidələri, muzeylərimizdə saxlanan çoxsaylı arxeoloji tapıntılar, vaxtilə insanların məişət həyatında istifadə etdiyi əşyalar, həmçinin dünyanın bir çox ölkələrində nümayiş etdirilən xalqımıza məxsus sənətkarlıq nümunələri təsdiq edir.

Şəhər həyatındakı dəyişikliklər, sənət sahələrinin inkişafı sənətkarların ictimai və siyasi rolunun nisbətən artmasına gətirib çıxardı. Orta əsrlər dövründə Azərbaycanın böyük şəhərlərində, o cümlədən Naxçıvanda əsas istehsaledici qüvvə sənətkarlar idi. Sənətkarlar, əsasən, üç qrupa bölünürdü: fərdi fəaliyyət göstərən, xüsusi təşkilatlarda (əsnaflarda) birləşmiş və iri feodal emalatxanalarına (karxanalara) mənsub olan sənətkarlar. Onlar evlərdə işləməklə bərabər, emalatxanalarda da birləşirdilər. Sənətkarlıq emalatxanaları, əsasən, karvansaray və bazarlarda yerləşirdi.

Naxçıvanda Azərbaycan Atabəylərinin hakimiyyəti dövründə müxtəlif sənətkarlıq məhsulları istehsal edilirdi. Bu da həmin məhsulların istehsalında əmək bölgüsünün daha da dərinləşməsinə, sənətdaxili ixtisaslaşmanın genişlənməsinə, sənətkarların peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olurdu.

Bu dövrdə dəmirçilikdə sənətdaxili ixtisaslaşma nəticəsində əmək aləti hazırlayan mütəxəssis ustalar yetişirdi. Həmçinin digər sənət sahələrində də bu ixtisaslaşma müşahidə olunurdu. Məsələn, qalayçılıq bilavasitə misgərlik sənəti ilə əlaqəli idi. Lakin qalayçılıq xüsusi sahə kimi fəaliyyət göstərir, qalayçılar şəhər misgərxanalarında çalışır və yaxud kəndlərə gedib əhalinin mis qablarını qalaylamaqla məşğul olurdular. Bəzək istehsalında şəhər zərgərləri xüsusilə fərqlənirdi. Gön­işləmədə dabbaqlarla yanaşı, xəz-dəri işləyənlər, sərraclar, çəkməçilər, çustçular, başmaqçılar, pinəçilər və digərləri çalışırdılar. Naxçıvan diyarında maldarlığın geniş yayılması burada gön və dəri işləmə üzrə sənətkarlığın inkişafı üçün əlverişli zəmin yaratmışdı. Dərzilər arasında papaqçılar, palançılar, kürkçülər mövcud idi. Toxuculuq və xalçaçılıqla əlaqəli şəkildə boyaqçılar fəaliyyət göstərirdi. Daşişləmə sahəsində memarlar, bənnalar, həkkaklıqla məşğul olan ustalar var idi. Naxçıvan ustaları tərəfindən hazırlanan məmulatlar təkcə Azərbaycanda deyil, hətta onun hüdudlarından kənarda da şöhrət tapa bilmişdi.

Son orta əsrlər dövründə Naxçıvan diyarında əhəmiyyətinə görə ikinci şəhər sayılan Ordubadda da sənətkarlıq inkişaf etmişdi. Bölgədə boyaqçılıq, dəriaşılama və dulusçuluq başqa sənət sahələrinə nisbətən daha geniş yayılmışdı. Burada səkkiz dəri aşılayan, iki keçəçi, bir dulusçu dükanları, bir boyaqxana fəaliyyət göstərirdi. Ümumiyyətlə, Ordubad şəhərində 30 sənətkar dükanı var idi. Yerli əhalinin verdiyi məlumatlara görə, həmin sənətkarlar, əsasən, Ordubad bazarının yerləşdiyi ərazidə fəaliyyət göstərmişlər. Ticarətdə olduğu kimi, sənətkarlığın da mərkəzi bazar idi. Məhz buna görə də sənətkar dükanlarının bir hissəsi bazarda cəmləşmişdi. XII əsrdə Naxçıvanda olan 1000 dükandan 450-si və bir neçə gön emalatxanası bazarda idi. Sənətkarların və tacirlərin bir bazarda cəmləşməsi yerli hakimlərin daxili siyasətinə uyğun gəlirdi, çünki belə olduqda tacir və sənətkarlara dövlətin nəzarəti daha asan olur, fərdi sənətkarlar öz mallarını istədikləri kimi sata bilmir və vergi toplanması işi də asanlaşırdı.

Xanlıqlar dövründə də Naxçıvan şəhərindəki 279 sənətkar emalat­xanasından 31-i karvansaraylarda, 248-i isə bazarda yerləşirdi. Naxçıvan şəhərində sənətkarlıq emalatxanalarının məhəllələr üzrə yerləşməsi vəziyyətinə də diqqət yetirsək, görərik ki, sənətkarların ayrı-ayrı məhəllələr üzrə bölgüsü də müəyyən maraq doğurur. Həmin bölgülərdən aydın olur ki, sənətkarların böyük əksəriyyəti Naxçıvanın köklü sakinləri olub, əsasən, onun qədim məhəllələrində məskunlaşmışdılar. Məsələn, Naxçıvan sənətkarlarının 97-si Əlixan, 91-i Şahab, 56-sı isə Sarvanlar məhəllələrində yaşayırdılar.

Naxçıvanda sənətkarlıq mərkəzlərindən danışdıqda ən əvvəl hələ qədim dövrlərdən meydana gəlmiş daşyonma sənətini xüsusi qeyd etmək lazımdır. Naxçıvanda bu sənətin yüksək səviyyədə inkişafı orta əsrlər dövründə bölgədə bir çox daşyonma mərkəzlərinin yaranmasına səbəb olmuşdu. Bunu bölgədə uzun müddət fəaliyyət göstərmiş daşyonma və ya daş üzərində işləmə mərkəzləri də təsdiq edir.

"Şərq qapısı" qəzeti
13.12.2018


      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi noyabr ayında öz fəaliyyətini iş planına uyğun qurmuşdur. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə bağlı işlər həyata keçirilmişdir. Ötən ay milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı olmuş və bu kütləvi tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər.

Noyabr ayında “Azərbaycan Dövlət Bayrağı Günü”, “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü”, “Konstitusiya Günü”, “Milli Dirçəliş Günü” münasibətilə muzeylərdə, kitabxanalarda, mədəni-maarif müəssisələrində, klub və mədəniyyət evlərində tədbirlər keçirilmiş, açıq dərslər olmuş, elmi-praktik konfrans təşkil edilmiş və sərgilər yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” qeyd edilmişdir. Bu dövrdə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə mədəniyyət evləri və klub müəssisələrinin bədii qiraət dərnəklərinin üzvləri arasında “Qürurum üçrənglidir” adlı şeir müsabiqəsi keçirilmişdir.

Ötən ay qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması və tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Ənənəvi olaraq muzeylərə yeni eksponatların təqdimetmə mərasimləri davam etdirilmişdir. Noyabrın əvvəlində rayon sakinləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən 80-dən çox eksponat Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin və başqa subyektlərin muzeylərlə tanışlığı təmin edilmiş, onlara muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul və “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamlarına uyğun olaraq açıq dərslər, interaktiv və distant dərslər davam etdirilmişdir. Bu məqsədlə Dövlət Bayrağı Muzeyində interaktiv dərs, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə Şərur rayon Kosacan kənd məktəbi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə Culfa Rayon Qazançı kənd məktəbi arasında distant dərs təşkil edilmiş, dərsə 200-dən çox təhsil müəssisəsi qoşulmuşdur.

Ay ərzində muzeylərdə seminar-treninqlər, dəyirmi masalar davam etdirilmişdir. Noyabr ayında muzeylərimizə 146 ədəd yeni eksponat daxil olmuş, muzeyləri ümumilikdə 55 min 884 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 14 min 608 nəfəri xarici ölkə vətəndaşıdır.

Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin günün tələbləri səviyyəsində qurulması da noyabr ayında diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi və sərgilərin yaradılması üçün bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində 20 kitab müzakirəsi olmuşdur.

Ötən ay nazirliyə 4 adda 80 nüsxə çap məhsulu daxil olmuş, müəssisə və təşkilatlara paylanmışdır. Kitabxanalara ümumilikdə 465 adda 557 nüsxə çap məhsulu daxil olmuşdur. Kitabxanalarda yeni oxucu sayı 327, oxucu gəlişi 13 min 80 nəfər, kitab verilişi 39 min 867 nüsxə təşkil etmişdir. Bu dövrdə elektron kataloqa 313 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 9 min 881-ə çatdırılmış, şəbəkəyə isə 278 kitab (PDF) işlənmiş və ümumi sayı 278-ə çatdırılmışdır. Noyabr ayında elektron kitabxanadan istifadə edən oxucu sayı qlobal şəbəkə üzrə 97 nəfər olmuşdur.

“Mütaliə günü” ilə bağlı 10, “Nağıl günü” ilə əlaqədar 27, “Kitabxanaçı günü” ilə bağlı 10 və “Kitabxana günü” ilə bağlı 10 tədbir keçirilmişdir.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. “Dövlət Bayrağı Günü” və “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar rayon (şəhər) mədəniyyət evi və klublarda tədbirlər keçirilmişdir. Ümumilikdə ay ərzində rayon (şəhər) mədəniyyət evləri və klublarda əlamətdar və tarixi günlərlə bağlı 312 tədbir olmuşdur.

Noyabr ayında mədəniyyət evləri və klublarda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən tədbirlərin sayı 104, birbaşa həsr olunan tədbirlərin sayı isə 9 olmuşdur.

Ötən ay gənclər arasında keçirilən intellektual oyun, kinoviktorina və müsabiqələr də maraqla qarşılanmışdır.

Nazirliyin təşkilatçılığı ilə keçirilən dram kollektivlərinin ifaçılıq müsabiqəsinin noyabrın sonunda Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində əsas turu keçirilmişdir. Müsabiqədə Naxçıvan şəhərindən 2 (“Sabit” və “Nur”), Babək rayonundan 2 (“Səbinə” və “Gənclik”), Ordubad rayonundan 1 (“Gilançay”) və Culfa rayonundan 1 (“Haçadağ”) kollektiv olmaqla ümumilikdə 6 dram kollektivi iştirak etmişdir. Müsabiqənin yekununda Culfa rayonundan “Haçadağ” kollektivi I, Babək rayonundan “Səbinə” kollektivi II və “Gənclik” kollektivi isə III yerin qalibi olmuşdur.

Noyabrın 27-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xor kollektivinin ilk konserti təşkil edilmişdir.

Noyabrın son günü Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Beynəlxalq Əlillər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarına əvvəlcə “Gənclik” Mərkəzinin foyesində təşkil olunmuş sağlamlıq imkanları məhdud şagirdlərin əl işlərindən ibarət sərgi, sonra uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin ifasında konsert təqdim edilmiş və fərqlənən şagirdlər mükafatlandırılmışlar.

Bu dövrdə Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsinin II mərhələsi Sədərək rayon orta məktəb şagirdləri arasında, III mərhələsi isə Şərur rayon orta məktəb şagirdləri arasında keçirilmişdir.

Ay ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslər, xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurslar davam etdirilmişdir.

Naxçıvan Musiqi Kollecinin “Muğam üçlüyü” və “Sazçalanlar” ansamblı isə Ordubad rayonunun sərhəd kəndi olan Kotam kənd mərkəzində konsert proqramı ilə çıxış etmişdir.

Ötən ay C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 40 illiyi ilə bağlı tədbir keçirilmiş, Əməkdar rəssam Səyyad Bayramovun 60 illik yubileyi qeyd edilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin müxtəlif tədbirlərdə konsertləri olmuş, Estrada Orkestri isə Sədərək rayon sakinləri qarşısında çıxış etmişdir.

Noyabr ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Əli və Nino” və “Qaynana əməliyyatı”, Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Qırmızı, yaşıl, mavi”, “Meşə macəraları”, “Nəğməkar bülbül”, “Sirli sözlər”, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Nadan xoruz” tamaşalarını nümayiş etdirməklə, yeni tamaşaların məşqlərini davam etdirmişlər.

Babək Rayon Xalq Teatrı “Subaylarınızdan görəsiniz”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı isə “Yarımgünlük rəis müavini” tamaşalarını muxtar respublikanın şəhər və rayonlarında göstərmişlər.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində Culfa rayonunun Teyvaz kəndində “Qırmızı bağ”, Babək rayonunun Cəhri kəndində “Xoşbəxt ay-ulduz”, Ordubad şəhərində “Dərvişin qeydləri”, Fondun zalında 12 və 15 nömrəli məktəblərin şagirdləri üçün “Xoşbəxt ay-ulduz” bədii və sənədli filmlərini göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasını diqqət mərkəzində saxlayacaqdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti


      Rusiya İmperiyasının Şimali Azərbaycandakı sonunçu türk-islam dövlətləri-İrəvan və Naxçıvan xanlıqlarının işğal edilməsindən sonra bu ərazilərin qərb tərəfindən tədqiqinə maraq artıb. Müxtəlif elm adamları və səyyahlar regionu öyrənməyə başlayıblar. Onlardan biri isveçrəli Frederik Debua de Monperedir.

1833-34-cü illərdə Qafqazda olan alim, naturalist, yazıçı, arxeoloq, tarixçi olan Debua de Monpere bu tədqiqatı ilə bağlı “Qafqaz ətrafında səyahət” adlı 6 cildlik və ona əlavə olaraq atlas və ilüstrasiyaları sonrakı illərdə nəşr etdirir.

1834-cü ilin mart ayında Naxçıvanda olan zaman isveçrəli alim Nuh peyğəmbərin qəbirüstü abidəsinin qalıqları və Möminə Xatın türbəsinin rəsmlərini çəkib. Bu rəsmlər onun nəşr etdirdiyi kitabında da yer alıb.

Kitabında bu haqda Monpere yazıb: “Nuh peyğəmbərin məzarüstü türbəsi, tikilinin üslubu və istifadə olunan materiallar Naxçıvandakı digər abidələrdəki kimidir. Bu da sübut edir ki, abidə müxtəlif əmirlərin (burada müəllif Naxçıvanı və bölgəni uzun əsrlər boyu idarə edən türk-islamhökmdarlarını nəzərdə tutur) idarəçiliyi zamanı vaxtaşırı olaraq yeniləndirilib”.

"Nuhçıxan" İnformasiya Agentliyi
06.12.2018


      Qədim və orta əsrlərdə yaşayış məskənləri salınarkən insanların suya olan tələbatının ödənilməsi zərurətini nəzərə alaraq, əsasən, çay sahilləri seçilirdi. Ona görə də hər hansı bir yaşayış məskəninin sakinləri, yaxud da ətraf ərazilərdə məskunlaşan əhali bir yerdən digər yerə gedərkən həmin çaylar onların rahat hərəkətinə mane olurdu. Bu səbəbdən də insanların, həmçinin bu ərazilərdə hərəkət edən karvanların işini asanlaşdırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilirdi. Maneələri aradan qaldırmaq üçün iri çayların üzərində körpülər salınmağa başlanmışdır. Orta əsrlər zamanı geniş miqyas almış bu iş, hətta dövlət siyasəti səviyyəsinə qədər yüksəlmişdir. Beləliklə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda, o cümlədən onun qədim mədəniyyət mərkəzlərindən olan qədim diyarımızda da tələbata uyğun olaraq kiçik və böyükölçülü körpülər inşa edilməyə başlandı.

Məlumdur ki, Naxçıvan Böyük İpək Yolunun və onun qollarının keçdiyi əsas ərazilərdən biri olmuşdur. Orta əsrlər zamanı bu yol, əsasən, Ordubad ərazisindən başlayaraq Araz boyu qərbə doğru uzanaraq Sədərəyə qədər getmiş, oradan Osmanlı imperiyası ərazisinə daxil olmuşdur. Həmin yoldan istifadə edən ticarət karvanları, həm də əks-istiqamətə – Şərqə doğru hərəkət etmişlər. Həmçinin çayboyu gedib-gələn karvanlar müəyyən yerlərdə Araz çayını keçərək cənuba, eyni zamanda şimala doğru da hərəkət etmişlər.

Azərbaycan xalqının adət-ənənələri sırasında xeyirxahlıq məqsədilə yol saldırmaq, kəhrizlər qazdırmaq, su xətləri çəkdirmək, körpülər tikdirmək və digər bu kimi işlərin görülməsi təqdir edildiyindən bir sıra hökmdarlar və imkanlı şəxslər bu cür işlərlə məşğul olmuş, o cümlədən körpülər inşa etdirmişlər. Həmin dövrdə, həmçinin bütöv bir yaşayış məskəninin əhalisinin gücü və vəsaiti ilə inşa etdirilən körpülər də olmuşdur.

Bölgə əhalisinə və ərazidən keçən ticarət karvanlarına xidmət etmək məqsədilə orta əsrlər zamanı salınmış həmin körpülərdən zəmanəmizədək nisbətən salamat gəlib çatanlar və dağılmış vəziyyətdə olanlar da vardır. Belə körpülərdən biri də muxtar respublikanın böyük çaylarından olan Əlincəçay üzərində orta əsrlər zamanı Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində inşa edilmiş biraşırımlı körpüdür. Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir. Yerli əhali arasında “Qozbel körpü” adı ilə tanınan bu körpü zəmanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatmışdır. Nəqliyyat üçün yararsız olsa da, müşahidələrimizə əsasən deyə bilərik ki, çayda suyun çox olduğu vaxtlarda həmin ərazidə hərəkət edən insanlar və heyvan sürüləri bir sahildən o biri sahilə keçmək üçün körpüdən yararlanırlar. Körpü az yonulmuş çapma daşlardan inşa olunmuş, tağların haşiyəsi və arxivoltu (körpünün tağını çərçivəyə alan çıxıntılı haşiyə) təmiz yonulmuş qumdaşı ilə işlənmişdir. Buna görə də tağın kənarı körpü divarının yonulmamış səthindən fərqlənərək onun konstruksiyasını nəzərə çatdırır.

Körpü Azərbaycanın “qozbel” körpülər tipinə aiddir. Körpünün dayaqları çayın sahillərində təbii özüllər – iri qayalar üzərində oturdulmuşdur. Çay yataqlarındakı qayalar davamlı təbii özüllər olduğundan körpülər inşa edilərkən onların konstruktiv sistemi bu möhkəm dayaqlar arasında qurulan tağbənd aşırımlarından yaradılırdı. Qaya özüllər həm də körpünü olduğu yerə, təbii landşafta birbaşa bağlayırdı. Bu zaman körpünün orta üfüqi hissəsi, bir qayda olaraq, pandus (tikintilərdə pilləkən əvəzinə istifadə edilən maili müstəvi) şəklində sahilə enirdi. Bu forma azaşırımlı körpülərə “qozbel” biçimi verirdi. Belə biçim təbiətə bağlılıq, tikinti materiallarına qənaət baxımından əlverişli olmaqla körpünü aramsız sellərə qarşı da daha dayanıqlı edirdi. Xalqımızın keçmiş körpüsalma ənənələrini və təcrübəsini parlaq surətdə əks etdirən Qazançı körpüsü də bu tələblərə uyğun inşa edildiyindən elmi ədəbiyyatda və xalq arasında “Qozbel körpü” kimi dəyərləndirilir.

Körpü Qazançı kəndindən keçən, qərbə və şərqə hərəkət edən, Ordubad ərazisində Böyük İpək Yolunun əsas marşrutlarına birləşən ticarət karvanlarına və əhaliyə xidmət etmişdir. Şərq memarlıq üslubunda inşa edilən və Azərbaycan ərazisində zəmanəmizədək müəyyən qədər salamat vəziyyətdə gəlib çatan biraşırımlı körpülərin möhtəşəm nümunələrindən olan bu abidənin üzərində epiqrafik sənəd – kitabə olmadığı üçün onun inşa tarixi haqqında dəqiq elmi fikir söyləmək mümkün deyil. Ancaq tikinti texnikasına və memarlıq-konstruktiv quruluşuna əsasən körpünü XVII əsrin əvvəllərinə, Səfəvi hökmdarı I Şah Abbasın dövrünə (1587-1629-cu illər) aid etmək olar.

Körpü zaman keçdikcə təbii qüvvələrin təsirindən, xüsusilə keçən yüzillikdə baxımsızlıqdan aşınmalara məruz qalmış, bəzi yerləri uçub dağılmışdı. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığı ilə 2018-ci ilin iyul ayından körpüdə bərpa işlərinə başlanılmışdır. Keçən müddət ərzində burada bir sıra işlər görülmüş, ilk növbədə, Naxçıvan-Ərəfsə yolundan körpünün yerləşdiyi əraziyə asfalt yol çəkilmişdir. Yeni çəkilən yolun kənarlarında sürüşmənin qarşısını almaq, güclü sel sularının yaranması zamanı körpünün təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər həyata keçirilmişdir. Körpünün ətrafında 120 metr sahilbərkitmə işləri aparılmışdır. Dəmir-betondan 50 metr uzunluğunda istinad divarı salınmış və onun üzəri dağ daşları ilə üzlənilmişdir.

Tikintisində müxtəlif həcmli çay və dağ daşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilən biraşırımlı körpünün bərpası zamanı yükdaşıyan hissəsinin aşınmış daşları dəyişdirilərək yenisi ilə əvəz olunmuş, daşların arası tamamilə təmizlənərək əhəng məhlulu ilə yenidən bərkidilmişdir. Körpünün şimal tərəfdən yol ilə birləşən hissəsi orijinallığı saxlanılmaqla bərpa edilmişdir. Nəticədə, körpünün uzunluğu ilkin şəklinə, yəni 50 metrə çatdırılmışdır. Bütün bu işlərin yerinə yetirilməsində yerli dağ daşlarından istifadə olunmuşdur. Ümumiyyətlə, Qazançı kəndinin cənub tərəfində yerləşən və kəndin adı ilə “Qazançı körpüsü” adlandırılan bu memarlıq abidəsi orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunmuş, onun əvvəlki ­görkəmi özünə qaytarılmışdır. Körpüdə aparılan bərpa işləri 2018-ci ilin noyabr ayında başa çatdırılmışdır. Noyabrın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iştirak etmiş, körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Tanışlıq zamanı Ali ­Məclisin Sədri muxtar respublikada bərpa olunmayan tarixi abidələrin müəyyən edilməsi və onlarda bərpa işlərinin aparılması, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən Qazançı körpüsü haqqında tarixi mənbələrdən məlumatların toplanılması və mono­qrafiya şəklində nəşr olunması, Qazançı körpüsü haqqında materialların və fotoşəkillərin internetdə yerləşdirilməsi və tanıdılması barədə tapşırıqlar vermişdir.

Beləliklə, muxtar respublika ərazisində zəmanəmizədək gəlib çatan daha bir tarixi abidəyə – Qazançı körpüsünə yeni həyat verilərək xalqa qaytarılmış, körpünün orta əsrlər zamanı və sonrakı dövrlərdə Qazançı kəndinin və ətraf yaşayış məskənlərinin əhalisinin həyatında oynadığı rol özünə qaytarılmışdır. Əminliklə deyə bilərik ki, muxtar respublikamızda tarixi-mədəni irsimizin qorunub yaşadılmasına göstərilən dövlət qayğısı nəticəsində digər tarixi abidələrimiz də elmi əsaslarla, keyfiyyətli şəkildə bərpa edilərək yenidən xalqımızın ixtiyarına veriləcəkdir.

"Şərq qapısı" qəzeti
06.12.2018


      “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib

Xalqımıza məxsus olan, yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də yaşadılır. Laylalar, oxşamalar, bayatılar, əfsanələr, rəvayətlər müxtəlif dövrlərdə və mərasimlərdə ­yaradılaraq, el-el, oba-oba gəzib dolaşaraq xalqımızın əvəzsiz mənəvi dəyərlərinə, milli kimliyinin rəmzinə çevrilib. Muxtar respublikada bu qiymətli sərvətin daha geniş tədqiqi və təbliği onu gələcək nəslə olduğu kimi çatdırmaq məqsədi daşıyır. Ali Məclis Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı milli dəyərlərimizə, xalqımızın əsrlərboyu yaratdıqlarına, folklora böyük diqqət və ehtiramın ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə yallı sənətinin öyrənilməsi, yaşadılması və təbliği məqsədilə kompleks tədbirlər həyata keçirilib. Yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. 21 yallı qrupunun fəaliyyət göstərdiyi muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazırlanıb. Bu xalq yaradıcı­lığı növünün kütləvi təbliği məqsədilə 2014-2016-cı illərdə yallı festivalları keçirilib.

Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü “Kitabi-Dədə Qorqud” dastanlarında sözlə, fikirlə, yallılarda isə ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyır. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, milli həmrəyliyini və sülhpərvərliyini özündə yaşadır. Tədqiqatçıların fikrincə, yallı 8-10 min il bundan əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranması yazılı mədəniyyətin formalaşmasından əvvəlki dövrlərə təsadüf edib. İlkin yallılar oda, atəşə pərəstiş dövründə yaranıb, od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Bu deyilənləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində də görmək mümkündür. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-­birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”. Bu gün şöhrəti dünyanı dolaşan Şərur yallıları da hər yerdə maraqla izlənilir.

Şərurda ilk yallı qrupu 1924-cü ildən fəaliyyət göstərir. Həsənbəy adlı yengicəli bir ziyalı öz həmkəndlilərini, rayonun digər yaşayış məntəqələrinin istedadlı gənclərini başına toplamış, unudulmaqda olan yallılarımıza yeni nəfəs vermiş, səhnəyə çıxarmışdır. 1937-ci ildə Cəlilkənd Seçki Dairəsindən SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülən, seçiciləri ilə görüşdə Şərur yallılarını xüsusi heyranlıqla izləyən Üzeyir Hacıbəyovun təşəbbüsü ilə 1938-ci ildə “Şərur” Yallı Ansamblı Mos­kvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə dəvət alır və burada böyük uğur qazanır. O vaxtdan yallı ansamblı tez-tez muxtar respublikanın şəhər və rayonlarına, kəndlərinə qastrola çıxır, bayram tədbirlərində rəngarəng proqramlarla çıxış edir. Kollektiv dünyanın bir çox ölkələrində keçirilən festivallarda iştirak edərək diplom və mükafatlara layiq görülüb. 1970-ci ildə Bakı şəhərində keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə muxtar respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Respublika Sarayındakı yekun tədbirdə iştirak edən ulu öndər Heydər Əliyev konsertdən sonra səhnə arxasında ifaçılarla söhbət edərkən bu ansambl­ın çıxışından razı qaldığını bildirib, tövsiyə və tapşırıqlarını verib: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir... Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır”, – deyib.

1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən Ümumdünya folklor festivalı ansamblın üzvləri üçün yaddaqalan olub. Ansamblı beynəlxalq əhəmiyyətli tədbirə məşhur rəqqasə, Azərbaycan Respublikasının Xalq artisti Əminə Dilbazi hazırlayıb. O, öz xatirələrində yazırdı: “Məndən soruşdular: SSRİ-ni Almaniyada hansı folklor kollektivi təmsil edə bilər? Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda, Şərur torpağındadır... Biz Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi...”

Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur, kollektivə “Xalq Yallı Ansamblı” statusu verilir. Məhz o dövrdə ümumittifaq televiziyası tərəfindən “Şərur yallısı” sənədli filmi çəkilir.

Bu gün də kollektiv kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir. Hazırda onların proqramında “Köçəri”, “Tənzərə”, “Qaladan-qalaya”, “Tello”, “Xələfi”, “Dördayağı”, “Urfanı”, “Qazı-qazı”, “Tirməşal”, “Dönə-dönə”, “Hoynəri”, “Gülümey”, “Haxışta” və sair kimi 40-dan artıq yallı rəqsi vardır.

Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Kimya Babayeva 1979-cu ildən taleyini bu kollektivə bağlayıb, “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, Prezident mükafatına layiq görülüb. O, 2005-ci ildən “Şərur” Xalq Yallı Ansamblına rəhbərlik edir. Kimya Babayevanın dediklərindən: – Şərur yallılarının şöhrətlənməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. O, bu ansamblın fəaliyyəti ilə daim maraqlanır, qayğısını əsirgə­mirdi. Dahi şəxsiyyət hər zaman yallılarımıza böyük maraqla tamaşa edir, kollektivə mənəvi dayaq olurdu. “Şərur” Xalq Yallı Ansamblı bu gün də diqqət və qayğıdan kənarda deyil. Bu qədim ansambl haqqında Ali Məclisin Sədri yüksək fikir söyləmişdir: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.

Göstərilən diqqət və qayğı “Şərur” Xalq Yallı Ansamblının daha böyük uğurlar qazanmasına zəmin yaradır. Xalq Yallı Ansamblı Almaniya ilə yanaşı, 1984-cü ildə Polşada, 2001-ci ildə Misirdə keçirilən beynəlxalq folklor festivallarının da laureatı olub. Ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1987-ci ildə Türkiyədə keçirilən folklor bayramında, 1998-ci ildə həmin ölkədə təşkil olunan “Dədə Qorqud festivalı”nda maraqlı konsert proqramları ilə çıxış edib. 2001-ci ildə Misir Ərəb Respublikasında “Qızıl açar” mükafatına layiq görülmüş ansambl 2002-ci ilin iyun ayında İstanbulun böyük rayonlarından biri olan Pendikdə keçirilən mədəniyyət və incəsənət bayramında öz ustalıqlarını bir daha nümayiş etdiriblər. “Şərur” Xalq Yallı Ansamblı 2005-ci ilin may ayında İstanbul şəhərində keçirilən folklor festivalında 57 ölkəni təmsil edən kollektivlər arasında birinci yeri tutub, festivalın mükafatı və diplomu ilə təltif olunub. 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə bağlı Mos­kvada keçirilən Naxçıvan günlərində Şərurun yallı kollektivi öz məharətini göstərib. Kollektivin üzvləri 2010-cu ilin iyul ayının əvvəllərində Ərdahan vilayətində “Atatürkün izində, kölgəsində Damal şənlikləri” festivalında da müvəffəqiyyətlə iştirak ediblər. Kollektiv 2010-cu ilin avqust ayında Türkdilli xalqların mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq təşkilatı TÜRKSOY-un dəstəyi və Türkiyənin Ağrı şəhər valiliyinin təşkilatçılığı ilə keçirilən “Ağrı mədəniyyət və sənət günləri” tədbirindən də mükafatla qayıdıb.

2012-ci ildə Masallıda keçirilən beynəlxalq folklor festivalına qatılan ansambl 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı Polşa Respublikasının Krakov şəhərində keçirilən tədbirdə, 2015-ci ildə Respublika Günü münasibətilə qardaş Türkiyənin Qars şəhərində çıxış edib. Həmin il Salyan şəhərində Muğan Babazanlı abidələrinin 2 min 800 illik yubileyində də Şərur yallıları alqışlarla qarşılanıb. Ümumiyyətlə, səsi-sorağı dünyanı dolaşan Şərur yallılarının uğurlarını sadalamaqla qurtaran deyil.

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, iki dəfə Prezident mükafatçısı olan Səttar Əhmədov: – Kollektivə müxtəlif illərdə məşhur rəqs ustası və baletmeysterlərdən Əlibaba Abdullayev, Əminə Dilbazi, Roza Cəlilova, Aliyə Ramazanova və Əli Əşari yaxından kömək edib və rəqqasların ustalığının, ifaçılıq texnikasının artırılmasına, repertuarın zənginləşməsinə köməkliklərini əsirgəməyiblər. Kollektivin tərkibinə istedadlı gənclərin cəlb edilməsində, qədim yallı və rəqslərimizin toplanmasında və repertuarın zənginləşdirilməsində yerli bədii rəhbərlərin də əməyi mühüm əhəmiyyət kəsb edir. Müxtəlif illərdə rayonun tanınmış incəsənət adamları Bahaddin Əsgərov, Vasif İbrahimov, Əli Əsgərov, Səfər Qəhrəmanov, Yusif Həsənov, Nərminə Seyidova – bu siyahını uzatmaq da olar – ansamblın bədii rəhbəri işləyiblər. İndiki nəslin yaddaşında Azad Ramazanov, Rəna Əliyeva, İsa Mustafayev, Mirmahmud Seyidov, Çinarə və Kəmalə Babayevalar və digərləri gözəl yallı ifaçısı kimi qalıb. Kollektivi vaxtilə tulumda Məmməd Yaqubov, zurnada Hatəm Məmmədov və Nəsrulla İsmayılov, nağarada isə Eldar Nəcəfov müşayiət ediblər.

Ansamblın bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Əfsər Novruzov deyir ki, biz kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Ömürlərinin ahıl çağını yaşayan insanlarda xeyli bilgilər var. Onların köməyi ilə unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs özünə yer tutub. Hər il ansambla istedadlı gənclər qəbul edilir. Onlar Şərur yallılarını dünya xalqlarına tanıtdıran və sevdirən keçmiş ifaçıların yolunun layiqli davamçılarıdır. Ağsaqqallardan ibarət “Nurani” ansamblı, uşaqlardan təşkil olunmuş “Şərur qönçələri”, eləcə də “Şərur” yallı kollektivləri son illər muxtar respublikamızın müxtəlif rayonlarında yaradılan yallı ansamblları üçün bir təcrübə məktəbi rolunu oynayırlar.

Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığıdır. Məhz bu mənəvi sərvətlərimiz ilə milli varlığımızı qoruyub saxlaya bilirik. Şərur yallı kollektivləri də muxtar respublikamızın folklorunu qoruyur, yaşadır, onu dünyaya tanıdırlar. Kollektiv üzvləri xalqın nadir incilərinin daim yaşaması üçün təcrübələrini böyük səy və həvəslə öyrədirlər.

Bu günlərdə milli dəyərlərimizin tərkib hissəsi olan yallılarımızı yaşatmaq, dünyada təbliğ etmək istiqamətində daha bir əhəmiyyətli uğur qazanılıb. Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazır­lanıb aidiyyəti üzrə təqdim olunub. Nəticədə, 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş Qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma ­Siyahısına daxil edilməsi bu qədim xalq yaradıcılığı ilə məşğul olanların ikiqat sevincinə səbəb olub. Bu, dünyanın qədim yaşayış məskənlərindən biri – Şərurun zəngin folklor örnəklərindən olan yallının buranın qədim rəmzi olduğunu dünya miqyasında bir daha təsdiqlədi.

Ölkəmizin qədim və tarixi diyarı olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə, xalq yaradıcılığına dünya miqyasında işıq salınması və tanıdılması, bu ənənələrin UNESCO səviyyəsində qorunması, Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısının alınması bütün naxçıvanlılarda sevinc və qürur doğurmaqla yanaşı, Şərur rayonunun yallı kollektivlərini də yeni yaradıcılıq uğurlarına ruhlandırıb. Muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliğinə Şərurun yallı kollektivləri bundan sonra da sənət uğurları ilə öz töhfələrini verəcəklər.

"Şərq qapısı" qəzeti
05.12.2018


      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən hər il oktyabrın 24-ü – ədibin anadan olduğu gün Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda Molla Abdullanın ailəsində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada almış, sonra isə təhsilini öz dövrünün görkəmli maarifpərvər ziyalısı olan Məhəmməd Tağı Sidqinin yenitipli məktəbində – “Məktəbi tərbiyə”də davam etdirmişdir. Burada dünyəvi elmlərə yiyələnmiş, “Gülçin” təxəllüsü ilə ilk şeirlərini yazmağa başlamışdır. 1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində oxuyan ədibin həyatında və gələcək yaradıcılığında bu illər mühüm mərhələ təşkil edir. Hüseyn Cavid burada görkəmli alimlərdən və pedaqoqlardan dərs almış, idealist fəlsəfənin sirlərinə dərindən yiyələnmişdir. 1909-1910-cu illərdə Naxçıvanda müəllimliklə məşğul olmuş və ədəbiyyatımızda ilk mənzum dram olan “Ana” pyesini məhz burada yazmışdır. 1911-1917-ci illərdə Tiflisdə həm bədii yaradıcılıqla, həm də pedaqoji fəaliyyətlə məşğul olan şair-dramaturq 1913-cü ildə Tiflisdə “Keçmiş günlər” adlı ilk şeirlər kitabını çap etdirmişdir. 1917-ci ildə Bakıda “Bahar şəbnəmləri” adlı ikinci şeirlər kitabı çap edilmişdir.

Ədib 1918-ci ilin ortalarından 1919-cu ilin əvvəllərinə kimi Naxçıvanda “Rüşdiyyə” məktəbində dərs demişdir. 1919-cu ildə Abdulla Şaiqlə birgə ilk ədəbiyyat nəzəriyyəsi dərsliyimiz olan “Ədəbiyyat dərsləri” kitabını yazmışdır. 1920-ci ildən sonra Azərbaycan Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda dərs demişdir.

Millətini, xalqını, sahib olduğu milli dəyərlərini canından artıq sevən böyük mütəfəkkir bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparmış, xalqını, millətini xoşbəxt görmək üçün qələm çalmışdır. Şairin fikrincə, bu xoşbəxtlik yüksək təhsil və mədəniyyətlə mümkündür. Bunun üçün də azad yaşamaq, öz dövlətinin sahibi olmaq əsas şərtdir. 1937-ci ilin iyun ayında “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkizillik həbs cəzasına məhkum edilmişdir. O, 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və ən soyuq həbs düşərgəsi olan Maqadan şəhərində sürgündə olmuşdur. 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat edən Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı, ona verilən yüksək qiymət haqqında düşünərkən böyük sənətkarın mərhum qızı Turan xanımın dediyi belə bir fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün, birinci növbədə, mən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”.

Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar böyük şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə idi. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addım atmış, Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də Naxçıvana gətirilmişdir. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir. Ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərlərinin nəşrinə başlanmış, rus dilində 2 cildliyi işıq üzü görmüşdür. Azərbaycanın şəhər və rayonlarında böyük ədibin yubiley tədbirləri təşkil olunmuş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitab­xanalar verilmişdir.

1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyi yaradılmış, 1993-cü ildə Bakıda Hüseyn Cavidin abidəsi ucaldılmışdır. 1995-ci il iyunun 10-da ulu öndərimiz Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur. Ulu öndərin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçmişdir. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılışı olmuşdur. Ulu öndərin 23 oktyabr 2002-ci il tarixli Sərəncamı ilə Hüseyn Cavidin anadan olmasının 120 illik yubileyi, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 aprel, 2012-ci il 16 fevral və 2017-ci il 24 oktyabr tarixli sərəncamlarına əsasən isə ədibin 125, 130 və 135 illik yubileyləri geniş şəkildə qeyd edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylərlə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuş, elmi konfranslar və simpoziumlar keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” və “İblis” əsərləri tamaşaya hazırlanmış, “Naxçıvan” jurnalının bir nömrəsi Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addımdır.

Xalqımızın böyük oğlu Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof Hüseyn Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Hüseyn Cavid həyatda olanı yox, olmalı olanı tərənnüm edən romantik şairdir. Romantik pafos, xəyalın hüdudsuz uçuşu, mütləq həqiqətə çatmağa dönməz cəhd onun ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhətlərdir. Yaradıcılığının bu məziyyətinə görə Hüseyn Cavidi ədəbi şəxsiyyət kimi Azərbaycan ürfan ədəbiyyatının sonuncu ustadı adlandırırlar. Hüseyn Cavid Məhəmməd Füzulidən üzübəri orta əsrlər Azərbaycan ədəbiyyatının poetik qanunauyğunluqlarını öz yaradıcılığında əks etdirən, xüsusilə əruz ehkamlarına yenidən can verən qüdrətli söz ustadıdır.

Azərbaycan ədəbiyyatı tarixində Hüseyn Cavid yaradıcılığı məzmunca yüksək olduğu kimi, bədii forma cəhətdən də zəngin və əlvandır. Novator lirik şeirlər, liro-epik, epik poemalar yazmaqla yanaşı, Cavid Azərbaycan söz sənətinə faciə və dramlardan ibarət incilər bəxş etmişdir. Ədəbiyyatımızın söz zadəganı Hüseyn Cavid dramaturgiyası, sözün həqiqi mənasında, xarakterlər dramaturgiyasıdır. Bu baxımdan onun dram sənətkarlığını ancaq dünyanın ən böyük dramaturqları ilə müqayisə etmək olar. Həqiqətən, Hüseyn Cavid elə bir “sübh şəfəqi” idi ki, işığı əsrlərin süzgəcindən süzülüb gəlir və həmişə də öz ilkin şövqü ilə parıldayır. Əsrlər bir-birini əvəz edir, o işıq isə ürəyində, amalında azadlıq eşqi olan bəşəriyyəti daim özünə çəkir. Çünki həmin işığın nüvəsində həqiqət dayanır.

Hüseyn Cavid yaradıcılığında adi, məişət səviyyəsinə enən, dövrün ötəri tələbindən doğan fikir və mülahizə yoxdur. Ədibin bütün fikirləri ümummillidir, ümumbəşəridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan-türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdir”.

Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçən və özündən sonra bəşəriyyət üçün ölməz əsərlər miras qoyan sənətkardır. “Şeyx Sənan”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” kimi pyesləri, “Azər” poeması bütöv bir silsilə təşkil edən lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə əbədi həkk etmişdir. Öz dahiyanə əsərləri ilə Hüseyn Cavid Azərbaycan dramaturgiyasını həm mövzu, həm də xarakter və obrazlar qalereyası baxımından olduqca zənginləşdirmiş, dramaturgiyamıza ümumbəşəri ideyaları təbliğ edən əsərlər bəxş etmişdir.

"Şərq qapısı" qəzeti
24.10.2018


      “Təmizlik imandan gəlir” deyimi tarixboyu xalqımızın gündəlik həyatının ayrılmaz ritminə çevrilib. Ölkəmizin bütün bölgələrində olduğu kimi, oğuz yurdu Naxçıvanda da orta əsrlər dövrünə aid kəhrizlərin, hamamların mövcudluğu ulu babalarımızın daim bu amilə həssaslıq göstərməsindən, təmizliyə, paklığa, səliqə-sahmana xüsusi diqqət yetirməsindən xəbər verir. Qədim diyarın ayrı-ayrı guşələrində yerləşən belə tarixi abidələr müstəqillik illərində təmir-bərpa olunaraq həyata qaytarılıb və bu gün yüksək səviyyədə qorunub yaşadılır. Tarixi keçmişimizə, əcdadlarımızın məişət həyatına işıq salan məkanlardan biri də Nахçıvаn şəhərinin Heydər Əliyеv prospеkti ilə “Təbriz” küçəsinin kəsişməsində, Dədə Qorqud mеydаnındа yerləşən, inşası XVIII əsrin ortalarına aid edilən Şərq hamamıdır.

Şəhər sakinləri arasında bu məkana “İsmayılxan hamamı” da deyilir. Tikiliyə aid yazılı kitabə aşkar edilmədiyindən inşa olunma tarixi dəqiq bəlli deyil və barəsində çox da geniş məlumat əldə edilməyib. Dövlətimizin xalqın keçmişinə, adət-ənənələrinə verdiyi böyük önəm sayəsində hamam binası əsaslı təmir və bərpa edilərək 2005-ci ildə müasir görkəminə qovuşub.

Naxçıvan şəhərinin Sabir küçəsində yaşayan, Kəngərlilər nəslindən olan, yaşı 80-i adlamış Sabir Kəngərli və həyat yoldaşı Nəzakət Kəngərli ilə söhbət zamanı öyrəndik ki, İsmayıl ağa Naxçıvanın hakimi olmuş Kərim Sultan ağa Kəngərlinin oğludur. İsmayıl ağa Pirqəmiş məhəlləsində yaşayıb və onun yaşadığı ev məhəllənin ərazisində bu gün də qalmaqdadır. Sabir Kəngərli onu da bildirdi ki, hamam haqda söhbət düşəndə atası Hüseyn ağa Kəngərli daim deyərdi ki, bu hamam İsmayıl ağa tərəfindən inşa olunub və adı da “İsmayıl ağa hamamı” kimi tanınıb. Buradan belə ehtimal yaranır ki, bu gün həmin abidə, əslində, bir vaxtlar “İsmayıl ağa hamamı” adlanıb. Ancaq bu barədə əsaslı fakt olmadığından qəti fikir söyləmək mümkün deyil.

Hamam binasının memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat əldə etmək üçün Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova ilə həmsöhbət olduq. O bildirdi ki, memarlıq üslubuna görə Şərq hamam­ları ilə eynilik təşkil edən tikilinin ümumi sahəsi 526 kvadratmetr olub, planda düzbucaqlı formada həll edilib. Bina orta əsrlərdə Naxçıvanın memarlıq tikililərində ənənəvi material kimi geniş yayılmış bişmiş kərpiclə inşa olunub. Hamam daxildən memarlıq planlaşma quruluşuna görə dairəvi formada paltardəyişmə zalından, düzbucaqlı formada şərqdən qərbə doğru­­ genişləndirilmiş və mərkəzi günbəzi saxlayan dörd ədəd sütunlu yuyunma zalından, həmin zala açılan buxar otaqlarından və qızdırıcı kameradan ibarətdir.

Hamamın yuyunma və paltardəyişmə zalının mərkəzində dairəvi formada kiçik hovuzlar tikilib. Vaxtilə buraya soyuq su onun yaxınlığındakı kəhrizdən gəlirmiş. Belə ki, su hamamın arxa tərəfində tikilmiş anbara doldurulduqdan sonra kanallar vasitəsilə qızdırıcı kamerada yerləşən tiyana, hamamın divarlarında yerləşdirilmiş saxsı borularla yuyunma zalına və hovuzlara paylanırdı. İsti su isə qızdırıcı kameradan mis qablarla götürülürdü. Tikilinin yuyunma zalı döşəmənin altında yerləşdirilmiş kanallar vasitəsilə (spiral formasında döşəmədə dövr edən saxsı borular) qızdırılırdı. Suyun qızdırılması üçün samandan istifadə olunurdu. Bu yanacaqla qızdırılan hamamlar həftəboyu öz istiliyini sabit saxlayarmış. Boruların içərisində dövr edən isti su yenidən ocaqxanaya qayıdır və proses yenidən baş verirdi. Borunun bir qolu isə divarda quraşdırılmış digər kameraya birləşdirilirdi və isti buxar kamera vasitəsilə xaric olunurdu. Bu kameralar hamamın divarlarında bir neçə yerdə qoyulurdu ki, bununla da daxildə təmiz hava yaradılırdı.

Tikilidəki Naxçıvan hamamlarına xas olan digər əlamətlərdən biri də girişdə, paltardəyişmə və yuyunma zalları arasında ensiz keçidlərin yerləşdirilməsidir. Həmin ensiz və alçaq keçidlər hamamın daxilində bir neçə funksiya daşıyırdı. Belə ki, onlar yuyunma zalının daxilində olan isti havanın soyumasının qarşısını alır, isti havanın paltardəyişmə zalına keçməsinə yol vermir, hamamın daxilində olan temperaturu müəyyən bir zaman daxilində sabit saxlayır, yay aylarında isti havanın hamamın daxilinə keçməsinə imkan vermirdi.

Gülnarə Qənbərovanın sözlərinə görə, hamamın divar hörgüsü ilə yanaşı, zalları və yerləşgələrinin tavan örtüyündə də bişmiş kərpicdən istifadə olunub. Zalların tavanından fərqli olaraq yerləşgələrin tavanı kiçikölçülü dairəvi günbəzlə örtülüb. Yuyunma zalına açılan yerləşgələr kiçik pəncərələr və günbəzin mərkəzində açılmış baca vasitəsilə işıqlandırılıb. Paltardəyişmə zalının tavanında yerləşən ən böyük dairəvi günbəz hamamın əsas elementlərindən biri hesab olunur. Xaricdən günbəzlərin üzərində yarımdairə formasında bacalar qurulub. Sadə formada işlənmiş kiçik memarlıq elementləri günbəzlərə mürəkkəb quruluş verir. Bacalar xaricdən hamamın daxilinə yağış sularının keçməsinin qarşısını alır, daxildəki isti (və ya yay aylarında sərin havanın) havanın tez xaric olmasına imkan vermir, gecələr hamamın işıqlanması üçün buraya lampalar asılırdı.

Hamamın ən maraqlı memarlıq element­lərindən biri də onun baştağıdır. Belə ki, tikilinin bu hissəsi fasad kompozisiyasının önəmli elementlərindən biri olmaqla, memarlıq-bədii obrazının xüsusi monumentallığı ilə fərqlənir. Düzbucaqlı portal daxilində yerləşdirilmiş əyrixətli tağı və giriş qapısı ilə kompozisiya tamamlanır. Hamamın tikintisində bişmiş kərpiclə yanaşı, interyerlərinin bəzədilməsində kaşı və mərmər daşlarından da istifadə edilib. Abidənin daxili bəzəyi günümüzədək gəlib çatmasa da, onun daxili planlaşmasından və xarici quruluşundan görünür ki, bina vaxtilə şəhərin ən önəmli tikililərindən biri olub.

Günümüzdə Şərq hamamı ilin bütün fəsillərində xeyli sayda turistin heyranlıqla tamaşa etdiyi bir tarixi abidədir. Şəhərimizin müasir memarlıq tikililəri fonunda öz sadə memarlıq quruluşu, tavan örtüyündə öz həllini tapmış müxtəlifölçülü dairəvi günbəzləri bu gün hər kəsin diqqətini cəlb edir. Muxtar respublikamıza gələn turistləri heyran edən məqamlardan biri də xalqın tarixi mirasına, soykökünə bu cür yüksək qiymətin verilməsi, tarixi-memarlıq ənənələrinə hörmətlə yanaşılması, onların qorunub saxlanılmasıdır.

"Şərq qapısı" qəzeti
12.10.2018


      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2018-ci ilin 9 ayı ərzində öz fəaliyyətini illik iş planına uyğun qurmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

2018-ci ilin 9 ayında muxtar respublikamızda mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, tarixi-mədəni irsimizin qorunub-yaşadılması diqqət və qayğı ilə əhatə olunmuşdur. Aparılan quruculuq işləri zamanı yeni mədəniyyət obyektləri istifadəyə verilmiş, tarixi abidələrimiz bərpa olunmuşdur. XVIII əsrə aid Nehrəm İmamzadəsi, Qarabağlar Türbə Kompleksi, qədim Yengicə hamamının bərpa olunması, Naxçıvan Duz Muzeyinin yaradılması tarixi-mədəni irsimizə qayğının ifadəsinə çevrilmişdir. Bu dövrdə yeni istifadəyə verilmiş kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün lazımi iş şəraiti yaradılmışdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və nazirliyin sisteminə daxil olan mədəni-maarif müəssisələri tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” mədəniyyət ilinə həsr olunmuş 203, bu deviz altında 2191 olmaqla, ümumilikdə 2394 tədbir keçirilmişdir.

Xalqımızın milli dəyərlərinin yaşadılması, qorunması və təbliğ edilməsi sahəsində bir sıra işlər həyata keçirilmiş, Novruz bayramında Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında keçirilən “Xalq yaradıcılığı günləri”ndə muxtar respublikanın tanınmış musiqi və folklor kollektivlərinin çıxışları təşkil olunmuşdur. Bu dövrdə Nazirliyin Elmi-Metodik Mərkəzinin və rayon (şəhər) mədəniyyət şöbələrinin təşkilatçılığı ilə 7 “Xalq yaradıcılığı günü” keçirilmişdir. Mart ayının yaddaqalan mədəniyyət hadisələrindən biri də “Şərur” Xalq Yallı Ansamblının qardaş Türkiyə Respublikasına səfəri olmuşdur. Ansambl “Kastamonu 2018 – Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimində və TÜRKSOY səviyyəsində keçirilən Novruz şənliklərində ölkəmizi uğurla təmsil etmişdir.

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı ötən 9 ayın maraqlı mədəniyyət tədbirlərindəndir. Bu tədbirin bədii hissəsində Qədim Musiqi Alətləri Ansamblının, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərinin və “Şərur” Xalq Yallı Ansamblının çıxışları qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Yola saldığımız dövr muxtar respublikanın paytaxtında keçirilən festivallarla da yadda qalmışdır. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Kətə”, “Göycə”, “Milli geyimlər” festivalları, “Avropa şəhərciyi”nin açılış tədbiri muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır.

Qədim diyarımızda görkəmli şəxsiyyətlərin yubileylərinin və əlamətdar günlərin qeyd olunması ənənəyə çevrilmişdir. Bu dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyi, “Milli Qurtuluş Günü”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan Kinosu Günü, Milli Musiqi Günü və başqa əlamətdar günlərlə bağlı mədəni-maarif ocaqları, mədəniyyət evi və klublarda çoxsaylı silsilə tədbirlər keçirilmiş, konsertlər, dəyirmi masalar, konfranslar təşkil edilmiş, filmlər göstərilmiş, sərgilər yaradılmışdır. Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestrinin ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı, Milli Qurtuluş Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırladığı “Qılınc və qələm” tamaşasının nümayişi, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış mərasimi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçugilin əsərlərində ibarət “Allahın gözəl adları” mövzusunda ebru sərgisi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin konserti, “İslam filmləri həftəsi” maraqlı tədbirlərdən hesab oluna bilər. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, folklor kollektivləri başqa əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə və beynəlxalq səviyyəli idman yarışlarının açılış mərasimlərində də konsert proqramları ilə çıxış etmişlər. Bu ilin fevral ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi qeyd edilmiş və böyük sənətkarın rəngarəng musiqi əsərləri səslənmişdir. Bu dövrdə həm də Naxçıvan teatr sənətinin tanınmış sənətkarları – xalq artistləri Yasəmən Ramazanova, Həsən Ağasoy, Kamran Quliyevin 60 illik, Tofiq Mövləvinin 80 illik yubileyləri qeyd edilmişdir.

Son illər qədim diyarımızda yeni muzeylərin yaradılması, muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması muzey işini daha da təkmilləşdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına əsasən mühüm tədbirlər həyata keçirilmişdir. 2018-ci ilin 9 ayında muzeyləri, ümumilikdə 435 min 560 nəfər ziyarət etmişdir ki, onlardan da 139 min 253-ü xarici ölkə vətəndaşıdır. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində muxtar respublika sakinləri də fəal iştirak etmiş, muzeylərimizə 1065 yeni eksponat daxil olmuşdur. İlin birinci yarısında muzey bələdçilərinin peşə hazırlığının artırılması məqsədi ilə 14 seminar-treninq keçirilmişdir. Bundan başqa muzeylərlə təhsil müəssisələri arasında 7 distant dərs təşkil edilmiş və 224 açıq dərs keçirilmişdir. Muzeylərimizdə tarixi və əlamətdar günlərlə bağlı 79 sərgi yaradılmış və 21 tədbir keçirilmişdir.

Muxtar respublikanın kitabxanalarında da ötən dövrdə oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılmış, bu dövrdə kitabxanalarda 799 mədəni-kütləvi tədbir keçirilmiş, 331 sərgi təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”nda olan kitablarla bağlı 147 müzakirə keçirilmiş, sərgilər təşkil edilmişdir. 9 ay ərzində kitabxanalarda 90 “Kitabxanaçı günü”, 90 “Kitabxana günü”, 366 “Nağıl günü” və 268 “Mütaliə günü” keçirilmişdir. Bu müddətdə muxtar respublika əhəmiyyətli kitabxanalarda yeni oxucu sayı 1785 nəfər, oxucu gəlişi 100 min 964 nəfər, kitab verilişi 512 min 605 nüsxə təşkil etmiş, respublika kitabxanasının elektron kitabxanasından 4724 oxucu istifadə etmişdir. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 32 adda 3101 nüsxə və digər mənbələrdən olmaqla Nazirliyə ümumilikdə 14400 nüsxə çap məhsulu daxil olmuş və kitabxana, muzey və digər müəssisələrə paylanmışdır.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ilin əvvəlindən başlayaraq ustad dərslər keçirilmiş, metodiki kurslar təşkil edilmiş, istedadlı şagirdlərin solo konsertləri olmuşdur. Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyi ilə bağlı keçirilən ustad dərslər şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Komandalar arasında “Lira” musiqili - intellektual oyunu il ərzində davam etdirilmiş və final mərhələsində qaliblər diplomlarla təltif edilmişlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı keçirilən müsabiqədə bu il muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə yanaşı, Naxçıvan Musiqi Kollecinin tələbələri də fəal iştirak etmişlər. Müsabiqənin yekun konsertində qaliblər mükafatlandırılmışlar. Dərs ilinin sona çatması ilə bağlı uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində hesabat konsertləri keçirilmişdir. 2017-2018-ci tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 602 şagird bitirmişdir. Yeni tədris ilində isə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 990 şagird qəbul olunmuşdur.

Naxçıvan Musiqi Kollecində də təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrlə aparılan işin daha da gücləndirilməsi, onların asudə vaxtının səmərəli keçməsi, yaradıcı kollektivlərin konsertlərinin təşkili diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Filarmoniyasının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülmüş, filarmoniyaya səs avadanlıqları, musiqi alətləri, musiqi ədəbiyyatı, geyim dəstləri alınmışdır. Bu ilin martında kollektivə xarici ölkələrdə istehsal edilmiş müxtəlif səs avadanlıqları verilmişdir. Bu dövrdə Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konsertləri keçirilmişdir.

Teatr kollektivləri də mədəniyyətə göstərilən qayğıdan bəhrələnərək yeni tamaşalar hazırlamış, muxtar respublika sakinlərinin asudə vaxtlarının səmərəli keçməsinə çalışmışlar. Belə ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu ilin 9 ayında “Əli və Nino”, “Qılınc və qələm”, “Rəngsaz” tamaşaları ictimaiyyətə təqdim edilmişdir. Naxçıvan Dövlət Kukla Teatrı “Kələkbazlar”, “Keçinin qisası”, “Uf-Uf xanım”, “Göyçək Fatma”, “Meşə macəraları”, “Şahzadə Bəndalı”, “Qırmızı papaq”, “Ağca və Bozca”, “Ələddinin sehrli çırağı”, “Qoğalın sərgüzəşti” tamaşalarını, Naxçıvan Dövlət Uşaq Teatrı “Bizə dovşan və meşəbəyi lazımdır”, “Bahar qız küsüb”, “Nadan xoruz” tamaşalarını, Şərur Rayon Xalq Teatrı “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını, Ordubad Rayon Xalq Teatrı “Tiflis səfəri”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” Babək Rayon Xalq Teatrı “Subaylardan görəsiniz” və s. tamaşaları teatrsevərlərə təqdim etmişdir. Bu dövrdə dövlət teatrları həm də rayonlarda tamaşalar göstərmiş və xeyriyyə məqsədilə tamaşalar təşkil etmişlər. Naxçıvan Dövlət Film Fondu tərəfindən 9 ay ərzində Naxçıvan şəhərində və rayonlarda 40-a qədər bədii, sənədli və cizgi filmi nümayiş etdirilmişdir.

Mədəniyyət Nazirliyinin kollektivi 2018-ci ilin son aylarında qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlayaraq, qədim diyarımızda mədəni-kütləvi tədbirlərin əhatə dairəsi daha da genişləndiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin Mətbuat Xidməti


      Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid ­Ordubadi 1872-ci il martın 24-də Ordubad şəhərində dünyaya göz açıb. Onun atası Hacı Ağa müəllimliklə məşğul olub, bir çox şeirlər yazıb. “Fəqir” təxəllüsünü qəbul edib və bu adla da tanınıb.

Adı ədəbiyyatımızın, mətbuatımızın inkişafı ilə sıx bağlı olan ədibin ev-muzeyi doğulub boya-başa çatdığı Ordubad şəhərində 1972-ci ildə yaradılıb. Bu günlərdə həmin muzeydə olduq. Öyrəndik ki, muzey 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı əsasında əsaslı təmir və bərpa edilib. Muzey ekskursiya zalı və 3 otaqdan ibarətdir. Fondunda 720-dən çox eksponat saxlanılır, onlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş ­etdirilir. Buradakı birinci otaq tarixi romanlar müəllifinin xatirə otağıdır. Həmin otaqda yazıçının Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Şəmil Mustafayev tərəfindən yağlı boya ilə çəkilmiş portreti asılıb. Yazıçının həyat və yaradıcı­lığı haqqındakı məlumatların öz əksini tapdığı otaqdakı guşələrin birində ümummilli lider Heydər Əliyevin mədəniyyət və muzeylər haqqında dediyi müdrik sözlər, görkəm­li dövlət xadiminin müxtəlif mədəniyyət obyektlərinin açılışında iştirakına dair fotolar və 22 may 1980-ci ildə muzeydə olarkən Ordubadi haqqında muzeyin rəy və təkliflər kitabına yazdığı sözlərin fotosurəti yer alıb. Muzeydə bu sənədin Azərbaycan dilində mətni də var. Vitrinin önündə isə Ordubadinin məşhur xanəndə Bülbül və dahi bəstəkar Üzeyir Hacıbəyov ilə birlikdə heykəli yerləşdirilib. Məlumat üçün bildirək ki, Üzeyir Hacıbəyovun 1937-ci ildə musiqi həyatı verdiyi “Koroğlu” operasının liberettosunu Ordubadi yazıb, Bülbül isə Koroğlu rolunun əvəzsiz ifaçısı, həm də ədibin yaxın qonşusu və dostu olub.

Digər vitrində yazıçının 1886-cı ildə mollaxanada oxuyarkən istifadə etdiyi axund Şəhrəbanunun “Qurani-Kərim” kitabı və ədibin iki əlyazması, həmçinin “Molla Nəsrəddin” jurnalının 1906-cı il iyirmi ikinci nömrəsinin orijinal üz qabığı qoyulub. Soldakı guşədə yazıçının anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı sənədlər, Naxçıvan şəhərində yazıçının adına olan kitabxana binasının fotosu və Ordubadinin 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə latın əlifbası ilə buraxılan “Qılınc və qələm” əsərinin I və II cildləri, 2007-ci ildə çap olunmuş “Qanlı illər” kitabı sərgilənir. Divardan asılan xəritədə isə onun yaşadığı və fəaliyyət göstərdiyi yerlər göstərilib.

İkinci otaqda yazıçının ailəsinin istifadə etdiyi müxtəlif məişət əşyaları, geyim nümunələri, örtüklər və sair nümayiş olunur. Buradakı vitrinlərin birində Ordubadinin müxtəlif illərdə çap olunmuş əsərləri, o cümlədən onun 1964-cü ildə işıq üzü görən seçilmiş əsərlərinin 8 cildliyi qoyulub. Yazıçının rus və özbək dillərində dərc olunmuş əsərləri də burada yer alıb. İkinci vitrində Ordubadinin tədqiqatçılarının müxtəlif elmi jurnallarda çap olunmuş məqalələr və kitabları nümayiş etdirilir. Otağın divarlarına isə yazıçının müxtəlif əsərlərinə aid olan illüstrasiyalar vurulub. Üçüncü otaq yazıçının iş və istirahət otağıdır. Buradakı eksponatların əksəriyyəti 1972-ci ildə muzey təşkil olunarkən onun Bakıdakı mənzilindən göndərilib. Divarlarda ədibin ailə üzvlərinin və yaxın dostlarının şəkilləri asılıb. Muzeyin ən maraqlı eksponatlarından biri ədibin gənc yaşlarında işlədiyi Ərbab Rzayevin ipək fabrikinin fotoşəklidir.

Ekspozisiya zalında nümayiş olunan yazıçının büstü heykəltəraş Xanlar Əhmədov tərəfindən düzəldilib. Divarda ədibin müxtəlif əsərlərinə çəkilən illüstrasiyalardan yağlı boya ilə işlənənlər Azərbaycan Respublikasının Xalq rəssamı Maral Rəhmanzadə tərəfindən, sulu boya ilə çəkilənlər isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi məzunlarının Ordubadinin 100 illik yubileyinə hədiyyələridir. Otaqdakı yazı stolunun arxasında yazıçı özünün ən məşhur əsərlərindən olan “Qılınc və qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qanlı illər”, “Dumanlı Təbriz” əsərlərini yazıb. Bu gün böyük ədibin ev-muzeyi yeniyetmə və gənclərin, ədəbiyyatsevərlərin ən çox üz tutduqları ünvanlardan biridir. Onlar burada ədibin irsi ilə yaxından tanış olur, yazıçının həyat və yaradıcılığı barədə dolğun məlumatlar əldə edirlər.

Görkəmli sənətkarın yaradıcılığı daim öz aktuallığı etibarilə bundan sonra da ədəbiyyatşünas alimlərimiz tərəfindən tədqiq ediləcək, əsərləri müasir yazıçılarımız üçün meyar olacaqdır.

"Şərq qapısı" qəzeti
06.10.2018


      Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda xalçaçılıq sənəti çox qədim tarixə və ənənələrə malikdir. Naxçıvan diyarındakı I Kültəpədən tapılan xalçaçılıqla bağlı 177 ədəd alət tədqiqatçılar tərəfindən Kür-Araz mədəniyyətinə (eramızdan əvvəl V-III min­illiklər) aid edilib. Şərur rayonundakı Ovçular təpəsindən 2009-cu ildə aşkar olunmuş sümük alətlər, o cümlədən toxuculuqda istifadə edilən bizlər insanların Naxçıvan ərazisində hələ Eneolit dövründən toxuculuqla məşğul olduğunu söyləməyə əsas verir.

Orta Tunc dövründə ölkəmizdə peşəkar sahəyə çevrilmiş sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil şəkildə inkişafa başlayıb. Belə qədim tarixə malik olan sənətkarlığın əsas sahələrindən biri sayılan xalçaçılıq da böyük inkişaf yolu keçib. Arxeoloji tədqiqatlar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və xalçaçılığın tarixi ilə məşğul olan tədqiqatçılar təsdiq edir ki, bu sənət növü Azərbaycanda eramızdan bir neçə əsr əvvəl meydana gəlib, erkən orta əsrlər zamanı müstəqil sənət növünə çevrilib. Bu dövrdə ölkəmizin bir sıra şəhərlərində, o cümlədən Naxçıvanda xalçaçılıq sənəti nəinki inkişaf edib, hətta böyük şöhrət qazanıb. Ona görə də tədqiqatçılar haqlı olaraq Naxçıvan diyarını Azərbaycan xalçaçılıq məktəbinin mühüm mərkəzlərindən biri kimi səciyyələndirirlər.

Naxçıvanda toxuculuğun, həmçinin xalçaçılığın inkişafına səbəb olan bir sıra amillər var. İnsanların qidalanmasında böyük rol oynayan, dadlı ətinə, südünə, toxuculuqda əvəzsiz xammal sayılan yüksəkkeyfiyyətli yununa olan tələbatla əlaqədar qədim zamanlardan burada qoyunçuluq əsas təsərrüfat sahələrindən birinə çevrilib. Bu isə xalçaçı­lığın inkişafı üçün münbit şərait ­yaradıb.

Naxçıvanın Culfa bölgəsinin xalçaçılıqda geniş istifadə edilən təbii boyaq bitkisi olan boyaqotu (marena) ilə zənginliyi də ərazidə bu sahənin inkişafını şərtləndirən amillərdən biridir. Həmçinin qeyd olunan ərazinin dünyanın digər yerlərində çox da rast gəlinməyən, boyaqçılıqda əvəzsiz xammal hesab edilən qırmızı böcəklə zəngin olması da xalçaçılığın yüksək səviyyədə inkişafı üçün zəmin hazırlayıb. El arasında “qırmız” adlanan bu böcəyə Naxçıvanın məhsul verməyən çöllərində, xüsusən də Arazyanı vadinin bataqlıq və şoranlıq torpaqlarında geniş şəkildə rast gəlinir. Qeyd etmək yerinə düşər ki, Culfa və ətraf yerlərdə toplanan boyaqotu və qırmızı böcək yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılırdı və həmin bazarlarda yüksək qiymətləndirilirdi. Ona görə də Culfa orta əsrlər zamanı boyaqotu və qırmız ixrac edən mühüm mərkəzə çevrilmişdi.

Ordubad bölgəsinin qədim zamanlardan ipək istehsalı mərkəzinə çevrilməsi Naxçıvanda ipək xalça toxunması üçün xammal bazası olub. Beləliklə, qədim diyarda gözəl xalçaların toxunması işi genişlənib.

982-ci ildə ərəb dilində yazılan “Hüdud əl-Aləm” əsərində qeyd edilir ki, “Muğan öz çuval və palazları, Naxçıvan, Xoy, Salmas şəhərləri zili, xalça, tumanbağı (qaytan) və sairə toxuma məmulatları ilə, Ərdəbil və Şirvan isə ipək və yundan toxunmuş rəngli parçaları ilə şöhrət qazanmışdır”. Naxçıvan şəhəri Atabəylərin hakimiyyəti dövründə inkişaf etmiş sənətkarlıq sahəsinə malik idi. Şəhərdəki belə məhsulların istehsalında Çin parçası (xətai), zərif örtük, xalça, keçə, çuxalıq yun parça, hamam fitələri üçün nazik şal və pambıq parça istehsalı mühüm rol oynayırdı. Burada nadir xalça növlərindən olan gözəl zili, şəddə, vərni, kilim və sair toxunurdu. Xalçaçı alimlərin fikrincə, şəddə və vərni ilk dəfə Naxçıvanda toxunub, zaman keçdik­cə başqa yerlərə yayılıb.

X-XII əsrlərdə Naxçıvanda xalça­çılıq elə yüksək inkişaf səviyyəsinə çatmışdı ki, Azərbaycan şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən istifadə olunmuşdu. Görkəmli xalça tədqiqatçısı Lətif Kərimov qeyd edir ki, orta əsr Azərbaycan şəhərlərində istehsal olunan xalçaların bədii tərtibatında Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əhməd Əyyub oğlu Naxçıvani kimi görkəmli Azərbaycan sənətkarlarının yaxından iştirak etdiyini ehtimal etmək olar.

Ölkədə və xarici bazarlarda XV yüzillikdə Azərbaycan xalçalarına böyük tələbat vardı. Qərbi Avropada, xüsusilə Marseldə Azərbaycan, o cümlədən Naxçıvan xalçalarına yüksək qiymət verilirdi. Ona görə də hər il Naxçıvan və Şuşa tacirləri orta hesabla 5 min manat məbləğində 200 puda qədər xalça alır, satmaq üçün xaricə, əsasən, Marselə aparırdılar. Bu xalçalar, onların üzərində işlənən ornament və təsvirlər, çeşnilər orta əsr miniatür ustalarının diqqətini cəlb etdiyi kimi, Qərbin intibah dövrü rəssamlarının da marağına səbəb olmuş, onlar öz əsərlərində Azərbaycan xalçalarının surətlərini əks etdirmişlər.

Rus tədqiqatçısı A.Piralovun 1913-cü ildə Sankt-Peterburqda nəşr etdirdiyi kitabında verilən məlumata görə, Azərbaycan kəndlərində əhalinin əksəriyyəti xalçaçılıqla məşğul olmuşdur. Yaşlı sakinlərin sözlərinə görə, Naxçıvanın bütün kəndlərində qadınlar, xüsusilə qız uşaqları xalça toxumağı bacarırmış və onlar qış axşamlarında xalça toxumaqla məşğul olurmuşlar. Bölgədə xalçaçılığın geniş yayılması səbəbindəndir ki, “Naxçıvan Abidələri Ensiklopediyası”nda “Naxçıvanın elə bir kəndi tapılmaz ki, orada xalçaçılıq sənətinin hansısa bir növü ilə məşğul olmasınlar” fikri xüsusi olaraq vurğulanmışdır.

Qədim və orta əsrlər dövründən bəri xalça insanların məişətinə o dərəcədə daxil olmuşdur ki, ailə quran qızlara cehiz kimi müxtəlif növ xalça nümunələri də verilməsi bir həyat normasına çevrilmişdi. Cehizlik xalçalar isə adətən, ailə quracaq qızın özü və ya ailə üzvləri tərəfindən toxunurdu. Orta əsrlər zamanı, hətta XX yüzilliyin ortalarına qədər ­xalçaçılığın xalqımızın məişətində mühüm yer tutması səbəbindəndir ki, bu sənəti bacarmaq ailə quracaq qızların evdarlığının, iş-güc bilmələrinin göstəricilərindən biri kimi dəyərləndirilirdi. Yaşlı sakinlərin dediyinə görə, hər hansı bir qıza elçiliyə gələn qadınlardan biri nişanlanacaq qızdan gizlicə “qızım, gəbə toxumağı bacarırsanmı?” – deyə ­soruşarmış.

Naxçıvanda xalçaçılıq sənətinin yüksək səviyyədə inkişaf etməsini ərazidə indiyədək gəlib çatan maddi-mədəniyyət nümunələri də təsdiq etməkdədir. Ordubad şəhərinin Malik İbrahim qəbiristanlığında bir ədəd başdaşı tipli qəbirüstü xatirə abidəsi üzərində xalça toxunuşunda istifadə edilən iki ədəd həvə təsviri var. Zeynəli adlı şəxsin xatirəsinə hazırlanmış başdaşı üzərində həvə təsvirlərinin həkk olunması, etnoqrafik məlumatların da təsdiq etdiyi kimi, mərhum Zeynəlinin sağlığında – XVI-XVII əsrlərdə xalçaçılıqla məşğul olmasını göstərmək səbəbindən irəli gəlmişdir. Xalça toxunuşunda istifadə olunan alətin təsvirinin qəbirüstü xatirə abidəsi üzərində həkk olunmasına əsaslanaraq demək olar ki, xalçaçılıq sənəti orta əsrlər zamanı Ordubad şəhərində də yüksək inkişaf səviyyəsində olmuşdur.

Tarixi daim Naxçıvan diyarı ilə sıx bağlı olan, hətta tarixin müxtəlif dövrlərində Naxçıvan adı ilə yaradılan inzibati ərazi vahidlərinə daxil edilən indiki Sisyan rayonunun Urud kəndində iki qəbirüstü xatirə abidəsi üzərində həkk edilən hana və xalçatoxuma prosesini əks etdirən təsvirləri də burada xatırlatmaq yerinə düşər.

Çox təəssüflər olsun ki, digər maddi-mədəniyyət nümunələrimiz kimi, xalçalarımız da bədnam qonşularımız tərəfindən XIX-XX yüz­illiklərdə, xüsusilə XX yüzilliyin 50-60-cı illərində oğurluq və başqa vasitələrlə daşınaraq indiki Ermənistana aparılmışdır. Məhz bu daşımalar nəticəsində ələ keçirilən nadir xalçalarımızın bir hissəsi gizli yollarla xaricə keçirilərək baha qiymətə erməni və başqa kolleksionerlərə satılmışdır. Məhz bu səbəbdəndir ki, nadir xalçalarımızın böyük bir hissəsi müxtəlif ölkələrdə yaşayan, əslən erməni mənşəli xarici vətəndaşların şəxsi kolleksiyalarında toplanmışdır. Ölkəmizdən aparılan xalçaların bir hissəsi isə İrəvanın və indiki Ermənistanın başqa şəhərlərinin muzeylərində “erməni mədəniyyəti nümunələri” adı altında nümayiş etdirilməkdədir. Bu gün İrəvan şəhərindəki Tarix muzeyində nümayiş etdirilən qədim və məşhur “Naxçıvan” çeşnisi ilə tanınan və oxşarına Azərbaycanın digər bölgələrində də rast gəlinən xalça dünyanın müxtəlif ölkələrindən gəlmiş tamaşaçılara ermənilərin “İcevan” xalçası adı ilə təqdim olunur. Təəssüf ki, bu cür faktlar onlarladır.

Qeyd etmək yerinə düşər ki, uzun müddət Azərbaycan xalçaçılığının Naxçıvan qrupu müstəqil deyil, Qarabağ xalçaçılıq məktəbinin tərkibində öyrənilirdi. Ancaq müxtəlif çeşidli xalçalarla zəngin olması, hətta özünəməxsus xüsusiyyətlər kəsb etməsi, xüsusilə son vaxtlar muxtar respublikada xalça­çı­lığın inkişafı və tədqiqi üçün münbit şəraitin yaradılması xalçaçı­lıq üzrə mütəxəssislərin diqqətini cəlb etmiş, bu sahədə mühüm tədqiqatlar aparılmış və Azərbaycan xalçaçılığının Naxçıvan qrupu təsnifatlaşdırılmışdır. Professor Vidadi Muradov bu haqda yazır ki, indiyədək Naxçıvan xalçaçılığının əsas inkişaf meyilləri Qarabağ xalçaçılığı ilə vəhdətdə tədqiqata cəlb olunurdu. Təəssüf ki, bu yanaşma tərzi də çox vaxt Naxçıvan xalçaçılığını kölgədə qoyurdu. Bu səbəbdən də onun bədii-texniki xüsusiyyətləri, özünəməxsus ənənələri fundamental şəkildə araşdırılmamışdı. Tədqiqat prosesində Naxçıvan xalçaçılığının daha obyektiv mənzərəsini yaratmaq üçün ayrıca “Naxçıvan qrupu”nun təsnifatlaşdırılması zərurəti meydana çıxdı.

Müasir dövrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən geniş­miqyaslı işlər içərisində xalçaçı­lığa diqqət və qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsidir ki, 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılıb. Muzey 2010-cu ildə yeni binaya köçürülüb, ekspozisiyası yeni eksponatlarla zənginləşdirilib. Naxçıvan Muxtar Respublikasında bu qədim sənət növünün inkişaf etdirilməsi üçün bir sıra təşkilati işlər həyata keçirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçılıq üzrə peşə kursları açılıb, Naxçıvan Qızlar Liseyində “Tikiş, toxuculuq və xalçaçılıq” dərnəyi yaradılıb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunması təşkil olunub.

Naxçıvan xalçalarının tədqiqi və təbliği istiqamətində xeyli işlər görülüb. “Naxçıvan xalçaçıları” adlı möhtəşəm əsər hazırlanıb, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı işıq üzü görüb və altı dildə nəşr olunub. 8 noyabr 2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyində yenidənqurmadan sonra “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları” jurnalının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” sənədli televiziya filminin və Xalça Muzeyinin internet saytının yüksək səviyyədə təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərasimdə iştirak və çıxış edib. Proqram xarakterli çıxışında Ali Məclisin Sədri Naxçıvan diyarında xalçaçılığın tarixinə, bu sənət növünün inkişaf yoluna nəzər salaraq deyib: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal olunan iri ölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər”.

Təqdimat mərasimində Ali Məclisin Sədri muxtar respublikada son illərdə xalçaçılığın inkişafı ilə əlaqədar aparılan genişmiqyaslı işlərdən bəhs etməklə yanaşı, bu sahədə tədqiqatçıların qarşısında bir sıra vəzifələr də qoymuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi üçün tədqiqatlar aparılmış, məqalələr yazıl­mışdır. Akademik İsa Həbibbəylinin və professor Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” adlı fundamental əsəri nəşr olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 19 aprel tarixdə imzaladığı Sərəncamla “Naxçıvan Muxtar ­Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Şübhəsiz ki, həmin proqramın icrası muxtar respublikamızda xalçaçılığın yüksək səviyyədə inkişafına öz layiqli töhfəsini verəcəkdir.

"Şərq qapısı" qəzeti
05.10.2018


      Bu gün muxtar respublikamızın ayrı-ayrı bölgələrində müxtəlif xalq teatrları fəaliyyət göstərir. Bu ­teatrlardan biri də Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrıdır. Teatr 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayıb. Dərnək ayrı-ayrı əsərlərdən parçalar səhnələşdirməklə tamaşaçıların rəğbətini qazanıb.

Dərnək muxtar respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə də iştirak edib, özünə tamaşaçı auditoriyası toplamaq üçün teatr sənətinin imkanlarından istifadə etməyə səy göstərib. İllər ötdükcə könüllü sənətsevərləri ətrafında cəmləşdirə bilib. 1981-ci ildə isə “Xalq teatrı” statusunu alıb. Teatrın repertuarında Azərbaycan dramaturqlarının əsərləri xüsusi yer tutur. Bəhs olunan dövrdə teatrda Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında “Yuxu” menipeyası, Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” və başqa əsərlər öz səhnə həllini tapıb. Teatr dünya dramaturgiyasına müraciət etməyi də unutmayıb. Ötən illər ərzində bu teatrın səhnəsində Aleksandr Serqeyeviç Puşkinin “Motsart və Solyeri”, Anton Çexovun “Ayı” və başqa əsərlər tamaşaya qoyulub. Fəaliyyəti dövründə burada aktyorlar, rejissorlar nəsli formalaşıb. Onlar professional səhnələrdə fəaliyyət göstərən həmkar­larının təcrübəsindən bəhrələnməyə çalışırlar.

Bu illər ərzində teatr xeyli uğu­ra imza atıb, dəfələrlə fəxri fərman­lara layiq görülüb. Be­lə ki, 2008-ci ildə ölkə ­sə­viyyəsində keçirilən Xalq teatrlarının I ümumrespublika baxış mü­sa­biqəsində Rza Təh­masib adına Şərur Ra­yon Xalq Teatrı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri ilə iştirak edib və 54 teatr kollektivi arasında II yerə layiq görülüb. Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi xalq teatrlarının baxış müsabiqələrində bir sıra tamaşalarla çıxış edən teatrın hazırladığı “Motsart və Solyeri” tamaşası ən yaxşı rejissor işi nominasiyası ilə təltif olunub.

Teatrın quruluşçu rejissoru Nəsimi Məmmədzadədir. Bu sənətə qəlbən bağlı olan Nəsimi teatrın repertuarının zənginləşdirilməsi qayğısına qalır, gənclərin teatra cəlbini diqqət mərkəzində saxlayır. Söhbət zamanı o bildirdi ki, bu gün professional teatr üçün baza rolunu oynayan xalq teatrları öz yaradıcı kollektivini dram dərnəklərindən, kənd mədəniyyət evlərinin işçilərindən, orta məktəblərdən təmin edir. Xalq teatrları bu sənətin, ümumilikdə, milli mədəniyyətin inkişafına, ətrafına topladığı gənclərin bədii-estetik zövqünün formalaşmasına, asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verir.

Şərur teatrı da qarşıya qoyulan bu vəzifələrin öhdəsindən gəlməyə səy göstərir, rayonun mədəni həyatında fəal iştirak edir, sakinlərin asudə vaxtlarının səmərəli təşkilində onlara yaradılmış şəraitdən lazımınca faydalanır. Hərtərəfli qayğı ilə əhatə olunmuş teatrın fəaliyyəti diqqət mərkəzindədir. 2016-cı ildə bu sənət ocağının 35 illik yubileyinin qeyd olunması da bunun bariz ifadəsidir. Yubiley mərasimində teatr Şərur adət-ənənələrini əks etdirən “Şə­rur toyu” ədəbi-bədii kompozisiyası ilə tamaşaçılarını bir daha sevindirib.

Nəsimi Məmmədzadə onu da vurğuladı ki, dövlətimiz mədəniyyət işçilərinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli mühit, münbit şərait yaradıb. Teatrın fərqlənən ak­tyorları yüksək dövlət mükafatlarına layiq görülüblər. Bizimsə öhdəmizə düşən daha məhsuldar çalışmaq, insanları düşündürən, maarifləndirən, milli ideologiyamıza xidmət edən səhnə əsərləri ilə tamaşaçı qarşısına çıxmaqdır. Bu vəzifələri yerinə yetirmək üçün yerlərdə olur, hərbi hissələrə gedir, hazırladığımız tamaşalarla çıxış edirik. Son illər qastrol coğrafiyamız bir qədər də genişlənib. Belə ki, muxtar respublikanın rayonlarında da tamaşalar göstəririk. İnanırıq ki, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı bundan sonrakı fəaliyyəti ilə də tamaşaçıların rəğbətini qazanacaq, rayonun mədəni həyatının güzgüsünə çevriləcək.

"Şərq qapısı" qəzeti
04.10.2018


      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Azərbaycan musiqi mədəniyyəti zəngin və çoxəsrlik tarixə malikdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdən Azərbaycan musiqisinin nəzəri məsələləri araşdırılmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazılmışdır. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.

Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, aşıq musiqimiz min illərin sınağından keçərək bu günə gəlmişdir. Bu gün zəngin musiqimiz dünyada sevilə-sevilə dinlənilir, könülləri fəth edir. Həmçinin ölkəmizdə yüksək peşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi də formalaşmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Dahi bəstəkarın yaradıcılığı Azərbaycan musiqisinə dünya şöhrəti qazandırmışdır. Onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

Qədim tarixə malik olan Azərbaycan musiqi sənəti ötən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük qayğı göstərmişdir. Korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov bu dövrdə “Sosialist Əməyi Qəhrəmanı” adı­na layiq görülmüşlər. Ümum­milli ­liderimiz ikinci dəfə siy­a­si ha­­­k­i­­m­iy­y­ətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensik­lopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniy­yətimizə verilən qiymətin daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunmuşdur. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkar­lar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 29 mart tarixli Sərəncamına əsasən musiqi ocağının yubileyi muxtar respublikamızda geniş qeyd olunmuş, binası əsaslı şəkildə yenidən qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 21 oktyabr tarixli Sərəncamına əsasən bu uşaq musiqi məktəbinin yubileyi də yüksək səviyyədə qeyd edilmişdir.

Musiqinin inkişafına göstərilən qayğı Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanlarını genişləndirmişdir. Bu gün muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür. Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının xarici ölkələrə qastrol səfərləri təşkil edilmiş, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurla çıxış etmiş, musiqi kollektivlərinin və “Şərur” Xalq Yallı Ansamblının çıxışları maraqla qarşılanmışdır.

Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə etmişdir. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkar­lıq məktəbi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Son illər Naxçıvan şəhərinin Qaraçuq, Culfa rayonunun Bənəniyar, Şərur rayonunun Ələkli kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar istifadəyə verilmişdir. Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi Məktəbi, Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün də yeni bina inşa olunmuş, musiqi təhsilinin nümunəvi təşkilinə hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan musiqisi xalqımızın zəngin mədəniyyətini və milli dəyərlərini bütün dünyaya nümayiş etdirir. Mərasim-məişət nəğmələrimiz, muğam və aşıq yaradıcılığımız, Naxçıvandakı Gəmiqaya abidələrində əks olunan yallı elementləri bir tərəfdən bəşəriyyətin ilkin melodiya və ritm sənəti haqqında məlumat verirsə, digər tərəfdən musiqi mədəniyyətimizin nə qədər qədim və zəngin olduğunu göstərir”.

Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmış, Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı da musiqi tədrisi sahəsində yeni imkanlar açmışdır. Sərəncama əsasən musiqi müəllimliyi, xalq çalğı alətləri ifaçı­lığı, fortepiano, musiqişünaslıq, dirijorluq və başqa ixtisasların Mədəniyyət Nazirliyinə hamiliyə verilməsi tədrisin müasir səviyyədə qurulması imkanı yaratmışdır. Bu məqsədlə gənc musiqiçilərin peşəkar bəstəkar və musiqiçilərlə görüşləri, ustad dərsləri təşkil olunur, istedadlı tələbələrin solo konsertləri keçirilir.

Muxtar respublikada son illər xalq musiqisinin, yallılarımızın, muğamlarımızın nota köçürülməsi sahəsində görülən işlər də bu qayğının ifadəsidir. “Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Azərbaycan muğamları” və başqa dəyərli kitablar bunun nəticəsidir.

Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşlər. Musiqi insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq gücünə malikdir. Bu gün Azərbaycan musiqisi dünyanın qəbul etdiyi sənət nümunəsidir. Zaman dəyişir, zövqlər dəyişir, əsl musiqi isə əbədi yaşayır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti


      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur. Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub. XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı da kinonun yaranmasına təkan verib. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübh çağı”, “Qatarın dəmiryol vağzalına daxil olması”, “Balaxanıda neft fontanı”, “Qafqaz rəqsi”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilmişdir.

1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmi kinomuzda yeni keyfiyyət dəyişikliyindən xəbər verir. Bu günə qədər Azərbaycan milli kinosunun ən uğurlu və parlaq nümunələri sırasında dayanan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunaraq kinomuza şöhrət gətirmişdir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verir: bu gün də sevilə-sevilə baxılan “O olmasın, bu olsun” ilk rəngli bədii filmi ekranlaşdırılır.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Bu illərdə milli kino sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, kino sahəsində çalışan sənətkarlara diqqət və qayğı göstərilmişdir. 1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu özünün intibah dövrünü yaşamışdır. Məhz bu illərdə Azərbaycan kinematoqrafçılarının yaratdıqları filmlər milli­-mənəvi dəyərlərin təbliğində, milli özünüdərkin, milli şüurun formalaşmasında və yetişməkdə olan nəslin tərbiyəsində mühüm rol oynamışdır. Bu filmlər məzmun və janr etibarilə kino sənətimizə yeniliklər gətirmiş və bu sənəti xalqa daha da yaxınlaşdırmışdır. Azərbaycan filmləri içərisində müxtəlif peşə və sənət adamlarının həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu müxtəlifliyinin göstəricisidir. Ötən əsrin 70-80-ci illərində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi-kütləvi film, “Mozalan” satirik jurnalının 96 nömrəsi, eləcə də 44 cizgi filmi istehsal olunmuşdur. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Alma almaya bənzər”, “O qızı tapın”, “Babamızın babasının babası”, “Səmt küləyi”, “Tütək səsi”, “Qərib cinlər diyarında” və başqa bədii filmlərimiz bu illərdə çəkilib. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-­ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi. Sovet imperiyası dövründə nə qədər çətin olsa da, ulu öndərin təşəbbüsü ilə milli kinomuzun qızıl fondu sayılan bu cür sənət nümunələri yaradılmışdır.

Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edilmiş və bununla da, dövlət kinematoqrafiyasının hüquqi bazası yaradılmışdır. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradılmış, filmlərin qorunması təmin edilmişdir.

Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutmuş və sevilən sənət sahəsinə çevrilmişdi. Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.

Bu gün ölkə Prezidenti cənab ­İlham Əliyev tərəfindən milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqramda kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkə­lərlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 31 yanvar tarixli ­Sərəncamı ekran sənətimizə diqqət və qayğının daha bir ifadəsidir. ­Sərəncamda deyilir: “Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-­mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır. Kino yaradıcılığı işinin uğurla təşkili sayəsində ölkə kinematoqrafiyası sonralar öz imkanlarını getdikcə daha da artırmış, əldə etdiyi nailiyyətlərlə Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır”.

Artıq ölkəmizdə kino­studiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər təkcə son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırmış və nüfuzlu mükafatlara layiq görülmüşdür. “Nabat”, “Çölçü”, “Buta”, “Axınla aşağı”, “Axırıncı dayanacaq”, “Qırmızı bağ”, “Dəyərli adlar”, “Yarımçıq xatirələr”, “Qala”, “40-cı qapı”, “Qisas almadan ölmə”, “Sahə”, “Aktrisa”, “Xeyirlə Şərin rəqsi” və başqa filmlərimiz müstəqillik illərində Azərbaycan kinosunun mövzu və sənət axtarışlarından xəbər verir.

Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olmuşdur. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılmışdır. Bu gün də Naxçıvan Muxtar Respublikasında kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan şəhərində “Gənclik” Mərkəzi yaradılmış, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Ordubad, Babək və Sədərək Rayon Mədəniyyət evləri yenidən qurulmuş və müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur.

Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu sahəyə olan qayğının daha bir nümunəsidir. Muxtar respublikada təşkil olunan “Azərbaycan Kinosu Günü” çərçivəsində hər həftə bir milli bədii film geniş ictimaiyyətə təqdim olunur. Fondda 4800-dən çox film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər də mühafizə olunur. Eyni zamanda fondda 100-dən çox Azərbaycan filminin ssenarisi ilə tanış olmaq imkanı da mövcuddur. Naxçıvan Dövlət Film Fondu bundan sonra da öz imkanlarını ­genişləndirəcəkdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti


      Bu il Azərbaycan kinosunun 120 illiyi qeyd olunur. 45 il bundan əvvəl ilk dəfə ekrana çıxan “Nəsimi” tarixi-bioqrafik filmi də Azərbaycan kino salnaməsində özünəməxsus yer tutur. Filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. Ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan səhnə əsərinin çəkilişlərinin həm də həmin dövrdə hürufizmin yayıldığı qədim Naxçıvanda aparılması ona yeni çalarlar qatıb.

Filmin yaradıcıları Suraxanı “Atəşgahı”nda, Şirvanşahlar Sarayında, karvan­sarada bəzi çəkilişlər apardıqdan sonra 1973-cü ilin avqust ayında Naxçıvana gəliblər. Çəkiliş meydançası kimi muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən Əlincə qalası və Əlincəçayın vadisi boyu Xanəgah kəndinə yaxın məkanlar seçilib. Təbii ki, bu ərazi tarixi baxımdan diqqəti cəlb etməklə filmə uyğun bir məkan idi. Ssenaridə kütləvi səhnələr olduğuna görə, bura yerli sakinlərin də cəlb edilməsi qərara alınmış, çəkilişlərdə onların da fəal iştirakı kütləvi səhnələrin daha canlı alınmasına şərait yaradıb.

Əlincəqala, Xanəgah, Şeyx Nəiminin məzarı...

Naxçıvanda filmin ilk çəkilişləri Əlincəqalanın ətrafında aparılıb. Azərbaycan xalqının mübarizlik və vətən­pərvərlik əzmini toplu halda nümayiş etdirən tarixi qalalarımızdan biri olan Əlincəqala bu gün ən yüksək səviyyədə bərpa olunub. Qala I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi önəmli dərəcədə artıb. Əlincəqalanın tarixi qaynaqlar əsas götürülərək bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin yaradılması da xüsusi məna daşıyır. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin muzeydə nümayiş olunması qədim qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında dolğun təsəvvür yaradır.

“Nəsimi” filminin çəkilişlərinin aparıldığı Xanəgah kəndi də özünün tarixiliyi ilə seçilir. Bəzi alimlərimiz bu adın mənbələrdə Xangah, Xanəgah, sonralar isə Xanağa şəklində işlənildiyini qeyd edirlər. “Xanəgah” ev mənası bildirən “xanə” sözünə “gah” şəkilçisinin artırılması yolu ilə əmələ gəlib. Kəndin “Xanəgah” adlandırılması hürufilik təriqətinin adı ilə bağlıdır. Böyük mütəfəkkir və şair Şeyx Fəzlullah Nəiminin də burada dəfn olunması “Xanəgah” sözünün hürufiliklə bağlı olduğunu təsdiqləyir. “Xanəgah” təriqət başçıları dəfn olunan, onlar üçün tikilən binalara, müqəddəs ocaqlara deyilir. Ona görə də tarixçi-alim Məşədixanım Nemətova yazır ki, kənddə ziyarətgah olduğuna görə bura “Xanəgah” adlanıb və kəndin əsasının qoyulması XIII əsrdən əvvəllərə aiddir. Mərhum dilçi-alim Adil Bağırov isə yazır ki, el arasında kəndin “Şıx”, “Şeyx piri”, yaxud “Şeyx Xorasan” adlandırılması da Nəiminin adı ilə bağlıdır. Deyilənə görə, Nəiminin tərəfdarları sağlığında ona Şeyx Xorasan (“nur saçan Günəş”, “Günəş bəxş edən”) deyə müraciət edirmişlər. Gəlinən qənaət odur ki, “Xanəgah” sözü “bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyə” mənasındadır. Demək, sufi qələndərləri buranı məbədgaha çevirib ibadətlə məşğul olduqlarına görə kəndə “Xanəgah – Xaniqah” adı verilib və canlı danışıq dilində bu ad “Xanağa” şəklinə düşüb. Son illər kəndin adının “Xanəgah” variantı rəsmiləşdirilib.

Filmin çəkildiyi yerlərlə tanışlıq zamanı bir daha şahidi olduq ki, Naxçıvanda tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır, əcdadlarımızın miras qoyub getdiyi mədəni sərvətlərimiz gələcək nəsillər üçün qorunub saxlanılır. Şeyx Fəzlullah Nəiminin dəfn olunduğu Xanəgah Abidə Kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan abidə XII-XV əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrlərində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib.

“Qanlı kadrlar”ın çəkildiyi ərazi

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev ilə söhbətimiz zamanı qeyd edir ki, Xanəgah kəndinin ərazisində çəkilən səhnə ilə Əlincəqalanın ətrafındakı səhnələr filmdə birləşdirilib. Məsələn, filmdə ordunun hücumu zamanı Əlincəqalaya doğru qaçan insanlar səhnəsi qalanın yanında deyil, kəndin ərazisindəki “Sarı qayalar” deyilən yerdə və onların arxasındakı ərazilərdə çəkilib. Şeyx Fəzlullah Nəiminin öldürülməsi səhnəsi isə Xanəgah kəndi ərazisindən dağa doğru uzanan düzənlikdə lentə alınıb.

Filmdə Teymurləngin oğlu Miranşahla qarşılaşdığı səhnələr də tamaşaçılar tərəfindən maraqla izlənilir. Miranşahın Teymurdan aman diləməsi, Nəsimi ilə Teymur arasındakı məşhur dialoq səhnəsi də Xanəgah kəndinin ərazisində çəkilib. Həmin kadrlarda kənddən görünən əzəmətli Əlincə qalası diqqəti cəlb edir. Çəkilişlərdə epizodik rolda çıxış edən Xanəgah kənd sakini İsmayıl Niftəliyev maraqlı bir xatirəsini bizimlə bölüşərək deyir ki, Şeyx Nəiminin ölüm səhnəsinin çəkilişləri zamanı böyük sənətkar İsmayıl Osmanlının qollarından və ayaqlarından iplə atlara bağlanması ətrafda onu izləyən yerli sakinləri həyəcanlandırıb. Bəziləri isə elə biliblər ki, həqiqətən də, atlar hərəkətə gətiriləcək və bədbəxt hadisə baş verəcək. Lakin sonradan Xanəgah kənd sakini Şəmsəddin Əliyevə aid heyvanın kəsilərək onun bir hissəsinin həmin atların ipinə bağlanaraq çəkilişlərin aparılması insanları sakitləşdirib. Onu da deyək ki, “Nəsimi” yeganə tarixi filmdir ki, orada dekorasiya yoxdur. Məsələn, “Babək”, “Nizami”, “Dədə Qorqud”da var, amma “Nəsimi” filmi bütünlüklə naturada çəkilib, pavilyon çəkilişləri olmayıb.

Filmin çəkilişləri həmin dövrdəki Naxçıvan mətbuatında

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Əli Rzayev həmin illərdə Naxçıvan mətbuatında dərc olunan məqalələri xatırladaraq deyir: “Vaxtilə “Şərq qapısı” qəzetində şöbə müdiri işləyən atam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hüseyn Razinin qəzetin 1973-cü il 11 avqust tarixli sayında kinorejissor Həsən Seyid­bəyli ilə müsahibəsi dərc olunmuşdu. “Nəsimi Əlincə qalasında” sərlövhəli müsahibədə filmin çəkilişləri haqqında söhbət gedir. Yazıda Əlincə qalasında “Nəsimi” yaxud “Həqq məndədir” bədii filminin çəkilişlərinin aparıldığı qeyd olunub. Həsən Seyidbəyli yaradıcı kollektivin işi haqqında məlumat verərək bildirib ki, mövsümə görə filmin çəkilişləri üçün bir qədər gecikmişik. Buna baxmayaraq, çəkilişləri noyabr ayında başa çatdıra biləcəyik. Rejissor deyib: “Teymurləngin işğalçı qoşunları buraya hücum edib, qalanı 14 il mühasirədə saxlayıb. Biz Əlincə qalasında və onun ətrafında gedən döyüş səhnələrini, Miranşahın aqibəti ilə bağlı olan epizodları, Nəiminin öldürülməsini, Nəsiminin öz müəllimi və sevgilisi ilə görüşlərini, habelə başqa səhnələri çəkirik”. Yazıda o da qeyd olunur ki, Əlincəçayın sahilləri boyunca düzülmüş çadırların və alaçıqların fonunda müxtəlif səhnələr artıq çəkilib”.

Əli Rzayev onu da qeyd edir ki, “Nəsimi” filminin çəkilişi ilə bağlı “Şərq qapısı” qəzetinin 19 avqust 1973-cü il tarixli nömrəsində 6 şəkillə birlikdə növbəti məqalə dərc olunub. Eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə böyük şairin 600 illik yubileyinin ölkə­mizdə təntənəli şəkildə qeyd olunması da “Şərq qapısı”nda geniş işıqlandırılıb. Qəzetin bütöv bir nömrəsi böyük mütəfəkkir şairə həsr olunub, yubiley tədbiri haqqında mətbu nəşrin 14 sen­tyabr 1973-cü il tarixli nömrəsində geniş məlumat verilib. Bakıda keçirilən yubiley tədbiri “Şairin əzəməti və şöhrəti” adlandırılıb.

Böyük uğur yeni-yeni uğurlara yol açıb

Film 1974-cü ildə ekranlara çıxıb və həmin il VII Ümumittifaq Kino Festivalında tarixi mövzuda “Ən yaxşı film”ə görə mükafata layiq görülüb. “Ən yaxşı kişi rolu” ifasına görə dəyərli aktyorumuz Rasim Balayev mükafat alıb.

“Nəsimi” filmi Azərbaycan kinosunun tarixi uğuru hesab edilir. Sonrakı illərdə də uğurlarımız davam edib. 1979-cu ildə ekranlara çıxan “Babək” filminin də yarıdan çoxu qədim Naxçıvan torpağında çəkilib.

Rauf KƏNGƏRLİ


      Muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli-mənəvi dəyərləri toplayan, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Bu gün muzeylərimiz zəngin sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi bir şəbəkəyə malik olub muxtar respublikamızın bütün bölgələrini əhatə edir.

Naxçıvanda muzey işinin özünəməxsus inkişaf tarixi vardır. XIX əsrin sonlarında böyük yazıçıdramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. 1924-cü ildə Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmiş, 1926-cı ildə isə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 1925-ci ildə Azərbaycan üzrə yaradılan cəmiyyətin bir şöbəsi kimi fəaliyyət göstərməyə başlayan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin də muzeyin zənginləşməsində xidmətləri olmuşdur.

Ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması üçün mühüm tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə ölkəmizdə bu sahəni inkişaf etdirmək üçün Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlamışdır. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Məhz bu dövrdə Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyətə başlamışdır. Ölkəmizdə 1969-cu ilədək 29 muzey fəaliyyət göstərmişdirsə, ümummilli liderimizin rəhbərliyi illərində 111 müxtəlif profilli muzey yaradılmışdır.

“Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”, – deyən ümummilli lider Heydər Əliyevin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, bu sahədə qanunvericilik bazası yaradılmışdır. Bu dövrdə “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, muzeylərə dövlət qayğısı və nəzarəti artırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması ­haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və “Azərbaycanın region­larında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyəti diqqətdə saxlanılır, muzey ekspozisiyaları zənginləşdirilir, yeni muzeylər yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulmuş, bu sahədə mühüm işlər həyata keçirilmişdir. 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazır­da muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey mövcuddur. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 130 mindən çox eksponat toplanmışdır. Ötən il muxtar respublikanın muzeylərinə 1340 eksponat daxil olmuşdur. Bu ilin birinci rübündə isə muzeylərimiz 402 yeni eksponatla zənginləşdirilmişdir. 2012-ci ildə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilmişdir. “Gəmiqaya” Tarix-Bədii Qoruğu dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşməklə açıq səma altında nadir muzeylərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində daha bir muzey yaradılmışdır. 2014-cü ildə Şahbuz rayonundakı Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilmişdir. 2015-ci ildə Naxçıvan şəhərində Xatirə Muzeyinin, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin yeni binaları, həmçinin Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən qala bərpa olunmuş və burada muzey yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvanda Duz Muzeyi yaradılmış, aprelin 25-də istifadəyə verilmişdir. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həmişə diqqət mərkəzində saxlanılır. Bütün bunlar mədəni irsimizin qorunması, gənc nəslin mənəvi-estetik, ideya-siyasi dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Muxtar respublikanın rayonlarında da muzeylərin fəaliyyət göstərməsi bura gələn insanların zəngin tarix və mədəniyyətimizlə yanaşı, görkəmli şəxsiyyətlərimiz haqqında da ətraflı məlumat almalarına imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərimizin həyatlarını, yaradıcılığını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”.

Gənc nəslin muzeylərimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli­-mədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir. Bunun üçün muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqələrinə xüsusi diqqət ayrılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən muxtar respublikada məktəb-muzey şəbəkəsi yaradılmış, Azərbaycanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimizlə bağlı distant dərslərin keçilməsinə başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli ­Sərəncamına əsasən muxtar respub-likanın ali təhsil müəssisələrində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, tarix, turizm-otelçi­lik ixtisasları üzrə təhsil alan tələbələr üçün açıq dərslərin təşkili davam etdirilir. Ötən il muzeylərdə 436 açıq dərs keçilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin bu mədəniyyət müəssisələrinə gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsinə geniş imkanlar açmışdır. Ötən il muzeylərimizi 445 mindən çox tamaşaçı ziyarət etmişdir ki, onlardan 110 mindən çoxu xarici ölkə vətəndaşıdır. Bu ilin I rübündə isə muzeylərimizdə 110 mindən artıq tamaşaçı olmuşdur ki, onların da 41 mindən çoxu xarici ölkə vətəndaşıdır. Naxçıvanda muzeylərin internet saytları istifadəyə verilmiş, saytlarda muzey ekspozisiyalarını internet üzərindən virtual olaraq birbaşa izləmək imkanı yaradılmışdır.

Muxtar respublikada muzey işçilərinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülür, medal­larla təltif edilirlər.

Bu gün muxtar respublikamızın geniş muzey şəbəkəsinə malik olması qədim diyarda tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən işlərin nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi
© Müəlliflik hüququ qorunur
2018-2019